Elya Süleyman: "Filmə
yalanlarla başlamışam"
Yunan-roma pravoslav əsilli, fələstinli
kinorejissor və aktyor
Elya Süleyman (Elia Suleiman) 1960-cı il iyulun 28-də
İsraildə, Bibliyaya görə İsa peyğəmbərin
doğulduğu Nazaret şəhərində anadan olub.
E.Süleyman 1982-1993-cü
illər arasında Nyu-Yorkda yaşayıb. Orada yaşadığı illərdə
"Mübahisənin Sonuna Giriş" (1990) (Ceysi Salum ilə
birgə) eksperimental sənədli və "Sui-qəsd yolu ilə
hörmət" (1993) adlı qısametrajlı filmlərini
çəkib. Hər iki film
çoxsaylı mükafatlar qazanıb.
E.Süleyman pedaqoji fəaliyyətlə
də məşğul olub. Rejissor
1994-cü ildə Qüdsə köçüb və
İordan çayının qərb sahilində yerləşən
Birzeyt Universitetində dərs deməyə başlayıb.
Ona Avropa Komissiyasının maliyyə dəstəyi
ilə universitetdə Kino və Media Departamentinin
yaradılması tapşırılıb. 2008-ci
ildə Elya Süleyman Sas-Fe şəhərində yerləşən
Avropa Liseyində professor olub. O, dünyanın müxtəlif
ölkələrinin ən qabaqcıl universitetlərində
mühazirələr deməyə davam edir.
1996-cı ildə çəkdiyi ilk
bədii filmi "İtkinliyin xronikası" elə həmin
ildə Venesiya Film Festivalında "Ən Yaxşı
Debüt Film" Mükafatını qazanıb.
Rejissor daha çox Fələstindəki
həyatdan bəhs edən ironik filmləri ilə
tanınır. 2002-ci ildə
Fələstində işğal şəraitində
yaşanan həyatdan bəhs edən "Müqəddəs
Müqavimət" filmi Kann Film Festivalında Münsiflər
Heyəti Mükafatına və Beynəlxalq Tənqidçilər
Mükafatına layiq görülüb. Film
müasir tragikomediya janrındadır. Eyni
zamanda 2002-ci ildə Romada keçirilən 15-ci Avropa Film
Mükafatlarından "Ən Yaxşı Xarici Film"
Mükafatını alıb. Qeyd edək ki, burada qaliblər
Avropa Film Akamediyasının üzvləri tərəfindən
seçilir.
E.Süleyman 2006-cı ildə
Kann Film Festivalının doqquz nəfərlik münsiflər
heyəti üzvlərindən biri olub. Onun trilogiyasında üçüncü film, 2009-cu ildə
çəkilən, yarı-bioqrafik film olan "Qalan vaxt"
Kann Film Festivalına seçilərək rəsmi seçim
kateqoriyasında yarışıb. "Qalan vaxt" filmi elə
çəkildiyi il Toronto Beynəlxalq Film
Festivalında nümayiş etdirilib. 2009-cu il oktyabrın 17-də
Əbu-Dabidə keçirilən Yaxın Şərq Film
Festivalında "Ən Yaxşı Yaxın Şərq Bədii
Filmi" Nominasiyası üzrə "Qara İnci"
mükafatını qazanıb. Həmin ilin
noyabrında film Asiya Sakit Okean Ekran Mükafatlarında
Münsiflər Heyəti Böyük Mükafatını
qazanıb. Film Mar del Plata Beynəlxalq Film
Festivalında Argentina Kino Tənqidçiləri
Assosiasiyasının Tənqidçilər
Mükafatını qazanıb.
Rejissorun son filmi "Cənnət bu
olmalıdır" 2019-cu ildə Kann Film Festivalında
iştirak edib və elə həmin il
Toronto Beynəlxalq Film Festivalında filmin Şimali Amerika
premyerası olub. Rejissorun "Havana, mən səni
sevirəm" (2012), "Hər kəsin filmi" (2007),
"Kiber Fələstin" (1999) adlı filmləri də
var.
E.Süleyman livanlı
müğənni və aktrisa Yasmin Hamdanla evlidir.
Rejissorun müxtəlif
vaxtlarda verdiyi müsahibələrdən maraqlı hissələri
təqdim edirik.
- Sizi kinorejissor olmağa ilk nə
ruhlandırıb? Bir neçə müsahibənizi,
haqqınızda yazıları oxusam da, buna dəqiq cavab tapa
bilməmişəm.
- Mən
də dəqiq cavabı bilmirəm. Kino təhsilim
yoxdur. Gənc olanda kino məktəbinə
getmişdim, amma davam etmədim. Mənim
daha çox hekayəm var idi. Mən
çox gözəl hekayələr danışırdım,
çox dramatik hekayələr. Özüm
haqqında, ətraf mühit haqqında. Çox
inandırıcı olardı. Başımda
çoxlu fantaziyalar olardı, hamısını
danışardım. Bu, əlbəttə
ki, kino deyil, amma təməldə bu vardı. Nazaretdə anadan olmuşam, bura balaca şəhərdir
və yeganə xilas yolu xəyal qurmaqdır. Çoxlu yalan danışdığımı
xatırlayıram. Mənə "Kim olmaq
istəyirsən?" sualı veriləndə
"Sinemaçı olacağam" deyirdim. Baxmayaraq ki,
necə olacağım barədə heç bir fikrim yox idi!
Deyəsən, belə-belə, yalan danışmaqdan utanmadan
özümü kəşf etməyə başladım, nə
də olsa uşaq idim!
- Həqiqətə nifrət
edirdiniz?
- Xeyr,
söhbət nifrətdən getmir. Bu, həqiqətən
mənim özümə baxma, özümü necə görməyimlə
bağlı məsələ idi. Bu
danışdığım prosesdən sonra özümə
daha çox vaxt ayırmağa başladım. Kitablar oxumağa başladım; 20 yaşımın
əvvəllərində. Con Bergerlə o zaman tanış oldum. Əvvəl kim
idi, bilmirdim. Amma sonra çox yaxın olduq və
o məni dəstəklədi. O, tamamilə
ovsunlayıcı adamdır. Ondan xahiş etdim
ki, mənə oxu siyahısı tərtib etsin. O da
içində Adonis kimi adların da olduğu siyahı tərtib
etdi. Kitablardan sonra filmlər gəldi.
Baxdım, baxdım, baxdım! Bəs,
bunların birləşməsi necə oldu, mən də bilmirəm.
- Yenilikçiliyi və özünəməxsus
üslubunuzu yaratmaqda ustadınız var idi?
- Təbii
ki, mən tək deyildim, adlar çoxdur, amma bir-iki misal
çəkim. Bəzi adlar var ki, onların filmləri
sizə təsir edir, çünki necəsə sizi təsvir
edir. Mənim üçün bu adlardan
birincisi Yasuciro Ozudur. Onun filmləri bir tərəfdən
"Əslində, mən də bacararam" hissini verir, digər
tərəfdən, ondakı fərqi dərhal görə bilərsiniz.
Onun filmləri məni valeh etmişdi. Onun
çəkdiklərində təmtəraqlı münasibətinin
olmaması, kameranın sadəcə bir yerdə dayanması,
gözümüzün içinə baxmaması... Müasir dövr rejissorlarından Hou Syao-syan da o
rejissorlardan biridir. Özünün
ab-havası və kiçik nişanələri var onda da.
Əlbəttə ki, bir də Robert Bresson.
Onun üslubu mənə çox-çox təsir
edib.
- Fələstin kinosu mövzusunda da
kitablar yazan, iyirmidən çox kitab müəllifi İran əsilli
amerikalı professor Həmid Dadaşi sizin üslubunuzu "ədəbsizliyə
qarşı qeyri-ciddilik" kimi təsvir edir. Bu
təriflə birlikdə "kinoyla müqavimət" sizin
üçün nə ifadə edir?
- Bu, əlbəttə
ki, akademik bir dildir. Mən özümü
döyüşçü, müqavimətçi kimi
tanıda bilmərəm. Yəni müqavimət,
müharibə xatirinə kino çəkmirəm. Təbii ki, işğalın həyatımıza gətirdiyi
qəbuledilməz məqamlar var və bunlar istər-istəməz
xatırlanır. Yaşanan absurdluq onsuz,
mütləq şəkildə filmdə yer alır. Bütün bunlar "müqavimət" paketinə
qoşula bilər. Amma demək olmaz ki, məni
film çəkməyə vadar edən "müqavimət"
olub. Film çəkmək istəyirəm,
çünki içimdəkiləri paylaşmaq istəyirəm.
Həmişə nəyinsə "əleyhinə"
olmaq lazım deyil. Poetik yol buradan
yaranmır, nəyəsə qarşı inkişaf etmir, kortəbii
olaraq mövcuddur. Bəlkə də bu,
müqavimətin ən təbii yoludur. Mən
poetik üslub yaratmağa çalışıram.
- Üslubunuz, eyni zamanda
sürrealdır, lakin inandırıcılıq problemi də
yoxdur. Görəsən, Fələstinin
yaşadığı qeyri-real şeylərə öyrəşdiyimiz
üçün belədir?
- Burada ən
qəribəsi odur ki, qədim bir qurban, yəni yəhudilər
başqa bir xalqı da eyni şəkildə qurban veriblər. Bu, müstəmləkə tarixinin
uzantısıdır. Digər tərəfdən,
işğal altında olma vəziyyəti özünü kəşf
etməyə təkan verir və yaradıcılığı
təşviq edir. Reallıq və
sürrealizm məsələsinə gəlincə, bu, onsuz Fələstində
daha ən təməldən bir-birinə
qarışmış vəziyyətdir. Fələstinlilərin
kimliyi yox olma üzərinə quruludur. Ölkəniz
yoxdur, hökumətiniz yox, mədəniyyətiniz yox, eviniz
yoxdur deyirlər. Yenə də, İsrailin
kimliyindən daha güclü bir kimliyə sahibdir. Çünki işğalla, qətliamla
formalaşmağa çalışan bir kimlik
qarşısında özünü müdafiə edən
kimlik daha güclü olur. Amma, məncə,
sürrealizm, absurdluq və mizan hər yerdə var.
Baxdığımız hər yerdə gözəlliyi görə
bilərik və əslində, kinonun işi budur. Məsələn, mənim filmlərimdə
reallığı deyil, reallığın içindən
seçilmiş bir anı görürsən. İstəyirsiniz buna potensial reallıq deyək.
Bu görüntüyə inanmağınız və
bundan zövq almağınız üçün çox
çalışıram. Bunu rədd etməyib
bundan həzz alırsınızsa bu məni xoşbəxt
edir. Kino poetik bir şeydirsə, uğurunu
tam da burada qazanır. Mən filmlərimdə
reallıqdan bir parça yerləşdirirəm. "Müqəddəs Müqavimət" filmində
tankın partlaması səhnəsini xatırlayın. Doğrudan da, bir gün yolda maşınla gedirdim və
şaftalı yeyirdim. Düz tumunu atan zaman arxamda bir
İsrail tankı gördüm və "bom"! Birdən beynimdə o tankın
partladığını gördüm. Bunu
da filmə gətirdim.
- "Müqəddəs
Müqavimət" filminin Oskar namizədliyinə mane
olmağa çalışdılar. Buna qarşılıq olaraq Ken Louç tərəfindən
imzalanan İsrailə qarşı mədəni boykot var. Ceyn
Fonda, Viqqo Mortensen kimi sənətçilər Toronto Film
Festivalının Təl-Əviv bölümünün təşkil
edilməsinə etiraz etdilər. Sizcə,
Fələstin mədəni baxımdan əvvəlkindən
daha yaxşı vəziyyətdədir?
- "Müqəddəs Müqavimət" filmini Fələstin
adından yarışa bilməz deyə rədd etdilər. Mən də
filmin qəbulu üçün səy göstərdim,
dünyanın digər yerlərini qəbul edərkən Fələstini
qəbul etməməyin mümkün olmayacağını
müdafiə etdim. Bu dəfə bunun
texniki problem olduğunu iddia etdilər. Daha
sonra "Cənnət bu gün" filmi namizəd oldu. "Müqəddəs Müqavimət"dən
sonra bir qapı açıldı. Əslində,
bu ümumi qəbul olunmuş nəzəriyyələrə
qarşı müqavimət göstərmək daha çətindir.
Çünki onlar bunu qəsdən edirlər.
Məsələn, siz Fələstin filmini seçəndə,
bu, eyni zamanda Fələstinə də, o rejissora da hörmət
olduğundan, buna görə, daha doğrusu, bunun
qarşısını ala bilmədiklərinə görə
utanırlar. Bu, ikiüzlülükdür;
müdafiə etdikləri hər şeyə ziddirlər və
təbii ki, bunun öhdəsindən gələ bilmirlər.
Sözdə balans qurulmağı istənir, amma
bir tərəf işğalçı, digər tərəf
işğal edilmiş. Nə balans! Mən
həyatım boyu bununla mübarizə aparmışam. Yeri gəlmişkən, Oskar Amerika kino sənayesində
bir hadisədir. Əlbəttə ki,
tanınırsınız, sizə hədsiz məşhurluq gətirir,
amma Kann, Venesiya, Berlin, İstanbul, Rotterdam deyil! Dünya
kinosu buralarda görüşür. Onsuz da
bütün ustalar Oskar almadan getdilər.
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.14.