Polemik rakurs, yaxud Şuşada Vaqifdən
qabaq
Musa Kəlimullah
adlı şair yaşayıbmı?
"Qarabağ
içrə bir şair Kəlimüllah Musadır"
misrası ilə başlayan qəzəlini Molla Pənah Vaqif hələ
vəzir olmadığı, Şuşanın Saatlı məhəlləsində
yaşadığı, burada məktəbdarlıq etdiyi
dövrdə yazıb. Şeirdəki ilk misra sonralar
hansı səbəbdənsə fərqli yorumlara və
yozumlara yol açıb. Hətta bəziləri Vaqif Şuşaya
gələndə burda artıq Kəlimullah Musa adlı bir
şairin yaşadığı qənaətini irəli
sürüblər. Və bu fikir məqalədən məqaləyə,
kitabdan kitaba ötürülüb, bəzən hətta elmi
işlərdə, elmi jurnallarda, az qala,
elmi həqiqət kimi təsbit olunub. Lakin həmin Musanın
bir şeiri istisna, bütün şeirləri itib-batıb,
hansı "səbəb"dənsə adı heç XIX
yüzildə yazılmış təzkirələrdə, hətta
1892-ci ildə Şuşada yazılmış "Təzkireyi-Nəvvab"da
da, yaxud Məhəmməd Ağa Müctəhidzadənin
1907-ci ildə yenə də Şuşada qələmə
aldığı "Riyazül-aşiqin" təzkirəsində
də keçmir və Qarabağda Vaqifin qibtə edəcəyi
dərəcədə şeirlər yazan bir şairin
varlığı nəinki Şuşada yazılmış bu
çox etibarlı mənbələrdə, hətta XX
yüzilin ilk qaynaqlarında - Firidun bəy Köçərlinin,
Salman Mümtazın əsərlərində belə
xatırlanmır. Elə isə Vaqifin həmin
şeirində keçən kəlimüllah Musanın
anlamı nədir, yaxud Kəlimüllah Musa kimdir?
Qarabağ
içrə bir şair kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Qələm
qədrin əsayi-əjdəha peykərçə bilməkdə
Bəni-İsrailə ali-Cavanşir, yəni həmtadır.
Dili-rövşən
gərək nadan içində sərf edə ömrün,
Çırağın səltənətgahi səvadi-şami-yeldadır.
Ümidim
vardır kim, bu qara gün getməyə
başə,
Dönər bir özgə rəng ilə bu axır
çərxi-xəzradır.
Məkan
tutdisə Vaqif, yox əcəb, bu Şişə
dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır.
Vaqif deyir
ki, Qarabağda sözləri Hz. Musanın kəlmələri
qədər dəyərli olan bir şair var. Cavanşir
tayfasında bu şairin dəqiq
ölçülü hər bayatısı (şeiri) Hz.
Musanın "Dəsti-beyza"-"Yədi-beyza" (bəyaz
əl) möcüzəsi kimidir: "Qarabağ içrə
bir şair kəlimüllah Musadır, // Cavanşir içrə
bir mövzun bayati dəsti-beyzadır".
Cavanşir
nəslində qələmin qədrini bilmək İsrail
övladının Musanın əjdahaya çevrilmiş əsasına
verdiyi dəyərə bərabərdir: "Qələm qədrin
əsayi-əjdəhapeykərcə bilməkdə // Bəni-İsrailə
ali-Cavanşir, yəni həmtadır".
Göründüyü
kimi, söhbət Musa adlı şairdən deyil, Qarabağda şeirləri Hz.
Musanın möcüzələri ilə - ona verilmiş dəsti-beyza
və əsa ilə müqayisə edilə biləcək bir
şairdən gedir. Şeir əslində
özünü təqdim və xatırlatma məqsədi ilə
yazılıb. Vaqif özünü
Cavanşirlərə təqdim edir. Deyir
ki, işıqlı ürək ömrünü nadanlar
içində sərf etməlidir. Çünki
çırağın hökmranlığı gecə
zülmətinin uzun olmasındadır: "Dili-rövşən
gərək nadan içində sərf edə ömrün, //
Çırağın səltənətgahi səvadi-şami-yeldadır".
Vaqif ümid edir ki, bu qara gün davamlı olmayacaq. Bir gün ömrün bahar
fəsli gələcək və həyatının rəngi dəyişəcək:
"Ümidim vardır kim, bu qara gün
getməyə başə, // Dönər bir özgə rəng
ilə bu axır çərxi-xəzradır".
Nəhayət, Vaqif bu Şişə dağında məkan
tutubsa, burada təəccüblü bir şey yoxdur. Çünki gül rəngli
daşların yeri sərt qayaların, dağların
içindədir: "Məkan tutdisə Vaqif, yox əcəb,
bu Şişə dağında, // Məqami ləli-gülrəngin
miyani-səngi-xaradır".
Baxmayaraq
ki, yeni qurulmuş Şuşanın adı poeziya tariximizdə
ilk dəfə Vaqifin bu qəzəlində xatırlanır və
diqqəti bu fakta yönəltmək əvəzinə,
Qarabağ ədəbi mühitindən yazan bəzi müəlliflər
"Qarabağ içrə bir şair kəlimüllah
Musadır" misrasını hədəf alaraq, Vaqifdən əvvəl
Şuşada yaşamış Musa Kəlimüllah adlı bir
şairin varlığını iddia edirlər: "Bu
misralardan məlum olur ki, Vaqif Qarabağa köçən
zamana qədər Şuşa qalasında Musa Kəlimullah
adlı məşhur bir şair
yaşayıb-yaradırmış. Və o da
aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ poeziya məktəbinin
ilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb
sonralar inkişaf edərək M.P.Vaqifin şəxsində
özünün ən yüksək pilləsinə
qalxmışdı" (Qurban Bayramov). Yaxud başqa bir
müəllifə görə: "...Bu misralardan
görünür ki, Vaqif Qarabağa köçənə qədər
Pənahabadda Musa Kəlimullah ismində bir şair
yaşayıb-yaratmış və XVIII əsr Qarabağ poeziya məktəbinin
ilk nümayəndələrindən olmuşdur". (Vasif
Quliyev).
Müəlliflərin bildirdiyinə görə, Musa Kəlimullahın
yaradıcılığından yalnız bir şeir qalıb
və həmin şeir də 1972-ci ildə dünyasını
dəyişmiş şuşalı müəllim Həsən
İxfa Əlizadənin "Şuşa şəhərinin
tarixi" məqaləsində xatırlanır. Şeiri bütövlükdə
oxuyandan sonra, hətta ilk misrasından sonra inanırsan ki, Molla
Pənah Vaqif kimi nəhəng bir şair Musa Kəlimüllahın şeirini Hz. Musanın kəlamı
ilə qiyaslandırmazdı:
Şirvanlı
Çələbi döyülüb qaçdı,
Qacar Məmmədhəsən
bir oyun açdı,
Ovşar
Fətəli də yolunu çaşdı,
İndi başqa fikir, başqa haldadır.
Qızmış
şirə döndü Ağamməd Qacar,
Qarabağa
gətdi qanlı bir azar,
O
saymadı, bax, gör fələk nə sayar,
Leşi gorda, başı bizim yaldadır.
Ədəbiyyatşünas
Əli Əliyev isə "əsrlərdən keçərək
bu gün səslənən bu mükəmməl şeir
nümunəsi Kəlimullah Musanın püxtələşmiş
bir şair olduğunu sübut edir" - deyir və əlavə
edir: "Elə zənn olunur ki, Molla Pənah Vaqif
Şuşada xan sarayında ilk şair olmuşdur. Əslində,
Vaqif Musa Kəlimullahdan sonra saraya gəlmişdir... Molla Pənah
Vaqif saraya gələnə kimi o, sarayda fəaliyyət
göstərmişdir...".
Araşdırıcılar
belə bir "Musa Kəlimullah"ın şeirindəki
yalnız bir nöqtəyə - Ağaməhəmməd deyil,
"Ağamməd", Məhəmmədhəsən deyil, Məmmədhəsən
adlarına diqqət yetirsəydilər, hələ üstəlik,
"Qarabağa gətdi bir azar" misrasına baxsaydılar,
ümumiyyətlə, ustad bir şairə istinad etdikləri bu
şeirin nəinki XVIII yüzildə, heç XIX əsrdə
də deyil, XX yüzildə həvəskar bir şair tərəfindən
yazıldığına şübhə etməzdilər. Vaqif belə bir şairin sözlərini Kəlimullah
Musa adlandırardımı? Tutaq ki, biz
yanılırıq, bəs Vaqifin özünü belə heyrətdə
buraxan Musa Kəlimullah adlı bir şairin
varlığından Vaqifin xatırlanan şeirini təqdim edən
şuşalı Mir Möhsun Nəvvab, yaxud şuşalı
Məhəmməd Ağa Müctəhidzadə,
şuşalı Firidun bəy Köçərli, yaxud Salman
Mümtaz sərf-nəzər edərdilərmi?
Yeri gəlmişkən,
Vaqifin bu qəzəlini Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə 1925-ci ildə Salman Mümtaz təhlil edib və
o da Musa Kəlimullah amilinin üzərindən sükutla
keçib: Vaqif "şəhərin Saatlı məhəlləsində
bir məktəb açaraq məktəbdarlığa
başlayır. Əvvəldən xəyalında
tutduğu kimi, İbrahim xan Cavanşirə müqərrib
olmaq (yaxınlaşmaq) istəyir. Ta bu
çağlardadır ki, Vaqif fəxriyyə-manənd bir qəzəl
inşad edərək bir beytində də
"ali-Cavanşir"i istəməyə-istəməyə
boğazdan yuxarı bir qədər mədh edir... Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz
qalmayır. Az keçmədən Vaqif
İbrahim xan Cavanşirin eşik ağası olur. Demək:
"Ümidim vardır kim, bu qara gün
getməyə başə, // Dönər bir özgə rəng
ilə bu axır çərxi-xəzradır" - beyti
öz yerini tutur".
Nəinki
Şuşada, bütün Qafqazda Vaqifin Kəlimullah Musa deyə vəsf
edə biləcəyi bir şair yox idi. Firidun bəy
Köçərliyə görə, Vaqif Qafqaz şairlərinin
atası, yeni ədəbiyyatımızın banisi, qurucusudur.
"Tamam Qafqazda ondan müqəddəm bir
müqtədir ədib, xoşkəlam və mövzuntəb
şair zühur etməyibdir ki, ibtidai-süxən onun
adıyla başlansın". Yəni
bütün Qafqazda ondan qüdrətli ədib, şirin
sözlü şair olmayıb ki, ilk söz həmin ədibin,
yaxud şairin adıyla başlansın.
Ona görə də Şuşada Vaqifə qədər
bir Musa Kəlimullah icad etməyə ehtiyac yoxdur. Məncə, yoxdur...
Həm də "ərəbcə, farsca dərin bir məlumat
və fövqəladə bir istedada malik olan bu nadir sima vəzir
olduğu halda, yenə elə xalqa yanaşmış, şeirlərini
də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir
sarayı Vaqifi deyil, əksinə, Vaqif sarayı mənimsəmiş
və dilimizə, ədəbiyyatımıza da çox
böyük xidmətlər göstərmişdir. Lisani-rəsmisi farsca olan İbrahim xan Cavanşir
xanlığının rəsmi dili ilə daim mübarizədə
olaraq o dilə və o ədəbiyyata öz əsrində
fayiq gələn böyük Vaqifin şeirləri o qədər
rəvan, sadə, o qədər şirindir ki, insan oxumaqla
doymur". Salman Mümtaz bu mənada Vaqifi
həm də tam mənası ilə mücəddid
(yenilikçi) adlandırırdı.
***
Bir dəfə İstanbulda Ləvənd səmtində
professor İbrahim Yıldırımın
qonağıydım. İbrahim bəyin xanımı Fügen dedi ki, mənim
ulu babam Məhəmməd xan Vidadinin oğlu, ulu nənəm
Pəri Sultan isə Vaqifin qızıdır. "İqdır
tarixi"nin müəllifi Vəli Orkunun
qızı necə Vidadinin və Vaqifin nəslindən ola bilərdi?
Amma Fügen xanımın atası türk
tarixçisi Vəli Orkun, həqiqətən də, Vidadinin nəticəsiydi.
"Vidadinin üç oğlu olub: Yahya, Məhəmməd və
Osman. Mənim sülaləm Məhəmməddən
gəlir. Atamın adı da babamın
adıdır - Vəli. Daha sonra böyük dədəm
Şıxlıdan Axıskaya gedir... O zaman Axıska türklərin
yurduydu. Öz xanlıqları vardı.
Böyük bibim, əmilərim, atam Axıskada
doğulublar... Bir dəfə babam bütün
çoluq-çocuğu toplayıb Türkiyəyə -
Ərdəhana gəlir". Deməli, Fügen xanım
həm Vidadinin soyundan idi, eyni zamanda, həm də Vaqifin
övladlarındandı... Babaları da nəinki Qazaxdan,
heç Şəmkirdən, Şuşadan da deyil, Axıskadan
gəlib Ərdahana yerləşmişdilər...
Fügen xanımın söhbətini niyə xatırladıram? Bu yaxınlarda Şuşa kontekstində qazaxlı Vaqif, yoxsa şuşalı Ağaoğlu mövzusunda bir polemikaya rast gəldim... Məncə, Vaqif, Ağaoğlu və Şuşa amilinə yalnız Qarabağ deyil, ümumazərbaycan kontekstindən, bəlkə hətta ümumtürk kontekstindən yanaşmaq bu gün xüsusən qaçılmazdır. Vaqif qazaxlıdır, Əhməd bəy Ağaoğlu şuşalıdır deyə, onları şuşalılar və qeyri-şuşalılar bölgüsünə salmaq kimə və nə üçün lazımdır, bilmirəm. Ona qalsa, Şuşada doğulmuş və Şuşada böyümüş Əhməd Ağaoğlu da əslən ərzurumludur. Ərzurumun Kurdeli əşirətindəndir. Yusif Akçuranın bildirdiyinə görə, baba tərəfindən ailəsi təxminən XVIII yüzildə Ərzurumdan bütün qəbiləsi ilə Qarabağa gəlib yerləşmişdi. Əhməd Ağaoğlunun yaxın dostlarından olan Akçura bunu heç şübhəsiz ki, Ağaoğlunun özünə istinadən deyib. Deməli, Ağaoğlular nəslinin Şuşaya gəlişi də Vaqifin Şuşaya gəlişi ilə eyni vaxta - XVIII yüzilə təsadüf edir. Vaqif Qazaxdan gəlib, əvvəl Veysəllidə, sonra "Şişə dağında məqam tutduğu" illərdə Əhməd Ağaoğlunun babaları da, Ərzurumdan gəlib əvvəl Gəncədə, sonra Şuşada yurd salmışdılar...
Çünki Şuşa yeni Azərbaycan sivilizasiyanın mərkəziydi. XVIII əsrin əllinci illərində Azərbaycanın, yaxın türk dünyasının hər tərəfindən və külli-Qarabağdan yeni qurulmuş şəhərə - Qalaya - Şuşaya gələnlər çox idi və 2020-ci ilin 8 noyabrında da yenə həmin yollardan keçib gələn əsgərlər ata-babalarının qurduğu Şuşanı işğaldan azad etdilər...
28 mart 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.5.