Bazardüzündən Cıdır
düzünə
Şimal bölgəsi
yazarlarının Şuşa sevgisi
Doğma
Azərbaycanımızın şimal bölgəsi - Qusar,
Quba, Xaçmaz, Şabran, Siyəzən rayonları milli, etnik
zənginliyi və rəngarəngliyi ilə seçilir. Region
multikulturalizmin, tolerantlığın təcəssümüdür.
Burada demək olar ki, respublikamızda yaşayan əksər
xalqların nümayəndələri təmsil olunmuşlar. Əsrlərdən
bəri müxtəlif xalq və etnoslar bu ərazidə
mehriban bir ailə kimi sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Region Qafqaz türkləri ilə yanaşı,
ləzgilər, tatlar, dağ yəhudiləri,
xınalıqlılar, buduqlular, qırızlılar, əliklilər,
hapıtlılar, cəklilər, yercüclülər və b.
azsaylı xalqların da doğma vətənidir. Bura müxtəlif
dil, din və mədəniyyətlərin sərbəst şəkildə
inkişaf etdiyi məkanlardan biridir. Onları bir amal uğrunda
- müstəqil Azərbaycan dövləti ətrafında
sıx birləşdirən əsas dəyər azərbaycançılıq
ideyasıdır, vətəndaşlıq və vətənpərvərlik
hissidir. Bölgədə müxtəlif azsaylı xalq və
etnik qrupların yaşaması bir tərəfdən xalqın
tarixinin, mədəni zənginliyinin qorunmasının ifadəsidirsə,
digər tərəfdən, dövlətin milli-mədəni
müxtəlifliyə qayğısının nəticəsidir.
Hər
iki Qarabağ müharibəsində, Şuşa
döyüşlərində bu bölgə xalqlarının
yetirmələri erməni qəsbkarlarına qarşı birgə
mübarizə aparmışlar.
Dövlət
başçısı İlham Əliyev Şuşanın Azərbaycan
xalqı üçün tarixi əhəmiyyətini, yüksək
mədəni-mənəvi dəyərini nəzərə
alaraq 2022-ci ili "Şuşa İli" elan etməsi
çox böyük əlamətdar hadisə kimi şimal
zonası yazarlarını, bütün əhalisini ürəkdən
sevindirmişdir. Axı bir sıra görkəmli şair və
yazıçıların, Dövlət xadimlərinin vətəni,
eləcə də Azərbaycanın tarixi mədəniyyət
mərkəzi və Qarabağın tacı sayılan
Şuşa, ümummilli lider H.Əliyevin təbirincə desək,
təkcə şuşalılar üçün yox,
bütün azərbaycanlılar üçün, vətənini
sevən hər bir vətəndaşımız
üçün əziz bir şəhərdir, əziz bir
qaladır, əziz bir abidədir.
Şimal
bölgəsi yazarlarının özündə Şuşa sevgisini ehtiva edən lirik-poetik, ədəbi-bədii
yaradıcılığı oxucu ürəklərini isidir, qəlblərini
oxşadır, ruhlarını pərvazlandırır və
gücümüzü səfərbər edir.
Qubalı şair-publisist Cabir Albantürkün şeirləri
1983-cü ildən bəri dövri mətbuatda və ədəbi
toplularda dərc olunur. O, "Qədim Alpan və albanlar", "Yaralı
varlığımız", "Üçüncü
nöqtə" kitablarının müəllifidir. Cabirin yaradıcılığı və
kitabları haqqında görkəmli sənət adamları,
tanınmış alim və ictimai xadimlər xoş sözlər,
müsbət fikirlər söyləmişlər.
Türkçülük, Qarabağ, Şuşa,
şəhidlik, qazilik mövzuları Cabir poeziyasının
ana xəttini təşkil edir.
Ay-ulduzlu
bayraqları Şuşamıza taxdıq axır,
Qarabağın
qalasından can Vətənə baxdıq axır!
***
Dövlət
bayrağını sancıb Şuşaya,
Əhməd
bəy ruhunu şad etdin, ordum!
Sultan bəy,
Xosrov bəy, Nuru Paşaya,
Bu zəfər
rahını ad etdin, ordum!
***
İndi
demək olar ki,
Şuşa
dərdə yar olmaqdan qurtulub,
Xarıbülbül
xar olmaqdan qurtulub...
Xəyalımız
Xocalıda ev qurur,
Zəfərimiz
Zəngəzura hayqırır!
***
Şəhidlərin
sücaəti sözdən uca!
Qazilərin
rəşadəti bizdən uca!
Nə
yazsaq da üzümüzün ağı deyil,
Yüz
yol baş əy, o borcun qırağı deyil!
Ramiz Qusarçaylı Vətən müharibəsində
Azərbaycanın parlaq qələbəsini hər an səbirsizliklə
gözləmiş, zəfərimizə qəlbən
inanmış məhsuldar qələm sahiblərimizdəndir. Bunu onun azadlıq ruhlu
şairlərindən hiss etmək, duymaq heç də çətin
deyildir.
Çiçəksiz
çəməni neynirəm axı,
Ürəksiz
bədəni neynirəm axı,
Şuşasız
Vətəni neynirəm axı,
Qaytarın
Şuşanı, qaytarın mənə,
- deyən
Ramiz hələ Qələbəmizdən əvvəl "Azərbaycan
bayrağı" seirini yazmaqla onu "Sən qondurdun daşa
pir deyəcəm" söyləyərək xəyalən
Şuşa qalasında fəxrlə "dalğalandıra"
bilmişdir. Şairin qusarlı Milli Qəhrəman Çingiz
Qurbanova həsr etdiyi şeirinə diqqət yetirək:
Şığıyır
Şuşadan qisas küləyi,
Hayqırır Murovdan Şah dağınacan.
Dolanır
Çingizin cəsur ürəyi
Vətənin son qarış torpağınacan.
Atalar məsəlidir, "El gücü, sel gücü". Şimal bölgəsinin beş rayonu regiondakı "Beşbarmaq
dağı"na, Azərbaycanın bütövlüyü
keşiyində duran müsəlləh əsgərin əlindəki
beşatılana bənzətsək, şabranlı həkim-şair
Hacı Malik Xəlilov "Qarabağ dağı"
şeirində birlik məsələsini belə nəzmə
çəkir:
Deyirlər
bir olsa ellər-obalar,
Dağları yerindən oynada bilər.
Xalqın
nəfəsindən qızsa sobalar,
Nəhəng tiyanları qaynada bilər.
Şair haqlıdır. Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi, əsgər-zabit birliyi, Vətən
sevgisi, xalqlar dostluğu sayəsində, igid oğullarımızın
gücüylə gözəl Şuşamızı
çirkin erməni qəsbkarlarının
işğalından azad edə bildik. Belə qəhrəman
oğullarımızdan bir də 1979-cu uldə Qusarda ziyalı
ailəsində anadan olmuş, 2001-ci ildə Ali Hərbi Məktəbi
bitirmək haqqında Qırmızı diplomu ulu öndər
Heydər Əliyevdən qəbul etmiş, hazırda Azərbaycan
ordusunun polkovnik-leytenantı Rəşad Aslanovdur. O Rəşad
ki, böyük qürur hissilə "Şuşada
bayrağımızı ucaltmaq arzumu Ali Baş Komandan
İlham Əliyevin "Dəmir yumruğu" sayəsində
gerçəkləşdirdim" - deyir. Xatırladaq ki, Qarabağın
tacı sayılan Şuşaya ilk daxil olanlardan biri
də "Şuşa aslanı" ləqəbli
polkovnik-leytenant Rəşad Aslanovdur. Şuşa
qalasının giriş qapısına Azərbaycan
bayrağını sancmış Rəşad Aslanovun şəkil
və videogörüntüləri internet şəbəkələrində,
mətbuat səhifələrində geniş
yayılmışdır. Azərbaycan
zabitinin qəhrəmanlıq nümunəsi, igid komandir
R.Aslanov bundan böyük xoşbəxtlik təsəvvür
edə bilmir.
Xidmət müddətində çoxlu təltiflərə
layiq görülmüş cəsur zabit üçün
"Qarabağ" ordeni və "Şuşanın azad
olunmasına görə" medalı xüsusilə əzizdir. Çünki
bacarıqlı komandir Azərbaycanı Qarabağsız,
Qarabağı Şuşasız təsəvvür edə bilmədiyindən
qazandığı mükafatları çox ağır itki və
dərin yaralar hesabına əldə etmişdir.
Polkovnik-leytenant R.Aslanovun qəhrəmalığından,
şücaətindən çox danışılıb,
çox yazılıb. Rəşad haqqında yazılmış
"Şuşaya bayrağı asan cəngavər"
poemasında oxuyuruq:
Şuşaya
bayrağı asan cəngavər,
Tanrı qollarına güc verib sənin.
Torpağa,
bayrağa olan sevginlə,
Qəhrəman oğlusan ana vətənin.
Mənim
doğma yurdum Azərbaycanım,
İgidlər, ərənlər yuvası olub.
Rəşad
Aslanovu xalqa tanıdan,
Xoş müjdə, Qələbə sədası olub.
Nəğməkar şairə Şərafət
Dağıstanlının adı Azərbaycan şeirsevənlərinə
yaxşı tanışdır. Atası Abdulcəlil Böyük Vətən
müharibəsində həlak olmuşdur. Anası Tamamı
isə gözləri önündə Samur çayının
coşqun selləri ağusuna alıb aparmışdır. Ağır məşəqqətlər
görmüş qız qəm-kədərini şeirlə
azaltmağa çalışır və buna müvəffəq
olur.
Ş.Dağıstanlının "Qarabağ"
poeması var. Buranın gözəl təbiətinə və
insanlarına heyranlığını bildirən çoxlu əsərlər
müəllifidir Şərafət.
Azərbaycanın
Xalq artistləri Arif Babayevin, Mənsum İbrahimovun,
Könül Xasıyevanın və başqalarının
böyük sövqlə oxuduqları, dillər əzbəri
"Yaralama" mahnısının sözlərini Şərafət
Şuşada olarkən qələmə almışdır:
Bir
bülbüləm xoş nəfəsli,
Həmdəmimdir bahar fəsli.
Xoşlamıram
dar qəfəsi,
Bağban
məni yaralama,
Bu bağlardan aralama.
Bir
bulağam, suyu sərin,
Dağ döşüdür yurdim-yerim.
Müjdəsiyəm
nəğmələrin,
Sellər
məni yaralama,
Bu dağlardan aralama.
Bu isə
Cəlaləddin Budadoğlunun "Vətən"
şeiridir:
Əzizinəm
Qarabağ,
Qara bağrım Qarabağ.
Gedək
düşmən üstünə,
Çəkək
ona qara dağ...
Vətən...
Dərbəndli,
Təbrizli,
Şuşalı vətən.
Can vətən!
Kələntər
Kələntərlinin "Şuşam geri alınmasa", Zərifə
Qasımovanın "Şuşa Fərhadları", Əli
Eyvazovun "Quba-Qusar batalyonu" əsərlərində
buranın görkəmli şəxsiyyətləri, elm, mədəniyyət
adamları, hərbçiləri, Şuşa uğrunda səngər
oğulların igidlikləri, şəhidləri haqqında
xoş sözlər söylənilmişdir.
Bölgə
yazarlarından Ay Bəniz Əliyarın, Aydın
Tağıyevin, Nəcməddin Mürvətin, Məmməd Qədurun,
Namiq Xınalıqlının, Rizvan Qiblədağlının,
Habil Mustafayevin, Çingiz Babaoğlunun, Ceyhun Ağabəyin və
başqalarının əsərlərinin əsas qayəsini
Şuşa və şuşalılar, milli təəssübkeşlik,
yüksək vətəndaşlıq mövqeyi təşkil
edir.
Haşiyə. Mənim o mehriban, o əziz tələbəlik illərim
ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər
seçildiyi 1969-cu ildən başlayır. Əslində, sadə
kəndçi balalarının institut tələbəsi adına layiq görülməsində H.Əliyevin
ali məktəblərdə qəbul zamanı baş verən əyintilərin
qarşısına qətiyyətlə sədd çəkilməsi
sayəsində mümkün olmuşdur. Elə
o vaxtdan fəal bir tələbə kimi yaxşı
xatırlayıram ki, ulu öndər Şuşanı
abadlaşdırmaq, eyni zamanda tarixi abidələri qoruyub
saxlamaq və böyük bir muzeyə çevirmək
üçün əhəmiyyətli işlər
görmüşdür. 1970-ci illərdə
ermənilər Dağlıq Qarabağ məsələsini
yenidən ortaya atsalar da, onların bu istəklərinin
qarşısı cəsarətlə alınmışdı.
Bu dövrdə H.Əliyevin fəaliyyətinin
mühüm əhəmiyyət kəsb edən istiqamətlərindən
biri də Dağlıq Qarabağda milli ruhun oyadılması
olmuşdur. Ümummilli lider bu istiqamətdə
sistemli və məqsədyönlü şəkildə fəaliyyət
göstərirdi. Hər şeydən əvvəl,
Qarabağ tarixini, mədəniyyətini, incəsənətini,
iqtisadi inkişafını mükəmməl bilən ulu
öndər bu məsələyə çox həssaslıqla
yanaşırdı. Azərbaycanın qədim
mədəniyyət mərkəzi kimi Şuşanın tarixi
keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə
çox böyük qayğı göstərərək onun
inkişafına çalışırdı. Eyni zamanda o, Şuşaya adi bir şəhər
deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq
rəmzi kimi baxırdı.
İndiki
kimi yadımdadır, 1970-ci illərdə H.Əliyevin bilavasitə
təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişafı
ilə bağlı bir neçə xüsusi qərar qəbul
edilmişdi. Qərarlara uyğun olaraq şəhərin
keçmişdə tikilmiş binaları, tarixi abidələri
bərpa edilmiş, yeni çoxmərtəbəli
yaşayış evləri, böyük mehmanxana kompleksləri,
ayrı-ayrı inzibati obyektlər inşa edilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq
Ümumittifaq səviyyəli kurort şəhərinə
çevrildi. Şəhərdə azərbaycanlılar
üçün əlavə iş yerləri
açılmış, həyat səviyyəsi
yaxşılaşmışdı. Həm də ölkənin
müxtəlif şəhərlərindən Şuşaya
istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti
və incəsənəti ilə yaxından tanış
olurdular.
1972-ci ildə
Gəncədəki "Şərəf nişanı" ordenli
S.Ağamalıoğlu adına Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun (indiki Dövlət
Aqrar Universiteti) III kursunda oxuyurdum. Müəllim və tələbə
heyəti ilə birlikdə Şuşa
şəhərinə ekskursiyaya getmişdik. Məqsəd
buranın flora və faunası, iqlimi, torpaq strukturu ilə tanış olmaq, istehsalat təcrübəsi
biliklərini artırmaq idi. Şuşada üç gün ərzində
şəhərin gəzməli-görməli və tarixi yerləri
ilə də tanış olduq. Cıdır düzünə, İsa bulağına,
Kirs dağına səfər etdik. Əslən
şuşalı olan tələbə yoldaşım
Balağanın ifasında "Qarabağ şikəstəsi"nin
könüloxşayan xoş zəngulələri,
"Şuşanın dağları" mahnısının
ürəyəyatımlı sözləri, dinləyicilərin
"Yaşa!", "Afərin!", "Əhsən!"
alqışları indiki kimi yadımdadır.
Böyük
təəssüratla Şuşadan Gəncəyə
qayıtdıqdan sonra tələbə müxbiri olduğum
institutun çoxtirajlı "Kadr uğrunda" qəzetində
hamının maraqla oxuduğu "Şuşaya tənəzzöh"
adlı geniş bir yazım dərc olundu.
O vaxtdan nə
az, nə çox, düz 50 il, necə deyərlər,
bir igidin ömrü qədər zaman ötür. İnstitutu bitirib, Qusardakı məsul işimlə,
sonralar işğalla əlaqədar Qarabağın tacı, Azərbaycanın
bənzərsiz dilbər guşəsi Şuşaya getmək
arzum təəssüf ki, gerçəkləşmədi,
ürəyimdə qaldı. Amma mənalı
tələbəlik illərimi, Şuşalı günlərimi,
"Danışan dil-dodağım, tar-kaman Qarabağı,
Vaqifin şux gözəlinin gəzdiyi, Natəvanın qəzəlinin
ruh aldığı o çəmənləri" heç
vaxt unuda, yaddan çıxara bilmərəm.
2022-ci ildə
vurğunu olduğum Şuşa şəhərinin 270 və
şair-publisist kimi mənim 70 illik yubileyinin üst-üstə
düşməsi, bəlkə də tale qisməti, alın
yazısıdır. Və biləndə ki, cari ildə həm
də Azərbaycan Yazıçılar Birliyinin
yaranmasından 90 il ötür, respublika
yazıçılarının növbəti XIII
qurultayının Şuşa şəhərində
keçirilməsi gözlənilir, sevincimin həddi-hüdudu
olmadı, özümü şad, xoşbəxt və
şanslı adam hesab etdim. Əgər yazıçı
dostlarım mənə etimad göstərib, yenidən qurultaya
(xatırladım ki, ötən XII qurultayın
iştirakçısı olmuşam) nümayəndə
seçsələr və çıxış
üçün söz versələr, Qarabağ salnaməçilərinin
qardaş ləzgi xalqının köməyi və
şücaəti haqda "Qarabağnamələr"indəki
tarixi məlumat və faktları dilə gətirər, ürəyimdə
aşıb-daşan Şuşa xatirələrimdən,
arzularımdan, Vətən müharibəsi mövzusunda üç poema və
yüzdən çox şeirimdən bülbül kimi ötər,
kitablarımı ərməğan eksponatlar kimi muzeylərə
təqdim edər, Qarabağ atını Cıdır düzündə
səyirdib, həmkarlarımla söz yarışına
çıxardım.
Ya qismət...
Həsən XASIYEV
Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.26-27.