Uşaq ədəbiyyatının cəfakeşi
Zahid Xəlilin poeziyası, uşaq
dünyası, hekayə və pevestləri, elmi
yaradıcılığı
Azərbaycanda uşaq ədəbiyyatının təşəkkülü
XX yüzilliyin əvvəlində maarifçilik
görüşlərinin geniş vüsət
tapdığı ictimai hərəkatla müvazi baş
verirdi. Məktəbyaşlılar
üçün dərsliklər hazırlanan zaman münasib bədii
yazıların yetərsizliyi dövrün söz ustaları
C.Məmmədquluzadəni, M.Ə.Sabiri, A.Səhhəti, az sonra A.Şaiqi, S.S.Axundovu və
başqalarını bilavasitə uşaqlar üçün əsərlər
yazmağa sövq etdi. Bu ilk örnəklərin
təsirilə sonralar, demək olar ki, əksər
yazıçı və şairlər uşaq əsərləri
yazmaq ənənəsini davam etdirirdilər.
Otuzuncu
illərdən başlayaraq M.Müşfiq, S.Vurğun,
M.Seyidzadə, M.Dilbazi, R.Rza, Ə.Cəmil, Q.Qasımzadə,
Ə.Kərim, B.Vahabzadə və başqaları kiçik
yaşlı uşaqlar üçün şeir və poemalar
yazır, ayrıca rəngli kitabçalarda dərc etdirirdilər.
Bir qisim yazarlar isə, məsələn, M.Seyidzadə,
M.Rzaquluzadə, daha sonra X.Əlibəyli, T.Elçin, T.Mütəllibov,
İ.Tapdıq, T.Mahmud, N.Süleymanov və başqaları bu
sahədə ardıcıl yazıb-yaratdıqlarına görə
ədəbiyyatımızda uşaq yazıçıları
kimi tanınıb məşhurlaşdılar.
Zahid Xəlil hələ məktəbdə oxuyarkən
sağlığında ədəbi məktəb
yaratmış Xalq şairi Səməd Vurğunun təsirilə
gənclik duyğu-düşüncələrini, vətənin
təbiətini, zəhmət adamlarını tərənnüm
edirdi.
Bakıya gəlib, ali təhsil
aldığı illərdə özünün bəyənib-seçdiyi
şeirlərini toplayıb, çap olunmaq məqsədilə
"Gənclik" nəşriyyatına təqdim edir. Şöbə müdiri şair İlyas
Tapdığı bu gənc yazarın üslubundakı
mülayim, səmimi intonasiya, bədii dilindəki xalq
danışıq tərzinə xas emosional ifadəlilik cəlb
edir və ona uşaqlar üçün yazmağı məsləhət
bilir. Görünür, hələ
axtarışda olan istedadın öz yaradıcılıq
yönümünü aydınlatmasına bu tövsiyənin
mühüm təsiri olur. 1969-cu ildə nəşr
olunan ilk kitabı "Uçan çıraqlar" ilə ədəbiyyatımıza
lirik xarakteri və bədii baxışına, duyumuna görə
maraqlı bir uşaq şairinin gəlişi dərhal diqqət
cəlb edir. Kitab haqqında mərkəzi
mətbuatda məqalələr dərc edilir və Yevlaxın
Mədəniyyət sarayında ictimaiyyətin iştirakı
ilə geniş təqdimatı keçirilir.
"Uçan çıraqlar" adı artıq
kitabın içindəkilərə açar salıb,
azyaşlı oxucusunda ifadənin mənasına maraq
oyadırdı. Eyni başlıqlı şeirdə bunun
"Otların yaraşığı, ağacların bəzəyi"
atəşböcəyi olduğu xoş bir hissiyyatla təqdim
edilir və "Çəmənlərə, çöllərə
işıq salan" bu balaca böcəyin tərənnümü
təsəvvürdə "meşələri, düzləri"
canlandırmaqla geniş tutumlu poetik panoram yaradır.
"Qırxbuğum", "Göbələk",
"Gicitkan", "Qarışqalar" şeirlərində
də gənc istedadın uşaqlıqdan doğma təbiətlə
sıx ünsiyyətinin güclü təsiri həm ideya-məzmunda,
həm də poetik strukturda özünü büruzə
verirdi. Adi bir otu, çiçəyi,
cücünü, quşu bədii obraza çevirərkən
ona xas xüsusiyyətləri sadə detallarla nəzərə
çarpdırıb azyaşlı oxucu tərəfindən
tanınmasına kömək edir, həm də zəngin təbiət
xalısında onun da öz yeri olan gərəkli bir ilmə
olduğunu vurğulayırdı.
İlk kitabı "Uçan
çıraqlar"dakı şeirlərin ideya-mövzusu
Zahid Xəlilin bütün yaradıcılığı
üçün sanki proqram qismində oldu. Sonralar çap etdirdiyi
"Mən rəngləri tanıyıram" (1972),
"Göydən üç alma
düşdü" (1974), "Quşlar, quşlar" (1977),
"Torağaylar oxuyur" (1979), "Ağ leyləklər"
(2016) və b. şeir kitablarında da əsas məqsədi Vətənin
zəngin flora və faunasını öz balaca oxucularına
tanıtmaq, ona qarşı doğmalıq hissləri
aşılamaq və onu sevdirmək olmuşdur. Ümumiyyətlə,
şair uşaq fikri-hissi aləminə həssaslıqla
onların maraq və qayğılarını duyur, hər
yaşda olan balacaların həyatından səciyyəvi
lövhələr qələmə alır. Bu şeirlərdə
körpələrin şirin qığıltısı
("Oyanıram beşikdə", "Ən şirin
şey"), yatanda kuklasından seçilməyən Afat
("Afatın kuklası"), "dişi mırıq,
işi fırıq" olan Fərrux ("Fərruxun
dişi"), səmanın mavi, günəbaxanın sarı,
narın qırmızı, yarpağın yaşıl
olması bilgisi ilə qürrələnən Elman ("Mən
rəngləri tanıyıram") kimi könülaçan təsvirlər
yetərincə yer alsa da, şairin
yaradıcılığının əsas tərənnüm
obyekti doğma təbiətlə qol-budaq atmış, şaxələnmişdir.
Maraqlıdır ki, Zahid Xəlil ədəbiyyatda təbiətin
müxtəlif rakurslardan işlənmiş, həm bədii
obyekt, həm də poetik ifadə kimi dəfələrlə
müraciət edilmiş nümunələrinə deyil, əksəriyyətlə
azyaşlıların tanımadığı bitki və
çiçəklərə, ağaclara diqqət yönəldir. Bu təzə
otu, çiçəyi yaxşı tanıtmaq
üçün məlum detallardan istifadə ilə, oxucunun
anlam səviyyəsinə uyğun ifadələrlə təsəvvürdə
canlandırmağa səy edirdi.
Ölkəmizin zəngin quşlar və heyvanat aləmini
uşaqlara müxtəlif əhvalat, təsvirlər vasitəsilə
aydınlatmaq Zahid Xəlilin sənətkarlıq
uğurlarındandır. O, milli poeziyada əvvəllər də işlənmiş
mövzulara öz dəst-xətti ilə yeni poetik rənglər
vurur, lövhələr yaradır, uşaq nitqinə yaxın
bir ahəngdarlıq gətirir. "Arı və kəpənək",
"Hörümçək və mozalan", "Davakar sərçə"
və b. şeirlərdə obrazın səciyyəsi
maraqlı süjetlərlə açılırsa, "Kəklik",
"Bildirçin", "Şanapipik", "Hacıleylək",
"Tovuzquşu", "Cüllüt" və b. şeirlərdə
hər quşun rənginə, görünüşünə,
nəğməsinə görə fərqli xüsusiyyətləri
təsvirin özəyini təşkil edir.
Zahid Xəlil məktəbəqədər və məktəbyaşlı
uşaqlar üçün heyvanlardan bəhs edən şeirlər
qələmə alanda isə onların məlumat xarakterli
olmasına da xüsusi əhəmiyyət verir. Ahəngdar, axıcı
misralarda oxucusuna təzə bir söz öyrətmək cəhdi
ilə yazılmış şeirlərə nümunə
olaraq "Dəcəl çəpiş, qumral quzu",
"Buğa və bağa", "Dovşan və köpək",
"Kürük, qulun, dayça, at" və b. şeirlərdə
heyvanlarla bağlı bir sıra anlayışlar diqqət mərkəzinə
çəkilir. Xüsusilə sonuncu şeirdə Atın
doğuluşdan böyüyənədək adının
dörd dəfə dəyişildiyi vurğulanır: körpə
ikən "kürük" çağırılan
böyüyüb, "qulun", "dayça" və nəhayət,
"kəhər at" olur.
Uşaq dünyasına bələdlik, onların maraq və
istəklərini başa düşmək duyumu Zahid Xəlil
şeirlərinin mövzu rəngarəngliyinin əsasıdır. Şair
uşaqlara doğma təbiəti tanıtmaqla kifayətlənmir,
həm də onu qorumaq, ona qayğı ilə yanaşmaq hisslərini
aşılayırdı. Eyni zamanda azyaşlılarda
ətraf mühitə bədii-estetik baxışın
formalaşmasına da xüsusi əhəmiyyət verirdi.
Məsələn:
Sən rənglərə
yaxşı bax
Gəzəndə göy çəməni.
Çinar
yaşıl çadırdı,
Çəmən yaşıl səməni.
Məktəbə
hazırlıq yaşında olan və 1-ci, 2-ci sinif
uşaqlarının zehni inkişafına kömək məqsədilə
yazılan "Hərflər", "Hesab", "Qələmim",
"Əlifba kitabı", "Məktəb yolları"
və b. şeirləri uşaqları məktəbə, təhsilə
həvəsləndirir, onlarda həyatın bu yeni pilləsinə
maraq oyadır. "Hərflər" şeirində sadə
cizgilərlə hərflərin yazılış tərzini nəzərə
çatdırır, "Qələmim"də şəkil
çəkməyin o qədər də çətin
olmadığına inam oyadır, uşaq psixologiyasına
uyğun ifadələrlə "köynəyi al lalədən
qırmızı rəng qələmlə" xoruz şəkli
çəkməyi ardıcıllıqla təsvir edir. "Kitabların anası" şeirində isə
hərfləri öyrənməyə başlayan
azyaşlıya oynaq bir ritmlə həm də səs və hərf
anlayışları barədə ilkin məlumat verilir.
Şairin
məktəb mövzusunda yazdığı şeirlərin əksəriyyəti
aşağı siniflərin dərsliklərinə
salınmış, uşaq mahnısı kimi məşhurlaşmışdır:
"Bizim məktəb", "Məktəb yolları",
"Uşaqlar dərsə gedir", "Kitab", "Qoy sərbəst
böyüsün bizim balalar" və s.
Üçüncü şəxsin dilindən yazılsa da,
onlardakı emosional ton, səs tərkibinə görə
bir-birinə yaxın məxrəcli qısa sözlərlə
deyiliş tərzi intonasiyanı uşaq nitqinə
yaxınlaşdırır, uşaqda qədəm qoyduğu
bilik aləminin "isti qoynuna" - doğma məktəbə
xoş hisslər oyandırır.
Zahid Xəlil öz balaca oxucularını daha geniş
mütaliəyə həvəsləndirmək məqsədilə
bir sıra nağıl-poemalar da yazmışdır. Uşaq təxəyyülünün
anlam səviyyəsində fantastik düşüncə tərzini
inkişaf etdirən "Çinarların yuxusu",
"Fırlancaq", "Yeddi rəngli muncuq",
"Sıfırın nağılı" və başqa belə
əsərlərində mövzu genişliyi, uşaqlar
üçün maraqlı görünən obrazlar aləmi,
qeyri-adi hadisələr silsiləsi, poetik təsvirin
obrazlılığı, illüstrativlik və b.
kateqoriyaların üstünlüyü daha aydın nəzərə
çarpır. Şair meşənin bitki və
heyvanlar aləmindən ətraflı bəhs etmək məqsədilə
maraqlı süjetlər quraraq azyaşlıların məlumatlarını
genişləndirir. Həmçinin məcazlı
ifadələr, oynaq bir ritmika ilə onlarda bədii
baxışı və estetik duyumu inkişaf etdirir. Şairin üslubundakı incə yumor
çaları da məzmunun kiçik yaşlılar tərəfindən
daha tez qavranılmasına kömək edən vasitələrdəndir.
Səksəninci illərdə Zahid Xəlil uşaq ədəbiyyatı
sahəsindəki elmi-nəzəri biliklərini və qənaətlərini
pedaqoji fəaliyyətində qazandığı təcrübə
ilə sistemləşdirib doktorluq dissertasiyası üzərində
işləyir.
Azyaşlıların mənəvi-zehni
inkişafında tarixən yaradılmış xalqın
söz sərvəti və milli klassik ədəbiyyatda
uyarlı bədii örnəklərin ideya-estetik aspektlərini
araşdırır. Həmçinin
dünya uşaq ədəbiyyatından etdiyi tərcümələr
onu uşaqlar üçün kiçik həcmli hekayə və
povestlər yazmağa meyilləndirir. 1981-ci
ildə o, "Ballıca", 1983-cü ildə
"Çıraq nənənin nağılları",
1985-ci ildə "Cırtdanla Azmanın yeni sərgüzəştləri"
kitablarını nəşr etdirir. Poetik
üslubundakı təbiətlə bağlı məramlı-məcazlı,
mülayim, xoş ovqatlı deyim tərzi nəsr əsərlərindəki
yazıçı təhkiyəsinin əsas məziyyətidir.
Maraqlı əhvalatlar, cəlbedici süjet
quruluşları, nağıl intonasiyasına yaxın təhkiyə
tonu bu hekayələrin başlıca uğurudur. Müasir dövrdə məktəbyaşlı
uşaqların maraq dairəsini, əqli inkişaf səviyyəsini
nəzərə alaraq Zahid Xəlil kiçik həcmli hekayələrində
müxtəlif bədii vasitələrlə onları təəccübləndirə,
maraqlandıra biləcək mövzulara müraciət edir.
"Peçenyedən yaranmış qız", "İlk
adamcığaz", "Qayıq sürən ayı
balası", "Bağırmaq istəyən adam",
"Üçbucaq ölkənin adamları",
"Coğrafiya dərsində taxılan eynək" və
s. kimi hekayələr artıq sərlövhəsindəki
qeyri-adi obrazlılıq ilə cəlbedici
görünürdü. Maraqlı hadisələr
nağılvarı elementlərlə gerçək həyat səhnələri
kimi canlandırılır, uşaqların mənəvi
inkişafına, dünyagörüşünün
artmasına xidmət edir. Məsələn,
"Üçbucaq ölkənin adamları" hekayəsində
elmi-fantastik janr üslubunda evləri üçbucaq şəklində
olan bir ölkədən danışılır. Bu ölkədə bəşər
sivilizasiyasının yüksək mərhələsi yeniyetmə
təxəyyülünə qavramlı bir tərzdə təqdim
edilir və azyaşlı oxucunun zəkasına zəngin qida
verir. Ağıllı texnika ilə idarə olunan cəmiyyətdə
həyat ali qanunlarla tənzimlənir və
heç bir ictimai pozuntuya yol verilmir. Burada insan
şüuru düzgün yaşam tərzinin həqiqətini
dərk etmiş, kamil bir cəmiyyət yaratmışdır.
Elmi-texniki vasitələrlə nəinki öz ölkələrində
bütün neqativ vəziyyətlərə son qoya bilmişlər,
hətta özünü düşməndən müdafiənin
də qansız-silahsız sadə bir üsulunu kəşf
etmişlər: "Burada elə bir möcüzə yoxdur. Paltarımdakı balaca düyməni basdım, ətrafımda
mikro iqlim yarandı. Daha doğrusu, mən
bütövlükdə hava rənginə çevrildim, ona
görə də məni görə bilmədin. Səncə,
düşmən dediyin o adamlar bizə bir şey edə bilər?". "Coğrafiya dərsində taxılan eynək"
hekayəsində isə yalnız bir fantastik element var:
"buruna keçən hissəsinin üstündə antenaya
oxşayan məftil" olan eynək. Coğrafiya
dərsində xəritəyə baxarkən bu eynəyi taxanda
"hansı ölkədə nələr baş verdiyini o
saat göstərir". Yazıçı eynəyin
vasitəsilə iki ölkədəki insanların
yaşayışını çox yığcam həyat
lövhələri ilə qarşılaşdırır:
birində doğma torpaqlarından silahlı xaricilərin qovub
çıxardıqları yoxsul insanlar, digərində isə
güclü texnika ilə zəif ölkələrə
hücum edib, onların var-yoxunu talan edən əcnəbilər.
Hekayənin qəhrəmanı Kərəmin eynəyi
ilə gördüklərindən həyəcanlanıb sinifdə
olduğunu unudaraq haqsızlığa, zülmə
qarşı öz nifrətini, qəzəbini bildirməsi
uşaqlara cəsarətli, mübariz olmağı təlqin
edirdi.
Yazıçı nəsr əsərlərində məktəbyaşlı
oxucularının mənəvi-əxlaqi-zehni inkişafı
üçün əhəmiyyətli mövzulara daha geniş
yer verir. O,
"Çıraq nənənin nağılları"
kitabının "Azərbaycan haqqında hekayələr"
bölməsində "Qartal qanadlı ölkə",
"Mavi küləklər şəhəri",
"Göygölün səhəri",
"Aşıq", "Xaldanlı uşaqlar",
"Şuşa - xonça şəhər" və s. kimi
kiçik həcmli yazılarında obrazlı təsvirlər,
şirin bir təhkiyə ilə ibtidai sinif şagirdlərinin
mənəvi-zehni inkişafı üçün əhəmiyyətli
məlumatlar yer almışdır. Xüsusilə
"Aşıq" sərlövhəli yazıda
xalqımızın qədim milli sərvəti olan
aşıq sənəti, onun xüsusiyyətləri, növləri
barədə geniş bilgi verilmişdir. "Xaldanlı
uşaqlar"da öz məktəbini sevən, onun ətrafını
gözəlləşdirib, mənalı təşəbbüsləri
ilə nümunəvi uğurlar əldə edən və
"bütün ölkədə tanınan" təşəbbüskar,
çalışqan şagirdlərdən bəhs olunur. Yazıçının süjetli hekayələrindən
olan "Atalar sözü" şəhəri"ndə isə
məktəblilərə dilimizdəki hikmətli sözləri
yerində işlətmək bacarığı
aşılanır. Məsələn,
"ağıllılar fikirləşənə kimi Bəhruz
vurub arxı keçib və birtəhər yanğını
söndürüb. Amma həmin o Bəhruz
şəhərin quyusuna bir daş atıb, yüz
ağıllı fikirləşib onu sudan çıxara
bilmir" və s.
Görkəmli
ədəbiyyatşünas alim Məmməd Cəfər
yazırdı: "Həqiqi, istedadlı... uşaq
yazıçısı həm müəllim, həm də tərbiyəçidir...
O, bilavasitə məktəbdə təlim-tərbiyə
işində olmasa da əsərləri ilə həmişə
ailədə, bağçada, məktəbdə tərbiyəçidir.
Bu keyfiyyətlərə malik olmayan
yazıçı həqiqi uşaq yazıçısı
sayıla bilməz". Həqiqətən,
Zahid Xəlil bir sıra hekayələrində cansız əşyaları,
heyvanları, quşları şəxsləndirib, əsərlərinin
qəhrəmanı etsə də, əsas məqsədi
azyaşlı oxucusunda ətraf mühitə maraq oyatmaq, həmçinin
müəyyən mənəvi keyfiyyəti ona təlqin etməkdir.
Belə ki, bir növ, "təbiətimizi öyrənək"
məzmunlu şeirlərin davamı olaraq "Uçmaq istəyən
çiçəklərin əhvalatı", "Yarpaq
çələngi", "Çinar əhvalatı",
"Ördək balası", "Dünyanı yandırmaq
istəyən atəşböcəyi", "Akvarium
balığı", "Buynuz" və s. hekayələrdə
cəlbedici süjetlərlə xeyli yeni məlumatlar diqqətə
çatdırılır. Həm də bitkilər
və heyvanların timsalında lovğalıq,
acgözlük, dəcəllik, paxıllıq, pintilik pislənir,
dostluq, qayğıkeşlik, xeyirxahlıq təbliğ olunur.
Yazıçının nağılvarı təhkiyə
üslubunda təsvir etdiyi hadisələr uşaq təxəyyülünü
inkişaf etdirmək, onun həyata baxış dairəsini
genişləndirmək, təbiətlə ünsiyyətdə
fantastik düşüncənin hüdudsuzluğunu
nümayiş etdirmək baxımından xeyli
oxunaqlıdır. Uşaq təfəkkürünə,
psixi-əqli özəlliyinə dərindən bələdlik
sayəsində onlar tərəfindən uydurulan yalanlar elə
inandırıcı nəql olunur ki, yalnız süjetin sonunda
bu fantastik hadisələrin cazibəsindən ayrılmaq olur.
Zahid Xəlil bədii yaradıcılığa sovet
dönəmində başlamasına baxmayaraq dövrün
aparıcı tendensiyası - dövlət siyasəti, sosialist
realizmi yönümlü ideyaların təbliğinə deyil,
daha çox azyaşlı oxucuları üçün
maraqlı və tərbiyəvi əhəmiyyəti olan
mövzulara müraciət etmişdir. Ancaq onun nəsr
yaradıcılığında siyasi-ictimai məzmunlu
nağıl-hekayələr də mövcuddur ki, onlarda məhz
"Altmışıncılar" ictimai-mədəni hərəkatının
təsiri aydın müşahidə olunur.
Yazıçının "Quyunun dibindəki adam",
"Pul şəhərinin adamları",
"Bağırmaq istəyən adam", "Yeyimcillər
ölkəsinin adamları" və b. hekayələrində
alleqorik, fantastik təsvir vasitələrindən istifadə ilə
sətiraltı mənalarla zamanın aktual problemləri hədəfə
alınmışdır.
Zahid Xəlil uşaq ədəbiyyatı
hüdudlarında nağıl janrının struktur-poetik
imkanlarından faydalanaraq yaratdığı bir sıra əsərlərində
ciddi siyasi-ictimai məsələlərə toxunmuşdur. Onun geniş həcmli
povestləri də ideya-məzmun tutumu, süjet xəttinin
dolğunluğu və obrazların rəngarəngliyi ilə
oxunaqlı və cəlbedicidir.
Zahid Xəlil Azərbaycan uşaq ədəbiyyatı sahəsində
yarım əsrdən artıq müxtəlif janrlı xeyli bədii
əsərlər yaratmaqla yanaşı, həm də bu sahədə
elmi yaradıcılığı da xeyli məhsuldar
olmuşdur.
O, 1973-cü ildə "Azərbaycan uşaq poeziyası və
folklor" mövzusunda namizədlik dissertasiyası, 1990-cı
ildə "Azərbaycan uşaq ədəbiyyatının mənşəyi,
təşəkkülünün əsas amilləri və
inkişaf problemləri" adlı doktorluq
dissertasiyasını müdafiə etmişdir. Onun "Detskaya
literatura Azerbaydjana" monoqrafiyası 1987-ci ildə Moskvada nəşr
olunub və bir müddət professor Əziz Şərifin təşəbbüsü
ilə M.Lomonosov adına Moskva Dövlət
Universitetində dərs vəsaiti kimi istifadə edilmişdir.
Z.Xəlilin
azyaşlılar üçün qələmə
aldığı kiçik həcmli şeir və hekayələri,
dolğun məzmunlu poema və nağılları ölkəmizdə
dəfələrlə yüksək tirajla çap olunmuş,
həmçinin dünyanın bir çox dillərinə tərcümə
edilib, rus, Ukrayna, Litva, eston, moldov, gürcü, özbək,
qazax, türkmən, alman, holland, hind dillərində də nəşr
edilmişdir. O, uşaq ədəbiyyatı üzrə
keçirilən bir sıra beynəlxalq tədbirlərin iştirakçısı
olmuş və müsabiqələrdə qalib gəlmişdir.
Belə ki, yazıçı 1982-ci ildə "Literaturnaya
qazeta"da çap olunmuş "Kölgələr" və
"Limonad içməyin" hekayələrinə görə
"Zolotoy telyonok" mükafatını almış,
"Salam, Cırtdan" kitabı həm ümumittifaq, həm
də respublika müsabiqəsində "İlin ən
yaxşı uşaq kitabı" diplomuna layiq
görülmüşdür. Onun son illərdə çap
etdirdiyi "Dünyanın ən balaca
nağılları" (2002), "Qızlar şeir oxuyur sevgi
yaşında" (2007), "Göy qurşağı"
(2018), "Kralın kreslosu" (2018), "Şəkərabad
şəhərinin uşaqları" (2020) və s.
kitabları da mütəxəssislər tərəfindən
yüksək dəyərləndirilmişdir. Milli
ədəbiyyatşünaslıqda Zahid Xəlilin
yaradıcılığına monoqrafiyalar həsr edilmiş,
çoxlu məqalələr yazılmışdır.
Həqiqətən, altmışıncılar ədəbi
cərəyanının yetirmələrindən olan Z.Xəlil
yaradıcılığı çoxcəhətliyi, orijinal
üslubu və yüksək sənətkarlığı ilə
milli uşaq ədəbiyyatı tariximizdə xüsusi bir səhifədir.
Safurə QULİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.18-19.