Açar
Hekayə
Biz Ağdamı tərk
edəndə mənim
8, kiçik qardaşım
Şahinin 6 yaşı
var idi. Hər şey
dəqiq yadımdadır.
Şahin
adında bir qardaşımız da olmuşdu. O, Birinci Qarabağ müharibəsində
Sırxavənd döyüşündə
qəhrəmancasına şəhid
olmuşdu. Onu Ağdam qəbiristanlığında
dəfn etmişdilər.
Atam televizor və radio ustası olduğu üçün
rayonda hamı onu Əsəd kişi kimi
çağırardı. Anam evdar
qadın idi. Səliqəli, tədbirli,
ev işlərini
yaxşı bacaran qadın idi. Qardaşım Şahini Milli
Qəhrəman Allahverdi
Bağırovun qəbrindən
10-15 metr aralıda dəfn etmişdilər.
Bizim Ağdamda
ikimərtəbəli evimiz,
gözəl həyətimiz,
bağımız var idi. Evimiz mərkəzi bazara
yaxın bir yerdə idi. Kiçik qardaşıma döyüşdə
həlak olmuş Şahinin adını vermişdilər.
1992-93-cü
illər idi... Ermənilər getdikcə quduzlaşırdı.
Ailədə və məktəbdə
həmişə ermənilərin
vəhşiliyindən, azərbaycanlılara
qarşı nifrətindən,
qəddarlıqlarından danışılardı.
Erməni separatçıları və millətçiləri
Xankəndidə azərbaycanlılara
qarşı çox azğınlıqlar edirdi.
Xüsusilə, Şuşa şəhərinin
işğalından sonra
bizim qadınlara və uşaqlara divan tuturdular. Atam onların murdar
hərəkətlərini bildiyi
üçün anama,
mənə həmişə
onlardan kənar gəzməyi məsləhət
bilirdi. İmkan daxilində onlarla
heç bir yaxınlığa razı
olmurdu. Rayonda ən çox
danışılan söhbətlər
ancaq bu mövzuda olurdu. Bir gün atam
evə gəlib anama dedi ki,
biz də hazırlaşmalıyıq,
ermənilər Şuşadan
sonra Ağdamın işğalına başlayacaqlar.
Yaxın
kəndlərin əhalisi
Ağdam mərkəzinə
doğru hərəkət
edirdi. Təəssüflər olsun ki,
rayon rəhbərliyi, partiya
komitəsinin məsul
işçiləri tədbirlər
görüb əhalini
işğalçıya qarşı
müqavimət göstərməyə
hazırlamaq əvəzinə,
evlərinin parketini belə söküb aparırdılar. Anam bunlara
inanmadığını deyir,
evdə səliqə-sahmanla
məşğul olurdu.
Qəfil
ermənilər hücuma
başladı. Ağdam cavanlarının
düşmənə müqavimət
göstərməsinə baxmayaraq
arxalı erməni quldurları qəfil Ağdam şəhərinə
hücuma başladılar.
Hamı kimi biz də rayonu tərk etməli olduq. Anam bizə deyirdi: "Narahat olmayın, tezliklə öz evimizə qayıdacağıq. Bu açarla da evimizin qapısını açıb həmişə
olduğu kimi öz evimizdə rahat yaşayacağıq".
Çətinliklər görməyən bütün qarabağlılar
kimi biz də bu ağır çətinliyə dözməli
olduq. Psixoloji vəziyyətimizdə çətinliklər başladı.
Atam ailəni dolandıra bilmədiyi üçün
qəflətən dünyasını
dəyişdi. Atam
Ağdamdan çıxmamışdan
əvvəl mənə
və anama həmişə deyirdi:
"Əgər erməni
əsirliyinə düşmə
təhlükəsi olarsa,
sizə verdiyim balaca bağlamada olan zəhəri içib özünüzü
öldürün. Düşmən
əlinə düşməyin,
çünki Qarabağ
millətçiləri içərisində
Zoriyan adlı biri azərbaycanlılara qarşı son dərəcə
qəddarcasına rəftar
edir, azyaşlı körpələri öldürür,
hətta bir dəfə azyaşlı azərbaycanlı qızını
can verdiyi halda bataqlığa atıb özünün ayaqları
palçığa batmasın
deyə, körpəni
tapdalayıb üstündən
keçibmiş. Və qız
bataqlıqda kimsəsiz
vəziyyətdə qalıb
ölmüşdü. Azərbaycanlılar qadınların namus-qeyrətini
öz canlarından əziz tutublar. Bu, namus-qeyrət məsələsidir".
Anam bizə həmişə deyərdi:
"Darıxmayın, pis
günün ömrü
az olar. Yaxınlarda Ağdama qayıdacağıq.
Sənin
də, Şahinin də toyunu o gözəl həyətimizdə,
evimizdə edəcəyik".
Evin açarını anam həmişə öz çantasında saxlayardı.
Həmin
açarı tez-tez çantasından çıxarıb
bizə göstərər
və darıxmamağı
tövsiyə edərdi.
"Allah atanıza rəhmət eləsin.
Bu gözəl evimizdə normal yaşayıb
dincəlmək ona qismət olmadı. Atanızın ölənə qədər
"Qarabağ" və
"Ağdam" sözü
dilindən düşmədi".
Mən artıq
universiteti bitirmişdim. Jurnalist kimi
fəaliyyət göstərirdim.
Atamın tikdirdiyi evdə biz cəmi 3-4 il yaşaya
bildik.
Anam bizə həmişə deyirdi: "Darıxmayın,
qismət olsun, bizim qüdrətli ordumuz Qarabağı zalım və faşist erməni tapdağından xilas edəcək. Hamı kimi biz də
öz yurd-yuvamıza qayıdacağıq".
2020-ci ilin sentyabrında ordumuz hücuma keçib 44 gündə
30 il işğal
altında olan ərazilərimizi azad etdi. Sevincimizin həddi-hüdudu yox idi. Qarabağlılar hər gün iş yerində mənə deyirdilər: "Bu günlərdə
Qarabağa ilk xüsusi
səfər olacaq. Səni də siyahıya salmışıq. Hazırlaş, avtobusla gedəcəyik".
Bu xəbəri sevinclə
anama dedim. Onun belə sevincini və şadlığını
son 30 ildə ilk dəfə
gördüm. Evimizin açarını
dərhal çantasından
çıxarıb mənə
göstərdi və Ağdama səfərin zamanı mütləq evimizə gedib, qapımızı açıb,
evin havasını dəyişməyi mənə
bir vəzifə kimi tapşırdı.
Mən anama "Arxayın ol, söz verirəm, mütləq tapşırığını
yerinə yetirəcəyəm"
dedim.
Avtobus Ağdamın
ərazisinə çatanda
bildirildi ki, artıq şəhərin
ərazisinə daxil oluruq. Avtobusun şüşəsindən çölə baxanda ancaq səhranı və xarabalıqları gördüm. Fikirləşdim,
yəqin, Ağdama hələ çox qalır... Bir az getdikdən
sonra sürücü
elan etdi ki, Ağdam şəhərinin mərkəzindəyik.
Düzü, inanmadım. Gördüyümüz yer Ağdama
heç oxşamırdı.
Ora daha çox xarabalıqlara bənzəyirdi.
Şəhərin mərkəzi hissəsi
baxımsız vəziyyətdə
idi. Ancaq bir məscid
var idi. Çox baxdım... Şəhərin mərkəzində olan bazarı tapa bilmədim. Mən bazarı tapsaydım, onda evimizi də
tapa bilərdim, çünki evimiz bazara yaxın bir yerdə idi. Məcbur qalıb ehtiyat
üçün Ağdamda
durduğum yerdən şəhərin, əgər
ora "şəhər"
demək olarsa, fotosunu çəkdim.
Səfərə çıxanda anam
evimizin açarını
mənə vermişdi.
Çantamdan açarı çıxarıb
ona baxa-baxa şəhərin hər yerini seyr etdim.
Şəhərdə bir tikili belə qalmamışdı
ki, onu çəkim.
Nəhayət, qərara gəldim
ki, Ağdam bazarının yanından
Seyidlər kəndinə
gedən hissəsində
bir yerdən torpaq götürüm.
Onu heç olmasa qayıdanda atamın qəbrinin üstünə
səpərəm. Çünki anam mənə mütləq evimizə gedib, həyətimizə-bacamıza
baş çəkməyi
dəfələrlə tapşırmışdı.
Özümü sanki təqsirkar
bilirdim. Nə üçün
evimizi tapıb, qapımızı açıb,
evimizə baş çəkməmişəm. Bilmirdim nə edim. Gördüklərimi anama necə
izah edim ki, onun tapşırığını
nə üçün
yerinə yetirə bilməmişəm?
Evə gəldim, özümü
ələ alıb sözə başlamaq istəyəndə anamın
birinci sualı belə oldu: "Evimizə baş çəkə bildinmi? Evimiz yerindəmi?". Mən susdum.
Elə bil dilim tutulmuşdu. Xeyli
üzümə baxdıqdan sonra soruşdu: "Niyə cavab
vermirsən? suallarımı cavabsız qoyursan".
Onun suallarına cavab
verə bilmədiyim üçün susurdum. Nəhayət, məcbur olub Ağdamın xarabalıq ərazilərindən
çəkdiyim fotoları ona göstərdim.
Anam inanmadı. Sonra məcbur
olub orada gördüklərimi bir-bir
söylədim. Anamın halı
pisləşdi, rəngi
saralmağa başladı.
Xeyli müddətdən sonra birtəhər özünə
gəldi. Anam dedi: "Sabah atanın qəbri üstə gedək, Ağdamdan gətirdiyin torpağı
onun qəbri üstünə səpək".
Anam özünə gəldikdən sonra məndən soruşdu:
"Qardaşın Şahinin
qəbrini ziyarət edə bildinmi?". Xeyli susdum. Axı, mən
qəbiristanlığa getmişdim.
Nəinki, qardaşımın, hətta Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini tapa bilməmişdim.
Ağdam
qəbiristanlığı yerlə-yeksan edilmişdi.
Bir dənə də olsun başdaşı yox idi. Kimin qəbrinin harada olmasını müəyyən
etmək mümkün
deyildi. Atam sağlığında danışardı:
"Erməni faşistləri
azərbaycanlıların nə
qədər tarixi abidələri, qəbiristanlıqları
vardırsa, hamısını
dağıtmışdılar". Atam bunu danışanda ona inanmırdıq. Bunu isə mən öz gözlərimlə
gördüm və şahidi oldum.
Qəbiristanlıqda qardaşım Şahinin qəbrini tapa bilmədim və burada özümü təqsirkar bilən kimi hiss etdim. "Qayıdanda anama nə cavab verəcəm?". Belə də oldu. Atamın qəbri üstə getdik. Ağdamdan gətirdiyim torpağı qəbrinin üstünə səpdik.
Səfərə çıxarkən anamın mənə verdiyi açarı çantamdan çıxarıb özünə qaytaranda o, təəccüb dolu nəzərləri ilə üzümə baxdı. Mən isə qəhərimi gizlədə-gizlədə dedim:
- Ay ana, bu açarları xatirə olaraq saxla. Ağdamdakı evimizə isə yeni açarlarla qayıdacağıq...
Akif RƏFİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.4.