Müasir uşaq ədəbiyyatının

dünəni, bu günü və sabahı  

 

2020-ci ildə Vətən müharibəsi zamanı Tərtər, Gəncə və Bərdədə erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsəsinə

 

Hörmətli Anar müəllim, hörmətli tədbir iştirakçıları, XIII qurultaydan bu günə kimi uşaq ədəbiyyatımızın xeyli uğurları olub, yeni şeirlər, pyeslər, nağıllar, hekayə və romanlar yaranıb. Uşaq şeirindəki düşüncə inkişaf edib, yenilənib. Adi bir fakt deyim; 1993-cü ildə oğlumun beş yaşı vardı, hər dəfə televizorda böyrü üstə yıxılmış "Şuşa" lövhəsini görəndə deyirdi ki, ata, bu lövhəni ayağa qaldırmağa nə var. Aparın, mən qaldırm. İllər ötdü, həmin oğlumun övladı, yəni beş yaşlı nəvəm Aysu 10 noyabr 2020-ci ildə mavi ekrana baxıb heyrətləndi:

 

Aysu sevindi bu gün,

Sığışmadı otağa.

Televizorda gördü ki,

"Şuşa" qalxıb ayağa.

 

Şuşa ayağa qalxandan, bir əlimiz dəmir yumruq, bir əlimiz qələm, kitab olandan bəri solmuş uşaq şeirimizin bəti-bənizi özünə gəldi.

Bəzən uşaq ədəbiyyatımızda inkişafı görməyənlər və görə bilməyənlər, xüsusən bəzi media nümayəndələri həmişə mənə belə bir sual ünvanlayıblar: Bizdə uşaq ədəbiyyatı niyə yaranmır? Faktlarla nümunələr çəkirəm... Susub gedirlər. Təəssüflər olsun ki, ömründə bir dəfə kitab oxumayan bu ağzı əyrilər hələ də bu sualı unuda bilməyiblər.

Ötən il Anarın məktəbəqədər yaşda uşaqlar üçün "Muradın nağılları" kitabı çap olunub. Yazıçı bu kitabı nəticəsi Muradın ad gününə həsr edib. Kitabda Anarın yeni yazıları ilə yanaşı, uzun illər öncə qələmə aldığı hekayələri və uşaqlar üçün yazdığı "Yuxum qaçıb" adlı radiopyesi də yer alıb. "Nəfis tərtibatlı kitaba Xalq rəssamı Arif Hüseynovun çəkdiyi illüstrasiyalar elə ilk baxışdaca uşaqları ovsunlayır, nağıl dünyasına aparır.

Muradın anasına "Mənə çay bişir" deməsi ilə çox mətləblər aydın olur. Anası nəvazişlə ona başa salır ki, çayı bişirməzlər, dəmləyərlər, xörəyi isə bişirərlər. Beləcə, anası Murada Azərbaycan mətbəxinə aid bəzi yeməklərin, ərzaqların əvvəlcə adlarını, sonra isə xüsusiyyətlərini öyrədir.

Ədəbiyyatşünas alim Mətanət Vahidin fikrincə, "Muradın nağılları" məktəbəqədər yaşlı uşaqların estetik zövqünün formalaşmasında rolu ola biləcək bir kitabdır. Çünki balacalar üçün hazırlanan kitablara çəkilən illüstrasiyalar mətnin məzmunu ilə bağlanaraq vizual hekayəni formalaşdıra bilirsə, məsələnin funksional tərəfi həll edilmiş sayılır, lakin rəssam estetik zövqün inkişafına yönəlik yerində və qədərində olan ştrixlər əlavə etməyi də bacarırsa, gerçək incəsənət nümunəsi ilə qarşılaşmaq şansı əldə edirik. Beləliklə, deyə bilərik ki, Anarın azyaşlılara ərməğanı olan "Muradın nağılları" kitabı üz qabığından son səhifəsinə kimi həm uşaqlara xitab edən mətnlər, həm də rəng seçimi və miniatürlər, müxtəlif milli ornamentlərin istifadəsi baxımından yüksək zövq nümunəsidir.

Xalq yazıçısı Elçinin uşaq ədəbiyyatı haqqında məqalələri, mülahizələri və xarici ölkə yazıçılarından, konqres və konfranslarda edilən çıxışlardan, mübahisələrdən gətirdiyi sitatlar müasir uşaq ədəbiyyatımızın yoluna işıq salır. Bəzən bu, kompas rolunu oynayır. Bu gün o mülahizələrdən deyil, yanıltmaclara, alleterasiyalara, uşaqların nitq, dil və şeirimizdə üslub inkişafına nümunə ola biləcək Elçinin "Düz" haqqında yanıltmacını diqqətə çatdırmaq istəyirəm.

"Maşına mindik, getdik, DÜZ getdik DÜZƏ.

Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...

Lalələr DÜZÜM-DÜZÜM DÜZÜLÜB DÜZDƏ.

Ay gözəl DÜZÜM, qoy səndən lalələr üzüm, aparıb güldanlara DÜZÜM,

Sonra da güldanları şüşəbəndlərimizə DÜZÜM.

- Düz deyirəm, nənə?

- Düz dedin, Aysu!

- Axı, nənə, sən deyirsən, mən də DÜZƏM, dümDÜZƏM, DÜZDÜ, nənə, hə?

- Hə, Aysu, DÜZÜ belə də! Sən DÜZ qızsan! Lap dübbəDÜZ qızsan!

- Bax, nənə, ode, uzaqda o ağac da DÜZ durub, DÜZDÜ!

- DÜZDÜ, Aysu, bu da DÜZDÜ!

DÜZDƏ gəzdik, gəzdik, yorulduq. Sonra da DÜZDƏN DÜZƏLDİK yola gəldik evə.

Oy, nə qədər lalə yığmışam DÜZDƏN!.. Çox sağ ol, gözəl DÜZÜM!

İndi gedim, lalələri güldanlara DÜZÜM...".

Nəyə görə bu mətni misal çəkirəm. Uşaq folklorundən bəhrələndiyinə, təbii uşaq düşüncəsi və sərbəst şeir olduğuna görə. Təəssüflər olsun ki, bizdə sərbəst uşaq şeiri yoxdur, varsa da azdır. Amma Türkiyə ədəbiyyatında sərbəst uşaq şeir nümunələri yetərincədir.

Müstəqillik dövrü uşaq ədəbiyyatımızın çox böyük tarixi ənənələri vardır. Bu ənənələrdən ən vacibi dil məsələsidir. Tarixən olduğu kimi, bu gün də şeirin dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində rahat nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün ədəbi məqamlarda fikir aydınlığıha, sözün semantik mənasına, təfəkkür çevikliyinə, dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami heç bir əsərini uşaqlar üçün yazmayıb. Amma yazdığını gözəl yazıb. Sadəcə olaraq Nizaminin dövründə və sonralar da yazılan əsərləri uşaqların yaş mərhələlərinə görə müəllimlər qruplaşdırıblar və bununla dərsliklər, məktəblər, qiraətxanalar yaranıb.

Klassik ənənələrə söykənən Xanımana Əlibəyli, İlyas Tapdıq, Məstan Günər, Teymur Elçin, Fikrət Sadıq, Əli Səmədli və hal-hazırda yazıb-yaradan müasir uşaq şeirimizin canlı klassiki Zahid Xəlil, Aləmzər Əlizadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Mehriban Nağıyeva, Gülzar İbrahimova, Ələsgər Əlioğlu Solmaz Amanova, Gülarə Munis, Vüqar Haqverdiyev, Əfsanə Laçın, Aygün Bünyadzadə, Mina Rəşid və başqaları müstəqillik dövr ədəbiyyatımızın ən gözəl nümunələrini yaratmışlar. Mən müəlliflərin ayrı-ayrı əsərlərinin üzərində dayanmaq istəmirəm. Sadəcə sonda müasir uşaq ədəbiyyatımıza xas olan ümumi nöqsanlardan bəhs edəcəyəm.

Bu il 80 yaşını qeyd edən şair, nasir, filologiya elmləri doktoru, professor Zahid Xəlilin son 7 ildə həm uşaq ədəbiyyatının nəzəri-estetik problemləri ilə bağlı kitabları, elmi məqalələri, həm də nəzm və nəsr əsərləri nəşr olunub. Son illər yazıçının "Orxan" (2015), "Orxan,Vəfa və Bənək" (2015), "Çınqı" (2016), "Kralın kreslosu" (2018), "Dəmir yumruq" dastanı" (2021) kimi nəsr kitabları, "Ağ leyləklər" (2016) və "Göy qurşağı" (2018) şeirlər toplusu və "Azərbaycan uşaq ədəbiyyatı" monoqrafiyası işıq üzü görüb. "Ağ leyləklər" kitabı Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatını alıb.

Şanlı zəfərimizə həsr olunan "Dəmir yumruq dastanı" kitabının Nizami adına Ədəbiyyat İnstitutunda geniş müzakirəsi keçirildi. Keçən il yazıçının "Ciyələkli dərə", "Yumru yumaq", "Qış masalı" kitabları İstanbulun "Asmaaltı" nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olundu. İstanbulda nəşr olunan ikiaylıq ədəbiyyat və düşüncə dərgisi 2017-ci il 86-cı sayını bütövlükdə Zahid Xəlilin yaradıcılığına həsr etdi. Hazırda yazıçının daha beş şəkilli kitabı nəşr olunmaq üzrədir.

Yazıçı Cocuq Mərcanlı, Gəncə, Yevlax, Şirvan, Siyəzən, Bakı məktəbliləri ilə, həmçinin Türkiyənin bir necə şəhəri, Norveçin Oslo şəhərində yaşayan türkdilli oxucularla onlayn görüşlər kecirib. Son 7 ildə onun yaradıcılığı haqqında Şöhrət Məmmədova, Füzuli Əsgərli, Salatın Əhmədli monoqrafiyalar, Ayətxan İskəndərov namizədlik dissertasiyası yazıb.

Gəncədə yaşayan Aləmzər Əlizadənin uşaq şeirləri və hekayələri balalarımızın bədii zovqünün inkişafına, ata-anaya, vətənə, təbiətə məhəbbətin formalaşmasına, dilinin püxtələşməsinə, intellektual və sosial səviyyəsinin yüksəlməsinə təkan verir.

Şairin son illər balqabaqdan bəhs edən "Anatağın Ay yuxusu" povesti və Moskvada "Четыре рассказа" hekayələr və "Кого ищет луна" şeir kitabları işıq üzü görüb. Şairin şeir və hekayələri dərsliklərə salınıb.

Qəşəm İsabəyli İsveçrədə IBBY kimi tanınan Dünya Uşaq və Gənclər Kitabı Şurasının 2014-cü ildə "Cin" nağıl-povestinə görə Andersen Şərəf Diplomuna layiq görülüb.

2015-ci ildə isə onun "Leyləyin intiqamı" şeirlər, nağıllar və hekayələr kitabı Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" Təhsil Nazirliyinin uşaq ədəbiyyatı ilə bağlı elan etdiyi müsabiqədə (2016) nəzm nominasiyası üzrə birinci mükafatı alıb.

Qəşəm İsabəyli IBBY-nin (ay-bi-binin) 2021-ci il 10-12 sentyabr ayında Moskvada keçirilən 37-ci Konqresinə dəvət edilib, bütün maliyyə xərci Rusiya dövləti tərəfindən ödənilən bu tədbirdə səhhətiylə bağlı iştirak edə bilməsə də, "Uşaq ədəbiyyatına Şərq və Qərb gəlişi" məqaləsi ilə onlayn çıxış edib. Həmçinin "Üüü..." nəsr toplusunun 2020-ci ildə Andersen mükafatına namizəd kimi seçilməsinə görə IBBY Prezidentinin şəxsi təşəkkürünü alıb.

2014-2022-ci illər ərzində Q.İsabəylinin Azərbaycan türkcəsində "Leyləyin intiqamı", "Aclıq dərsi", "Qara pişiklə boz cücələrin ölüm-dirim savaşı", "İii... aaa", rus dilində "Osyol sın osla", "Urok qoloda", "Keçinin azadlıq nağılı", "Üüü..." əsərləri toplusu ingiliscə işıq üzü görüb. Bu illər ərzində Q.İsabəyli iki dəfə dünyanın ən nüfuzlu uşaq ədəbiyyatı mükafatlarına - "Andersen" və "Lindqrin" mükafatlarına namizəd olub.

Rafiq Yusifoğlu son yeddi ildə "Sabahın sorağında" (2016), "Bulud fayton"  (2017), "Nağıl qapısı" (2018), "Yaddaş kitabı" (2019), "Sehrli, şeirli qrammatika" (2020) adlı şeir, "Bitdilicə" (2018) adlı nəsr, "Xeyirxah ovçu" (2015), "Durna lələyi" (2016), "Gəzən balqabaq tağı" (2017), "Ağıllı dovşan" (2018), "Yeriyən ağac" (2020) adlı tərcümə kitabları və "Yağış, çiçəklər və mən" toplusu isə (Rain, flowers and I) ingilis dilində nəşr edilib.

O, Təhsil Nazirliyinin uşaq ədəbiyyatı ilə bağlı elan etdiyi müsabiqədə (2016) nəzm nominasiyası üzrə birinci mükafata, "Nağıl qapısı" kitabına görə isə "Qızıl Kəlmə" (2019) mükafatına layiq görülüb.

Sevinc Nuruqızının "Qədim Bakıya səyahət", "Nəğməli, şəkilli riyaziyyat" hərfləri öyrənək silsiləsindən bir neçə kitabı; "Melisa", "Qaz balası Qaqa" kitabları Türkiyədə, "Sürayyanın izində" əsəri isə Cənubu Koreyada Azərbaycan, ingilis və rus dillərində çap olunub. Ötən dövr ərzində Sevinc Nuruqızı bir neçə maraqlı əsəri dilimizə çevirdi və Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə", Türkiyənin Azərbaycandakı səfirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə keçirdiyi "Çanaqqala -100" müsabiqəsində "Çanaqqala keçilməz" poemasına görə birinci yerin qalibi oldu. Təhsil Nazirliyinin və başqa dövlət qurumlarının xaricdə və ölkəmizdə ictimai təşkilatların mükafatını aldı, nağılları və şeirləri dərsliklərə salındı.

Tanınmış uşaq yazıçısı Mehriban Nağıyevanın qurutaylararası dövrdə "Əsmərin sehrli zənbili", "Nağıllar" seriyası adı altında "Ay səni, tülkü lələ", "Uşaqların şeir payı", "Rəngləməli nağıllar, "Xarıbülbül" və "Günəşin nağılı" kitabları çap olunub və balaca oxucular tərəfindən maraqla qarşılanıb.

Aygün Bünyadzadə 2016-cı ildə Polşada "Uşaqlar qarşısında xidmətləri üçün" BMT-nin və Polşa Respublikasının Beynəlxalq "Təbəssüm Ordeni"nə layiq görülüb və "Təbəssüm Ordeni Kavaleri (cəngavəri)" fəxri adını qazanıb. Bu günəcən dünyanın ən müxtəlif bölgələrindən olan siyasətçilərin, dövlət başçılarının, din xadimlərinin, yazarların və digər məşğuliyyət sahiblərinin layiq görüldüyü beynəlxalq "Təbəssüm Ordeni" dünyada yeganə mükafatdır ki, irqindən, dinindən və məşğuliyyətindən asılı olmayaraq, uşaqlar tərəfindən, onların dostu olan böyüklərə verilir. Dünya uşaq ədəbiyyatı nəhənglərindən Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto müxtəlif dövrlərdə bu mükafata layiq görülmüşlər və bu gün Azərbaycan uşaq ədəbiyyatının nümayəndəsi olan Aygün Bünyadzadənin bu nəhənglərlə eyni cərgədə yer alması qürurverici bir haldır.

2017-ci ildə Aygün Bünyadzadə Təhsil Nazirliyi tərəfindən keçirilmiş "Ən yaxşı uşaq əsərləri üçün" müsabiqədə "uşaq pyesləri" nominasiyasında 2-ci yeri qazanıb və fəxri fərmanla mükafatlandırılıb.

Yazıçının, həmçinin son 7 ildə Türkiyə türkcəsindən dilimizə uyğunlaşdırdığı və redaktoru olduğu onlarca kitab işıq üzü görüb. 2021-ci ildə müəllifin "Nağıllar" kitabı "Çaşıoğlu" nəşriyyatında dərc olunub.

Reyhan Yusifqızının son illərdə xeyli sayda kitabları nəşr olunub, şeirləri dərsliklərə salınıb. Yazıçının əsərləri Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə", "Səməd Behrəngi", Avrasiya Yazarlar Birliyinin Mahmud Qaşqarlı hekayə müsabiqəsində 1-ci yerin qalibi olub.

Solmaz Amanova 70 kitabın, 60 cizgi filminin müəllifidir. 2017-ci ildə Azərbaycan və rus dillərində "İlmənin macəraları", "Şuşanın sehrli açarları", "Gözün ayda olsun", "İlmə-əyləncəli əlifba" kitabları nəşr olunub. Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb və "Nizami Gəncəvinin 880 illiyinə" döş nişanı ilə təltif edilib. Solmaz xanımın ötən il COVİD-19 ilə bağlı yazdığı "Cəsur ayı və dostları" əsəri Dünya Uşaq və Gənclər Kitabı Şurasının Andersenlə bağlı keçirdiyi müsabiqəsinin onluğuna düşüb, Astrid Lindqrenin müsabiqəsində isə 4-cü yer yeri tutub.

İnqilab İsaqın son illər "Nərgizin nərgizləri", "Aydan axan bulaq", "Bir çəmənin çiçəkləri" şeir kitabları işıq üzü gördü və araşdırmaçı Gülnarə Qəmbərova "525-ci qəzet"də İnqilab İsaqın şeirlərini təhlil etdi, bu müstəvidə uşaq ədəbiyyatımızın problemlərinə toxundu.

İsmayıl İmanzadənin 2019-cu ildə iki cilddə "Seçilmiş əsərləri" çap olundu, ikinci cilddə şairin uşaq şeirləri toplanıb və son illər orta məktəb dərsliklərinə, məktəbəqədər tərbiyə müəssisələri üçün nəzərdə tutulan müntəxəbatlara şairin xeyli sayda əsərləri daxil edilib.

Gülzar İbrahimovanın indiyə kimi 58 uşaq kitabı nəşr edilib və 42 nağıl diski buraxılıb. Təbrizdə "Yalançı pəhləvan", "Şahzadə və Mələk", "Günəşli xalçanın sirri" nağılları çap olunub Norveçin Oslo şəhərində Azərbaycan məktəbi "Sehrli dünya" jurnalını çap edib və şagirdlərinə paylayıb.

Gülarə Munisin 2015-ci ildə "Böcək yeməz çiyələk", 2018-ci ildə "Tap tapmaca, balaca", "Gözəldir bayrağımız, cənnətdir torpağımız" nağıllar kitabı işıq üzü görüb.

Maraqlı nağıllar müəllifi Vüqar Haqverdiyevin 2014-cü ildə yazdığı "İbişin nağılı" əsəri Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı seksiyasının, respublikamızın bir sıra nüfuzlu xəbər saytlarının təşkilatçılığı və informasiya dəstəyi ilə keçirilən "Müasir nağıl" müsabiqəsində 2-ci yerə layiq görülüb.

2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsi və Qafqaz Nəşriyyat Evinin birgə keçirdiyi "Müasir uşaq nağılları" Birinci Respublika müsabiqəsində "Sehrli tütək" nağılı 3-cü yerin qalibi olub. Qeyd edim ki, həmin müsabiqədə 1-ci və 2-ci yerlər üçün qalib müəyyən edilməyib.

2016-cı ildə "Şir südü" və "Sehrli planşet" adlı nağıl kitabları işıq üzü görüb.

2017-ci ildə "Qarınqulu ayı balası", "Müasir nağıllar" adlı rəngli nağıl kitabları nəşr edilib.

Sərvaz Hüseynoğlu qurultaylararası dövrdə xeyli uşaq şeirləri dərc etdirdi. Gənclik yaşlarından uşaq şeirləri yazan Sərvaz bu günə qədər öz sevimli uşaq obrazlarını özünün başına gələn hadisələrdən keçirir. Balacaların ətrafa maraqlı baxışları, hətta böyükləri də uşağa çevirmək cəhdləri şeirlərin əsas mənzərəsidir.

 

Düşüb ələ-ayağa

Arı elə qaynaşır.

Qızım deyir: - Ay ata,

Deyən axı bal daşır.

 

2017-ci ildə Sevinc Elsevərin "Xan" nəşriyyatında "Donu qırmızı" adlı kitabı çap olunub. Kitabda "Nuhun gəmisində kosmosa səyahət", "Donu qırmızı" adlı iki roman, "Lokomotiv və vaqonları" adlı pyes, "Xeyirxah siçan" adlı hekayəsi yer alıb.

2018-ci ildə uşaqlar üçün yazdığı "Şeytan çarxı" əsərində Yel baba tərəfindən cəzalandırılan və qaçırılan yeddi uşağın macərası öz əksini tapıb.

Mina Rəşid qurultayarası dövrdə "Böyüklər bizə baxsın", "Balaca Günəş", "Meyvələrin şöhrəti" (M.Füzulinin "Meyvələrin söhbəti" əsərindən bəhrələnərək yazılıb), Türkiyədə "Jalənin əlləri" nağıl və hekayələr kitabı nəşr olunub. 2017-ci ildə Uşaq ədəbiyyatı şöbəsi ilə "Ulduz" jurnalının keçirdiyi "Ən yaxşı uşaq şeiri" müsabiqəsində 2-ci yerin qalibi olub.

Əfsanə Laçının 2015-ci ildə "Əlifba şəhərciyi", 2018-ci ildə "Oyux hekayəsi" çap olunub. Yazıçının"Ulduz", "Sevimli", "Göyərçin", "Günəş", "Yemlik", "Qaranquş" uşaq jurnallarında, "Tumurcuq", "Savalan",  "Ədəbiyyat qəzeti", "Mədəniyyət", "525-ci qəzet" və "Laçın" qəzetlərində, eləcə də ədəbiyyat sayt və portallarında uşaq yazıları müntəzəm yayımlanır. "Ulduz" jurnalıın 2020-ci il dekabr sayında uşaq hekayələri toplusu nəşr edilib. Onun "Azadlıq pərisi" hekayəsi Prezident yanında Bilik Fondunun "Vətənin pərvəri ol" müsabiqəsində 2-ci yerin, Təhsil Nazirliyinin "Ən yaxşı uşaq əsəri" müsabiqəsində 3-cü yerin qalibi olub. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Yeni söz" Gənc yazarların ədəbiyyat almanaxında 6 nağılı dərc edilib.

Zahid Afşar Eloğlu Ağcabədi rayonunda yaşayır. Son illər bir-birindən maraqlı uşaq şeirləri dərc etdirib. Keçi kimi oynaq, quzu kimi kövrək, küçük kimi təbəssümlü obrazlar uşaqların daxili dünyasını xarakterizə edir. Şeirlərdə uşaq heyrəti əsas xətt kimi keçir.

 

Süd daşdı, hay... süd daşdı,

İsti vurdu, süd daşdı.

Südə ki düyü qatdın,

O, süd deyil, Süddaşdı...

 

Yaxud:

 

Mənzərəyə baxın, ey...

Hər tərəfi qar basıb.

Şəlalələr sallanıb,

Özünü dağdan asıb.

 

Filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızının elmi araşdırmaları ilə yanaşı, uşaqlar üçün yazdığı hekayələri də son illər maraqla oxunur. 2020-ci ildə "Şərq-Qərb" nəşriyyatında "Uşağın duası" hekayələr toplusu çap olunub. Ön sözün müəllifi ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevdir.

Kitab haqqında akademik Nizami Cəfərov "Günümüzün uşaqları... Və uşaq hekayələri" ("Ədəbiyyat qəzeti", 10.02.2021) məqaləsində yazır: "Göründüyü kimi, Fidan Nizaməddinqızı günümüzün uşaq hekayələri qarşısına uşaqları əyləndirməkdən, onların dünyagörüşünü, estetik zövqlərini inkişaf etdirməkdən də yüksək tələblər qoyur: uşağı bütün mənəvi-psixoloji zənginliyi ilə yalnız dərk etməklə kifayətlənməyib, həm də onu özünə tanıtmağın yollarını axtarmaq. Və nəticə etibarilə, uşaqları cəmiyyətin üzvi tərkib hissəsi olaraq qəbul etmək...".

Məncə, Nizami müəllimin sözü ilə bu səhifəni çevirmək olar.

İlham İlhamı Astara rayonunun Təngərüd kəndində yaşayır. Son illər uşaqlar üçün "Uşaqların xətrinə gəl", "Mədinənin gülləri", "Nilufərin nağılı", "Lalənin meyvələri" kitabları işıq üzü görüb.

Şəfəq Sahiblinin ölkəmizdə və Türkiyədə bir neçə şeir kitabı çap olunub. Onun uşaqlar üçün yazdığı şeirlər bədii lövhələrdən ibarətdir. O bu lövhələri şeirə şəkil kimi gətirir:

 

Kəpənəyin dalınca

Dəcəl Sevinc qaçırdı.

Kəpənək zəri ilə

Ona cığır açırdı.

 

Elvira Məmmədovanın son illər "Hər ulduz bir günəşdir", "Zibilqabının arzusu", "Sehrli konsert", "Ayı və arı" və uşaqlar üçün başqa ensiklopedik məlumatlar hekayələr toplusu, iki nağıl-pyesi - "Zənci qaradamı" və "Xeyirxah şahzadə" kitabları işıq üzü görüb. Nağılları mütəmadi olaraq dövri mətbuatda dərc edilir.

"Zənci qaradamı" nağıl-pyesi 2014-cü ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi və Space TV-də yayımlanan "Mən böyümüşəm" uşaq verilişi tərəfindən səhnələşdirilib, efirdə yayımlanıb. "Xeyirxah şahzadə" nağılı isə 2017-ci ildə Milli Nağıl Müsabiqəsində 1-ci yerə layiq görülüb.

Rəfiqə Abbasova son illər uşaqlar üçün yuxa şeirlər yazır. "Utancaq bənövşələr" Azərbaycan, rus, özbək dillərində çap olunub və bu yaxınlarda İranda ərəb qarafikası ilə Azərbaycan dilində işıq üzü görüb. Bu il isə şair "Xallı böcək" və "Tapmaca-şeirlər" kitablarını balaca oxucuların ixtiyarına verib. Kitabda bir şeirə baxaq.

 

Aynur eyvana çıxıb,

Gördü, su var ləyəndə.

Ayı ləyəndə gördü

O, başını əyəndə.

 

Bu şeirdə nə nəsihətçilik var, nə də didaktika. Sadəcə, uşağın özünün tapdığı bir tablo göz önündədir. Başqa vaxtlarda da ləyəndə Ay varıydı, amma heç kəsin ağlına gəlməmişdi ki, Ayı bu cür salamlasın.

Ötən 7 ildə İbrahim Yusifoğlunun "Göy yerə zəng eləyir" və İranda "Payızda üşüyən çiçək" şeir kitabları, Ələsgər Əlioğlunun son illərdə iki kitabı - "Bələdçi ağaclar" və "Sərnişin qarışqalar", Güləmail Muradın "Nağılın içində yata bilmirəm", "Balaca müdrik", Murad Köhnəqalanın "Amurun hekayələri" Ətraf Sarrafın "Güllü nənənin gül nəvəsi", Adilə Nəzərin, Mətanət Ulu Şirvanlının, Sarvan Kərimovun topluları işıq üzü gördü və müasir uşaq obrazları həyatiliyi diqqət çəkdi.

Esseist, araşdırmaçı "Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayevanın Zahid Xəlilə həsr olunmuş "İşıqla doldurun ürəyinizi" məqaləsi, mən ona esse deyərdim - təkcə Zahid Xəlilə aid deyil, müasir uşaq ədəbiyyatının çözülməsinə yol açır. Essenin başlanğıcında "Bir nağıl var, yaddan çıxıb" statusu, min illərdi nağılın əvvəlində deyilən "Biri vardı, biri yox" işarə proloqu uşaq yazıçılarımızın yuxarıda qeyd etdiyim nağallarının, daha doğrusu, yaradıcılığının açarıdır. Gərək biz nağılımızı yaddan çıxmağa qoymayaq. Bəlkə elə əsl həqiqət yaddan çıxan nağıllardadır, bəlkə biz onu yox, həqiqət olmayanını vərəqlərdə həbs eləmişik. Başqa cür də yozula bilər. Gələcəyi keçmişə çevirən ən etibarlı sistem bizim nağıllardır. Yazıçılarımızın yaradıcılıq üslubu elə nağıldan başlamırmı?

Südabə xanım yazır:

"Bu günün nağılları - bu günü gələcək üçün keçmiş edən nağıllar - Qərblə Şərqin sintezidir. Bu nağıllarda vaxtın sürəti daha itidir, yaradıcı təxəyyülü artıran, intellekti güclü edən fantaziyanın üfüqlərini genişləndirən macəraçılıq daha ağlabatandır, məntiqi inandırıcılığı və bir də işığı çoxdur. Həm də dinləyən hadisənin, vəziyyətin içində, iştirakçı qismində hiss edir özünü. Əlbəttə, nağıllar uşaqlar üçün yazılır. Nağılları böyüklərin sabahdan nigaranlıq hissi yazdırır, böyüklər uşaq adına yazılan hər yazını həm də özləri üçün, özlərinə görə yazırlar".

Südabə xanım haqlıdır, nağıl kosmik sürətindədir, beynmizin izahıdır.

Bir neçə kəlmə uşaq ədəbiyyatının təbliği haqda. Ötən 7 il ərzində uşaq ədəbiyyatının təbliği, tədqiqi və öyrənilməsi istiqamətində xeyli işlər görüldü. "Azərbaycan" jurnalı 2018-ci ilin 12-ci sayında uşaq ədəbiyyatına geniş yer ayrırdı. Zahid Xəlilin, Reyhan Yusifqızının, Ələsgər Əlioğlunun, Sevinc Nuruqızının, Elvira Məmmədovanın, Məmməd Namazın, İnqilab İsaqın, Mina Rəşidin və başqalarının yeni şeir və hekayələri, məqalələri dərc edildi.

Jurnalın 2020-ci ilin 2-ci sayında dərc olunan filologiya elmləri doktoru Elnarə Akimovanın "Uşaq ədəbiyyatının yeni qəhrəmanları, onları tanıyaq" adlı maraqlı məqaləsində uşaq obrazlarının yeni estetikasını önə çəkdi, uşaq ədəbiyyatımızın çatan və çatmayan çəhətlərini göstərdi.

Son illər Mənsurə Qaçayqızı "Tonqal" adlı qəzeti nəşr etdi. Qəzet bir neçə il nəşr olundu və dayandı. İndi Mənsurə xanım "Çoxbilmiş" jurnalının nəşrinə başlayıb, ayda bir dəfə nəşr olunan jurnalda uşaqlar üçün maraqlı nağıl, şeir hekayə və yanıltmaclar verilir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir-birindən maraqlı tədbirlər, müsabiqələr, yeni uşaq kitablarının təqdimatlarını keçirdi. Kitabxananın nəzdində "Göy qurşağı" uşaq jurnalı çap olunur. Azərbaycan Yazıçılar Birliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası İsveçdə yerləşən IBBY (ay-bi-bi) kimi tanınan Dünya Uşaq və Gənclər Kitabı Şurasının üzvüdür. Bu təşkilat Hans Xristian Andersen və Astrid Lindqren mükafatlarını verir. Azərbaycan bu təşkilata üzv olan 81 ölkədən biridir.

Nizami adına Ədəbiyyat İnstitutunda Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Uşaq ədəbiyyatı şöbəsi yaradıldı və həmin şöbəyə tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova təyin olundu.

Müsahibələrinin birində Elnarə xanım bu şöbənin hansı ehtiyacdan yarandığını dilə gətirdi və dedi ki, institutun hər il keçirdiyi ilin ədəbi yekunlarına çox vacib sahə olan uşaq ədəbiyyatı haqqında məruzə salınmırdı. Uşaq ədəbiyyatının uğur və problemləri nəsr, poeziya və dramaturgiya ilə bağlı məruzələrinin sonunda epizodik şəkildə qeyd olunurdu. İndi şöbənin yaranması imkan verir ki, uşaq ədəbiyyatına ayrıca bir məruzə salınsın və sahə üzrə mühüm tədbirlər həyata keçirilsin. Şöbənin təşəbbüsü ilə 2019-cu il oktyabrın 18-də Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirildi. Müxtəlif türk respublikalarından simpoziuma təşrif buyuran qonaqları, alim və şair, yazıçı heyətini bir məramın, bir missiyanın ətrafına cəm edərək uşaq ədəbiyyatının ortaq problemləri ətrafında müzakirə aparıldı. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kiprdən və digər ölkələrdən qonaqlar qatıldı. Yeni şöbənin təşəbbüsü ilə institutda görkəmli insanların həyat və yaradıcılığından bəhs edən "Şəxsiyyətin pasportu" seriyasından hər il müəyyən ədəbiyyat adamları ilə bağlı monoqrafiyaların hazırlanması nəzərdə tutuldu. Keçən il bu seriyadan tanınmış uşaq yazarı Xanımana Əlibəyli haqqında "Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası" kitabı çap olundu. Kitabda şairin poemaları, dramaturgiyasının təhlili ilə yanaşı, ömür yolunun bütün əhəmiyyətli çalarları yer tutur.

Şöbə müstəqilliyimizin 30 illiyi ilə əlaqədar "Ayrılarmı könül candan" adlı uşaq yazarlarımızın vətənə, onun tarixi abidələrinə, məkan tərənnümünə, ana dilinə, məktəbə həsr olunan seçmə şeirlərindən ibarət antologiya hazırlayıb.

Hazırda Elnarə Akimovanın redaktorluğu ilə son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna, zəfərimizə dair yazılmış müxtəlif janrlı ən yaxşı, seçmə uşaq ədəbiyyatı nümunələrindən ibarət çox əhəmiyyətli bir toplu Türkiyədə öz çapını gözləyir. Tanınmış uşaq şairi, uzun illər "Göyərçin" jurnalının baş redaktoru işləmiş Tofiq Mahmudun həyatı və yaradıcılığı seriyasından monoqrafiya üzərində işlər gedir. Şöbə Azərbaycanda "Uşaq ədəbiyyatı ensiklopediyası"nın yaranmasını da nəzərdə tutur.

Ümumiyyətlə, Nizami adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin yaradılmısı təqdirəlayiq bir hadisədir. Həm şöbə əməkdaşları, həm də onun rəhbəri Elnarə Akimova istər müasir, istərsə də klassik uşaq ədəbiyyatımızı yeni tədqiqat obyektinə çevirir, tədqiq edir, problemlər üzə çıxarır, ölkəmizdə və xaricdə tanınmasına təkan verir. "Ədəbiyyat qəzeti" 2017-ci il 27 may və 3 iyun tarixlərində ard-arda iki nömrə "Uşaq ədəbiyyatının problemləri" ilə bağlı müzakirələr təşkil etdi. Professor, şair, pedaqoq Zahid Xəlil, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, uşaq yazıçısı Sevinc Nuruqızı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan,  Elnarə Akimova və mənim də iştirak etdiyim həmin müzakirədə uşaq ədəbiyyatının bəzi problemləri çözüldü, xüsusən dil, üslub xüsusiyyətləri, folklordan uzaqlıq, dərsliklər, şəhərimizdəki reklam lövhələri və digər məsələlər müzakirə edildi.

"Ədəbiyyat qəzeti" 22 yanvar 2019-cu il tarixdə Elnarə Akimovanın moderatorluğu ilə "Uşağa yaxşı insan olmağı öyrədə bilsək, sonrakı həyatında yolunu özü seçəcək..." mövzusunda yeni bir müzakirə saatı keçirdi. Türkiyədən təşrif buyurmuş "Çocuk və genclik edebiyatı yazarları birliği" başkanı Bican Veysəl Yıldız, filologiya üzrə fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın iştirakı ilə keçirilən müzakirədə uşaq ədəbiyyatının problemləri, türk xalqları arasında ədəbi əlaqələrin yaradılması, kitabların nəşri məsələri müzakirə olundu.

2017-ci ildə Birliyin uşaq ədəbiyyatı seksiyası "Ulduz" jurnalı ilə birlikdə "Ən yaxşı uşaq şeiri" müsabiqəsi elan etdi və birinci yerin qalibi Astaranın Təngərüd kəndində yaşayan yuxarıda kitablarından bəhs etdiyim uşaq şairi İlham İlhamı oldu.

Ötən dövr ərzində Füzuli Əsgərli (rəhmətə gedib), Şöhrət Məmmədova, Ayətxan Ziyad, Aygün Bağırlı, Gülnar Qəmbərova, İlhamə Ağazadə və Fidan Şəmsizadə mətbu orqanlarında uşaq ədəbi tənqidi, tədqiqi, təbliği ilə bağlı məqalələr yazdılar.

Hörmətli Anar müəllim, biz yazıçılar martın 10-da, Milli Teatr günündə Kukla Teatrında olduq, tamaşaya baxdıq, sonda kollektivlə görüşdük. Problemlər barədə geniş müzakirələr oldu. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ədəbi dram hissə müdiri Həmidə Rüstəmova teatrın gələcək planlarından danışdılar. Zahid Xəlil, Zemfira Məhərrəmli, Nəzakət Məmmədova, Ədəbiyyat İnstitutunun əməkdaşları Elnarə Akimova, Aygün Bağırlı, Mətanət Vahid, İlhamə Ağazadə və başqaları öz təkliflərini verdilər. Teatr bu ilin mart ayından uşaq pyesləri üçün müsabiqə elan edir. Məncə, bu müsabiqə də uşaq ədəbiyyatı üçün öz töhfəsini verəcəkdir.

Hörmətli Anar müəllim. Bu gün Kukla Teatrının tamaşaçısı yoxdursa, sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşaçısı olmayacaq. Rafiq Yusifoğlu min bir əziyyətlə "Göyərçin" jurnalını çap etdirir. Böyük tarixi ənənəsi olan bir junaldır. Əgər bu gün "Göyərçin" jurnalının oxucusu yoxdursa, sabah "Azərbaycan" jurnalının oxucusu olmayacaq. Biz indidən balaca oxucuları və tamaşaçıları itiririk.

"Libra kitab" uşaq nəşriyyatı haqqında bir neçə kəlmə. "Libra kitab" uşaq nəşriyyatı 4 il ərzində uşaqlar, yeniyetmələr, gənclər, həmçinin valideyn və müəllimlər üçün müxtəlif kateqoriyalar üzrə Azərbaycan və rus dillərində 100-ə yaxın kitab çap edib.

"Libra kitab" nəşriyyatı uşaqları dünya ədəbiyyatının inciləri ilə tanış etmək məqsədilə "Dünya klassik ədəbiyyatı" silsiləsinin çapına başlayıb və bu silsiləni davam etdirir. Silsiləyə daxil olan 15 klassik romandan 10-u Azərbaycan dilində ilk dəfə nəşr olunub. Silsilə Azərbaycan və rus dillərində, illüstrasiyalarla nəşr çap edilib. "Anlama-qavrama qabiliyyətini inkişaf etdirən nağıllar" silsiləsi 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub və 5 kitabdan ibarətdir.

Bir neçə kəlmə uşaq ədəbiyyatının problemləri haqqında. Bəzən uşaq şeirimizdə uşaqları böyük kimi danışdırmaq, böyüklərin fikirlərini uşaq dilinə pərçim eləmək meyilləri özünü göstərir. Bu, sovet dönəmindən qalma mirasdır. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib kimi göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Bir-birinə oxşayan şişirdilmiş uşaq obrazları ədəbiyyata heç nə vermir. Dərsindən 2 qiymət alan bir uşağın həyəcanı, qorxaqlığı, bəzən yalançılığı ən gözəl şeirə çevrilə bilər. Bizim uşaq obrazlarının hamısı müsbətdir, ucdantutma müsbət uşaq obrazları yaratmaq ədəbiyyatın xeyrinə deyil. Ən ciddi nöqsanlardan biri də uşaqlar haqqında şeirlə, əsl uşaq şeirini qarışdırmaqdı. Bəzən müəlliflər uşaqlar haqqında şeirləri uşaq şeirləri kimi təqdim edirlər. Uşaqlar haqqında yazılan şeirlər əsasən böyüklər üçündür. Elə bilirlər dəvəyə, tülküyə, dovşana, qarışqaya şeir yazanda uşaq şeiri olur. Uşaq şeirində uşağın duyğu və düşüncələri olmalıdır.

Yaxşı olardı ki, uşaq yazıçıları həftədə bir dəfə ibtidai siniflərdə dərs keçsinlər. Deyək ki, Zahid Xəlil və ya Qəşəm İsabəyli öz şeirlərini uşaqlara özləri tədris etsinlər və yaxud Anar müəllim, öz həyatını uşaqlara özü tədris etsin. Anar, Ramiz Rövşən, Rəşad Məcid Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ayda bir dəfə dərs desin. Onda ədəbiyyat da qazanar, təhsil də.

Uşaq ədəbiyyatı təkçə Yazıçılar Birliyinin deyil, hamınındı. Respubilkamızda coxlu uşaq təşkilatları var. Hətta ədəbiyyata dəxli olmayan şəxslər nə qədər ədəbi ictimai birliklər qeydiyyatdan keçiriblər. Bütün ədəbi, bədii, ictimai uşaq təşkilatları uşaq evlərində uşağa qayğını ancaq ona sirniyyat vermək, qarşısında rəqs etmək və s. kimi başa düşürlər. Lap yüzüncü məsələdə də uşaq ədəbiyyatı onların yadına düşmür. Yaxşı olardı ki, uşaqların kökələrinin yanında kökəsi və kuklası haqqında şeirləri də olaydı. Bu gün şadlıq saraylarında (pandemiyadan əvvəl) rəqs edən balaca qızları və küçələrdə maşınları yuyan, təkərlərini qaraldan oğlan uşaqlarını görəndə hiss edirəm ki, bizim uşaq şeirlərimiz də ölür.

Azərbaycanda geniş fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, bələdiyyələr uşaq kitablarının, antologiyaların çapına kömək etməlidirlər. Bizdə bələdiyyələr elə başa düşürlər ki, onların təşkilatı ancaq torpaq paylamaq üçündür.

Bizdə uşaq televiziya kanalının, Azərbaycan Yazıçılar Birliyinin uşaq jurnalının olması da vacib məsələlərdən biridir. Anar müəllim, bəlkə Yazıçılar Birliyi ildə 4 sayı olunmaqla bir uşaq jurnalı təsis edə bilər.

Yüz ildir ki, uşaq şeirlərimizdəki obrazlar eynidir. Uşaq həmin uşaq, ayı həmin ayı, tülkü həmin tülküdür. Bioloji mənada ayı həmin ayı, tülkü həmin tülkü ola bilər, bu, düzdür, amma bunların filologiyasının dəyişməsi təbiidir. Mən hələ bunu yetərincə müasir uşaq ədəbiyyatımızda görmürəm. Uşaq ədəbiyyatımıza ictimai və sosial məzmun öz ərazisini genişləndirməlidir. Bəlkə də, ritmik sərbəst uşaq şeirlərinə qələm tutmaq lazımdır.

Bir təklifim var. Biz kənd yerində ona avtovaqon və ya avtodükan deyirdik,  70-ci illərdə gələrdi kəndimizə, kitab, qələm, şəkil dəftəri satardı. Bu dükan bütün kitabxanalardan gözəl idi. Mən onda kitabın iyini ciyərlərimə çəkirdim. İnsanın düşüncəsinin yarı hissəsi doğulduğu yerdədi, doğulduğu yerdə bötövdür, onda insan-uşaq daha yaxşı öyrənir. Onda kəndimiz, məktəbimiz, lap elə ağacımız, inəyimiz, atımız kömək eləyirdi mənim kitab oxumağıma. Mən "Yeddi oğul istərəm" filminə öz kəndimizdə, ədəbiyyat otağında, dizlərimi torpağın üstə qoyub baxmışam. Ona görə də filmin bütün cizgiləri yadımdadır. Cünki mənə kəndimizdəki söyüd də, nənəm də, babam da kömək eləyirdi hər şeyi dəqiq öyrənməyimə. Bəlkə həmin avtodükanı bərpa etmək olar. Avtodükanın üstünə nağıl qəhrəmanlarının şəklini çəkmək, yeni çap olunan kitabları götürmək, bir aktyor, bir sürücü, bir satıcı bəsdi, uzaq rayonların, uzaq kənd məktəblərinə, deyək ki, Gədəbəyə, Tovuza getmək olar. Aktyor şeir deyər, nağıl danışar, həm kitab satılar, həm də uşaqlar faydalanar. Təhsil və Mədəniyyət nazirlikləri bu məsələni az bir vəsaitlə həll edə bilər.

Bir neçə kəlmə də paytaxtımız Bakıda obyektlərə verilən adlar haqqında. Şəhər dilimizin əlifbasıdır. Uşaq dili divardan reklamlardan, dükan adlarından öyrənir. Fəvvarələr meydanına düşürsən, çıxırsan Nizami küçəsinə - Torqovıya, divarlarda bir dənə də olsun Azərbaycan dilində söz yoxdur. Hamısı ingilis dilində. Bəlkə heç ingilis dilində də düz yazmayıblar. Dükanlar, mehmanxanalar, kafeler, restoranlar, şadlıq sarayları hamısı ingilis dilindədi, nə olardı "Cırtdan" adında bir uşaq dükanımız, "Məlikməmməd" adında bir mehmanxanamız, "Göyçək Fatma" adında bir şadlıq sarayımız olaydı. Mən bu yaxınlarda məruzəyə hazırlaşarkən şəhərimizdəki dükanların adlarına, reklamlara yenidən baxdım. Fəvvarələr meydanında ingilis dilində yazılan böyük obyektlərin arasında balaca bir yeməkxana gördüm. Girişində lap balaca hərflələ yazılmışdı: Fəsəli. Elə bil ingilis dilində olan obyektlər onu sıxışdırıb balaca yumruq boyda etmişdi. "Fəsəli" sözünə sevindim.

Hörmətli Anar müəllim. Bakı şəhəri dilimizin əlifbasıdır. Lökbatan və Xırdalan tərəfdən paytaxt Bakının girişinə balaca bir lövhəyə, kiçik hərflərlə "Bakı" sözü yazılıb. Axı bu şəhər Azərbaycanın paytaxtıdır, rayondan ilk dəfə Bakıya gələn uşaq və yaxud bir əcnəbi şəhərimizi hansı millli koloriti, hansı görkəmi ilə tanıyacaq. Bölgələrdə Quba, Gəncə, Yevlax və başqa rayonların girişində həmin rayonların adları bir incəsənət tablosu kimi görünür. Amma Bakıya baxın, şəhərə girişlərdə zorla görünən, üstünə "Baki" yazılmış kiçik bir dəmir lövhə şəhərimiz haqqında heç nə demir.

Dərsliklər barədə. 7-ci sinif "Azərbaycan dili" dərsliyi. Adından göründüyü kimi, bu dərslikdə elə şeirlər verilməlidir ki, uşaq Azərbaycan dilinin incəliklərini öyrənsin. Dili dolaşmasın, şeirdə axıcılıq olsun, rabitəli nitq inkişaf etsin. Həmin dərslikdə H.Həsənovun "Ağıllı Ömər" şeirinə baxaq:

 

Elektrik xəttinə

Gərək dəyməsin əlim.

Bunu mənə öyrədib

Anam, atam, müəllim

Ütü, qayçı, bıçağa

Əlimi uzatmaram.

Oyuncaqla oynasam,

Sonra onu yığaram.

Bilirəm ki, kibritlə

Heç vaxt oynamaq olmaz.

Mətbəxdə qaz yananda

Yanında durmaq olmaz

İndi altı yaşım var,

Daha böyük oğlanam.

Bacımla tək qalırıq

İşə gedəndə anam.

 

"Elektrik xəttinə gərək dəyməsin əlim" nə deməkdir? Uşaq özü haqqında 3-cü şəxsin təkində danışır. Deməlidir ki, mən əlimi elektirikə vurmaram, halbuki o, birinci şəxsin təkindədir. Şeirin qafiyə sisteminə baxın; uzatmaram, yığaram, durmaq, oynamaq bu sözlər bir-birilə qafiyə deyil axı. Uşaq şeirdən qafiyəni öyrənməlidir. Əgər nə vaxtsa öyrənibsə, bu şeir onu çaşdıracaq. Şeirin müəllifinin adına baxın: H.Həsənov. Müəllifin adının baş hərfini yazıblar. Belə bir imzanı kim tanıyır? Əlbəttə, heç kim? Birdən müəllim sual versə ki, uşaqlar, şeiri kim yazıb? Uşaqlar nə deyəcək: H.Həsənov, müəllim.

2-ci sinif "Azərbaycan dili" dərsliyində Ləman Həsənlinin "Nağıl olmaq istəyirəm" şeirinə baxaq. Ləman Həsənli burdadırmı? Əlbəttə, olmayacaq. Çünki belə nəşriyyat direktorunun və ya kitab tərtib edənin qurama adıdır.

 

Nağıl olmaq istəyirəm

Bir gün nağıl olsam əgər,

Bir nənənin ürəyindən

Az gedərəm, üz gedərəm,

Dərə, təpə düz gedərəm,

Balaların gözlərinə

Yuxu olub dolaram mən.

Dərələrdən sel kimi,

Təpələrdən yel kimi

Keçərəm hey, keçərəm.

Bir baxarsan, Məlikməmməd,

Bir də baxarsan, Keçələm.

Qoruyaram balaları

Zalımlardan, ac divlərdən,

Küpəgirən qarılardan.

Xəyallardan gerçəklərə

Yol açaram, iz salaram.

Göydən düşən almalardan

Hər nağılda pay alaram.

 

Bu şeir uşaqlara hansı sevgini, hansı biliyi öyrədir, hansı hadisəni başa salır, hansı təbiət hadisəsini, tərbiyəni aşılayır. Qafiyə yox, yenilik yox, şeiriyyət yox. Belə şeirlərin dərsliyə salınması zərərlidir. Uşaqlarda zövqü korlaşdırır, ailədən öyrəndiyi nə varsa, onu da məhv edir.

2-ci sinif "Azərbaycan dövlət dili" dərsliyinə baxaq. Kitabın adındakı dövlət dili dərsliyi uyarlı deyil. Azərbaycan dili dərsliyi özündə dövləti də ifadə edir. Reyhan Yusifqızının "İncinin cavabı" şeirində ideya yaxşıdır, amma...

 

Bir gün masanın üstdə

Düzülmüşdü kitablar.

Mübahisə başladı,

Lovğalıq etdi onlar.

Riyaziyyat öyündü:

"Mən ən vacib kitabam.

Ən çox məni oxuyur,

İnciyə çox lazımam".

"Yox, mən daha vacibəm",

Dilləndi ana dili.

"Hərfləri bilməsə,

Yaza bilməzdi İnci".

 

Reyhan xanım nasir olduğu üçün bu şeiri yaxşı yaza bilməyib. Füzulinin "Meyvələrin söhbəti"ndən bəhrələnməsi normaldı. Qafiyə, şeiriyyət, axıcılıq yoxdur. Kitablar - onlar, oxuyur - oyundu, kitaba - lazımam, dili - inci bu sözlər qafiyə deyil axı.

3-cü sinif "Azərbaycan dili" dərsliyində Vəli Əhmədin "Qələm" şeiri verilib. Şübhəsiz ki, Vəli Əhməd də qurama addır.

 

Müəllimin qələmi

İnci düzdü vərəqdə.

Baxıb həmin qələmdən

Aldı o gün Şəfəq də.

Yenə də "kotan salıb"

O, dəftəri "dağladı".

Yağlıca "iki" alıb

Acığından ağladı.

Elə bilirdi ki, sehr

Qələmin feilindədir.

Demirdi ki, bəs qələm

Gör kimin əlindədir.

 

Vərəqi dağlamaq nədi, kotan varsa, şum olmalı idi. O da uşaq vərəq üstə kotan məsələsini anlaya bilsəydi.

7-ci sinif "Azərbaycan dili" dərsliyinə baxaq. Sahib Xasayqızının "Cavanlığım" şeiri orta məktəb uşaqları üçün yararlı deyil, toyda səslənə bilər. Cabir Novruzun "Cavanlığım" şeirinin ritminə uyğun yazılmış bu sicilləmə uşaqlara nə verir, başa düşmürəm.

 

Yaşılbaşlı sona idi,

Yenilməyən qala idi.

Kaş yerində qala idi,

Mənim gedən cavanlığım.

 

Tanış imiş mənə bunlar,

Əziz imiş köhnə yollar.

Çətin imiş ayrılıqlar, 

Qürbətlər günahkar imiş.

 

Şeirin zəifliyi, söz yığını, şagird etikasına uyğun gəlmədiyi bir yana, heç sözlər bir-birilə düz gəlmir. Tanış imiş mənə bunlar - Nə? Hardan sənə tanış oldu, axı sən bunu birinci dəfə görürsən, çətin imiş ayrılıqlar, qürbətlər günahkar imiş.  "Qürbətlər" sözünün cəm şəkilçisinə baxın, heç biri uyğun deyil. Bir də 13 yaşlı uşaqların - şagirdlərin yanında cavanlıqdan bəhs etmək olarmı?

Çarli Çaplin ilk dəfə filmlərini balaca uşaqlara göstərirmiş. Əgər uşaqların baxışlarında təbəssüm yaranırdısa, o filmin geniş istehsalına icazə verilirdi. Heç olmasa, hörmətli tərtibçilər həmin şeirləri evdə balalarına, nəvələrinə oxutduraydılar, onda görərdilər ki, bu şeirlər uşaqların xoşuna gəlir, ya yox?

Dərsliklərdə populyar müəllif olan Dilrüba Nurəddin qızının (bu imzanı birinci dəfə eşidirəm) kitaba salınmış "Dovşan" şeirinə diqqət yetirək.

 

Dovşan çox bərk qaçırdı

Arxasına baxmadan.

- Necə sürətlə qaçır?

Sincab dedi ağacdan.

Çox çalışıb, görünür,

Məşq edib axşam-səhər.

Yoxsa qaça bilərmi,

Yorulmadan bu qədər.

Bunu (?) eşidib dovşan,

Heç ayaq saxlamadan (?)

- Sən də belə qaçarsan,

- Məşqçin (?) tülkü olarsa. (Bu bəndin qafiyəsizliyi və məzmunsuzluğu artıq göz önündədir).

Bu şeir uşaqlara nəyi öyrədir görən? Bu şeirin estetikası nədir? Belə çıxır ki, ölkəmizdə və dünyada qaçış üzrə olimpiya və dünya çempionlarının məşqçiləri tülkü imiş? Biz uşaqlara bunumu öyrətmək istəyirik?

Dərsliklərin məşhur şairi N.Həsənov (?) adlı bir müəllifin yeni şeirinə baxaq.

 

İndi altı yaşım var,

Daha yekə (?) oğlanam

Evdə məni tək qoyur,

İşə gedəndə anam.

 

Bu altı yaşlı uşaq hələ "yekə" oğlan deyil. Ona görə ki, o, "anam məni evdə tək qoyur" deməməliydi. O, yekə oğlandısa, deməliydi ki, mən evdə tək qalıram.

1-ci sinif "Ana dili" dərsliyində bəzi mətnlərə nəzər salaq. Uşaqlar hərfləri öyrəndikdən sonra birdən-birə aşağıdakı şeirlə tanış olurlar. "Əlifbam" şeirində: "Məna çiçəklərini baxışımla dərərəm". Məna çiçəkləri nə deməkdir, baxışla o çiçəkləri necə dərmək olar? Hərfləri yeni öyrənən uşaq bu şeiri anlaya bilərmi? Yenə həmin dərslikdə "Atam evə gələndə, elə bil ki, nur saçır". Nur saçmaq ən çox anaya aiddir. Yenə həmin dərslikdə "Qurban bayramı" şeirinə diqqət yetirək.

 

Yaradan qəlbimizə

İlahi nur ələsin.

Verdiyimiz qurbanı

Allah qəbul eləsin.

 

Şeirin bədiiliyi o yana dursun, verdiyimiz qurban olmaz, kəsdiyimiz qurban olar. Qurban vermək insana aiddir, kəsilmək qoyuna.

Bütün bu dərsliklərin müəllifləri və tərtibçiləri aşağıdakılardı. Rafiq Ələkbər oğlu İsmayılov, Gülşən Yasin qızı Orucova, Ülkər Nuraliyeva, Aynur Xanlarqızı, Dilrüba Nurəddin qızı, İradə Bayramova və rəyçi Azərbaycan Təhsil Nazirliyi - 2018.

Görəsən, Təhsil Nazirliyində bu kitabı kimlər oxuyub və çapına razılıq verib? Bilmirəm hələ. Amma onlara demək istəyirəm ki, balaca fidanların günahı nədir ki, heç bir ədəbi-bədii keyfiyyəti olmayan "Azərbaycan dili" kitabını yük elədiniz onların zəif çiyinlərinə.

Ona görə də dərsliklərimiz Təhsil Nazirliyinin, Nizami adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin və savadlı pedaqoqlarımızın birgə əməyinin məhsulu olmalıdır.

Hörmətli Anar müəllim, hörmətli tədbir iştirakçıları!

Gücüm çatan qədər 2014-cü ildən bu günə kimi uşaq ədəbiyyatımızın ədəbi mənzərisini qısa icmalla verməyə çalışdım. Bu mənzərini verə bildimmi, deyə bilmərəm. Amma uşaq ədəbiyyatımızın sabahına çox ümidliyəm. Çünki ümidli olmağıma uşaq ədəbiyyatımızın dünəni və bugünü əsas verir.

 

Qəşəm Nəcəfzadə

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.18-21.