Sevgi

 

Yağan yağış yenə dönər buxara,

Yenə soyundurar külək ağacı...

Mən yol başlayaram üzü bahara,

Hər küçə, hər döngə dilək ağacı.

 

Xoşbəxtlik budursa bəsimdir, bəsim,

Kölgəmdə bircə cüt ayaq izi var.

Yəqin ki, həyatda elə hər kəsin

Eşqində batacaq bir dənizi var.

 

Kiminə sevincdir, kiminə acı,

Kiminə dəm, kimə qəmdir hər gecə.

Hərə bir xəyalın olar möhtacı,

Mən səni görürəm, səni sadəcə.

 

Hər gecə hərə bir niyyətə yatar,

Hər sabah oyanar yeni bir günə.

Hərə bir yuxuyla başını qatar,

Mən sənə yuxulayıb, oyannam sənə.

 

Axşam oldu

 

Axşam oldu, ömrümüzdən

quş kimi bir gün uçdu.

Həyat bir növ əvvəlinə

qayıdan bir sonucdur.

 

Hər şey unudulub gedir,

yerində yellər əsir.

Ürəyim, qoru özünü,

zaman qılıncdır, kəsir.

 

Heyfin gəlsin yanağına

vermə, bu qədər selə.

Gülüş qondur dodağına

özünü xoşbəxt elə.

 

Kimdir səni sənin kimi

bilib ürəkdən yanan,

Arzuladığın o kimsə,

o nəysə dəyməz, inan.

 

Gülümsə, gözüm çiçəyi,

gülümsəmək savabdır.

Hərdən danış, hərdən dinlə,

həyat sual-cavabdır.

 

Axşam oldu, ömrümüzdən

quş kimi bir gün uçdu.

Həyat bir növ əvvəlinə

qayıdan bir sonucdur.

 

Sevənin mükafatı

 

Sevənin mükafatı tənhalıqdı, bilirdim...

Sən demə, mən özüm də

ayaq açandan bəri

o ünvana gəlirdim.

 

Mən piyada olmuşam,

xoşbəxtlik olub atda,

nələr, nələr görmüşəm

bu qısaca həyatda.

 

Saçlarıma dən düşüb, -

fərqim yoxdu uşaqdan,

hansı dəli mənimtək

sevə bilər uzaqdan.

 

Bu necə gedişdi ki,

elə olduğun yerdə

illərdi ki, durubsan.

Dünyaya sığmayan sən

yumruq boyda qəlbimdə

isti yuva qurubsan.

 

Saçlarımda sitəm var,

qolda həsrət qandalı.

titrəyən əllərim də

yumruqlayır hər gecə

divarı, yastıqları...

 

Bunu necə bacardım,

mən becəriksiz, necə? -

illərdir zamanımı

ayarlamışam heçə.

 

Düşən hər kölgə səni

unutmağa qoymayıb,

Sən bilən, bu nə işdir? -

canımda can qalmayıb...

 

Yəqin, məni də sənə

xatırladanlar olub..

Səsimi, gülüşümü,

hətta susqunluğumu

ayrı-ayrı qadınlar

xatırladıbdır əlbət,

dayanıb uzaqlara

baxıbsan uzun müddət.

 

Xoşbəxt saatlarımız

keçibdir gözlərindən,

bəlkə peşman olubsan

məndən əsirgədiyin

o sevgi sözlərindən.

 

Mən hələ buradayam,

gözlərimdən gur yağış,

başa qar ələyirəm,

olsun... yenə də sənə

xoşbəxtlik diləyirəm.

 

***

 

İlahi, bu ağıya bənzəyən nə səsidir?

Mənim məhkumluğumun neçənci həftəsidir...

Gör mənim halımı ki, arada en aşağı,

Əlindən yapış barı qəhr yüklü uşağın...

 

İstərəm çıxım gedim qaldığım uzaqlıqdan,

Qorxuram bayırdakı ümidsiz azadlıqdan...

Yenə də qarmaşa var, yenə çatılıb qaşlar,

Xəbərləri gətirir pəncərədən bayquşlar...

 

Əyilib qədd, bitib sədd,

           hüquq yoxdur, yoxdur hədd,

Hər yerdə eyni yanğı,

            eyni qoxu, eyni dərd...

Niyə hamı hamıdan gözlərini qaçırır,

Deyəsən, yeni dünya qara günə açılır...

 

Hər tərəf boş, qaranlıq, gözlərdəsə atəş var,

Mənim üçün üzülmə, ürəyimdə günəş var...

Amma kəsilsin bu səs, bu uğultu, bu ağı,

Qırılmasın mənimlə olan o könül bağın.

 

***

 

İlahi, boş dünyaya dolu qəlb necə sığar,

Sığdırammır o qız da, nə var yığır sandığa.

 

Dön bax, ehtiyacı var, hərdən xatırlanmağa,

Axı alışmayıbdır o qız unudulmağa.

 

Ahları gücləndirib həyatda o yazığı,

Uşaq yaşından sevib təkliyi, yalqızlığı.

 

Bu qəribə həyatla uyuşmayıb hissləri,

Qəmi kitab-kitabdı, qat-qat, dəstə-dəstədi...

 

Qəlbinin ağrısını böldükcə hər hecaya,

Üsyan pərdələrini endiribdi gecəyə.

 

Yazdığının hamısı həyat ayələridir,

Yazan qələmi deyil, dərdinin əlləridir.

 

Xatirələr

 

Dadını bilmirdim əvvəllər səsin,

Qəlbə toxunmurdu nə bir göz, baxış.

Rəngini görmürdüm isti nəfəsin,

Fikrimi çəkmirdi heç bir iz, naxış.

 

Sən verdin dəyişən bu hallarımı,

Fərqlidir yaşamaq indi həyatda.

Xatirən süsləyir xəyallarımı,

Yatıram ən həzin mahnılar altda.

 

Daim yanımdasan, ruhun tanışdı,

Mən sənə xəyalən əsir düşmüşəm.

Bilmirəm, yaz idi, yoxsa ki, qışdı... -

Bir eşq mövsümündə öldürülmüşəm.

 

Elə o vaxtdan da yeni dünyaya -

Bu acı sevgiyə doğuldum yenə.

Nə güllü-çiçəkli, nə ağ, nə saya,

Sənin həsrətini geydim əynimə.

 

Günü keçirirəm belə - birtəhər,

Yağışlar yuyurlar yanaqlarımı.

Gözlərim yol çəkir hər axşam-səhər,

Xatirələr öpür dodaqlarımı.

 

Durub hara gedəsən

 

Həyat elə bil susub, nə "de" var, nə "danış" var,

Durub hara gedəsən?!

Dost deməklə alınmır, indi dost yox, tanış var,

Durub hara gedəsən?!

 

Yuvasından perikmiş quşlar da qəribsəyir,

qapalı qəfəsində budaq-budaq sınırsan...

Yarımçıqlar özünü bütövdən üstün sayır,

əlin Allaha çatmır, içinə sığınırsan...

Durub hara gedəsən?!

 

Yaxınında olanlar doğma olsa da yaddır,

Dünən təzə bildiyin bu gün ötüb - boyatdır,

Həsəd aparılası müqəddəs heç nə yoxdur,

Biri qazanc düşünür, birinin dərdi addır...

Durub hara gedəsən?!

 

Durub hara gedəsən, hamı kükrəyir, əsir,

Biri o birisinin bərəkətini kəsir.

Məgər bəlli deyilmi,

hər ürək döyüntüsü əcəlin ayaq səsi...

bilən də, bilməyən də ölümünə tələsir...

Durub hara gedəsən?!

 

Sevda köynəyi

 

Sevda köynəyini geyin, yola düş,

Yoluna çıxana de ki, keç, - kiməm.

Tutaq ki, iki göz dörd gözə düşmüş,

Seçmək istəyənə de ki, seç, - kiməm.

 

Vurulsan, ürəyi gözələ vurul,

Qədir bilməyənə nə küs, nə darıl.

Yanında olana dörd əllə sarıl,

Gedənə qapını aç ki, aç, kiməm.

 

Bu fani həyatda son gümanın nə?

Sınaq dünyasında imtahanın nə?

Soruşan olarsa, adın-sanın nə?

Çıxart köynəyini, de ki, heç kiməm.

 

Ola

 

Yerdən göyə uça duan,

"Amin" dönə, - karın ola.

Bir piyalə su olasan,

Ciyəri yananın ola.

 

Payızda çiçək açasan,

Yaz kimi ətir saçasan.

Dönüb, dolanıb qaçasan -

O qəlbdə qərarın ola.

 

Salasan hərdən çətinə,

Üz tuta dalana, tinə.

Dözməyəsən həsrətinə,

Dildə ahu-zarın ola.

 

Gələ saçını hörməyə,

Yanında nəfəs dərməyə.

Ondan özgəsin görməyə,

Gözün sevgi koru ola.

 

Gərək olmaya üzüyə,

Salmayasan səsə-küyə.

Bir gün baxasan güzgüyə -

Gördüyün o yarın ola.

 

Yolun sonuna gələsən,

Bir ömür də diləyəsən.

Elə bir yerdə öləsən,

Sevdiyin məzarın ola.

 

Can saxlayıram

 

Mən Tanrımla öz aramda,

Gizli iman saxlayıram.

Könül adlı bir ehramda,

Şərəf və şan saxlayıram.

 

Əzablara tabım üçün

Verəcək cavabım ücün,

Sağ əldə savabım üçün

Güləcək an saxlayıram.

 

Dinləyin, köhnə ölülər,

"Ağıl dəryası" dəlilər...

Məni qurtaran dəlillər -

Sizə plan saxlayıram.

 

Dərdin üzüboz vaxtına,

Azarın quduz vaxtına,

Həyatın ucuz vaxtına

Bir ovuc qan saxlayıram.

 

Şəhid qanlı düzlərimə,

Ağı-ağı sözlərimə.

Gecə görən gözlərimə

Sökülən dan saxlayıram.

 

Ya uçuq dam, ya daş kaha,

Ömür ölümdən də baha.

Cismimi boş verdim daha,

Allaha can saxlayıram.

 

Adilə NƏZƏR

 

Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.15.