"Xoşbəxt" sevginin
tərənnümü,
azadlığın təbliği, insana, dinə, düşüncəyə
ehtiramın təcəssümü kimi
Çağdaş Ukrayna ədəbi
mühitində kifayət
qədər tanınan,
şair, yazıçı,
"Xoşbəxt" adlı
üçüncü romanı
(2015) ilə "Böyük
romanlar" nominasiyasında
"Sözün taclandırılması"
mükafatına layiq görülən Viktoriya Qranetskanın Kiyevin
"Nora-Druk" nəşriyyatı
tərəfindən çap
edilən bu romanı altı il sonra Azərbaycan
dilində oxuculara təqdim edilən ilk kitabıdır. 2021-ci il "Nurlar" nəşriyyatında çap
edilən əsəri
Ukrayna dilindən Azərbaycan türkcəsinə
gənc ədəbiyyatşünas
və tərcüməçi
Qumru Şəhriyar çevirmişdir. Kitabın
redaktoru və "Sevgi - xoşbəxtliyin açarı" adlı
ön sözün müəllifi yazıçı,
ədəbiyyatşünas, tərcüməçi, tənqidçi,
filologiya elmləri doktoru, professor Vaqif Sultanlı romanla bağlı düşüncələrini
ifadə edərkən
əsas məqama diqqət yönəltmişdir:
"Yazıçı öz
qəhrəmanlarını sadəcə təsvir etməklə kifayətlənmir,
onları sosial və mənəvi-əxlaqi
qarşıdurmaların kəsişməsində
canlandırır, içəri
dünyasının qaranlıqlarından
keçirərək işığa,
aydınlığa səsləyir.
Öz qəhrəmanlarına belə
bir baxış bucağından yanaşması
əsərin gizli, görünməz laylarının
aşkarlanmasını, ideya-estetik
mahiyyətin yazıçı
təhkiyəsindən deyil,
hadisələrin dramatizmindən
doğuşunu şərtləndirir".
Bəhs
edilənlər oxucuya
müəllifin təsadüf
nəticəsində tanış olduğu
insanın real həyat
hekayəsi kimi təqdim edilir. Baş verənlərin həyat həqiqəti, real gerçəklik
olduğunu yaxın keçmiş, hətta bu günümüz, əsərdən duyulan həyatilik sübut edir.
Romanda mübariz
insanların ağır
həyatına toxunulur,
Ukrayna üçün
narahat qəlbin çırpıntıları duyulur. Doğrudur,
yazıçı sevgi
hekayətini sonadək
diqqətdə saxlayır,
ukraynalı pravoslav qız Olesya ilə Qarabağın Füzuli şəhərindən
olan Yusifin sevgisindən bəhs edərkən məsələyə
insan qəlbinin fatehi, səadət çağırışçısı olan əsl məhəbbət
aspektindən yanaşır,
lakin oxucunu xalqının qarşılaşdığı
dəhşətlərdən agah etməyi də özünə borc bilir. Bu,
müəllifin insanların
həyat hekayəsini nəql edərkən xalqının taleyindən,
gələcəyindən nigaran
olduğunu da paylaşmağı zəruri
hesab etdiyinin göstərcisidir. Daha dəqiq
desək, yalnız siyasi hadisələrə üsyanı deyil, bu əsər sərhədlərin, dinin
ayırdığı, sevginin
birləşdirdiyi bəşərə
səslənişdir, müəllifin
böyük arzusudur.
O, arzu edir ki, müxtəlif ölkələrdə yaşayan,
fərqli dinlərdən
olan insanları bu faktorlar ayırmasın,
onlar onun qəhrəmanları kimi bir-birinə sevgi və ehtiramla yanaşsın. Yazıçı
bunu romanda "Olesyanın xatirələri"ndən
birində belə ifadə edir: "Xəyalımda
ən çox fərqli dinlərin tərəfdarlarının, həmfikir
olub birləşməsələr
belə, səmimi olaraq bir-birinə hörmət etdikləri və fərqli inancların insanlarının
hüquqlarını başa
düşdüyü ideal bir
dünyada yaşamağı
arzu edirəm. Tanrı təkdir və çətin ki, insanların Onun uğrunda bir-birini öldürməsinə razı
olsun. 2012-ci ildə Qahirədəki iğtişaşlar zamanı
dünya buna inandı. Müsəlmanlar namaz qılarkən
xristianlar müqəddəs
namaz əsnasında onları hücumdan qorunmaq üçün bir-birinin əllərini sıx tutur və onları üzük kimi halqa ilə əhatə edirdilər.
Və islamın ardıcılları
xristian qardaşlarının
Pasxa bayramını qeyd etdikləri məbədi qorumaq üçün canlı qalxana çevrildilər.
Belə şeyləri diqqətdən
kənarda saxlamaq olar? İnsanlar sülh və
əmin-amanlıq içərisində
yaşaya bilirlər, bəsdir dini ayrı-seçkilik uğrunda
mübarizə apardınız.
Və Tanrı təkdir. O,
mərhəmətli bir
ata kimi bütün övladlarını
bərabər sevir, heç kim
məni bunun əksinə inandıra bilməyəcək".
Professor Vaqif Sultanlı "Ön söz"də müəllifin islama, Ukrayna müsəlmanlarına münasibətinə
də diqqət yönəldir: "Xoşbəxt"
romanı sevgi mövzusunda yazılsa da, eyni zamanda
Tanrı, ümumən
din və özəlliklə
islam dışı toplumlarındakı islamı
qavrayış, Ukrayna
müsəlmanları haqqında
yanlış stereotiplərin
dağıdılması kimi
qlobal, dartışılması
asan olmayan məsələlərdən bəhs
edir". Əsərdə də Olesya
sevgi naminə Yusifin dinini qəbul edir, Yusif isə bir müddət sonra Azərbaycanda işləsə də, Olesyanın vətənində
yaşayır. Doğrudur, həyatlarının
müəyyən bir dönəmində çətinliklər
olsa, tərəddüd
problem yaratsa, nəticədə
bir müddət ayrı yaşasalar da, yenə də
zaman və ən əsası sevgi öz sözünü
deyir, tərəddüdə
qalib gəlməyi bacarır.
"Xoşbəxt"də köçkünlük səbəbindən
Vinnitsaya sığınan
türk-müsəlman oğlan
Yusifin kilsə xorunda oxuyan ukraynalı Olesya ilə bərabər baş qəhrəman kimi seçilməsi də, əsərin məhz belə adlandırılması da təsadüfi deyil. Müəllif əsərdə yalnız
Ukrayna deyil, Azərbaycanın yaşadığı
böyük problemə
də diqqət yönəldir. Bəli, məhz
Dağlıq Qarabaq probleminə və bu iki xalqın
qarşılaşdığı çətinliyə, oxşar
taleyinə. Əsərin
adına gəldikdə isə, ilk növdəbə, oxucuda belə təsəvvür
yarana bilər ki, roman xoşbəxtlik haqqındadır və ya insanı xoşbəxtliyə səsləyir.
Əsərlə tanışlıqdan
isə məlum olur ki, Yusiflə
Olesyanın evliliyindən
dünyaya gələn
üçüncü uşaq
olan Səidin adı ukrayıncaya tərcümədə "xoşbəxt"
deməkdir və roman
bu səbəbdən belə adlandırılıb.
Səidin ağır xəstə doğulması,
onun həyatı uğrunda mübarizə, qəhrəmanların qarşılaşdığı
çətinliklər onların
səadətini kölgələməyə
çalışsa da,
həyatda yaxşı
insanların da var olması, gözlənilmədən edilən
kömək son ümidi
itirməyə qoymur, çətinliklər dəf
olunur və əsər xoşbəxt sonluqla bitib adını digər anlamda da təsdiqləmiş
olur. Yazıçının
oxuculara müraciəti
olan "Müəllifdən"
özündə onun əsərə, qəhrəmanlarına
münasibətini, əsas
qayəsini əks etdirir: "İnanıram
ki, mümkünsüzlüyü
mümkün edən sadə ailənin bu hekayəsi bizi fikirlərimiz və ideallarımız uğrunda mübarizə aparmağa, həyatın ən çətin anlarında təslim olmamağa, yorulmadan irəliyə doğru hərəkət etməyə
və qalib gəlməyə daha çox ruhlandıracaq. Və bizim ən böyük
qələbəmiz bütöv,
dinc və güclü Ukraynadır.
Bir kitab dünyada nəyisə dəyişə
bilərmi? Bilmirəm. Əgər bu, heç olmasa, öz kəşfini başqasına
söyləyən bir
insanın dünyagörüşünü
dəyişdirə biləcəksə,
mən artıq bunu uğur hesab edəcəyəm".
Xəstə uşaqların taleyini düşünən yazıçı
onların təsadüf
nəticəsində dünyaya
gəlmədiyini, hər
kəsin yaşamaq hüququ, xoşbəxt olmağa haqqı olduğunu bildirir, oxucunu da bu
barədə bir daha dərindən düşünməyə sövq
edir. Zənnimcə, əsərin uğurlu
alınmasının bir səbəbi də bu məqamla
bağlıdır. Nəql edilən hadisələrin
fonunda oxucuya səsləniş güclüdür və bu
çağırış bəşərin səadəti
naminədir.
Olesya və Yusifin etirafları, həyatının müxtəlif
anlarına dair xatirələri ilə oxucunu bu gündən
dünənə qaytarıb yaddaşı təzələyən,
dinamikliyi təmin edən "Doğum haqqında şəhadətnamə",
"Qanadsız mələklər", "Yadelli",
"Yaşamaq hüququ" adlı 4 hissə və Epiloqdan
ibarət spesifik formalı bu roman başqa məziyyətləri
ilə də diqqət çəkir və bir məqalə
çərçivəsinə sığmır. Tematikası
sevgi ilə yanaşı, analıq duyğusu, valideynlik vəzifəsi,
vətənin taleyindən nigarançılıq, azadlıq
naminə mübarizə, dinləri və mövqeləri
sevginin gücü, ağlın və qəlbin səsini dinləyərək
birləşdirmək, yəni ən azından ehtiram göstərməyi
bacarmaq üzərində qurulan,
toxunulan digər məsələlər, müəllifin
xüsusən, Qarabağ hadisələrinə də yer
ayırması, qəhrəmanı Yusifin erməni
işğalı nəticəsində Füzulini tərk etmək
məcburiyyətində qalarkən doğma evlə
vidalaşdığı anın ağırlığı, həmvətənlərimizin qaçqın və
köçkün həyatı yaşamağa məhkum edilməsi,
sonrakı yaşantılar yeni təhlillər
üçün əhəmiyyətlidir.
İlahə DADAŞOVA
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.27.