Adamın gərək
ağlı olsun...
Hekayələr
Düz
deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayammazsan. Gərək
ağlın olsun, düşünəsən ki, ayə, necə
olur, sənin də iki əlin-ayağın, bir başın,
iki qulağın və s. var, o birilərinin də. Necə olur, o birilər cah-calal içində
yaşayır, sən həmişə lüt-üryansan, qəpiyə
güllə atırsan? Belə
çıxır ki, o birilərinin ağlı var, yəni sənin
kimi ağılsız deyillər. A kişilər,
heç ola bilməz ki, ağıllı
adamın pulu-parası olmasın! Ağıl
deyilən şey ki, var, gərək o mütləq adamda olsun.
Olmadı ha, batdın!
Lap uşaqlıqdan əlimə pul düşən kimi,
gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə
pis fikirlər gəlməsin, uşaq siz
düşündüyünüz şeylərə pul xərcləməz.
Deməyim odur ki, gedib xırda-xuruş
alırdım, o biri gün də xoşuma gəlmirdi,
atırdım bir kənara. Bu xasiyyətlə
böyüdüm, gözümə yaxşı nə
göründüsə, lazım oldu-olmadı aldım.
Yekə kişi oldum, ağlım
başıma gəlmədi ki gəlmədi. Nəyə
görə?
Deyin
görüm, adam da nağd pulunu əlindən
verər? Deməli, verməz. Ölənləriniz
oldu rəhmətlik! Amma mən nağd pulumu aparıb
qoymuşam özəl bir banka. Özü də nə qədər olsa
yaxşıdır? Altmış min manat! İllər
keçib, oturub sevinə-sevinə gözləmişəm ki,
başqa ölkələrdə olduğu kimi banka
qoyduğum pulun faizi də üstünə gələcək,
gedib maşın alacağam, villa tikdirəcəyəm,
dünyanı gəzəcəyəm. "Sən
saydığını say, gör fələk
nə sayır".
Bir gün xəbər çıxdı ki, pullar dəyişir. Getdim banka
ki, altmış min manatı, üstəlik, faizini də
alım. Götürüb mənə nə versələr
yaxşıdır: altı min manat! Elə orada iki əlimi ilişdirdim
təpəmə, öz-özümə dedim:
Kül sənin ağılsız başına, adam da banka pul
qoyar?! Pulun var, qoy evə, yavaş-yavaş xərclə də!
Elə bilirsiniz bu əhvalatdan sonra ağlım
başıma gəldi? Ay gəldi ha! "Quyuya su tökməklə sulu olmaz
ki!". Zəmanə dəyişdi,
özəl banklar çoxaldı. Aparıb
olan-olmazımı qoydum həmin özəl banklardan birinə.
Mənim hesabımla bir neçə ildən
sonra milyoner olmalıydım. Bir də
eşitdim bankı bağladılar, bankiri də tutdular
basdılar içəri. Heç demə,
fırıldaqçının biri imiş. "İt də getdi, ip də". Qaldım "lüt-madərzad".
İndi
özünüz deyin, ağıllı adam
da nağd pulunu əlindən verər?
Molla Qasımın yuxusu
Bir
gün rayon məscidində mollalıq edən Qasım kişi bərk yatmışdı. Yuxuda gördü ki, cənnətlə cəhənnəmin
qapılarının tən ortasındadır. Cəhənnəm
tərəfdən işıldayan od
kişinin sağ tərəfini yandırır. Sol
səmtindən isə cənnətin bahar təravətli
xoş havası duyulur. Qasım diqqətlə
ətrafına baxanda gözlərinə inanmadı. Burada mizan-tərəzi qurulmuşdu. İnkir-minkirlər əllərində toppuz
dayanmışdılar onun başının üstündə.
Qasım bir istədi sivişib xəlvətcə
cənnətin qapısından soxulsun içəri,
mümkün olmadı. İnkir-minkirin
güclü əli onun boynunun ardından yapışıb itələdi
kənara. Bu vaxt qeybdən bir səda gəldi:
- Sənin
yerin cəhənnəmdir, kişi!
Qasım
yazıq görkəm alıb başladı yalvarmağa:
- Mən
nə günah sahibiyəm, Xudaya?!
-
Özünü bilməzliyə vurma, Qasım! De
görüm, rayon əhli Paşa Mirzəyevin arvadının
ölü namazını niyə qılmamısan?
Qasım barmağını dişlədi. Bir istədi bəhanə
gətirsin, gördü yox, bu həna o hənadan deyil.
Əgər yalan danışsa, inkir-minkirlərin toppuzu təpəsindən
od çıxaracaq. Fikirləşdi
ki, düz danışsa, bəlkə ona rəhm edərlər.
Yazıq-yazıq cavab verdi:
- Pulu az idi, ya Rəbb!
- Sən
ölü namazını neçə manata qılardın ki?
- 50-60
manata.
- Birdən
ölü sahibinin o qədər pulu olmasa?
- ...
- Sən
hərdən rayonlara "qastrol" səfərinə
çıxırdın, yaslara gedirdin, dua oxuyurdun, kəbin kəsirdin,
hətta cadu eləyirdin, eləmi?
- Bəli,
Xudavəndi-aləm!
Bütün bu əməllərinə görə səni
cəhənnəmdən başqa heç yerə göndərmək
olmaz. Ancaq
qorxma, səni cəhənnəmə tək göndərməyəcəyəm,
çevril arxaya bax!
Qasım geri dönəndə heyrətindən gözləri
bərələ qaldı. Həmyerliləri Molla Manaf, Molla Məmmədtağı,
yüz cür fırıldaqdan çıxan Molla Hacı, məhərrəmlik
günü pirlərin ətrafında lövbər salan Molla
Mirmöhsün çiyin-çiyinə dayanıb tir-tir əsirdilər.
Elə bu
vaxt inkir-minkirlərin biri soruşdu:
-
Kişi, daha olan-olub, keçən-keçib. Özün
boynuna al görək, o dünyada daha nə hoqqalardan
çıxmısan?
Qasım dili-dodağı əsə-əsə
açdı sandığı, tökdü
pambığı. Barmaqlarını qatlaya-qatlaya işlətdiyi
fırıldaqları saymağa başladı. Üstəlik bildirdi ki, kənd əhli Cənnətəlinin
rəhmətlik arvadının ölü namazını
qılmaq üçün yüzcə manat istəyib. Əlavə 40 manat da yasin pulu tələb edib.
Elə ki, ölü sahibi bu məbləği verməkdən
boyun qaçırıb, başlayıb onu qorxutmağa,
üzünü camaata tutub deyib:
-
Srağa gecə yuxuda Allah-taala bu mərhumun ruhuna yasin
oxumağı mənə tapşırıb, belə olmasa rəhmətliyin
axirət dünyası əzablı keçər...
Qasım
gördü ki, iş bununla qurtarmadı,
inkir-minkirlər fırıldaqçı mollalar Manafı, Məmmədtağını,
Hacını, Mirmöhsünü də sorğu-suala çəkdilər.
Elə ki, sorğu-sual başa çatdı,
mizan-tərəzi götürüldü, inkir-minkirlər
sıra ilə düzülmüş
fırıldaqçı mollaları arxadan necə itələdilərsə,
cəhənnəmə birinci Qasım vasil oldu. Az qala kişinin ürəyi partlayacaqdı.
Yaxşı ki, asqırıb yuxudan ayıldı...
Şirinlik
Neçə vaxt idi ki, oğul həsrətində idim. Arvadın da
ki, vaxtı çatmışdı. Apardım
doğum evinə. Əhvalat da elə bundan
sonra başlandı. Uzun sözün qısası, birdən
beş nəfər xidmətçi mənə
xəbər verdi ki, "muştuluğumuzu ver, oğlun
olub". Sevindiyimdən əlimi cibimə
salıb nə qədər pulum vardısa verdim onlara. Doğum evinin bayır qapısındakı daxili
telefonu götürüb arvadıma zəng vurdum ki, təbrik
eləyim. Arvadım xəttin o başından cavab verdi:
- A kişi, arzun yerinə yetdi. İndi də sən
mənim istəklərimə əməl et.
- Buyur,
arvad! De görüm, nə istəyirsən?
- Hələlik
heç nə. Bir az "şirinlik"
lazımdır.
- Nə
lazımdır, de, gedim, bazardan alım gətirim...
-
Bazarlıq məsələsi deyil, ay kişi!
Burada mamaçalar mənə
gözaydınlığı verirlər, "şirinlik"
onlara lazımdır.
Nə edəydim?! Tez evə qaçıb
"şirinliyi" gətirdim.
Səhəri gün doğum evinə yenə zəng
vurdum ki, arvad-uşaqdan hal-əhval tutum. Arvad dəstəyi
götürən kimi qışqırdı:
- Hardasan?
- Nə
olub, ay qız?
- Nə
olacaq?! Mənə dedilər, "gəl,
uşağı göstərək", mən də getdim.
Dayələrdən biri uşaq yatan otağın
qapısını Ərəbzəngi kimi kəsdirib
"şirinliyini ver, sonra keç" dedi. Cibimdə
bir şey olmadığından, uşağımı görə
bilmədim. Tez bir əlac qıl, gedim
görüm, balam necədir?
Bunun da "əlacını qıldım".
Üçüncü
gün arvad zəng vuranda, yenə ağzı
açıldı:
- Uşaq
acından ölür! Əmizdirməyə qoymurlar ki,
"haqqı var"...
Dördüncü
gün bildirdi ki, bəs, uşağın göbəyi
düşüb, bu münasibətlə "şirinlik"
verməliyik...
Beşinci gün uşağı aparıb-gətirən
üçün "şirinlik" istədi.
- Yenə
də "şirinlik", ay arvad? - hirslə
soruşdum.
Arvad da
hirslə cavab verdi:
- Əcəb
adamsan! Bilmirsən ki, uşağı bələyənə,
bizi qapıya qədər ötürənə, ən nəhayət,
həkimə bir şey lazımdır?
Bəli, bilmirdim, onu da bildim.
Xülasə, hamını razı saldım. Arvad uşaq
qucağında bayıra çıxanda dərindən nəfəs
aldım. Taksi tutub evə gəldik.
Sayğac beş manat yazmışdı.
Əlimi cibimə salanda sürücü dilləndi:
- On beş manat!
- Nə???
-
Özünü bilməzliyə vurma, qardaşoğlu! Yəni
deyirsən bu boyda sevincdən (o, uşağa işarə etdi)
mənə pay düşmür?
Mətləbi başa düşüb
sürücünü də razı saldım.
Qohum-qonşular gəldilər
"uşaqgördüsünə". "Gətir-götür"
başlandı. Sonra da uşağa
"adqoydu" oldu. Məşədi İbad demişkən,
"a kişilər, vallahi mən söküldüm, mən
dağıldım!..". Hələ
harasıdır? Amma gərək dözək, borcumuzdur!
Sağ əlim
başınıza!
Nə ad verək?
Vallahi, qalmışam mat-məəttəl. Gecə-gündüz
fikirləşirəm ki, bu müğənnilər niyə, nə
üçün, nə səbəbə özlərini bu
kökə salırlar?
Əvvəla,
bunların qiyafələrini, yəni geyimlərini görəndə
adam çaş-baş qalır. Heç demə, oxuyanlar üçün əsas məsələ
elə bu imiş. Gərək elə
geyinsinlər ki, nəzəri cəlb etsinlər. Şəhərdə bir kimsədə həmin geyimdən
olmasın. Qızıl, brilyant üzüklər,
cürbəcür sifət boyaları...
Hələ bu harasıdır? Birdən oturub
başıma vura-vura fikirləşirəm ki, bunların
sahibi-zadı yoxdur bəyəm, çılpaq
çıxırlar camaatın qabağına? Baxırsan, gözəl-göyçək
xanımlardır, amma bədənlərinin bir-iki yerindən
başqa hər yerləri açıq-aydın
görünür. Hamı qalır baxa-baxa, heç kim bilmir bu "müğənnilər" nə
oxuyur, necə oxuyur? Oralarını-buralarını
əyə-əyə oynamaları da öz yerində.
Hələ çəkildikləri "klipləri"
demirəm. Bir də görürsən, biri soyunub girir dənizə.
Biri bədəninə yağ sürtüb
arxası üstə yıxılır qumun üstünə,
par-par parıldayır. Biri vannada uzanır, sabun
köpüyünün içində. Biri
yalandan göz yaşı axıdır. Biri
qayanın başına çıxır. Biri
döşəyə sərələnir. Biri yatır...
Səs-küy, gurultu... Aləm qarşıb
bir-birinə.
Öz mahnılarımızı oxuya bilmirlər, amma
başqa millətlərin mahnılarını oxuyurlar. Allah, amandır!
Özü
də hər gün televiziyalarda görünməsələr
ürəkləri partlayar. Axırda da nə desələr
yaxşıdır: "Xalqa xidmət etmişik, bizə fəxri
ad verin".
Sizə nə ad verilsin, ay xanımlar? Bizi el
içində biabır-rüsvay elədiyiniz bəs deyil, hələ
fəxri ad da istəyirsiniz? Xaricdə
böyük-böyük müğənnilərə ad-filan verirlər?
Onlara baxıb cürbəcür hoqqalardan
çıxırsınız! Niyə onlara
oxşamağa çalışırsınız?
Elimizin-obamızın adət-ənənələri var,
axı!
Mən ölüm, yaz!..
- Salam,
qardaş! Səni göydə axtarırdım, yerdə əlimə
düşmüsən...
Neçə
il əvvəl haradasa
görüşdüyüm bir nəfər küçədə
təngnəfəs mənə yaxınlaşdı. Əlimi bərk-bərk
sıxdıqdan sonra sözünə davam etdi:
-
Eşitmişəm, yazansan...
- Hə,
redaksiyada işləyirəm.
O, bu
sözə bənd imiş kimi yalvarmağa başladı:
- Qələminə
qurban olum, məndən yaz!
Qeyri-ixtiyari
dodağım qaçdı:
- Nəyindən
yazım sənin?
- Pisliyimdən.
Adama, işçiyə yaraşmayan hərəkətlərimdən!
Elə bildim müsahibim zarafat eləyir. Laqeydcəsinə
soruşdum:
-
Biabır olmağının sənə nə xeyri var ki?
O, düz
gözlərimin içinə baxıb, davam etdi:
- Xeyri
var. Çox xeyri var! İstəyirsən, sənə nə qədər
adam adı çəkim ki, haqqında
felyeton yazan kimi kişini öz işindən
çıxarıb, qoyublar daha böyük vəzifəyə.
Çünki qəzet onların nəyə qadir
olduqlarını bəzi-bəzi adamlara başa salıb...
- Bu necə
ola bilər axı?
- Əşşi, sən də özünü bilməzliyə
qoyma. Siz yazırsınız, o adamı işdən
çıxarıb qəzetə cavab verirlər ki, cəzasını
verdilər. Bir müddətdən sonra, həmin
adamı qoyurlar əməlli-başlı vəzifəyə,
özü də xeyir götürür, onu işə qoyanlara
da xeyir verir. Necədir sənin
üçün?!
-
Axı...
- Bilirəm,
demək istəyirsən, şəxsi işləri qəzetə
yazmaq olmaz. Amma mənim işlərim şəxsi
deyil. O balaca vəzifəmdə min cür
fırıldaqdan çıxıb başqalarını da
pozuram, bu bir. Müdirin dodağının tərpənişindən
nə istədiyini bilib əlüstü yerinə yetirirəm,
bu iki. İş yoldaşlarımla səhərdən-axşamadək
ley-peydəyəm, bu üç. Heç
soruşan yoxdur ki, o qədər pulu haradan qazanıram.
"Bacarana baş qurban" deyiblər! Bir
sözlə, əlimdən nə istəsən, gələr.
Qələmini itiləsən görərsən
ki, yazılmalı şey çoxdur.
- A kişi, ağrımayan başına dəsmal
bağlama...
- Mənə
bax, bildirçindən qorxan darı əkməz.
- Axı,
heç kim istəməz ki, ayranına
turş desinlər...
- Bilirsən,
bir yaxşı vəzifə var, div qurbağaya aşiq olan
kimi, mən də o vəzifəyə aşiq olmuşam. O elə
iş yeridir ki, orada bu gün yatan yumurta sabah
göydə uçan quş olur. Deyirlər, ora
bacarıqlı işçilər axtarırlar. Yaz,
görsünlər mənim bacarığımı...
- A kişi, axırın yaxşı olmaz...
O,
yazıq görkəm aldı:
- Mən
ölüm, yaz!
Səhəri gün marağım məni onun işlədiyi
idarəyə apardı. Doğrudan da, kişinin
"fırıldaq aləmində" "istedad sahibi"
olması barədə mənə o qədər
danışdılar ki, matım-qutum qurudu. Ürəyimdə
fikirləşdim ki, "hə, indi yazaram"...
Bir felyeton yazıb qəzetdə dərc etdirdim. Aradan bir-iki ay
keçdi. Redaksiyada oturub yazı-pozu ilə
məşğul idim. Bir də
gördüm qapı taybatay açıldı.
Felyetonumun "qəhrəmanı" gülə-gülə
üstümə yüyürüb məni qucaqladı:
- Mən
ölüm, gəl səni öpüm!
"Dostum"
o üzümdən-bu üzümdən marçamarçla
öpüb nəfəsini dərəndən sonra dilləndi:
-
Qardaş, vallah, siz qəzetçilərin qələmində
hikmət var. Elə bil, felyetonu gözləyirmişlər, qəzetdə
çıxan kimi baş idarədə mənimlə
maraqlanmağa başladılar. Əvvəl istədilər
məni köçürmə yolu ilə
arzuladığım vəzifəyə keçirsinlər.
Birdən ağıllarına gəldi ki, necə olsa, qəzetə
cavab vermək lazımdır axı... Köçürülmə
məsələsi olmadı, amma sənə dediyim minvalla qəzetə
cavab verib, arzumu ürəyimdə qoymadılar. Bir-iki
dostum var, onları da göndərəcəyəm sənin
yanına...
Bu əhvalatdan
sonra bir də felyeton yazmadım...
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.22.