Janrdaxili proseslər:
Qısa hekayələr
Hər
bir janr üçün belə deyək, gözə
aldığı, ancaq tuta bilmədiyi, fəth etmək məqamını
gözlədiyi sahələr, ərazilər var. Hekayə
janrında və ümumən bütün proza janrlarında
bu proses qarşısı alınmadan gedir, belə ki, həmişə,
mətni oxuduğumuz, yaxud dünyanın müxtəlif
nöqtələrində mətnin qurulduğu bütün məqamlarda
bu təhlükə sovuşmur, ancaq baş verməsi gözlənilir,
oturduğun yerdə uzaq dənizlərin dalğasının
ayaqlarına vurması hissi kimi. Janrlar həmişə
özünə bənzəyən yox, tam əksinə,
heç bənzəməyən başqa janrların ərazilərinə
meyil edər, nəsrin poeziyadan, poeziyanın nəsrdən əxz
etdiyi keyfiyyətlər məhz bu "istila"
estetikasının ruhundan irəli gəlir (yəni bir var
şeir kimi, metaforalarla yazılan nəsr mətnləri -
poetik nəsr, bir də var poeziyanın gizli
saxlandığı, hər an üzə çıxa biləcəyi
nəsr mətni - bunlar fərqli anlayışlardır. Bizim nəsr
praktikamızda bu ikincisi önə çıxmağa
başlayıb...). Bu proseslər baş verdikdə
ağlımıza ilk gələn "janrın tükənməsi"
hissi olur, bəzən, sovet dönəmindən bu günə
qədər "janrın ölümü" (romanın
sonu, tənqidin ölümü və sair...) ilə
bağlı gedən söhbətlərin məğzi əslində
janr transformasiyası hadisəsinə aiddir və yalnız
onunla bağlıdır. Hansı mənada?
Məsələ belədir ki, janrın "anadangəlmə"
xüsusiyyətləri zamanla ən müxtəlif formalarda dəyişir,
transqressiyaya uğrayır, yəni bəzi elementlər birləşir,
bəziləri
formanın dağılması (öz divarları
içində "partlaması") effektini verir. Zamanla romanla teatr, hekayə ilə poeziya arasında
bizim birbaşa müşahidə edə bilmədiyimiz proseslər
gedir. Janr bu proseslərin sonucunda həmişə
"yoxa çıxır" və bir daha, bir daha geri
qayıdır, hər ədəbi nəsil onun sonsuz
imkanlarının bir qismini kəşf edir, janrdaxili
transqressiya və konflikt bu prosesi sürətləndirir. Nə mənada konflikt? Bunu iki müstəvidə
anlamaq olar: birincisi sırf mətndaxili konfliktlər, bunsuz
hekayə, nəsr mətninin qurulması
qeyri-mümkündür və iki sahədə əyaniləşir,
yazıçının fikrində və birbaşa bədii mətndə
və hər ikisində dəyişikliklərə
uğrayır. İkinci... Aydındır ki, ədəbi proses
"arxivlərə" çəkildikdə belə
sönmür, yaddaşı bu günün yazı
metodlarında gizli şəkildə olsa da davam edir, hekayədə
də belədir. Yəni ən müasir hekayədə
(şübhəsiz ki, usta qələmi ilə
yazılmış-!) hansı yolla olur-olsun, janrın ənənəvi
yaddaş elementləri ilə mübarizə gedir, bunu
yazıçı, yaxud oxucu və ya tənqidçi hiss eləməyə
bilər, ancaq bu proses gedir və əsas hadisələrin
(hekayənin gələcəyin ədəbi prosesinə təsiri...)
baş verməsində mühüm rol oynayır. Yusif Səmədoğlunun
"Bayatı Şiraz", "Astana", "İncə dərəsində
yaz çağı" və sair hekayələrində bu
xüsusiyyəti oxumaq mümkündür, bu hekayələrdə
oxucunun ləzzətlə oxuduğu, bəzən altını
cızdığı məqamlar məhz həmin konfliktin nəticəsi
olur, yəni o gizli savaşdan sağ çıxmaq məsələsi...
Ancaq bu janrdaxili transqressiya və konflikt ənənənin
təzahürlərinin silinməsinə, adları çəkilən
ustadların mətnlərinin gücünün azalmasına zərrə
qədər də təsir etmir. Məsələ
janrdaxili proseslərin "bütün cəbhə boyu"
getməsində və hər an genişlənməsindədir.
Mövlud Süleymanlının "Yel Əhmədin bəyliyi"
povestində ilk sətirlərdən başlamış sona qədər
nə qədər gözəl, ibrətli, poetik sistemin
"düyünlərini" açıb bizə oxudan məqamlar
var, yaxud onun "Şeytan", Duzsuzluq" kimi mətnlərində...
"Yel Əhmədin bəyliyi"ndə
ekspozisiya hissəsində təsvir edilən "kəpənək
qanadları" təkcə metafora deyil, həm də Nəsimi
divanından gələn işarələrdir. Seymur
Baycanın "Puqaçov üsyanı", yaxud
"Qab-qaşıq səsləri" hekayələri də
bu baxımdan maraqlıdır. Bu mətnlərdə
janr özünü tam fərqli spektrdən göstərir,
hekayədə ləng dəyişən formal elementlərlə
yanaşı, bayaq dediyimiz kimi intensiv şəkildə dəyişən,
"qabıq qoyan" cəhətlər də var. Bu aspekt
Seymurun hekayələrində qabarıqdır.
Belə
bir ayrıntı: bu gün Mirzə Cəlil, yaxud Haqverdiyev və
ya Yusif Vəzir Çəmənzəminlinin hekayəsini
yazmaq, onları təqlid etmək qeyri-mümkündür, bu mətnlərdən
yalnız mənbə kimi, "əlifba kitabı" kimi
istifadə etmək olar, müasir hekayə onlarla müqayisədə
yüz dəfələrlə libasını dəyişib, yəni
janrdaxili hibridləşmə diqqəti sabit, dəyişməyən
şeylərə yox, daim dəyişən təzahürlərə
yönəldir. Hibridləşmə janrdaxili
proseslərin əsas elementidir. Bütün
bunlar hekayənin formasının təmizliyi və dəyişməzliyini
sual altına qoyur. Nəsr əsərində
əslində məzmundan, ideya, mündəricə... bunlardan
daha çox filoloji baxımdan janrdaxili prosesləri ayırd
etmək və məhz bu barədə yazmaq əsasdır.
Dünyada bir-birinə bənzəyən nəsr
mətnləri var, hər hekayəçi məlum ideya və
mənanı bir şəkildə dəyişir, Edqar Alən
Po nümunəsini yada salın, yaxud Mark Tven. Yalnız poetik metaforalardan hörülən mətnlər
zamanla çökür, həmin metaforalar adiləşir, əsas
olan transqressiya və hibridləşmədir, ənənəyə
və gələcəyə göndərilən
mesajlardır.
Yaxşı
hekayələr həmişə, ya da əksər hallarda bizə
tanış olan bir əhvalatın
heç dəxli olmayan yerindən başlayır. Çünki məhz bu dəxli olmayan yer hekayə
ustalarının heç nəzər salmadığı məqamdır.
Bu mənada Mehdi Dostəlizadənin hekayəsi də
istisna deyil, məncə, çox yaxşıdır.
Bayaq vurğuladığım tərzdə yol alan
təhkiyədə əsas keyfiyyət ekspressivlikdir, əhvalat
sanki can qurtarmaq üçün nəql edilir, amma bəzi yerlərdə
- "nəfəs dərimində" araya detallar girir (motorla
bağlı: "...Leninin vaxtından Qorbaçova qədər...")
və bu tez-tələsik söylənən nəsnələr
insanların düşüncə tərzinə işarə
edir. Məsələ belədir ki, keçid məqamında
elə insanların da "datçikləri" xarab olur...
hekayə bunu yaxşı təqdim edir, çatdıra bilir.
Datçik məsələsinə bir az
sonra qayıdacağıq.
İlk qələm
təcrübələrindən biri olsa da, Mehdi Dostəlizadənin
"Motor səsi" hekayəsində yeni və orijinal hekayə
(təhkiyə) tipinin əlamətləri qabarıq şəkildə
görünür. Hekayə mətni hər
şeydən, bütün təfərrüatlardan silkinib olan,
yaxud olacaq hadisələri "tez-tələsik"
çatdıran feillərdən ibarətdir. Bədii mətn elə bu şəkildə də
qurulur. Baxın: "Darvazanı döyməkdən az
qala barmaqlarım qırılacaqdı. Səs gəlmədiyini
görüb hasardan həyətə tullandım. Qapını açıb içəri girdim,
arvadımı səslədim. Otaqlara
bir-bir baxdım, hamısı boş idi. Birdən motor səsinin
gəldiyini eşidib həyətə çıxdım. Motor işləyirdi. Təzədən
evə girəndə arvadımı hamam xalatında
gördüm. Motorun düzəldiyini deyib
qurulanmağa getdi. Keçib bir qıraqda
oturdum. Əgər motor indi işləyirsə, bəs səhər
niyə işləmirdi,- sualına cavab
axtarmağa başladım. Mövzu ilə
uzaqdan-yaxından əlaqəm olmadığına görə
heç bir cavab tapa bilmədim. Ən
yaxşısı əl-üzümü yuyub bir tikə
çörək yeməkdir deyib, tualetə getdim. Krantı açanda qurultu səsindən başqa
heç nə gəlmədi. Əlacsız
qalıb həyətə düşdüm, hələ evə
yerləşdirməyə ərindiyim veşlərin
içindən bir-iki açar götürüb motoru
sökdüm". Hekayədə iki yerdə
"qurultu" sözü işlədilir və zənnimizcə,
əbəs deyil bu. Hər şey - bütün cəhdlər,
hərəkətlər, illər boyu, böyüyə-böyüyə
içinə yığdığın enerji, dinamika...
boşa gedir, krantı açırsan, yalnızca qurultu...
İkinci məqamda, insan o qədər boğazdan yuxarı
sözlər deyir, ən doğma adamlarının yanında
özünü o qədər öyür ki, axırda
yıxılır, qusur, öyüyür və yenə
qurultu... (Həmin məqama diqqət edin: "...Rumkanı
başına çəkəndən sonra süfrənin
üstünə qusdu. Qolundan yapışıb
onu tualetə apardım, qapını
bağlamamağını dönə-dönə
tapşırdım. Bir az gözləyəndən
sonra səs çıxmadığını görüb
içəri girdim. Qayınatam tualetin hər tərəfinə
qusmuş, özü də yerdə uzanmışdı. Suyu açıb onun üst-başını təmizləmək
istəyəndə qurultu səsindən başqa heç nə
gəlmədi. Gedib vəziyyəti
arvadımın qulağına pıçıldadım, o isə
səsini başına atıb tualetə yüyürdü.
Qolundan tutub onu sakitləşdirmək istəyəndə
böyük qaynım süfrədəki
bıçağı götürüb üstümə
cumdu, qayınanam araya girdi").
Hekayədə
bir tərəfdən hadisəni kəskin, maksimum ekspressivliklə
ifadə etmək, insanla
göz-gözə durub onun üz cizgisindən tutmuş,
hansısa sitatlarda yer almayacaq xüsusiyyətlərini ən
yaxın məsafədən ekranda işıqlandırmaq
planı, digər tərəfdən, bu qədər qısa,
sanki bir an içində nəql edilən hadisəyə kənardan tamaşa
etmək özəlliyi var. Motor səsi bu hadisə və
onlarla bağlı düşüncələrin
sırasının pozulması, olub bitmiş əhvalatların
yenidən başlanması və motorun səsinin kəsilməsiylə
dayanması anlamına gəlir.
Məşhur
hekayə araşdırıcılarından birinin
yazdığı kimi, qısa hekayədə fantaziyanın
yayılması yox, bir nöqtəyə fokuslanmağı əsasdır,
süjet daxilə, içə yönəlikdir, yəni
süjet bir qapalı çevrə içindədir, belədə
adi sözlərdən yığılan cümlələr,
adi məişət səhnələrini əks etdirən
frazalar, həmin müəllifin fikrincə, mənaların
güclənməsini şərtləndirir. Yəni
bu qısa xəbər cümlələri dalğalar kimi
bir-birini vurur və nəticədə müəllif
qavradığı, dərinliyini bildiyi mənanı həm
var gücüylə ifadə edir, həm də onun vektorunu dəyişdirmək
fikrinə düşür (Bacarırmı? - bu başqa
məsələdir...). Mehdinin hekayəsində
təhkiyənin yürüdüyü ərazi kiçik, amma
necə deyərlər, elastikdir (yuxarıda dediyimiz kimi, su hər
yeri basa bilər və bu qəfil hadisə dünyanı dəyişdirər...),
süjetlə bağlı qapalı çevrənin
divarları ilə məhdudlaşır və geri dönüb
yolu təkrar qət edir. Daxilə yönəlik süjet
tipində həmin fantaziya gücü hekayənin hansısa əsas
məna və vurğularından birini qabardır, həmin
vurğu hekayədə bir yerdə, məsələn,
datçik sözü "çölə
atılır", həmin süjet çevrəsinin
divarlarına çırpılır, bir anlıq hekayənin
və mühitin xassəsini bəlirləyir ("qurultu"
sözündən başqa hekayədki mühüm önəm
daşıyan bu ikinci söz qısa xəbər cümlələrinin
mənasını lakonik şəkildə
çatdırır...). Bu iki söz bir yerdə,
bir cümlə, bir abzas daxilində "rastlaşmasalar"
da, hər ikisi qısa xəbər cümlələrinin
enerjisinin ayrı-ayrı mətnlərə çevrilməsini
şərtləndirir.
Hekayədə
hadisədən hadisəyə adlama, sanki ayrı-ayrı məkan
və zamanlarda baş vermiş hadisələri ifadə edən
fraqmentlərin ixtiyari şəkildə bir araya gəlməsi
hardasa anekdot poetikasını xatırladır, təhkiyəçi bəlkə də
on illər boyu bu personajlar arasında baş verən hadisələri
kəsib-doğramış, onları daxilə yönəlik
süjetin dar çərçivəsinə müncər
etmişdir, iki bənzərsiz, özü də yerlə
göy qədər aralı və fərqli plan var, sərbəstlik,
təsvirdə ixtiyarilik, digər tərəfdən, bu sərbəstliyin
boy verməyən divarla haşiyələnməsi... Nəticədə nə alınır? Hekayəçi
bu hadisələrə,
ixtiyari təsvirlərə, güclü fantaziyaya
yol verməzdən öncə onların kəsişmə
nöqtələrində işaran mənaları mənimsəmiş
və hadisələrdə personajlararası konfliktlər də
sapı qaçmış, ələ gəlməyən yaya bənzəyir.
Yuxarıda sitat verdiyimiz araşdırmada bu
aspekt - hekayədə mənanın yazıçı-hekayəçi
(nağılçı) tərəfindən mükəmməl
şəkildə mənimsənilməsi (bizim fikrimizcə isə,
təhkiyə boyu bu mənanın şaxələnməsi və
qismən yol ayrıclarında - həmin şaxələrdə
dəyişməsi müasir hekayəçilikdə əsas
vektorlardan biridir) əsas xətdir.
Müasir hekayə (qısa hekayə-!) sadəliyi ilə
bir tərəfdən qədim əyyamlardan insanların
nağıl, lətifə... söyləmək
ehtirasını ifadə edirsə, digər tərəfdən,
nəsr ərazisində gedən janrdaxili dəyişiklikləri
əks etdirir.
Əsas olan da budur. Bu mənada,
bizim hekayələrimiz dünya nəsr təcrübəsi ilə
qoşa addımlayır.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.16.