Sətirlənmiş şeirlər...
***
Ölüm belə şeymiş
yəqin..
Həzin
- həzin bir ağıyla, bir duayla, bir-iki damcı göz yaşıyla, hardasa ilişib qalan sınıq-salxaq xatirələrlə
yoxa çıxırıq...
Hamı
evinə-eşiyinə tələsir...
Biri ayaqqabısını
axtarır, biri pəncərədəki kölgəsində
paltarının yaxasını
düzəldir, biri yerindən tərpənmir
- ona bir dəfə də çay gəlir.
Hamının öz dərdi-səri,
işi-gücü var..
Baxırıq, baxırıq, baxırıq...
Güzgünün üstünə atılmış
örtüyü xəlvətcə
aralayıb özümüzü
axtarırıq - görmürük
Küsürük.
Sınmış budaq oluruq, yanıb qaralmış binanın divarı oluruq, ot
basmış cığır,
atılmış çörək
qırıntıları oluruq
- özümüz olmuruq
bir də
Dağılırıq, sonra nə olursa ayılırıq
Canımızı ora-bura vururuq - yoxuq, daşa - divara vururuq - yoxuq.
Küçənin ortasında adamların
ayağı altında
yıxılırıq, üstümüzdən
adlayıb keçirlər
- yoxuq
Kiminsə qabağını kəsirik
- İçimizdən yol
salıb aralanır..
Bəlkə kiminsə əlindən
tuturuq - əli əsir, məsələn,
bir qab salıb
sındırır, o biri
tərəfdən keçmişdəki
doğma kiminsə səsi gəlir:
- Qırıb qurtardın hər şeyi...
***
Qaldırıb əllərimi buludların
bozluğuna, mavi güzgü qırıntılarına
bənzəyən səmanın
boşluğuna doğru,
pıçıladayıram: Xoş gəldin...
Ey könlümün budaq yerindəki çiçək
həvəsi, gözlərimin
o üzündəki işıq,
ciyərlərimin dərinliyindəki
qu quşu səsi - Hardaydın?..
Hardaydın, fırtınalı dənizin
pıçıldadığı laylanın gizliliyi, ovuclarımdakı doğma
toxunuş, əllərimdəki
ən yaxın hənir?..
Küsənir, ağacların dünyasızlaşmış
kölgəsi yoxluğunda
küsənir..
Amma sən burda, bax, elə burda,
qəlbimin ən sükut doğulan yerindəydin...
Xoş gəldin...
***
Bir səs keçir qəlb evinin aynasından - kölgə
kimi... Bir yer çökür
ürəyə ən
yaxın yerdən - torpaq kimi. Bir çığ düşür
göydən yerə,
yerdən dibə.
Belə ayrılıq
görməyib heç
kim hələ
- yaradanın ürəyindən
qopmaq kimi...
Uzadır
Allah əlini, ürəyinin
parçasına, milyon
illik qələminə,
milyon illik fırçasına, milyon
illik sükutunu yollayır yol axtarmağa -
Eh...
Bircə
kəlməyə sığışan
evinə kimdir yığışan?..
Gecənin ağ donundadır otağından
çıxan mələk,
ayağının altı
boşluq, qanadının
üstü boşluq.
Ovuc-ovuc buz suların içinə qarışan fələk
hardasa ocaq yandırır, nəfəsində
isti boşluq...
Çevrilir bir vərəq daha, oxunur son sirri sözün. Dodaqların arasından
süzülüb səbrə
bükülür. Tanrı
bilir, ürəyindən
qopan yerlər harda, hansı ağrılara dözür...
dözür...
O yerə işıq göndərir, o yerdəcə
dan sökülür...
***
Üzünə gülümsəyirəm yuxuya
gedən ağacların. Son yarpaqlar
yoxa çıxır
səkilərdən, son narıncı
- sarılıq şəkillərdən...
Ağır-ağır, budaq-budaq bozarır göy üzü. Torpaq son istiliyini
canına çəkir.
Quşlar çırpır özünü o yuvadan bu yuvaya.
Ağacların hərəsi öz
yuvasını yanına
çəkir...
***
Qaranlıq gecələrdə heç
kimin görmədiyi yol açılır, hardan düşdüyü
bilinməyən işığın
altında suları parıldayan yeraltı çaylara..
Çöllərin qupquru otlarının xışıltısı ayaq
altında qalıb əzilir.
Susuram, kor kimi, lal
kimi, kar kimi bütün haraylara...
Uzanır,
ney səsi
istəyir duaların pıçıltısına ovuclarım.
Dodaqlarımın arasında bir göz yaşı yeri var. Çiyinlərimin
kəpənək yüküdür
daşıdığım can və bətnim. Yolun ürək döyüntülərində ölü
zamanı adlayıb keçirəm diri-diri...
Sevgi kimidir ağrılar, sevgi kimi qəfil və heyrətdoğurucu. Azca şikayət, qapanmış
göz qapaqları arasında yorucu, vaxtı uzanmış əzab dəqiqələri
və nəhayət, işıq... və nəhayət, növbəti
səyahət...
Biz ən qaranlıq gecələrdə yeraltı
çayların sahilində
görüşürük, hərəmiz bir tayda... Kimsənin xəbəri yoxdur sularında Tanrıdan başqa, heç kimin yuyunmadığı çaydan...
...Sonra qayıdırıq. Otlar yenə xışıldayır
ayağımızı basdığımız
yerdə, çıraqlar
yenə sayrışır
uzaq şəhərdə.
Adamların içindən bir
səs gəlib keçir, bir işıq gəlib keçir yuxusunda. Heç kim
heç nə eşitmir bizim öz səsimizə qulaq asdığımız
yerdə...
Nə sən, nə mən heç nə xatırlamırıq
ayılanda...
***
...Üzümü güldürür
axşam...
Bu yuxunun o üzündə qalıb can...
Günəşin pəncərəmdən keçib
gedən son işıqları
yolun qarşı tərəfindəki məzar
daşlarına çatır. Məzar
daşları günəşin
son işıqlarını göy üzünə qaytarır...
Oyanmaqla
oyanmamaq arasında bir nazik xətt,
gəlməklə gəlməmək
arasında sərhəd,
olmaqla olmamaq arasında fikir...
Harasa çəkir,
harasa həkk edir Tanrı ağ-qara rəsmləri.
Ən yorğun təbəssümlərin
yerini ağ
saxlayır
Ən çox sevən adamların adını sağ saxlayır, özünü öldürür...
***
Bir baxışlıq göy üzündə adsız quşların uçuşu
bir-birinə qarışır...
Ağaclar əllərini quşlara
uzadıb uçmağa
dartınır, quş
qanadlarının kölgəsində
əbədi işıq
sayrışır...
Uzaqlaşır duaların pıçıltısı
küçələrin səssizliyində...
Mən, əllərimə
baxıram, ilk dəfə
görürmüş kimi. Külək
bozlaşan budaqları
bir- birinə dolaşdırır kəndir
hörürmüş kimi...
Enir axşama doğru yol alan
şəhərin üstünə
sükutun ən dərin, ən dinc, ən yüngül
çağı. Qanadları
quşları yuvalarından
qoparıb aparır qatar-qatar, dəstə-dəstə,
ağır- ağır...
Tərli pəncərələrə zilləyib
gözümüzü dayanmışıq
tərpənmədən, danışmadan
- O və mən. Ağacların
hörük budaqlarını
göstərib gülümsəyir...
gülümsəyir, bir
boşluq çıxıb
gedir içimdən...
"Amin..."
Dodaqlarının tərpənişi sükutun
qapalı qapısını
aralayır azacıq. Tərli pəncərələrdən
damcılayır göz
yaşı. Məni
bircə an belə unutmayıb ən aydın görünən yuxusunda,
çox uzaq bir məzarda yatır atamın gülüşü...
***
Sabahın dumanlı qanadlarında qızılı ləpələrin
kölgəsi səhər
açılınca itib
gedəcək. Kimsə heç nə düşünmədən getdiyi
yuxudan qayıtmayacaq -
hər şey bitəcək...
Bitəcək yollar da, sevgilərin ən gözəli də, sevənlər də çıxıb gedəcəklər,
sevilənlərin özləri
də...
Təkcə bu gecə dumanı
qalacaq səmadan asılı. Pəncərəyə toxunacaq barmaqları
gizli-gizli, küsülü-küsülü.
Əriyib
itəndə yerində
bir çiçək
rəsmi...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.3.