Varislər
Olduğu kimi görünən,
göründüyü kimi olan adam
"Varislər"in
bugünkü qonağı ötən əsrin
altmışıncı illərində ədəbiyyata gəldiyi
andan yazıları oxucular tərəfindən maraqla
qarşılanan, romanları əl-əl gəzən, gənclərin
sevimlisinə çevrilən unudulmaz yazıçı,
yazdığı lirik şeirləri ilə özünü təsdiq
etmiş şair, şərqşünas, filologiya üzrə
fəlsəfə doktoru, gözəl insan Əlibala Hacızadənin
qızı Asya xanım Hacızadədir.
Şərqşünas,
yazıçı, yoxsa mütərcim?
1935-ci ilin avqustunda Biləsuvar
rayonunun Ağalıkənd kəndində göz
açmışdı dünyaya. İkinci Dünya savaşı başa
çatanda on yaşı vardı, müharibənin
ağrılarını, itkilərini, sınaqlarını
öz uşaq yaddaşı ilə görmüş, o
ağır günləri unutmamışdı.
Əlibala Hacızadə 1953-1958-ci illərdə BDU-nun Şərqşünaslıq
fakültəsində, fars şöbəsində
ali təhsil almış, sonradan uzun müddət EA-nın
indiki Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətlə
məşğul olmuş, bir müddət Əfqanıstanda
mütərcimlik etmişdi.
1956-cı ildə gənc
yazarların əsərlərindən ibarət almanaxa daxil
edilən "Mənim müəllimim" adlı hekayəsi
onun ədəbiyyata vəsiqəsi oldu. Sonradan Azərbaycanda ən böyük tirajla,
özü də dəfələrlə çap olunan "Təyyarə
kölgəsində", "Vəfalım mənim" kimi
romanları, "İtkin gəlin", "Əfsanəsiz
illər" və "Ayrılığın sonu
yoxmuş" adlı məşhur trilogiyası ona bir
yazıçı kimi ən böyük oxucu sevgisini
qazandırmışdı.
- Asya xanım, ənənəni
pozmayaq. Gəlin Əlibala Hacızadənin doğulduğu ailədən,
atası Qüdrət kişidən başlayaq. Kim
olub Əlibala müəllimin valideynləri?
-
Babamız Qüdrət kişi də, nənəmiz
Asya xanım da müəllim olublar. Mən rəhmətlik
nənəmin adaşıyam. O dövrdə təhsilə
o qədər də önəm verilmirdi, amma onların hər
ikisi savadlı, ziyalı adamlar kimi xatırlanıblar. Həm də bir-birlərini böyük məhəbbətlə
sevib ailə qurublar. Atamgili ailədə
üç uşaq olublar, atam evin böyük
uşağıdır.
Proletariat sevgisi və...
Sonra da özündən kiçik bacıları gəlirdi. Bir bibimin
adı Melis idi. Ailə kommunist ruhlu olduğundan
qızın adını Marks, Engels, Lenin və İosif
Stalinin xatirəsinə bu kommunist liderlərinin adının
baş hərflərinə uyğun qoyub. O biri bibimin də
adı Svetlana idi. Məncə, bu da Stalinin qızının adına uyğundur.
- Belə çıxır ki,
Qüdrət kişi təpədən-dırnağa
qədər stalinpərəst olub?
- Belə
çıxır da... Düz fikirləşirsiniz,
ötən əsrin otuzuncu illəri, rayon yeri... əlbəttə,
qeyri-adi səslənə bilərdi. Amma
görünür, babam da, nənəm də sovet
ideologiyasına tam etibar eləyiblər.
- Bəlkə Stalindən, onun
repressiya maşınından, sürgündən, güllələnmədən
qorxub, özlərini bu cür sığortalayıblar?
- Bəlkə
də... Bu suala dəqiq cavab verə bilmərəm.
1941-1945-ci illər müharibəsi başlayanda
babam cəbhəyə gedib, bir də qələbədən
sonra qayıdıb. Ondan bir qədər
sonra nənəm dünyasını dəyişib. Babam ikinci dəfə ailə qurub və bu nikahdan da
Nizami adlı oğlu olub. Artıq bibilərim
də, əmim də rəhmətə gediblər.
Atamın yeniyetməliyi, gəncliyi böyük
sıxıntılarla qalmışdı onun yaddaşında. Kasıb kənd
uşağı. Bir pencəklə
qışı keçirib. Amma əlaçı
olub. Atamın universitetə qəbul
olunması da maraqlıdır. Demək, o
vaxt dörd imtahan verilirdi. Atam qəbul
imtahanlarının üçündən əla alıb.
Rayondan onunla gələn və bir otaqda qalan tanış
oğlan isə kəsilib.
Həmid Araslı olmasaydı...
Bu adam paxıllıqdan atamın imtahan vərəqəsini
cırıb atıb. Atam az qala
ağlını itirirmiş. Çarəsizliklə
gedib universitetə. Deyiblər imtahan vərəqəsi
olmadan səni sonuncu imtahana buraxa bilmərik. Bu vaxt təsadüfən akademik Həmid Araslı
onun pərt halda bir küncə çəkilib
dayandığını görüb. Təbii
ki, o vaxt atam onun Həmid Araslı olduğunu bilməyib.
Akademik nə baş verdiyini soruşub, atam vəziyyəti
danışıb ona. Həmid müəllim
atamın o biri imtahanlardan əla aldığını
eşidəndə kömək etmək fikrinə
düşüb. Qabağa keçib,
atamı imtahan komissiyasına aparıb, dublikat imtahan vərəqəsi
açdırıb, onu sonuncu imtahana salıb.
- Hə, olub elə böyük
kişilər. Nə yaxşı ki, "Varislər" layihəsində
böyük Həmid Araslının varisi Nüşabə
xanım Araslı ilə də görüşmüşəm.
Həmid müəllimin oğlu, rəhmətlik Elman Araslı
ilə də Səudiyyədə olanda
görüşmüşdük. Son dərəcə
ziyalı və təpədən-dırnağa qədər Vətən
adamlar. Davam edək...
- Hə,
sonradan Həmid müəllimlə atam bir yerdə işlədilər.
Atam ilk yazılarını oxumağa, fikrini
öyrənməyə Həmid müəllimə verirdi.
Həmid müəllim çox bəyənmişdi
onun ilk yazılarını. Şeirlərini
də, hekayələrini də oxuyub, deyib şeirlərin də
yaxşıdır, amma nəsrin daha uğurludu. Hətta titul vərəqindəki Əlibala
Hacıyevdəki "yevi" pozub Hacızadə eləmişdi
soyadını atamın və sonradan elə o soyadla da
tanındı. Yəqin, şeir yazmağından gəlirdi,
kim oxuyurdusa atamın nəsrini, deyirdi
"su kimi içirik".
- Asya xanım, sizin uşaqlıq
illəriniz Əfqanıstanda keçib. Neçə
yaşına qədər yaşamısınız orda?
- Beş
yaşım olana qədər. Əslində, hərdən
mənə elə gəlir ki, çox şeyi xatırlayıram,
yaddaşımı qurdaladıqca görürəm ki, bu xatirələr
tam deyil, haradasa qırılır, bitir. Amma
tam xatırladığım şeylər də var.
- Əlibala müəllim məşhur
"İtkin gəlin"in Əfsanəsini kəcavədə
gəlin köçərkən görmüşdü və
romanın ilk sətirləri o vaxt yaranmışdı. O Əfsanəni siz də görmüşdünüz?
"Bir dəfə məni
oğurlamışdılar"
- Yox, təəssüf
ki, o Əfsanəni ancaq atam görmüşdü, amma mən
Məhəmməd Zahir şahı hərbi paradda
görmüşdüm. Biz orada sovet
qoşunlarına aid hərbi şəhərcikdə
yaşayırdıq. Atam hərbi tərcüməçi
idi. Düz dörd il
Əfqanıstanda yaşadıq. Atamı gənc
mütəxəssis kimi təyinatla göndərmişdilər
Əfqanıstana. O, ali məktəbi
bitirəndən sonra ailə qurmuşdu. Biz ailədə
üç uşaq olmuşuq, mən evin kiçiyiyəm.
- Nə qalıb
yaddaşınızda Əfqanıstanla bağlı?
- Yol boyu
sıralanan kiçik dükanları xatırlayıram. Demək olar hər cür xırdavat
satılırdı elə dükanlarda. Yerə
palaz sərirdilər, mallarını yığırdılar
üstünə, özləri də yerdə oturub alver eləyirdilər.
Amma bizim yaşadığımız yerdə
daha çox sovet ittifaqından olanlar yaşayırdılar.
Biz yerli əfqanları az-az görürdük.
O vaxt sülh dövrü idi, sovet adamlarına yaxşı
münasibət vardı. Deyim ki, Zahir şah əfqan
tarixində xoş xatirələrlə qalan şəxslərdəndir.
Bilirsiniz nə yadımda qalıb? Bir dəfə məni oğurlamışdılar.
Biz beşmərtəbəli binalarda
yaşayırdıq, həyətdə
yaşıdlarımızla oynayırdıq. Bir ucaboylu, bər-bəzəkli libas geymiş
qadın idi, əlimdən tutub, məni aparmağa
başladı. Üzümə gülə-gülə
aparırdı məni. Hiss elədim ki, məhəllədən
uzaqlaşıram. Mənə
tapşırmışdılar axı, uzağa getmə.
Dartınıb bunun əlindən çıxmaq
istəyirdim. Nəsə, birtəhər
çıxdım bunun əlindən. Yaxşı
ki, çox da uzaqlaşmamışdıq, ancaq düz
getmişdik. Qaça-qaça
qayıtdım məhəlləyə. Amma
o qorxunu hələ də unutmamışam. Hə, bir də atamdan sonradan eşitdiyim
Əfqanıstan xatirələrindən birini heç vaxt
unutmuram. Demək, əfqanlara
paraşütdən atılmağı öyrədirlər.
Atam da tərcüməçilik edir. Qəfildən
bir əfqan atamdan soruşur: "Ağa, birdən
paraşüt açılmasa, sonra bizi yenə öz
işimizə qaytararlar?". Atam da gülüb deyib ki, sağ qalsan mütləq
qaytararlar.
- Bir pencəkdə tələbəlik
yaşayan Əlibala Hacızadə "adamın ürəyini
sızladan" o illərdən nə danışırdı?
Həmid Araslı ilə tələbə
Əlibalanın münasibəti necə olub sonradan?
- Bəlkə
də Həmid müəllim qəbul kağızının
dublikatını çıxartmağa kömək etməsəydi,
Əlibala Hacızadənin taleyi başqa cür olardı. Atam
universitetə qəbul olunandan sonra Həmid müəllimə
yaxınlaşıb, minnətdarlıq etmək istəyib, amma
sonra fikirləşib ki, Həmid müəllim bunu yaltaqlıq
kimi, gələcəkdə ona "daydaylıq" eləmək
arzusu kimi qəbul edər, ona görə təhsilini bitirənə
qədər heç nə deməyib. Həmid Araslı, Mir Cəlal
kimi müəllimlər imkansız, amma savadlı tələbələrə
həmişə dayaq olublar. Həm mənəvi,
həm də maddi dəstək göstəriblər. Atam həmişə o iki şəxsin adını
ehtiramla xatırlayırdı.
- Əlibala Hacızadə
uzun illər EA-nın Şərqşünaslıq İnstitutunda
çalışdı, amma ciddi olaraq elmlə məşğul
olmadı, alim kimi deyil, daha çox yazıçı kimi
qaldı tarixdə. Səbəb nə
idi?
Yazıçı yoxsa, alim?
- Yox, atam
elmlə də ciddi məşğul olurdu. Yəqin,
elmi ad almamasını nəzərdə tutursunuz. Elmlər
namizədi idi də... Ümumiyyətlə, o, nəylə
məşğul olurdusa, işinə ciddi yanaşırdı.
EA-da çalışdığı illərdə
çox maraqlı tərcümələr edib. Məsələn, XX əsr İran şeirinin məşhur
simalarından olan Fərruxi Yəzdiyə həsr etdiyi
monoqrafiya çox maraqla qarşılanmışdı. Amma doğru qeyd edirsiniz, o, daha çox yaddaşlarda
yazıçı kimi qaldı. Sonuncu ad
günü ərəfəsində narahat idim, fikirləşirdim
ki, atamı yada salan yoxdu, amma birdən "ASAN
könüllüləri" zəng vurub atamın xatirə
gününü keçirmək istədiklərini bildirdilər.
Əlbəttə, belə münasibətlər
xoşdur. Əlibala Hacızadəni gənc
nəsil də, yaşlı nəsil də unutmur. Atamın şeirlərini söylədilər,
maraqlı kompozisiya hazırlamışdılar. Çox gözəl tədbir keçdi. Sonra "Belə-belə işlər" layihəsində
atam haqqında maraqlı süjet hazırlayıblar. Kitabları yenə çap olunur. Bunu nəşriyyatlar öz təşəbbüsləri
ilə edirlər.
- Ədəbiyyata şeirlə
gəlmişdi. Əksər
sevgi şeirlərini romanlarının içində əridirdi.
Ailədə onun şeirlərini əzbər
bilən vardı?
- Əlbəttə, onun şeirləri tez əzbərlənirdi,
çünki səmimi idi hamısı. Mən onun
"Sən Allah, yuxuma girmə gecələr" şeirini
çox sevirdim.
"Sən
Allah, yuxuma girmə gecələr,
Qorxuram sevincdən öləm yuxuda".
Atamın şeirlərinə xeyli mahnı da bəstələnib. Hətta Sərdar
Ortac da onun "Nədəndi" şeirinə
yazılmış mahnını oxuyurdu, çox populyar idi.
Aygün Kazımova da, Brilliant Dadaşova da "Sevəcəyəm"i
oxuyurlar, amma mətnin müəllifinin kim
olduğunu yazmırlar. Bu doğru deyil axı.
Sonra "İtkin gəlin" serialına
çox gözəl musiqilər yazılmışdı.
Orada səslənən mahnılar da populyar idi.
- "Təyyarə
kölgəsi" və "Vəfalım mənim"
romanının mövzusu real həyatdan
götürülüb deyirdilər. Elm adamlarının şəxsi həyatı, elm cameəsində
baş alıb gedən konfliktlər və s. hər iki romanda
maraqla qarşılanırdı. Əlibala
Hacızadənin özü də elm adamı idi deyə bilərik.
Yəqin, o, romanlardakı obrazların prototipləri ilə hər
gün üz-üzə gəlirmiş...
- Əslində, "Təyyarə kölgəsi"
daha çox sevgi romanı kimi diqqət çəkmişdi,
amma atamın başı bu romanın davamı sayılan
"Vəfalım mənim"ə görə çox
ağrıdı. Elm adamlarından kim oxuyurmuşsa
öz obrazını görürmüş orada. Atam təzə adlar da gətirirdi əsərlərinə.
Məsələn, onun Əfsanəsindən sonra çox adam qızının adını Əfsanə,
Elməddinindən sonra oğlunun adını Elməddin
qoymağa başlamışdı. Amma mən o,
əsərlərinin mövzusunu haradan götürürdü
sualına təfsilatı ilə cavab verə bilmərəm.
Atam evdə işlə bağlı nəsə
danışmağı xoşlamazdı. Evdə
çap makinası vardı, çox vaxt birbaşa ora
yazırdı, amma əlyazma kimi olan yazıları da
çoxdur. "Xruşşovka" deyilən
ikiotaqlı evdə yaşayırdıq. Darısqallıq
idi əlbəttə. Mətbəxdə də
işləyirdi, qonaq otağında da. Yəni
yazmaq məqamı gəldisə harada olmasından
asılı deyildi, oturub yaza bilirdi.
- Əlibala Hacızadənin
kitabları böyük tirajla çap olunur və sürətlə
satılırdı. Yaxşı
qonorar alırdı demək. Konkret kitab dükanı
müdirləri vardı ki, o kitabları əlatdan baha
satıb, yaxşı qazanırdılar. Kitablar əl-əl
gəzməkdən üzülürdü, vərəqləri
tökülürdü, adamlar onları bərpa edirdilər.
Dövlət kitabxanalarında o kitabları
oxumaq üçün oxucular uzun növbələrə
yazılmışdılar. Hətta ulu öndər Azərbaycan
KP MK-nın birinci katibi olduğu vaxt pambıqçılarla
görüşəndə qızlar tarlada ondan "İtkin gəlin"
romanı istəmişdilər və Heydər Əliyev
kitabın təkrar nəşrinə tapşırıq
vermişdi... Amma Əlibala Hacızadəyə varlı,
imkanlı yazıçı demək olmazdı, həmişə
sakit və kasıb görünürdü.
- Deyim ki,
hər şeylə təmin olunmuş kimi
yaşayırdıq, cavabım səmimi olmaz. Amma
xatırlayıram, hər qonorarda mütləq evə nəsə
qiymətli bir şey alınırdı: mebel, televizor, soyuducu
və s. Ortabab dolanmışıq. Hər
şey hesablı, ölçülü olub. Valideynlərimiz çalışıb ki, zəruri
şeylərə ehtiyac duymayaq.
- Yaxın dostları kim
idi bəs? Kimlərsə
gəlib-gedirdi evə dostlarından?
-
Yaxın dostları... Nahid Hacıyev, İlyas Tapdıqla
yaxın idi. Hətta soyadları eyni olduğundan çox adam Nahid müəllimlə atamı əmioğlu,
yaxın qohum bilirdilər. Amma dostları evə
gəlməkdənsə, atamı harasa məclislərə,
qonaqlıqlara dəvət edirdilər. Sanki
atam dostlar üçün məclislərin yaraşığıydı.
Maraqlı söhbətləri, Şərq ədəbiyyatından
bildiyi parçalar, lətifələr həmişə
xoş qarşılanırdı.
- Hobbisi vardımı?
Onun çox ziyanlı hobbisi vardı
- Hə,
çox ziyanlı bir hobbisi vardı... Həddən
çox siqaret çəkirdi. Bəzən
qələm dostları ona kitablarını imzalayıb
bağışlayırdılar, onunsa oxumağa vaxtı
olmurdu. Bir müddət sonra müəllif
kitab haqqında təəssüratlarını soruşanda
zarafatla deyirdi ki, mən oxucu deyiləm, yazıçıyam.
Bəlkə də şəkillərdə
qaraqabaq biri kimi görünür, amma gözəl yumor hissi
vardı. Bilirsiniz, elə adamlar var, ailədə
bir cür olurlar, cəmiyyətdə başqa cür. Yəni Ruminin məşhur sözü var ey, "Ya
olduğun kimi görün, ya göründüyün kimi
ol". Baxın, mənim atam olduğu kimi də,
göründüyü kimi də eyni adam
idi. Necə öz ailəsini,
övladlarını çox istəyirdisə, eyni ilə də
başqalarını, dostlarını, onların
balalarını sevirdi. Hətta bir dəfə
müsahibə verəndə jurnalist soruşmuşdu,
Əlibala müəllim, niyə hamı sizi çox istəyir?
Atam demişdi, çünki mən də
hamını çox istəyirəm. Bəli,
o cür adamların ürəyi geniş olmalıdır.
Məsuliyyətli, təvazökar, sadə, müdrik adam idi. O, realist idi, həyatı olduğu kimi
qəbul edirdi. Çətinliklərə,
ağrılara üsyan etmirdi.
Ata kimi bizə öyüd verərkən doğru olun,
yalandan, riyakarlıqdan qaçın, ehtiyacı olana kömək
edin deyirdi.
Bir də heç unutmadığım nəsihəti
vardı: əgər deyəcəyiniz bir kəlmə xoş
söz kiminsə ürəyini açacaqsa, o sözü həmin
adamdan əsirgəməyin. Deyin, qoy ürəyi fərəhlənsin.
Çünki özü o prinsiplə
yaşayırdı. Ən depressiyada olan adam
belə onunla danışandan sonra sanki rahatlanırdı.
- Sizin, yəni övladlarının
hansısa peşəni seçməyinizə onun məsləhəti,
diktəsi olubmu? Bir də, ailədə ədəbi
yaradıcılıqla məşğul olan varmı?
- Qətiyyən.
Peşə seçməyimizə
özümüz qərar vermişik. Mən
jurnalistikanı bitirmişəm, bacım filologiyanı,
qardaşım da atamın yolu ilə gedib, şərqşünasılığın
fars şöbəsini bitirib. Xeyr, heç kəs ədəbi
yaradıcılıqla məşğul olmadı ailədə.
Bircə mən jurnalist oldum. 12 il Moskvada yaşamışam, AZƏRTAC-ın
müxbiri kimi fəaliyyət göstərmişəm. 2013-cü ildən sonra AZƏRTAC-ın Ərəb və
Afrika ölkələri üzrə müxbiriyəm. Müxtəlif qəzetlərdə işləmişəm.
Cənab Prezidenti müşayiət edən
jurnalistlərdən biri olmuşam.
- Sizə elə gəlmirmi ki,
"İtkin gəlin" Əlibala Hacızadənin yazmaq istədiyi
roman idi, amma sonrakı iki roman sırf oxucuların istəyi ilə
yazıldı?
- Mən
elə deməzdim. Məncə, ehtiyac vardı
"Əfsanəsiz illər"ə də,
"Ayrlığın sonu yoxmuş"a da. Çünki birinci roman sanki bitməmişdi.
- Əslində, romanın
bitməməsi, finalın oxucunun ixtiyarına
buraxılması daha maraqlı olur bəzən. Yazıçının atdığı
simvolikanı hər oxucu bir cür yozur. Amma Əlibala
Hacızadə bundan çəkinmədi və belə deyək,
əsərə etdiyi əlavələri də peşəkarlıqla,
maraqlı yazdı. Siz isə öz fikrinizdə
qalırsınız və güman eləyirsiniz ki,
"İtkin gəlin"in davamı mütləq
yazılmalıydı.
Bizim Əlibala müəllim
və onun komandası ilə Sumqayıtda maraqlı
görüşümüz olub. "Cahan"
jurnalı və "Şəhriyar" qəzetinin
yaradıcı heyəti ilə
görüşmüşdük. Əlibala müəllim,
Əhəd Muxtar, Eyvaz Taha, Cavanşir Yusifli iştirak eləmişdi
o tədbirdə. Yəni qismət olmuşdu, həyatda bir
neçə dəfə görüşə bilmişdik. Ruhu şad olsun.
Əlibala müəllimin
ömrünün son illərindən danışaq bir az. Deyəsən,
sıxıntı çəkirdi...
Atam yaxşı adam
idi axı...
- Təəssüflər
olsun ki, həmin dövrdə mən Azərbaycanda
yaşamırdım. İşimlə əlaqədar
olaraq Moskvada idim. Atam bacım və
qardaşımla qalırdı. Xərçəng
tapıldı böyrəyində. Əvvəl
inanmadıq qoyulan diaqnoza. Çünki elə
xeyirxah, yaxşı adamın o cür sağalmaz xəstəliyə
tutulması dəhşətli idi. Axı bütün həyatını
naqisliklə, insanlara pislik eləməklə keçirən o
qədər adam var ki... amma atam... İki ilə qədər çəkdi xəstəliyi.
Bakıda həkimlər əməliyyat eləmək
istəyirdilər, qoymadıq. Çünki
zəmanət vermirdilər əməliyyatdan
çıxıb-çıxmayacağına. Moskvaya yanıma gətirtdim onu. Orada
yaxşı müayinə etdilər və Bakıda qoyulan
diaqnoz qoyuldu, artıq gec idi, metastaz vermişdi. Böyrəyi iflas etdi. Moskvadakı
həkimlər ümumiyyətlə onun əməliyyat
olunmasını mümkün görmədilər. Dedilər nə qədər ömrü qalıbsa
qoy yaşasın, sadəcə ağrılarını azaldaq.
Biz gizlədirdik ondan xəstəliyini, bilmirdi nə baş verir. Amma çox həssas adam idi axı, başa düşürdü və bizi incitmək istəmirdi. Nikbin adam idi, həyata bağlı idi, deyirdi nə xəstəlik, mən xəstəliyi yaxın buraxan deyiləm. Bəlkə də anam dünyasını dəyişməsəydi atam 3-4 il yaşayardı. Biz atamızın itkisinə hazırlaşmışdıq, qəfildən anam rəhmətə getdi və cəmi əlli gündən sonra atam da dünyasını dəyişdi. Belə...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.16-17.