Mənə anam öyrədib...
Xatirə danışmaq mənim üçün hələ
tez olsa da, bilmirəm necə olur ki, hər dəfə
bahar gələndə
məndə xatirəyə
dalmaq həvəsi oyanır. O günləri xatırlayıram ki, bahar üçün əldən-ayaqdan gedərdim.
Elə bilirdim ki, yazın
gəlişinə böyüklər
o qədər sevinmir,
nə qədər ki, biz uşaqlar. Bahar gəlirdi - bayram gəlirdi. Anam həmişə qabaqcadan tədarük görərdi:
səməni qoyar, həyətdə ocaq qalayacağını deyərdi.
Baharı mənə anam sevdirdi, mənim bahar çiçəyi kimi ağsaçlı anam.
Çillə gecəsi qız-gəlin səsi yuxumu gözümdən didərgin
salardı. Uşaq vaxtı baharı
mən elə çalıb-oynamaqdan ibarət
bilərdim. Baharı
mənə anam sevdirdi...
Əsl mənasını
sonralar başa düşdüyüm bahar
məhəbbəti anamın
ürəyimə saldığı
sirli, şirin və təmiz duyğulardan biridir. Niyə sevdim
baharı mən?
Bəlkə ona görə ki, bahar gələndə
təbiət ayılır? Torpağın qış donu açılır. Yer buğlanır,
insan kimi nəfəs alır, nəfəs verir. Hər tərəf yaşıl geyinir. Bu əsəbi
əsrimizdə ürəyə
bir rahatlıq, əsəbə bir sakitlik gəlir. Gül fəsli başlayır; son qarın
içərisindən baharın
ilki - novruzgülü
baş qaldırır:
Qar içində, aləm bilir,
Yaşıl örtdü novruzgülü;
Mənə dedi bahar gəlir -
Dedi, ötdü novruzgülü.
Quşlar
ona salam
verdi,
Ağır imiş bahar dərdi;
Çöllər yaşıl xalı
sərdi -
Gözdən itdi novruzgülü.
Bilmədim ki bu nə işdi,
Özü yazdan ayrı düşdü;
Niyə
belə tez gəlmişdi -
Tez də getdi novruzgülü.
Tərk
edəndə dağı-daşı,
Ağ buludlar tökdü yaşı;
Az yaşadı... amma qışı -
Bahar etdi novruzgülü...
Baharı
sevdim - səməniyə
baxıb pıçıldayanda:
"Səməni,
Saxla məni;
İldə göyərdərəm səni".
Düşündüm: necə yəni "saxla məni?". Səməni
adamı necə saxlaya bilər? Onun əlindən nə gəlir ki?.. Sonra inandım
ki, saxlayar. Bu hikmətə onda inandım ki, insana üzünü tutub: "Öldür məni, dirildim səni" deyən torpaq gördüm, insanı, doğrudan da, dirildir, yaşadır.
Elə isə ümman zəmilərin bir damlası olan səməni insanı niyə də yaşatmasın?..
Baharı sevdim - oduna, istisinə, hərarətinə
görə. Od
- insan üçün
həmişə əziz
olub. İldırım vurmuş meşələrdə
diri-diri bişən heyvanın əti qədim insanın ağzını dada gətirdi.
Odu az
qala gözlərinin içində qoruyub saxladılar. Əfsanəvi
Prometey əbədilik
əziyyətə ona
görə düçar
oldu ki, səmadan torpağa od gətirdi.
Bayramqabağı qalanan ocaqlar,
mənə elə gəlir, bəşəriyyətin
Prometey kimi qəhrəmanlarına bir
yanar abidədir.
İnsanlar nəinki ocaqlarını,
hətta ürəklərini
belə odsuz görmək istəmirlər.
Od, demək
olar ki, hər şeyi, o cümlədən ürəyi
də paka çıxarmağa qadirdir.
Yaz gələndə axşamüstü
həyətdə ocaq
qaladığımız, od üstündən
o tərəf-bu tərəfə
atıldığımız səsli-küylü oyunlar,
kim deyir ki, elə boş
bir əyləncə olub:
Neçə-neçə belə bahar -
Gəldi
keçdi ömürdən;
Aman ellər, nə sirri var -
Unutmadım onu mən?..
Deməyin ki, əylənmişik
-
Duymamışıq heç nəyi;
Bəlkə onda öyrənmişik
-
Od içindən keçməyi?!.
Baharı mən necə sevməyim ki, hər əlaməti mənə mənalı görünür. O, bütün dünyanı gözəlləşdirir,
təmiz hava istəyən ciyərlərə
ətirli hava gətirir.
Hamımız baharın hörmətini
saxlayırıq: bir-birindən
inciyən varsa, gərək bahar gələndə görüşüb
hal-əhval tutsun. Bahar insanları küsülü
görmək istəmir.
O, həm də, elə bil, bərabərlik
tərəfdarıdır:
"Onda ki, fəsli-yaz
olur, -
Gecə, gündüz təraz olur".
Baharda səmanın
qucağı işıqla,
günəşlə dolu
olur. Qız-gəlinlərin hava işıqlanana
qədər çalıb-oxumaları,
səhəri həyat
rəmzi, dirilik rəmzi olan axar su üstündə
qarşılamaları və
yalnız bundan sonra evə qayıtmaları təbii olduğu qədər də təsirlidir. Onların sübhə kimi şirin-şirin oxuduğu mahnıların
nəqəratı indi
də qulağımda
səslənir:
"Ay bu gecə çilə
gecəsi -
Mən neynim;
Dönübdür ilə gecəsi
-
Mən neynim...".
Bahar hamını işə,
əməyə səsləyir.
O, yağış şırıltılı,
sel haraylı, insan nəğməli zəhmət simfoniyasıdır.
Niyə sevdim baharı mən? Çiçək nəfəsinə görə. Niyə sevdim baharı mən? Həyat həvəsinə görə. Bahar məhəbbəti mənə anamdan yadigardır. Baharı sevməyi mənə anam öyrədib.
"Ədəbiyyat qəzeti",
20 mart
2009-cu il
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2022.-
2 aprel.- S.11.