Sözgəlişi...
Hisslər ata oxşayır
- yüyəni əlindədirsə
- üstündəsən, əlindən
buraxdınsa - altındasan...
***
Ürəyin kardioqramması həyatın
şifrəsinə bənzəyir. Qalxıb-enmələr
- həyat, düz xətt - ölüm...
***
Öz içində intihar edənlərin - üzünün
geyimi təbəssümdən
olar...
***
Günah
edərkən vicdan qaçqındır...
***
Dost - evin kimidir. Sən
onun içindəsən...
***
Yarpağa həsəd apardım...
ağacın budağından
yerə düşüb
qurusa da, ayaq altında xışıltısıyla ruhu
oxşaya bilir...
***
Röya
- gözübağlı yaşanan
azadlığın üzüdür...
***
Sarsılan insan yaralı quşdan məkansızdır. Quş yerə çırpılar,
insan içinə...
***
Körpə səsi gələn
evin ürəyi ritmdən çıxmaz...
***
Güzgü əsl dostdur - həqiqəti gözünə
çırpır...
***
Gözlərimiz içimizlə çölümüz
arasında pəncərədir
- hər iki tərəf görünür...
***
Öz içinin burulğanından
çıxanlar ölümə
satılmayanlardır...
***
Üzümüzdən çox səsimiz özümüzə
oxşayır...
***
Gözümüzün çəkdiyi yoldan gedənlər, ürəyimizə gələnlərdir...
***
Gözü doymayanın, ruhu
acından ölər...
***
Fiziki yox, mənəvi doğduqlarımız doğmalarımızdır...
***
Sevəndə gözü müalicə
etmək gərək...
Çünki göz tutula bilir...
***
Doğulanda - səsi çıxmayan
körpəyə, yaşayanda
- səsi çıxan
insana, öləndə
- səsi çıxarılan
adama şillə dəyir...
***
Həyatın maskası çoxdur
- hər gün bir üzünü cırıb atırıq...
***
Hər şey saniyənin əlindədir - dəqiqəni
əlində oynadıb,
saatın üstünə
ata bilir...
***
Dostun da, düşmənin də yeri arxadır
- dayaq da, zərbə də arxadan gəlir...
***
O hərfinin gücü çoxdur - həm yüksəldir, həm alçaldır, həm mükafatdır, həm də təhqir...
***
Sünilik yamaq kimidir - tikişləri görünür...
***
Yoxluğun üzündə görünməkdənsə,
varlığın dibində
qalmaq məsləhətdir...
***
Kölgəmiz də etibarsızdır
- yalnız ayaq üstə olanda başımıza dolanır...
***
Vücudumuzun müvəqqəti kirayənişinləriyik
- ona baxmasaq bizi qovacaq...
***
İntuisiyamızın siqnalları ömrümüzün xəritəsini
çəkir - eşidə
bilsək...
***
Azadlığın ən iyrənc
formasını sərxoş
adam yaşayır...
***
Azadlıq - hissin, fikrin çatışmayan havasıdır...
***
Ruhu yumaq üçün vasitə icad olunmayıb - çalış
ləkələmə...
***
Beyinin hansı otağında olursansa ol, işıqları
söndürmə...
***
Əxlaqı itkin düşənin
axtarışı səmərəsizdir...
***
Düşəndə də əldən düşəsən,
gözdən yox...
***
Yazılmayan qanunlar yazılanlardan
güclüdür - yazılmayanı
pozmaq olmur...
***
İnsan,
özünə yad qatda, ütü ilə açılmayan qırış kimidir...
***
Ağıl da bıçaq
kimidir - itilənməsə
kəsmir...
***
Əlimiz
çatmayanlara doğru
qaçarkən, əlimizdə
olanları da itiririk...
***
Həyatımızın havasına oynaya-oynaya rəqqasa çevrilirik...
***
Kimlərsə düyün bağlayır,
kimlərsə düyün
açır... Kimlərsə
açılıb-bağlanan düyünün arasındadır...
***
Üzümüzün suyunu da içənlər var...
***
Pərdəni gözdən asanda,
aralığın pərdəsi
olmaz...
***
Hamıya
bir gözlə baxmaq olmaz - Allah iki göz verib,
o birisi bekar qalır...
***
Fikirlərin arasına çürük
söz qatanda zəhərlənmə verir...
***
Öləndən sonra da öz daşımız öz başımızın
üstündə olacaq...
***
Ağılsız ağıllıya ağıl
qoyanda ağıllının
da ağlı qaçır...
***
Şair,
özü ilə özü arasındakı
fırtınadan doğan
anın şəklini
çəkən rəssamdır...
***
Ölüm - ölümü sevənlərin
qulu, öndan qorxanların ağasıdır...
***
Toz basmış adamları çırpmaq mümkün
olsaydı, səliqə-sahman
yaranardı...
***
"Özünü yığışdır"
ifadəsi təsadüfi
yaranmayıb... Hər
gün adam
gərək özünü
də yığışdırsın...
***
Cismimizin
çəkisini ayaqlar
çəksə də,
ruhumuzun çəkisini
başımız çəkir...
***
Dərinə gedəndə havasızlıqdan,
dayazda olanda mənasızlıqdan boğuluruq...
***
Çəkisi
yüngül olanlar daha yüksəyə atıla bilir...
***
Üzsüz
adama üz verə-verə üzlü edirik...
***
Dilimizin
altında olsaq da, sözümüzün üstündə
durururq...
***
Əl
uzada bilmirsənsə, ayaqlarını
yığışdır...
***
Ürək
başdan aşağı olsa da, ürəyimizə daman başımıza gəlir...
***
Oturduğumuz
yer bizi deyil, biz oturduğumuz yeri yuxarı başa çevirə
bilərik...
***
Yuxarı
başda oturmaqla baş yuxarı olmur...
***
Kiminsə
gözü səni götürə bilmirsə, demək ki,
çəkin çox ağırdır...
***
Adamlardan
zəhərlənəndə ürəyin bulanması uzun
çəkir...
***
Köçənlər
bizdən köçərlər... Bizsə köçənlərə
köçərik...
***
Ağaclar
da yarpaq torpağa düşəndə ağlayır yəqin...
***
Sözlər
də can verir... hisslər ürəyə çəkilib,
yarımcan duaların hərflərindən düşürlər...
***
Gözləmədiklərimiz
gözlədiklərimizdən tez gəlir...
***
Xatirənin
kölgəsində sərinlik yox...
***
Kitabın
bir səhifəsi cırılırsa, hadisələr
axsayır - həyat kimi...
***
Özünü
tanıyanlar özündən çıxsa da azmaz...
***
Bir fəsil
var... Adı - Ayrılıq...
***
Kitablar rəflərdə
ölər, masaların üstündə dirilər...
***
Adamlar da
kitabdır... Oxunmaq üçündür...
***
Qaçırsan
ki, özündən qaçasan, qaçıb özünə
düşürsən...
***
Hamı tərcüməçidir
- özünü dilinə, hissini sözünə
çevirir...
***
Yadıma
düşəndə yaddan qaçıram...
***
Ölüb
getmək asandı... Hünərin var ölüb qal...
***
Hər
şey satılır... Amma... Almağa nəfəs yoxdur...
***
Hamı gözümdən
keçir... Sən isə ürəyimdən...
***
Hər
insanın yaşı ağlında gizlənir...
***
Doğulandan
ölənədək bir nəğmədir hər adam...
***
Bəzən
sözlər hissiz, bəzən hisslər sözsüz yetim
qalır...
***
Ürəyin
saatıyla qolun saatı əks istiqamətə
şütüyür - biri geri qalır, biri irəliyə
qaçır...
***
Hər
şey görünmədiyi kimidir...
***
Yuxular -
Tanrının tapmacasıdır...
***
Bu
"olmaz"lar olmasa olmaz olaylar olar.
***
Üzümüzün
qırışlarında illər, ürəyimizin
qırışlarında adamlar, nəfəsimizin
qırışlarında ömür gizlənər.
***
Bir iti
baş on küt barmaqda bitər.
***
Məntiq ağlın, sevgi ürəyin açarıdır
- ələ düşməz.
***
Hamının alın yazısında
şablon bir söz var - Borclu...
Xanım İSMAYILQIZI
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.17.