Sənətə olan sevgini
səndən öyrəndik, ata!
Bu gün 54 ildən çox bir zaman kəsiyində "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat
və incəsənət")
sıravi işçisindən
tutmuş, baş redaktor vəzifəsinə
qədər yüksələn
bir kəsin - Ayaz Vəfalının doğum günüdür.
O, bu müddət ərzində təkcə
özünün əsl
ədəbiyyat adamı
olmasına nail olmayıb.
Bu gün ədəbiyyatımızda,
sözün əsl mənasında, imzası olan neçə-neçə
qələm sahiblərinin
formalaşmasına əmək
sərf edib. Ən azından, o kəslərdə
yalnız və yalnız istedad işığı hiss etdiyindən
üzlərinə "Ədəbiyyat
qəzeti" redaksiyasının
qapılarının taybatay
açılmasına səbəb
olub. Ayaz Vəfalı, əslində,
bütün Azərbaycan
ədəbiyyatının o zaman kəsiyində formalaşmasına xidmət
göstərib.
Bu gün "4 yaşında
fikir çəkdim"in
müəllifinin doğum
günüdür. O müəllifin
ki, yaşıdlarının
əksəriyyətinin həyatı
elə 4 yaşından
etibarən başlayıb.
Və ömürlərinin başlanğıcının
dünya tarixində Böyük Vətən müharibəsi kimi ağrı ilə möhürlənən bir
dördillik zaman kəsiyinə köklənməsindən
əziyyət çəksələr
də, ədəbiyyatımızda
özlərinə məxsus
bir xəttin yolçusu olublar. Və üstəgəl, bir ömür ədəbi-bədii
nümunələrin yalnız
və yalnız ən yaxşılarını
çeşidləyib dərc
etməkdən aldığı
özünəməxsus bir
zövq bu insanın həm daxilində, həm də zahirində özünü büruzə
verib.
Ayaz müəllim qəribədir
ki, indi də xatırlayanda atasının onları -
4 yaşlı balaca Ayazı, 7 yaşında olan bacısı Əzizəni və hələ qundaqda olan qardaşı Aydını, anası Atlazı - anasının dayısı Dünyamalı
kişiyə tapşırıb
evdən çıxdığı
günü xatırlayır.
Həyatına əbədi
iz salan
həmin səhnə poemaya, şeirlərə çevrilsə də, əbədi lent yazısı
kimi indi də onun zehnini
məşğul edir.
Aynurə
Niyaz qızı Paşayeva "Ayaz Vəfalı publisistikasına
dair" adlı məqaləsində yazır:
"Ayaz Vəfalı
heç bir yazısında Krım müharibəsində almanlara
əsir düşmüş,
legioner, atası Rza Cəfər oğlu Cəfərov haqqında məlumat verməmişdi. Yalnız
Rəsul Rzaya həsr etdiyi "Eləyə bilmədiyim təşəkkür" (2010, 28 yanvar) məqaləsində
atasının M.Ə.Rəsulzadənin
səbəbkarlığı ilə qardaş Türkiyə torpağına
əmanət verildiyi, atası ilə məktublaşması,
Qasım Qasımzadənin
səyi ilə Türkiyədəki Sovet səfirliyindən Rəsul
Rzanın danışıqlar
apardıqdan sonra öz kitabını atasına göndərməsi
haqqında məlumat vermişdi".
Ayaz Vəfalı
Sovetin dəmir hasarları arasında fəhmlə atasının
axtarışına çıxıb,
onun başına gələn hadisələri
Böyük Vətən
müharibəsinin şahidlərinin
xatirələrində araşdırmağa
çalışıb.
Yadımdadır ki, atam Jukovun
"Xatirələr" kitabını
oxuyur, Krım müharibəsində hansı
şəraitdə bir
hərbi hissənin əsir alınmasının
səbəbini axtarırdı. Bəli, Krım
döyüşlərində yüzlərlə əsgərin
əsir alınmasında
tağım komandiri günahlandırılır və
cəzalandırılır. Mənim atam isə bununla təskinlik tapır...
Xatirimə bir gün düşüb,
Qələm tutmur əlim, Krım;
Atam burda itkin düşüb
-
Mən necə
dincəlim, Krım?
...Bilirsənmi, ata! Sən bu kitabları oxuyub qısa müddətə kənara
qoyanda, mən səni izləyirdim.
Sən fəhmlə axtarışa çıxdığın
o günlərin görüntüsünü
beynində cızanda,
təxmin etdiklərini
anamla bölüşəndə
mən də sənin iş otağına gedir, yazı masandakı həmin kitabları içdən gələn
bir maraqla, lap elə acgözlüklə
seyr edirdim. Bir dəfə mətbəxə keçib,
az qala
hədəqədən çıxmış
baxışlarla anama yenicə tərcümə
etdiyin hansısa şairin əsərindən
iki misranı söylədin: "Ehtiyac!
İnsan olsaydın, mən səni əllərimlə boğardım!". Mən isə uşaq halımla sənin hansısa şairdən tərcümə etdiyin bu sətirləri maddiyyatdan doğan gileyin kimi hiss elədim. Elə üşəndim ki... Sən məni həyata elə zərif və ehmallıqla yönəltdin
ki...
Yadımdadır ki, diplom işimin
mövzusunu Cənubi Azərbaycanla əlaqədar
götürməyimi mənə
sən məsləhət
bildin. O vaxt Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
nəzdindəki Xaricə
Verilişlər Baş
redaksiyasında Cənubi
Azərbaycana verilişlər
şöbəsinin poçtuna
əski əlifba ilə yazılmış məktublar yollanırdı.
Və həmin məktubları oxuyub araşdırmağa,
bu məktublardan çıxış edərək
diplom işini müdafiə etməyə
də sən məni yönləndirdin.
Yadımdadır, məktubları araşdırdıqca, hamısının
ancaq bir məzmun daşıdığının
şahidi oldum. Ana dili, Vətən
həsrəti, ayrılıq
motivləri redaksiyaya gələn məktubların
əsas məzmununu təşkil edirdi. Mən sonra anladım ki, Cənubi Azərbaycandan gələn
məktubların məzmunu
eyni idi. Çünki paralanmış
bir xalqın dərdinin məzmunu eyni idi... Sən isə
bütün bunları
mənə xırdalamadan,
yolun cığırına
saldın. Və mən
beləcə, istiqamət
götürdüm. Və
öz yaradıcılığımda
artıq sənin yaradıcılığına istinad elədim:
Aşıb-daşan dalğaları
Sahilinə endir, Araz.
Çağla, çağla mənə
sarı
Mən yanım,
sən söndür, Araz.
Redaksiyamıza ünvanlanan məktublardakı
şeirlərə o vaxt,
Nəriman müəllimin
baş redaktorluğu dövründə "Ədəbiyyat
və incəsənət"
qəzetində də
bir səhifə ayrıldı. Və bu, Şəhriyarın
"Heydərbabaya salam!"
harayına bir cavab idi, bəlkə
də.
Həyatında olan önəmli
günlərin tarixini
indi də öz yaddaşında da, bizim yaddaşımızda
da belə saxlamısan: "Ədəbiyyat
və incəsənət"
qəzetində nə
vaxtdan işləyirsən,
ay ata? - Pərvanənin
anadan olmasından bir il əvvəl. İlk dəfə mənzili nə vaxt almısan,
ay ata? - Xatirə
doğulan il.
Həyatındakı bütün
tarixi anları övladlarının tarixi
anları ilə eyniləşdirdiyinə görə
çox sağ
ol, ata! Sən, sənə əvəzsiz olan "Ədəbiyyat qəzeti"ni tərk edəndə də, səhər erkən, mənə telefon açdın. Məni məlumatlandırmaq idi niyyətin. O vaxt dediyin bir
cümlə isə ömür boyu yaddaşımı tərk
etməyəcək: - "Mən
öz sənət yolumu hər bir kəsə arzu edirəm". Sən bu xeyir-duanla mənə yenidən sənətə sevgi tərbiyəsini verdin.
Biz hamımız sənətimizi sevirik, ay ata. Çünki bu sevgi, sənin sənətə olan sevgindən qaynaqlanır. Və biz həm
də səninlə nəfəs alırıq.
Çox yaşa, Ata!
85 yaşın mübarək
olsun!
Sevda Ayaz qızı
Behbudlu
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.10.