Xüsusi təyinatlı şair
Poeziyamızda vətən
anlayışı və Ramiz Qusarçaylının "Vətən"
poeması haqqında
Birinci bölüm
Söz öz ruhundan doğulan
şair-yazıçılardan gedəndə, hər kəsin,
əslində, bir kitabı olur və o bu kitabı ömrü
boyu daha yetkin şəkildə yenidən yazır. "Kitabi-Dədə
Qorqud", "Şahnamə", "İlahi komediya",
"Leyli və Məcnun", "Hophopnamə",
"İdeal", "Ömür kitabı",
"Ata"! Janrından asılı olmayaraq, bunlar hər biri
öz müəllifinin dədə kitabı, şahnaməsi,
ilahi komediyası, ilahi eşqi, quş dili, ideal məqamı,
ömür kitabı, ata(lar) sözü,
bir sözlə, tale təyinatıdır. Düzdür,
təyinatsız şair-yazıçılar da var, amma
yazımızın qəhrəmanı şair Ramiz
Qusarçaylı təyinatlıdır və üstəlik də,
xüsusi təyinatlı.
Olsun ki,
Qusarçaylının adının bu siyahıya daxil edilməsi
kiməsə subyektiv gəlsin, amma mən nəinki
Qusarçaylı və adları çəkilənlər,
onların özləri arasında da bərabərlik işarəsi
qoymuram və qoya da bilmərəm. Çünki eyniyyət
sadəcə nəzəri anlayışdır, əslində,
iki eyni qum dənəsi belə yoxdur, nəinki
ola insan və burda söhbət bəlli bir məsələdə
səsləşmədən gedə bilər. Səsləşmə
isə göz qabağındadır, yəni
R.Qusarçaylının bədii təyinatı var - "Vətən"
poeması.
Monumental üslublu "Azərbaycan bayrağı"
şeiri də daxil olmaqla buracan yazdıqları da, əslində,
R.Qusarçaylının gələcək poemasının səhifələri,
"Vətən" isə onun qutsal kitabıdır. Şairin dərsliklərə,
imtahan test kitablarına düşən, Qarabağ
savaşının gərgin günlərində ekranda, efirdə
yüz dəfələrlə səsləndirilən bu
şeiri poemaya əlavə eləməsi özü də bunu
göstərir:
Yağının
min hiyləsi küydən, kələkdən keçər,
Sən
sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar
yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin
nur yağmuru, yerlərin göy qurşağı,
Azərbaycan
bayrağı!
R.Qusarçaylı "Vətən"i dörd ilə
(2017-2021) sadəcə yazıya köçürüb, amma bu
barədə on illərlə düşünüb, bu qutsal
duyğunu ömrü boyu yaşayıb, bilib ki, vətən
adicə torpaq deyil, insanın alın yazısıdır. O, dünyaya vətəndən
yazmaq, şeirə "Vətən"i yazmaq
üçün gəlib:
Davam nə
can davasıdı,
Nə də
yorğan davasıdı,
Azərbaycan
davasıdı,
Ayrı
dava mənlik deyil!
Yevtuşenko
yazırdı: "Rusiyada şair eləcə şair olmaqdan
daha böyükdür, burda şair olmaq yalnız içində
məğrur vətəndaşlıq ruhu dolaşan, dincliyin,
rahatlığın nə olduğunu bilməyənlərin
qismətidir". Amma düşünənlər
var ki, şairin vətənpərvərliyi yuxarılara
yarınmaqdır və "əsl poeziya"ya
yabançıdır. Vətən
anlayışının yuxarıdan da yuxarısına
(metafizik kökünə) varmamaqdan doğan bu yanaşma poetik
sözü ümummilli taleyüklü sorunlardan uzaq
saldığı kimi, yazıçını da ancaq öz fərdi
qayğılarını söz konusuna çevirən məncil
varlığa çevirir. Sovetlər
dönəmi bu düşüncə dörd hərfli qondarma
vətənin məddahı olmamaq çabasından doğurdu
və totalitar rejimə etiraz formasıydı. Burası
aydın! Amma indi - özgürlük dönəmində
də sovetizm havasında qalmaq durmadan yeniləşən
zamanın dəyişmələrinə etinasızlıqdan
doğan bir aldanışdır. Elə düşünənlər
öz yaradıcı gücünü rejimlə
qarşıdurmadan aldığından sovetlərin
çöküşüylə yaranan uçurumu
aşıb, yeni dönəmin sözçüsü ola bilmədilər və prosessuallıq
yönündən tarixin o üzündə qaldılar.
R.Qusarçaylı isə yaradıcılığa 70-lərdə
başlasa da, daha çox özgürlük dönəminin
şairi, vətəndaşlıq poeziyasının
çağdaş şeirdəki sayılıb-seçilən
isimlərindən biri, hətta birincisidir. Mayakovskinin
diliylə desək, bu gün vətəndaşlıq
poeziyası deyəndə ilk yada düşən Ramiz
Qusarçaylı, Ramiz Qusarçaylı deyəndə isə
vətəndaşlıq poeziyası olur.
Nekrasov deyirdi ki, şair olmaya bilərsən, amma vətəndaş
olmağa görəvlisən. Blok isə vətənsevərlik
mövzusunda çoxsaylı şeirlərin müəllifi
olsa da, vətəndaş olmaya bilərsən, amma şair
olmalısan deyirdi. Kim haqlıdır?
Vətəndaşlıq mövzularını az
qala bloklayan bir çox yazıçı-şairlərimiz
Blok kimi düşünürlər. Biz "ya
o, ya da bu" deyə, hökmən iki tərəfdən
birini seçmək yox, bu iki qütbün birliyi
düşüncəsindəyik və çağdaş
poeziyamızda bu mövqenin səciyyəvi təmsilçilərindən
biri yenə də Ramiz Qusarçaylıdır.
Ustadımız, akademik Nizami Cəfərovun "Vətənpərvərlik
dərsləri" adlı məqaləsində dediyi kimi,
"...onu şair edən vətəndaşlığıdır...". Doğrudan da, bu misralar
başqasının dilində ənənəvi şair
giley-güzarı kimi səslənə bilərdi, amma
bütün yaradıcılığı və həyatıyla
təsdiqləndiyindən Qusarçaylı qələmində
özəl səmimiyyət və inandırıcılıq
gücü qazanır:
İlahi,
zülümmüş Vətəni sevmək,
İlahi,
ölümmüş Vətəni sevmək,
Sevən ürəklərə qara çəkiblər.
Vətən
deyənlərin dili kəsilib,
Vətən
deyənlərin başı kəsilib,
Vətən deyənləri dara çəkiblər.
***
Yevtuşenkodan
daha bir sitat: "Şair öz əsrinin obrazı və gələcəyin
sezgisidir. O özünə qədər nə varsa, çəkinmədən
hamısına yekun vurur". Belə
çıxır ki, şair hər üç zamanda
yaşayan sehrkardır. Qusarçaylının
öz zamanının obrazı olmasından artıq
danışdıq, amma bədii ədəbiyyat həm də
özündən öncəkilərlə dialoqdur. Odur ki, "Vətən" poemasına keçməzdən
öncə vətən anlayışının metafizik
kökü və poetik gəlişməsinə dair haşiyə
çıxmaq lazım gələcək.
***
Peyğəmbər
Əfəndimizə aid bir hədis var: "Hubbul vətən
min əl iman" - "Vətənə məhəbbət
imandandır". Yəni "vətən
seçilmir" deyə bir şey yoxdur, ruhumuz yer üzünə
gələcəyi yeri də, vaxtı da özü seçir
və bu barədə Tanrıyla razılaşma imzalanır.
Tanrının dərkənar qoyduğu bu ilahi sənədə
sədaqət imanın göstəricisidir. Bu bir ehkamdır - seçmisənsə, sevməlisən.
Yox, əgər sevmirsənsə, vətənə
xəyanət edirsən, özü də qanun yox, vicdan
qarşısında. Söhbət metafizik
xəyanətdən gedir.
Yüzillərlə maddiləşən
düşüncəyə uyğun olaraq vətən
anlayışı da zamanla öz metafizik kökündən
ayrılıb və sonucda semantik enişə uğrayıb,
hübuti-Adəmlə yanaşı hübuti-vətən də
baş verib. Bəs, poetik fikrin durumu bu məsələdə necə
dəyişib?
Əski türklərdə vətən
anlayışının yerə eləcə kölgəsi
düşür, kökü isə göyə bağlanır
və insan özünü yerlə göy arasında qavrayırdı. Orxon-Yenisey bitiklərinin
yazarı Yolluq Tigin bozqırdakı qəbir daşının
üstünə elə beləcə də cızır:
"Üze gök tenqri, asra yağız yer
kılıntıkda, ekin ara kisi oğlu
kılınmış". - "Yuxarıda
mavi göy, aşağıda qonur yer yaradılanda, bu ikisi
arasında insan oğlu yaradılıb". Bu, vətənin mifik duyumudur.
"Edəmən
tərk, Füzuli, səri-kuyin Yarın // Vətənimdir, vətənimdir,
vətənimdir, vətənim?" beyti göstərir ki,
orta çağ divan şeirində vətənin metafizik
kökə bağlılığı dördqat ehkam
sayılır. Burda dörd yol təkrarlanan
"vətən" sözündən birinci metafizik, sonuncu
coğrafi anlam daşıyır, şairin səsi dörd pərdənin
dördünə də çatır. Bu,
vətənin dini-mistik dərkidir.
"Könlümün
sevgili məhbubu mənim // Vətənimdir, vətənimdir,
vətənim" (A.Səhhət) misralarında üç yol
təkrarlanan "vətən" sözü XX yüzil
romantiklərinin düşüncəsindəki semantik
enişi göstərir. Şairin səsi
dördüncü (metafizik) pərdəyə artıq
çatmır, yaradan öz yerini yaradılana, ilahi eşq millət
sevgisinə verir. Adamın özü cənnətdən
enmişdi, indi də sözü enir. Bu, vətənin
romantik qavramıdır.
Hər bəndi
"Azərbaycan, Azərbaycan" xitabıyla bitən "Azərbaycan"
(S.Vurğun) şeirində üçlük ikiliklə əvəzlənir,
qutsal mistik görəv daşıyan təkrarlar eləcə
estetik göstəriciyə - bədii təkrirə
çevrilir və proses öz sonuna yaxınlaşır. Burda
şair istəsə belə, hər hansı metafizikaya yer
yoxdur - göylərin qapısı bağlanıb! Bu, vətən anlayışının materialist
anlamıdır.
Nəhayət, "Azərbaycana gəlsin" (S.Rüstəm)
şeirində sayca dəyişmələr sambalca çevrilməyə
uğrayır, semantik eniş öz sonuna çatır, ikilik
öz yerini birliyə verir. Amma bu əsl birliyə
(tövhid) sadəcə parodiyadır. "Cənnət
görmək istəyən Azərbaycana gəlsin" deyən
şair cənnəti göydən yerə endirir və
metafizik vətənə qovuşmaq istəyi neçə
yüzildən sonra axır ki, göydə yox, yerdə
"baş tutur". Bu, vətənin
ateist tərifidir.
Bununla da enişin limiti bitir. Öz dibinə
çatan poetik düşüncə bundan sonra əksinə
çevrilmə qanunu üzrə yüksəlməliydi -
çəkilmədən sonra həmişə qabarma gəlir.
Amma "Şükr eyləyəlim ki // Bizlərdən həm
əvvəl // Həm sonra vətən var" (B.Vahabzadə),
"Mənim könlüm bu torpağı vəsf eyləyərək
// Azərbaycan dünyasından baxar dünyaya" (M.Araz),
"Bütün ellər, ölkələr // Gözlərimdə
birləşər // Azərbaycan deyəndə" (T.Bayram)
sözləri vətənə yanaşmada yüksəlmədən
daha çox, genəlməni göstərir. Vətən
birinci örnəkdə zaman, ikinci və
üçüncüdə isə məkan baxımından
daha geniş sınırlarda qavranılır, amma hər
üç halda proses üfüqi yöndə gedir, şaquli
düşüncə isə söndürülür və ya əhatə
dairəsindən kənarda qalır. Bədii
düşüncəni yüksəlməyə qoymayan sovet
rejimi hər cür metafizikaya zidd idi. O, beynəlxalq
imperializmin acığına kosmik uçuşlara icazə
versə də, beynəlxalq ədəbiyyatın
acığına metafizik uçuşlara icazə vermir,
göylərə baş vurmaq istəyən ruhun
başından çəkiclə vurur, qanadlarını oraqla
kəsirdi.
***
R.Qusarçaylı bədii yaradıcılığa
başlayanda şeirimizdə vətənə yanaşmanın
ən ümumi görüntüsü
aşağı-yuxarı belə idi - anlayış semantik
itkiyə uğramışdı. Şüur
materiyanı doğurur və niyyətimiz haracandırsa, mənzilimiz
də ora qədərdir. Zevs qızı
Afinanı öz başından çıxardığı
kimi, biz də gələcəyimizi düşüncəmizdən
hasil edirik. Biz vətənin
sınırlarını öncə öz sinirlərimizdə
cızırıq və onu dərkin miqyası kiçildikcə,
coğrafi hüdudları da daralır. Təsadüfi
deyil ki, işlənmə tezliyinə görə
"uduzmaq" sözü poemada birinci yerdədir. Hər tarixi faciənin təsvirindən sonra təkrarlanan
bu söz poemada nəqərat rolu oynayır və əsərin
temporitmini müəyyənləşdirir. Bütün
itkilərimizin həm kökü, həm də zirvəsində
isə Allahı itirmək durur:
Səni
günah-günah uduzdum, Vətən,
Günahsız-günahsız uduzdum səni.
Səni
Allah-Allah uduzdum, Vətən,
Allahsız-Allahsız uduzdum səni.
Dünya xəritəsində Azərbaycan
qanadlarını geniş açıb göylərdə
süzən qartalı xatırladır. "Vətən"
poemasını oxuduqca, bu qartalın metafizik yuvasını -
Tanrını da, minillərin üstündən
şığıyıb gələn kölgəsini -
coğrafi və tarixi sınırlarını da
görürük. Tanrı
anlayışının poemaya daxil edilməsiylə tarixi
olaylar metatarixi anlam qazanır. Şairin
düşüncəsindən qızıl xətlə
keçən milli birlik ideyasının metafizik
özülündə Tanrının birliyinə inanc (tovhid)
dayanır. Poemada hətta əski daş bitikdəki
"yuxarıda mavi göy, aşağıda qonur yer
yaradılanda, ikisinin arasında insan oğlu
yaradılıb" fikrinin çağdaş versiyası ilə
də rastlaşırıq:
Türk
adı Tanrının adından gəlir,
Nuru atəşindən, odundan gəlir.
Göylərin
ən uca dərinliyindən,
Yerlərin ən dərin qatından gəlir.
Ümumən türkçülük ideyası,
turançılıq sevdası poemanın başından
sonunacan qırmızı xətlə keçir. Şair Azərbaycanın ən
əski çağlardan türk diyarı olması
ideyasını özəl vurğulayır və bununla təkcə
saxta erməni tarixbazlığına qarşı
çıxmır, həm də tarixən məğlubedilməz
türkün gələcək zəfərlərinə
inamını sərgiləyir:
Turukki, -
tarixdə türkün ilk adı,
Aratta, -
türkün ilk dövləti idi.
Dövlət,
dövlətçilik qoşa qanadı,
Özgürlük müqəddəs sərvəti idi.
"Vətən" müəllifinin Tanrı
anlayışı çevrə vurub davul döyən
şamanlar və təkyələrdə çilə
çıxaran sufilərin müstik yaşantıdan doğan
inancından fərqlidir. Amma bütün poema boyu
vurğulanması göstərir ki, bu anlayış onun
üçün sadəcə tarixi-mədəni səciyyə
daşımır, təkcə gələnəklərə
sayqının işarəsi yox, həm də səmimi bir
duyğunun ifadəsidir. Şair sufilər
və şamanlar kimi cənnətə uçmaq eşqinə
düşmür (XXI yüzil insanı bu sevdadan artıq
usanıb), lakin sovet şairləri kimi cənnəti yerə də
endirmir. O, cəhənnəm alovlarından keçən
bir vətəndən söz açır, həlledici tarixi
anlarda milli birliyimizin olmaması, bəzən bir
yanlışın min illərlə çəkən acı
sonuclarından dönə-dönə danışır:
Bu
savaş, bu qovğa bitməyib hələ,
Min illər çəkərmiş dərdi bir anın.
Kiçik
Midiyadan başlanır elə,
Böyük
faciəsi Azərbaycanın!
"Vətən"in müəllifi itkilərimizə
milli faciə kimi baxır. Bu yöndən
"Turanlılarız adiyi-şüğli-sələfiz biz
// Öz qövmümüzün başına əngəlkələfiz
biz" deyən Sabirin "Fəxriyyə"sinə mesaj
göndərən poema müəllifinin olaylara
yanaşması əksərən tənqidi-realistdir. Poemadan aldığım ilk təəssürat belədir.
Bəs, son qənaət?
İkinci bölüm
"Vətən"
yeddi min misradan artıqdır və Z.Yaqubun "İki
ömrün dastanı", "Əbədiyyət",
"Peyğəmbər", S.Tahirin "Ata"
poemalarını çıxsaq, son 30 ildə bizdə bu həcmdə
poema yazılmayıb, yazılsa da, görünür, özəl
ədəbi-bədii dəyəri olmadığından diqqəti
çəkməyib. Bəs, poema janrının
elə də populyar olmadığı bir vaxtda bu həcmdə
əsərin yaranması nədən irəli gəlib?
Epos
başlanğıc zamanla bağlıdır və poema
geniş epik diapazona malik janr kimi tarixin həlledici anlarında
ümummilli taleyüklü soru(n)lara bədii
cavab kimi üzə çıxaraq, dövrün geniş mənzərəsini
özündə əks etdirir. Böyük həcm
problemin özünün böyüklüyündən
doğur. "Komsomol" (S.Vurğun)
inqilab sonrası yeni toplum quruculuğu uğrunda
qarşıdurmanın, "Gülüstan" (B.Vahabzadə)
60-lardakı ümummilli oyanış və özünüdərkin,
"Peyğəmbər" (Z.Yaqub) ateist sovet rejiminin
çöküşüylə qutsal dini inancımıza
dönüşün bədii ifadəsi kimi meydana
çıxıb, birincisi siyasi, ikincisi ideoloji,
üçüncüsü isə mənəvi tələbatdan
doğub. Bəs, "Vətən"
poeması dönəmin qarşıya
çıxardığı hansı tələbdən
yaranıb?
2016-cı ilin aprelində Lələtəpə
döyüşündəki qələbə Qarabağ zəfərinə
işarə oldu. Təpə alınmışdı, dağ da
alınmalıydı! Bakıda 2020-ci il 14
iyul nümayişi xalqın yüksək döyüş ruhu
və qələbə inadının heyrətamiz dərəcədə
yüksək nümayişinə çevrildi. Bu, sadəcə
nümayiş deyil, gecəni Şəhidlər xiyabanı və
Milli Məclis, əbədiyyət və zaman arasında,
"Mübariz!", "Türkiyə!", "Allah!"
nidalarıyla səhər eləyən bir xalqın ümummilli
duası, ümummilli fəryadı idi. Xalq
Qarabağ uğrunda şəhadətə
hazırıydı. Yəqin, bu üzdən
son otuz ildə ilk dəfə səsimiz Allaha çatdı,
duamız qəbul oldu.
Qələbə metafizik anlamda artıq
qazanılmışdı, indi qalırdı onu həyata
keçirmək. O gecədən sabaha çıxan artıq başqa -
otuz illik röyadan ayılan, öz gücünü dərk edən,
öz qəzəbi, öz hiddətindən yenidən
doğulan xalq idi. Heminqueyin diliylə desək, bundan sonra onu, bəlkə
də, öldürmək olardı, amma məğlub etmək
- əsla! Şair də bunu deyir:
Artıq
Qarabağın xilas vaxtıydı,
İntiqam
vaxtıydı, qisas vaxtıydı...
İnsanlar
axışdı səfərbərliyə,
Tanrı
da ruh verdi bu saf birliyə,
Cavanlar
can atdı müharibəyə,
Qocalar can
atdı müharibəyə,
Qardaşlar
can atdı müharibəyə,
Bacılar
can atdı müharibəyə...
"Vətən"
Lələtəpə olayları ilə Qarabağ zəfəri
arasında yazılıb və birbaşa o illərdəki
ümummilli oyanış ruhu, qələbə inadı və
bundan doğan birlik ideyasının poetik ifadəsi kimi meydana
çıxıb:
İndi
bu Vətənin hər yeri bizim,
Bura doğumluyuq, bura bağlıyıq.
İndi
bir adı var hər birimizin,
İndi hər
birimiz Qarabağlıyıq!
***
Poemanın
süjeti ən əski çağlardan - daş
dövründən başlayır:
Ən
başda Quruçay mədəniyyəti,
Qədim
torpağımın ilk nəfəsliyi, -
Daş sərdabəsidi, daş kitabıdı.
Quruçay
dərəsi tarix dərsliyi,
Azıx mağarası baş kitabıdı.
Və bu günəcən uğradığımız
silsilə faciələrin təsviriylə gəlişir. Hər faciədən sonra o
daş(baş) kitabın bir səhifəsi
qopub düşür - Midiyanın yıxılmasından ta
Qarabağ olaylarına qədər! Poemanın hər
misrasından Qazan xanın "Yağı səni nerədən
daramış, gözəl yurdum?!" sualı eşidilir.
Bütün poema boyu müəllifin bu suala diaqnostik cavabı
eynidir - ümummilli idrakın yoxluğu, tayfalara, bölgələrə,
məhlələrə, səkilərə qədər metastaz
verən parçalanma:
Bölündü
İrəvan,
Bakı
xanlığı,
Bölündü
Qarabağ,
Şəki
xanlığı,
Bir yerdə
görmədik iki xanlığı,
Yarandı
məhəllə,
Səki
xanlığı...
Şair
bu mərəzdən qurtulmağın reseptini də verir -
milli həmrəylik! Qarabağ sindromunun
çözümü də, buna uyğun olaraq poemanın bədii
konfliktinin açılışı da bu həmrəylik
ideyası hesabına baş verir:
Özünü
özünə qaytardım, Vətən,
Adını
adına qaytardım sənin.
Közünü
közünə qaytardım, Vətən,
Odunu oduna qaytardım, sənin.
...Əzmim,
hünərimlə qaytardım səni,
Ordum, əsgərimlə
qaytardım səni,
Dəmir
birliyimlə qaytardım səni,
...və
həmrəyliyimlə qaytardım səni!
Milli həmrəylik
"Vətən" müəllifi üçün ən ali dəyərdir. Onun məzhəb
ayrılığı məsələsini qabardan səfəvilərə
tənqidi yanaşması da bu üzdəndir:
Cüneydin
hədəfi ruslar deyildi,
Cüneydin
hədəfi farslar deyildi,
Cüneydin
yürüşü məzhəb yürüşü,
Cüneydin yürüşü din
yürüşüydü.
Dindaşın
dindaşa qəzəb yürüşü,
Qardaşın qardaşa kin yürüşüydü.
Amma, bizcə, səfəvi məsələsinin
çözümü bu qədər birmənalı deyil. Nədən
ki, Səfəvi fütuhatı türk etnoslarının
ümumtürk kökündən ayrıldığı,
ayrı-ayrı xalqların formalaşdığı dönəmin
tarixi olayıdır. Hər bir xalqın
özünüdərki və formalaşması
üçün o vaxt bu ayrılma qaçılmaz idi. Nadir kimi nadir istedada malik sərkərdənin belə
bu ayrılmanın qarşısını ala bilməməsi
özü də prosesin geridönməzliyini göstərirdi.
Hazırda türk xalqlarının yeni mədəni-siyasi
düzəndə birləşməsi prosesi gedir. Bəli, indi durum belədir, amma onda elə idi və
istər onda, istərsə də indi baş verənlər
tarixin dialektikasından doğur. Şairin
suçlamaları problemə məhz tarixilik prinsipi deyil, bu
günün gözüylə baxmasından irəli gəlir.
Amma bu metodoloji problem tarixi mövzunun bədii dərki
baxımından poemanın önəmini azaltmır. Səfəvi
mövzusunun işlənməsi bədii fikrimizdə iki
dönəmdən keçib. F.Kərimzadənin
"Çaldıran döyüşü", "Xudafərin
körpüsü" dilogiyası, Ə.Nicatın
"Qızılbaşlar", Ə.Cəfərzadənin
"Bakı-1501" romanlarında tarixi fakta yanaşma romantik
idealizə ilə səciyyələnir. Bu, tezis
idi.
Elçinin "Mahmud və Məryəm",
K.Abdullanın "Yarımçıq əlyazma"
romanları və R.Qusarçaylının "Vətən"
poeması bütün metodoloji ayrıntılarına
baxmayaraq, bir məsələdə ortaq məxrəcə gəlirlər
- hər üçündə səfəvi fütuhatına
yanaşma tənqididir. Birincidə bu tənqid bəşəri,
ikincidə fərdi, üçüncüdə isə milli
rakursdandır. Bu, antitezisdir.
Üçüncü - sintez dönəmi hələ
qarşıdadır. Lakin sintezin getməsi üçün
antitezisin olması zəruridir və səfəvi məsələsinin
ədəbi-bədii dərkində digər iki əsər
kimi, "Vətən" poemasının yeri və rolu da
bununla bağlıdır.
R.Qusarçaylının
məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq istəyən
Nadir şah Əfşarı təqdir etməsi də milli həmrəylik
məsələsi ilə bağlıdır:
Ən
duru tarixdi Əfşar tarixi,
Rusun, erməninin
cızdığı deyil,
Farsın
öz adına yazdığı deyil,
Fədakar,
yenilməz türk tarixidir,
Şərəf tarixidi, görk tarixidi.
Ümummilli
birlik, türkçülük, turançılıq
ideyasını özündə daşıyan yetərincə
kitablarımız var. Muğannanın türk dilini
insanlığın ana dili elan edən "İdeal"
romanını, S.Rüstəmxanlının
özgürlük dönəmi gənclərini
ümumtürk ruhunda tərbiyə edən "Ömür
kitabı"ını yada salmaq yetərlidir. Amma
"Vətən"ə qədər S.Tahirin
"Ata"sını çıxmaqla, tariximizi başdan
sonacan əks etdirən poemamız olmayıb.
Firdovsinin ünlü dastanı
qarşılığında türk şahnaməsi
yaratmağı qarşıya məqsəd qoyan S.Tahirin əsəri
məsnəvi formasında tarixi mənzumədir. R.Qusarçaylının
poemasında isə məsnəvi sistem yox, ünsür şəklindədir
və bu ünsürlərin özü də misraların
bölünməsi hesabına çox vaxt gözə
görünmür. Müəllif haqlıdır,
çünki ədəbi-bədii formalar da tarixi sivilizasiyalar
kimidir - bir gün yarandıqları kimi, bir gün də
çökürlər. Orta çağ əruz
dastanlarının hecaya çevirmələrini yada salan məsnəvi
bu gün anaxronizm təsiri bağışlayır və
yalnız tarixi planda maraqlıdır.
"Vətən" epik-lirik poemadır. Müəllif
təhkiyəsi, yəni epik hissələr daha çox heca və
sərbəstin inteqrasiyasından ibarət ritmik sərbəstdə,
lirik hissələr isə səkkizlik, onbirlik və digər
şeir formalarında yazılıb. Bəzən
aşırı tarixi informativlik və elmi-publisistik üslub
şablonlarından ("tunc dövrünün
tapıntıları", "mərkəzin tabeliyinə
keçmək", "ərazi formulu", "dövlətçilik
ənənəsi", "maliyyə sistemi", "sinfi cəmiyyət",
"iqtisadi böhran" və s.) istifadəyə baxmayaraq,
müəllif olayların dinamizmi, duyğuların
coşqunluğundan doğan temportimi sonacan saxlaya bilir və
poema yetərincə sürətlə oxunur.
Bunun səbəbi poemanın axıcı təhkiyə
üsulundadır. Bədii təkrirlərə köklənən
bu üsul selin qarşıya çıxan hər şeyi
götürüb aparmasına bənzəyir. Burda
söz sözü, misra misranı, fikir fikri çəkir, mətn
müəllif iradəsi və idarəsi dışında,
şüurlu bir subyekt kimi, avtonom surətdə
özünün yaranmasında iştirak edir:
Ali
Baş Komandan,
ali sərkərdə,
Həm
canlı efirdə,
Həm də
səngərdə,
Ölkənin
mətbuat fədaisiydi,
Təmkini,
məntiqi, fəhmi yerində,
Mövqeyi,
baxışı, zəhmi yerində,
Qarabağ
bizimdir!
Azərbaycandır!
-
Hayqırıb kükrəyən "Nida!" səsiydi.
İlhamın
yüksək anında sadəcə mətn deyil, dil də
özünü yaratmağa başlayır, Kürəkçaya
Kələkçay, Türkmənçaya Türkmənvay,
Gülüstana Külüstan, yəni "tikana sökən"
deyir və hər şeyi öz adıyla
çağırır. Haydeggerin dediyi kimi, bədii
diskurs həqiqətə gedən ən kəsə yoldur.
"Vətən" tarixi gerçəkləri ifadə etmək
iddiası və imkanı ilə yazılan, təkcə tarixin
deyil, bəzən dilin də həqiqətinə varan əsərdir:
Böldü
məmləkəti,
böldü min yerə,
Böldü,
Parçaladı
müqavilələr, -
Kürəkçay,
-
Kələk-çay
müqaviləsi,
Türkmənçay,
-
Türkmən-vay
müqaviləsi
Gülüstan,
Külüstan müaviləsi.
Poemanın epik hissələri çay dənizə
qovuşan kimi müəllifin duyğu və düşüncələrinə
- lirik hissələrə qovuşur. "Təkləndin, Vətən, təkləndin",
"Mən səni qoruya bilmədim, Vətən",
"Ordumuz qaçırdı Bakıya sarı", "Birləşək",
"Gözün aydın, Qarabağ" və sair kimi lirik
parçalar həm süjetin bir hissəsi, həm də
müstəqil şeirlərdir. Heca vəznində, bəlli
formada düzülüb-qoşulan bu şeirlər kədər
və sevinc anlarındakı ən yüksək hiss-həyəcanı
ifadə edir:
Güman
keçməz dağları
Aşa-aşa
qayıtdıq,
Yumruq kimi
birləşib,
Coşa-coşa qayıtdıq.
Biz Kəlbəcər-Kəlbəcər,
Şuşa-Şuşa
qayıtdıq,
Başın
uca, üzün ağ,
Gözün
aydın, Qarabağ!
Poemanın
epik və lirik hissələri arasındakı interaktiv
keçidlər əksərən hiss olunmadan baş verir,
sınırlar həndəsi dəqiqliklə
cızılmır. Demokratizm erasının
şairi şeir elminin qaydalarına ehkam kimi baxmır. Poemanın arxitekturası bu yöndən Dədə
Qorqud boylarına yaxındır. Çünki mətnşünasların
Ulu Kitabımızı nəsr və nəzm hissələrinə
ayırması, əslində, şərti bir şey olub mətni
qavramağı asan(laşdırmağa)
xidmət edir. Əski çağlarda nəsr və
nəzm bir-birindən hələ tam
ayrılmamışdı, mətn birüzlü idi. Onda həm nəsrə, həm də şeirə
oxşayan, amma onların heç birilə yüzdə yüz
üst-üstə düşməyən bütöv Söz
varıydı.
"Vətən" də sözübütöv
poemadır.
Onun epik hissələri "Dədə Qorqud"un "nəsr", lirik hissələri isə
"şeir"lərinə uyğun gəlir. "Dədə
Qorqud"un əski türk
düşüncəsindən gələn ideya
özülündə iki önəmli məsələ var:
yuxarıda Tanrı ilə ("Dəli Domrul boyu"),
aşağıda isə oğuzlar arasında
("İç oğuza Taş oğuz asi olub Beyrəyin
öldüyü boy") münasibətlərin
nizamlanması, göylə ahəng yaradıb, yerdə düzən
qurmaq. Eyni altyapı "Vətən"
üçün də səciyyəvidir. Amma
poemanın dastan üçün səciyyəvi olmayan bir
özəlliyi var - o, boylara bölünmür. Bizcə, bu bölünməzlik - ya bilərəkdən,
ya da bilincaltı - müəllifin ümummilli birlik
ideyasının struktural altyapısıdır. Şair poemanı boylara (hissələrə)
bölmür ki, vətən də boylara (tayfalara)
bölünməsin. Poemanın yeganə
boyu vətəndir.
Dastan faciə
ilə sonuclanır - özü İç Oğuzdan olan,
Taş Oğuzdan qız alan, beləliklə,
ümummilli birliyin rəmzinə çevrilən Beyrəyin
öldürülməsi bu faciəyə rəmzi işarədir.
Poema isə milli birlik hesabına qazanılan
Qarabağ zəfərini əks etdirən xoşbəxt finalla
bitir. "Dədə Qorqud"
bölünməyə, "Vətən" isə birləşməyə
güzgü tutur. Çünki ikinci
minillik bölünmə, üçüncü isə birləşmə
eramızdır. Birləşmə ideyası poemada
başdan sonacan dəfələrlə səslənir:
Bir
xışlanaq, bir ləklənək,
Halal bir tuma yüklənək.
Göydə
Tanrıya köklənək,
Yerdə
bayrağa, birləşək!
Bu bənd poemanın və ümumən Ramiz
Qusarçaylının bədii düşüncəsinin
"bölünməz hissəciyi" - atomudur. Bu bəndi
böyütsən, poema, poemanı kiçiltsən, bu bənd
alınar. Şair "bir
xışlanaq" deyəndə bizi əski
yanlışlarımızı alt-üst eləməyə,
"bir ləklənək" deyəndə yeni düzən
qurmağa çağırır. Bu
ölüb-dirilmə (xışlanıb, ləklənmə)
sovetlərin çöküşü və Qarabağ zəfəriylə
bağlı yaşadıqlarımıza uyğundur. "Sivilizasiyaların toqquşması" əsərinin
müəllifi S.Hantinqton kimi, şairin də fikrincə, yeni
dünya düzənindəki qarşıdurmaların
özülündə dini, milli, mədəni amillər
dayanacaq. Odur ki, Qarabağ zəfəri ilə
tarixə qoyduğumuz imzamızı qorumaq üçün
halallıq əxlaqi kredomuz, göydə Tanrıya və yerdə
bayrağa köklənmək isə mənəvi və siyasi
idealımız olmalıdır.
"Vətən"i oxuyub gəldiyimiz son qənaət
budur.
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2022.-2 aprel.- S.28-29.