Bir amazonkanın izi
ilə
Lətifə Orucun "Sirli
gedişlər" romanı ilə bağlı
düşüncələr
Lətifə Orucun "Sirli gedişlər" romanı
bir hüquq müdafiəçisinin, bir
qadın vəkilin ömür yoluna həsr olunub. Romanın qəhrəmanı
Leyla öz prinsipiallığı ilə
seçilən, məqsədi,
məramı aydın
bir gənc kimi qarşımıza çıxır. Əsərin
ilk sətirlərindən, müəllifin
onu yelləncəkdə
yellənərkən keçirdiyi
duyğular selində təqdim etdiyi andan qəhrəmanın ambisiyalı, daim irəliyə, zirvəyə
doğru yol alan bir
obraz olduğu hiss edilir. O, sadə və zəhmətkeş ailədə, əyalət
mühitində böyüsə
də, ətrafdakıların
fikrinə seçici yanaşmağı bacarır,
eşitdiyi hər sözü, iradı, xəbəri öz düşüncə süzgəcindən
keçirdikdən sonra
qərarını verir.
Romanda əsas
vurğulanan məqamlardan
biri də insanın yetişməsində
mühit, ailə amilinin həlledici olmasıdır. Evdar qadın Səriyyə
ilə təcili yardım sürücüsü
Oqtayın ocağında
halal nemətlərlə
böyüyən yeddi
qızın uğura və işığa doğru gedən yolunda bu ailənin
daşıdığı dəyərlərin
önəmi danılmazdır.
Özləri təhsil almayan
valideynlər bir çox cahillərin kəc baxdığı qız övladının
oxuması üçün
bacardıqları qədər
çalışır, vuruşurlar.
Leylanın arzusu yaşadığı
mühit üçün
imkansız bir arzudur. Sadə, zəhmətkeş ailədən çıxan
bir insanın, özəlliklə də qızın öz savadı ilə hüquq fakültəsinə
qəbul olmaq arzusu bir çoxlarında
istehza doğurur.
Beləliklə, Leyla və
ailəsi yalnız imkansızlıq, maddi çətinliklərlə deyil,
həm də ətrafdakı cahil, qız uşağını
artıq yük hesab edən mühitlə mübarizə
aparırlar. Bu mübarizənin, birliyin, ailə bağlarının
nəticəsində "həyatın
qüdrətli bir əl tərəfindən
sirli gedişləri"
olduğuna inanan Leyla öz zəhməti,
səbri və iradəsi ilə arzularına çatır.
Lakin bu arzuya çatmaq
yolun sonu deyil, başlanğıcıdır.
Leyla sadə bir arzu
yolçusu deyil, o, bir liderdir. O, yalnız özü uğurlar qazanmaqla kifayətlənmir, ətrafındakıları
- bacılarını, oğlunu,
qızını da daim zirvələrə səsləyir, onların yolunda bir məşələ
çevrilir.
Əsərdə hadisələr üç
zaman kəsiyində baş verir: 70-ci illər, 90-cı illər
və XXI əsrin əvvəlləri. Zaman dəyişir,
mühit dəyişir.
Dəyişməyən yalnız
Leylanın məramı
və missiyasıdır:
daim zirvəyə doğru yol almaq, özünə inanmaq, haqqın yanında olmaq və tutduğu düzgün yoldan əsla dönməmək.
Leyla öz ideallarına savaşlardan, təhlükələrdən
keçərək, məğlubolunmaz
bir amazonka kimi çatır. Həyat yolunun əvvəlində Qaya və bacısı Məsmə ilə rastlaşan, onların kamilliyinə heyran olan Leyla üçün
idealları, həyatda
seçdiyi yol daha da aydınlaşır
və o öz məqsədinə doğru
əvvəlkindən də
böyük inamla, həvəslə gedir. Həyat illər sonra onu yenidən Qaya ilə qarşılaşdırır.
Ömrünün son aylarını
yaşayan Qaya Leylanın timsalında öz yolundan dönməyən, daim zirvəyə can atan, düzlüyü, halallığı,
qanunların keşiyində
durmağı özünə
şərəf bilən
bir gənci, öz idealını görür.
Hüquq fakültəsinə daxil olub prokuror olmağı
arzu edən Leyla təhsilini başa vurduqdan sonra vəkil kimi fəaliyyət göstərmək qərarına
gəlir. Qanunun aliliyini qorumaq,
qanunun adından cinayətə cəza tətbiq etmək şərəflidir. Lakin bütün
yazılan və yazılmayan qanunlar məhz insan üçün, onun səadəti üçün,
onu qorumaq üçün nəzərdə
tutulub. İnsanı və onun bir parçası olduğu cəmiyyəti qanunu düzgün şərh etməyən,
qanunu qanunsuz gəlir yerinə çevirən, onun aliliyini ləkələyən
"insancıq"lardan qorumaq
daha vacibdir. Təmizlik, qürur və zəhmətin qələbəsinə
inanan Leyla öz həyat yolunda daim qanunun
aliliyini qoruyur, haqqı nahaqqın ayağına vermir. Həyat onu illər sonra həm soğan oğurlayan erməni tələbə,
həm də rüşvətlə onun
arzusunda olduğu hüquq fakültəsinə
asanlıqla qəbul olan Orxan Salmanzadə
ilə qarşılaşdırır.
Hər iki obraz gəncliklərində
tutduqları haram yolun yeni zamanda
daha dəhşətli
təmsilçisinə, şərin
böyük heykəlinə
çevrilib. Leyla haqq
üçün, qanun
üçün, öz
arzularını reallaşdırmaq
üçün daim insan cildinə girən şərlə savaşır, vuruşur, öz arzularına doğru yol alır. Nə maddi çətinliklər,
nə mənəvi əzablar, nə də ailəsinə və özünə yönələn təzyiqlər
onu ruhdan salmır.
Lətifə Oruc Leylanı yalnız daim haqlının yanında olan, savadlı bir vəkil kimi yox, bir
ana kimi də oxucuya sevdirir. O, ailə quranda
da möhkəm təməllər üzərində
qurur, varlını, vəzifəlini deyil, öz savadı, gücü ilə qalib gələni seçir. Oğlu Rüfətin şahmatçı
kimi parlaq qələbələrində bir
ana kimi də onun xidməti
əvəzsizdir. Vaxtilə ana-atasının
ona aşıladığı
ailə dəyərlərini,
elmi, təhsili, halallığı daim zirvədə görmək,
yorulmadan bu zirvəyə can atmaq kimi xüsusiyyətləri
Leyla öz ailəsinə də ötürərək yaşadır.
Əsərdə erməni hiyləsi, erməni xisləti də zaman-zaman Leylanın həyat yolunda rast gəldiyi
naqis məqamlardandır. Gəncliyində - 70-ci illərdə bu naqisliyi heyrətlə qarşılayan Leyla kamillik yaşında bu genetik düşmənçiliyin
mahiyyətini daha dərindən dərk edir, vətənin yaralarını öz yaraları kimi sarmağa, sağaltmağa
çalışır. Romanın azad olunmuş Şuşada Leylanın qonaqlıq mərasimi keçirməsi ilə yekunlaşması da simvolikdir. Ömrünü
halallıq, xalqa xidmət və düzgünlüklə yaşayan
bir insanın xalqımızın illərlə
həsrətində olduğu
Şuşada təşkil
etdiyi ziyafəti məhz şəhid övladının ad günündə
onun könlünü
almaq üçün
tərk etməsi, şəhid qızının
sevincini dəvət etdiyi bütün qonaqlardan və qonaqlıqlardan üstün
tutması yazıçının
yaratdığı qadın-ana-vəkil
obrazının ştrixlərini
dərinləşdirir, onu
oxucunun gözündə
bir daha ucaldır.
Maraqlı və orijinal quruluşa malik olan roman səkkiz fəsildən ibarətdir. Əsərin hər fəslinin əvvəlində
dəyərli fikirlər,
ibrətamiz kəlamlar
yer alır. Həmin fəslin xəbərçisi,
anonsu kimi çıxış edən
bu qısa, lakin dərin mənalı fikirlər fəslin mətnindən çıxarışlardır. Bununla yazıçı növbəti
fəsildə vurğulayacağı
məqamları qeyd etməklə yanaşı,
oxucuya aşılamaq istədiyi, unudulmaması gərəkən həqiqəti
təkrar-təkrar xatırladır.
Nədir
bu həqiqət?
Əsər boyu vurğulanan
əsas məqam cəmiyyətin qanunları,
hüquq müddəaları
və Allahın qoyduğu qaydaların vəhdətinin vacibliyidir.
Romanın gənclərə ötürmək
istədiyi əsas mesaj da məhz
budur: Yer üzündə məhz bu üçlüyün
- cəmiyyətin qanunları,
hüquq müddəaları
və Allahın qoyduğu qaydaların vəhdəti insanın xoşbəxtliyini təmin
edə bilər.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.29