Gülməli olan nədir?
İnsanın oddan sonra ən
böyük kəşfi
qorxu oldu. Bu hiss qədim
insanlara sivilizasiyanın
yaranması, dini inancların formalaşması
və bəşəriyyətin
ibtidai səviyyədən
ictimai səviyyəyə
irəliləməsi üçün
əsas özül oldu. Qorxu özü ilə
bərabər mədəni
instinktləri formalaşdırdı.
Qadağalar alqoritmini fövqəl
vəziyyətə gətirdi
və nəticədə
müasir etik düşüncənin əsasları
yarandı. Qorxunun nəticəsi
bədbəxtlik, faciə
və təkzib olunmaz tək həqiqət - ölüm
idi. Milyon illərin təkamülü
göstərdi ki, hətta insan orqanlarının bir çoxu məhz qorxu anlayışının
təsiri ilə formalaşdı. Təkcə insanlarda
yox, həm də heyvanlarda bu instinkt özünümüdafiə
reflekslərini əmələ
gətirdi. Faciə və
qorxunun tarixi toyuq-yumurta məsələsi
kimi uzun-uzadı cavablara gedib çıxır. Hansının daha əvvəl yarandığı haqqında
xüsusi bir qeyd yoxdur. İnanc sisteminin gətirdiyi qismət, tale sözləri
faciənin keçmişdəki
arxaik mahiyyətini bir qədər yüngülləşdirsə də,
onun özündən
sonra xislətimizdə
və psixologiyamızda
buraxdığı izlər
dərin və silinməz olduğu üçün ona qarşı da yeni bir situativ
instinkt yaratmalı olduq.
Qədim
miflərdən bu yana bütün
situasiyaları periodik
olan bəşəriyyət
faciə üçün
də alternativlər tapdı. Faciə və ağrılar
gülüş və
qəhqəhələrə çevrildi. Komediya anlayışı
ilə faciə anlayışı bir müstəvidə və tarixin bütün dövrlərində kəsişən
situasiyadadırlar. Bizim güldüyümüz
hadisələr başqa
kəslər üçün
ya arzuolunmaz, ya da utancvericidir.
Faciənin nəticəsi məlum
mətnləri sonlandırır
deyə, komediya vacib idi. Qədim Maya miflərində gülüş
və göz yaşının hər gecə bir-birini əvəz etməsindən
və Allahın oğlanlarının beşiyi
başında durmaqlarından
danışılır. Bu miflərdə Allahın
oğulları insanların,
gülüş komediyanın,
yumorun, göz yaşları isə faciənin prototipidir.
İnsanın həyatı və
bəşəriyyətin, mədəniyyətin
davamlılığı Xeyirlə
Şərin müharibəsindən
asılı olduğu
kimi, yumorla faciənin də münaqişəsindən və
ya yerdəyişməsindən
asılıdır. Əgər dünyada
sadəcə bir qütb qalsa, onda heç nə inkişafa meyilli olmayacaq. Bunu mayalılar yüz min illər bundan qabaq düşünüblər.
Yumor faciənin
alternativi olmaqla bərabər, həm də onun dekonstruksiyasıdır. Hadisələrin bir necə rakursdan
görüntülənməsidir. Dövrümüzdə məhz buna
görə absurd filmlərin
və absurd mətnlərin
dəyəri hər gün artmaqdadır.
Çünki absurdizmin özü
alternativ fikirlərin karnavalıdır. Absurd yumorun bir adı
da elə qara yumordur. Buradakı qara ifadəsi faciəni şəkilləndirməklə bərabər, hadisənin
yeni perioda başlamasına da nişan verir.
Elə
absurd dramaturgiyanın banilərindən
biri Bekket "Oyunun sonu" tamaşasında Nell obrazının
dilindən bunları deyir:
"Bədbəxtlikdən gülməli
bu həyatda heç nə ola bilməz!
Hə, hə... bu dünyada ən gülməli şey odur...".
Faciə insanlarda öz ilahi haqları olan xoşbəxtliyi anlamaq üçün bir vasitə olduğu üçün
həmişə aktual
olub. Biz faciələrimizə qarşı vecsiz də ola
bilərdik. Ancaq bu bizi mazoxizm dərəcəsində
bədbəxtliyə öyrədir
və yaddan çıxmaqda olan ilahi ədaləti bərpa etmək üçün xoşbəxtliyimizi
tələb etməkdə
bizə bəhanə olur. Bədbəxtliyimizin bizə kömək
edə bilmədiyi zamanlarda isə tragikomediya meydana çıxır. Bu artıq bir tərəddüdün məhsuludur.
Xoşbəxtik, yoxsa bədbəxt?
Ümumiyyətlə, bunların bir
mənası varmı?
Və suallar çoxaldıqca tragikomediya
da özlüyündə
nihilizmin konturlarını
bizə göstərir. Beləcə, zəncirvari şəkildə
ovqatımız bizi həyatın monoton və rutin atmosferindən
çıxarıb ibtidai
təsəvvürlərimizə atır.
Komediya həmişə
qəhqəhələrdən ibarət olmadığı
kimi, faciə də həmişə göz yaşı və sentimental duyğu hörüklərdən ibarət
olmaya bilər. Bəzən sevincdən
ağladığımız kimi, minlərlə mənfi situasiyada gülə bilirik. Məsələn, kinayə ilə
danışanda, kimisə
alçaldanda, kiməsə
pislik edəndə.
Hətta
dövrümüzdə sənət
qəhqəhəni daha
çox mənfi obraza yaraşdırır,
nəinki Xeyirin tərəfində olana.
Bu gün film və komiks sektorunda məşhur olan bir çox
mənfi qəhrəmanın
ən yaddaqalan atributu gülüşüdür.
Bəlkə buna görə
də klounlar daha qəddar və cinayətə meyilli təsvirlərlə
təqdim olunur. Post-modern dövrün uşaqları klounlara baxanda şahı əyləndirən təlxəyi
yox, şahı öldürmək üçün
gələn bir maskalı cinayətkarı
təsəvvür edirlər.
Bu iki nəsnənin
bir-birilə kompensasiya
olunduğu ən yaxşı obraz isə yəqin ki, məşhur Joker obrazıdır.
İlk dəfə
Antik Yunanıstanda meydana gələn faciə janrı həm də ölmüş hökmdarların
yenidən ölkəsinə
və xalqına hökm etmək iqtidarını verirdi. Yəni hökmdar
ölsə də, o, yenidən dirilir və sonsuzadək iqtidarı üçün
vuruşur. Bu nüans yuxarıda qeyd etdiyim periodun
bitməməsi üçündür.
İnsanlar xoşbəxt günlərin
sonu üçün faciələr, faciəvi günlərin sonu üçün isə komediyalar fikirləşirlər.
Başqa
cür həyatın mahiyyətini özlərindən
sonrakı nəsillərə
izah edə bilməyəcəklər.
Yaxşı, izlədiyimiz komediyalarda gülməli olan nədir? Kiminsə faciəsi, yoxsa
bizim ona olan alçaldıcı münasibətimiz? Biz gülərkən onun ağrılarını paylaşırıq,
yoxsa onu məsxərəyə salırıq?
Qəhqəhə çəkdiyimiz nüansların mahiyyətində
nə dayanır?
Nitsşenin artıq şablona çevrilmiş fikri
("Ən çox ağrı çəkənlər
ən gözəl gülənlərdir...") zaman
etibarilə hələ
də aktual qalmaqdadır. Filmdə deyildiyi kimi:
"Mən ən yaxşı qatilləri gülüşlərindən seçə
bilirəm...".
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2022.-
2 aprel.- S.32.