İydə ağacım
Hər gün oxşadığım
iydə ağacım,
Bu gecə mən
səni yuxuda gördüm.
Yenə
ağ qırçınlı
çiçəklərinlə
Əzəlki ətirdə, qoxuda gördüm.
Gördüm çiçəyindən bir tel ayırıb,
Saçıma taxıram
Telim sevinir
İnadın qırmışıq ayrılıqların,
Qol-boyun
olmuşuq,
Əlim sevinir.
Eyvana əyilən əyri budaqda,
Gördüm ki, gəncliyim
ilişib qalıb.
Anamdan xəlvəti
Aldığım məktub,
O vaxtdan bir küncdə
Bürüşüb qalıb.
Əllərim titrədi, dizlərim
əsdi,
Küsgün xatirələr
gəldi üstümə.
Qorxdum bu yaşımda
tanımayalar,
Üzgün ürəyimin
Dəyə şəstinə.
Yuxudan ayıldım
gecə yarıydı.
Ulduzlu göyləri
Bulud örtmüşdü.
Nə ağac var idi,
nə də çiçəyi,
Alnım islanmışdı, üzüm
pörtmüşdü.
Boyunu sevdiyim iydə ağacım,
Bilmirsən, yuxular
olurmu gerçək?
Yolların yumağı açılıb
indi
Yuxulardan
çıxaq
Bir gün görüşək.
Yanvar
2022
Bir qadın ağlayır
Şəhid mayor Kəlbalıyev Səyavuş
Hümbət oğlunun xatirəsinə
Gecənin qoynunda ağlamaq
səsi,
Göyləri yandırır ahı, naləsi.
Bütün şəhidlərə ana əvəzi
Bir qadın
ağlayır gecə
yarısı.
Sıxır gözlərini qaranlıqlara,
Elə bil varlığı çəkilir
dara.
Talei, qisməti qaradan-qara,
Bir qadın
ağlayır gecə
yarısı.
Əsgər çəkməsini gültək qoxlayır,
Sinəsi
üstünə basıb
oxşayır,
Lapdan havalanır, durub oynayır,
Bir qadın
ağlayır gecə
yarısı.
Birdən
zilə qalxır, gah pəsə enir,
Gah hənirə
qaçır, gah səsə gedir.
Dərdinə gah uzun, gah
kəsə gedir.
Bir qadın
ağlayır gecə
yarısı.
Yuxusuna gəlib ciyərparaçı,
Bircəsi, gözünün ağı-karası.
Tufanlara
düşüb ana dünyası,
Bir qadın
ağlayır gecə
yarısı.
Soyuq yatağına qor səpələnib,
Qara saçlarında
qar təpələnib.
Öz-özündən dərdli ozana dönüb,
Bir qadın
ağlayır gecə
yarısı.
Tələsir oğlunu bir yol qucmağa,
Ruhu da çırpınır candan
uçmağa.
Bürünüb güvənci əziz
bayrağa
Bir qadın
ağlayır gecə
yarısı.
Tanıdım səni
Təkliyim, Salam, Salam!
Gecələr yuxumu oğurlamağından,
Zamanı,
vaxtı, otağımı,
Sükutun özünü də
sükutda dondurmağından,
Tanıdım səni.
Yolun keçir şeirimin
Gizli hıçqırıqlarından,
Yaddaşda üşüyən arzulardan,
Kəndir
halqalardan,
İnsan - insan intiharlardan.
Daha nələrdən, nələrdən...
Telefonun
batan səsindən,
Evimin soyuq nəfəsindən,
Həsrətimi göz yaşlarımla
Divarların buz üzündən
asmağından,
Pəncərəmdən qəmli-qəmli
baxmağından,
Bir otaq darıxmağımdan,
Ömrümlə qoşa söz-söz,
misra-misra
Şeir-şeir qocalmağından
Tanıdım səni,
Təkliyim.
Tənha qadın
Gecən
necə keçir, gündüzün necə,
Dərdini gözündə gizləyən,
qadın?
İçində ovudub tənhalığını
Durub pəncərədə
gözləyən qadın.
Gecənin sükutu sıxır
qəlbini,
Köhnə xatirələr hayandı sənə.
Bəlkə elə möcüzə
gümanındasan,
Bəlkə qəhr edirsən sınıq bəxtinə?
Sükutda soyuyub ocağın-odun?
Baharın darıxır, qışın
darıxır.
Qəlbindən keçəni duyan
tapılmır,
Kirpiyin ucunda yaşın darıxır.
Dən vermə gözünə heyifsən, heyif,
Əlləri qoynunda dayanan, qadın.
Gecəni
yoğurub göz yaşlarıyla,
Səhəri ümidlə oyanan qadın.
Qayıt,
səndən ötən
illərə, qayıt,
Bəlkə elə vaxt zaman
danışa, dinə.
Hərdən əlini aç,
üz tut göylərə,
Bəlkə, tanrıdan əff fərmanı enə.
Yaxın
gəl, qolumu salım boynuna,
Sən mənə
hayan ol, mən sənə dayaq.
Yaman oxşarlıyıq
bir-birimizə.
Ümidə söykənək, səhəri
açaq.
Ömür darıxanda
Ömür hərdən darıxır...
Dar gəlir əynimə,
Kəsir
nəfəsimi bir qəfəs kimi boğur səsimi,
Divara dirəyir, azacıq qalan
Aylarımı, günlərimi.
Hərdən də fağırlaşır,
yetimləşir, sığınır
sinəmə.
Quşlar
ağaclara
Durnalar dağlara
Dalğalar sahilə,
Göz yaşı gözə,
Kədər ümidə sığınan
kimi
Mən də sıtınıram,
varla-yox arasında qalan
ömür yaşıma,
Mürgülü xatirələrimə, yorğun,
üzgün yaddaşıma.
Uzaqlardan
jah xatirələrim gəlir,
Gah da mən gedirəm xatirəmgilə.
Bəxtəvər aylarıma, günlərimə
çatıram orda,
Uşaq xəyallarıma.
Sevgi dünyama
bürünüb yatıram
orda.
Şirin
bir nağıl olur, xatirələr dinəndə;
Hərdən susuz bir səhraya,
Hərdən sevgi dolu bir dəryaya dönür,
Bir saata, bin ana,
Vaxta zamana bölünür.
Biri yanımdan tələsik ötüb keçir
Məni
unut - deyir,
Biri yaddaşımı qanadır,
Məni sev, mənə qayıt deyir.
Özümü, özümdə itirirəm
onda,
Tapıram onda,
Ömür darıxanda.
2020
Haqq sözümdən yıxıldım
Çox
gördüm dünyanın
dərdi-sərini,
Abad illərini, bəd illərini...
İblisin qurduğu fitnə-felini,
Görə-görə öz gözümdən yıxıldım.
Dünyanın neçə rəng
göz üzü varmış,
Bir yanı
gül-çiçək, bir yanı qarmış.
Düz yolda da eniş-yoxuş
olarmış,
İnadıma, öz dizimdən yıxıldım.
Məndən keçən vaxt
da üzümə durdu,
Həsrət gözlərimi yorduqca-yordu.
Dözümüm dözümdən uca
dağ qurdu,
Ruhumdakı bu dözümdən yıxıldım.
Şəhid düşən yerə
sürtdüm üzümü,
Ağ mələklər
tutdu göyün üzünü.
Bu günahla dara çəkdim özümü,
Günahımın mən özündən yıxıldım.
Sevgimi, eşqimi Tanrıya verdim,
Düzlüyü yolumda bir çıraq bildim
Nəyi
demişəmsə haqqına
dedim,
Deyə-deyə haqq Sözümdən yıxıldım.
Fevral
2022
***
Sıxır məni üstümə
gələn bu divarlar
bu ev, bu otaq,
Sıxır məni nə vaxtdan
boş qalan bu çarpayı yeri,
Ayaqlarımın döyəclədiyi döşəmə,
Gecələr fikrimin sığınacaq
yeri tavan,
Bir ömür qətlə yetirdiyim vaxt-zaman
Otağımda qu desən - qulaq tutulur,
Sükutun ağır xofun
qapıdan qovuram,
Pəncərədən soxulur.
Nə qədər susaq,
Lal-kar, üz-üzə
duraq?
Qaçmaq istəyirəm bu
ömürdən,
Hara, necə özüm də bilmirəm
Dururam, ləngiyirəm
nədən?
Ayrıla bilmirəm sizlərdən.
Məvacibimə qənaət eləyib
aldığım,
Mehrimi saldığım əşyalarım,
Ömrün bir gününü,
bir anını xatırladan geyimlərim,
Kağızım, qələmim,
Gecələr yuxusuz qoyan şeirlərim,
Gündə beş dəfə mənə namaza səsləyən
Zəngli
saatım,
Daha nələrim, nələrim...
Məndən sonra çox susacaqsınız,
Yoxluğumdan, evimin
soyuqluğundan baxacaqsınız,
Suallara cavabsız
qalacaqsınız.
Yanvar
2022
Səni gətirmir
Həyat
yoldaşımın anım
günündə
Bir ömür yaşadıq nəfəs-nəfəsə,
Nə az, nə
azacıq əlli bahar, qış.
Sənin
daş ömrünə,
şəkil ömrünə
Gözlərim kənardan seyirçi olmuş.
Gecəmin gözlərin yuxusuz
qoyub,
Bir-bir varaqladım
ötən günləri.
Ahının tüstüsü çıxdı
başımdan,
Göynədi qəlbimin xatirə yeri.
Yadındamı: bir vaxt sən qara saçlı,
Mən uzun hörüklü havalı
bir qız.
Sahili tutardı gülüşlərimiz,
Elə bil dünyada biz vardıq, yalnız.
Küsüb, barışardıq yağışda-qarda,
Dəniz alqışlardı bu sevgimizi.
Ləpələr yuyardı, umu küsünü
qorxutmazdı payız,
nə də qış bizi.
Payızın gəlişin sevmirəm
daha,
Billəm, Sən həsrəti gətirəcəkdi.
Dolub dumanına dolub çəninə,
Payız gözlərimdən hönkürəcəkdi.
Sənli
sevincimi apardı payız,
Bəs nədən
yolunu gözləyirəm
mən?
Sinəmin altında bir ocaq çatıb,
Hər gün ürəyimi közləyirəm
mən?
Nədəndi, hər payız
noyabr ayı,
Yandan səssiz
keçir, heç məni görmür?
Düşürəm ümidin ayaqlarına,
Qaytarıb bircə gün səni gətirmir?
Noyabr
2021
Şövkət Zərin HOROVLU
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.23.