Suyun yaddaşındakı Söz
"Dünya şeirindən incilər"
Babullaoğlunun benefisindən təəssüratlar
Bəzən
insan zamanında eşitmədiyi sözləri
çox-çox sonralar eşidir; anidən, gözlənilmədən...
Və diksinir. Bu qədər
aydın fikri mən necə olub ki, eşitməmişəm?!
Düşünürəm ki, fikri, mənanı
da məhz eşitmək və görmək gərəkdir.
Elə sözlər var ki, onları təkcə qulaqla
eşitmək mümkün deyil...
Poeziya gerçəkliyi dolayı yolla dərk etmək
vasitəsidir.
Bu, metafiziki bir macəradır. İnsan sanki öz içini və içindəki
dünyanı çölə çevirir. Bu alternativ dünyadan süzülüb gələn
hava axını şairin poetik nəfəsini tənzimləyir.
Təbiət hadisələrinin də sözlərə
müəyyən mənada təsiri olur. Sübh tezdən
bu yazını yazmağa başlayanda illərin
uzaqlığında qalmış Bakı
"Kapellhaus"undakı o həzin axşamı
xatırladım. Yaddaşım məni
yanıltmırsa, ondan əvvəlki ildə İçərişəhərin
qədim qala divarlarına sığınmış bir məkanda
"On" kitabının təqdimatı və şeir gecəsi
yaşanmışdı. Əlbəttə,
poeziya axşamları mənəvi hadisədir. Mən hər
dəfə dəyərli şair dostum Səlim Babullaoğlunun poetik performanslarında
şeirin sərhədlərini genişləndirmək,
xüsusən Azərbaycan poeziyasının dünya oxucusu
üçün əlçatan olmasını təmin etmək
cəhdlərini hiss edirəm. Onun bu istiqamətdə
fəaliyyəti, doğrudan da, ölçüyəgəlməzdir.
Qayıdaq şeir axşamlarına.
Səliqə-sahmanlı arxivimdə həmin poeziya
axşamlarının "Press relizlə"ləri qalır. Onlara da ötəri göz
gəzdirdim və düşündüm ki, söz
adamlarının (təkcə söz adamlarının deyil)
mütəmadi olaraq bu qəbil görüşlərə
çox böyük ehtiyacı var. Bu ehtiyac gündəlik həyatın
yeknəsəqliyində unudula, arxa plana keçə bilər,
amma ara-sıra insanı diksindirmək, öz içinə
boylanmağa vadar etmək, onu ruhuna sərinlik gətirən,
duyğularına dərinlik aşılayan musiqilərlə,
şeirlərlə baş-başa buraxmaq vacibdir.
Amerika
modernist şeirinin yaradıcılarından olan Ezra Paund
"Keçmişə baxış və edilməməli bəzi
şeylər" adlı məşhur essesində şairlərə
xitabən yazır: "Sizin peşənizin bəzi mərhələləri
sırf musiqi sənəti ilə üst-üstə
düşür. Poeziyanı da, musiqini də
eyni qanunlar idarə edir və siz başqa heç bir qanuna tabe
deyilsiniz".
Bu, doğru fikirdir ki, klassiklər hər gələn nəsillə
yenidən doğulur. Məğriblə Məşriqi birləşdirən
ortaq dəyərlər poetik mətnlərdə necə
iç-içə, bağrıbadaş olur? Bu prosesə əyani şahidlik etmək
üçün Səlim Babullaoğlu yazın ilk günlərində
bütün poeziya aşiqlərini bir məkana - Beynəlxaq
Muğam Mərkəzinə toplamışdı. "Dünya şeirindən incilər" adlı
proqramın başlığında Dünya Şeir
Günü ilə Dünya Su Resursları Gününün
(21 mart-22 mart) xüsusi olaraq xatırlanması da təsadüfi
deyildi. Martın 21-i Novruz bayramı, YUNESKO
təqviminə görə Dünya Şeir Günüdür.
22 Mart isə Dünya Su Ehtiyatları
Günüdür. Sözlə su həm də
o mənada qohumdur ki, heç biri çirkab
götürmür. Şeirin ucalığında əbədi
qərar tutmuş Nizami Gəncəvi bu dəyişməz həqiqəti
bircə misra ilə Sözün yaddaşına əbədi həkk
edib:
"Sözün
də su kimi lətafəti var..."
Su həyat mənbəyi olduğu kimi, sözsüz də
həyat yoxdur.
Müqəddəs kitablarda da belə deyilir: "Əvvəl
Söz vardı...".
Suyun hansısa xassəsinin sözə yansıması da
İlahi qanunauyğunluqdur. Bu Poeziya Gecəsinin də devizi məhz
belə seçilmişdi: "Sözün də su kimi lətafəti
var".
Mən və həyat yoldaşım İlhamə
xanım Poeziya Gecəsinin qonaqları sırasındayıq. Tədbir boyu
təəssüratlarımızı bir-birimizlə
bölüşürdük. Bu haqda bir qədər
sonra...
Azərbaycan
Yazıçılar Birliyi bütün bu bayramların
qovuşağında "Sözün də su kimi lətafəti
var" devizi ilə "Dünya Şeirindən İncilər"
adlı Poeziya Gecəsi Səlim Babullaoğlunun orijinal
şeirləri və dünya şairlərindən etdiyi poetik
tərcümələrdən ibarət "poetik
benefisini" keçirdi. Beynəlxalq Muğam Mərkəzində
təşkil edilən tədbirdə AYB-nin tərəfdaşları
"Azərsu" ASC, Azərbaycan Dövlət
Televiziyası, Beynəlxalq Muğam Mərkəzi və AYAR TV
oldu. Səlim Babullaoğlunun qiraətini
istedadlı pianoçu Fəqan Əliyevin fortepianoda
ifasında Avropa və Azərbaycan bəstəkarlarının
klassik və modern musiqi əsərləri müşayiət
edirdi. İstedadlı bəstəkar Tahir
İbişovun seçdiyi musiqilər də tədbirin
ümumi ruhuna və estetikasına tam uyğun idi. Tədbirin aparıcısı tanınmış
teleaparıcı Ceyhun Əli idi. Tədbirin girişində
Azərbaycan Yazıçılar Birliyi adından Xalq
yazıçıları Anar və Çingiz Abdullayev "ədəbi
prosesə verdiyi töhfələrinə görə"
diplomunu bir neçə quruma, həmçinin bu tədbirin dəstəkçilərindən
biri kimi AYAR TV-yə də təqdim elədi. Digər
diplomçular sırasında "Azərsu" ASC, Azərbaycan
Dövlət Televiziyası və Beynəlxalq Muğam Mərkəzi
də vardı.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxışında ədəbiyyatımızın
klassiklərini - Cəfər Cabbarlını, Səməd
Vurğunu, Mehdi Hüseyni və İsmayıl
Şıxlını yada salaraq onların baharın ilk günlərində,
martın 22-də dünyaya gəldiyini xüsusi
vurğuladı. Tədbirin
iştirakçılarına şeir kimi gözəl və mənalı
ömür arzulayan Xalq yazıçımız tədbirin təşkilatçılarına
Yazıçılar Birliyi adından təşəkkürünü
bildirdi.
Xalq
yazıçısı Çingiz Abdullayev
çıxışında keçmişə qısa ekskurs
etməklə unudulmaz Xalq şairləri Xəlil Rza Ulutürk
və Vaqif Səmədoğlu arasındakı
yumor çaları daşıyan əhvalatı
danışmaqla olsun ki, bu poeziya gecəsinin
proqramındakı yığcamlığa və bu lakonikliyə
rəğmən özündə söz və musiqilərin
coğrafi ərazisinin genişliyini ehtiva etməsini təqdir
etmiş oldu.
Səlim
Babullaoğlu çıxışında dünya
poeziyasının incilərini yaratmış Mayakovskinin, Sergey
Yeseninin, Marina Svetayevanın, Pasternakın, İosif Brodskinin,
Nazim Hikmətin, Tomas Eliotun, Çeslav Miloşun və digər
söz ustadlarının mühacirət, intihar və digər
faciəvi sonluqlarla bitən həyatları və bu dramatik məqamların
doğurduğu əbədi suallar haqda danışdı. Dünya şairlərinin cəlayi-vətən
olmasının əsl günahkarları kimlər idi? Niyə? Səbəb nə idi?
Səlim Babullaoğlu ustad Herman Hessedən sitat gətirir:
"Bu
gözəl dünya dınqıltı əvəzinə
musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə
mənəvi aləm, hay-küy əvəzinə əsl
iş, yalançı inilti-sızıltı əvəzinə
əsl iztirab istəyən adamlar üçün heç
vaxt həqiqi vətən ola bilməz!".
Və
öz əlavəsiylə çıxışını
bitirir:
Bəlkə səbəb elə burda idi? Hər halda,
biz bu sualların cavabını adlarını çəkdiyim
böyük şairlərin mətnlərində bir daha hiss edəcəyik.
Frans
Şubertin "Serenada"sı səslənir... Melodiya ağrıların və iztirabların tarixçəsini
danışır.
XX əsr
polyak poeziyasının görkəmli nümayəndəsi
Zbiqnev Herbertin "Mühasirədəki şəhərdən
hesabat" şeiri...
Qəbirlər
artdıqca azalır dönməz əsgərlər,
amma
müdafiə sınmayıb biz sonadək duracağıq.
İşdi
Şəhər əldən gedərsə, qalarsa bir nəfər,
O,
özüylə daşıyar Şəhəri qürbətin
dolanbacında
demək
ki, o özü Şəhər olacaq.
Bu tədbirdə şeirləri səslənən
böyük şairlərin hər biri qürbət
dolanbaclarında yeriyən Şəhər kimi ömür
sürdülər. Yaddaşımda Səlimin "Dostuma cavab məktubu"
şeirindən aşağıdakı misralar şimşək
kimi çaxır:
Vətən
şərtiliyin ən gözəli -
taleyinə qürbət yazılanların yanında
deməyin bu sözü.
Biz - fəna
fasiləsinə çıxmış fanilər
üçün dünya əlbəttə ki, bir qürbətdir.
Odenin "Qaçqın blüzü"
şeiri də insanın insanı bu müvəqqəti
dünyadan sürgün etmək cəhdinin sözlə
çəkilmiş rəsmidir. Bəlkə də
şairin işi elə bu acı və dəyişməz həqiqətləri
tarixin və zamanın dərinliklərindən tapıb üzə
çıxarmaqdır...
Dünya musiqisi ilə rus musiqisi arasında körpü
yaratmış dahi bəstəkar Pyotr Çaykovskinin
"İlin fəsilləri. Oktyabr" əsəri... Musiqi qarşımızda yazdan payıza bir
körpü atır.
Orxan Vəlinin "Sizin üçün" şeiri
dünyamızda "hər şey insan
üçündür" həqiqətini
pıçıldayır. Bu postulat bütün
yaxşı şeylər üçün keçərlidir.
Boğazda əbədi heykələ
dönmüş Orxan Vəli sanki dünyaya bu sözləri
demək üçün gəlmişdi.
Debüssinin
"Ay işığı" səslənəndə
İlhamə xanım qulağıma
pıçıldayır: "Ay sanki ləpələrlə
danışır...".
Şeirləri
dünya poeziyasının kriteriləriylə səsləşən
unudulmaz Aydın Əfəndinin "Nəğmə"si də
səsləndi o gün... Onun arzuladığı cənnət
sanki xəyalların, arzuların ötəsindədir... Bu arzuların mümkünsüzlüyünü
düşünəndə insanı dərin sarsıntı
hissi bürüyür. Səlim Babullaoğlu Aydın
haqqında təqdimat yazısında onu stixiyası etibarilə
"Şər çiçəkləri"ni
yazmış Şar Bodlerə bənzədir və əlavə
edir:
"Aydın
"mən"i olan poeziya(sı)nın və elə
yaşantılarının da sərhədinə gəlib
çatmışdı, dalana dirənmişdi - keçə
bilsəydi, başqa ruhi müstəviyə qədəm
qoyacaqdı. Yəni və yəqin, başqa
cür də yazacaqdı. Olmadı".
Bir haşiyə çıxım. İkimininci
illərin əvvəllərində Həmid Herisçi mənə
Aydının ölümündən sonra rus dilində
çapdan çıxmış "Otsutstviye"
kitabını bağışlamışdı. O
kitabdakı "Özünə bir ada yarat" şeirindən
içimi tiftikləyən misralar əbədi yaddaşıma
hopub:
Сотвори себе остров,
Укрепись в одиночестве.
Səlim həmin şeiri də tərcümə edib, mən qəsdən yadımda rusca qalmış variantı sitat gətirirəm. Aydının uğursuz taleyini, məncə, bu misralar daha dəqiq göstərir. Tək yaşadığım illərdə bu iki misra həmişə mənimlə oldu. Onu yapışqanlı kağıza yazıb yaşadığım evlərin divarına yapışdırırdım.
Təbii, benefisin sonunda Səlim Babullaoğlu öz şeirlərini də oxudu. Özünəməxsus intonasiya ilə... Və bu intonasiya elə o şeirlərlə birgə doğulub. Mən onun şeirlərini oxuyanda da özünün qiraətini eşidirəm və o şeirlərdə ifadəsini tapmış mətləbləri görməyə çalışıram.
Şeir günündə, Poeziya Gecəsində mənəvi dünyamız bir az işıqlandı, düşüncəmiz su kimi bir az da duruldu. Əlbəttə, könül istərdi ki, belə işıqlı Şeir gecələrimiz daha çox olsun. Bu qəbil gecələrimiz çox olduqca gündüzlərimiz daha işıqlı olacaq.
Beynəlxalq
Muğam Mərkəzindən çıxanda təkcə səmada
deyil, içimizdə də bir
Günəş vardı. Bu təəssüratlar
uzun müddət yaddaşlardan silinməyəcək. Amma biz gərək
tez-tez yaddaşımızı təzələyək!..
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.26.