Beş min ilin yalanı
"Şur"
nəşriyyatı Sadıq
Elcanlının "Əbədiyyət
karvanı" kitabını
nəşr edib. Kitaba yazıçının
əsasən son illərdə
yazdığı nəsr
və publisistik əsərləri, eləcə
də Məhəmməd
Füzulidən bəhs
edən "Dahi dərdkeş" telepyesi
daxil edilib. "Əbədiyyət karvanı" müəllifin
"Beş min ilin yalanı" yazısı
ilə açılır.
Həmin
məqaləni oxucularımıza
təqdim edirik.
Ədəbiyyat insanlıq cəngəlliyində
həyat nizamı tapmaq, qarlı-çovğunlu
çöllərdə əbədi
bahar çiçəkləri
axtarmaq cəhdidir. Ədəbiyyat dini-mifik inamlara görə torpaq və ruhun vəhdətində
biorobot kimi yaradılan insan qəfəsindən xilas, qurtuluş cəhdidir.
Ədəbiyyat Lövhi-Məhfuzda - qorunan Lövhədəki ilahi yazıları yenidən yazmaq, yaratmaq cəhdidir. Və görünür, ədəbiyyatın taleyinə
ideal tamlıqda axtardığını
tapmamaq, getdiyinə çatmamaq, arzuladığını
yaratmamaq qisməti yazılıb, ideal tamlıq,
tanrısal bütövlük
vəhdəti, yəni
ilahi yaradılış
Allaha məxsusdur...
Ədəbiyyat haqqında bitkin
söz demək ümidiylə yazdığım
bu didərgin cümlələrin naçar,
gedər-gəlməz yollarında
duyğular şəhid
olur; "Sındır
qəfəsi, tazə
gülüstan tələb
eylə"qışqıran Nəsimi misraları qiyam qaldırır, "Anıb tənhalığı
qəbr içrə nifrət qılma ölməkdən, Təriqi-üns
tut kim, hər ovuc torpaq bir
adəmdir" Füzuli
beyti nigaran bir ümidlə beytullahın bağlı qapılarını döyür,
Y.Kamalın "Ölüm
asudə bahar ölkəsidir bir rində" poetik pıçıltısı sözün
son sahillərində qan-qırmızı
şərabın meyxoş
busələrindən "kam"
alır...
Və mən söz haqqında söz demək cəhdinin yenə də boşa çıxdığını düşünürəm; söz
əzəli bağlı
qapılarını açmaq
istəmir. Jurnalistlər Evinin yeddinci
mərtəbəsindəki mənzilimin eyvanından gördüyüm mübhəm
mənzərə - Xəzərin
sübh şəfəqləriylə
dəlisov öpüşləri
ruhumu titrədir; söz haqqında söz demək inadımdan əl çəkib, yeni kitabımın adını
dəyişməyə qərar
verirəm. "Dahi
dərdkeş" yox,
"Əbədiyyət karvanı"
olsun; hər dəfə söz haqqında dərindən dərin düşüncələrə
dalanda, sevdalı gedər-gəlməz yollarında
yorulanda nagahan bir səs-çağırış,
sirri-xuda bir duyğu dumanı ruhumun üfüqlərindən
boylanır, əbədiyyət
karvanının susqun
sorağını gətirir
mənə...
Haradansa
uzaqlardan, beş
min il əvvəlin Şumer mətnlərindən
mələklərin qıyam
qışqırıqları sirli sükutu sındırır; sükutun
qanlı sınıqlarında
gecə-gündüz qul
kimi işləyən
mələklərin qabarlı
əlləri dil açır - biz daha dözə bilmirik, bu əbədi əzablara son ver, deyirlər...
Və Tanrı qəti qərara gəldi, ağır, əzablı işləri görmək
üçün adamları
yaratdı; amma əsl həqiqəti gizlətdilər, adamların
iylənmiş torpaqdan
yaradıldığını bəyan etdilər ki, mələklər kimi, insanlar da ağır, əzablı işlərdən
yorulanda, bezəndə
qiyam qaldırıb,
"Biz də Tanrı
övladıyıq, bu
sonsuz zülmə son qoyun" deməsinlər...
Təzə kitabımın çağırış
yollarında dolana-dolana
Ernest Heminqueyin təsəllisini
düşünürəm: "Zaman kitab üzərində
hökmranlıq etməyə
qadir deyil; kitablar çox əsrlər bundan öncə olduğu kimi bu gün
də təzədir".
Qədim Hind vedalarından
Allah adına çıxılan bir cümlənin səsi gəlir: "Mən suyun dadı, Günəşin işığı,
efirin səsi, insanın istedadıyam, hər şeydə, hər yerdə var olan mənəm".
Və qəfildən müasir dövrün ən böyük Allah sözçüsü Poma
Papasının qəribə
etirafı donan şüşəni nəfəs
kimi canlandırır:
"Allah da insanlarla bir yerdə inkişaf edir". O da öz yerində
ki, mütləq, absolyut həqiqətin inkişafı haqqında düşünmək, nədənsə,
əzablıdır. Alman
filosofu Rudolf Panvitsanın
1914-cü ildə qələmə
aldığı "Avropa
mədəniyyətinin böhranı"
əsərində ilk dəfə
işlədilən Postmodernizm
termini ədəbiyyatda elə
qapılar açdı
ki, indi bəzən insanın sözə yazığı
gəlir; ədəbi
məqsədi oyun üsulu, bədii inkişafı təsadüf,
bütöv janr estetikasını mətn...
əvəzlədi. Yüz
ildən artıqdır
ki, Postmodernizm ədəbiyyatın neçə
min illik yaddaş yollarını tapdalayır,
çıxdaş edir,
əbədi təzə
kitabları köhnə
əşyalar saxlancına
atır, bütün qaydaları, normaları, dəyərləri inkar edərək üsyankar anarxiyaya, çılpaq mətnə
haqq qazandırır, bir sözlə, real insanı virtual postinsana hazırlayır. Deyəsən,
beş min əvvəlin mələklər
qiyamını çağdaş
dövrün insanlar qiyamı təkrarlayır;
səma və yer kitabları İsa kimi çarmıxda
əzab çəkən
adamı susdura bilmir. Nə "Mənə mükəmməl
dil verin, sizə mükəmməl
mədəniyyət (ədəbiyyat)
verim" (Leybnis) çağırışı, nə "Ədəbiyyat
eşq məsələsidir"
(R.Bredberi) düşüncəsi,
nə "Aldanma ki, şair sözü
əlbəttə, yalandır"
(M.Füzuli) etirafı...
heç nə köməyə gəlmir.
Qədim İbranicədə
"Qızıl torpaq"
anlamına gələn
Adəm Virtual postinsan
epoxasının qapısı
ağzında heyrət
və çaşqınlıq
heykəlinə dönüb...
Bu qəliz fikirlər
cəngəlliyində yazın
çəmən-çiçəyilə
qol-boyun olan bir talada ruhum
dincəlir. Düşünürəm ki, yaxşı
köhnə pis yenidən yaxşıdır.
Ədəbiyyat, əslində, bin-binədən həqiqətə
xidmət edən yalanlar məmləkətidir.
Ədəbi söz ilğımdır;
məqsəd, missiya çox böyükdür,
planetar miqyasda taleyüklüdür; məncə,
Ç.Darvinin dediyi əməkdən daha çox, bədii-estetik düşüncə, dünyanı
bədii-estetik qavrama sevdası, yəni nəticə olaraq ədəbiyyat, bütöv
mədəniyyət insanı
insan elədi. Ən əvvəldə var olan söz insanı
"İncil", "Quran", Şekspir, Füzuli miqyaslarında yenidən yaratdı, heç olmasa buna cəhd
etdi. Və bu gün minillər boyu baş verən bu bəşəri missiyanın kədərli
qürub çağı
duyğuları üşüdür.
Görkəmli alim, riyaziyyatçı
Rafiq Əliyev etiraf edir ki,
"Bu gün dünyanın,
bəşəriyyətin ən
böyük qorxusu robotların üsyanıdır".
Ədəbiyyat insanı
biorobotluqdan necə uzaqlaşdırır, xilas
edirdisə, indi virtual
dünya insanı eləcə biorobota doğru sıxışdırır,
sosial şəbəkələr,
internet, robot cəngəlliyinə sürükləyir; insanlıq
real buğda zəmilərindən
daha çox, virtual buğda zəmilərinin qayğısına qalır,
bəşəri dəyərlər
virtuallaşır; insan
əzəli ünsdən,
canlı ünsiyyətdən
uzaqlaşır, real kosmosu
əvəzləyən internet xaosunda virtual adalar sakininə çevrilir. Və belə görünür ki, xalqlar atası sayılan Şumerin beş min yaşlı mətnlərində işləməkdən
bezib qiyam qaldıran mələklərin
əvəzinə yaradılan,
əsl həqiqəti
bilməməsi üçün
yalanla "mükafatlandırılan"
adamlar da planetar qiyamın qapısı ağzında,
bəşəri qürub
çağının məşum
kədəriylə, sirri-xuda
yeni çıxış
yolunun əzablı kölgəsiylə üz-üzədir.
Haradansa yaddaşımda
ilişib qalan iki balaca misra
böyük bəşəri
bəyanatın ümidə
söykənən ilk, bəlkə
də ümidsiz son çağırışı kimi səslənir: "Qarşıdan bir gecə gəlir, //Açılmağa sabahı
yox..."
***
Qara bir vahimə kimi çırpınan Xəzər
sübh günəşinin
sevdalı öpüşləriylə
qol-boyun olub, bir damcı gülgün göz yaşı kimi durulub. O ilahi duruluğa
mat-mat baxa-baxa qəfildən
düşünürəm ki, söz, bəlkə
də, beş
min il əvvəlin ilkin bəşər mətnlərində yasaqlanan
o Tanrı gizlinlərinin
qapılarını döyməkdən
başlayıb; söz
azı beş min ildir ki, həqiqətin
qapılarını döyür
və azı beş min ildir ki, o bağlı qapıları açan yoxdur. Nə Şumer, Elam, Babil yazıları, nə Orxon-Yenisey bərgüdaşları,
nə Gəmiqaya, Qobustan təsvirləri, nə Dədə Qorqud kitabı, Homer dastanları, nə söz adına fəth olunan saysız-hesabsız zəfər
zirvələri... İnsanla bağlı
əzəli gizlinin, Tanrısal sirrin əbədi qapanmış
qapılarını aça
bilməyib. Acı, ağrılı
bir təbəssüm
göz yaşı içində çırpınır
ki, ədəbiyyat haqqa doğru gedir, özü də haqqın bağladığı qapını
açmağa tələsir.
Və bu sirri-xuda tilsimin, qaranəfəs tələskənliyin
ən azı beş min illik
tarixçəsi var...
Əziz oxucum, "Əbədiyyət
karvanı" adlı
növbəti kitabımın
Ön sözündə
son illərin ədəbi
duyğularımı dilə
gətirmək istəyirdim,
amma söz öz bildiyini elədi, tamam başqa çöllərə
çəkib apardı
məni. Və bir daha əmin oldum ki, ədəbiyyat əzəli gizlinlərə
güzgü tutmaq cəhdidir; sözün yaralı yaddaş çöllərindən çarmıxa
çəkilmiş həqiqətlərin
səsi gəlir.
Əsası odur ki, o səsləri eşitmək,
o səslərlə ruhun
güneylərində əl
tutub görüşmək
istəyəsən. Kitabımı
belə bir istəklə oxuyanlara salamlar olsun...
Bakı,
Jurnalistlər evi
02.02.2022
Sadıq ELCANLI
Ədəbiyyat qəzeti.- 2022.-
2 aprel.- S.25.