Arte
Hekayə
Sərin
dağ məltəmi başımız üzərində
çətir təki açılmış tənha alma
ağacının yarpaqlarını qıdıqlayıb dilləndirirdi.
Payız ağzı seyrəlmiş yarpaqlarda rənglər
qovuşub qəribə bir çalara çalır və
ağaca bu rənglərdən hansının çox
yaraşdığını anışdırmaq olmurdu.
Barı-bəhəri çoxdan sovulsa da, şax budaqda
qırmızıya çalan bir cüt çatal alma
qalmışdı.
Müsahibim
başını qaldırıb, mən baxan səmtə
baxdı. Nəsə bir sirr açırmış kimi səsini
qısıb dedi:
- O bir
cüt alma hər il qışın ortalarınacan beləcə
qalır. Birgə yetişdikləri təki birgə də
qopub düşürlər. Təbiətin qəribəlikləri
o qədərdi ki...
Barıdan
boylanan oğlanın səsinə sözü
yarımçıq qaldı. Uşaq gürcücə
danışırdı:
- Deida
Arte!..*
Qadın
da gürcü dilində cavab verdi. Nə
deyib-danışdığını mənə də anlatdı.
Dedi qonşumdu, anasının ad günüdür, axşama
hazırlıq görmək lazımdı. Bir ailə kimiyik,
bir-birimizə əl tutur, mehriban yaşayırıq. Allah bu
mehribanlığı bizə çox görməsin.
Onun
söylədiklərini diqqətlə dinləsəm də, mənə
müəmmalı qalan bir suala cavab axtarırdım.
Hövsələmi
boğmayıb soruşdum:
-
Maraqlı adınız var - Arte. Bu nə addır belə?
Çöhrəsinə
narın təbəssüm qondu. Dedi bilirdim ki, bu sualı verəcəksiniz.
- Yunan
adıdır, Artemida, - açıqladı. - Buranın
camaatının dilinə belə yatır, məni Arte
çağırırlar. Qulağım alışıb və
adamların məni bu sayaq çağırmasından
özümün də xoşu gəlir.
Fikrə
daldı, gözlərinin dərinliklərindəki nisgili
aydın sezmək olurdu. Ala gözləri, nazik dodaqları və
sivri burnu onun yunan əsilli olduğunu büruzə verirdi,
sanki əsatirlərdən çıxıb gəlmişdi.
Tələbəlikdə
antik dövr ədəbiyyatından öyrəndiklərim, qədim
yunan əsatirlərindəki adlar yaddaşımda canlandı:
gözəllik və məhəbbət İlahəsi Afrodita,
haqq-ədalət simvolu Femida, güc-hünər İlahəsi
Artemida... Bu adlar yalnız əsatirlərdə yaşamır.
Yunanlar indi də övladlarına o ilahələrin,
tanrıların adlarını verirlər...
Xoşqılıq,
ünsiyyətcil olduğundan söhbətimiz tuturdu. Ona
Artemida deyib müraciət edəndə, görürdüm ki,
ani bir çaşqınlıq keçirir, çoxdan bəri
eşitmədiyindən elə bil öz adına yadırğamışdı.
- Qırx
ildən artıqdır buradayam, amma qəribçiliyin nə
olduğunu bilməmişəm, - dedi. - Azərbaycanlı
qonşularım da var, gürcü qonşularım da.
Gürcü dilini burada öyrənmişəm. Mehriban
dolanırıq. Naxoşlayanda qonşular tökülüb gəlir:
kimi zoğal mürəbbəsi gətirir, kimi müalicəvi
otlar, kimi dava-dərman. Məni tək qoymurlar.
Çalışıram onların borcundan çıxam, amma
neyləsəm, yenə azdır.
Öyrəndim
ki, Artemidanın ata-anası və qardaşları
Yunanıstanda yaşayırlar. Dedi onların yanına gedəndə
çox qala bilmir, darıxır buralardan ötrü, rəfiqələrindən,
qonşularından yana.
Nəsə
xatırlayıb, sözünün gerisini gətirmədi.
- Bu həftə
anamgillə danışmamışam, - dedi. - Zəng vurmayanda
nigaran qalırlar. Çox yaşlıdılar, - dedi. Məndən
üzr istəyib, telefonu götürdü, nömrə
yığdı.
Anasıyla
türk dilində danışması marağımı birə-beş
artırdı.
-
Kızım, nasılsın? - telefondan zəif, titrək səs
eşidildi.
-
İyiyim! Sən nasılsın? Babam nasıl?
-
İyiyiz!
-
Mişek geldi?
- Yok!
Yarın gelir, inşallah.
- İyi
günler, anam, kendinə iyi bak!
- İyi günler,
kızım!
Artemida
telefonu bağlayıb bir anlığa susdu. Onu
qapıldığı hisslərdən ayırmaq istəmədiyimdən
mən də danışmadım. Elə bildim sükut
çözələnib saatlarla uzandı.
Xəyaldan
ayrılıb dilləndi:
- Xristian
olsaq da, dilimiz türk dilidir. Gürcüstanda bir neçə
yunan kəndi vardı. Mən Qaraqum kəndində doğulub
böyümüşəm. Yunan əsilli olsaq da,
toylarımız, şənliklərimiz türk, Azərbaycan
musiqisiylə keçirdi. Atam məktəb direktoruydu, bazar
günü Bakı radiosunda muğamata qulaq asmasaydı, evdən
çıxmazdı.
Müsahibim
danışdıqca xatirələrin kövrək
qanadlarında öz keçmişinə, gənclik illərinə
qayıdırdı. Həvəslə, şirin
danışırdı. Kiçik yaşlarından Azərbaycan
musiqisinin vurğunu olub. Məktəbin bədii özfəaliyyət
dərnəyində iştirak edib, konsertlərdə yunan
mahnılarıyla yanaşı, Azərbaycan
mahnılarını da oxuyub. Dedi o mahnıların, nəğmələrin
sədasıyla böyüyüb... Maraqlıdır ki, onun
sonrakı taleyinin səbəbkarı da musiqi olub.
- On
birinci sinifdə oxuyurduq, - xatırladı. - Bizi kolxoza tərəvəz
yığımına aparmışdılar. Orta məktəbi
bitirməyə lap az qalmışdı. Hər kəsin ürəyində
arzusu-diləyi vardı. Baxdıq ki, kəndin
qırağıyla qaraçı köçü gedir.
Qızlarla qoşulub köçün qabağına
qaçdıq. Qaraçı qadınlar bizə fal
açdılar. Saçları üzünə
tökülmüş, əcinnəyə oxşayan qarı əlimi
əlində saxlayıb bir xeyli zənn elədi. Astadan
pıçıldadı... Onun mənə dediklərini rəfiqələrimlə
bölüşmədim, elə onlar da öz fallarını
söyləmədilər, sirr saxladılar... Orta məktəbi
bitirib Tbilisidə stenoqrafiya texnikumuna qəbul oldum.
Böyük qardaşım təyyarəçiydi, Suxumidə
olurdu. Yay tətilində onlara qonaq getmişdim. O günləri
heç vaxt unutmuram. Sahil parkında oturmuşdum. Kiçik
radiom vardı, Bakıdan verilən konsertə qulaq
asırdım. Cavan bir oğlan mənə
yaxınlaşdı. Üzr istəyib, böyrümdə
oturdu. Mənimlə gürcü dilində danışdı.
Dedim mən gürcücə bilmirəm. Bu dəfə rusca
soruşdu ki, sən azərbaycanlısan? Dedim yox, yunanam, bizim
dilimiz eynidi, musiqimiz, adət-ənənələrimiz
yaxındı. Bunu biləndə o başladı mənimlə
azərbaycanca danışmağa. Dedi mən gürcüyəm,
amma Azərbaycandanam, bizim rayonda gürcülərin də məskunlaşdığı
kəndlər var... Beləcə,
tanışlığımız başladı. Üç ay
sonra isə evləndik. O da, mən də təhsilimizi
yarımçıq qoyub buraya gəldik. Qırx ildən
çoxdur burada yaşayıram. O vədə qaraçı
qarının söylədikləri çin
çıxmışdı. Mənə fal açanda
demişdi ki, əlinin cizgiləri uzundur, tale səni elindən-obandan
ayırıb, uzaqlara götürəcək, bərkə
çəkəcək... Bəzən belə sözlərə
adamın inanmağı gəlmir, amma baxırsan ki...
Qaraçının dediyi kimi çox çətinlik çəkdim,
ağır günlər gördüm, amma dözdüm.
Özüm özümə təsəlli verir, deyirdim,
Artemida, sən güc, hünər İlahəsinin
adını daşıyırsan, sən də güclü,
hünərlisən... Sanki mənə qüvvət gəlirdi.
Deyim ki, uşaq çağlarından özümü bu fikrə
alışdırmışdım ki, hünərliyəm.
Bizim məhəllənin oğlanları da məni belə
tanıyırdılar, hətta qonşu həyətin
uşaqlarıyla dava-dalaşa gedəndə məni də
özləriylə aparırdılar... Həyatdı da,
axır öz axarıyla... Yoldaşımı tez itirdim, iki
övladımı çətinliklə də olsa, tək
böyütdüm. Qızım Dağıstanda, oğlum isə
Ukraynada yaşayır, hər birinin öz ailəsi,
evi-eşiyi var...
Müsahibim
sözünə ara verib boşalmış stəkanlara
çay süzdü. Köksünü ötürdü. Dedi
dünyada ata-anadan, qardaş-bacıdan əziz nə ola bilər?
Di gəl ki, Yunanıstana gedəndə çox qalmıram.
Neyləyim, qala bilmirəm, əlimdə deyil. Azərbaycan
musiqisi yazılmış disklər aparıram, oradakılara ən
böyük hədiyyədir. Qohum-əqrəba,
dost-tanış yığışıb gəlir, oturub
birlikdə qulaq asırıq. Göz yaşlarını saxlaya
bilmirlər, bu musiqiynən böyüyüblər axı.
Oralara alışmayıb geri dönmək istəyənlər
də var. Amma hara dönsünlər, hara qayıtsınlar,
ev-eşikləri qalıb ki? Deyirlər, qəribçiliyin nə
olduğunu onu çəkən bilir. Yunan dilini bilmədikləri
də bir yandan çətinlik yaradır. Görürdüm
ki, gəlmə yunanların türkcə
danışmağına yerli adamlar nəsə
qısqanclıqla yanaşırlar. O insanları didərgin
salmasaydılar, doğma elini-obasını kim atıb gedərdi?
Müsahibimi
qapıldığı hisslərdən ayırmaq istəmədiyimdən,
söhbət qırılmasın deyə, kirimişcə qulaq
asırdım. Onun söylədiklərini elə bil həm də
gürürdüm, kino lenti kimi gözümün
qabağından ötürdü.
- Sovet
quruluşu yıxılandan sonra Gürcüstanda
qarışıqlıq yarandı, - sözünün gerisini
gətirdi. - Qatı millətçilər baş
qaldırdılar, dedilər ki, bəs Gürcüstan
yalnız gürcülərin vətənidir. O vaxt mən
Qaraqumdaydım, ata-anama dəyməyə gəlmişdim.
Qaraqumun qara günləri başladı. Bir yandan da svanlar
dağlardan enib kəndə basqın edir, camaatın
mal-qarasını, donuzlarını talayıb
aparırdılar. Əhalinin dincliyi yox idi. Belə çətin
vəziyyətdə Yunanıstan dövləti bizim camaata qucaq
açdı. Gürcüstandakı etnik yunanlar doğma
yer-yurdlarını tərk etməyə məcbur oldular. Neyləyə
bilərdilər, özgə yolları yox idi. Kəndlər
bir-bir boşaldı. Uzaqdan-uzağa Yunanıstan
çoxlarına, əsatirlərdən, nağıllardan
tanıdıqları cənnəti-məkan kimi
görünürdü.
Müsahibim
sözünə ara verib, soruşdu:
- Söhbətim
sizi yormur ki? Deyəsən, çox danışdım.
- Yox, mənə
maraqlıdır, - dedim. Səsim əsdi. Söhbətin
yarımçıq qalacağından ehtiyat edirdim.
-
Köç başlayanda gəlmişdim valideynlərimlə,
qohum-əqrəbayla xudahafizləşim. Uzun illər keçib,
amma o mənzərə indi də gözümün
qabağından getmir. Unuda bilmirəm. Kənddə
qarışıqlıq yaranmışdı. Hamını birdən
yola salmaq olmurdu. Tərəddüd edənlər də
vardı, deyirdilər yad yerdi, gedib orada neyləyəcəyik,
nə iş görəcəyik? Ayrılanda qucaqlaşıb
ağlaşdılar. Ata-anamla qucaqlaşıb ayrılanda anam
bayılıb özümdən getdi. Pis hala düşənlər
çox idi və yaxşı ki, təcili yardım
maşını orada növbə çəkirdi... Avtobus yola
düşəndə baxdılar ki, havalı Lukas yoxdu.
Qaçıb getmişdi evlərinə. O yaşda kişi
uşaq kimi çarpayının altında gizlənmişdi.
Getmək istəmirdi. Qardaşları onu zorla apardı. Həyətdən
bir torba ot yığmışdı ki, kəndin qoxusunu alar.
Lukas anadangəlmə dəli deyildi, sonradan havalanmış,
ağlını itirmişdi. 1953-cü ildə onu mədəsindən
əməliyyat edəndə on dörd yaşındaymış.
Cərrahiyyə əməliyyatı gedən vaxt qəfildən
hay düşüb ki, Stalin ölüb. Həkimlər, tibb
bacıları başlarını itirmiş halda,
ağlaya-ağlaya qaçıblar küçəyə, xəstəni
unudublar. Lukas narkozdan ayılıb özünü cərrahiyyə
stolunda qarnı yarılmış görüb sarsılır,
ağlını itirir. Sağalsa da, eləcə başdan
havalı qaldı. Dinc idi, xatakar deyildi. Kənddə onu işə-gücə
buyurur, qapılarda işlədirdilər. Beyninə nəsə
fikir düşmüşdü, qəbirqazan Atanasa
yalvarırdı ki, qapında işləyəcəm,
donuzlarına baxacam, biçənəyini biçəcəm,
mən öləndə qəbrimin üstünü
torpaqlamazsan... Bu sözləri niyə deyirdi, bilən yox idi.
Soruşmaq
istədiyim suallar çox olsa da, müsahibimin
sözünü kəsmək istəmirdim. Amma səbrimi
basmayıb, havalı Lukasın sonrakı taleyi ilə
maraqlandım.
- Saloniki
şəhərinin yaxınlığında Aleksandrovski
parkı var, - Artemida dedi. - Gəlmə yunanlar ora
yığışırlar. O parkda kəndçilərimizlə,
tanış-bilişlə görüşdüm,
keçmiş rəfiqlərimlə rastlaşdım.
Öpüşüb görüşdük. Ötən
günləri xatırladıq. Maraqlıdır ki, yeniyetmə
vaxtımızda qaraçıların fal açıb dediklərini
otuz ildən sonra vətəndən uzaqlarda, qəribçilikdə
bölüşdük. Rəfiqələrimin də falları
çin çıxıbmış.
Falçının söylədiyi kimi Anfiya iki dəfə
ailə qurub, İdofeyanın övladı olmayıb, sonsuz
qalıb. Nika isə adının mənasına yaraşan təki
xoşbəxt olub, amma qaraçı qadının dediyi kimi
üç övladı yox, bir oğlu və bir qızı
olub... Lukası da o parkda gördüm. Çox
qocalmışdı. Taxtadan düzəltdiyi saza bənzəyən
alətdə çalır, Azərbaycan mahnıları
oxuyurdu. Elə də yaxşı oxuyurdu ki... Yoldan keçənlər
də pul tökürdülər. Yaxınlaşıb məni
tanıyıb-tanımadığını soruşdum. Dedi niyə
tanımadım? Prokofkanın qızı deyilsənmi?
Əlimdən öpdü. Çoxları məni yada sala bilmədi,
amma o tanıdı. İkinci dəfə yolum Yunanıstana
düşəndə onu parkda görmədim, elə bil elə
adam yox imiş... Bizimkilərin qəribçilik çəkdiklərini
görürdüm, bunu özləri də deyir, gizlətmirdilər.
Atam danışırdı ki, Yunanıstan dövləti
düz beş ay köçkünlərə yaxşı
baxdı, tələbimizi-təminatımızı ödədi,
iş verdi... Nə qədər olsa da, oranın da öz
çətinlikləri vardı. Bahalıq idi, əhali
darlıq çəkirdi. Buradan gedənlər hələ də
oralara alışa bilmir, qaynayıb-qarışmırlar.
Adamları soyuqdu, istiqanlı deyillər. Küçədə-bayırda
biri yıxılsın, yaxın duran olmur. Qaraqumda elə
şeymi olardı? Hamı bir-birinin xeyirində-şərində
iştirak edir, bir-birinə can deyib, can eşidirdi. Bizim yerin
adamıynan oranın camaatının xasiyyəti uyuşmur...
Qardaşlarımdan ikisi Kiprdə, biri isə Krit adasında
yaşayır. Mən orada olanda Salonikiyə gəlirlər,
görüşürük. Azərbaycanı çox sevirlər.
Deyirəm indi gəlsəniz, bizim yerləri
tanımazsınız, evimizin yolunu tapa bilməzsiniz. Çox
dəyişib, tanımaq olmur... Televiziyada özləri
görürlər. Əsasən Azərbaycan, bir də
türk kanallarına baxırlar. Böyük qardaşım Azərbaycana
çox bağlıdı. Deyir, bacı, Bakı kanalında
konsertə baxıram, elə gözəldi ki...
Artemidanın
öz həyatı barədə söylədiklərini dinlədikcə,
məndə bir fikir də oyanırdı - bu sadə, mehriban
insanın taleyi, ömür yolu çox maraqlı bir hekayə
mövzusudur...
O əhvalatdan beş-altı il ötmüşdü. Yolum bu tərəflərə yenə payızda düşmüşdü. Dağların sinəsini örtmüş qalın meşəliklər yaşıl donunu dəyişmişdi, qırmızımtıla çalırdı. Günəş qüruba əyilmişdi. Günün bu vədəsində təbiətin özgə rəngi-ruhu olur, mənzərəsi gözoxşayır.
Nədənsə, Artemidanı xatırladım. Yazıçı marağı məni onun yaşadığı "Baş məhəllə" deyilən yerə gətirdi. Gözlərimə inanmadım, bir vaxt gördüyüm köhnə həyətdən əsər-əlamət qalmamışdı. Kirəmit çardağı çökmüş birmərtəbəli evin yerində dəblə tikilmiş üçqatlı bina ucalırdı. Güllü-çiçəkli həyətin ortasında çətir təki açılmış tənha alma ağacının seyrək yarpaqlarında rənglər qovuşub qəribə çalara çalırdı. Şax budaqda qalmış bir çüt qırmızımtıl çatal alma barı-bəhəri çoxdan sovulmuş ağacın talismanı idi sanki...
2022
Kamil
ƏFSƏROĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 9
aprel.- S.28-29.