Əlli birinci Zihaf
Bakı Dövlət Universitetində təhsil
aldığım 1979-1984-cü illəri ömrümün ən
mənalı illərindən hesab edirəm. Təkcə ona görə yox
ki, bu ali məktəbin Filologiya fakültəsində
təhsil alarkən sevdiyim ixtisasa yiyələnir, klassik ədəbiyyatın,
türkologiyanın müxtəlif sahələri ilə
tanış olurdum. Həm də ona görə
özümü xoşbəxt hesab edirəm ki, bu zaman bizə
respublikamızın ən gözəl filoloqları, müəllimləri
dərs deyir və biz onlardan həm vətəni sevməyi, həm
də filologiyanın, elmin sirlərini öyrənirdik. Bu müəllimlər ixtisaslarına olan elə məhəbbətlə,
elə yanğıyla qarşımıza
çıxırdılar ki, onları hər dəfə dinləyərkən,
mühazirələrinə qulaq asarkən, onların hər
kitabını, hər əsərini, hər məqaləsini
oxuyarkən biz də istər-istəməz bu yanğıya
tutulur, özümüzü onlara bənzətməyə
çalışırdıq. Bu mənada,
belə müəllimlərdən biri də mənim
ömrümdə əvəzsiz rol oynayan və mənim gələcək
elmi istiqamətimi müəyyənləşdirən, sonralar
namizədlik dissertasiyamın elmi rəhbəri olan, XX əsrin
ən böyük şərqşünaslarından - əruzşünaslarından
biri Əkrəm Cəfər (1905-1991) idi.
Əkrəm Cəfər, həqiqətən də, XX əsr
əruzşünaslıq tarixində nadir simalardan biridir. Onun elə təkcə
"Əruzun nəzəri əsasları və Azərbaycan əruzu"
adlı altı xalqın - ərəb, fars, türk, özbək,
tacik, Azərbaycan xalqlarının müqayisəli əruzunu
özündə əks etdirən kitabı əruzşünaslıq
tarixində misilsiz yer tutan əsərdir. Çünki əruzşünaslıq
tarixində bəzən müqayisəli əruzşünaslığın
nümunələrinə rast gəlsək də, məsələn,
Nəsrəddin Tusi məşhur "Miyarül əşar"
əsərində cəmi iki xalqın, ərəb və fars
xalqlarının əruz və qafiyələrini nəzəri
şəkildə müqayisəyə cəlb etsə də, əruzşünaslıq
tarixi hələ indiyə qədər altı xalqın
müqayisəli əruzu haqqında heç bir kitab
tanımır. Bu mənada, Əkrəm müəllimin
adıçəkilən əsəri təkcə orta əsrlər
əruzşünaslıq tarixində deyil, eyni zamanda XX əsrdə
Pərviz Natil Xanlərinin İranda, Əhməd Aymutlunun
Türkiyədə, Bəhram Sirusun Tacikistanda, İya Vasilyevna
Steblevanın Rusiyada və digər alimlərin digər ölkələrdə
yazdıqları əsərlərdən də əsaslı
şəkildə fərqlənir və yenə də bu əsərlər
arasında öz unikallığını,
fundamentallığını qoruyub saxlamağı bacarır.
Onu da qeyd edək ki, Əkrəm Cəfərin tədqiqat
sahəsi təkcə əruzşünaslıqla məhdudlaşmayıb.
O, eyni zamanda bir dilçi türkoloq, ədəbiyyatşünas,
İranşünas alim kimi də tanınaraq, nəinki
keçmiş ittifaq miqyasında, hətta dünya şərqşünaslıq
aləmində də azərbaycanlı alim kimi nüfuz
qazanmağa müvəffəq olmuşdur.
Tələbə olarkən tələbə
yoldaşlarımızla həvəslə dərslərimizi
oxuyur, yeni çıxan bədii və elmi əsərləri
mütaliə edir, ciddi mübahisələr aparır, elmi
diskussiyalar edir və nəhayət, gələcək elmi
istiqamətimizi müəyyənləşdirməyə
çalışırdıq. Gələcəkdə
kimimiz Dədə Qorqudla, kimimiz müasir ədəbiyyatla,
kimimiz isə ədəbiyyat nəzəriyyəsi ilə məşğul
olmaq istəyirdik. Mən isə artıq
üçüncü kursa gəlib çatsam və klassik ədəbiyyatla
məşğul olmaq istəsəm də, bu ədəbiyyatın
hansı qolu ilə məşğul olmağı hələ
də qərarlaşdırmamışdım. Elə bu zaman Əkrəm müəllimin yuxarıda
adıçəkilən monoqrafiyası -"Əruzun nəzəri
əsasları və Azərbaycan əruzu" adlı əsəri
əlimə keçdi və mən onu oxudum. Lakin etiraf edim ki, heç bir şey başa
düşmədim. Bunu bəzən Əkrəm müəllimin
bu əsəri ilə tanış olan
insanlar indi də etiraf edirlər. Ki, Əkrəm
müəllimin bu əsərini müəllimsiz və
izahsız, həqiqətən də, başa düşmək
olmur. Sonralar mən bunun səbəbini
anladım. Çünki bir
çoxlarının və eləcə də o zamanlar mənim
də düşündüyüm kimi Əkrəm müəllim
bu kitabı ilə əruzu öyrənmək
üçün sadəcə metodiki bir vasitə
yazmamış, əruz haqqında təqribən orta əsrlər
üslubunda və geniş mənada orta əsrlərdə əruz
haqqında yazılan kitabların prinsiplərinə sadiq
qalaraq, sanballı bir monoqrafiya qələmə
almışdı. Bu monoqrafiyanı isə
izahsız və şərhsiz başa düşmək o
vaxtı da çətin idi və bu gün də çətindir.
Bir sözlə, Əkrəm müəllim,
çoxlarının gözlədiyi kimi praktik deyil, nəzəri
əruz haqqında kitab yazmışdı. Təbii ki, mən də bu çətinliklə
üzləşdim. Amma xoşbəxtlikdən
bizim fakültədə bizdən yuxarı kurslara dərs
dediyi üçün Əkrəm müəllim dərsə
gələrkən mən bütün dördüncü kursu
onun yanına gedib-gəldim və əruzun əlifbasını
onun özündən öyrəndim. Beşinci kursda isə
Əkrəm müəllim artıq rəsmi olaraq mənim
müəllimim idi... Sonralar bizim bu münasibətimiz müəllim-tələbə
çərçivəsindən çıxaraq, elmi rəhbər-dissertant,
ata-oğul, mürid-mürşid münasibətlərinə
keçdi və mən Əkrəm müəllim
dünyasını dəyişənə qədər, yəni
18 avqust 1991-ci ilə qədər demək olar ki, hər dəqiqə,
hər an Əkrəm müəllimin yanında
oldum... Və yenə də deyirəm, təqribən
1982-ci ildən 1991-ci ilə qədər olan illər
ömrümün ən xoşbəxt illərindəndir.
Çünki bu illərdə mən böyük bir coşqu
ilə Əkrəm müəllimdən əruzun, qafiyənin,
Şərq poetikasının digər qollarının nəzəri
əsaslarını öyrənir, onunla həmsöhbət
olur, onun 30-cu illərin Moskva, Bakıdakı elmi-ədəbi
mühiti haqqında, Kremldə işlədiyi dövrün,
repressiya və sürgün dövrünün xatirələrini
dinləyir, Stalin və o zamanın başqa rəhbərləri
haqqında həcv xarakterli şeirlərinə, poemalarına
qulaq asırdım. Amma təbii ki, söhbətimizin,
sözümüzün əsas mövzusu, məğzi əruz
idi. Əruz isə o qədər bitməz-tükənməz
bir mövzudur ki, neçə-neçə alim nəsli onillərlə
bu mövzularla məşğul olsalar da, bu mövzu yenə də
tükənməz. Bu mənada, biz də Əkrəm
müəllimlə bu okeana baş vurur, ərəb, fars,
türk, özbək, tacik əruzları haqqında söhbət
edir, ayrı-ayrı şairlərin
yaradıcılıqlarındakı əruzun meydana
çıxan xüsusiyyətlərindən
danışır, klassik və müasir Azərbaycan ədəbiyyatında
əruzun mövqeyindən bəhs edir, mənbələr
üzrə nəzəri əruzun xüsusiyyətlərini
araşdırır, mübahisələr edirdik. Bu münasibətlə
Əkrəm müəllimin evində olan zəngin və nadir
kitabxanadan Şəms Qeys Razinin, Nəsrəddin Tusinin, Vəhid
Təbrizinin və onlarca başqa klassik və müasir əruzçuların
əsərlərini ortaya qoyu, fikirlərimizi onlarla əsaslandırmaq
istəyirdik. Bəzən söhbətimiz
yarımçıq qalır, komendant saatı başlayana qədər
mən özümü metroya çatdırmalı olur, evə
gəldikdən sonra isə Əkrəm müəllimin
yatmadığını bildiyim üçün
yarımçıq qalmış fikirlərimizi telefon vasitəsilə
aydınlaşdırardıq. Daha
doğrusu, o, izah edər, mən qulaq asar, mənbələrdə
başa düşmədiyim yerlər haqqında suallar verərdim.
Beləcə, görüşlərimiz davam edər,
mən əruzu və Əkrəm müəllimin əsərini
- "Əruzun nəzəri əsasları və Azərbaycan
əruzu" adlı əsərini cümlə-cümlə
onun özündən öyrənərdim.
Günlərin bir günü görüşlərimizin
birində isə Əkrəm müəllimin dediyi bir söz
yaddaşımda yaman qaldı. Belə ki, yenə Əkrəm
müəllimin kitabını oxuyub təhlil edərkən, nəzəri
əruzun tərkib hissələrindən biri olan zihaflar bəhsinə
çatan zaman Əkrəm müəllim dedi: "Mən bu
kitabda bütün orta əsr mənbələri üzrə əlli
zihafın olduğunu müəyyənləşdirmişəm.
Kim əlli birinci zihafı tapsa, kitabın müəllifliyini
ona verərəm". Doğrusu, bu söz
mənə qəribə gəldi və bir qədər də
düşünməyə vadar etdi. Təbii
ki, mən bu kitabın müəllifi olmaq fikrindən çox
uzağam. Amma Əkrəm müəllimin
də qətiyyəti adamı heyrətdə qoyur. Yəni Əkrəm müəllim əruz haqqında
orta əsrlərdə yazılan mənbələrə bu qədərmi
bələddir? Doğrudanmı, əlli
birinci zihaf yoxdur? Doğrudanmı, Əkrəm
müəllim bütün mənbələrə yekun vurub, nəzərindən
heç bir mənbə qaçmayıb? Nə isə, Əkrəm müəllimin
bu fikri deyildiyi an nə qədər qəribə və cəlbedici
görünsə də, o zamanın
qarma-qarışıqlığı və ən azından
namizədlik dissertasiyamın müdafiəsi zamanı unuduldu
getdi... amma görünür, tam unudulmayıbmış,
şüuraltı harada isə qalıbmış...
Zihaflar nəzəri əruzun ən mürəkkəb
halqalarından biridir. Belə ki, ərəb əruz elminin
yaradıcısı olan Xəlil ibn Əhməd (718-791)
zihafları, əruz vəzninin çoxsaylı qəliblərində
işlənməsi üçün səkkiz əsli təfilədən
başqa, törəmə təfilələr almaq məqsədi
ilə yaratmışdır. Əruzdan bəhs
edən mənbələrdə zihafların növləri və
kəmiyyəti müxtəlif olsa da, Xəlil ibn Əhməd ərəb
əruzunda bütünlükdə 34 zihaf yaratmış və
bununla da səkkiz əsli təfilədən təqribən əllidən
yuxarı törəmə təfilə almışdır.
Nəsrəddin Tusidə isə məsələn,
törəmə təfilələrin sayı yüzdən
yuxarıdır. Sonralar fars əruzçuları
da əruzun fars şeirində meydana çıxan xüsusiyyətləri
ilə əlaqədar olaraq, təqribən iyirmi civarında
zihaf yaratmış və beləliklə, bütövlükdə
əruzda işlənən zihafların sayı təqribən
aşağı-yuxarı əlli civarında müəyyənləşmişdir.
Dediklərimizə aydınlıq gətirmək
üçün bir neçə zihafın adını
çəkib, onlardan bir neçəsinin mahiyyətini izah etmək
istəyirik. Belə ki, istər ərəb, istərsə
də fars əruzunda işlənən zihaflardan
danışarkən aşağıdakıların
adlarını çəkmək olar: bətr, xəbn, xəbl,
kəff, xərb, xərm, təşis, sərm, təyy, qəsr,
qətf, qətt, vəqf, qəbz, qəsm, nəhr, təms, təxli,
cəd, hətm və s. Eyni zamanda Əkrəm Cəfərin
izahında bunlardan bəzisinin mahiyyətinə də nəzər
salmaq maraqlı olardı. Məsələn,
"Xəbl. Sözün lüğəti mənası əl-ayağı
kəsmək, şikəst etmək deməkdir. Terminoloji mənada qısası müstəf"ilün
və məf"UlAtü təfilələrini fə"ilətün
və fə"ilAtü təfilələrinə döndərməkdir.
Əruz dili ilə desək, xəbl - xəbn və təyy
zihafları vasitəsilə müstəf"ilün əsli təfiləsini
fə"ilətün düzəltmə təfiləsinə,
məf"UlAtü əsli təfiləsini isə fə"ilAtü
düzəltmə təfiləsinə çevirməkdir. Belə ki, xəbn zihafı vasitəsilə əsli
təfilələrin ikinci hərfləri, təyy zihafı ilə
dördüncü hərfləri atılır. Müstəf"ilün
dönüb mütə"ilün, məf"UlAtü də
mə"ülAtü olur, sonra bunlar hərəsi öz vəznində
fə"ilətün və fə"ilAtü təfilələri
ilə əvəz edilir. Beləliklə,
müstəf"ilün və məf"UlAtü əsli təfilələrindən
əmələ gələn fə"ilətün və fə"ilAtü
düzəltmə təfilələrinə məxbul (şikəst)
deyilir. Bu zihafla əsli təfilələrin
hər iki səbəbi qırıldığı
üçün bu təfilələri şikəst
edilmişə bənzədirlər. Bu, ərəb
zihafıdır. Fars əruzçuları
çox vaxt bunun təfilələrinə məxbul deyil, məxbuni-mətviyy
deyirlər". "Kəff. Sözün
lüğəti mənası açıq qoymaq deməkdir.
Terminoloji mənada qısası məfA"İlün
fA"ilAtün... təfilələrini məfA"ilü
fA"ilAtü təfilələrinə döndərməkdir.
Əruz dili ilə desək, kəff sonu
yüngül səbəb olan yeddi hərfli əsli təfilələrin
yeddinci hərəkəsiz hərfini (n hərfini) atmaqdır.
Bu yolla məfA"ilün fA"ilAtün... əsli
təfilələrindən əmələ gələn məfA"ilü
fA"ilAtü düzəltmə təfilələrinə məkfuf
(açılmış) deyilir".
Təbii ki, bütün bu əməliyyatlardan sonra bəhrlərdə,
qəliblərdə, vəznlərdə hər bir düzəltmə
təfilənin öz işlənmə yerləri, mövqeləri
vardır ki, bu düzəltmə təfilələr məhz
bunun üçün yaradılmışdır. Məsələn, həzəc
bəhrindən və onun tərkibində işlənən
törəmə-düzəltmə təfilələrdən
danışarkən yenə də Əkrəm Cəfər
yazır: "Həzəc bəhrinin səkkizinci növü
məf"Ulü məfA"İlü məfA"İlü
fə"Ulün ölçüsündədir. (Bu qəlib Azərbaycan həzəcinin səkkizinci
növüdür və aydınlıq üçün demək
istəyirəm ki, Sabirin məşhur "Millət necə
tarac olur-olsun, nə işim var?" mətləli şeiri bu
vəzndədir - Tərlan Quliyev). Ərəb
və fars əruzlarında bu qəlib həzəci-müsəmməni-əxrəbi-məkfuf-məhzuf...
adlanır". Yəni bu o deməkdir ki, həzəc
bəhrinin əsas qəlibi dörd dəfə məfA"İlün-dən
ibarət olsa da, bu qəlibdə, yəni səkkizinci növdə
bütün təfilələr törəmədir, düzəltmədir.
Konkret olaraq ikinci və üçüncü təfilələrə
gəldikdə isə onlar məfA"İlün əsli təfiləsindən
bilavasitə kəff zihafı vasitəsilə alınan törəmə
təfilələrdir. Bu mənada, məfA"İlü
törəmə təfiləsinin ən azından həzəc
bəhrinin bu növündə işlənməsi
lazımdır ki, o da məhz bu məqsədlə
yaradılmış və eyni zamanda hansı zihaf vasitəsilə
hansı əsli təfilədən alındığı və
hansı bəhrə, yəni kök etibarilə hansı ritmə
aid olduğunun da məlum olması üçün qəlibin
adında da öz yerini tutmuşdur. Başqa
sözlə desək, həzəci-müsəmməni-əxrəbi-məkfuf-məhzuf
adını desək, səkkizincı növün qəlibini
göstərmədən də onun qəlibinin necə
olduğunu müəyyən edə bilərik.
1993-cü
ildə AMEA-nın Şərqşünaslıq İnstitutunda
işlədiyim zaman rəhmətlik akademik Ziya Bünyadovun məktubu
ilə doktorluq dissertasiyamı yazmaq üçün mənbə
toplamağa görə altı ay müddətinə, fevral
ayından avqust ayına qədər İran İslam
Respublikasının Təbriz şəhərində yerləşən
Təbriz Dövlət Universiteti ilə AMEA-nın Şərqşünaslıq
İnstitutu arasında bağlanan əməkdaşlıq
müqaviləsinə əsasən İran İslam
Respublikasının Təbriz şəhərinə, Təbriz
Dövlət Universitetinin Fars ədəbiyyatı və xarici
dillər fakültəsinə elmi ezamiyyətə göndərildim.
Qeyd edim ki, bu zaman bu universitetin başqa
fakültələrində məndən başqa daha iki bakılı
da çalışırdı. Həqiqətən
də, hələ o zaman Təbriz Universiteti olduqca gözəl
idi. Universitet Təbrizdə olduqca
böyük bir ərazidə yerləşirdi. Demək olar ki, hər fakültənin öz
binası, rektorluğun isə ayrıca öz administrativ
binası var idi. Bundan əlavə,
ayrıca idman şəhərciyi, stadion, kinoteatr, məscid,
poliklinika, yeməkxanalar və müəllimlər, eyni zamanda
qızlar üçün yataqxanalar da universitet şəhərciyinə
daxil idi. Hər fakültənin isə demək
olar özünün yenə də ayrıca olaraq kiçik mətbəəsi
var idi ki, burada tələbələr üçün güzəştli
qiymətlərlə kitabların üzləri
çıxarılır, tələbələrə müxtəlif
xidmətlər göstərilirdi. Mən də
Universitet şəhərciyində yerləşən gözəl
müəllimlər evində -kuyi-ustadanda qalır, şəhərciyin
müəllimlər üçün yaratdığı rahat
şəraitdən, universitet kitabxanası və Təbriz
şəhərində yerləşən digər məşhur
kitabxanalardan istifadə edirdim. Qeyd edim ki,
müqaviləyə, eyni zamanda irandaxili elmi mərkəzlərə
müxtəlif elmi ezamiyyətlər də daxil idi ki,
müqavilənin bu bəndindən də sərbəst şəkildə
yararlanmaq olardı. Mən isə qərib
olduğum üçün müqavilənin bu bəndinə o
qədər də həvəs göstərmir, ölkənin
böyük olduğunu nəzərə alaraq səfərlərin
avtobusla uzun və yorucu olduğunu
düşünürdüm.
Amma bir
gün kitabxanada İranda yerləşən kitabxanaların
kataloqları ilə tanış olan zaman İranın məşhur
dini və mədəniyyət mərkəzi olan Qum şəhərinin
Mərəşı Nəcəfi adlı kitabxanasında əruz
haqqında çoxdan axtardığım Zəməxşərinin
məşhur "Əl-Qistasül müstəqim fil elm əl-əruz"
(Əruz elmində düzgün ölçü) və
Əbül Cəyş Əndəlüsinin
"Əruzi-Əndəlüsi" əsərlərinin
adlarına rast gəldim. Təbii ki, məndə Qum şəhərinə
gedib bu əsərlərlə tanış
olmaq və eyni zamanda bu şəhərdə uyuyan müqəddəslərin
məzarlarını ziyarət etmək arzusu oyandı. Və elə bu fikirlərlə fakültədən
çıxıb evə gələn zaman yolum universitet məscidinin
yanından keçərkən gözüm məscidin
qabağına yığışmış çoxsaylı
avtobuslara və tələbələrə, müəllimlərə
dəydi. Buraya nə üçün
yığışdıqlarını soruşduqda, onlar Qum
şəhərinə ziyarətə getmək istədiklərini
bildirdilər. Mən də onlardan getmək
üçün icazə aldıqdan sonra, tələsik onlara
qoşuldum. Və biz Tehran şəhərindən
keçməklə təqribən sabahı günün
yarısında Qum şəhərinə çatdıq.
Proqram isə belə idi: axşam saatlarına qədər
ziyarət etmək, axşam isə avtobuslarla yenə də
yola çıxıb, Təbrizə qayıtmaq.
Təbrizdən axşamüstü
çıxmışdıq, bütün gecəni yol gedəcəkdik. Mən isə
yola tez çıxmamızı istəyir, yolboyu Azərbaycanın
keçəcəyimiz şəhərlərini, kəndlərini,
təbiətini, avtobus şüşəsinin arxasından da
olsa, insanlarının simasını gün işığında
görmək istəyirdim. İndi, üstündən
iyirmi doqquz il keçdikdən sonra
bütün yol yaddaşımda qalmasa da, amma Cənubi Azərbaycanın
Miyana şəhəri, onun axarlı-baxarlı təbiəti
bugünkü kimi gözlərimin önündədir. Belə ki, Miyana və ətrafı
yaşıllığa bürünmüş, yolboyu avtomobil
yolunun kənarı ilə axan kiçik çay isə bizi
müşayiət edirdi. Avtomobil bizi bəzən
çayın üzərində qurulan körpülər vasitəsilə
yolun o yan-bu yanına keçirir, çay yolun gah
sağında, gah solunda qalır və bu mənzərəyə
xüsusi gözəllik verirdi. Bu zaman isə
dodaqlarımdan Miyana ilə bağlı istər-istəməz
bir bayatı süzülürdü:
Təbriz
altı Miyana,
Gül sünbülə dayana.
Oxu,
bülbülüm, oxu,
Bəlkə
yarım oyana...
Nəhayət, gəlib Quma çatdıq. Qum şəhəri
həqiqətən də İran İslam Respublikasının
ən böyük dini, elmi, mədəni mərkəzlərindən
biridir. Təbii ki, bir qədər dincəldikdən
sonra, ilk işimiz səkkizinci imamımız olan İmam Rza əleyhissalamın
bacısı Xanım Məsumənin hərəmini, məqbərəsini
ziyarət etmək oldu. Yəqin, indi bizlərdən
böyük əksəriyyətimiz həmin ziyarətgahda
olduğumuza görə mən bu müqəddəs
ocağın geniş təsvirini vermirəm, amma hər halda
onu demək istəyirəm ki, İslam dünyasının əsas
müqəddəs ocaqlarından sayılan bu ziyarətgah,
olduqca böyük ərazidə yerləşir və istər
memarlıq, istərsə də qızıl-gümüşlə
süslənmək baxımından İslam
dünyasının ən gözəl ziyarətgahlarından
biridir. Bu gün İran İslam
Respublikasının rəhbərliyi bu ocağa xüsusi diqqət
göstərir, onun həm adidə kimi qorunmasına, həm də
ora gələnlərin qayğısız ziyarət etmələrinə
xüsusi diqqətlə yanaşırlar. Qonaqpərvərlikdə
isə iranlılara, məncə, çatan olmaz... Amma onu da qeyd edək ki, tarixən Azərbaycan
hökmdarları da bu şəhərə ayrıca
qayğı göstərmişlər.
Ziyarətdən sonra, axşamüstü, təbii ki, mən
Qum şəhərində - İranın bu elmi-dini mərkəzi
sayılan şəhərində yerləşən kitabxanaya
tələsdim. Ayətullah Mərəşi Nəcəfinin
adını daşıyan bu kitabxana istər İranın, istərsə
də Qumun ən böyük kitabxanalarından biridir. Verilən məlumatlara görə, bu kitabxanada bir
milyona yaxın müasir çap kitabı, əlli minə
yaxın isə əlyazma nüsxəsi saxlanılır.
Axşamüstü olsa da, kitabxana işləyir,
əməkdaşları oxuculara xidmət güstərirdilər.
Qeyd edim ki, hələ o zaman, yəni 1993-cü
ildə kitabxananın bütün fondu
kataloqlaşdırılmış və bu kataloqlar kompüterə
köçürülmüşdü. Ona görə də
heç bir əziyyət çəkmədən kitabxana əməkdaşları
istədiyim kitabların - Zəməxşərinin
"Əl-Qistasül müstəqim fil elm əl-əruz"
və Əbül Cəyş Əndəlüsinin
"Əruzi-Əndəlüsi" əsərlərinin
şifrələrini tapıb mənə verdilər.
Kitabların özləri ilə tanış
olmağa gəldikdə isə, bu kitabların nadir fondda
olduqlarını, bu nadir fonda isə ancaq kitabxananın
müdiri Ayətullah Mərəşi Nəcəfinin oğlu
ağayi Seyyid Mahmud Mərəşi Nəcəfinin icazəsi
ilə girməyin mümkün olduğunu bildirdilər. Mən
kitablarla tanış olmaq üçün
kitabxananın müdiri Seyyid Mahmud Mərəşi Nəcəfi
ilə görüşmək istədiyimi bildirdikdə, əməkdaşlar
bu görüşün bu gün mümkün ola bilməyəcəyini,
İran təqvimi ilə bu günün beşınci gün
olduğunu, müdirin ancaq birinci gün işə gələcəyini
söylədilər... Çox pis vəziyyətə
düşdüm. Deməli, mən Qumda
qalmalı, təbrizlilərlə Təbrizə
qayıtmamalı idim. Maddi vəziyyətim
də yaxşı deyildi və mən yerli avtobus-qatar sisteminə
də nabələd idim. Bu isə geriyə,
Təbrizə qayıtmaq üçün o qədər də
yaxşı hal deyildi. Amma başqa
çıxış yolum da yox idi və mən bu kitabları
əldə etmək üçün çox qərarlı
idım. Nəhayət, iki gün Qumda,
ziyarətgahda qalıb, gözləməyə qərar verdim.
Qeyd edim ki, ziyarətgah gecə-cündüz
işləyir, minlərlə insan ziyarət edir, Allah-taaladan,
onun imamlarından arzularını diləyirdilər. Məscidin ucu-bucağı görünməyən
bütün ərazisinə qiymətli xalçalar
salınmış, insanlar isə bu xalçaların üzərində
oturaraq dincəlir, "Quran" oxuyur, çörək yeyir,
yatır, bu müqəddəs ocaqda daha çox qalmaqla, sanki
ziyarətin dadını çıxarmaq istəyirdilər.
Mən də, demək olar ki, iki gün bu ocaqda
qaldım. Gündüzlər şəhəri
gəzsəm də, axşam bir gün verilən ehsanatdan
yeyib, məsciddə yatdım. Qeyd edim ki,
ziyarətgah əməkdaşları zəvvarlara gözəl
xidmət göstərir, daima onlara su, şirniyyat təklif
edir, otaqlarda havanı daima təmiz və ətirli saxlamaq
üçün gülab səpirdilər.
Nəhayət, birinci gün gəlib yetişdi və mən
səhər tezdən özümü katabxanaya
çatdırdım. Xoşbəxtlikdən, kitabxananın
müdiri ağayi Seyyid Mahmud Mərəşi Nəcəfi
yerində idi. Məni gözəl
qarşılayıb, çay təklif etdikdən sonra,
böyük təəssüflə bu kitabların bu gün əldə
oluna bilinməyəcəyini, onların nadir fondda
olduqlarını söylədi. Nadir fondun
hərəsi iki tondan ibarət olan qapılarının
açılmasının isə gigiyenik qaydalara görə
yalnız ayda bir dəfə mümkün olduğunu bildirdi.
Amma bununla belə məni ümidsiz də yola
salmadı. Təbrizdəki ünvanımı
götürüb, kitabların surətini Təbriz Universitetinə
göndərəcəyini dedi... Və mən
ürəyimdə nigaran qalsam da, əlaçsız şəkildə
min bir əziyyətlə yenidən Təbrizə
qayıtdım.
Təbriz həmişə Təbrizdi... öz
axar-baxarı, ab-havası, elmi-mənəvi dünyası, qədimliyi,
ticarət zənginliyi ilə mənə həmişə əzizdi. Mən bu
şəhəri sevir, orada olmaqdan zövq alıram. İnsanları isə başqa bir aləmdi - öz məzələri,
yumorları, rəngbərəng xasiyyətləri ilə.
İnsanları, onların fərasəti ilə
bağlı söz düşdükdə isə yadıma həmişə
Təbrizdə eşitdiyim bir əhvalat düşür.
Belə ki, orta əsrlərdə bir yəhudi Təbrizə gəlib
oradakı insanların zirəkliyi ilə maraqlanaraq, ticarət
qursa işlərinin necə gedəcəyini öyrənmək
üçün, şəhər kənarında oynayan bir
uşağa bir qədər pul verərək, ondan həm
özünün, həm eşşəyinin və həm də
toyuqlarının yeyə biləcəyi bir şeyin
almasını xahiş edir. Uşaq gedir və bir qədərdən
sonra qucağında yekə bir yemişlə geri dönür:
"Yemişin içini özün, qabığını
eşşəyin yesin, dənələrini isə toyuğun dənləsin"
- deyir. Yəhudi uşağın belə fərasətli
olduğunu görüb, böyükləri ilə ticarətdə
heç bir mənfəət əldə edə bilməyəcəyini
düşünərək, daha Təbrizə girmir və
burada ticarət qurmaq fikrindən vaz keçir...
Qumdan döndükdən sonra mən yenidən Təbrizin
qaynar elmi-mənəvi dünyasına qarışdım. Belə ki, səhər
tezdən kitabxanada işləyir, günorta bir qədər
dincəlir, günortadan sonra isə axşamlar qoca Təbrizin
seyrinə çıxırdım. Artıq
Qumdan qayıtmağımdan təqribən iki aydan çox bir
vaxt keçmişdi. Və mən Quma səfərimin nəticəsindən
əlimi üzdüyümə görə, az
qala kitabları da unutmuşdum.
Bir gün isə fakültənin kitabxanasında işlədiyim
zaman kitabxana əməkdaşlarından biri mənə bir
bağlamanın gəldiyini dedi. Düzü, mən
tamamilə çaşmışdım. Axı
burada, qərib bir ölkədə mənə kimdən
bağlama gələ bilərdi ki? Elə
bu fikirlərlə kitabxanadakı masaya
yaxınlşmışdım ki, bağlamanın Qumdan, Mərəşi
Nəcəfi kitabxanasından gəldiyini söylədilər.
Sevincimin həddi-hüdudu yox idi. Tələsik
bağlamanı açıb kitablarla tanış
olmağa başladım. Zəməxşərinin
"Əl-Qistasül müstəqim fil elm əl-əruz" əsərini
vərəqləyib zihaflar bölməsinə
çatdıqda isə birdən gözüm kəbl adlı
bir zihafa dəydi və bu zihaf nə isə mənə yeni bir
zihaf kimi göründü.
Bu zihaf əruzşünaslıq tarixində, həqiqətən
də, nadir zihaflardan biridir. Və mənim Bakıda tanış olduğum orta əsrlərə aid
əruz mənbələrinin heç birində demək olar
ki, yoxdur. Bu zihaf ərəb zihafı olub ancaq bəsit
bəhrində, onun ərəb poeziyasında çox nadir
işlənən bir növündə və onun da ancaq bir təfiləsi
- müstəf"ilündə işlənən bir
zihafdır. Belə ki, bu zihaf ərəb əruzunda
ancaq müstəf"ilün əsli təfiləsindən fə"Ulün
törəmə təfiləsini alır. Qeyd
edək ki, bu zihaf Xəlilin də yaratdığı
zihaflardan deyil. Bu zihafı yəqin ki, Zəməxşəri
özü yaratmış və bununla da, Xəlilin
yaratdığı zihafların sırasına birini də
artıraraq, onların sayını otuz beşə
çatdırmışdı. Fars əruzunda isə
ümumiyyətlə, kəbl yoxdur və fars
əruzunda bu zihafın adı təxlidir. Bu
zihaf əruzşünaslıq tarixində daha çox bu adla
tanınır. Və fars əruzunda
bu zihaf fA"ilün və müstəf"ilün əsli təfilələrindən
fə"il və fə"Ulün törəmə təfilələrini
alır. Bu mənada, fars əruzçuları
bəlkə də Zəməxşərinin
yaratdığı kəbl zihafının mahiyyətini də
elə təxli zihafına verdiklərinə görə öz
əsərlərində bu zihafın adını çəkməmiş,
ondan bəhs etməmiş, bu zihafın yerinə birdəfəlik
müxəllə terminini işlətmişlər. Amma insafən Əkrəm Cəfər öz
fundamental əsərində hər iki zihafın
adlarını çəkmiş, hər ikisinin geniş
xarakteristikasını vermişdir. Buna
görə də ustadımın Zəməxşərinin əsərini
görmədən kəbl zihafının adını haradan,
hansı mənbədən götürdüyü bu gün də
mənə məlum olmasa da, amma onun kitabının mükəmməlliyi,
fundamentallığı bu gün də məni heyrətdə
qoyur. Məncə, o, Zəməxşərinin
bu kitabını görə bilməzdi. Çünki
özündə yox idi, 1993-cü ildə isə bu kitabı Təbrizdən
Bakıya ilk dəfə mən gətirmişəm.
Nə isə... Təbriz Dövlət Universitetinin Fars ədəbiyyatı və xarici dillər fakültəsinin kitabxanasında Əkrəm müəllimin öz kitabında kəbl zihafı haqqında verdiyi məlumatı unutduğuma və bunun nəticəsində yeni bir zihaf, yəni guya əlli birinci zihafı tapdığıma görə bir qədər həyəcanlandım... Bu zihafın əlli birinci zihaf olduğuna qəti qərar vermək isə hələ tez idi. Buna yalnız Əkrəm müəllimin kitabını oxuyandan sonra qərar vermək olardı. Ona görə də tələsik bağlamada olan kitabların hərəsindən bir nüsxə özüm üçün surət çıxarıb, Qumdan gələn nüsxələri isə fakültənin kitabxanasına bağışlayaraq evə - kuyi-ustadana tələsdim. Qeyd edim ki, kitablarla ilk təmasımdan təqribən iki saata yaxın bir vaxt keçmişdi: mənim kitabları tələsik olsa da vərəqləməyim, onların surətlərinin çıxarılması təqribən iki saata yaxın vaxt almışdı. Bu vaxt ərzində isə mən hər dəqiqə evə tələsir, Əkrəm müəllimin kitabına baxmaq, orada kəbl zihafının olub-olmadığını yoxlamaq istəyirdim.
Nəhayət, kitabxanadan evə qədər olan yolu necə gəldiyimi bilməsəm də, bircə onu bilirəm ki, qapını açan kimi elə ayaqqabılı-paltarlı həmişə masamın üzərində olan kitabın üstünə yürüdüm və zihaflar bölməsini açarkən orada on üç saylı başlıq altında kəbl zihafının durduğunu gördüm. Sevincimin isə həddi-hüdudu yox idi. Çünki Əkrəm müəllim, yenə də mükəmməlliyi, orta əsr mənbələri ilə necə işləməyin aliliyini özündə saxlamış, kəbl zihafı haqqında geniş və ətraflı məlumat vermiş və hətta belə desək, kitabının "müəllifliyini" qorumuşdu...
İndi bu xatirələrin üzərindən otuz ildən artıq vaxt keçir. Bəzən məndən əruz haqqında mənbə istəyən hər adama kitab vermirəm. Onlar isə məndən inciyirlər. Cünki bu kitabların mənə hansı zəhmət bahasına başa gəldiyini yaxşı bilirəm. Mənim kitabxanamda isə bəlkə də dünyanın heç bir kitabxanasında bir yerdə olmayan əruz haqqında kitablar toplanmışdır. 2003-cü ildə doktorluq dissertasiyası müdafiəsi edən zaman isə rəyçilərimdən biri mənim əruz haqqında olan mövcud ədəbiyyatdan tam istifadə etmədiyimi mənə irad tutmuşdu...
Tərlan
QULİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.12-13.