Yalqız yaylağın taleyi
Rəşad Məcidin poetik
yozumunda
Bu yazıda Rəşad Məciddən daha çox bir
publisist, jurnalist kimi yox, bir şair, poetik təfəkkür
sahibi kimi bəhs edəcəyəm.
***
Ədəbiyyatşünaslıqda və
musiqişünaslıqda "janr diffuziyası" adlı bir
termin mövcuddur. Bu termin son dövrlərdə daha tez-tez gündəmə
gəlir. Bu gün adını çəkdiyimiz
termin incəsənətdə, musiqidə və bədii sənətdə
özünu daha çox ifadə etməkdədir. Əsərlərini
təhlilə cəlb etmək istədiyimiz Rəşad Məcidin
yaradıcılığından danışdıqda həm də
onun əsərlərinin çeşidlərini janr
diffuziyası çərçivələrində nəzərdən
keçirməyə daha çox meyilli oluruq.
Rəşad Məcid kimi sənətkarlar janr
formalarında sərbəst bədii-poetik əməliyyatlar
aparmaqla həm də onları özünəməxsus bir
çalarda təqdim etməyə üstünlük verirlər. Belə olduqda
hər bir janrın özünə xas tarixən və fərqli
formalaşan əlamətləri də tədricən modelləşir.
Bu, təbii ki, epoxanın yaradıcılıq tələbləri
kimi də ortaya çıxır. Və,
görünür, Azərbaycan ədəbiyyatşünaslığında
bu məsələnin öyrənilməsi getdikcə daha
çox nəzəri düşüncəni zəbt edəcəkdir.
Çünki aşağıda bəhs edəcəyimiz
hallarda bu tipli diffuziya Rəşad Məcidin "10
sentyabr" kitabına daxil edilmiş mətnlərin janr rəngarəngliyində
özünü aydın göstərməkdədir.
***
Beləliklə, Rəşad Məcidin "10
sentyabr"ındakı yaradıcılıq nümunələrinə
nəzər saldıqda gördüm ki, əsər janr
baxımından qeyri-həmcins nümunələrin toplusudur. Burada "10 sentyabr",
"Cənnət dərəsi" kimi örnəklərdən
sonra "Poeziya" bölməsində "Hələ ki
vaxt var"dan bir neçə fraqment, sonra "Babalarım
torpaq olub", "Yaylaq duyğuları" və s. adlar
altında çoxsaylı "Poetik orkestr", "Səfər
qeydləri" rubrikasında "ABŞ - ölcüləri
dəyəşən məmləkət", "İranda
bir həftə", "Təbriz" və
"Varlıq", "Qarabağ ağrıları" -
"Ağdamın üç günü", Şuşaya həsr
etdiyi "Qururam, izim qala", Xalq yazıçısı
Anarın utopik və antiutopik, postmodernist üslubda
yazdığı "Ağ qoç, qara qoç"
romanı ilə bağlı mülahizələri,
"Aydın Məmmədovsuz qırx gün", İran
şahının azərbaycanlı xanımı Fərəh
Pəhləvinin "Xatirələr"i, Krım
tatarlarının müsibətlərini dilə gətirən
"Ağrı qardaşlarımız - bəlalı Krım
tatarları", mətbuat problemlərini qabardan "Son il
yarımda müstəqil mətbuatın üzləşdiyi ən
ciddi maneə iqtisadı problemlərdir" mövzulu yazı,
"Müsahibələr" və s. kimi başlıq və
bölmələri əhatə etməkdədir.
Bəri başdan deyim ki, Rəşad Məcidin poetik, publisistik və nəsr yaradıcılığının birinci skripkası, başlıca leytmotivi "Vətəndir". Odur ki, kitabda təqdim olunmuş ilk şeir nümunəsi də elə "Vətən"dir. Şeirdən bəzi fraqmentlərə nəzər salaq:
Dərəsi, təpəsi, düzü, dağıyla
Köksümə, qəlbimə yerləşən Vətən.
Nə vaxtdı bölünən bölünməzliyi
Bir namərd baxışlı göz deşən Vətən.
...Dikələn qayası, ucalan dağı -
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.
Adında birbaşa "Vətən" ifadəsi səsləndirilməsə də, kitabda yer almış "At, saz, qılınc", "Məğrur qaya", "Bir daş üstə", "Bayatı deyəndə qarı nənələr", "40 il irəlinin gülləsi", "Yol qırağında", "Yurd yeri", "Aylı dağlar", "Yalqız qalan yaylağım", "Cıdır düzü", "Hanı?", "Bir ovuc torpaq", "Qalxmırsanmı? Cənublu yaşıdıma", "Mən Arazı belə gördüm", "Bulaq, meşə, sünbül ağrısı" və s. kimi şeirlərin mayasında dayanan, bu və ya digər şəkildə səsləndirilən poetik mətləb və vəzifə canını, qanını, ürəyini Vətənə qurban verməyə çalışan şairin isti nəfəsinin hərarəti sanki oxucunun da içində Vətənlə bağlı göy qurşağının çeşidli rayihəsini yaradır.
Şairin "Cıdır düzü" poetik parçasında bu düzün möcüzəsi sanki onu ovsunlayıb:
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə
Belə təzələnib durulmamışdım.
Rəşad Məcidin qələminin Vətəni oxşayan, onu öyən poetik vəsfi heç də çeynənmiş, urvatdan düşmüş ifadələrin köməyi ilə yox, sözün yeni imkan və çalarlarının işığında bərq vurması ilə oxucu qəlbinin istəyinin ifadəsi kimi səslənir.
Rəşad Məcidin "Cıdır düzü" şeirində sevinc, məğrurluq hissləri ilə yanaşı, həm də təsvir etdiyi məkanın tarixi taleyinə işıq tutulur, onun əsrlərin dolanbaclarından boylanan bəlaları göz önündə dayanır. Elə növbəti bənddə Cıdır düzünün nə üçün qorunmasının vacibliyi vurğulanan parçadakı kimi:
Burda daşları da qoruyaq, gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var.
Bu parçada hər bir daşa, qayaya qayğı həm də uğurlu peyzaj təsviri ilə oxucu ilə mükaliməyə girir. Peyzaj özünəməxsusluğu Rəşad Məcidin "Yalqız qalan yaylağım" şeirində görümlü assosiasiya yaradır:
Həsrət axır sinəsindən,
Şimşək çaxıb sinəsində.
Bu yaylağın sinəsində
Yurd yerləri yara kimi.
Yaşıl otlar saralacaq,
Üstlərini qar alacaq,
Ümidləri daralacaq.
Payızdan bahara kimi.
Şeirin müraciət etdiyimiz parçalarından məlum
olur ki, Rəşad Məcid təbiətlə, onun fəsilləri
və rəngləri ilə başbaşa qalmağı sevir. Çünki
şair digər sənətkarlar və insanlar kimi
özünü təbiətin danılmaz bir hissəsi kimi
görür. Və o, təbiətin
qoynunda həm də "axıb ona qarışır"
onunla öz enerjisini birləşdirir, təbiət ovqatına
sığal çəkir, hisslərinə yeni qüvvə bəxş
edir. Şeirdən gətirdiyimiz nümunənin
ikinci bəndində şairin qış
mövsümünü sanki özü bilərəkdən mətnə
daxil etmədiyini hiss edirik. Axı təbiət
landşaftının təsvirində şairin ətraf aləmə
öz emosional baxışı daha vacibdir. Onların hansının ön plana
çıxarılması isə Rəşad Məcid
üçün sırf fərdi yanaşma ilə
bağlıdır. Şair
üçün burada kənd, şəhər, dəniz,
bağ-bağça, park və digər peyzaj
zarisovkalarını yox, yalqız yaylağın peyzaj
ovqatını oxucuya öz lirik - meditativ əhval-ruhiyyəsinin
köməyi ilə ötürüb, maraqlı mənzərə
yaratmaq məqsədi daha önəmli olmuşdur. Rəşad Məcidin təsvirində peyzajın, hər
şeydən öncə, təbiətə, müəllifin
özünün təsvir etdiyi mənzərəyə fərdi
mövqedən yanaşması üstünlük təşkil
edir. Onun təbiətlə mükaliməyə girməsi,
illin fəsillərini izləməsi, təbiət hadisələri
üzərində müşahidə qurma istəyi ön plana
çıxır və Rəşad Məcid belə olduqda nə
impessionist, nə futurist, nə də akademist kimi görünmək
istəmir və o, öz poetik
aləmi ilə başbaşa qalır.
Rəşadın şeirlərində, nədənsə,
payızdan qurtulma hissi daha güclüdür. Peyzaj landşaftı yaradan
"Payız bürümüş yaylağam" şeirində
aşağıdakı misralar daha özünəməxsusdur:
Payız
bürümüş yaylağam,
Sapsarı
saralıb qəlbim
Tənhalığın
ürəyimə
saldığı
xallar
Saralmış yurd yerləridi.
Bu an,
tənha
qalan
fikir əlində
haçalanan
Mənəm,
Gücüm
yox dinəm,
Məni
payızdan qurtarın,
Bahar
dostlarım!
Burada biz, hər şeydən öncə, ilin fəsillərinin
peyzaj oppozisiyasını görürük ki, bu da ümumiyyətlə
ətrafın milli dil konseptosferası mənzərəsinin
universal konseptinin göstəricısidir. Bu kiçik
şeirdə zaman konsepti şair tərəfindən müəyyən
dərəcədə özünəməxsus şəkildə
strukturlaşıb. Fikrimizcə, bu da təsadüfi
deyil. Dünyanın dil mənzərəsində
yer almış ilin fəsillərini təşkil edən yaz,
yay, payız, qış konseptləri müəyyən
leksik-semantik sahədə ierarxik baxımdan strukturlaşmaqla
dilin ifadə imkanları üçün həm baza, həm də
perifirik elementləri özündə birləşdirir.
Şairin "bahar dostlarına" müraciəti, həm də
onu haçalanan fikirlər əlindən hifz etməyə qabildir. Çünki içi payız bürümüş
yaylaq olduğundan qəlbi sapsarı saralıb və həmin
mühitdə o, tənha qalmağa məhkum olub. Bunlar isə payızla birgə neqativ əlamətlərin
yaranmasına gətirib çıxarır, pozitiv əlamət
kimi isə bahar dostlarından onu payızın əlindən
xilas etmələri əfv edə bilər.
Nizami Məmmədov TAĞISOY
professor
Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.20.