Dünyanın xilas
modelini
təklif edən roman - "Sev"
Gərək
ki, Umberto Eko "Qızılgülün adı" əsəri
ilə bağlı demişdi: "Mənim romanım ilk 100 səhifəni
oxuyanlar üçündür". Natiq Məmmədlinin
"Sev"adlanan yeni romanı haqqında da belə bir fikir səsləndirmək
olar. Amma bu qədər səhifə fərqi
ilə yox, bir qədər səbr edib qəhrəmanları
tanıdınsa, roman özünü oxutmağa davam edir.
Və qəhrəmanlarla birlikdə əfsanəvi
bir səyahət başlayır.
Səyahət sözünü öyrəşdiyimiz
anlamda, yəni zamana, müxtəlif dönəmlərə
vurğu salmaq mənasında işlətmirəm. "Sev"
doğrudan da, səyahət romanıdır. Müxtəlif insan surətlərinin, xarakterlərin,
ekzotik məkan təsvirlərinin yer aldığı, sürətlə
bir-birini əvəzlədiyi bu səyahət, həm də
dünya, insanlarla yeni tanışlıqdır. İçində yaşadığımız
gerçəkləri bir də romandan oxuyub görmək, seyr
etmək imkanına sahib olmaqdır.
Əsərin mövzusu Cənub-Şərqi Asiya ölkələrinə
səyahətə çıxan turistlərə bələdçilik
edən Səidlə Müjdənin arasında yaranmış
sevgidən bəhs edir. Müxtəlif dinə məxsus olan bu gənclərin
sevgisini yaşadıqları cəmiyyət, ətraf mühit
qəbul etmək istəmir, onlara müxtəlif yollarla mane
olmağa çalışırlar. Gənclər
çıxış yolu kimi Hindistandan Azərbaycana, Odlar
yurduna can atırlar.
Roman bir neçə ölkənin tarixi, dini
baxışı, dünyagörüşü ilə
bağlı bilgilərlə zəngindir. Müəllif
məkanları dəyişərək, hadisələri
Hindistandan Siqiriyaya, Siqiriyadan Bakıya, Bakıdan Ukraynaya gətirir.
Belə yerdəyişmələr bizə həmin
ölkələrin mədəniyyətini, tarixini, etnoqrafik
özəlliklərini də öyrənmək şansı
yaradır. Eyni zamanda təsvirlər yorucu
təsir bağışlamır. Əksinə,
əhvalatdan əhvalata, hadisədən hadisəyə
ötürülən məqamlarda edilən montaj keçidləri,
sərbəst kamera hərəkətləri təəssüratı
doğuran epizodlar, mizan, xüsusi effektlər ideyaya xitab elədiyindən
mətndə bədii şəkildə əridilir.
Natiq Məmmədli ilk növbədə təsirli,
universal insan hekayəsi yazmışdır. Zənnimcə,
Azərbaycanlı ilə bərabər istənilən ölkə
vətəndaşına doğma gələcək bir hekayə.
Bu isə ədəbiyyatın, ümumən sənətin
dəyişməz düsturudur. Çünki
bədii mətnin sirri, ilk növbədə emosional enerjinin
ötürülməsinə bağlıdır. Bundan məhrum olan mətn mexaniki və
falşdır. "Sev" romanı ilk
növbədə, emosional toxunuşları ilə diqqət
çəkən mətndir. İstər
tarixin emosional yaddaşına baş vuranda, istərsə də
çağın sevgi dramlarına anlam qazandırıb
aparıcı mövzuya çevirəndə
yazıçı duyğusal məqamları hissi qatda işləməyə
müvəffəq olur.
Romanda
üç əsas paralel xətt var: Səid-Müjdə
münasibətləri - bura Siqiriya adasına tura
çıxmış insanların həyatını bədiiləşdirmək,
çeşidli obraz, tale və xarakterlər hasilə gətirmək
niyyəti daxil olmaqla, hər iki gəncin ailə dramları,
sevgi və mücadilələri daxildir. Yazıçının
həyatı - burda dostu ilə münasibətlərdən
tutmuş gəncliyinə, ilk uşaqlıq sevgisinə (Mariya)
geridönüm edən xatirələr zənciri də ehtiva
olunur. Bir də əsər içində əsər
kimi doğulan Sarı Aşıq dastanı və dastandakı
vaqeələrin çağımıza - əsas qəhrəmanların
həyatına proyeksiyası. Və hər
xəttdə iştirak edərək sevgini rəmzləndirən
simvollar - Sakura çiçəyi, sari yağış.
Yazıçı hər xətdən yararlanır. Amma özəlliklə, əsər
boyu sevgisizlikdən əziyyət çəkən müasir
dünyanın mənəvi problemlərinə fokuslanır,
insanı təbii halından çıxarmağa sövq edən
hemoseksual meyillər (Cek Kruz), içki alədəçiliyi
(Sergey), xəyanət (Saşa), biseksuallıq, pul qazanmaq hərisliyi
(Uilyam Kruz), instaqram alidəçiliyi (videoblogger Vəli
Özdəmir) kimi məqamların konkret obrazlarda təzahürünü
gerçəkləşdirir və bütün əsər
boyu təhkiyəsini pastişlərlə, allüziyalarla mənalandırır,
polifonikləşdirir, təsviri stilistik baxımdan, yaddaqalan
edir.
Xüsusilə, konfliktli situasiyaları - Səid-Qaraca
bibi, Səid-Lələ, Sergey-Aleksanrda, Sergey-Mariya xətləri
ilə vizuallaşan özgələşmə
anlarını, ünsiyyət böhranını dinamik, dəyişkən
mizanlarla gerçəkləşdirir. Səidin daxilindəki
ağrını, tənhalığı göstərən
maneralar və dinamikləşən mizanlar məhz
yazıçının nəsr estetikasına xas olan vizual
üslub səviyyəsində təzahür edir. Müəllif milli amerikalı, rus, ukrayna
xalqının xarakterik cizgilərini ustalıqla, incə
formada işləyir, personajların mentalitetindən irəli gələn
özüməxsus xüsusiyyətləri qabardır.
Heç
vaxt gülümsəməyən, köhnə dəyər və
mentalitetinə bağlı olan qoca Endryu Kruz, əksinə, həyatın
bütün çətinlikləri qarşısında
gülümsəməyi bacaran, susqun drezdenli qocalar - Babil
qüllələrinin tədqiqatçıları olan Tomas əmi
və Merio xala, yaxud ukraynalı sosial psixoloq - insanların
kollektiv davranışındakı problemlər haqqında tədqiqat
aparan, insan duyğularını öyrənən Mariya
obrazları hər biri əsərdə
yazıçının onlara həvalə etdiyi ideya
daşıyıcısı kimi çıxış edirlər.
Həmin çoxluğun bölüşdüyü mənəvi
ortamda hallanan söhbətlər əsasən planetin
simasının dəyişilməsi, dünyanın gələcəyi
mövzusu üzərində qərar tapır. Bu məqamlarda hər kəs
öz versiyasını səsləndirir: "Artıq
dünya hetroseksual liderlərin hökmranlığından
yorulub, onu yeni məcraya salmaq, yeni düzən vermək
lazımdır" (Cek Kruz), - kimi fikirlərdən tutmuş,
"Dünyamız getdikcə yaddaşını itirir"
(Saşa), "insan artıq Yer kürəsində öz
missiyasını başa vurub. Deyəsən, bizim yerimizi daha
mükəmməl varlıqların tutmasına hazır
olmalıyıq" (Mariya) kimi süni intellektin meydana
çıxmasına işarə edən hər dialoq əsərdə
dünyanın hazırkı mənzərəsi, xalqlara
sırınmaqda olan Avropa dəyərləri, qlamur həyat tərzini
prioritetə çevirənlər, müharibələr, alov
saçan silahlar, insan vəhşilikləri, kiçik
xalqların böyük imperialist dövlətlərin əlində
yemə çevrilməsi kimi məsələlərə diqqət
yönəldir: "Bəşəriyyətin bətnində
orta əsrlərdən qalmış vəhşi bir güc
ilişib qalıb. Gördüyümüz təzə
nə varsa hamısını öz libasına
bürüyür, xirtdəyimizdən asılıb qalır, nə
udqunmaq olur, nə də tüpürmək. Bax, bu qüvvə ayaqlarımıza
qandallanmış bir cüt qara daş kimi bizi daim geriyə,
özü gəldiyi səmtə sürükləyir, nə qədər
çırpınsaq da, əlimizi uzatsaq da XXI əsrə
çatmır ki çatmır. Dünyanın
heç də hər yerində XXI əsr deyil, ona hələ
çox var".
"Sev" romanı bu mənada, hadisələri iki
şəxsin arasındakı sevgi münasibəti çərçivəsindən
çıxararaq mövzuya daha qlobal baxış
bucağından baxan mətndir. Qəza təhlükəsi
ilə üzləşən təyyarədə ölümlə
pəncələşən insanların etiraf məqamları
dünyanın bugünkü simasını görmək və
onun özünün nə qədər qəzalı vəziyyətdə
olduğuna işarə təsiri bağışlayır.
Yaxud romanda səyahət üçün məkan
olaraq xəyanətlər qalası sayılan Siqiriyanın
seçilməsi, Endryu Kruzla otel işçisi arasında olan
saat mübahisəsi (zamandan geri qalmaq, yaxud qabağa
qaçmaq) təsadüfi xarakter daşımır. Eləcə
də əsərdə üç zamanı - keçmiş,
bu gün və gələcəyi xarakterizə edən
üç insanın - baba, oğul və nəvənin (Endryu
Kruz, Uilyam Kruz və Cek Kruz) timsalında müəllif zamanlar
arasındakı uçurumu motivləndirmiş olur, bir-birindən
uzaq əxlaq və dünyagörüşə malik bu
üçlüyü nəsil təzələnməsinin
bariz örnəyi kimi təqdim edir.
Əsərdə pessimist ovqat hakim deyil,
qarşılaşdıqları çətinliklərə rəğmən,
qəhrəmanlar ümidsizliyə qapılmır, müqavimət
göstərirlər. Burada sarsılmaz ruhu, inamı daşıyan iki əsas
obraz var: Səid və Müjdə. Natiq Məmmədli
romanda sevgini yalnız insanın deyil, bəşəriyyətin
xilası kimi göstərir. Bu dəfə Qərbdən
Şərqə yox, Şərqdən Şərqə
qaçış gerçəkləşir: "Qartal kimi
dimdiyini dənizə əymiş, alovun suya meydan oxuduğu
odlu torpağa". Cəhalət, doqma qanunlar, boğucu, əzici
mühit və s. bu maneələri adlamağa
çalışan qəhrəmanlar romanda hətta gerçəkdə
malik olduqları imkanları aşaraq, mahiyyətində daha
mühüm, bəşəri, fövqəlgüc və məna
daşıdıqlarını bəyan etmiş olurlar.
Əsərdə
çağdaş prosesə, yazı mühitinə, tənqidçilərə
qarşı yer alan ironiya, sarkastik tərzdə
münasibət müəllifin ədəbi aləmi
yaxşı tanıması, onu bütün atributları ilə
canlandıra bilməsi bacarığı ilə bərabər,
ümumiləşdirmə gücünü də meydana qoyur.
Romanda lokal planda yazıçının özünü
ironiya hədəfi etməsindən başlamış qlobal
planda dünyanın özünü bu hədəfə
fokuslamaq kimi ali niyyət dayanır: "Təsəvvür
edirsənmi, XXI əsrdə insanları nəyə görəsə
yox, bir-birlərini sevdiklərinə görə linç etmək
istəyirlər. Başa düşürsənmi,
dünyanın hələ də elə yerləri var ki, orada
sevmək yasaqdır. Dəhşətli
deyilmi?"
Bu sualı bəlkə də romanın parafrazı
adlandırmaq mümkündür. Çünki əsəri
yazdıran səbəb bu cümlədəki heyrət
nidasında gizlənib. Bəli,
"Sev" romanının qayəsi yalnız sevgi motivi
üzərində qərar tapıb iki sevən gəncin
eşqini mətnləşdirmək deyil. Buradan
yola çıxaraq daha böyük, qlobal, bəşəri
suallara cavab axtarmaqdır. Niyə cahanda
kamal qalib gəlmədi? Ağıl qələbə
çalmadı? Eşq inandırmadı?
Natiq Məmmədli bəlkə də bu suala
cavab aramaq üçün dünyanın dörd
bucağını təmsil edən insanları, müxtəlif
millətlərin nümayəndələrini bir araya gətirir.
Bir təyyarəyə, bir ölkəyə, bir
avtobusa, bir mehmanxanaya, bir adaya, bir masa ətrafına
toplayır. Bu birgəlikdən yalnız
insanlığın deyil, elə dünyanın da siması
görünür. Məlum olur ki, "Burada ekzotik olan
yeganə şey Banqladeşin yalnız xəritədə
tutduğu yerdi, insanlarsa hər yanda eynidir; hamı səhər
durub övladını məktəbə yola salır, analar
yol gözləyir, atalarsa iş dalınca gedirlər, hamı
hər yerdə olduğu kimi burada da bir tikə çörək
uğrunda vuruşur".
Bəs qloballaşma epoxasının iflic etdiyi,
başını dumanlandırdığı, yeni paradiqmalara
meyil edən insanın nicatı nədədir? Müəllif birmənalı
şəkildə cavab verir: Sevgidə! Romanda
seçilən sevgi motivi xilas kimi düşünülüb.
Müəllif sosial - ağır məişət
motivini, eləcə də qlobal problemləri
çağın gerçəkləri sırasından qələmə
alsa da, onlara dirəniş faktı kimi sevgini önə
çəkir. Yəni, bütün həyat
çətinliklərinə baxmayaraq, sevən insan
sarsılmazdır, ruhən güclüdür və o, hər
cür çətinliyin öhdəsindən gələrək
yeni həyata başlamaq əzmindədir. Dünyanın
harasında olsa belə içindəki sevgiyə tutunub yol gedə
və düzənini sıfırdan yarada bilər. Ultramodern
ölçülərlə silahlanan, getdikcə sevgi adlı
müqəddəs təlimdən uzaqlaşan dünyanın
mükəmməl eşq modellərinə hər zaman
ehtiyacı var: "Darısqal dünya sevənləri
anlamır. Sevgini unutdurmaq istəyirlər, bunu mənə
Aşıq dedi. Onu da söylədi ki, sevgi
heç vaxt təslim olmayacaq".
Roman özündə müxtəlif zaman qatlarını
ehtiva edir. Keçmişin yaddaşı, indinin müasirliyi,
bir də mətnin özündə qurulmuş daxili zaman.
Hansı ki, yazıçı bu zamanla
davranışda olduqca sərbəstdir. İstənilən
məqamda əsərdə yaşanılan retrospeksiya, yaxud irəliyə
qaçış halları oxucunu müxtəlif zaman labirintlərində
gəzişməyə vadar edir. Və bu məqamda
bədii mətnin bütöv quruluşuna daxil olan elementlərinə
təsir göstərən, onları şəkilləndirən
bir struktura malik olan zaman amilinin necə işarəvi səciyyə
daşıdığına əmin oluruq. Bu
gəzişmənin yalnız zamanı tanımaq mənasında
yox, həmçinin təhkiyəçini, zamanın
gedişatına təsir göstərən xarakter və məkanları
tanımaq üçün vacib olduğunu duyuruq.
Üçlü zaman kəsiminin daim iştirak etməsinə
baxmayaraq, əsərdə zamanın xətliliyindən imtina
yolu tutulduğu görünür. Postmodernist
estetikanın, onun fundamental prinsiplərinin bariz qorunduğu
romanda keçmiş, indi və gələcək arasında
ardıcıl bağlantıdan danışmaq mümkün
deyil. Bəzən ilğım kimi, bəzən
dayanıqlı olaraq görünən irəli-geri
zamandönümlərində özünü tapan oxucu xaotik
zaman müstəvilərinə səpələnmiş hadisələri
izləməklə, seyr etməklə məşğul olur.
Yazıçı zaman arasından sərhədləri
elə aradan qaldırır ki, bügünün sevgi xəttinin
izinə düşüb həyəcanla gedişata kökləndiyimiz
yerdən Sarı Aşığın dövrünə nə
zaman adladığımızın fərqində belə
olmuruq. Sanki olub bitmişlər, məlum
vaqeələr yenidən dil açır. Amma
fərqli biçim və interpretasiyada. Postmodernizmin əsas
qayələrindən biri olan "sənət haqqında sənət",
"mətn əsasında mətn" yaratmaq prinsiplərinə
sadiq qalaraq bir növ, dünyanı, sevgini yenidən
qavramağa imkan verən dünyagörüş forması
kimi çıxış edilir. Məhz, Rolan
Bartın dediyi kimi, "Mən hər dəfə çox dəqiq
bilirdim ki, orta əsr insanlarını müasirləşdirmirdim,
əksinə müasir insanları orta əsrlərdə
düşündürürdüm". Bu
mənada, Sarı Aşıq dastanına müraciəti
yazıçının ən uğurlu fəndi hesab etmək
olar. Müəllif Sarı Aşığın
dövründə sevgiyə düşmən olan
Qaracaları, Lələləri bu günümüzə gətirib
bir növ poetik tonallıq yaradır, gənclərin
mübarizə əzmini daha qabarıq ifadə etməklə bərabər,
öz epoxasının simasını yaratmağa nail olur. Bu kontrastlıq - melanxoliya və qəddarlıq,
keçmişlə müasirliyin cizgilərinin eyni anlam
daşıdığına işarə edən xəfif
ironiya və sərt realist vurğular romana estetik və vizual dərinlik
verir. Düzdür, müəllif
romandakı Səidlə Müjdənin sevgisindən bəhs
edən hekayətin ətrafında cürbəcür əlavə,
törəmə həyat lövhələrini, yaşantı
təzahürlərini yerləşdirir. Buna
baxmayaraq, əsas konsepsiyanı çatdırmaq
üçün hissi təcrübəyə əl atır.
Sevgi dramının içində digər bir
sevgi hekayətini vizuallaşdırır.
Roman postmodern nəsr ölçülərində qələmə
alınıb.
Əsər içində əsər yazmaq, dekonstruksiya,
intertekstuallıq, arxetipik motivlər, fləşbek elementləri,
yuxu, qarabasma, dejavu, retrospeksiya halları - keçmişlə
bağlı xəfif nostalji hissləri - həm baş qəhrəmanlar
- Müjdə ilə Səidin, həm də qəhrəmanlardan
biri olan təhkiyəçinin hekayətlərində daim rast
gəlinir. Müəllif əsəri ikili təhkiyə
ladında təqdim edir. Sarı
Aşığın əhvalatını
danışdığı hissələrdə axıcı, rəvan
bir üslub hakimdir. Dastan poetikasının
elementlərini, orta əsrlərin özünəməxsus
ifadə tərzini, dil stixiyasını yazıçı nəinki
bütöv şəkildə hiss edir, həmçinin bu
bütövlüyü psixoloji olaraq mətnə ötürməyə
müvəffəq olur. Səidin əhvalatında
isə müəllif obyektivi daha çox müasir
dünyanın gerçəklərinə
fokusladığından fəlsəfi mükalimə və
tutum daha öndədir.
"Sev" romanının özünəməxsus cəhətlərindən
digəri müəllifin metafiction fəndindən istifadə
etməsidir. Yazıçı aktiv fiqur kimi əsərdə daim
ön plandadır, təhkiyəçi olaraq hadisələrə
müdaxilə edir, romanın necə əmələ gəlməsinin
hekayəsini danışır, yəni romanda
oxuduqlarımızın necə yazıldığına dair
işarələr verir. Eyni zamanda əhvalat
boyu əsas iştirakçılardan biri qismində
çıxış edərək süjetin personajlarından
birinə çevrilir, qəhrəmanlarla dialoqa girir.
Ukraynaya
Mariyanı axtarmağa getməsi, bu şəhərlə
bağlı xatirələri, 1932-33-cü ildə törədilən
məşhur Qolodomor faciəsini anması, xalqın mübarizə
əzmini, ukraynalı ruhunun gücünü ifadə edən
fikirləri, hətta bu gün üçün uzaqgörən
notlar ("Onlar vuruşurdular...") və s. romanda müasir
epoxanın inkişaf qanunauyğunluqlarını
açmağa kömək edən əsas vasitə təsiri
bağışlayır.
Romanda ən uğurlu məqamlardan biri Natiq Məmmədlinin
obrazların hər birinə xüsusi həssaslıqla
yanaşıb, onların həyat baxışlarını,
daxili konfliktini anlamağa və göstərməyə
çalışmasıdır. Təsvirlər iri
planda, psixoloji rakurs və mizanlarla açılır. Səidin
Lələ tərəfindən uçurumdan itələndiyi
səhnədə müəllif nuar estetikası yaratmağa
müvəffəq olur: dumanlı hava, qorxu aşılayan səslər,
külək vıyıltısı və s. kimi təsvirlər
tutqun atmosfer yaratmaqla situasiyanın faciəvi mahiyyətini
tamamlayır.
Müəllif belə bir səhnəni Qaraca bibi ilə Lələnin
münasibətilərinin yer aldıqları səhnədə
də yaradır. Həm də ekspressionist boyalarla. Belə
məqamlarda yazıçı sanki kölgə və
işıq oyunu qurur, personajların daxili aləmlərinin,
iç niyyətlərinin vizuallaşdırılması o qədər
canlı və dəqiq yönlərdən sərgilənir ki,
oxucuya əndişə duyğusunun ötürülməsinə
tam nail olur.
Natiq Məmmədli finalı minimum sözlərlə,
nikbin enerji, mübarizə əzmi, sevən insanın ruhunun
gücünü ifadə edən,
çağımızın gerçəklərinə
bağlayan detallardan istifadə etməklə bitirir. 44 günlük Zəfər
tariximiz, 27 illik işğaldan qurtulan Güləbird kəndi,
Sarı Aşığın türbəsi, sevgilisi
Yaxşının uyuduğu qəbiristanlıq, sevinc təntənəsi.
Müəllifin özünün qeyd etdiyi kimi,
tam bir Sarı Aşıq möcüzəsi. Bir də Həkəri
çayının kənarında, Sarı
Aşığın türbəsi önündə yeni
doğulan övladları ilə dayanan, bu ziyarətə
hamıdan əvvəl tələsən Səid və Müjdə!
Əsərin final səhnəsini simvolik planda bu gün dəyişən,
milli müqəddəratını müəyyən edib yenidən
qurulan, dirçələn Azərbaycanın özünə
adekvat rəmz mənasında da anlamaq olar. Yenidən
qurulan ölkədə yeni sevgilər başlanır. Bəlkə əksinə, vətəni vətən
edən həm də sevgilər olur. O sevgi ki, müəllif
buna lap əvvəldən inanır və inandığına
görə də sevgi motivini qabardır: "Onlar qədəm
qoyduğu torpağı öz sevgiləriylə birgə vətən
edəcəkdilər. Deməli, mənim ölkəmdə
sevənləri sayı artacaqdı. Deməli,
dünyanın heç də hər yerində rast gəlinməyən
təmənnasız və saf məhəbbətin sərhədləri
bir az da genişlənəcəkdi".
Belə...
Vaxtilə Feyerbax məhəbbət dini yaratmaq
fikrini irəli sürmüşdü. Böyük Cavidsə
"mənim Tanrım məhəbbətdir, sevgidir", - deyə
öz estetik kredosunu heç nəyə güzəştə
getməmişdi. Görünür, düşünərlərin
dünyanı xilasla bağlı axtarışları heç
zaman bitməyəcək və hər zaman da xilas
üçün təklif edilən model dəyişməz
qalacaqdır: Sevgi!
Natiq Məmmədlinin "Sev" romanı bizi bu həqiqətə
bir daha inandırır.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.6-7.