Canlı ensiklopediya,
yaxud diplomsuz alim
Qulam Məmmədli-125
Qulam Məmmədli
- XX əsr Azərbaycan mədəniyyətində ən
unudulmaz adlardan biri, teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı,
tanınmış mətnşünas, canlı ensiklopediya (1897-1994).
Bir neçə il də yaşasaydı,
100 yaşını görəcəkdi. Ömrünün
son günlərini, aylarını dünya
işığına həsrət yaşadı. Amma tərtib
etdiyi neçə ədəbi salnaməyə ("Molla Nəsrəddin",
"Hüseyn Ərəblinski", "Azərbaycan
teatrının salnaməsi" - iki hissəli, "Üzeyir
Hacıbəyov", "Cavid ömrü boyu", "Nəriman
Nərimanov", "Abbas Mirzə Şərifzadə"),
illərlə redaktoru olduğu qəzet-jurnal səhifələrinə,
elm aləminə tapıb gətirdiyi son dərəcə nadir
əlyazmalara, çap üzü görməyən onlarca sənətkarın
külliyyatına, ədəbiyyatımızın, mətbuatımızın
və teatrımızın müxtəlif problemlərinə həsr
edilmiş yüzlərlə məqaləyə Qulam müəllimin
ömründən işıq düşmüşdü. Bu
işıq Azərbaycanın Füzuli təbli şairəsi
Heyran xanımı xalqına tanıtdırmış, Mirzə
Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəriman Nərimanov,
Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə,
Cahangir Zeynalov kimi qüdrətli sənətkarların
ömür və sənət yollarını dolğunluğu
ilə əks etdirmiş, yüzlərlə naməlum
imzanın əsl müəllifinin kim olduğunu
aydınlaşdırmış, Azərbaycan teatrının
formalaşmasında böyük xilmətləri olan sənətkarların
tərcümeyi-halını dəqiqliyi ilə əks
etdirmiş, bir sözlə, tükənmək bilmədən
şölələnmişdir.
O zaman
oxucular maraqlanırdılar ki, görəsən, bu qədər
işləri görən Qulam Məmmədli Akademiyanın
müxbir üzvüdürmü, bəlkə elmlər doktorudur,
yaxud elmlər namizədidir? Axı bu qədər
araşdırıcılıq gərgin zehni əmək tələb
edir. Yox, Qulam Məmmədli heç bir
institut bitirməmişdi. Görkəmli ədəbiyyatşünas
Əziz Mirəhmədov yazırdı: "Hamısı bir
yana, fövqəladə hal deyilmi ki, cibində nəinki universitet,
yaxud institut diplomu, hətta orta məktəb attestatı da
olmayan Qulam Məmmədli Azərbaycanın qabaqcıl
ziyalılarından biri kimi çoxdan tanınmaqdadır. Təəccüblüdür:
bizim əsrimizdə diplomsuz ziyalı, özü də
görkəmlisindən... cəmi dörd il molla məktəbində
oxuyasan, amma ən böyük ziyalı olasan".
Qulam Məmmədli
universitet bitirməsə də, əsl həyat universiteti
keçmiş, şəxsi mütaliədən, adi həvəs
və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın,
teatr tariximizin nüfuzlu araşdırıcısına
çevrilmiş, bir sözlə, az qala
bütöv bir institutun öhdələyə biləcəyi
işləri görmüşdü. O, Mirzə Cəlili,
Ə.Haqverdiyevi, N.B.Vəzirovu, Ruhulla Axundovu, Salman
Mümtazı, Üzeyr Hacıbəyovu, Cəfər
Cabbarlını görmüş, onların bir çoxu ilə
şəxsən dost olmuşdu.
Hansı mənəvi qüvvə idi, hansı qarşısıalınmaz
ehtiras idi onu bu gərgin, son dərəcə məşəqqətli
fil əməyinə sövq edən? Axı, Qulam müəllim
öncə qeyd etdiyim kimi, heç bir mükafat, təltif
gözləmirdi. Sovet dövlətindən
aldığı nə olmuşdu? "Azərbaycanın
Əməkdar mədəniyyət işçisi" fəxri
adı, Azərbaycan Jurnalistlər İttifaqının
"Qızıl qələm" mükafatı laureatı,
bir də "Əmək veteranı" medalı. Bunları isə o dövrdə Qulam müəllimin
gördüyü işlərin heç yüzdə birini də
görməyən onlarca adama asanlıqla bəxş eləyirdilər.
Bəlkə firavanlıq içində
yaşayırdı? Yox, qələmiylə
dolanırdı və darısqal bir otaqda ömür
sürürdü, neçə yerə ərizə, şikayət
yazmışdısa, qulaq asan olmamışdı. Bəs hansı qüvvə idi?
Buna Qulam
müəllimin öz sözləriylə cavab verək: "Məni
bütün bu işlərə təhrik edən qüvvənin
adı zəhmətdir. Mən burada heç bir
sirr-zad görmürəm, yəni mən öirümü sərf
elədiyim bu işə ləzzət və zövq mənbəyi
kimi baxmışam. Bilirəm ki, məndən
çox, xalqa lazımdır. Elə olub ki, Moskvada, ya
başqa bir şəhərdə kitabxanaya getmişəm, bir
də ayılıb görmüşəm ki,
kitabxanaçı əlini çiynimə vurur: "A
yoldaş, hamı gedib, bircə siz qalmısınız".
Qulam müəllimin çox yaxın dostları olub,
onlardan biri də mərhum professor Abbas Zamanov idi. Abbas müəllim məqalələrinin
birində yazırdı: "Deyə bilərlər ki,
faktları toplayıb bir-birinə calamaq çox da çətin
iş deyildir. Yox, bu işin xüsusiyyətinə
bələd olanlar bilirlər ki, salnamə elmi ədəbiyyatın
ən çətin növüdür. Qulam
bu salnamələri gərgin günlərin, yuxusuz gecələrin
hesabına yaratmışdır. Bunun üçün o,
Bakıda və Təbrizdə, Tbilisidə və Yerevanda,
Moskvada və Leninqradda, Daşkənddə və Aşqabadda və
bir çox başqa şəhərlərdə arxivlərin təkində
uzun illər boyu axtarışlar aparmış,
çalışıb-çapalamış, necə deyərlər,
iynə ilə gor qazmalı olmuşdur".
Qulam
müəllim deyirdi: "Mənim xoşbəxtliyim
bundadır ki, bu işə - salnamə tərtibinə, mətbuat
və teatr tarixiylə bağlı araşdırmalara gəncliyimdən
başlamışam. Bir də baxıb
görmüşəm ki, böyük qovluqlar yaranıb.
İndi məni küçədə də
yaxalayıb hər hansı bir ədəbi faktı, istənilən
sənətkarın bir əsərinin tarixi, çapı,
taleyi barədə soruşsalar, dərhal cavab verərəm.
Mənim Məmmədəli Sidqi adlı bir
dostum olub. Bütün ömrünü mətbuata
həsr etmişdi. 1910-1911-ci illərdə
"Molla Nəsrəddin" jurnalında Mirzə Cəlili
redaktor kimi əvəz etmişdi. Cavid,
Hacı İbrahim Qasımov, Hüseyn Minasazov kimi ədiblərlə
yaxın olub. Amma Məmmədəli özüylə
çox-çox açılmamış sirlər apardı,
bu adam vaxtında xatirə yazsaydı,
salnamələr yaratsaydı, nə qədər xeyirli iş
görmüş olardı. Məmmədəli
sinəsində dəryaları apardı".
Nə yaxşı ki, Qulam Məmmədli vaxtında bu
işləri gördü. Elə bircə "Sizə kim
lazımdır?" ədəbi-tarixi məlumat cədvəlini
götürək, burada 4000 ədəbi mənbə vasitəsilə
2700 şəxsiyyətin adı çəkilirdi.
Xoşbəxtəm ki, tale məni bir neçə dəfə
Azərbaycan mədəniyyətinin bu canlı
ensiklopediyası ilə üz-üzə gətirib. O zaman Qulam müəllim
keçdiyi həyat yolundan xeyli danışdı.
Onun dedikləri:
"Nəslimiz Təbrizdəndir. Orada
doğulmuşam. Məni Aşqabada 6
aylığında bələkdə gətiriblər. Atam və anam adi adamlar idilər. 7 yaşından Molla Hüseynin "məktəbində"
oxumuşam. Bir cümə axşamı atam məni
çağırıb dedi: "Ay bala, bu əziz axşamda gətir
"Quran"ı, bir şey oxu". Mən də
"Quran"ı götürüb avazla oxumağa
başladım. "Yasin vəl-Quran-ül
hakim-ləmin əl seyyid-əl-mürsəlin". Atam
"ölmədim, bu günü də gördüm,
yaxşı, bəsdi daha, səndən molla
çıxmayacaq, mirzə olmayacaq, çörək qazanmaq
lazımdır" - dedi. Mən də
başladım çörək qazanmağa. Altı ay çəkməçi şagirdi oldum.
Sonra usta Hüseynağanın dəmirçi dükanına gəldim.
Mənim savadlanmaya, qəzetə gedən yolum da
o dəmirçi dükanından başladı. Usta Hüseynağa və onun dəmirçi
dostları pul yığıb Bakıdan göndərilən
"Səda" qəzetini alıb oxuyurdular. Əlbəttə, ustalar savadsız idi, qəzeti
onlar üçün mən oxuyurdum.
Bakıya 1923-cü ildə gəldim. Məni
Bakıya "Kommunist" qəzetinin Aşqabad müxbiri
Yaqub Nəsirli gətirdi. Yaqub dedi ki, əvvəlcə
gedək Mirzə Cəlilin yanına. O zaman Mirzə Cəlil
"Molla Nəsrəddin"dən başqa, həm də
"Yeni yol" qəzetinin redaktoru idi. Yaqubla
Mirzə Cəlil söhbət edirdilər. Birdən Mirzə
Cəlil dedi:
- Bu cavan
kimdir?
- Mürəttibdir.
- Bura niyə
gəlib?
-
Özünə iş axtarmağa.
-
Tapıbmı?
- Xeyr.
Mirzə
Cəlil götürdü trubkanı, "Barışnya,
dayte mne takoy nomer...", kiminləsə
danışdı: - Mirzə Qədir, burada bir cavan oğlan
var, göndərirəm sənin yanına. Ona bir iş
ver". Mirzə Cəlilin köməyi ilə
"Kommunist" mətbəəsində naborçu işlədim.
Bir müddət keçdi, gördülər
ki, təmiz yığıram, mənə ən ciddi
materialları da etibar etdilər".
1982-ci ildə Qulam Məmmədli ilə, onun o dar
otağında apardığım müsahibədə Qulam Məmmədliyə
sual verdim ki, siz Mirzə Cəlili ilk dəfə haçan
görmüsünüz? Dedi ki, mən Mirzəni ilk dəfə 1916-cı ildə
Aşqabadda görmüşəm. Deyəsən,
Əliqulu Qəmküsarla gəlmişdilər. Biz azərbaycanlılar Mirzənin gəlişi
münasibətilə "Ölülər"
komediyasını hazırladıq. Amma bəhayi
təriqətindən olanlar polismeysterə şikayət elədilər,
tamaşa baş tutmadı. Mirzə Cəlil
mənim dinə olan fanatik etiqadımı da sarsıtdı.
Mənim atam namaz qılmırdı,
çünki buna vaxtı yox idi. İşdən
çox yorğun gəlirdi. Anam deyirdi, a kişi,
heç olmasa bir rükət namaz qıl. Atam da: "Elə
Allah gözünü mənim bir rükət namazıma
dikib" - deyərdi. Amma atam namaz qılmasa da,
qatı dindar idi və mən də bu cəhətdən atama
oxşayırdım.
Qulam
müəllimdən xahiş etdim ki, siz Hüseyn Cavid,
Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy
Haqverdiyev, Cəfər Cəbbarlı, Abbasmirzə Şərifzadə,
Rza Təhmasib, Kazım Ziya kimi sənətkarlarla
görüşmüsünüz, dostluq etmisiniz. Bu haqda söz açın. Dedi ki, Hüseyn
Cavid adlı bir şair olduğunu "İqbal" qəzetində
və "Məktəb" jurnalındakı şeirlərini
oxuyurduq. Lakin bu şeirlərin əsl mənasını
başa düşmürdük. Açıq
deyək, dili, dərin məzmunu, fəlsəfəsi bizim kimi
kəmsavad, məktəb və müəllim görməmiş
gənclərin şüuruna çatacaq şeirlər deyildi.
1913-cü ildə "Ana" adlı nəzmlə
yazılmış dram, "Keçmiş günlər" və
"Bahzar şəbnəmləri" kitabları gəlib
Aşqabada da çıxdı. Aldıq, oxuduq,
"Ana" hamımıza xoş təsir
bağışladı. Bundan sonra mən
Cavidin əsərlərini tez-tez oxumağa başladım.
Caviddə nə qədər şairənəlik
vardı. Onu dərk etdikcə,
böyük şair-dramaturq olduğunu hiss etdim. Aşqabadda "Heyda" və "İblis"
tamaşaları oynanıldı. "İblis"
altı-yeddi il Aşqabad səhnəsində
qaldı. İyirminci-otuzuncu illərdə Hənəfi
Zeynallının, Abdulla Şaiqin, Seyid Hüseynin, Əziz
Şərifin, Əmin Abidin, Mustafa Quliyevin, Əli Nazimin, Xəlil
İbrahimin Cavid əsərlərini bəzən obyektiv, əsasən
subyektiv təhlilini verən məqalələr gəncləri
böyük şairin yaradıcılığı ilə
tanış edir, onu bizə tanıtdırır, sevdirirdi. Hər dəfə Bakı küçələrində
sakit addımlarla gedən gördükdə, ona bir də
baxmaq məqsədilə ayaq saxlayardıq. Sonuncu dəfə mən Cavidlə 1937-ci ilin aprel
ayında, Üzeyir bəyin şah əsəri
"Koroğlu"nun tamaşasında görüşdüm,
onunla bu opera barədə kiçik bir müsahibə
apardım. Cəfər Cabbarlı ilə də çox
yaxın dost olmuşuq. Elə dost ki, qəlbimizdən
keçəni hər hansımız başa düşənə
qədər. Cəfərlə hər görüşəndə
deyərdi: "Qulam, dünən filan tənqidçi yaman
çəkdi mənə, vallah, nə istəyirdi məndən,
başa düşmədim". "Qulam, gəlsənə,
səninlə gedək bağımıza, Sonası bir pürrəngi
çay hazırlasın bizə". Üzeyirlə
də tez-tez görüşmüşük. Bax, bu evdə Üzeyir bəylə oturub çay
içmişik, söhbətlər eləmişik. Rza Təhmasib,
bax, onunla da dostluğum möhkəm olub. Amma bir
dəfə Rza ilə bir məsələdə möhkəm
"çəkişmişik". Rza
sübut eləmək istəyirdi ki, "Ölülər"
komediyası ilk dəfə 1915-ci ildə Naxçıvan
teatrında səhnəyə qoyulub. Amma mən
ona cavab olaraq bir məqalə yazdım, göstərdim ki,
"Ölülər" yalnız və yalnız 1916-cı
ildə - ilk dəfə Bakıda göstərilib. Naxçıvanda isə 1917-ci ilin iyununda tamaşaya
qoyulub, ilk tamaşa Naxçıvanda olsaydı, o zamankı qəzetlər
bu böyük hadisəni qeyd etməyə bilməzdilər.
İyirminci illərdən üzü bəri
bütün böyük sənətkarlarla bu və ya digər
dərəcədə bağlılığım olub. Daha sonralar Rəsul Rza, Abbas Zamanov, Qılman İlkin
ən yaxın dostlarım idi. Salman
Mümtazla da səmimi münasibətim olub. Mən onu
Aşqabaddan tanıyırdım... Sən demə,
o, atamı yaxşı tanıyırmış. Onu görəndə həmişə ehtiramla baş
əyirdim. O isə bəzən məni saxlayıb deyərdi:
"Qulam, sən mənə baş endirmə, salam ver. Salam
verməməyin üstündə səni cərimələyirəm.
Get atana de ki, 5 bayatı, 2 qəzəl göndərsin... Atam hafizəli idi, mənə bayatı əzbərlətdirər,
qəzəl söylədərdi, mən də bunları Salman
Mümtaza çatdırardım".
Qulam Məmmədlinin zəhmətsevər bir insan
olduğunu nəzərinizə çatdırdım, amma o, həm
də öz işinin, sənətinin ustasıydı və elə
buna görə onu irəli çəkir, məsul vəzifələrə
təyin edirdilər. O zaman fəhlə müxbirlərə xüsusi rəğbət
var idi... 1929-cu ildə Qulam Məmmədlini "Kommunist" qəzeti
redaksiyasına ədəbi işçi götürdülər.
Az sonra yaxşı işlədiyini
görüb əməkçi məktublar şöbəsinin
müdiri vəzifəsinə, sonra isə məsul katibliyə
irəli çəkdilər. Bir gün MK katibi Ruhulla Axundov
Qulam Məmmədlini çağırıb dedi: "Qulam, sən
vicdanlı, təmiz adamsan. Biz səni "Kəndli"
qəzetinə redaktor vermək istəyirik. Düzdür, qəzet Sultan Məcid Əfəndiyevin
(Azərbaycan SSR MİK sədri - V.Y.) redaktorluğu ilə
çıxır, amma onun adı formaldır, qəzeti sən
idarə edəcəksən. O, iki il
həmin qəzetdə redaktor müavini vəzifəsində
çalışır. Etiraf edir ki, kənd təsərrüfatı
məsələlərindən o qədər də
başı çıxmır, amma qəzetdə işləyən
əməkdaşlar ona kömək edirdilər. Qəzet ancaq təsərrüfat məsələlərini
deyil, mədəniyyət məsələlərini də
işıqlandırırdı. Qulam Məmmədlinin
Maksim Qorki ilə məktublaşmaları da elə bu qəzetdən
başlayır. Qorki öz məktubunda
onları el ədəbiyyatı nümunələri toplamağa,
folkloru təbliğ etməyə ruhlandırırdı.
Qəzetin hər nömrəsində qəzetə
göndərilən el ədəbiyyatı nümunələri
çap olunur. İki ildən sonra Sultan Məcid Əfəndiyev
Qulam Məmmədlini öz kabinetinə
çağırdı: "Sabahdan qəzetin sonunda mənim
yox, öz adını redaktor yazarsan, bu, MK-nın göstərişidir"
- dedi.
1941-1946-cı illərdə Qulam Məmmədli Sovet
Ordusu sıralarında Təbrizdə olur, müəyyən
fasilələrlə "Vətən yolu" qəzetində
əməkdaşlıq edir. Fədainin "Bəxtiyarnamə"sini,
Heyran xanımın külliyyatını, Möcüzün əsərlərini
ilk dəfə elm aləminə məhz o, təqdim edir. Təbrizdə Hacıməmməd Naxçıvani
adlı bir ədəbiyyat vurğunu ilə rastlaşır,
onun zəngin kitabxanasına baş çəkir. Onun nadir kitabxanasında Heyran xanımın yeganə
əlyazmasını görəndə elə bil,
dünyanı ona bağışlayırlar".
Söhbətimiz zamanı Qulam müəllim deyirdi ki, elə
gecələr olur sübhəcən işləyirəm. Uşaqlıqdan
zəhmət çəkməyi, gördüyüm işlərdən
fərəh duymağı adət eləmişəm.
Qulam Məmmədli indi bizim hörmətlə yad
etdiyimiz "köhnə kişilər"dən idi. Heyif,
onların sayı azaldı, amma bizim nəsillərə
nümunə oldular.
Bu
yazını başa çatdıranda bir nigaran sual
dolaşdı beynimdə: "Görəsən, Qulam Məmmədlinin
vəfatından sonra onun arxivi araşdırılıbmı?".
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.24-25.