Metaforik hikmətin ustadı
Məlum olduğu kimi, tənqidi realizmin poetikasında bədii
əsərin strukturuna özünəməxsus yanaşma və
həssas münasibət mövcud olmuşdur. Tənqidi
realizm bədii əsərin struktur və detallarına həssaslıqla
yanaşır, konkret məqsəd və ideya üçün
məna yükü verirdi. Bədii əsərə
ideoloji-tərbiyəvi tezisdən yanaşan tənqidi realistlər
üçün əsərin hər bir hissəsi bədii-estetik
əhəmiyyət daşıyırdı. Vaxtilə Cəlil
Məmmədquluzadə özü də bu barədə bəhs
edərkən yazırdı: "Amma biz bilmirik ki, o bir para mətləbləri
yazmasaq, dəxi biz nə yazaq?! Hər
yazıçının bir mətləbi var, yoxsa bu işlər
bihudə deyil...". Milli
azadlıq və "intibah vədələrində"
xalqı oyanışa dəvət edən Cəlil Məmmədquluzadə
bədii ədəbiyyatı da öz mübarizə vasitəsinə
çevirirdi.
Tənqidi
realizmin poetikasında, bədii əsərlərin strukturunda
müxtəlif tipikləşdirilmiş, simvolik, eləcə də
metaforik obrazlardan istifadə edilməsi geniş hal alan bir məsələ idi. Tənqidi realist əsərlərdə
nəinki insan obrazları, mükəmməl xarakterlər
yaradılır, həmçinin tarixi, lokal şəraiti daha
konkret və canlı təsvir üçün həyat və
məişət şəraiti, konkret əşyalar təsvir
edilir, ictimai mühitin konkret vəziyyətini təsvir etməyə
imkan verən tənqidi-simvolik və metaforik obrazlar yer
alırdı. Bu məsələdə tənqidi
realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadənin
özünəməxsus və daha kamil yaradıcılıq tərzi
var idi. Böyük ədibin "Danabaş kəndinin əhvalatları"
povestində uzunqulaq, dəyənək, o cümlədən
bir sıra pyes və əsərlərində yer alan
şallaq, "Xanın təsbehi" əsərində təsbeh,
"Yan tütəyi" əsərində yan tütəyi,
"Anamın kitabı" əsərində kitab,
"İranda hürriyyət" əsərində Pərinisənin
yuxusu və orada yer alan qarpız, "Qurbanəli bəy"
hekayəsində at axuru, "Poçt qutusu"nda poçt
qutusu və b. özünün fikir-məna ifadəliliyi
baxımından olduqca böyük əhəmiyyət kəsb
edir.
Azərbaycan
tənqidi realizmində bədii dil, o cümlədən
cümlə sintaksisi, leksik-semantik tərkib də olduqca əhəmiyyətli
rol oynayır, hətta əsərdəki bir sıra əşya
obrazları və hadisələrə də bədii-estetik
don, əhəmiyyət geydirilirdi. Tənqidi
realist əsərlərdə obrazlar və ya bədii detallar
adından tutmuş, mahiyyətinə qədər ciddi tənqidi
mahiyyət kəsb edir, əsərin ideya-fikir qaynağına
güc qatırdı. Fikrimizcə, tənqidi
realist əsərlərdə rast gəldiyimiz uzunqulaq, dəyənək,
şallaq, təsbeh, yantütəyi, Danabaş kəndi,
İtqapan, Qurbağalı və b. bədii detallar ciddi ədəbi-estetik
səciyyə qazanırdı. Ədib ən
incə detallarla hər bir məmuru və yardımçı
əşyanı ictimai müəssisənin, diktatura şəraiti,
zorakı idarəçilik və cəhalət mühitinin
simvoluna çevirir və ifşa edirdi.
"Danabaş kəndinin əhvalatları" povestindəki
Qazı obrazı öz səciyyəsilə diqqəti cəlb
edir. Fikrimizcə, görkəmli ədib Qazı
obrazının təsvirinə xüsusi məqsəd göstərərək
yanaşmışdır. Onun təsvirindən tutmuş,
davranışına qədər böyük tənqidi məna
vermişdir: "Bir az keçdi, bir qoca kişi beli
bükülmüş haman dar yoldan çıxıb sol əli
cibində və sağ əli gözlərinin üstə...". Göründüyü
kimi, ədibin təsviri olduqca maraqlı təsir
bağışlayır və hər işarəsində bir mətnaltı
məna, bir eyham yer alır. Fikrimizcə,
"beli bükülmüş" ifadəsindən anlamaq
olar ki, qoca Şərqi monolit həyat tərzi içərisində
çürütmüş, öz ehkam və doqmaları ilə
fərdi düçüncə və şüurları məhv
etmiş din və şəriətin
hökmranlığının sütunlarının
yıxılmasına, artıq vaxtının keçməsinə
olan bir işarə və eyham kəsb edir. Bu obraz Allaha lənət qazandırılan bir
dövrdə dini-şəri idarəçiliyin ölüm fərmanının
elan olunması mənasını ifadə edir.
Böyük
ustad C.Məmmədquluzadənin bədii
yaradıcılığında müşahidə etdiyimiz və
öz mahiyyəti, məna yükü ilə diqqətimizi cəlb
edən metaforik-məcazi obrazlar sistemində yer alan
ən vacib detallardan biri, fikrimizcə, uzunqulaqdır.
"Əhvalatlar"ın poetikasına nəzər salan prof.
K.Əliyev haqlı olaraq yazırdı:
""Əhvalatlar"ın bədii mətni ilə cəmiyyət
və gerçəklik, eyni zamanda mətndaxili struktur vahidlər
arasında gözlənilməz və gözəgörünməz
harmoniya var. Əsərdə mövcud cəmiyyətin eybəcərliklərini
göstərmək, insan taleyinin gizli tərəflərini
aşkara çıxarmaq, əzab və işgəncənin
qurtaracağını səbrlə gözləmək... - hər
şey, hər şey eşşəkdən və eşşəklə
başlayır". Əsərdə
"eşşəyin itməkliyi" süjetinin də vacib,
başlıca əhəmiyyət kəsb etməsi dəfələrlə
qeyd edilmişdir. Bir çox tədqiqatlarda
gördüyümüz kimi, uzunqulaq və ya eşşək
obrazı klassik Azərbaycan və ümumən Şərq ədəbiyyatında,
xüsusilə folklorumuzda və başlıca olaraq lətifə
yaradıcılığında xüsusi bir məna
yükü ilə yer almışdır. Bu
mənbələrdə uzunqulaq bir obraz olaraq bədii-estetik cəhətdən
"müdriklik, səbr" anlayışlarını
simvolizə edir. Molla Nəsrəddin lətifələrində
də baş qəhrəman, xalq müdriki Molla Nəsrəddinin
bəzi hallarda müdrikliyi, bəzi hallarda avamlığı
mənalandıran uzunqulağı hər zaman ona
yoldaşlıq etmişdir. Maraqlıdır
ki, lətifələrdə Molla Nəsrəddin hər zaman
sevimli heyvanı eşşəyin üzərində də tərs
oturmaqla simvollaşmışdır. Əlbəttə,
bunun da ciddi tənqidi düşüncə ifadə edən mənası
mövcuddur. Bu obraz sonrakı dönəmlərdə
daha çox tənqidi realizmin poetikasında rast gəlinmiş
və fikrimizcə, səbri, təvəkkülü,
avamlığı və köhnəliyi, daha çox isə
köləliyi mənalandırmışdır. "Danabaş kəndinin əhvalatları" əsərinin
ilk variantında "Eşşəyin itməkliyi" də,
əslində, bizim fikrimizcə, bu cəhətdən
xüsusi bədii-estetik məna, məzmun kəsb etmişdir.
Çünki əsərdə zülm və sitəm
etibarilə fərqli bir məkan təşkil edən
Danabaşda Məhəmmədhəsən əmi kimi kişilər
səbr və təvəkküllə davranır, hər
cür zülm, zorakılıq və fərmayişə boyun əyirlər.
Əsərdə başlıca məqsəd Məhəmmədhəsən
əmi kimi xalqın və mübarizənin hərəkətverici
qüvvəsi olaraq təsvir tapan "kiçik" adamın
səbr və təvəkküldən yaxa qurtararaq ictimai fəallığa
gəlməsi və şəxsiyyətini, haqq və
hüququnu tapması məqsədi, idealı yer alıb.
Böyük
ədibin əsərlərində yer alan və
xüsusi tənqidi-simvolik məna ifadə edən metaforik
obrazlar arasında təsbeh də yer alır ("Xanın təsbehi").
O təsbeh ki, Nəzərəli xanın təsbehi idi. Bu təsbeh o təsbeh idi ki, "... iki il bundan qabaq
xanın fərmayişinə ağ olan dəyirmançı
Mehdini ... qayadan dərəyə elə tulladı ki,
uşaqları heç ölüsünü də
tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin
evini yandırdı, uşaqlarını çölə
dağıtdı". Zülmün,
zorbazorluğun simvolu olaraq çıxış edən
metaforik obrazlardan biri kimi dəyənək və şallaqdan
sonra təsbeh gəlir. Pəri arvad istibdad
zülmünün nələr törətməyə qabil
olduğunu təxmin edərək öz inadını
qırmış, Mirzə Sadıq Münşinin siğə
təklifini qəbul etməyə məcbur qalmışdı.
Bu mənada, fikrimizcə, görkəmli ədib
təsbehə də diktatura və zülmün simvolik
obrazı olaraq yanaşmışdır.
İdarəçilikdəki
ozbaşınalıqları, kef havasını eyham edən
obrazlar arasında yan tütəyi də ("Yan tütəyi")
vardır.
Cəlil Məmmədquluzadənin məharətlə
yaratdığı obrazlardan biri də mifoloji mahiyyətə
dayanan, amma realizmlə səciyyələnən şeytan
obrazıdır. Ümumiyyətlə, bu obraz müxtəlif plandan - həm
romantik, həm realistik, həm də simvolizm etibarilə
Ə.Haqverdiyevin "Pəri-cadu", Hüseyn Cavidin
"İblis", "İblisin intiqamı" və Cəlil
Məmmədquluzadənin müxtəlif əsərlərində
yer almışdır. Cəlil Məmmədquluzadənin
bir neçə əsərində şeytana müraciət
ön planda dayanır. Belə əsərlərdən
biri "Şeytana cavab" felyetonudur ki, burada şeytan
zülmün və sitəmə rəvac verən qüvvələrin
ümumiləşmiş obrazı olaraq təqdim edilmişdir.
Zeynəb arvadın qardaşı ilə birgə
falaqqa altında qəddarlıqla döyülməsi
"Allahın mömün bəndələrinin" əllərindəki
güc və hakimiyyətin sui-istifadəsi faktı kimi
xüsusi məqsədlə əks olunmuşdur. Ədib
Zeynəb arvadın zülmünü belə əsaslandırır:
"Yadındadırmı (Şeytana müraciət edilir -
R.Q.) bir dəfə Rəştin hakimi "Lotu Mehdi"gildə
qonaq idi, adam göndərib Zeynəb adlı bir dul övrəti
gətirdilər, sonra bu övrətin qardaşı da gəldi,
sonra genə bir neçə övrət gəldi,
axırı bilmirəm noldu". Ədibin təsvirindən, mətləbi
ifadə məntiqindən və qələm
ustalığından anlamamaq mümkün deyil ki, dul Zeynəb
arvadın və digər qadınların Lotu Mehdigilə
çağırılması ədibin həmişə kəskin
tənqid etdiyi, əxlaqsızlıq kimi dəyərləndirdiyi
sırf "siğə" məsələsilə
bağlı idi. Ədibin lotu
adlandırdığı Mehdi də, Rəşt hakimi də
lotuluğun tipik obrazı olan Şeyx Nəsrullahdan geri qalmayan
obrazlardır. Biz ədibin, demək olar, bütün
yaradıcılığında "siğə" məsələsilə
insanların "başını piyləyib" özləri
üçün şəhvət öldürən pozğun,
namus, irz, din düşməni şəriət və əxlaq
pozğunlarının iyrənc əməllərilə tanış oluruq. İstər "Ölülər",
istərsə də "Dəli
yığıncağı", "Ər" əsərlərində
şəriəti əxlaqsızlığa çevirən,
dini qaydaları şəhvani mənafe ilə əyən belə
çoxsaylı şəriət-din xadimləri obrazları ilə
tanış oluruq. Əsərdə zülmkara boyun əyməyən
namus və irz mücəssəməsi Zeynəb arvadın
çəkdiyi zülm də ifadə edilmişdir:
"...orası yadımdadır ki, Zeynəb övrəti və
qardaşı kərbəlayı Novruzu mollanın həyətində
yıxdılar yerə və bacı ilə qardaşın
ayaqlarını qoydular falaqqaya, yazıq övrətin
çılpaq qıçlarına boynuyoğun kişilər
yaş şivkələrlə çırpırdılar,
molla və hakimi-vilayət durub tamaşa edirdilər və
gülürdülər və sən də
gülürdün, şeytan qardaş". Bu mənada
taleləri bir-birinə oxşayan Zeynəb, Pəri kimi dul
qadınların çəkdikləri zülm və
yaşadıqları faciələr timsalında ədibin məhkəmə
qurub zəmanəni, bilavasitə bu faciələrə səbəb
olan əmmaməli lotuları və qarnıyoğun,
zırrama hakimləri ittiham etdiyinin şahidi oluruq.
Böyük ustadın məşhur "İranda
hürriyyət" əsərində Pərinisənin
yuxusuna məhz qarpızın girməsi də, fikrimizcə,
heç də bədii təsadüf deyildi. Bizim fikrimizcə,
burda müəllif özünəməxsus məqsəd
daşıyır. Əlbəttə,
müəllif gözəl bilirdi ki, hürriyyət və
azadlıq mücadiləçilərinə
gül-çiçək dəstəsi deyil, şah rejiminin
qılınc-güllə dəstəsi tuş gəlməlidir.
Məhz bu səbəblər üzündən ədib
Pərinisənin yuxusuna siyasi məna verməyi də bədii
məqsəd olaraq həyata keçirmiş, o zamankı
dövrdə hürriyyət sevdasına düşən azərbaycanlı
balalarının şah rejimi tərəfindən necə sərt
cəzalandırılmasını diqqətə çəkmişdir.
Bu əsərin ideya özünəməxsusluğu odur ki, Səttarxanın
azadlıq inqilabı baş verən dönəmdə ədib
"linqvistik təhqiqata" baş vurur və məlum olur
ki, bu xalqın dilində "hürriyyət" kəlməsi
yoxdur. Hürriyyət kəlməsini "pay" kimi anlayan bu
camaata inqilabın "hədiyyə"si qarpızdan
savayı nə olacaqdı ki?! Fikrimizcə,
qarpız sirdir və bu sirr hürriyyət, azadlıq, inqilab
sirridir, ədib tərəfindən inqilabı cəzalandıran
şah rejiminin yumoristik-metaforik bomba anlayışıdır.
Necə ki, Məhəmmədəli Ərəblərdəki
arvadına tez-tez məktub yazıb "hürriyyət
payı"nı tələb edirdi, yalanı üzə
çıxıb evləndiyi bəlli olandan sonra Ərəblərdəki
arvadı gəlib həyətdə mərəkə
salmışdı, böyük ədib də bu əhvalatın
timsalında Səttarxan inqilabından olan gözləntini
satirik-yumoristik tərzdə qarpız yuxusu ilə
cavablandırmışdı. Müəllifin də
hekayənin sonunu dava-mərəkənin başlaması ilə
bitirib "dəxi bilmirəm mərəkənin axırı
hara çatdı" kimi eyhamla bitirməsi bu inqilabın
şiddəti və hələ də həllini
tapmamış, sona yetməmiş bir savaş, mübarizə
olayı olmasına işarəsi idi.
Bütün bunlar bir daha göstərir ki, qüdrətli
tənqidi realist sənətkar C.Məmmədquluzadənin
yaradıcılığı timsalında tənqidi realizmdə
hər bir bədii detal və vasitənin özünəməxsus
bədii-estetik məzmunu, mahiyyəti və yeri vardır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.14.