Əbülfət MƏDƏTOĞLU: "Mənim uşaqlığımın da,

gəncliyimin də izləri, xatirələri güllələnmişdi"

 

"Fikir bucağı" layihəsinin qonağı şair, publisist Əbülfət Mədətoğludur.

 

- Əbülfət müəllim, layihəmizdə sizi xoş gördük. İşlər necədir, yaradıcılığınız necə gedir?

- Xoş gördük, Tural. Yaxşı bir layihəyə başlamısan. Əvvəlki müsahibələrini oxudum, həmsöhbətlərinlə, necə deyərlər, mən də bir masa arxasında əyləşib onların fikirlərinə müəyyən mənada şərik oldum. Təbii ki, bu, sənin təqdimatınla mümkün olan bir nüansdır. Elə bu yerdə sənə uğurlar diləyirəm. O ki qaldı işlərə... Qəzet adamının nə iş günü olur, nə iş saatı, yəni hər yerdə sən qələm cibində, amma fikrin, sözün, materialların yanında olur. Bu bir peşə xəstəliyidi. Amma şəxsi yaradıcılıqda isə hər şey ovqatdan asılıdı. İlham pərisi ilə dil tapanda dərdləşirik. Dekabr ayının sonlarında yol qeydlərindən ibarət yeni bir kitabım işıq üzü görüb. Bu kitab mənim Naxçıvan səfərlərimə və bir də orada yaşayıb-yaradan könül, qələm dostlarımın yaradıcılığına həsr olunub. Adı da "Nuh gəmisinin son ünvanı"dı. Necə deyərlər, başımı salıb aşağı bacardığım işin qulpundan tutmağı çalışıram.

- Sizi çoxsahəli fəaliyyətlə məşğul olan biri kimi tanıyırıq. Şeir, publisistika, redaktə işi və s. Harda özünüzü daha rahat hiss edirsiniz?

- Gəl belə danışaq da. Dediyin sahələrin hamısı sözlə bağlıdı. Qələmlə, kağızla əlbirdi. Ona görə redaktə zamanı yaxşı bir yazı oxuyanda, könlün rahat olanda özünü orada görürsən. Hətta içindən keçir ki, yazının müəllif imzası sənə aid olardı. Eləcə də özümün oxucu tərəfindən maraqla qarşılanan publisist yazılarıma reaksiya olanda, zəng gələndə, ya üzbəüz fikir söyləniləndə düşünürəm ki, demək istəyimə çatmışam. Bunlar, yəni bu iki sahə sırf qəzetçiliklə bağlı olduğundan mən burada hərdən özümü vəzifə, peşə sahibi kimi hiss edirəm. Çünki "Ədalət" qəzetinin də nüfuzunun yükü burda mənim çiynimə düşür. Amma poeziyada bir az fərqlidi yer mənim üçün. Şeirlərlə özümü bu dünyada Allahla məni daha çox təmasa aparan bir Ruha minnətdaram. O təmas məni yaşamağa da, sevməyə də, yazmağa da kökləyir həmişə. Tam səmimi deyim ki, şeirlər məni hamıdan uzaq dayanıb heç kimin gözünə görükmədən, heç kimin əl-ayağına dolaşmadan, Allah, dörd divar və bir də O ilə gözəl anlar yaşamağa imkan verən, stimul verən qeyri-adi bir gücdü, bir pıçıltıdı, bir nəfəsdi.

- Bu gün böyük qayıdışın başlanğıcındayıq. Qarabağa səfəriniz oldu, cənab Prezidentlə görüşdünüz. Necə bir hisslərdi, doğma Tuğ kəndi sizi necə qarşıladı?

- Tural, sənə bir şey deyim. Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki kimi yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki qarşılayanlar onlar idi məni. O səfərdə bir vətəndaş olaraq mənə hədiyyə isə ömrüm boyu unutmayacağım ölkə rəhbəri ilə təmas idi. Onu yaxından görmək, əlini sıxıb bu qayıdış üçün təşəkkür etmək, həyatımın ən böyük mükafatıdır və Tuğda cənab Prezidentin dediyi "Tuğ əsl cənnətdi!" kəlamı isə mənə və o torpağa aid olanlara, bütövlükdə Qarabağa sevginin ifadəsidi.

- İstedadlı gənclərə dəstək olursunuz. Yazılarını dərc edirsiniz. İstedadı necə müəyyən edirsiniz? Sizə görə istedadın əsas meyarı nədir?

- Bugünkü gənclər kimi zamanında mən də redaksiyalara üz tutmuşam. Əvvəlcə oxuduğum orta məktəbdən yazılar ünvanlamışam qəzetlərə, jurnallara. Qarşılaşdığım o qədər haqsızlıqlar, biganəliklər olub ki. Amma mən həyatda dəstəyim olan, əlimdən tutan, yol göstərən insanların böyük ürəyinə minnətdarlıq hissi ilə geri çəkilməmişəm. Yəni rəhmətlik Xalq şairimiz Bəxtiyar Vahabzadə, yazıçılarımız Əlisəfa Məmmədov, Əlfi Qasımov, şairlərimiz Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Abbas Abdulla, Məmməd İsmayıl, Vaqif Nəsib Sarıhüseyn oğlu, Zülfüqar Şahsevənli, Vaqif İbrahim və digərləri mənim sözdən daha bərk yapışmama xeyir-dua veriblər. Məhz xeyirxahların qayğısı, həm də tələbkar qayğısı məndə bugünkü gənclərə məhz həmin prizmadan baxmağa yönəldib. Əlimdən tutublar, mən də əldən tutmağı, təbii ki, gücüm daxilində çalışmışam. Xüsusilə maraqlı, istedadlı, amma dəstəyə ehtiyacı olan gənclər mənim üçün  çox önəmlidir. O ki, qaldı istedada bunun göstəricisi ortaya qoyulan sözdü. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm ki, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışır. Amma bəziləri də öz aralarında "işbirliyi" yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük sözün xidmətində görək həmişə.

- Yaradıcılığınızda həsrət, ayrılıq, kədər motivləri əsas yer tutur. Ancaq bu motivləri ənənəvi yox, yeni bir tərzdə təqdim etməyi bacarırsınız. Ümumiyyətlə, müasir şeir necə olmalıdır?

- Mənim düşüncəmə görə şeirin dövrü olmur. Yəni Füzulinin, Nizaminin, Cavid Əfəndinin, Müşfiqin, Səməd Vurğunun, eləcə də Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Zəlimxan Yaqubun, Nüsrət Kəsəmənlinin, bu gün Barat Vüsalın, Ramiz Qusarçaylının yazdığı şeirlər böyük ədəbiyyata töhfələrdir. Sadəcə, onların hər biri yaşadıqları dövrün ovqatını, sözünü, fikrini şeirə çeviriblər, ədəbiyyata gətiriblər və bu gün də həmin proses davam edir. Dəyişən ədəbi dilə yanaşmadı. Mən bu mənada "müasir şeir"  termini ilə həmfikir deyiləm. Şeirin, necə deyərlər, zamanı birdir. O da oxucusunu tapdığı zaman.

- Bəzi ədəbiyyatşünaslar və oxucular şeirin dövrünün bitdiyini düşünür. Daha çox nəsrə üstünlük verilir. Sizcə, bu yanaşma doğrudurmu?

- Hər kəs öz fikrində özünü daha doğru sayır. Bu,  təbiidi. Çünki hərənin öz baxış bucağı var. Amma mənə görə şeirin özülü bayatıdırsa, layladısa, holavardısa, lap elə iki bəndlik obrazlı ifadədisə, onun zamanı heç vaxt keçə bilməz. Çünki yığcamlıq və konkretlik şeirdə daha çox özünü göstərir.

- Nə vaxtsa nəsrlə bağlı silsilə yazılar yazmağı düşünürsünüzmü?

- Mən bu yolda müəyyən addımlar atmışam. Dörd sənədli povestlər kitabının müəllifiyəm. Onların ikisi Birinci Qarabağ müharibəmizə, qaçqınlıq illərinə həsr olub. Və ilk sənədli povestim Milli Qəhrəmanımıza həsr olunub. Təbii ki, povest işıq üzü görəndə İbad Hüseynov layiq olduğu fəxri adının rəsmi daşıyıcısı deyildi. Ulu öndərimizin ona verdiyi bu adı cənab Prezidentimiz böyük qələbəmizdən sonra öz fərmanı ilə rəsmiləşdirdi. Yəni bu gün də yeni bir publisist kitab üzərində işləyirəm. İnşallah, mətbəəyə də yaxın günlərdə təqdim olunacaq.

- Məsələn, roman, povest...

- Bir yarımçıq povestim var, şərti adı da "Olmuşlar və olacaqlardakı Qadın"dır. Allah ömür versə yəqin ki, yekunlaşacaq.

- Bəlkə zaman məhdudiyyəti var?

- Bəli, gündəlik qəzet və həyat qayğıları yazı-pozu adamının işini həmişə çətinə salır, rəhmətlik Hüseyn Arif demişkən, "Şair şeir yazar, bazara getməz". Amma neyləmək olar ki, həyatın öz qanunları da var.

- Yaradıcı insan üçün nələr vacibdir və nələrin olması zəruridir?

- Mən düşünmürəm ki, yaradıcı adam üçün əlahiddə nəsə eləmək lazımdı. Sadəcə, mənə görə bu adamların maddi asılılığı olmamalıdı. Yəni onların süfrəsində çörək, ciblərində siqaretləri olarsa, kiminsə arxasınca inanmıram ki, gileylənsinlər və yaxud kiməsə həsəd aparsınlar. Bir az da kobud desəm, sözü qəpik-quruşa satsınlar. Tam ciddiyyəti ilə qəbul etdiyim bir gerçəklik var. Yaradıcı insanın masası, qələmi, evinin işığı, suyu, qazı yerində olsun, başını salıb yazısını yazacaq. Təəssüf ki, bu normal yaşam bizdə hələ yaradıcı insanların hamısını əhatə etməyib.

- Həyatın reallıqlarını qəbul etmək çətin deyil ki?

- Əvvəllər, lap konkret desəm, Tuğ kəndi işğal olunan gündən atəşkəsə qədər çətin idi. İnanmırdım ki, kəndim işğal olunub. Amma sonra həyatın sərt üzü mənə güc gəldi. Və mən reallıqla barışmalı oldum. Axına qarşı üzmək çox çətindi.

- Ədəbi mükafatlara münasibətiniz...

- Haqlı, layiqli mükafatlar həmişə xoş təəssürat yaradır. Kaş ki, burda ədalət prinsipi gözlənilə. Sən də, mən də bilirik ki, bizdə bəzən "səhv düşmələr" olur. Rəhmətlik Xalq şairimiz Qabil demişkən.

- Bir vaxtlar oxucu məktubları yazılırdı. İndi dövr dəyişib. Sizə daha çox nə barədə yazırlar?

- Şəxsən mənim özümə ünvanlanan məktublarda yazılarıma münasibətlər ifadə olunur. Hətta mübahisəli fikirlər də yer alır o məktublarda. "Ədalət" qəzetinə isə gələn məktublar bədii yaradıcılıq və bir də şikayətlərdən ibarət olur.

- Poeziyanız fəlsəfi düşüncələrlə zəngindir. Həm də şeirinizin dili sadədir, axıcıdır. Ümumiyyətlə, yaradıcılığınıza təsir edən imzalar olubmu, olubsa kimlərdi?

- Mən əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırda ayrıca bir kitabxanam var. Deyim ki, o kitabxanada sənin də mənə bağışladığın kitab yer alıb. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada.  Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən dərgilərdə çap olunan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin.

- Söz həm də İlahinin işarəsidir. Şeir yazandan sonra özünüzü necə hiss edirsiniz?

- Bu, bir məsuliyyətli işin bəhrəsidi. O məsuliyyət Allah qarşısındadı. Çünki söz Allahdan gəlir. O pıçıldayır, biz də qabiliyyətimizi və iç dünyamızın pıçıltılarını qatırıq həmin o Allahdan gələnə və beləcə dünyaya söz gəlir. Hər dəfə şeir yarananda mən özümü ağır bir yükün altından çıxmış kimi hiss edirəm. Özü də etiraf edim ki, o şeirin alınıb-alınmamasından asılı olaraq bu, həmişə belədir.

- Oxuculara sözünüz...

- Hər kəsə cansağlığı, dəyərli sözlə təmas arzu edirəm. Eləcə sənə və "Ədəbiyyat qəzeti"nə də.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.23.