İmamverdi Əbilov - ömrün məna
sıxlığı
İmamverdi Əbilov-95
Bu ev bülbül yuvasıdır - dəyməyin,
Qapısını bəd niyyətlə döyməyin.
İmamverdi - bir təvazö heykəli,
Qabağında özünüzü öyməyin!
Qabil
İmamverdi Əbilov əyalətdə bir ədəbiyyat müəllimi idi ki, akademik Nizami Cəfərovun "Patriarx" məqaləsində dediyi kimi, onun "tarix (və millət) qarşısındakı çoxlu xidmətləri içərisində ikisi, tamamilə doğru olaraq, xüsusi qeyd edilir ki, onlardan birincisi bütün türk dünyasının romantik mütəfəkkiri (və bilavasitə yerlisi) Əli bəy Hüseynzadənin sovet dövründə ideoloji təzyiqlər altında unutdurulmasına qarşı cəsarətlə mübarizə aparması olmuşdu... İkincisi isə o idi ki, müasir Azərbaycan poeziyasının yaradıcılarından Rəsul Rzaya müxtəlif məqsədli (və motivli) hücumların şiddətləndiyi dövrdə İmamverdi Əbilov onun yaradıcılığının araşdırıcısı (və müdafiəçisi) kimi tanınmışdı...".
Onun ünsiyyət miqyası, təsir dairəsi elə geniş idi ki, evinə Səməd Vurğundan başlayaraq, Azərbaycan ədəbiyyatının bütün işıqlı simaları, Yusif Məmmədəliyevdən başlayaraq, Elmlər Akademiyası Rəyasət Heyətinin bütün üzvləri hamılıqla gəlib-gedib...
İmamverdi müəllim gənc yaşlarında görkəmli dövlət xadimi, o zaman Neftçala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Kamran Hüseynovun təqdimatı ilə Partiya Komitəsinin ikinci katibi seçilmişdi. Neftçalanın bir rayon mərkəzi kimi qurulması da, rayondakı həlledici vəzifələrdən erməni şovinistlərinin qismən uzaqlaşdırılması da həmin illərə, Neftçalanın "Kamran əsrinə" aiddir. Kamran Hüseynov "Bir ömrün salnaməsi" kitabında yazır: "Çox təvazökar, savadlı, yaşından asılı olmayaraq, geniş dünyagörüşünə malik olanlardan biri İmamverdi Əbilov idi. Belə fikirləşdik ki, müəyyən vaxtda ictimai işdə işləsə, geniş sahələrdə məşğul olsa, onun dünyagörüşü daha da artar. Elə ona görə də o, Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə məsləhət görüldü". O zaman İmamverdi Əbilovun 24 yaşı vardı. Həmin kitabında Kamran Hüseynov ilginc bir məqama toxunur. Mircəfər Bağırovla görüşüb yeni təyinatları müzakirə edirlər və s... Kamran Hüseynov yazır ki, "əfsuslar olsun, bu işlər mən gedəndən sonra çox davam etmədi. İ.Əbilov vəzifəsindən kənarlaşdırıldı. Lakin Əbilov ruhdan düşmədi, mənliyini itirmədi. Hərtərəfli öz üzərində çalışdı... S.Vurğun yaxşı demişdir: "Qızılı udsa da qara torpaqlar, // Yenə qiymətini özündə saxlar". Kamran Hüseynov fikirlərini belə davam etdirir: "Tarixdə belə hadisələr çox olub. Görkəmli şəxsiyyətlər öz elinin içində işləyə-işləyə çox yüksək dərəcələrə çatıblar. Məsələn, dünya mədəniyyəti tarixində görkəmli yer tutan tarixçi, filosof Plutarx nə qədər dəvət olunub ki, Afinada, Romada işləsin, lakin imtina edib, heç birinə getməyib. Adını da qoyub ki, mən kəndimdən getsəm, kəndim mənəvi cəhətdən yoxsullaşar. İmamverdi Əbilov özünün bütün nailiyyətlərini elə öz yerində, Neftçalada, Muğan elində əldə edib. Hamının da böyük hörmətini qazanıb. Mən inanıram ki, Neftçala, Muğan camaatı da, Azərbaycan xalqı da onun uğurları ilə fəxr edirlər".
Nizami Cəfərovun yuxarıda xatırlatdığım qeydləri yadıma Söhrab Tahirin "Mən sənə Təbrizdən baxıram" məqaləsindəki bir frazanı saldı: "1971-ci il idi. Salyanda Yazıçılar İttifaqının səyyar plenumu keçirilirdi. Özü də bu, elə-belə plenum deyildi, dövlət işçiləri, ətraf rayonların birinci katibləri də dəvət olunmuşdular. O vaxta qədər və həmin illərdə Əli bəy Hüseynzadə cəmiyyətə bir turançı kimi, Türkiyəyə mühacirət etmiş bir ideoloq kimi tanıtdırılmışdı, tanıtdırılırdı. Akademiyada elmi işçilər vaxtaşırı onun əleyhinə yazırdılar. Lenini tərifləyib Hüseynzadəyə zərbə vurmaq bir vəzifə kimi başa düşülürdü. Plenumda o vaxt nisbətən gənc olan İmamverdi Əbilova söz verildi. İlk cümləsini indiki kimi xatırlayıram: "Mənim əzizlərim, - dedi - siz Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz". Onun bu ilk cümləsinə hamı məəttəl qaldı. Mən də heyrətlənmişdim. Düşündüm, əgər Əli bəy Hüseynzadə bu qədər əzizdirsə, bəs onda niyə onu ədəbiyyatda, mətbuatda bu qədər vururlar, yamanlayırlar. Elə bu fikirdəydim, bir də gördüm, hamı altdan-altdan bir-birinə baxır ki, görək kim bu natiqin cavabını verəcək. Salona qəribə bir sükut çökmüşdü və qəfil, elə bil ki, partlayış oldu. Uzun sürən alqış başlandı. Salyanlılar neçə illərdən sonra ilk dəfəydi ki, Əli bəyin adının belə ehtiramla çəkilməsini alqışlayırdılar. Mən həmin gündən İmamverdi müəllimin böyük cəsarətinə, ayıq milli şüuruna hörmət etməyə başladım".
Elə həmin konfransda iştirak edən yaxın dostu, rəhmətlik akademik Bəkir Nəbiyev 1971-ci ildə onun haqqında "Tənqidçi" adlı məqalə yazıb "Azərbaycan müəllimi" qəzetində dərc etdirmişdi. Bəkir müəllim sonralar "El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov" adlı bir kitab yazdı və o kitabda bütün bu məsələlərə də toxundu. Mən isə indi bu sitatları gətirdikcə həm də həyəcan keçirirəm. Əli bəy Hüseynzadə və Rəsul Rza onun həyatından yaşıl işıq zolağı kimi keçib. O həm də Rəsul Rza barədə ilk kitabın müəllifi idi və 1960-cı ildə nəşr olunmuş həmin kitabında Rəsul Rzanı Verxarnla, Uitmen, Mayakovski, Araqon, Nazim Hikmətlə müqayisə etməyə cəsarət göstərən 33 yaşlı İmamverdi Əbilovu Rəsul Rza "Azərbaycan ədəbiyyatının yeni yollarını hərarətlə təbliğ edən" alim kimi dəyərləndirir, onu "yeni şeirin qəhməri" adlandırırdı. Neftçala şəhər 1 saylı orta məktəbin ədəbiyyat müəllimi İmamverdi Əbilov, doğrudan da, yeni şeirin qəhməriydi. İncə şeir zövqü vardı... Həm də qəribəydi ki, 1960-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" jurnalında müasir ədəbiyyat barədə ən çox onun məqalələri dərc olunurdu. Və bu məqalələr, əsasən, o dövrün Əli Kərim, Məmməd Araz, Sabir Əhmədli, Nəriman Həsənzadə kimi gənc müəlliflərinin yaradıcılığını ehtiva edirdi. Təəssüf ki, sonralar ədəbi tənqid tarixinə həsr olunmuş araşdırmalarda yada salınmayan, yaxud nadir hallarda xatırlanan bu yazılar, ümumiyyətlə, həmin müəlliflərin yaradıcılığına həsr olunmuş ilk məqalələr olaraq diqqətdən kənarda qaldı.
İndi heç xatırlayan yoxdur, onun məqalələri bəzən müzakirə təriqi ilə çap olunurdu. Həmin müzakirələrə də Nigar Rəfibəyli, Mehdi Məmmədov, Həsən Seyidbəyli, Bəxtiyar Vahabzadə kimi görkəmli yazıçılar, sənət adamları qatılırdı.
...Onda da elə indiki kimi, kimlərsə "bizdə ədəbi tənqid yoxdur" deyə ədəbi tənqidi qaralamaqla məşğul idi. Və bu qaralama kampaniyasına ilk təpki görkəmli dövlət xadimi və sənətşünas Cəfər Cəfərovdan gəlmişdi. 1965-ci ildə Yazıçıların IV Qurultayında ədəbi tənqidlə bağlı məruzəsində Cəfər Cəfərov: ""Bizdə tənqid yoxdur" deyən səslərə, əlbəttə, haqq qazandırmaq çətindir. Mən inanmıram ki, bu cür düşünənlər M.Arifin, M.C.Cəfərovun, Əziz Şərifin, Əkbər Ağayevin, Kamal Talıbzadənin, H.Orucəlinin, İslam İbrahimovun, Əziz Mirəhmədovun, Yəhya Seyidovun, Məsud Vəliyevin, Pənah Xəlilovun, Gülrux Əlibəyovanın, Qulu Xəlilovun, Yaşar Qarayevin, İmamverdi Əbilovun və başqalarının üzərinə qələm çəkməyi özlərinə rəva bilsinlər" - deyirdi.
Yaxud Azərbaycan tənqidinin patriarxı Kamal Talıbzadə 1967-ci ildə "Tənqidimiz haqqında qeydlər" kitabında yazırdı: "Tənqid sahəsinə istedadlı, nəzəri cəhətdən hazırlıqlı gənclər gəlmişdir ki, onlarsız bugünkü tənqidi təsəvvür etmək çətindir. Yaşar Qarayevin, Gülrux Əlibəyovanın, Şamil Salmanovun, Arif Səfiyevin, İmamverdi Əbilovun son məqalələri bu fikri təsdiq etmək üçün kifayətdir. Ədəbi hadisələri nəzəri məsələlərlə əlaqələndirməyə meyil onların müsbət keyfiyyətlərindəndir". Bu fikirlər səslənəndə əyalətdə qəsəbə orta məktəbinin 30 yaşlarında bir ədəbiyyat müəllimi olan İmamverdi Əbilov həm də Azərbaycan ədəbi tənqidinin tanınmış, öndə olan nümayəndələrindən biriydi.
Əlbəttə, statusuna görə o, orta məktəbdə ədəbiyyatı tədris edən adi bir müəllim idi, amma həm də hamıdan fərqliydi. Görkəmli pedaqoq alim, professor Rəfiqə Mustafayeva ona ünvanladığı məktubda qeyd edirdi ki, "İmamverdi müəllim, səmimiyyətlə etiraf edirəm ki, pedaqoji yaradıcılığa məni ruhlandıran ən güclü amil Sizin "Orta məktəbdə siyasi lirikanın tədrisi" kitabınız olub. Siz hamımızın müəllimisiniz, hamımız üçün ideal şəxsiyyətsiniz".
"Hamıdan fərqliydi" yazdım, fikrimi əsaslandırmaq istəyirəm. Tutaq ki, Mirzə İbrahimovun 1971-ci il dekabrın 3-də Akademik Dram Teatrında keçirilən yubiley iclasında Mirzo Tursunzadə, Rəsul Həmzətov, Şöhrət, Məmməd Arif, Mustafa Topçubaşov, Mehdi Mehdizadə, Məmməd Rahim, Süleyman Rüstəm, Əfrasiyab Bədəlbəyli, Tahir Salahov, İsmayıl Şıxlı ilə yanaşı, o da rəyasət heyətində əyləşir və bu mötəbər ədəbiyyat məclisində ona da söz verilir. Hədsiz təvazökar adam idi və mən "Ədəbiyyat qəzeti"nin baş redaktoru olandan sonra, yəni hadisələri daha yaxından və daha aydın nəzərlərlə müşahidə etmək imkanı qazanandan sonra bütün bunların necə baş verdiyinin fərqinə varmağa başladım. Ədəbi tənqidlə məşğul olsa da, hər halda, məhdudiyyətlərin bol, sosial şəbəkələrin olmadığı çağlarda, rayonda yaşayan, orta məktəbdə ədəbiyyat müəllimi işləyən birinə yüksək ədəbi elitanın bu həssasiyyətinin kökü nə ilə bağlıydı? Bu necə olurdu? Bilmirəm. Bəlkə heç özü də bu suala cavab tapa bilməzdi. Hətta bir dəfə soruşmuşdum ondan. "Bilmirəm", demişdi. Rəyasət heyətində oturmalı olduğumu və çıxış edəcəyimi İmran Qasımov dedi, rəsmi tədbirdən sonra "İnturist" mehmanxanasında keçiriləcək ziyafətdə iştirak etməli olduğumu isə Cabir Novruz söylədi. "Hətta ziyafətə də dəvət olunmuşdun?". "Hə. Məmməd Rahim tamada idi" - demişdi...
Şəxsi kitabxanasında qorunan mindən çoxu avtoqraflı iyirmi minə yaxın kitabın, yüzlərlə məktubun, onlarca səs yazısının, fikir həyatımızın böyük simalarının bu torpaqda çəkilmiş yüzlərlə fotoşəklinin, əlyazmalarının arasında Mirzə İbrahimovun yazdığı məktublar da qorunur və ədəbiyyat tariximizin araşdırılması baxımından maraqlı olan bu məktublar özü ilə bağlı yuxarıdakı sualları cavablandırmağa, ədəbiyyatımızın cavabsız suallarına cavab tapmağa da vəsilə ola bilər. Məsələn, Mirzə İbrahimovun belə bir məktubu: "Əziz qələm yoldaşım və dostum İmamverdi müəllim. Mən diqqətlə Sizin yazılarınızı oxuyuram və onlarda həqiqət üçün, xalqın səadəti və idrakı inkişafı üçün çırpınan əsl vətəndaş ziyalının ürəyinin səsini eşidib sevinirəm... Mən ədəbiyyat və sənətə insanların həyatını, fikrini, əxlaqını yaxşılaşdıran qüdrətli və çox lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Bədii sözü əyləncə, oyunbazlıq vasitəsinə çevirən cərəyanları və onların gözqamaşdırıcı "tapıntılarını", forma oyunlarını, ədəbazlığını daxilən qəbul edə bilmərəm... Bu il "Mayak" romanını oxuculara vermək fikrindəyəm... "Mayak"ı qurtaran kimi "Pərvanə"nin ikinci kitabını yazacağam... Əlinizi sıxıram. Hörmətlə: Mirzə İbrahimov. 20.11.74".
Yuxarıda "cavabsız suallar" dedim. Mirzə İbrahimovun "Mayak" adlı əsər yazmasından onun tədqiqatçıları da xəbərsiz idi. Mən rəhmətlik professor Teymur Əhmədovla da bu barədə danışmışdım. Tale elə gətirdi ki, əski əlifba ilə yazılmış bu romanı dəyərli alim Kənan Aslan tapdı və əsərdən bir parça ilk dəfə Teymur Əhmədovun təqdimatında və Kənan Aslanın transliterasiyası ilə 2017-ci ilin 30 dekabrında bizim "Ədəbiyyat qəzeti"ndə dərc olundu.
Onun ədəbi tənqidçiliyinin rakursu fərqli olub. Tutaq ki, müasir ədəbi proses, uşaq ədəbiyyatı ilə bağlı məqalələr qələmə alıb, eyni zamanda cənub ədəbiyyatımızı araşdırıb, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Əli Tudə, İsmayıl Cəfərpur, Söhrab Tahir barədə yazıb. Bununla yanaşı, orta məktəblərimizdə Cənub ədəbiyyatının tədrisinin zəruri olduğunu konseptual şəkildə irəli sürən "Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək" məqaləsini də qələmə alıb. Yaşar Qarayev 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş "Ədəbi tənqidin vəziyyəti və vəzifələri" məqaləsində İmamverdi Əbilovun həmin məqaləsinə istinadən deyirdi: "İndi bizim auditoriyamız yalnız Azərbaycan deyil, həm də bütün yaxın Şərqdir. Bilavasitə Cənubda ədəbi proses də müasir tənqidin diqqətindən kənarda qalmamalıdır. "Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək" - İmamverdi Əbilovun bu məqaləsindəki çağırış vaxtında irəli sürülən və ucadan səslənən bir müraciətdir: Şəhriyar, Səhənd, Sahir, Səməd Behrəngi kimi şairlər, anadilli "Dədə Qorqud", "Varlıq", "Koroğlu", "Çənlibel", "Araz", "Azərbaycan", "Odlar Yurdu", "Birlik", "Xalq sözü" kimi qəzet və jurnallar indi tənqidi fikirdən də, tədris və təlim proqramından da hər məktəbliyə məlum olmalıdır".
Bu sətirləri yazıram, yaddaşımda xatirələr sayrışır. Süleyman Rəhimov, həyat yoldaşı Zərqələm, oğulları
Arif və Aqillə bizə gəlib. İndi 1970-ci ilin həmin 17 may gecəsində evimizdə Süleyman Rəhimovun səsi yazılmış lent yazısını dinləmək imkanım var: "İmamverdi müəllim! Mən böyük məmnuniyyət hissilə sizin evdə nəinki bir-iki kəlmə, bir neçə kəlmə danışmaq, demək istərdim. Mən birinci dəfə
1955-ci ilin noyabr ayında sizin evdə olmuşam. Elə o vaxt
da, Mirzə Cəlil demiş, bizim uşaqların anası Zərqələm
xanım mənimlə idi. Sizin evdə
çox böyük hörmət görmüşəm,
çox dadlı, təamlı xörəklərdən
yemişəm və bu gün də ikinci dəfə
böyük bir fasilədən sonra yenə də sizin gözəl
evinizdə, ailənizin içindəyəm, yenə də Qələm
xanım - Zərqələm xanım mənimlədir, bu da təsadüfi
deyildir. Çünki mən bir yana
gedəndə Zərqələm xanım, çox çətin
ki, mənimlə gedir... İndi axşamdır.
Gecəyə işləyir. Sizin
evdə qonaq qalmışıq. Yenə də
böyük hörmət görürük... Mən
sizin məqalələrinizi əksərən oxumuşam,
oxuyuram. Gözəl, istedadlı, nəzəriyyəçi
bir alim olan sizi - İmamverdi müəllimi həmişə
qiymətləndirirəm və nəzəriyyə sahəsində
çalışan yüksək dərəcəli alimlərimizdən
biri hesab edirəm. Əgər siz bu gün Bakıda
deyil, burada, Azərbaycan torpağının bu gözəl,
basəfa Neftçala şəhərində
yaşayırsınızsa, bu o demək deyil ki, siz mərkəzdən,
Bakıdan təcrid olunmusunuz, xeyr. Siz mənən mərkəzdəsiniz,
Bakıdasınız, öz qələminizlə siz bizim
coşqun və qaynar ədəbi həyatımızda
iştirak edirsiniz... Təkrar-təkrar sizə
xoşbəxtlik arzu edirəm. Sizə yaxın bir il, ya il yarım içərisində doktorluq dərəcəsini
almağı arzu edirəm və qoy bu xəyal
uçuşunda olsa da, sizə bizim Elmlər
Akademiyasının üzvü olmağı da arzu edim. Sağ
olun...".
1
saylı orta məktəbin ədəbiyyat müəllimi
İmamverdi Əbilov fərqli adam idi. Bir də görürdün axşam evimizin
qapısını Ali Məhkəmənin sədri Abdulla
İbrahimov açdı. Dost idilər.
Gecədən keçmişə qədər
Abdulla İbrahimovla "Qurani-Kərim"dən, Tolstoydan
etdikləri söhbətin şahidiyəm. Yalnız
Abdulla İbrahimov gedəndən sonra raykomun birinci katibi xəbər
tuturdu ki, gecə Ali Məhkəmənin sədri rayonda -
İmamverdi müəllimin qonağı olub...
Ona çoxlu şeirlər həsr olunmuşdu. Ən
çox şeir həsr edən isə Bəxtiyar Vahabzadə
idi. Bəxtiyar Vahabzadə ilə
dostluğu bir kitablıq mövzudur. Evimizə
ən çox gəlib-gedən də Bəxtiyar müəllim
olmuşdu. Bakıya yolumuz düşəndə gedəcəyimiz
ev Vahabzadənin evi olardı. İndi atamın arxivində Bəxtiyar Vahabzadədən
aldığı 135 məktub qorunur. Məktublar da nə
məktublar... Bəxtiyar müəllim heç kəslə
bölüşmədiklərini onunla bölüşür:
"...Çoxdandır görüşmürük. Sənin üçün təşnəyəm.
Sənə, yalnız sənə demək üçün
ürəyimdə o qədər sözüm var ki... Deyirəm, bəlkə də, dünya sənin kimi
yaxşı adamların, duyan və duyğusu öz
başına bəla olan adamların üzünə görə
bu qədər salamat qalıb. Bu günlər
Bakıya gəlməyəcəksən ki? Səni yaman
görmək istəyirəm... Hörmətlə, Bəxtiyar.
08 may 1974".
""Muğam" poemasının elə yerləri
var ki, yazanda sənin doluxsunmuş gözlərin, kövrək
ürəyin göz önümə gəlib. Duyanlar
olmasaydı, heç kəs öz duyduğunu kağıza
köçürməzdi. Beləliklə
də, ədəbiyyat yaranmazdı. Bununla
da dünya nə qədər vecsiz və boş olardı.
Təkcə elmlə dünya necə də
yarımçıq olardı... Əziz dost, səninlə
söhbət eləməyə, bölüşməyə nə
qədər ehtiyacım var. Hörmətlə, Bəxtiyar. 11 fevral 1975".
Vahabzadə müxtəlif kitablarında çap
olunmuş "Əbədi gənclik",
"Göygöl", "Din" şeirlərini ona həsr
etmişdi. Haqqında üç məqalə
yazmışdı. Hər şeirin, hər
məqalənin öz tarixçəsi vardı. İndi mən o şeirlər, məqalələr barədə
yazmayacağam. Amma "Ay Allah"
şeirini ona həsr etməsə də, bu yazıda o
şeiri mütləq xatırlatmaq istəyirəm. Çünki müstəqillik dövrünün
rakursundan baxanda sovet dövrü ədəbiyyatımızın
ilk metafizik şeiri kimi "Ay Allah"ın yeri əlahiddədir
və müasir tədqiqatların predmetinə çevrilməlidir.
Bəxtiyar
Vahabzadənin 1969-cu ilin mart tarixli belə bir məktubu var:
"Əzizim İmamverdi! Bu şeiri
başladığım gün sən bizə gəldin. Müqəddəs duyğu ilə
alışdığım gün, müqəddəs bir insan,
pak bir vücud bizə gəldi. Bu da təsadüfi
deyildi. Buna görə də həmin şeiri sənə
göndərməyi özümə borc bildim", - deyə hələ
mürəkkəbi qurumamış "Ay Allah"ı atama
göndərmiş və 28 iyul 1969-cu il
tarixli növbəti məktubunda şeirin meydana gəlməsinin
səbəblərini bir-bir izah etmişdi...
İmamverdi müəllimin arxivində həm də Xudu
Məmmədovun çoxlu məktubları qorunur. 1964-cü ilin 31
dekabrında yazılmış bu məktubu hansı oğul
iftixar hissi ilə oxumaz: "Əziz İmamverdi müəllim!
Bilmirəm, Sizə öz minnətdarlığımı
hansı sözlərlə yazım. Keçən il Sizə olan səfərimiz mənim xatirimdən
heç vaxt silinməyəcəkdir... Bu yay
üç min kilometrlik bir səfərə
çıxdıq. Mənim üçün
böyük mənası olan bir nəticə ilə
qayıtdıq: Azərbaycan mənzərələrini mənim
qəlbimdən heç bir mənzərə çıxara
bilməz! Qafqaz dağı böyükdür,
lakin gözəl deyildir. Gözəlliklə
böyüklük arasında fərq çox
böyükdür. Biz özümüzlə
Bəxtiyarın mənə
bağışladığınız kitabını
aparmışdıq. Elə bil, o bizim
üçün yazılmışdı. Lakin
rast gəldiyimiz adamlar da onu sevib, bizi çox sevindirdilər.
Onun elmi fəaliyyətindəki müvəffəqiyyəti
də məni çox şad etdi. Ünvanını
bilmədiyim üçün təbrik edə bilmədim.
Görəndə deyin ki, oxucular yeni səfərlər
üçün yeni kitablar gözləyir. Biz o zaman
danışdıq ki, Bakıya gələndə bizim də xəbərimiz
olsun... Mehriban ailənizə mənim salamımı deyin! Hörmətlə, dostunuz Xudu". Buradan belə anlaşılır ki, Bəxtiyarın
kitabını Xudu Məmmədova İmamverdi Əbilov
bağışlayır. Xudu Məmmədov
Bəxtiyarın ünvanını bilmədiyi
üçün onu təbrik edə bilmir. Həm də
yazır ki, görəndə Bəxtiyara deyin, oxucular yeni səfərlər
üçün yeni kitablar gözləyir. Söhbət
sonralar dostluqları Azərbaycanın sədaqət və mənəviyyat
simvoluna çevrilmiş iki insanın ilk
tanışlığından gedir. Xudu Məmmədovun
yazdığı məktub da, evimizdə olarkən maqnitofon
lentinə dedikləri də bu söhbətin sənədləşmiş
təsdiqidir... Həmin səs yazısı
1969-cu ilin 10 sentyabrında evimizdə lentə alınıb.
Dost məclisidir. Yola
düşməzdən əvvəl atam onların səsini
lentə köçürüb. Bir-bir
danışırlar:
"Bəxtiyar
Vahabzadə: Məsud, Xudu müəllim, İmamverdi bu məclisdə
oturmuşuq... Bu qapıya, bu ocağa bizim
böyük sənət bahadırlarımız gəlib.
Bu qapını Səməd Vurğun
açıb, bu qapını Süleyman Rəhimov
açıb, bu qapını Rəsul Rza açıb. Bu qapıya gəlməyən bir ədəbiyyatçı,
bir şair, bir ədib mən təsəvvür eləmirəm.
Hamı bu qapını açıb. İmamverdinin evi ədəbiyyat evidir, ona görə
də müqəddəsdir, ona görə də pakdır.
Bu evdə gör kimlər var. Bu evdə Füzulidən
tutmuş, bugünkü ədiblərimizə qədər... Şekspirdən tutmuş, Sartra qədər, ondan
sonra... bütün klassiklər bu evə
yığılıb. Bu otaqda musiqi var, burda
şeir var. Bəs İmamverdi kimdir? Nə
ücün İmamverdinin başına toplaşıb bu
gözəl adamlar, bu gözəl şəxsiyyətlər,
bu gözəl ruhlar? Ona görə ki,
İmamverdinin özü təmizdir, özü müqəddəsdir,
özü pakdır. Hər adam bir
xüsusiyyəti ilə tanınır... Məndən
soruşsalar ki, İmamverdi nəyin simvoludur? - deyərdim ki, İmamverdi təmizliyin simvoludur,
paklığın simvoludur.
Məsud
Əlioğlu: İcazə versəydiniz, Bəxtiyar müəllim,
mən bir əlavə edərdim. Bizim cox gözəl
dostlarımız var. Hərəsinin öz ətri var, öz mənası
var, öz qəlbi var. Amma İmamverdi bizim elə bir dostumuzdur
ki, o, bütün dostlarımızın hamısından cox
gözəl bir xüsusiyyəti ilə secilir, fərqlənir.
O da budur ki, İmamverdi xiridardır, mənəviyyat
xiridarıdır, insanlıq xiridarıdır. Onun insan mənəviyyatına
o qədər eşqi, şövqü,
bağlılığı var ki, bununla məşğul olaraq
az qala özünü unudub.
Xudu Məmmədov:
Cox qəribədir ki, Bəxtiyar müəllim, mənim məsələn,
sənnən tanış
olmağımın, yəni böyük müasirimlə
tanış olmağımın iki səbəbkarı, ikisi də
buradadır... Biri İmamverdi, biri də Məsud.
Mənim ücün bu iki nəfər, və
sonradan üçü olan mənim dostlarım müqəddəs
günün qardaşları sayılır. Demək, nə
isə elə bil ki, ziyarətgahı adam
özü yaradır.
Məsud
Əlioğlu: Bu ziyarətgahı İmamverdi özü
yaradıb. Bu ziyarətgah olmaya da bilərdi.
İnsan ziyarətgah yaradan olsa, Salyanda da yaradar, Qarabağda da
yaradar...
Bəxtiyar
Vahabzadə: İnsan özü insan olsa...
Xudu Məmmədov:
Məsələn, İmamverdidən qabaq da burda ziyarətgah
yaradan olardı. Amma öz aləmində
İmamverdi bu evi ziyarətgah yaradıb. Bunların
hamısının bir mahiyyəti var. Ziyarətgah yaratmaq
arzusunu Allah bizi yox eləməmək məqsədi ilə
qoyub bizim qəlbimizə ki, onu da ayrı-ayrı adamlar
saxlayır. Başa da düşə
bilmirik, bu nə sirdir belə? Nə təhər ola bilər ki, adam şeirnən də
yaşaya bilər, onun evini şeir dövlətləndirə
bilər? ...Odur ki, mən hər ikinizə, indi Bəxtiyar
müəllimə görə hər üçünüzə
ziyarətgahınıza görə çox minnətdaram...
Məsud
Əlioğlu: Mən istəyirəm bu ziyarətgahın ən
böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin
şeirinən ayrılaq burdan. Bəxtiyarın
ürəyindən olar".
Məsud Əlioğlu "Ucundadır dilimin həqiqətin
böyüyü" misrasıyla başlayan "Hali-Vətən"
şeirini söyləyir... 1969-cu ildir. Əli bəy
Hüseynzadənin adı yasaqdır. Mənim
isə 6 yaşım var. Qapının arxasında dayanıb
bu qəribə şeiri dinləyirəm. Yəqin ki,
Əli bəy Hüseynzadənin adı şüuruma ilk dəfə
onda daxil olur...
Xalq yazıçısı Elçinin təbirincə
"Azərbaycan maarifçiliyi, ziyalılığı ənənələrini
davam etdirən, ədəbi (və əxlaqi!) estafeti o
rəhmətliklərdən qəbul edib, həmin ənənələri
qoruyaraq XXI əsrə gətirən görkəmli ədəbiyyatşünas"
İmamverdi Əbilovun səksən illik yubileyində Prezident
ona fərdi təqaüd verilməsi ilə bağlı Sərəncam
imzaladı. Yubileyində iştirak etmək üçün
180 kilometrlik Bakı-Neftçala yolunu qət edib, bir deyil, bir
neçə akademik, bir neçə millət vəkili, bir
neçə nazir, bir neçə universitet rektoru, bir
neçə səfir gəldi. Bütün Xalq
şairləri, əksər Xalq yazıçıları gəldi.
Təkcə Bakıdan deyil, Türkiyə,
Yaponiya, Almaniyadan qonaqlar gəldi. İctimai
Televiziya bu yubiley mərasimini iki saatdan artıq
yayınladı. İndi bu sətirləri
yazdıqca həmin verilişin videosuna baxıram. Vaqif Səmədoğlu
danışır: "...İlk dəfə mən
İmamverdi müəllimi görmüşəm 12-13
yaşım olanda - Neftçalada. Əllinci illərin
əvvəli idi. İmamverdi müəllimlə Səməd
Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi
öpüşməsinlər, o gün şahidi oldum... Səməd
Vurğun dünyasını dəyişəndən sonra mən
növbəti dəfə İmamverdi müəllimin evində
olanda onun evinin divarında bir şəkil gördüm:
İmamverdi müəllim - gənc İmamverdi Əbilov
çıxış edir və Səməd Vurğun rəyasət
heyətində oturub. Hələ bir dəfə
də olmayıbdır ki, mən bu mahala gəlim,
maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək
yeməyim, yatmayım. Dəfələrlə
İmamverdi müəllimin evində olmuşam, onun
kitabxanasını paxıllıqla və dərin hörmətlə
seyr eləmişəm. Özünün
müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə
qulaq asmışam və doğrudan da, heyran
qalmışam". O tədbirdə Xalq
yazıçısı Anar da iştirak edirdi və ilk
çıxışı da o etdi. Amma buna qədər Anar
müəllim "Ədəbiyyat qəzeti"nin
həmin günkü sayında İmamverdi müəllimə
açıq məktub yazmış, ürək sözlərini
bölüşmüşdü. Anar müəllimin ona həssasiyyətinin
ən ilginc dəlili isə yazıçının
"Xalqıma vəsiyyətim" adlandırdığı
çox-çox dəyərli əsərinin - "Yaşamaq
haqqı"nın ilk səhifəsinin
İmamverdi müəllimlə başlaması idi:
"Bakıdan çox da uzaq olmayan Neftçala şəhərində
dəyərli alim-ədəbiyyatşünas, əsl ziyalı
İmamverdi Əbilov yaşayır. İmamverdi
müəllimin evi - bu balaca əyalət şəhərində
işıq saçan bir ocaqdır. Bu evi
bir çox müəlliflərin avtoqraflı kitabları ilə
zəngin nadir kitabxana adlandırmaq olar. Muzey də demək
olar - ev yiyəsinin ömrü boyu
topladığı "eksponatlarla"- əlyazmalar, fotoşəkillər,
məktublarla zəngin muzey. Ünlü şəxsiyyətlərin
- yazıçı, alim, dövlət xadimlərinin
imzaladığı, Bakıdan, Azərbaycanın başqa yerlərindən,
Türkiyədən, İrandan, Rusiyadan gələn yüzlərlə,
bəlkə, minlərlə məktub. İmamverdi müəllim
valideynlərimlə mehriban dost münasibətlərində
olub və onun arxivində Rəsul Rza, Nigar Rəfibəyli ilə
məktublaşmaları da özəl yer tutur. Filologiya
elmləri doktoru İmamverdi Əbilovun namizədlik
dissertasiyası Rəsul Rzanın
yaradıcılığına həsr edilmişdi. Mən də İmamverdi müəllimlə məktublaşıram,
dəfələrlə evində olmuşam".
Anar müəllimin xatırlatdığı
eksponatların arasında elə əlyazmalar var ki, onların
nəinki oxşarı, bənzəri, heç surətləri
də başqa heç yerdə yoxdur. Vaqif Səmədoğlunun əlyazısı
ilə "Məzarıma nə başdaşı qoyun, nə
heykəl", Məmməd Arazın "Qaraçı
çal", Xəlil Rzanın "Bir gün vətən desə
vüsal günüdür", Söhrab Tahirin "Anam Nəsibə,
qızım Nəsibə", Rüfət Zəbioğlunun
"Habil", Cabir Novruzun "Həyat, sən nə qəribəsən?",
Rəfiq Zəkanın "Ötən günlərimi
qaytaraydılar" şeirləri və s... Müxtəlif
şairlərin onlarca şeiri... Hətta Bəxtiyar Vahabzadənin
indiyə qədər heç yerdə çap
olunmamış "Qan udub dövran əlindən"
şeirinin əlyazma nüsxəsi... Və bu
şeirlərin bir çoxu ya İmamverdi müəllimin evində
yazılıb, ya da ilk dəfə burada yazıya
köçürülüb. Başqa əlyazmalar
da var. Məsələn, çoxları bilmir ki, Şəhriyarın
"Heydərbabaya salam" poemasının Bakıda ilk redaktəsini
Məsud Əlioğlu edib və həmin redaktə olunmuş
yeganə nüsxəni Məsud Əlioğlu İmamverdi
müəllimə bağışlayıb. Yaxud əlyazmalar içərisində biri və ən
vacibi Rəsul Rzanın anası Məryəm xanımın
şeirləridir və bizim evdə qorunanlar da o şeirlərin
yeganə nüsxəsidir. Atamın yas
çadırında Anar müəllimə bunu xatırladanda
"Məryəm xanım şeirlərini əzbər
söyləyərmiş, onları kağıza
köçürən babam İbrahim olub" - dedi. Deməli,
Rəsul Rzanın anasının şeirləri Rəsul
Rzanın atası İbrahimin əl yazısı ilə bizim
evdədir...
Anar müəllimin dediyi eksponatlar, əslində, ata
ocağımızın relikviyasıdır. Hz. Əlinin rəngli
şəkli 1959-cu ildən evimizin divarındadır. Onu Rəsul Rza İraq səfərindən gətirib
atama bağışlayıb.
Yaxud qara
rəngli "Belarus" pianosu... Səksəninci
illərin əvvəlində Emin Sabitoğlu bizə qonaq gəlmişdi.
Atamın qəribə şakəri vardı.
Evimizə qonaq gələndə "Vodka"nı
büllur kuzələrə doldurub qoyardı süfrəyə.
Üstünə də nar suyu sıxardı... Yeyib-içdilər.
Sonra Emin Sabitoğlu Nazim Hikmətin "Gəlsənə dedi
bana" şeirini türkcə və öz gözəl xətti
ilə atamın ağ üzlü xatirə
dəftərinə yazdı... Pəncərə
açıq idi. Sabitoğlu pəncərəni
bağlamağımızı istədi. Bağladıq.
Pianonun arxasına keçdi və ilk dəfə
eşitdiyimiz bir musiqini ifa etdi. Son akkordları vuranda isə
"Azərbaycan Cümhuriyyətinin himnidir", - dedi. Bu
hesabla, himnimiz Muğan torpağında ilk dəfə 1980-ci
illərin əvvəllərində İmamverdi Əbilovun
evində səsləndi...
Yuxarıda qeyd etdim ki, İmamverdi müəllimin
ünsiyyət miqyası, təsir dairəsi çox geniş
idi. Özbəkistanın Xalq şairi Zülfiyyə yeni
çıxan kitablarını, qazax alimi Marat Xamrayev
türkoloji tədqiqlərini ona göndərir, fikir
mübadiləsi edir, məktublaşırdılar.
Gürcü yazıçısı Dumbadze atasının Azərbaycan
Sənaye İnstitutunda Beriya ilə bir yerdə təhsil
aldığını, sonra Beriyanın zavalına gəldiyini,
adının türkcə Nadir adından
götürüldüyünü və b. xatirələrini
onunla bölüşmüşdü. Müəlliflər
yeni əsərləri barədə fikrini öyrənmək
üçün kitablarını ona göndərirdilər.
Məsələn, belə: "Kitabı göndərirəm.
Şeirlər xoşuna getsə bir şey yazarsan.
Çap etdirməyə bir yer tapılar. Hörmətlə, məhəbbətlə
Süleyman Rüstəm. 18 sentyabr 1972-ci il".
SSRİ himninin müəllifi Qarold Reqistan, rus şairi və
alimi, yeseninşünas Sergey Koşeçkin Moskvadan Bakıya
- Süleyman Rüstəmə qonaq gələndə şair
öz dostları ilə birgə Neftçalaya - İmamverdi
müəllimə də baş çəkərdi.
Hətta
SSRİ rəhbərlərindən Andrey Qromıko ilə səmimi
münasibətləri vardı...
Sovet
dövründə dünyada kifayət qədər nüfuzlu
Krupskaya mükafatı ilə təltif olunmuşdu... Din
duyğusu da fərqliydi. Sovet illərində
bölgədə qatı dindar kimi tanınan Məşədi
Əlabbas Qazinski də, keşiş Zaxar da onu tez-tez ziyarət
edərdilər. Belədə evimiz işıqla
dolardı... Həmin illərdə evində
mövludlar təşkil edərdi. Bakıdan
Lənkəranacan qonaqlar dəvət edərdi. Onun bu tərəfini yaxın dostu, professor
İmamverdi Həmidov indi hamıdan yaxşı bilir. Yenə də sovet dövründə 1975-ci ildə
Pirətəvan ziyarətgahının dövlət tərəfindən
qorunmasına çağırış etmiş və
"Kommunist" qəzetində "Daş şahidin
ehtiyacı" adlı məqalə yazmışdı.
Doğulduğu kənddəki məscidin tikilməsi də
onun adıyla bağlıdır və s...
Haqqında
çəkilmiş televiziya filmlərinin birində, "Mən
nə iş görmüşəm ki... Ev tikməmişəm,
yol çəkməmişəm", - söyləyir. Amma bu torpaqda, Xalq şairi Qabilin məşhur
dördlüyündə yazdığı kimi,
"bülbül yuvasında təvazö heykəli" kimi
var oldu. Yurdu Vətən qıldı.
Doğulduğu torpaqdan ayrılmadı. Xalq şairi Nəriman Həsənzadə demişkən,
biz dedik, İmamverdi əməl etdi.
İmamverdi
Əbilovun sağlığında nəşr olunan sonuncu
kitabına - "Ömrün və elmin romantikası"na yazdığı ön sözdə filologiya
elmləri doktoru Elnarə Akimova onu Azərbaycan ədəbiyyatının
Ay düşən yeri adlandırır. "Ay qədər təmiz,
işıqlı və uzaq... Bu uzaqlıq onun görünməyən
tərəflərinin həmişə pünhan qalmasına
imkan verib, bir az əlçatmaz, bir az da
arzulanan edib. Mühit içrə
bulaşmayıb, sadəliyinə, təmizliyinə xələl
gəlməsinə izn verməyib, mənəvi dəyərlərin
fövqündə (keşiyində!) dayanmaqla ədəbiyyatın
fəza elementinə çevrilib".
2016-cı ilin 9 aprelində dünyasını dəyişdi. Hüznlü
xəbər bütün sevənlərini sarsıtdı və
təbii ki, həmin gün telefonuma çoxlu zənglər
oldu. İlk zəng isə yaxın dostu, professor
Qəzənfər Paşayevdən gəldi. Nə
vaxt dəfn olunacağını soruşurdu. "İki
saatdan sonra" dedim. Və Qəzənfər
Paşayevlə Şirindil Alışanlı İmamverdi
müəllimlə vidaşlamağa hamıdan əvvəl gəldilər.
Elə sonuncu dəfə də gəlib rəhmətliyə
baş çəkən onlar olmuşdu. Sonra
Azərbaycan ədəbi cameəsi hamılıqla onun yas mərasimində
iştirak etmək üçün Neftçalaya gəldi.
Yasın sonuncu - yeddinci günü isə təkcə
mənim deyil, İmamverdi müəllimin
yurddaşlarının yaddaşında əbədi həkk
olundu. Məclisin sonuncu günü akademik
Vasim Məmmədəliyev Quran tapşırdı. Akademikin Quran və irfan işıqlarıyla süslənmiş
söhbəti bitəndən sonra İmamverdi müəllimin
yerlilərinin istəyinə görə Ramiz Rövşən
"Sevgi məktubu" şeirini oxudu. "Haçan
aşar bu sümükdən, // ətdən olan hasarı?! //
Ruhum uçar göyə sarı, // sevgi məktubu kimi...".
Bir də
Musa Yaqub... Adamların arasında məni səslədi.
"Bayaqdan düşünürəm ki, bu
itkinin əvəzini nəylə qaytarmaq olar? Bu hüzr yerində mən bu itkinin təsəllisini
tapdım; əsl səmimiyyət, mənəvi
bağlılıq, qədirbilənlik mənasında.
Sevinirəm, sən də sevin ki, o duyğular ölməyib,
öləziməyib, bizi sabaha aparır... Sapsağlam,
dipdiridir".
87 illik ömrün dünyayla irtibatı belə sona
çatdı.
...2006-cı
ilin 9 dekabrında Xalq şairi Zəlimxan Yaqubla Salyana,
Aşıq Pənahın yubileyinə getmişdik. Tədbirdən
sonra Zəlimxan: "Gedib İmamverdi müəllimə
baş çəkək, Bakıya sonra qayıdarıq", -
dedi. Gecədən keçmiş Salyan-Neftçala yolunda Zəlimxan
Yaqub hər zaman dediyi sözləri bir daha təkrar etdi:
"Bu düzəngahın sonunda İmamverdi müəllim
olmasa, bizi bu yerlərə hansı duyğu çəkib apara
bilər".
İndi nə
gedib ziyarət edəcəyim adam var, nə
də sən varsan, Zəlimxan. İmamverdi müəllimdən
sonra o yerlərin cazibəsi çox azaldı...
Bu
yazını Şəhriyarın sözləri ilə bitirmək
istəyirəm: "Mənim atam, süfrəli bir
kişiydi... El əlindən tutmaq onun işiydi.
Gözəllərin axıra
qalmışıydı. Ondan sonra donərgələr
döndülər. Məhəbbətin
çıraqları söndülər...".
7 aprel
2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.4-6.