Doktor Con Faustusun əhvalatı
Faustun şəxsiyyəti və
həyatı haqqında dəqiq məlumat yoxdur. Amma qəbul edilmiş versiya belədir ki,
İohann Georq Faust təxminən 1480-ci ildə Almaniyada
doğulub, bir müddət müəllimlik edəndən sonra
Avropa səyahətinə çıxıb, sehrbazlıq və
qara magiyayla məşğul olduğuna görə bir
çox şəhərlərə gəlişi qadağan
edilib. Öldüyü il kimi 1540 və
ya 1541-ci il qəbul olunur. Versiyalardan birinə
görə əlkimya təcrübəsi vaxtı
partlayış baş verib və Faust həmin
partlayışda ölüb. Meyiti
yandığı üçün camaat onun İblisə
satıldığını və İblisin onu şəxsən
özü öldürdüyünü zənn edib.
O vaxtdan "ruhunu İblisə satan Faust" haqqında əfsanə
yayılmağa başlayıb, 1590-cı illərdə
Almaniyada kitab kimi çap olunub, tezliklə aparıcı Avropa
dillərinə tərcümə edilib.
Bu əfsanə əsasında
çoxsaylı ədəbi əsərlər yazılıb
(Kristofer Marlo, İohann Volfqanq Höte, İvan Sergeyeviç
Turgenev, Tomas Mann və s.).
Əfsanənin almancadan
ingiliscəyə təbdil edilmiş versiyasını nəzərinizə
çatdırırıq (tərcümədə imkan qədər
orijinal mətnə, müəllif üslubuna sadiq qalınmağa
çalışılıb).
Faustusun 24 il ərzində
istədiyini etmək üçün İblisə
satılması, həmçinin Qulluqçusu Mefistofoleslə
bir yerdə törətdiyi ağlagəlməz işlər
haqqında hekayət.
İblisin onun dalınca gəlib onu
Parçalaması haqqında əlavəylə
I fəsil
Faustusun dünyaya gəlməyi və
ailəsi haqqında
Doktor Con Faustus Almaniyada doğulmuşdu və atası
kasıb işçi olduğu üçün oğluna Savad
verə bilməmişdi, amma onun kənddə yaşayan sonsuz
Qardaşı var idi və əmi qardaşı oğlunu
çox istədiyi üçün onu oxutdurub Alim etmək qərarına
gəldi. Buna görə də onu Latın Məktəbinə
yazdırdı və uşaq Oxumaqda Uğur qazandı, məktəbi
qurtarandan sonra isə İlahiyyat oxumaq üçün
Universitetə göndərildi. Təhsilin bu sahəsi
Faustusun xoşuna gəlmədiyi üçün o, Qara Magiya
və Sehrbazlıq öyrənməyə başladı və
tezliklə bu sahələrdə elə Ustalaşdı ki,
müəyyən Müddətdən sonra heç kim onunla rəqabət aparmaq gücündə
olmadı. O, eyni zamanda İlahiyyatı da yaxşı öyrəndi
və həmin Fakültənin Doktorluq Dərəcəsini
aldı, bundan sonra Tanrı yolundan üz döndərib öz
Maraqlarına xidmət etməyə başladı.
II fəsil
Faustus İblisi
çağırır və onu öz
evində peyda olmağa məcbur edir
Narahat Ağlı Gecə-Gündüz fəaliyyətdə
olan Faustusun qartal qanadlı xəyalı Dünyanın
üstündə uçmaq, Göyün və Yerin Sirrini
öyrənmək istədi. Nəticədə
Faustus xətri istədiyi vaxt İblisi yanına gətizdirmək
bacarığına yiyələndi.
Bir
gün Faustus dostuyla bir yerdə Almaniyanın Virtemberq şəhəri
yaxınlığında yerləşən Meşədə
gəzişirdi, həmin dostu onun Bacarığını
gözüylə görməyi arzulayırdı və Faustusa
yalvarırdı ki, Mefistofolesi necə çağırdığını
ona göstərsin. Doktor o saat
çağırdı və İblis birinci
çağırışdan sonra Meşədə elə
möhkəm Səs-küy qaldırdı ki, elə bil Yerlə
Göy toqquşdu. - Sonra möhkəm nərilti
qopartdı, elə bil Meşə Vəhşi Heyvanlarla dolu
idi. - Onda doktor İblis üçün Dairə yaratdı,
İblis Daş döşənmiş küçədə
gedən On Min At arabasının səs-küyüylə o
dairənin ətrafında fırlanmağa başladı. -
Daha sonra o, göy gurultusu və ildırımlar yaratdı, elə
bil Dünyanın Axırı çatmışdı.
Səs-küyə heyran qalan Faustusla Dostu İblisin
yanında çox qalmaqdan qorxub getmək qərarına gəldilər;
amma İblis indiyə qədər eşitmədikləri
musiqilərlə onları əyləndirməyə
başladı.
- Bu, Faustusu ilhamlandırdı və o, Zülmət
Şahı adından Mefistofolesə əmr etdi ki, Mefistofoles həqiqi
qiyafəsində peyda olsun; həmin Dəqiqə onun
Başının üstündə nəhəng Odlu Əjdaha
peyda oldu. - Faustus yenə ona əmr etdi və onda Meşədə
Ah-nalə qopdu, elə bil Cəhənnəm bütün sakinləriylə
bir yerdə qabaqlarına sərildi. - Faustus İblisə
çoxlu suallar verdi və çoxlu fokus
göstərməsini əmr etdi.
III fəsil
Mefistofoles Doktorun evinə gəlir;
onların arasında baş verənlər haqqında
Faustus
Ruha əmr etdi ki, sabah Saat onda onun evinə
gəlsin. - Təyin olunmuş Saatda Ruh onun evinə gəlib nə
istədiyini soruşdu. Faustus cavab verdi ki,
Ruhun onun bütün Arzularını və Əmrlərini
yerinə yetirməsini istəyir:
Birincisi, bu gündən Faustusun Öldüyü günə
qədər Ruh onun bütün istəklərini yerinə
yetirməlidir.
İkincisi, nə istəsə Ruh onun üçün gətirməlidir.
Üçüncüsü, nə bilmək istəsə,
Ruh ona danışmalıdır.
Ruh cavab verdi ki, özü buna Qərar verə bilməz,
əvvəlcə ona hökmranlıq edən Şahla
görüşməlidir. Çünki o dedi, bizim
Hökmdarlarımız var, onlar bizi idarə edir və istədikləri
vaxt Evə çağırır, biz Lüsiferin bizə
verdiyi Hökm çərçivəsində hərəkət
edirik, Lüsifer isə Qüruruna görə Göylərdən
qovulub, daha artığını sənə deməyə
ixtiyarım yoxdur, çünki hələ sən bizə
qoşulmamısan. - Sən mənim İstəyimi yerinə
yetirəcəksən, Faustus dedi, mənsə səninlə
bir yerdə lənətlənməyəcəyəm. - Onda Ruh
dedi ki, sənin İstəklərin yerinə yetməyəcək
və yerinə yetə bilməz, çünki sən mənimsən
və bütün Aləm yığışsa, səni mənim
Hökmümdən ala bilməz. - Get burdan, Faustus dedi, Gecə
yenə yanıma gələrsən.
Ruh yoxa çıxdı və Faustus fikirləşməyə
başladı, necə etsin ki, həm Arzuları yerinə
yetsin, həm də İblisə satılmasın.
Faustus bu Düşüncələrlə günü
keçirtdi.
Gecə düşdü və Ruh onun yanına gəlib dedi:
Şah əmr etdi ki, sənə itaət edim, arzularını
yerinə yetirim və istədiklərini sənə
çatdırım. - Faustus dedi ki, o da Ruh olmaq istəyir, xətri
istəyəndə gözəgörünməz olmaq istəyir,
Mefistofoles isə daim onun Xidmətində dayanmalıdır. -
Əgər Faustus Müqavilə kağızını
imzalasa, istədikləri yerinə yetiriləcək, - deyə
Ruh cavab verdi. Müqavilə bundan ibarətdir
ki, Faustus özünü bütünlükdə, Bədənini
və Ruhunu Lüsiferə bəxş edir, öz
İnancından üz döndərir və bütün
yaxşı İnsanların Düşməninə çevrilir,
Razılaşma kağızını isə öz Qanıyla
imzalamalıdır. - Faustus bu şərtlərə
razılaşsa, deyə Ruh söz verdi,
Ürəyindəki bütün Arzulara çatacaq, istədiyi
Şəklə düşmək Bacarığına yiyələnəcək
və Min dənə Ruh onun qulluğunda dayanacaq.
IV fəsil
Faustus qanını axıdır və
İblisə satılır
Səhər
Ruh Faustusun yanına gəldi, gəlmişəm Müqaviləni
imzalayasan və sənə güc verim, dedi. - Faustus bunu
eşidən kimi bıçağı götürüb sol əlinin
venasını kəsdi, qanını üstünə
axıtdı və qanıyla bunları yazdı:
Mən,
ilahiyyat doktoru Con Faustus, açıq-aşkar etiraf edirəm
ki, əşyaların və elementlərin təbiəti
haqqında araşdırmalarım arzularımı yerinə
yetirməyə zərrə qədər də kömək etmədi;
insanlar mənə kömək edə bilmədiyi
üçün Zülmət Şahına və onun köməkçisi
Mefistofolesə müraciət etdim, cismən və ruhən
onlara tabe oldum, bir şərtlə ki, onlar, söz verdikləri
kimi, istəklərimi bütünlükdə yerinə yetirəcəklər.
Bu razılaşmanı imzalamaqla razılaşıram və
boynuma götürürəm ki, əgər onlar 24 il ərzində
mənə səmimi və düzgün şəkildə xidmət
etsələr və harda nə istəsəm yerinə yetirsələr,
təyin olunmuş vaxtın tamamında cismim və ruhumla istədiklərini
edə bilərlər. Tanrıdan və Məsihdən
və bütün səmavi varlıqlardan imtina etdiyimi imzamla təsdiqləyirəm.
Səmimiliyimi bildirmək üçün bu
müqaviləni öz əlimlə və öz qanımla
yazıb möhürümü basıram.
Con FAUSTUS
Faustus
Müqaviləyə imza atan kimi onun Ruhu Mefistofoles od tutub yanmağa başladı, ağzından
Alov püskürdü və bir an sonra təzə Ləpirləri
izləyən Tula Sürüsü peyda oldu. - Sonra rəqs edən
Öküz gəldi, sonra da bir-birilə süpürləşən
Şirlə Ayı. - Ruh Doktorun qabağında
çoxlu belə Səhnələr göstərdi və
tamaşasını müxtəlif Musiqilər altında rəqs
edən Yüzlərlə Ruhla yekunlaşdırdı. Rəqs
və Musiqi qurtarandan sonra Faustus ətrafa baxmağa
başladı və On Kisə Gümüş gördü,
onları xərcləmək istədi, amma bacarmadı,
çünki Gümüş Pullar o qədər isti idi ki,
Doktordan başqa heç kim onlara toxuna bilmirdi.
Bu Əyləncə
Faustusun o qədər xoşuna gəldi ki,
imzaladığı Müqaviləni Mefistofolesə verdi, bir surətini də özündə
saxladı.
V fəsil
Faustus Bavariya hersoqunu necə ələ
saldı
Tezliklə
bütün Qonşular Faustusun İblisə
satıldığını öyrəndi və daha heç kim onunla dostluq etmədi, bircə Ruh onunla
dostluq edirdi, tez-tez onun yanına gəlib, onu Fokuslarla əyləndirirdi.
Bavariya
Hersoqu və Zalsburq Yepiskopu, həmçinin Saksoniya Hersoqu
Faustusun Evinin yaxınlığında yaşayırdı,
Mefistofoles adətən onların Zirzəmisinə gedib Ehtiyat
saxladıqları ən dadlı yeməkləri gətirirdi.
Bir
Gün Bavariya Hesoqu Ölkənin az qala
Bütün Zadəganlarını nahara
çağırdı, onlar üçün çoxlu Yemək
bişirtdirdi. Zadəganlar gəlib Süfrəyə
oturan vaxt Mefistofoles peyda olub bütün Yemək-içməyi
özüylə apardı və onları dərin Təəccüb
içində buraxdı.
Faustus vəhşi
və ya ev Quşları görmək istədiyi
günlərdə Ruh Dəstə-dəstə Quşları
çağırırdı, Faustus Pəncərədən
onlara baxırdı. Ruh Faustusa bir sehr də
öyrətmişdi ki, o Sehrin sayəsində heç bir Qala
qapısı və ya Kilidi Faustusa müqavimət göstərə
bilmirdi.
İblis, həmçinin Faustusa Havada uçmağı
və çoxlu başqa Şeylər də öyrətmişdi
ki, hamısını bu Kitabda verə bilmərik.
VI fəsil
Faustusun yuxuda Cəhənnəmi
görməsi
Faustus Ruhla Lüsiferin məğlubiyyəti və məğlub
olmuş Mələklərin vəziyyəti haqqında xeyli
Söhbət edəndən sonra Xəyalında və ya
Yuxusunda Cəhənnəmi və Şeytanları
gördü.
Bu Mənzərəni görəndən sonra
maraqlandı və yanında dayanan Mefistofolesdən soruşdu
ki, Birinci Qaranlıq Çuxurdakı adamlar kimlərdir? Mefistofoles cavab verdi ki, onlar
özünü Həkim kimi qələmə verib Minlərlə
adamın ölümünə bais olanlardır, burda onlara
onların başqaları üçün
hazırladığı Dərmanları verirlər, amma Nəticəsi
başqa cür olur, çünki burda onlar Ölmək
xoşbəxtliyinə sahib deyillər. O adamların
başının üstündə içində Zəhər
olan Dərman şüşələri düzülmüş
uzun rəflər var idi.
Çuxurun
yanından keçəndən sonra mən uzun, həddindən
artıq qaranlıq Dəhlizə düşdüm, dəhliz
adamla dolu idi: onların kim olduğunu
soruşdum, Ruh cavab verdi ki, onlar Cibgirlərdir, o biri Dünyada
adam çox olan yerlərdə gəzdikləri
üçün burda da hamısını bir yerə
yığıblar. Aralarında Böyük
Yolda dayanan Quldurlar və başqa bu Qəbildən adamlar
vardı.
Bir az gedəndən sonra Minlərlə Şərabçı
və Milyonlarla Dərzi gördüm, o qədər çox
idilər ki, onlar üçün ayrılmış Otaqda tərpənməyə
yer yox idi.
Bir az qabaqda Ruh Zirzəminin Qapısını
açdı, bayıra elə Tüstü vurdu ki, az qaldı
boğulum, eyni zamanda Qara-qışqırıq eşitdim.
Otaqda kimlərin olduğunu soruşdum, Ruh cavab verdi
ki, bu otağa o biri Dünyada özünü Müqəddəs
kimi qələmə verən Cadugərlər
yığışıb, onlar burda dava edir, bir-birini
cırmaqlayır.
Yaxınlıqda Aradüzəldənlər və
Zinakarlar vardı, elə bərk
qışqırırdılar ki, qorxdum.
Bir
neçə addım sonra Duman içində xeyli adam gördüm, onların kim olduğunu
soruşdum. Dəyirmançılar və Çörəkçilərdir,
deyə Ruh cavab verdi; elə səs-küy
salmışdılar ki! Dəyirmançı Çörəkçini
çağırırdı, Çörəkçi Dəyirmançıya
yalvarırdı ki, ona kömək etsin, çünki
heç kim onlara kömək etmirdi.
Getməyə başladım və qabaqda minlərlə
Alverçi gördüm, aralarında tanıdıqlarım da
vardı, bu biri Dünyada Alıcılarını
aldatdıqları üçün onları incidirdilər.
Mənə Cəhənnəmi göstərəndən
sonra Ruhum Mefistofoles məni Qucaqladı və qaytarıb öz
Evimə gətirdi, evdə özümə gəldim və
Yuxuda gördüyümdən sarsılmışdım.
Özümə gələndən sonra Ruhdan soruşdum
ki, Cəhənnəm Harda yerləşir? O, cavab verdi:
Günahkarın düşdüyü yerdə Cəhənnəm
yaradılıb. Cəhənnəmin Mahiyyətinə və
Hüdudlarına qalanda isə, biz - İblislər və
Şeytanlar belə şeyləri bilmirik, amma Tanrının Qəzəbi
orda Od püskürür.
VII fəsil
Faustusun 20 tələbə ilə
etdikləri
Faustusun evinin qabağında on üç tələbə
yeddi başqa tələbəylə rastlaşıb
söyüşməyə, sonra isə Dava etməyə
başladılar. On üç tələbə Yeddi tələbəyə
üstün gəlirdi. Onlara Pəncərədən
baxan Doktor yeddi tələbənin on üç tələbəylə
baş edə bilmədiyini görüb hamısını
sehrlədi, hamısını Kor etdi, onlar görməsələr
də, Dava etməyə, kimə gəldi Zərbə endirməyə
davam etdilər, Adamlar da onlara baxıb güldü. Nəticədə Doktor onları aralayıb öz
Evinə gətirdi və hamının Təəccüblü
baxışları altında hamısının
Gözünü açdı.
VIII fəsil
Faustus cavan oğlanın gözəl
qızla evlənməsinə kömək edir
Bir nəcib cavan oğlan məlahətli qıza vuruldu,
qız ləyaqətli və vacib Sima idi və Virtemberqdə,
Doktorun Evinin yaxınlığında yaşayırdı. Cavan oğlan evlənmək
niyyətilə xeyli qızın dalınca düşdü,
amma Arzusuna çata bilmədiyi üçün ayaq
üstündə əriməyə başladı, əgər
Doktorla görüşüb, başına gələn
Əhvalatı ona danışmasaydı, yəqin ki, Qüssədən
öləcəkdi. Cavan oğlan sözünü qurtaran kimi
Doktor dedi ki, qorxmasın, çünki onun Arzusu gerçəkləşəcək
və o, arzuladığı və heyran olduğu qızın
vüsalına yetişəcək, həmin
gözəl qız isə ondan başqa heç kimi sevməyəcək
və dediyini elədi: Faustus qızı sehrlədi və
qız indiyəcən zəhləsi getdiyi oğlana vuruldu,
ondan başqa heç kimi fikirləşə bilmədi. Faustus
məqsədinə bu cür çatdı: oğlana sehrli
Üzük verib dedi ki, Barmağına taxsın və
oğlan Üzüyü barmağına taxan kimi qızın
ona qarşı Fikri dəyişməyə başladı, Ürəyində oğlana qarşı məhəbbət
baş qaldırdı. Qız oğlandan soruşdu ki, ona
yaxşı Ər ola bilər, ya yox?
Oğlan cavab verdi ki, hə, olaram və
dünyanın ən Xoşbəxt adamı oldu, çünki
səhəri gün onlar evləndilər və xoşbəxt
yaşamağa başladılar.
IX fəsil
Faustus 7 qadını bazarda
çılpaq oynamağa necə məcbur etdi
Faustus
Bazarda gəzəndə Sırayla oturmuş yeddi Qadın
gördü, Qadınlar Yağ və Yumurta satırdı,
Faustus hərəsindən bir şey alıb getməyə
başladı, Faustus gözdən itən kimi Qadınların
səbətləri birdən-birə boşaldı,
bütün Yağ və Yumurtalar yoxa çıxdı,
Qadınlar heç nə başa düşmədilər. Onda onlara dedilər ki, Faustus onların məhsullarını
sehrləyib və yoxa çıxmağı əmr edib,
Qadınlar Tez Doktorun Evinə qaçıb məhsullarının
əvəzini tələb etdilər. Faustus
isə şəhər camaatı üçün Əyləncə
quraşdırmaq fikrinə düşdü və
Qadınları paltarlarını soyunub çılpaq halda
oynamağa məcbur etdi. Qadınlar
oynaya-oynaya Bazara qayıdıb gördülər ki, məhsulları
Səbətlərindədir və bundan sonra paltarlarını
geyinə bildilər.
X fəsil
Faustus Donuz otaran Kəndlini necə ələ
saldı
Bir dəfə
Faustus Virtemberqə gedəndə yolda Kəndli gördü, Kəndli
Donuz Sürüsünü sürməyə
çalışırdı, amma heyvanlar ona tabe olmurdu,
yarısı o tərəfə qaçırdı,
yarısı bu tərəfə. Kəndli
bilmirdi onları bir yerə necə yığsın. - Bu
Vəziyyəti görən Faustus Donuzları məcbur etdi ki,
arxa ayaqları üstündə dayansınlar və hərəsinin
əlinə bir Skripka verdi, onlar çala-çala, oxuya-oxuya
düz Virtemberqə qədər getdilər, Kəndli isə
sürünün qabağında oynayırdı, onları
görən Adamlar isə əylənirdi. Faustus
bu Əyləncədən həzz alandan sonra Skripkaları yoxa
çıxartdı; Kəndli tezliklə Donuzların
hamısını satdı. - Amma kəndə
qayıtmağa macal tapmamış Faustus sehrlə Donuzları
Bazardan çağırıb Kəndlinin evinə göndərdi.
Donuzları alan Adamlar Donuzların itdiyini
görüb Kəndlini saxladılar və onu məcbur etdilər
ki, Pulları qaytarsın. Kəndli dərin Kədər
içində evinə qayıtdı və bilmədi nə
etsin, amma bütün Donuzların tövlədə
olduğunu görüb dərindən təəccübləndi.
XI fəsil
Faustus getdikcə yaxınlaşan
ölümü haqqında fikirləşir
Faustusa verilmiş iyirmi dörd ildən cəmisi bir, ya
da iki ay qalmışdı və o, ruhən və cismən
satıldığı İblisi necə aldada biləcəyini
fikirləşməyə başladı, amma heç cür
getdikcə yaxınlaşan kədərli
Ölümünü gecikdirmək üçün Səbəb
tapa bilmədi.
Və onda qəmli səslə qışqırdı: - Ey
yazıq Günahkar! Mən bir neçə illik
Həzz qarşılığında, şirin və iblisanə
arzularımı gerçəkləşdirmək
üçün İblisə satıldım, indisə
onların əvəzini verməliyəm, məni Sonsuz
Əzablar gözləyir. Mənə heç kim kömək
edə bilməz; Uca Tanrıdan Mərhəmət gözləməyim
də mümkün deyil, çünki ondan üz döndərmişdim;
mən Tanrıdan üz döndərib əbədiyyətə
qədər İblisə satıldım; indisə Vaxtım
qurtarmaq üzrədir və məni əbədi Əzablar
gözləyir.
XII fəsil
Faustusa əmr edilir ki, Ölümə
hazırlaşsın
Vaxt tamam olan kimi Ruh Faustusun yanına gəlib Müqaviləni göstərdi və dedi ki, sabah Gecə İblis onun dalınca gələcək. Doktorun ürəyi əsməyə başladı; fikrini dağıtmaq üçün müəyyən Doktorlara, Magistrlara, İncəsənət Bakalavrlarına və başqa Tələbələrə xəbər göndərdi ki, onları nahara dəvət edir. Onlar üçün Əyləncələr təşkil etdi, Musiqi səsləndirdi və başqa şeylər göstərdi, amma heç nə onun Ruhunu əyləndirmirdi, çünki Ölüm Saatı yaxınlaşırdı. - Qonaqlar Doktorun narahat olduğunu görüb səbəbini soruşdular. Faustus cavab verdi: - Ah! Əziz dostlarım, siz məni uzun İllərdir tanıyırsınız, həmçinin çoxlu Günahlara batdığımı da bilirsiniz - mən Sehrbazam və bu bacarığımı cismən və ruhən İblisə satılmağım qarşılığında almışam, mənə iyirmi dörd İl vaxt verilmişdi. Bu gecə Vaxtım tamam olur, ona görə belə kədərliyəm. Dostlarım, sizi ona görə çağırmışam ki, mənim məzlum Ölümümə şahidlik edəsiniz; dua edirəm ki, mənim Taleyim sizi pis yoldan çəkindirsin, Təbiət haqqında İnsana icazə verildiyindən çox öyrənməyə çalışmayasınız, yoxsa bu yol sizi İblisə aparıb çıxaracaq, o İblisə ki, istəsəm də, istəməsəm də, bu Gecə dalımca gələcək.
Gecə saat On ikiyə bir neçə dəqiqə qalmış Ev silkələnməyə başladı və hamı qorxdu ki, Ev indi onların başına uçacaq, sonra Evin bütün Qapıları və Pəncərələri sınıb dağıldı və dəhşətli fısıltı səsi aləmi bürüdü, elə bil Evdə ilanlar qaynaşırdı. Faustus yalvarmağa başladı, amma əbəs yerə. Sonra evdə bir səs-küy qalxdı ki, elə bil Cəhənnəmin bütün Şeytanları evə doluşmuşdu və tezliklə evdəki hər şeyi Faustusun qanına bələyib yoxa çıxdılar. Mənzərə həqiqətən dəhşətli idi.
İohann Georq Faust
Tərcümə
edəni: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.30-31.