Kamal Abdulla Norveçin
məşhur yazıçısı ilə
görüşüb
Norveçin məşhur yazıçısı Arne Svingen Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub, universitetin rektoru, akademik Kamal Abdulla və tələbələrlə görüşüb.
Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən Kamal Abdulla, ADU-da Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini, Novreç dilinin uğurla tədris olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, yazıçının tələbələrlə görüşü onların yaddaşında universitet həyatının maraqlı hadisəsi və unudulmaz dərs kimi qalacaq.
Norveç dilini öyrənən tələbələrin bu ölkəyənin tarixinə, mədəniyyətinə, müasir dünyadakı mövqeyinə böyük maraqla yanaşmasından məmnun olduğunu deyən rektor, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına da toxunub. Əlavə edib ki, o, Norveçin ədəbiyyat, elm və mədəniyyət xadimləri ilə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlıdır. Bunun üçün müxtəlif imkanlar, fərqli platformalar üzərində layihələr mövcuddur.
Xalq yazıçısı Kamal Abdulla müəllifi olduğu və Amerikada ingilis dilində nəşr olunan "Sehrbazlar dərəsi" romanını qonağa hədiyyə edib.
Yazıçı Arne Svingen Azərbaycanda olmaqdan məmnun olduğunu deyib, ADU tələbələri ilə görüşdən xoş təəssüratla ayrıldığını diqqətə çatdırıb. Müəllifi olduğu kitabların dünyanın müxtəlif dillərinə tərcümə olunduğunu deyən yazıçı uşaqlar üçün qələmə aldığı “Sınmış burunun nəğməsi” kitabının ADU Skandinaviya mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap olunduğuna görə rektora təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan və Norveç arasında ədəbi-mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif layihələrin reallaşdırılması məsələsi müzakirə olunub.
Ədəbiyyat qəzeti.- 2022.- 9
aprel.- S.6.