Davamı olan şeirlər
Bir-birinin
təkrarı olan şeirlər nə çox, kitabdan kitaba,
almanaxdan almanaxa, dodaqdan dodağa adlayır, uçub gedir,
unudulur, amma illər keçir, yenə yazılır onlar,
çünki təkrarın yaratdığı
"yaddaş" möhkəm olur, heç nə
qarşısında əyilmir, yox olmur. Bu təkrarlar
birbaşa hansısa mətnin heç unudulmayan yerindən
(çünki həmin misraları hamı elliklə
zümzümə edə bilir...), mətnə heç vəchlə
daxil ola bilməyən məqamından gəlir,
aylar, illər, zaman yorulur, bu təkrarlar bitmir. Bəzən
oxucu da hansısa gözəl şeiri təkrar təkərinə
salıb unutdurur, ancaq bu yaddan çıxma bədii mətnin
xeyrinə olur, müəyyən məqamlarda oxucudan
qaçmaq, gözünə görünməmək və hətta
ondan qorxmaq da xeyrə işləyə bilər.
Bir-birinin davamı olan şeirlər var, söhbət
poeziyadan gedirsə bunsuz, bu faktor olmadan sətirlər
arasındakı güc və enerjini anlamaq
mümkünsüzdür. Hansı ildə, yaxud əsrdə,
qədim, ya müasir dövrdə qələmə
alınmasından asılı olmayaraq poeziya aləmində ən
davamlı cəhət, ən qırılmayan bağ məhz
budur, hər şey nəfəslə ötürülür, nəfəsdən
yaranır və bu, insan ruhunun ölməzliyinin işarəsidir.
Bu fundamental prinsipi sadə yolla belə izah etmək olar ki, hər
bir millətin ədəbiyyatında onun sonrakı
inkişafını bəlləyən, istiqamətləri bəri
başdan göstərən "böhranlı" məqamlar
olur (hər şey - ənənə, zamanın gətirdiyi əvəzsiz
təcrübə qırılıb yox olma məqamında
yenidən və yeni libasda doğulur...), məhz bu məqamdan
etibarən yaddaş meyarı əsas rol oynamağa
başlayır, poetik yaddaş poeziyanın müxtəlif sahələrində
eyni şəkildə və eyni dalğa tezliyində
çalışır. Həmin işarədən gələn,
sıçrayan enerji deyək ki, aşıq poeziyasında bir
cür (ən mükəmməl aşıq şeirində ilk
mənzərə-təəssürat realdan realdır, göz
açıb yumunca, deyək ki, ikinci bənddə hava, iqlim dəyişir,
yerlə göylərin təması hiss edilir - baxın:
Başına döndüyüm ay qəşəng pəri //
Adətdi, dərəllər yaz bənövşəni //
Ağ nazik əlinlə dər, dəstə bağla // Tər
buxaq altında düz bənövşəni - dərhal sonra:
Tanrı səni xoş camala yetirmiş // Səni görən
aşiq ağlın itirmiş // Mələklərmi dərmiş,
göydən gətirmiş // Heyif ki, dəriblər az bənövşəni.),
fərdi yaradıcılıqda - hər hansı şairin dəftərində
başqa şəkildə ifadə olunur (Əhməd Cəmilin
"Can nənə, bir nağıl de" şeiri uzaq əsrlərdə
çəkilən ahın davamıdır, onun itib yox
olduğu məqamın musiqisi, not işarələridir və
buna görə də təkrarsızdır... Ən kədərlisi
budur ki, həmin itib yox olma məqamı yaddaşlarda bir təbəssüm
işığı kimi qalır və bu hiss, duyğu
şeirin sonluğunda da ifadəsini tapıb: Qaranquşlar
uçub gəldi, açdı çiçək,
güldü yaz... // Qucaqladı atasını, sonra kimsə
çaldı saz... // Körpə özü hiss etmədən,
onu yuxu apardı // Çöldə isə bütün gecə
külək tufan qopardı...). Yəni bu
"eyni tezlikli dalğaların səsinə" diqqətlə
qulaq kəsilsək, onların içində mətləbin
eyniliyini bildirən zərrələri tapmış olarıq.
Söhbət burda, şübhəsiz ki, təkcə tematikadan
getmir, əsas məsələ bir kərə müəyyənləşən,
konkret milli ədəbiyyat üçün münasib
sayılan yaddaş "qutusunun" (uçaqlardakı qara
qutu-!) tutumundan, elastikliyindən, bitib-tükənməzliyindən
gedir. Bizim poeziyada onun qədim dövründən indiki
çağına qədər minlərlə gözəl
şeir mətni deyilib, qələmə alınıb, onlar belə
deyək, yuxarıda adıkeçən
"böhranlı" məqamı özünəxas bucaq
altında əks etdirirlər, ümumi havası, atmosferi
etibarilə onun davamı təsirini bağışlayır,
amma alt qatda, mahiyyətcə və poetik sistem etibarilə ənənə
ilə bir qaydada oyun qurulur. Bunsuz hər yeni
dünyaya gələn bədii mətnin yaşayıb nəfəs
alması mümkün deyildir. Dediyimiz kimi,
bu tip şeirlər tək, tənha nümunələrdir (hər
şey davam etdikcə, nələrinsə davamı olduqca təkrarsız
olur...) və onlar həmin oyunda iştirak etməyə məhkumdurlar.
Onlar poetik yaddaşın təzələnməsi
missiyasını yerinə yetirirlər. Bunun
ən gözəl nümunəsi ustad Şəhriyarın
şeirləri, xüsusən "Heydərbaya salam"
poemasıdır. Poemanı oxuyursan, dilin
sanki yenidən doğulduğunu hiss edirsən, ilk dünyaya gələn
söz necə təsir edirsə, mənanı yeni doğulan
sözün həniri, istisi, bu sözü dünyaya gətirən
xəyalla birgə qavramalı olursan. İkinci tip
nümunələr milli poetik yaddaşla tamam fərqli
münasibətdə olur. Bu şeirlər milli ədəbi
prosesə kənardan, belə deyə biləriksə onun
dışından, həm də kənar qüvvə kimi təsir
göstərirlər. Bir-birinin davamı olan poetik mətnlər
- şeirlər bir-birinin içindən çıxıb fərqlənməyə,
uzaqlaşmağa yol alan nümunələrdir.
Başqa sözlə desək, bu mətnlər
bir misra üstündə doğulub tanınmaz hala düşənədək
başqalaşan şeirlərdir. Diqqət edin:
Vaqif Səmədoğluda:
Ürəyim
yol çəkən bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər
gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Əli Kərimdə:
Ürəyim
boylanır o yerə sarı,
Gözlərim
yol çəkir...
çəkir yolları.
Gah hava
yolunu, gah su yolunu,
Gah şose yolunu, arzu yolunu.
Tökülür
üstümə yollar qovşağı...
Hər iki şeirin ilk misralarında hələ
davamlılıq impulsu, demək olar ki, zəifdir, ya da cüzi
olduğundan hiss edilmir. Davamlılıq fərqin tam əyaniləşdiyi
anlamına gəlir və həmin məqamda bütün
hüceyrələri ilə duyulur. Bu iki nümunənin
ilk misal gətirilən misralarında ümumi oxşarlıq,
bir mahiyyət və temadan yol almaq tendensiyası var. Ürəyim
yol çəkən bir gözə dönüb... Sonra: Ürəyim
boylanır o yerə sarı // gözlərim yol çəkir,
çəkir yolları... Əli Kərimdə
iki misrada verilən duyğu Vaqifdə məna baxımından
nəticə, sonuc kimi səslənir. Vaqifin
şeirindəki ikinci misra Əli Kərimin şeirinin
bütün havasını tanıda bilir. Ondan
sonra yazıldığı üçün bəlkə də.
Amma bu faktın özü çox mühümdür:
bir-birinin təkrarı yox, davamı olan şeirlər həm
də bir-birinin boşluqlarındakı səsi və
küyü bəlləyən nümunələrdir. Yollar da tərs
kimi uzanır, gülüm... Baxın, Əli Kərim bunu belə
deyir: Gah hava yolunu, gah su yolunu // Gah şose yolunu, arzu yolunu //
Tökülür üstümə yollar qovşağı... Sonuncu nümunədə hər şey
"şırran" sözünün məna tutumu ilə
işarələnir. Artıq elə bir
durum yaranıb ki, dinamika (frazeoloji ifadə əvvəlki, ilkin
halına qayıdır sanki -!) həsrət yolunun
iztirabını, sonsuzluğunu və beləliklə, əzabın
da bitməzliyini dəqiq ifadə edir. İşarələnən,
misralarda təqdim edilən duyğular oxşardır: həsrətin
yolları bitmir, tərs kimi uzanır. Bu dinamika Əli Kərimin
şeirlərinin və ümumən
yaradıcılığının "atan
damarıdır" demək olar, eyni mənzərəni
"Mavi nəğmənin sahilində" povestində də
görmək olar, sintaksis elə qurulur ki, sözlər-məna
sanki uzaqda, dünyanın əvvəlində qoyulan maqnitin
cazibəsiylə hərəkət edir, ona doğru gedir,
yoldaca yanıb külə dönür və külündən
yenidən doğulur. Məna
"şırran" tökülən sözlərin
yağış kimi çilənməsi, ələnməsi
hesabına yaranır. "Kürə yağış
yağırdı" şeirində başqa bir mənzərə
ilə qarşılaşırıq: həmin dinamika, sözlərin
dayanmadan, nəfəs dərmədən, daha doğrusu, bir nəfəs
çəkmənin ardı kimi ərzin hər tərəfindən
"yağması" dayanır, yavaşıyır, sözlər-yağış
damcıları sanki parçalanır, onların rəngi,
istisi, həniri tamam başqa formatda əyaniləşir.
Vaqifin şeirində ilk misranı oxuduqda sanki piano dillərinə
toxunuşu hiss edirsən, indicə səs çıxacaq, səslər
qoşalaşacaq və qəfildən bu tək səslər
gözəl bir metafora yaradacaq: Belə getsə sınar
quşların səsi... Hə,
Belə
getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim,
gəl qurtar məni,
Arxadan dərd
çapır, qorxuram çata...
Əli Kərimdəsə:
Tökülür üstümə yollar
qovşağı.
Alnıma, üzümə dolur qırışıq.
Gözlərim
yol çəkir neçə diyarla,
şəhərlə qarışıq, kəndlə
qarışıq.
Həmin
maqnitin yaratdığı cazibə bu bənddə aydın
hiss edilir. Əli Kərimin şeirində bir ağrı
yaranın yaddaşı kimi qövr etsə də, Vaqifdə
sanki "yol motivi" bitir, arxa plana keçir, başqa bir
obrazla işarələnir: Arxadan dərd çapır,
qorxuram çata... Amma hər halda məhz bu məqamdan
iki bir-birinin davamı olan mətnlə qəti şəkildə
ayrılıb fərqlənməyə üz qoyurlar.
Bir-birinin davamı olmaq eyni hava, eyni nəfəslə
dolan-boşalan sferada fərqli nəsnələri göstərməyə
xidmət edir, tək olan şeylərin tənhalığı,
yalqızlığı və içindəki gizli hücrələrdə
yaşayan faciələr insan qəlbinin xəritəsidir.
Bu
nümunələrdə Əli Kərimin səsi dərinliklərdən
gəlir, gəlib bizim mühitə, bizim dünyaya
çatınca min bir olaydan keçir, peşmanlıq, xiffət,
qoşmalardakı vurğulu intonasiya, Anadolu çöllərindən
üzü bəri gələn yovşan ətri (Bilməm bu xəbəri
kim gətirdi kim, Sinəmdən vurulub
torpağa düşdüm..., yaxud: Ara özün
üçün elə sevgili // ki məni görəndə
utanmayasan...) ... hər şey var o misralar arasındakı
boşluqlarda.
Vaqifdə,
yuxarıda qeyd etdiyimiz kimi, misra, ilk titrəyiş bilinən
kimi piano səsi eşidilir, bu mətnlərdə dillərə
toxunmaqdan qorxan barmaqlar var...
Əli Kərimin digər mətnlərində olduğu kimi (məsələn, "Aut"), bu şeirdə də qəribə dinamika var, necə deyərlər, kələfin ucu açılan kimi hərəkət dayanmaz stixiya qazanır, nəfəs dərilib verilincə sözlər, misralar bir-birini udub "yox edir", bəlkə üfüqlərin qaşındakı mənaya çatmaq həvəsi, şövqü çınqıya, alova, tonqala dönür. Həsrətin sözlə ifadəsi çətin olan iztirabı: gözlərim o qədər yorğun olur ki // gözlərim o qədər yolla dolur ki... Yorğunluq və yuxu, bu şeir sanki aşkardan yuxuya və tərsinə söylənilir, bütün kənd, şəhər, bütün dünya ələk-vələk edilir, axtarılan tapılmır ki tapılmır: gecə sübhə qədər şirin yuxutək // tökülür onlardan sinəmə yollar...
Vaqifin şeirində ovqat dəyişir,
ciddilikdən bilmərrə vaz keçilir, ağrı,
iztirabın nəşəsi hadisələri yuxu məmləkətinə
göndərir. Yerini bilmirəm, bilsəm gələrəm //
Könlünü alaram, sevərəm yenə // Xəzərin
köksündən qalxan dumana // Qara şanı büküb gətirrəm
sənə...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.12.