"Klassik ədəbiyyat, eyni zamanda
tarix və fəlsəfənin
kəsişdiyi yerdir"
Azərbaycan Yazıçılar
Birliyi Xəzər bölməsinin rəhbəri Arif
Buzovnalı ilə professor Vüsalə Musalının
söhbəti
Dərin təsəvvüfi
dünyagörüşünə malik, bəlağəti
gözəl bilən Azərbaycan şairləri klassik ədəbiyyatımızın
memarlarıdır. Bu gün də
onların adını qürurla çəkir, yubileylərini
qeyd edir, əsərlərini təhlil və nəşr edirik. Bütün bunlarla bərabər, Azərbaycan klassik
şairləri həm yaşadıqları dövrdə, həm
də özlərindən sonra ədəbiyyatımıza
ciddi təsir göstərə bilmiş, ədəbi məktəblər
yaratmışlar.
Bu minvalla Azərbaycan ədəbiyyatında
klassik ənənə qırılmadan davam etmişdir. Ədəbi məclislər bu ənənənin
yaşaması üçün mərkəz rolunu yerinə
yetirirdi.
Müasir Azərbaycan ədəbiyyatında
klassik poeziya ənənələri öz mövcudluğunu
davam etdirməkdədir. Bu
şeiri yaşadanlar isə əsasən Bakı ədəbi
mühitini təmsil edən şairlərdir. Klassik
şeir, muğam Bakının ruhudur. Bakı ədəbi
mühitini klassik şeirsiz təsəvvür etmək
mümkün deyil.
Müasir Azərbaycan ədəbiyyatında
klassik şeir ənənəsi üzərində
araşdırmalarımız bizi bu şeiri yaşadanlarla
söhbətlərə yönləndirdi. Hal-hazırda Azərbaycan
Yazıçılar Birliyi Xəzər (Bakı) Bölməsi
klassik şeir yazan gənc şairlərin ustad məktəbinə
çevrilmişdir. Klassik şeirin bugünkü vəziyyəti,
Bakı ədəbi mühiti, klassik ədəbiyyatın tədrisi
və araşdırılmasındakı problemlərə
işıq salmaq üçün Azərbaycan
Yazıçılar Birliyi Xəzər Bölməsinin rəhbəri,
şair Arif Buzovnalı ilə söhbətləşdik.
- Arif müəllim, klassik şeir Sizin üçün nədir?
- Klassik
şeir mənim üçün və ümumiyyətlə ədəbiyyatı
sevənlər üçün ruhani qidadır, zövqün
mənbəyidir. İnsanın özü ilə
yaradanı arasında, "mən"i ilə
bağlantıdır, rabitədir. İnsanlıq
tarixidir, insana xas üstün keyfiyyətlərin
sığınacağı, yaşam yeridir. Hisslərin toqquşduğu, fikirlərin
savaşdığı, arzuların dəyişdiyi
meydandır. Hər hansı bir fikri nəsrlə bir neçə
cümlə daxilində deməyə cəhd edirsən və
çatdırmaqda çətinlik çəkirsən. Klassik şeir xüsusi sözlərin seçimi
vasitəsilə, əruzun ritmikası, ahəngdarlığı,
dinamikası ilə çox rahatlıqla o duyğunu, hissi ifadə
edə bilir. Klassik şeiri nəsrə
çevirməyə çalışsan, şeirlə deyə
bildiyindən artığını deyə bilməyəcəksən
və bəlkə də uzun-uzadı şərh verməli
olacaqsan. Şairin içərisində
olan o duyğu və şeir arasında bağlantı onu nəsrlə
ifadə etməkdən daha rahat və təsirlidir. Şeir duyğunun tərcümanıdır.
Ruhu doyduran, onun xəstəliklərini sağaldan klassik
şeirdir. Biz iki əsr bizim olmayanların içində
yaşamışıq. Bizə yad olanlarla
qidalanmışıq. Bizim ruhumuza
uymayanları oxumuşuq. Özümüzünkü
nədir, bəzən onu unutmuşuq. Klassik
ədəbiyyat bizim ruhumuzu təmizləyir, mənəviyyatımızı
zənginləşdirir, həm ruhumuzun qidasına
çevrilir, həm də əsrlərin təcrübəsini
özündə yaşadır.
- Necə oldu ki, Azərbaycan ədəbiyyatındakı
klassik şeir ənənəsi kəsintisiz bir şəkildə
bu günümüzə gəlib çatdı?
- Bunun bir
neçə səbəbi var və bu səbəblər
bir-birilə müəyyən mənada bağlıdır. XX əsrin əvvəllərində dünyada
baş verən dəyişikliklər - inqilablar,
imperiyaların dağılması ədəbiyyatın da
dünyaya, həyata baxışını dəyişdirdi.
Artıq yaradıcı insanlar hər hansı
bir duyğunun, hadisənin, işin ruhani, mənəvi tərəfindən
daha çox ictimai-sosial tərəfində baxmağa
çalışdılar. Bir növ
kütləvi yaşam, kütləvi baxış fərdiliyin
önünə keçdi. Artıq
şairlər bir şəxsin deyil, qrupların, xalqların,
millətlərin dilindən danışmağa
başladılar. Bu mənada ruhani
yaşam, mənəvi zövq fərdi olduğu
üçün geri planda qaldı. Dünyada
baş verən dəyişikliklər istər-istəməz
Azərbaycan ədəbiyyatına da öz təsirini göstərdi.
XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatında milli duyğuları ifadə edən
şeirlər qələmə alındı. Şeir bu minvalla siyasiləşdi, sosiallaşdı
və psixoloji silaha çevrildi. Bu mənada
yavaş-yavaş klassik şeir də bir çox duyğulara
hesablanmış incə sənətlər kimi tənəzzülə
doğru getdi.
Hər hansı bir quruluş dəyişkənliyi
zamanı dini, mənəvi dəyərlərin mərkəzdən
uzaqlaşdırılmasına cəhd edilib. Bəzən
isə bu dəyərlər quruluşun diktəsinə tam tabe
olaraq, onun istəklərini həyata keçirərək fəaliyyət
göstərib. XIX əsrin sonlarında
yaranmış ədəbi məclislər Sovet hakimiyyətinin
qurulması ilə bağlandı, dağıdıldı.
Bakıda bir neçə yerdə şəxsi
evlərdə gizli ədəbi məclislər fəaliyyət
göstərirdi. Bu məslislərin
adı yox idi. Bu toplantılarda Məşədi Azər,
Əbdülxalıq Yusif, Məmmədağa Cürmi və digərləri şeirləşir,
ədəbiyyatdan danışır, klassik ədəbi
nümunələri təhlil edir, fikir mübadiləsi
aparırdılar. Beləcə, klassik şeirin
sirləri və min illik ədəbiyyat texnikası da o məclislərdə
iştirak edənlərə ötürülürdü.
Bundan başqa, XX əsrdə qəzəlin
yaşamasında Əliağa Vahidin və qəzəlin
muğamın ayrılmaz parçası olmasının önəmli
rolu olmuşdur. Vahid klassik şeirin qorunmasına,
sosrealizm içərisində yayılmasına və gələcəyə
ötürülməsinə şərait yaratdı. Məzmun fərqinə və məna
dayazlığına baxmayaraq "qəzəl"
libasında klassik şeir sosial mühitdə özünə
yer tapa bildi. Klassik şeiri yaşadan bir
digər qüvvə də satira idi. Sovet
hakimiyyəti illərində sistem cəmiyyətdəki
çatışmazlıqları aradan qaldırmaq
üçün və xalqın arasında ictimai
qınağı formalaşdırmaq üçün satirik
şeirin yazılmasına icazə vermşdi. Əruzun
oynaq bəhrlərində daha gözəl səslənən və
digər vəznlərdən akustik ləzzəti ilə
seçilən satirik şeirlərin sevilməsi və sovet rejimi tərəfindən
qəbul edilməsi həm də Əruz ədəbiyyatının
yaşaması demək idi. Əruz vəzninin ahəngi,
ritmi və oynaq bəhrləri satirik şeir üçün
münasib idi. Əliağa Vahid, Rüfət
Əhmədzadə, Cəfər Rəmzi, Rəfiq Zəka,
"Kirpi" jurnalında şeirlərini dərc etdirən
digər şairlər istər-istəməz əruz vəznini
də qorumuş oldular. Bəlkə də
niyyətləri əruzu qorumaq deyildi, amma nəticə etibarilə
əruz vəznini yaşatdılar.
- Arif müəllim, Azərbaycan
şair və qəzəlxanları klassik şeiri qoruyub
günümüzə gətirdilər. Klassik
şeirin vəziyyətini necə dəyərləndirirsiniz?
- XX əsrin
90-cı illərində "Füzuli ədəbi məclisi",
"Məcməüş-şüəra ədəbi məclisi"nin fəaliyyət göstərməsi onu
göstərdi ki, o körpülər sağlam olub və
estafet ötürülə bilib. Yəni 70 illik
sovet hakimiyyəti dövründə Bakıda klassik şeir
itmədi və bu gün də yaşayır. Onu da qeyd edim ki, bu gün klassik şeir ənənəsi
Azərbaycanda Şərqin heç bir yerində
olmadığı qədər güclüdür.
Klassik şeir ənənəsinin bugününü qənaətbəxş
dəyərləndirirəm. Gənc şairlərimizin
bir çoxu klassik şeiri anlayır, şərh edir, əruz
ölçüsündə qələmlərini sınayırlar.
Düşünürəm ki,
qarşıdakı onillikdə artıq Azərbaycan ədəbiyyatı
deyiləndə əruz ölçülü ədəbiyyat
da onun böyük bir hissəsini təşkil edəcək.
Əruz ölçülü şeirin
texnikası mürəkkəb və çoxcəhətlidir.
Ahəngi pozmadan fikri misranın içində həll
etmək, onu bəlağətin gözəlliklərindən məhrum
etmədən qafiyəli bir sistemə tabe etmək həqiqətən
də çətindir. Şeiri söz sənətlərinin
tələbinə uyğun şəkildə yazmaq və eyni
zamanda çatdırmaq istədiyin fikri də ən dolğun
biçimdə ifadə etmək şairdən hünər istəyir.
Bu gün əminliklə deyə bilərəm
ki, bu hünər sahibləri Azərbaycanda var və olacaq.
- Ədəbi məclislər Bakı
ədəbi mühitinə nə verdi?
- Ədəbi məclislər bu işin universitetidir. Hətta bu
mövzu ilə bağlı universitetlərdə dərslər
keçilsə belə, məclis effekti verə bilməz.
Ədəbi məclis şairlərin yetişmə
məkanıdır. Burada klassik ədəbiyyat
ənənəsi, bəlağət, Şərq fəlsəfəsi,
təsəvvüf, təriqətlər və s. öyrənilir.
Klassik ədəbiyyat, eyni zamanda tarix və fəlsəfənin
kəsişdiyi yerdir. Nizamidən, Füzulidən, Nəsimidən
qidalan bir gənc bu kultun üzərində
yazmağa-yaratmağa davam edəcək və ümummilli bir
missiyanın davamçısına çevriləcək. Yazılan hər əsərin söykəndiyi bir
ideya və istiqamətləndiyi bir hədəf olacaq. Ədəbi məclislər öz kimliyini unutmamaq və
bu kimliyin qüdrətini gələcəyə daşımaq ədəbini
öyrədir, desəm, doğru olar.
- Ədəbiyyat sovet təbliğatını
həyata keçirmək üçün ən mühüm
vasitə idi. Sovet hakimiyyəti
illərində Azərbaycan ədəbiyyatının tədrisi
sovet ideologiyası əsasında həyata keçirildi.
Bu da klassik ədəbiyyatımızın tədrisinə
mənfi təsirini göstərdi. Müstəqilliyimizin
30 yaşı olmasına baxmayaraq Azərbaycan klassik ədəbiyyatının
tədris proqramı dəyişdirilməmişdir. Sizin bu məsələyə münasibətinizi
öyrənmək istəyərdim.
- Əruz orta məktəb proqramlarında var idi. Bu proqrama
görə müəllim şeir haqqında ümumi məlumat
verir və şeiri şagirdlərə əzbərlədirdi.
Şagird şeirin ritmini bilmədən,
oradakı sözlərin mənasını anlamadan şeiri əzbərləyirdi.
Klassik ədəbiyyatın tədrisi ilə
bağlı bu boşluqda sovet sisteminin çox böyük mənfi
təsiri oldu. Məktəblərə gələn
gənc müəllimlər indi də klassik şeiri anlamaqda
çətinlik çəkirlər. Bəzən
klassik şeiri üzündən belə oxuya bilmirlər.
Təəssüf ki, bu mənada görülməli çox
iş var. Ali məktəblərdə klassik ədəbiyyatın
incəliklərini tədris edə biləcək müəllimlər,
ustadlar yetişməli, bu sahə müəyyən
proqram əsasında təlim edilməlidir. Azərbaycanda
2019-cu il "Nəsimi İli", 2021-ci
il "Nizami İli" elan ediləndə
düşünürəm ki, bütün klassik ədəbiyyat
aşiqləri sevinmişdilər. Bu iki il
həm ədəbiyyatımıza, həm yaradıcı gəncliyə,
həm də ümumilikdə cəmiyyətə böyük ədəbi
xidmət göstərmiş oldu. Azərbaycan
xalqı iki dahinin fikir dünyasına qərq oldu və iki ilə
Şərq tarixini süzgəcdən keçirmiş oldu.
Bu təkanlar klassik şeirin təhsil
ocaqlarının tədris proqramında özünə daimi
yer edəcəyindən xəbər verir.
- İslam tarixi, əxlaqı,
fəlsəfəsi, təsəvvüf tarixi və
bütövlükdə klassik ədəbiyyatın
qaynaqlarını öyrənmədən klassik şeiri tədris
etmək mümkündürmü?
- Bu
gün tədris müəssisələrində klassik ədəbiyyatın
tədrisi şairlərin həyat və
yaradıcılığının öyrənilməsi,
şeirlərinin əzbərlənməsi şəklində
həyata keçirilir. Ədəbiyyatı
öyrənmək bu şairlərin adlarını öyrənib,
şeirlərini əzbərləmək deyildir. Bu əsərlərin şərhi önəmlidir.
Klassik əsərlər Azərbaycan
xalqının sosial-mədəni həyatının əsas
qaynaqlarındandır. Ədəbiyyat bir
xalqın mədəni tərəqqisinin göstəricisidir.
Bir var yazdırılan, diktə edilən tarix,
bir də var özü-özünə təbii şəkildə
yazılan tarix. Mənə görə
klassik ədəbiyyat özündə klassik fəndləri də
yaşatmaqla, eyni zamanda təbii tarixi də yaratmış və
yaşatmışdır. Ümumiyyətlə,
şeir kimi zərif və dərin sənətlər hər kəs
üçün deyil. Bu sənətlər
hazırlıqlı insanlar üçündür. Klassik şeirdən zövq almaq üçün onu
eşitdiyin anda anlamaq şərtdir. Duyğular,
hisslər ümumən hər kəsə məlumdur, amma onlar
hansı hadisələrlə, obrazlarla ifadə olunub, müəllif
hisslərinin sərhədini, ölçüsünü necə
göstərmək istəyib, bunu anlamaq və duymaq
üçün həmin hadisə və obrazlarla
tanışlıq vacibdir. Misal üçün
"Şahi" təxəllüslü XV əsr şairinin
bir beytinə nəzər salaq:
Şətmidir,
Qülzümmidir, ya abi-Ceyhun, ya Fərat,
Həsrətindən hər du çeşmimdən axan
culərmidir?
Əgər
oxucu "Şət"in Dəclə və Fərat
caylarının birləşdiyi yerə verildiyi Şəttülərəb,
"Qülzüm"ün Xəzər dənizi,
"Ceyhun"un Amudərya çayı olduğunu bilmirsə,
bu poetik lövhədən heç bir zövq ala bilməz.
Eyni zamanda klassik şeirin sirlərini açmaq
üçün oxucu irfani istilahlardan, təsəvvüf
terminlərindən, din tarixindən və şəriət
qaydalarından, Şərqin böyük ustadlarının əsərlərindən
xəbərdar olmalı, geniş
dünyagörüşünə sahib olmalıdır. Bu
açarları olmayanlar klassik ədəbiyyatın sehrli aləminə
daxil ola bilməzlər.
- Ustad, məlum olduğu kimi, əruz
vəznində yazan şairlərimiz qəlibləşmiş
mövzularla bərabər, milli fikir, düşüncə,
türkçülük, Qarabağ və s. kimi mövzulara
müraciət edirlər. Dildə də sadələşmə
hiss edilməkdədir. Siz qəzəlxan olaraq
klassik şeirimizdə mövzu və üslub baxımından
hansı dəyişiklikləri müşahidə edirsiniz?
- Klassik ənənəni
davam etdirən və əruzla şeir yazan şair Azərbaycan
ədəbi dilini, Azərbaycan dilinin qrammatikasını
gözəl bilsin və buna riayət etsin. Dilimizin
gözəlliklərini şeirin ölçüsünə
qurban verməsin. Şeir daha çox ana
dilimizdəki sözlərdən ibarət olsa gözəl
olar. Şeirin öz dili olmalıdır.
O, nəsr kimi yazılmamalıdır. Bir
çox məqamlar var. Əsas məsələ şeirin dili
və ruhudur. Şeir diri, canlı
olmalı, danışa, cavab verə bilməlidir. Nəzərə almaq lazımdır ki, böyük
fikirləri sadə dillə çatdırmaq özü bir məharət
tələb edir. Ən uyğun sözləri
seçmək kifayət etmir, həm də əruz ahənginə
cavab verən sözlər seçilməlidir. Bu baxımdan məzmunu, dili və şeirin tələblərini
qorumaq asan məsələ deyil. XXI əsrin
ədəbiyyatımızdakı bu boşluğu
dolduracağına inanıram. İnanıram
ki, ədəbiyyat tariximiz boyunca yazıldığı kimi,
bundan sonra da Əruz meydanında hər mövzuda qələm
çalınacaq. Mövzu məsələsi
isə çox sadədir. Düşünən
insan "mövzu" axtara bilməz, buna ehtiyac qalmaz. Zatən, düşünmək özü elə
mövzudur. Dünyada baş verənlərdən,
öz həyatında müşahidə etdiklərindən,
oxuduqlarından, eşitdiklərindən bir nəticəyə
gəlirsən və bu nəticəni doğru və bilinən
obrazlarla ifadə edirsən. Bütün
"mövzu"lar bu həyati
obrazların ətrafında hazır dayanmış olur.
- Sovet hakimiyyətinin ən çətin
günlərində belə Bakı və Bakıətrafı
kəndlərdə klassik şeir yaşadı. Cəfər
Rəmzinin nəşr etdirdiyi "Deyilən söz
yadigardır" adlı antologiyadan da Bakı ədəbi
mühitinin gözəl şairlər yetişdirərək Azərbaycan
ədəbiyyatını zənginləşdirdiyini
görürük. Azərbaycan Yazıçılar
Birliyi Xəzər Bölməsi ətrafında yetişən
şairlərin həyat və yaradıcılığı,
şeirlərindən nümunələri əhatə edən
"Xəzər təzkirəsi" haqqında nə deyə
bilərsiniz?
- Bakı
və Bakıətrafı kəndlərdə, Azərbaycanın
cənub bölgəsində klassik şeirə maraq, meyil var.
Bu meyildə dini mərasimlərdə oxunan qəsidə və
mərsiyələrin də rolu vardır. Əruz
ahəngi onların qulaqlarına yad deyil. Mən
deyərdim ki, əruz ölçülü klassik şeir
yazma ənənəsi məhdud çərçivədən
çıxmışdır. Azərbaycan
Yazıçılar Birliyi Xəzər bölməsinin
üzvləri arasında müxtəlif bölgələrimizdə
yaşayan şairlər var.
Azərbaycan Yazıçılar Birliyi Xəzər
bölməsi olaraq 10-dan artıq müəllifin
kitabını çap etmişik. Bundan əlavə,
"Xəzər təzkirəsi" adı altında 36
şairin həyatı, yaradıcılığı və
şeirlərindən örnəkləri nəşr
etmişik. Mütəmadi olaraq Azərbaycandakı
qəzet və jurnallarda "Yazıçılar Birliyindən
çələng", "Klassik şeir çələngi"
rubrikalarında şairlərimizin şeirləri çap
olunur. Türkiyə Yazarlar Birliyi, Yazarlar Vəqfi ilə
əlaqələrimiz var. Bizim şairlərimizin əruz
ölçülü şeirləri istər Azərbaycanda,
istərsə də Azərbaycandan kənarda təşkil
olunan müsabiqələrdə bir çox mükafatlar
alıb. Bütün bu uğurlara Yazıçılar Birliyi
Xəzər Bölməsi yarandıqdan sonra nail olmuşuq. "Xəzər təzkirəsi" müasir
Əruz ölçülü ədəbiyyatın simvoludur,
varlığının sübutudur. Təzkirə
gələnəyini də yaşatmaqla bərabər, bu kitab həm
də əruzun Azərbaycan üzrə xəritəsidir.
Bir neçə əsr susqunluqdan sonra Gəncənin,
Şirvanın, Naxçıvanın da əruz ləngərinə
köklənməsi qürurvericidir.
- Hacı, son beş
ildə nəşr olunan ədəbiyyat tarixlərini nəzərdən
keçirdiyimiz zaman çağdaş ədəbiyyatımızda
klassik ənənələri yaşadan Bakı ədəbi
mühiti, məktəb yaratmış qəzəlxanlarımız,
şairlərimiz haqqında məlumat verilmədiyini
müşahidə edirik. Məncə,
ədəbiyyat tarixləri dövrün ədəbiyyat məhsullarını,
cərəyanları və s. əhatə etməlidir.
Bakının sosial-mədəni həyatını, inanc
dünyasını, etnoqrafiyasını və ümumən
ruhunu əks etdirən bu əsərlər niyə ədəbiyyat
tarixlərimizə daxil edilmir?
- Bütün sahələrdə dəyişikliklər gedir. Bəzilərində sürətlə, bəzilərində bir az ləng. Bakı ədəbi mühitinin ədəbiyyat dünyasına qoşulması dildə rahat deyilsə də, proses elə də asan proses deyil. Bəzi maneələr var ki, hələ də sovet ideyalarında ilişib qalıb. Ədəbiyyatdan qidalanan bir para "şairnümalar" da var ki, həqiqi ədəbiyyatın meydana çıxmasında maraqlı deyillər. Amma bütün bu maneələr aşılacaq, əsl sənət nümunələri gün üzünə çıxacaq. Zatən, hər nəfis əsər qədirbilən oxucuların qəlbində özünə yer edir. Zövq əhli sevdiyi şairin əsərini tapır da, paylaşır da. Bu ədəbi nümunələrin tədris proqramlarına daxil edilməsini, geniş miqyasda çap olunmasını, beynəlxalq ədəbiyyat layihələrində yer almasını arzu edir və bunun üçün çalışırıq.
- Təşəkkür
edirəm. Çox sağ olun.
- Həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ədəbiyyatımızı həm təmsil, həm təbliğ etdiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun ki, kimliyimizi, varlığımızı yaşadan Divan ədəbiyyatının keşiyində dayanmısınız.
Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.8-9.