"Yurda fəda
üç paşa" romanında
Ənvər paşa və türk birliyi
Tariximizi əks etdirən hadisələr və türk
tarixində qəhrəmanlıq salnaməsi yaradan şəxsiyyətlət
haqqında yazmaq şərəfli olduğu qədər də
çətindir. Xüsusilə türk tarixində adları qızıl
xətlə yaddaşlara həkk olunan tarixi şəxsiyyətlərin
- Ənvər, Tələt və Camal Paşaların yaxın
türk siyasi tarixinin üç böyük fədaisi
haqqında roman yazmaq özü bir tarixdir, desək, doğru
olar. Yazıçı Hüseynbala Mirələmov bu çətin
və şərəfli tarixi ədəbiyyata gətirmək
missiyasını davam etdirmək məqsədilə yeni bir
roman meydana qoyub: "Ənvər Paşa"!
İlk sözə ulu
öndər Heydər
Əliyevin "Biz bir millət, iki dövlətik" ifadəsi ilə başlayan müəllif, İlham
Əliyevin "XXI əsr türk dünyası əsri
olacaq" ifadəsini və Rəcəb Tayyib
Ərdoğanın şanlı türk bayrağı
haqqında fikirlərini
xatırlatmağı özünə borc bilib. "Hər nə olur-olsun, bu şanlı bayraq
dalğalanmağa davam edəcək" (T.Ərdoğan) ifadəsi
bugünümüzün deyil, türk tarixində şanlı
qəhrəmanlıq səhifələrimizi yazan üç
türk paşasının da əsas amalı olduğu yenidən
Ərdoğanın ifadəsində canlanır əsərdə.
İllərlə birlik və bərabərliyimiz,
azadlığımız uğrunda canlarını fəda edən
türk ərənləri mübarizəmizin bünövrəsini,
təməlini ataraq bugünkü qalibiyyətimizə
doğru irəliləyiblər. Müəllif hər
üç paşanı birləşdirən ortaq səbəblər
haqqında yazır: "Onları birləşdirən ortaq səbəblər
təkcə Vətən, milllət sevgisi, Turan amalı və
yurd təəssübkeşliyi deyildi, həm də
ölüm səbəbləri idi. Hər
üçünü "Daşnaksutyun"un
qondarma "hökm"ü əsasında erməni millətçiləri
uzun müddət izləyərək amansızlıqla qətlə
yetiriblər. Sağ ikən qürbət diyarlarda Vətənə
qovuşmaq xəyalı ilə yaşayan hər üç
paşa qərib ölkələrdə torpağa
tapşırılacaq, yalnız uzun illərdən sonra
tabutlarda doğma Türkiyəyə qayıda biləcəkdilər"...
Müəllifin hər üç paşa haqqında
şərhi romandakı ideyanın dərinləşməsinə
və bütünləşməsinə təsir göstərir. Hər
üç paşanın amalını, müqəddəsliyini
ifadə edən müəllif sonda bir fikir üzərində
dayanır - hər üç paşa erməni məkrinin, erməni
vəhşiliyinin qurbanıdır, ermənilər tarix boyu bu
zülmü bizlərə yaşadıblar, bütün əsrlərdə
bu və ya digər formada düşmən xislətlərindən
əl çəkməyərək əli qələm və
qılınc tutan işıqlı insanlarımızı məhv
etməklə məşğul olublar.
Hüseynbala Mirələmovun birinci kitabında Ənvər
Paşa haqqında layiq olduğu bədii müstəvidə
söz demək başlıca missiyadır. Romanın əsas ideyası
olaraq, onun Azərbaycanla bağlı fəaliyyəti,
mübariz sərkərdənin həyat tarixçəsi və fədainin tam
obrazının türk dünyasına - gələcəyə
çatdırılması məsələsi qarşıya məqsəd
qoyulur.
Hüseynbala Mirələmov Ənvər Paşanın
mübarizlik əzmindən qürur və sevgi ilə bəhs
edir. Bu elə yazıçının özünün də
türk xalqına olan sevgi və dəyərinin göstəricisi
sayıla bilər. Bunu Mirələmovun bu
günədək yazdığı bütün əsərlər
sübut edir. Tarixi yaddaş, tarix yazan
şəxsiyyətlərin həyatı, onları bədii
rakursdan işıqlandırmaq meyli yazıçının
yaradıcılığının prioritet istiqamətidir desək,
yanılmarıq.
Roman Ənvər Paşanın həyat və fəaliyyətini
əks etdirir.
Müəllif əsərdə
Ənvər Paşanın Azərbaycana olan sevgisini, onun
xalqımızın ziyalı və yazarları ilə sıx
dostluq, qardaşlıq münasibətində olmasını,
Turan imperatorluğu qurmaq uğrunda apardığı
mübarizəni, şəxsi
yaşantıları, ailəsi və yaxınları
haqqında geniş məlumatı, Paşanın Bəlcivan
torpağında şəhidlik məqamına yüksəlişini
sadə, aydın və rəvan bir dillə, şəxsi təxəyyülünün
zəngin bədii ümumiləşdirməsi ilə qələmə
alıb. Əsər qırx bir fəsildən
ibarətdir. Müəllifin hadisələri qırx bir fəsildə
əks etdirməsi də bir anlam daşıyır. Ənvər
Paşa cəmi qırx bir il
yaşamış, misilsiz mübarizəsini bu qırx bir ilə
sığdırmışdır.
Əvvəlcə əsərin fabulası üzərində
dayanaq. Romanın birinci fəsli Qurban bayramının ikinci
günü, 5 avqust 1922-ci ildə yaşanan faciənin əksi
ilə başlayır.
Turanın böyük qurtuluş elçisinin
müqəddəs şəhadəti isə bir gün öncə
baş vermişdi. Buxara xanlığına daxil olan Bəlcivan
qəsəbəsindən iyirmi beş
kilometr aralıda hər zaman bahara həsrət Abudərya kəndinin
şoranlıq çölündə baş verən savaş
Ənvər Paşanın son savaşı olmuşdur. Son
savaşdan əvvəl Ənvər Paşanın dəstəsi
- Dövlətmənd bəy, Qazax Murad, Kazanlı Kərim bəy,
Müslümanqul, Çərkəz Hüseyn Nafiz, Danyal bəy
və digərləri bayram namazı qılmışdılar.
Böyük Turan yolçularının Allaha
duaları əsərdəki ideyanı tamamlayır. Xüsusilə Ənvər
Paşanın duasında iki böyük məqam diqqət
çəkir: "Ey Cənabi Haqq! Biz təkcə sənin
qarşında diz çökərik, bir tək sənə
itaət edərik! Bir tək sənin əmrinə uyarıq!
Böyük Turandan azan səsi, qəlbimizdən Allah sevgisi əskik
olmasın, inşallah! Bizi yaratdığın bu
torpağın üstündə qalib, dərgahında isə
şəhadətə varanlardan eylə, Rəbbim!".
Ənvər paşanın ölümündən əvvəl
şəhadətə yüksəlmək istəyini öz
dualarında arzu etməsinin bu şəkildə təqdimi əsərdə
onun Allaha olan əvəzsiz sevgisinin tərənnümü
kimi verilir. Paşanın ölümü isə yavəri
Sübhi bəyin dilindən əks etdirilir. Bu xəbərin verilməsində şübhə
doğuran ifadələr də diqqətə
çatdırılır ki, sonradan həmin qaranlıqlar
açılır. Sübhi bəy paşanın ürəyinə
dəyən güllənin çox yaxından vurulduğunu deyir:
"Axı bu necə olmuşdu; o qədər yaxından və
tam hədəfinə dəyən gülləyə az-az rast gəlinir".
Bu fikirlərlə oxucunu sirr labirintinə salıb
maraqlı gedişata hazırlayan yazıçı sonradan bu
sirri Qriqori Ağabekyanın xatirələrində
açır.
Gözlənilməz olmasa da xatirədən
anlaşılır ki, Ənvər Paşanın
ştabının yeri pul ilə satın alınan bir yerlisindən
əldə edilən məlumat sayəsində öyrənilmişdir.
Ənvər Paşanın ölümü erməni
Melkumyanın "Qırmızı Bayraq" ordeni alması
ilə nəticələnmişdir. Birinci
fəsildə Ənvər Paşanın şahadətə
yüksəlməsi anları təsirli olduğu qədər
də qürurverici anlarla yadda qalır. Ürəyindən
yara alan Ənvər Paşanın
ölüm ayağında qibləyə üz tutmaq
üçün bütün gücünü toplaması və
şəhadət gətirməsi romanı yaddaqalan edən əsas
səhnələrdən sayıla bilər. Əsərdə
onun atı Dərvişin də yaralanması, sahibinə sevgi
və sədaqəti də diqqət çəkir.
İkinci
fəsildə Ənvər Paşanın həyatı ilə
yaxından tanış olan oxucu onun ailə
üzvləri və bütün ətrafını öyrənmiş
olur. Ənvər Paşanın dədələrinin
bu yerlərə Krımdan köçdükləri, babalarının
əslən qaqauz türkləri olması və Krım
xanlığının sarayına yaxınlığında
oturduqları, buraya yaxın yerdə yaşayan bir
krımlı xanımla tanışlığı və evlənməsi
diqqətə çatdırılır.
Üçüncü fəsildə İsmayıl Ənvərin
uşaqlıq illərini görür və onun hər kəsin
diqqətini çəkən, ağlı, kamalı ilə həmyaşıdlarından
fərqləndiyinin şahidi oluruq...
Romanda
Ənvər Paşa obrazını bütövləşdirən,
onu bir tarixi mübarizkar, şəxsiyyət kimi təqdim etməkdə rol
oynayan cəhətlərdən biri də müəllifin hər
fəsil öncəsi türk dünyası şəxsiyyətlərinin
onun haqqında fikirlərinə istinad etməsidir. Belə bir
genişlik yazıçı Hüseynbala Mirələmovun
mövzu ilə bağlı geniş tədqiqata
varmasının göstəricisidir: "Ənvər bir
günəş kimi doğmuş, bir qürub
ehtişamıyla batmışdır" (Mustafa Kamal Atatürk).
Romanda bəzi
hissələrdə Ənvər Paşanın qarşıya
qoyduğu məqsəd, mübarizə və planlar obrazın
öz təhkiyəsində yer alır ki, bunu da onun daxili aləminin,
siyasət və şəxsiyyətinin açılması
baxımından böyük rol oynadığını
düşünürük: Məsələn, "Tarix
şahiddir ki, türk əsgərindən şanlı,
türk əsgərindən fədakar əsgər yoxdur"
fikrində türk əsgərinin nəyə qadir olduğunu
vurğulayan ölməz sərkərdənin böyük dəyəri
yer alır. Yaxud "Qayəmiz Turandır, Turan olmasa şəhadət
olur" fikri onun
turançılığını meydana qoyur. Bu kimi ifadələr əsərin sonuna qədər
müəyyən fəsillərin əsas ideyası, məğzi
olaraq oxuculara çatdırılır.
Hüseynbala Mirələmovun "Ənvər
Paşa" romanı özündə çox mühüm məqamları
ehtiva edir. O məqamlar
ki, bugünümüzədək demək olar ki, nəsrimizdə
yer almayıb. Halbuki aradan keçən bir əsrlik
zaman müddətində bu mövzu çoxdan milli nəsrin təcəssüm
predmeti olmalı idi.
Yazıçı Azərbaycan xalqının türk sərkərdələrinə
olan sevgisini yadda qalan mühüm hadisələri
xatırlatmaqla bədiiləşdirir. Noyabır ayının 10-u Bakı zənginlərindən
Ağa Musa Nağıyevin yay klubunun zalında Bakı,
Qarabağ və Dərbəndi azad edən baş komandan Nuru
Paşanın qələbəsi və onun Azərbaycandan
ayrılmasının şərəfinə böyük bir
ziyafətin verilməsi və burada yaşananlar Türk xalqına
böyük dəyər və sevginin tərənnümüdür.
Ziyafətdə tanınmış aktyor Abbas Mirzə
Şərifzadənin zala daxil olaraq Ənvər Paşanın
qiyafəsində monoloq söyləməsi də bu sevginin
bariz nümunəsi olaraq mənalanır.
Romanın qırx birinci - sonuncu fəslində müəllif
paşanın şəhadətə yürüdüyü məkanı
canlandırır. Böyük Ənvər Paşanın son
dəfə düşündükləri diqqətə
çatdırılır. Hərb kimi çətin həyat
seçdiyinə, azadlıq uğrunda apardığı
mübarizələrə görə
qürur hissi keçirən paşa
düşünür ki, onu ölümündən sonra da
övladları, sevdiyi xanımı Naciyə, yaxınları,
sevənləri və sevməyənləri hər zaman
xatırlayacaq, onu hər zaman
var sanacaqlar. Son nəfəsində Naciyəsinə
məktubunu düşünür. Hələ
üzünü görmədiyi oğlu Əlinin də gələcəkdə
hərbi sahədə uğur qazanmasını, azadlıq
uğrunda, türk birliyi uğrunda mübarizə
aparmasını vəsiyyət edir. Naciyəyə
yazdığı məktubda yer almış "Mustafa
Kamalın uğura çatması üçün
mümkün olan heç bir yardımı əsirgəmə.
Böyük Allah onu bu məmləkəti düşmənlərdən
qurtarmaq və qorumaq üçün seçib göndərmişdir"
fikirləri isə Ənvər Paşanın son nəfəsində
belə vətəni, xalqı üçün nə qədər
can yandırdığının əməl göstəricisinə
çevrilir.
Bəli, Ənvər Paşanın son nəfəsində
belə düşündüyü məsələ türk
birliyi, azad türk xalqları və sinəsi üzərində
gəzdirdiyi müqəddəs "Quran" oldu. Bir də gələcəyinə
ümid bəslədiyi övladları. Müəllif
övladların gələcək taleləri haqqında sonuncu
fəsildə geniş məlumat verməklə Ənvər
Paşanın ideyalarının yaşadığını və
Türk dünyasında əbədi iz qoyduğunu əks
etdirir.
Bu gün tarix Ənvər Paşanın hələ də
türk dünyasında əməlləri ilə var olan, yurd
fədaisi olaraq yaşadığını sübut edir. Hələ
yurda fəda olan bu şəxsiyyətlərin obrazı
Türk xalqlarının ədəbiyyatında bundan sonra yəqin
ki, çox canlanacaq. Hüseynbala Mirələmov
bu mənada, gərəkli bir mövzuya müraciət etməklə
çətin işin müqəddiməsinə imza
atmışdır. Davamı əlbəttə
ki, yazılacaq. Elə trilogiya kimi nəzərdə
tutulan kitabdan daha ikisini oxuyub özümüzə dönmək,
keçmişimizi tanımaq, üz-üzə dayanmaq
şansımız olacaq. Bu mənada
"Ənvər Paşa" əsəri bir
başlanğıcdır. Həm də
günün sözü, döyünən nəbzidir. Bu gün dünyada Turan birliyi qurulursa ədəbiyyat
da sözünü deməli, öz töhfəsini verməlidir.
Budur, əsərin sonunun boz qurdun zəhmli
ulartısı ilə bitməsi Turan və Türküstan ellərinin
birliyinə, əbədi varlığına bir çağırışdır. Yaşayan və gerçəkləşən
bu ideyaya görə isə yurda fəda olmağa dəyər!
Mərziyyə NƏCƏFOVA
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.15.