Salam, xoş gəlmisən,

əllinci yaşım!

 

Salam, xoş gəlmisən, əllinci yaşım!

Qapım qəlbim kimi üzünə açıq.

Çörək dükanıdı duyğum, biləsən,

Yüzünə bağlıdı, yüzünə açıq...

 

Ruhum həminkidi, şəklim həminki,

Əlli tufan keçib aradan, şükür!

Əlli açar düşüb əlimdən, əlli,

Əlli qapı açıb Yaradan, şükür!

 

Saatım lal durub tək əqrəb üstə,

Kölgəm sapand ilə vuracaq yeri.

Keşkə gur işıqlı bir otaq ola,

Ömrümün əllinci duracaq yeri.

 

Mən Nuh əyyamından qalan adamam,

Olana, keçənə bəlli yaşım var.

Aradan qədər vaxt ötüb axı?!

O qız da inanmır əlli yaşım var.

 

Hicran yanğı verir könül tarında, -

Qəmin sızıltısı, bax, tara qalıb.

Mən adam olandan elə gündəyəm,

Xoşbəxtlik axtara-axtara qalıb.

 

Əllinci qapının ağzında durub

Kədərlə baxıram geriyə, boş ver.

... vaxt bu arzular tumurcuq aça,

vaxt bu duyğular yeriyə... boş ver.

 

Eh, ömür anıdı hər ötən adam,

Adam köçüb gedir, məbədi qalmır.

Hərə bir daş atır bir arzu üçün,

Heç kim bu dünyada əbədi qalmır.

 

Bir şəkil çəkmişdim otuz il əvvəl,

O da tək şeytanın xoşuna gəlib.

Mən uşaq olanda anam dedi ki, -

Bu tifil həyata boşuna gəlib...

 

Həyat yadlar yeyən tikədi, məncə,

Dünən bağladığım sapı açacam...

Neçə mərtəbədi ömür sarayım?

Mən hələ qədər qapı açacam?!

 

Sən mənim min illik ömür yolumsan,

Hərəyə bir ovuc daş alıb gedək.

Adama quruca xatirə qalır,

Gəl, girək qol-qola, baş alıb gedək.

 

Ömür fit verməyən qatar kimidi,

Əcəl son məqamda gözünə dəyir.

Allaha daş atdım, kimsə demədi:

- Allaha atılan özünə dəyir.

 

Atamın ən qorxaq uşağı idim,

Mən yoxda görmüşdüm varın bəhrəsin.

...Mənim bağımda iki ağac var, -

De ki, Tanrı versin barın-bəhrəsin!

 

İndi əvvəlkitək yuxudu hər şey,

Şeytan qoymadı ki, mətin görünəm.

Əvvəl idimsə, indi oyam, -

Mən başqa görkəmdə çətin görünəm.

 

Çarmıx acısı var içimdə hələ,

Ruhum neçə gündü duru görünür.

Çoxdan tamarzıyam balta səsinə,

Edam kötükləri quru görünür.

 

Salam, xoş gəlmisən əllinci yaşım,

Alıb qurtarıblar qadamı, yoxdu.

Qapım qəlbim kimi üzünə açıq,

Gəl ki, deməsinlər adamı yoxdu.

 

***

 

Həyat bir doyumluq un torbasımı,

On-on beş manata alalar onu?!

Adam tabut deyil, günaha büküb

Tez-tez çiyinlərdən salalar onu...

 

Sən çox soyuqsan elçi daşıtək,

Elə şişirdirsən yalanı, elə...

Bir Allah bilir ki, necə söyürəm

Ortaya ayrılıq salanı, elə.

 

Gözünün içində baxışlar saxta,

Bircə himə bəndəm həmən aldanım.

Bizim aramızda qəlb yoxluğu var,

sən məni aldat, mən aldanım.

 

Özümə həsr edirəm

 

Rəssam, şəklimi çək borca,

Ürəklə çək, ancaq olduğum kimi çək.

Mənə - bir az çəpəki otur,

Bir az belə dur, - deməyə lüzum yox -

Hardan baxsan, eyni adamam.

Fağır olduğum üzümdən bəllidi zatən.

İçimdəki "mən"i çəkəndə ürəyinə daş bas...

Duyğularımı çəkəndə rəngi bol elə.

Elə çək ki, xəyal qatarımın relsləri görünsün.

Elə çək, baxan bilsin bu adam

neçə dəfə balalarının qarşısında utanıb,

Neçə dəfə özünü asmaq istəyib

Qapılarındakı yoxluq ağacından.

Neçə dəfə özünü daşlayıb,

Neçə dəfə taleyini yenidən başlayıb...

Rəssam, şəklimi çək borca,

Ürəklə çək ancaq, olduğum kimi çək.

Qoy Allah görsün əlli yaşlı bu adam kimdi.

Qoy bilsin, sən bu şəkli niyə çəkdin...

 

***

 

Ta uşaq deyiləm

boyat nağıl danışıb,

sonra da deyəsən ki, indi

göydən üç alma düşəcək...

Əlli ildi alma düşür, ruzi.

Can da əvvəlki deyil, dözə.

İçimdəki soyuqda

neçə arzu donur hər gün.

Qışın öz üşütmək tərzi var.

Bayırda titrəyən sərçə balasının

gözündəki aclıq qorxusu

adama köhnə illəri xatırladır.

Soyuq bir az da artsa,

Zavallı quş Afrika çöllərindəki

ac zənci balası kimi olacaq.

Rəhm et, Pərvərdigara!

Adamlar bir-birinə qış qədər soyuq.

İsit bu ac quşcuğazı!

 

***

 

Təsbehə öyrəşib əlim eləcə,

Hansı kəramət var pirdə, mən bilim.

Sənin bilməyinə ehtiyac var,

Qoy bir Allah bilsin, bir mən bilim.

 

O qız da günahdan uşağa qalıb,

Yenə kim öyrətdi harama onu?

Kövrək xatirələr adam üşüdür,

Gecdi, məlhəm elə yarama onu.

 

Nədən bu öpüşdə əppək dadı yox?

Söylə, kim alacaq qadamı indi?

Əgər şanı yoxsa, qüvvəsi heçdi,

Adamla sayırlar adamı indi.

 

abid deyiləm, din adamı,

Təsbehə öyrəşib əlim eləcə.

Həvəsin olanda işığı söndür,

Hərdən küçənizə gəlim eləcə.

 

***

 

Sabah-sabah belə baxma üzümə,

Baxışımı lal etmişəm imanda.

Yaşım keçib, day əvvəlki deyiləm,

Həyat gəmim lövbər salıb limanda.

 

Çox da Həccə getməmişəm hələ ...

Sən Tanrı eşqi ilə yu canı.

Neçə rəhmət qazanmışam əməllə,

Min günahdan qorumuşam bu canı.

 

Çəkil ömrün bir küncünə, dua et,

Şeytan qarğış eləyirsə, sənə ?

Sanma, haqdan qopacaqsan, susacam,

Deyəcəm ki, özü bilər, mənə ...

 

***

 

Yenə küyə düşüb ağaclar bir-bir,

Qapımın ağzında xəzan səsi var.

Köhnə minarədən bir kölgə baxır,

Bir az aralıda azan səsi var.

 

...Toruna düşəndən, ağzımda dad yox,

Bəlkə gözlərimi qəmindən çəkim?!

Yaman islatmısan bu quru canı,

Bir az yaxın otur, nəmindən çəkim.

 

Özün bilirsən, dəlinəm, ay qız,

Barı, bilə-bilə zülüm eləmə.

Necə getmisənsə, elə qayıtma,

O da günah olar, gülüm, eləmə.

 

Qoy hələ yanından salamsız ötüm,

Sən kimsən, nəçisən, Xudaya bilmir.

Gör, neçə ildi ki, bu qoca adam

Ömür ağacını budaya bilmir.

 

Adəm daşa tutar, üz vurma, gecdir,

Götür o günahı, ver, şeytanındır.

Sən axtarırsan, adam balası,

İndi göy Allahın, yer şeytanındır...

 

Yuxuda yazdığım şeir

 

Vətən ana kimidi; həyası sudan duru,

Sevib-oxşayanı çox, dayağı isə birdi...

Uğrunda can verənlər əbədi ölməz oldu...

...Qarşıdakı küçədə şivən qopdu qəfildən,

Gözlərini açanda qız gördü atasının

Ayaqqabısı iki, ayağı isə birdi.

Ağlamaq istəmədi, göz yaşı dondu sanki,

Balaca əllərilə dua etdi Allaha.

...O qız şəhid qızıtək düşdü dilə-ağıza,

"Vətən" yazdı hər dəfə bir parça kağıza...

 

Hikmət MƏLİKZADƏ

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.27.