Əfqan əsilli
amerikalı yazar Xalid Hüseyni: "Çərpələng
uçuran"
kitabının nəşri
həyatımı kökündən dəyişdi, amma həyat
yoldaşım, uşaqlarım,
böyük ailəm
və bütün köhnə dostlarımla bağlı
heç nə dəyişməyib”
Əfqan əsilli
amerikalı yazıçı və həkim Xalid Hüseyni 4
mart 1965-ci ildə Əfqanıstanın paytaxtı və ən
böyük şəhəri olan Kabildə doğulub. Uşaqlığının səkkiz
ilini Kabildə keçirib. Hüseyni o
dövrdə bacısı Rayanın qadın olduğuna
görə heç vaxt ayrı-seçkiliyə məruz qaldığını
xatırlamır. Uşaqlığında əmiuşaqları
ilə müntəzəm olaraq uçurtma uçurduğu
Kabil "böyüyən, çiçəklənən,
kosmopolit şəhər" kimi yadında qalıb. Hər iki valideyni Heratdan olub. Anası qızlar
liseyində fars dili və tarix müəllimi,
atası Nasir Kabildə Xarici İşlər Nazirliyində
diplomat olan yazar bir müddət İran və Fransada
yaşayıb. 1970-ci ildə atası Əfqanıstanın
Tehrandakı səfirliyində işə
başladığına görə ailəsi ilə birlikdə
İrana köçən Hüseyni 3 il
orada yaşayıb. 1973-cü ildə Hüseyninin ailəsi
Kabilə qayıdıb və beş
uşaqdan ən böyüyü olan Hüseyninin kiçik
qardaşı həmin ilin iyulunda dünyaya gəlib. 1976-cı ildə Hüseyninin 11 yaşı olanda
atası ailəsini də özüylə birlikdə
götürərək Fransaya köçür və Parisdə
işə başlayır. Hüseyni o illərdə
anasının da təsiri ilə ədəbiyyatla
maraqlanmağa başlayıb; "Min bir gecə
nağılları", "Tutinamə", "Şahnamə"ni oxuyub. Onlar Əfqanıstan Xalq Demokratik
Partiyasının hakimiyyəti ələ keçirməsi,
1978-ci ilin aprelində baş verən Saur İnqilabı səbəbindən
Əfqanıstana qayıda bilməyiblər. 1980-ci
ildə Sovet-Əfqan müharibəsi başlayandan qısa
müddət sonra, Hüseyni 15 yaşında olanda ailəsi
Amerika Birləşmiş Ştatlarından siyasi
sığınacaq istəyiblər və beləliklə
Şimali Kaliforniya ştatının San Xose şəhərinə
yerləşiblər. Bir müddət sonra
yazar ABŞ vətəndaşlığına qəbul edilib.
Hüseyni ABŞ-a köçəndə ingiliscə
danışa bilmirmiş. Müsahibələrinin
birində böyük "mədəniyyət şoku"
yaşadığını vurğulayıb. Hüseyni "Çərpələng
uçuran" (2003) əsərinin baş qəhrəmanı
kimi 2003-cü ilə, 38 yaşı olana qədər Əfqanıstana
qayıtmayıb.
Hüseyni 1984-cü ildə
San Xosedə Müstəqillik Liseyini bitirib. Santa Klara Universitetinə daxil olan yazar, 1988-ci ildə
Biologiya üzrə bakalavr dərəcəsi alaraq bioloq olur.
Növbəti il Kaliforniya Universitetinin San
Dieqo Tibb Fakültəsinə daxil olub, 1993-cü ildə tibb
elmləri doktoru dərəcəsini alıb. O, 1997-ci ildə
Los-Ancelesdəki Sedars-Sinai Tibb Mərkəzində daxili xəstəliklər
üzrə rezidenturanı başa vurub. "Çərpələng
uçuran" əsərinin çap olunmasından bir il yarım sonraya qədər on ildən
artıq tibblə məşğul olub, daha sonra bütün
gününü yazmağa həsr etmək üçün
tibb sahəsindən uzaqlaşıb.
Yazarın bütün
romanları böyük uğur qazanaraq müxtəlif
mükafatlara layiq görülüb. 2003-cü ildə nəşr edilən ilk romanı
"Çərpələng uçuran" "Nyu York Tayms Ən
Çox Satılan Əsərlər" siyahısında 101
həftə qalıb, üç həftə birinci yerdə qərarlaşıb.
Bu roman əsasında 2007-ci ildə
nümayiş etdirilən eyniadlı film çəkilib.
Roman bir çox dilə çevrilərək
70-dən çox ölkədə ən çox satılan
kitablar siyahısında yer alıb.
2007-ci ildə çap olunan ikinci
romanı "Min möhtəşəm günəş"
"Nyu York Tayms Ən Çox Satılan Əsərlər"
siyahısında 103 həftə, 2013-cü ildə
işıq üzü görən üçüncü
romanı "Və dağlardan səda gəldi" isə 33
həftə qalıb. Yazmaqla yanaşı,
qaçqınların müdafiəsi ilə məşğul
olan Hüseyni, BMT-nın dəstəyi ilə
Əfqanıstana qayıdan əfqan qaçqınlarına dəstək
olmaq üçün Xalid Hüseyni Fondunu yaradıb.
İlk romanıyla
qazandığı uğurlardan sonra səssiz qalan yazarın
dünya ədəbiyyatındakı yeri sonrakı iki romanla
daha möhkəmlənib. Mükafatlar da
gecikməyib, "Britaniya Kitab Mükafatları" daxil,
müxtəlif mükafatlara layiq görülən yazarın
"Çərpələng uçuran" romanı əsasında
isveçrəli rejissor Mark Forsterin çəkdiyi eyniadlı
film 30-a yaxın Film Festivalında iştirak edərək bir
neçə əsas mükafatı qazanıb. 65-ci
Qızıl Qlobus mükafatlarında "Xarici dildə ən
yaxşı film" və "Ən yaxşı orijinal
musiqi" mükafatlarını qazanıb. 2008-ci ildə ingiliscə olmayan "Ən
yaxşı film" mükafatına, 80-ci Akademiya
Mükafatlarında musiqisinə görə mükafata layiq
görülür.
Hüseyni hazırda Birləşmiş
Millətlər Təşkilatının Qaçqınlar
üzrə Ali Komissarlığında xoşməramlı səfir
kimi qaçqınlara kömək edir. İran əsilli amerikan olan Röya Hüseyni ilə
evlidir, onların Haris və Fərəh adlı iki
uşağı var. Ailə Şimali Kaliforniyada yaşayır.
Yazar fars və puştu dillərini mükəmməl
bilir və özünü dünyəvi müsəlman kimi təqdim
edir.
Xalid Hüseyninin "Çərpələng
uçuran" və "Min möhtəşəm günəş"
romanları mövzusunda müsahibəsini təqdim edirik.
- "Çərpələng
uçuran" milyonlarla oxucuya əfqan xalqının və
onların gündəlik həyatının əslində necə
olduğuna dair ilk real görüntü verməklə,
dünyanın Əfqanıstan haqqında təsəvvürünü
dəyişməyə kömək etdi. Yeni romanınız da kommunist inqilabından Sovet
işğalına, ABŞ-ın Talibana qarşı
apardığı mücadiləyə qədər
Əfqanıstan tarixində son otuz il ərzində
baş verən mühüm hadisələri əhatə edir.
Xüsusilə, oradakı mövcud vəziyyəti və
qazandığınız böyük uğurları nəzərə
alaraq, doğulduğunuz ölkənin problemlərini
dünyaya göstərmək üçün xüsusi məsuliyyət
hiss edirsinizmi?
- Bir
yazıçı kimi mənim üçün hekayə həmişə
hər şeydən üstün olub. Mən
heç vaxt geniş, dərin fikirlərlə və əlbəttə
ki, konkret gündəm mövzularıyla bağlı yazmaq
üçün yazı masa arxasında oturmamışam.
Yazarın öz mədəniyyətini təmsil etmək və
bu barədə başqalarını maarifləndirmək məsuliyyətini
hiss etməsi kifayət qədər ağır yükdür. Mənimçün bu, həmişə çox
şəxsi, intim bir yerdən, insan münasibətlərindən
başlayır və sonra oradan genişlənir. Kitabda məni
maraqlandıran əsas mövzu bu iki qadının ümidləri,
arzuları və məyusluqları, mənəvi
dünyaları, onları bir yerə gətirən xüsusi səbəblər,
sağ qalmaq əzmləri və münasibətlərinin mənalı,
güclü bir şeyə çevrilməsi, hətta
onları əhatə edən dünyanın
dağılması və xaosa sürüklənməsidir. Amma yazdıqca hekayənin səhifəbəsəhifə
genişləndiyinin, daha iddialı hala gəldiyinin şahidi
oldum. Mən başa düşdüm ki, bu
iki qadının hekayəsini, təqribən 1970-ci illərdən
11 sentyabr hadisəsindən sonrakı dövrə qədər
Əfqanıstan hekayəsini danışmadan yazmaq, sadəcə
mümkün deyil. Bu hekayədə
Əfqanıstandakı qarışıqlıq və ölkənin
vəhşətə məruz qalmış yaxın
keçmişi yavaş-yavaş təkcə fon
olmaqdan çıxaraq əsas mövzuya çevrildi. Tədricən Əfqanıstanın özü, daha
dəqiq desək, Kabil bu romanda, məncə, "Çərpələng
uçuran"dan daha böyük bir xarakterə çevrildi.
Amma bu, müəyyən sosial məsuliyyət
çərçivəsində ölkəmdə baş verənlər
mövzusunda oxucuları məlumatlandırma
narahatlığından əlavə, hekayəçilik xatirinə
idi. Bununla belə, demək istəyirəm ki, "Min
möhtəşəm günəş" romanının
inandırıcı və bir az da şəxsi
münasibətlər zəminindən baxılanda son 30 ildə
Əfqanıstanda nələr yaşandığını
göstərən bir hekayə olaraq qiymətləndirilməsi
məni məmnun edər.
- Oxucuların bu romana münasibətini
necə təsəvvür edirsiniz?
- Sırf
bir yazıçı kimi ümid edirəm ki, oxucular bu romanda
mənim bədii ədəbiyyat oxuyanda axtardığım
şeyi kəşf edəcəklər: nəql edilən hekayə,
əsas qəhrəmanların təcrübələri ilə
necəsə dəyişdiklərinə dair aydınlanma
hissi... Oxucular bu hekayənin emosiyalarına cavab verəcəklər,
böyük mədəni fərqlərə baxmayaraq, onlar da
özlərini Məryəm və Leylanın yerinə qoyub,
onların arzuları, ümidlərini hiss edəcək və
sağ qalmaq üçün gündəlik mübarizə
aparacaqlar. Mən bir əfqan kimi oxucuların əfqanlara,
daha dəqiq desək, müharibənin və ekstremizmin nəticələrinin
sarsıdıcı zərbələr vurduğu əfqan
qadınlarına qarşı empatiya hissi ilə
yaxınlaşmalarını istərdim. Ümid edirəm
ki, bu roman tozlu bir küçədə gedən burkalı
qadının tanış obrazına dərinlik
və emosional sətiraltı məna gətirər.
- Yeni kitabınızın adı
haradan gəlir?
- Bu ad,
XVII əsrdə yaşamış azərbaycanlı, bəzi mənbələrdə
fars hesab edilən Saib Təbrizinin Kabil
haqqında şeirindən gəlir. Şair bu
şeiri şəhərə ilk dəfə səfər edib dərindən
təsirlənəndən sonra yazıb. Kitabdakı
əsas qəhrəmanın sevimli şəhərini olduqca məyus
şəkildə tərk edərkən ağladığı
səhnədə istifadə etmək üçün Kabil
haqqında şeirlərin ingiliscə tərcümələrini
araşdıranda bu xüsusi beyti tapdım. Mən başa düşdüm ki, mən səhnə
üçün nəinki düzgün xətt, həm də sonrakı
misrada görünən "min möhtəşəm günəş"
ifadəsi ilə romanın başlığını
tapmışam. Şeiri fars dilindən
Dr. Cozefin Devis tərcümə edib.
- Talibanın hakimiyyəti
dövründə təqdim etdiyiniz Əfqanıstan portreti bir
çox oxucunu təəccübləndirə bilər. Məsələn,
Talibanın musiqi və filmlərə qadağası hamıya
məlumdur, lakin qara bazardakı televizorlarda, videmaqnitofonlarda
gizli şəkildə xarici müğənnilərə belə
qulaq asılması bir çox oxucuya qəribə gəlir. Ölkədə Talibanın həqiqi mənada necə
güclü hakimiyyətindən söz gedə bilər?
Bu ənənələr altında pop mədəniyyəti
necə yaşayır?
-
Talibanın mədəni vandalizm aktları - ən dəhşətlisi
Bamiyan Buddalarının məhv edilməsidir -
Əfqanıstan mədəniyyətinə və incəsənət
sahəsinə dağıdıcı təsir göstərib. Taliban saysız-hesabsız filmləri,
videomaqnitofonları, musiqi lentlərini, kitabları və rəsmləri
yandırıb. Onlar kinorejissorları,
musiqiçiləri, rəssamları və heykəltəraşları
həbs etdiriblər. Bu məhdudiyyətlər
bəzi sənətçiləri öz sənətlərini
tərk etməyə, bir çoxlarının isə gizli
şəkildə fəaliyyətlərini davam etdirməyə
məcbur edib. Bəziləri evinin
damında rəsmlə, musiqi ilə məşğul olub.
Bəziləri də romanlarını yaza bilmək
üçün qadın geyimləri geyinərək, qadın
kimi bəzənərək tikiş kurslarında bir yerə
toplaşırdılar. Qalanları da
Talibanı aldatmaq üçün müxtəlif dahiyanə
yollar tapırdılar. Buna bir məşhur örnək
göstərmək istəyirəm: Bir rəssam Talibanın əmriylə
yağlı boya rəsmlərindəki insan surətlərini
boyayır. Təbii ki, bunu Taliban hakimiyyəti devrildikdən
sonra yuyula biləcək sulu boya ilə
edir. Bütün bunlar, Talibanın, demək olar
ki, bütün incəsənət sahəsi adamları ilə
ciddi mübarizə apardığı vaxtda sənətçilərin
xilas üçün tapdıqları təhlükəli və
cəsarətli üsullardı.
- Yazarlığa başlamazdan əvvəl
həkim olmusunuz. Həkim olmaqla yazar olmaq necə
müqayisə oluna bilər?
- Mən
tibblə məşğul olmaqdan həzz alırdım və
həmişə xəstələrimin özlərini və
yaxınlarını güvənərək mənə əmanət
etmələri ilə fəxr edirdim. Amma
yazarlıq, "Çərpələng uçuran"
romanındakı Əmir kimi uşaqlıqdan arzum olub.
Yazmaq məni qısa müddətlik olsa da xoşbəxt edir,
özəl adam olduğumu hiss etdirir, həm
də mənim dolanışıq mənbəyimdir. Bu, gerçəkləşən bir xəyaldır.
İki
peşə arasında, insan təbiəti haqqında az da olsa məlumat sahibi olmaq xaricində
çox da oxşarlıq tapmadım. Yazarlar və
həkimlər insanların dedikləri və etdikləri
şeylərin arxasındakı motivləri, onların
qorxularını, ümidlərini, istəklərini başa
düşmək baxımdan oxşardırlar. Hər iki peşədə, istər müayinədə
olan xəstə, istərsə də hekayədəki qəhrəman
olsun, sosial-iqtisadi mənşəyin, ailənin, mədəniyyətin,
dilin, dinin və digər amillərin insanı necə
formalaşdırdığını qavramaq lazımdır.
- "Min möhtəşəm
günəş"i yazmaq, "Çərpələng
uçuran" əsərini yazmaqdan nə ilə fərqlənirdi?
- Mən
"Çərpələng uçuran"ı yazanda
heç kim bunu gözləmirdi! İkinci romanın yazılmasının çətinliyi
ilk romanın nə qədər uğurlu olması ilə
düz mütənasib görünür. Mənim
üçün başlanğıcda özümlə
bağlı şübhələrimin və tərəddüdlərimin
olduğu, həmçinin öz ədəbi imkanlarımı
və sərhədlərimi şübhə altına
aldığım, yenidən nəzərdən keçirdiyim
bir dövr oldu. Bu, xüsusən də kitabı səbirsizliklə
gözləyən insanların olduğundan xəbərdar
olanda belə oldu: kitab satıcıları, mənim naşirim
və əlbəttə ki, oxucu kütləsi kitabı
gözləyirdi. Bu, həm gözəldir - axı siz
işinizin gözlənilməsini istəyirsiniz - həm də
qorxunc - işiniz səbirsizliklə gözlənilir!
Bu qorxuların bəzilərini yaşamış olsam da
(həyat yoldaşım da təsdiq edə bilər), tədricən
onları təbii qarşılamağı və gözümdə
böyütməməyi öyrəndim. Yazmağa
başladıqca, hekayə sürətləndikcə və
özümü Məryəm və Leyla dünyasına qərq
etdikcə bu qorxular öz-özünə yox oldu.
İnkişaf edən hekayə məni ələ keçirdi
və fon səs-küyünü tənzimləməyə
və yaratdığım dünyada yaşamağa imkan verdi.
Ayrıca, hesab edirəm ki, "Min möhtəşəm
günəş" ilk romanımdam müəyyən mənada
daha iddialı kitabdır. Hekayə müxtəlif dövrlərdə
baş verir, müəyyən illəri atlayaraq, təxminən
qırx beş il ərzində baş verənləri
əhatə edir. Xarakterlər daha geniş
çərçivədə ələ alınır, ikili
perspektiv var romanda, Əfqanıstandakı müharibələr
və siyasi qarışıqlıqlar "Çərpələng
uçuran" romanından daha təfərrüatlı şəkildə
təsvir edilib.
- İki kitabda ümumi
mövzular olduğunu düşünürsünüz?
- Hər
iki romanda personajlar münaqişənin ortasındadır və
xarici qüvvələr tərəfindən
sıxışdırılır. Onların daxili
dünyalarına tez-tez vəhşi və mərhəmətsiz
xarici dünya təsir edir, onların öz həyatları ilə
bağlı verdikləri qərarlara nəzarət edə bilmədikləri
şeylər təsir edir: inqilablar, müharibələr,
ekstremizm və zülm. Məncə, bu, "Min
möhtəşəm günəş"ə daha çox
aiddir. "Çərpələng
uçuran" romanında Əmir uzun illər
Əfqanıstandan uzaqda ABŞ-da mühacir kimi yaşayıb.
Onun qaçdığı qorxuları və
çətinlikləri Məryəm və Leyla birbaşa
yaşayır; bu mənada onların həyatı
Əfqanıstandakı hadisələrdən, Əmirin həyatına
nisbətən daha kəskin şəkildə təsirlənir.
Hər iki romanda mövzu, həm də valideyn və
övlad arasındakı münasibətləridir. Mən bunu əvvəlcədən
nəzərdə tutmamışdım, amma ailələrin və
uşaqların bir-birinə olan sevgiləri, xəyal
qırıqlıqları və nəhayət, bir-birlərinə
olan hörmətlərini itirmələri mənim də diqqətimi
həddindən çox çəkdi. Bu baxımdan, bu
iki roman haqqında belə nəticəyə gəlmək
olar: "Çərpələn uçuran" ata-oğul
hekayəsidir, "Min möhtəşəm günəş"
isə ana-qız hekayəsi.
Nəhayət, düşünürəm ki, hər iki
roman sevgi mövzusundadır. Xarakterlər
mübarizə aparır və sevgi ilə insan münasibətləri
sayəsində xilas olurlar. "Çərpələng
uçuran" kitabında bu, daha çox kişilər
arasındaydı. "Min möhtəşəm günəş"də
sevgi müxtəlif formalarda özünü göstərir,
istər kişi ilə qadın arasındakı
romantik sevgi, istər valideyn sevgisi, istərsə də ailəyə,
evə, ölkəyə, Allaha məhəbbət. Düşünürəm ki, hər iki romanda da
sevgi əvvəl-axır xarakterləri tənhalıqlarından
kənara çıxarır, onlara öz çərçivələrini
aşma gücü verir, zəifliklərini üzə
çıxarır.
- "Çərpələng
uçuran" iki kişinin dostluğu haqqındadır və
hekayə kişi baxış
bucağından danışılıb. "Min
möhtəşəm günəş"də siz iki
qadın arasındakı münasibətə diqqət çəkmisiniz
və hekayədə onların alternativ perspektivlərindən
danışılır. Niyə bu dəfə
qadın baxış bucağından yazmağa qərar
verdiniz?
- Mən
"Çərpələng uçuran" əsərini
yazıb bitirəndən sonra bir müddət əfqan
qadınlarının hekayəsini yazmaq haqqında
düşündüm. Bu ilk roman kişilərin
dominant olduğu hekayə idi. Əmirin arvadı Soraya
istisna olmaqla, bütün qəhrəmanlar kişi
idi. Əfqan cəmiyyətinin "Çərpələng
uçuran"da toxunmadığım bir tərəfi var idi,
hekayə ideyaları ilə münbit olduğunu hiss etdiyim
bütöv bir mənzərə. Axı,
son otuz ildə, xüsusən Sovetlər geri çəkildikdən
və qruplaşmalar arası döyüşlər başlayandan
sonra əfqan qadınlarının başına çox
şey gəlib. Vətəndaş müharibəsinin
başlaması ilə Əfqanıstanda qadınlar zorlama və
məcburi evlilik kimi gender əsaslı insan hüquqları
pozuntularına məruz qaldılar. Onlardan
döyüş qəniməti kimi istifadə olunurdu. Onlar qaçırılaraq fahişəliyə cəlb
olunurdu. Taliban gələndə
qadınlara qeyri-insani məhdudiyyətlər qoyur, onların hərəkət,
ifadə azadlığını məhdudlaşdırır, təhsil
almasına, işə başlamasına qadağa qoyur,
onları sıxışdırır, təhqir edir,
döyürdülər.
Mən
2003-cü ilin yazında Kabilə getmişdim, orada dörd, beş, altı uşaqla küçələrin
tinlərində oturub pul dilənən burkalı qadınlar
gördüyümü xatırlayıram. Onların
küçədə cüt-cüt gəzdiyi, cırıq
paltarda uşaqlarının arxasınca getdiyini və həyatın
onları bu nöqtəyə necə gətirdiyini
düşündüyüm yadımdadır. Onların arzuları, ümidləri, gözləntiləri
nə olub? Onlar heç aşiq olublar?
Ərləri kim idi? Əfqanıstanda
illərdir davam edən müharibələrdə kimləri, nələri
itiriblər?
Mən Kabildə o qadınların çoxu ilə
danışdım. Onların həyat hekayələri həqiqətən
ürək ağrıdan idi. Məsələn, altı
uşaq anası olan bir qadın mənə dedi ki, yol polisi
olan əri ayda 40 dollar qazanır və altı aydır maaş almır. O, sağ qalmaq
üçün dostlarından və qohumlarından borc
götürmüşdü, lakin borclarını qaytara bilmədiyi
üçün ona borc verməyi
dayandırmışdılar. Buna görə də
o, hər gün uşaqlarını Kabilin müxtəlif
bölgələrinə küçələrin tinlərində
dilənmək üçün göndərirdi.
Başqa bir qadınla danışanda mənə dəhşətli
bir fakt danışdı: dul qalmış qonşusu aclıq təhlükəsi
ilə üzləşib, çörək
qırıntılarına siçovul zəhəri qoyub
uşaqlarına yedizdirib, sonra da özü yeyib. Atası
ucbatından belindən aşağı iflic olmuş balaca
qızla tanış oldum. O, anası ilə
gün çıxandan gün batana qədər Kabil
küçələrində dilənirdi.
"Min möhtəşəm günəş"i
yazmağa başlayanda dönə-dönə o
dözümlü qadınlar haqqında
düşünürdüm. Kabildə
görüşdüyüm heç bir qadın nə Leyla, nə
də Məryəmin prototipi olmasa da, onların səsləri,
üzləri və inanılmaz sağ qalma hekayələri həmişə
mənimlə idi, bu roman üçün ilham qaynağım
onların ümumi ruhu oldu.
- Bu romanda bir neçə
güclü qadın obrazı var. Onları necə
yaratdınız? Onlar öz ailəniz, dostlarınız
arasında tanıdığınız qadınlara,
oxuduğunuza, təsəvvürünüzə əsaslanır?
- Onlar ailə
üzvlərimdən və ya tanıdığım insanlardan
götürülməyib. Bu baxımdan, bu ikinci roman
"Çərpələng uçuran"dan daha az avtobioqrafikdir. Əsərdə
baş verən hadisələr mənim təxəyyülümdən
və daha çox 2003-cü ildə Kabildə
gördüyüm, görüşdüyüm
qadınların taleyindən götürülüb.
- "Çərpələng
uçuran" bir çox oxu qrupları və şəhərlər,
icmalar tərəfindən ictimai oxu proqramlarının əsas
tərkib hissəsi kimi əlavə edildi. Sizcə, niyə belə oldu? Sizcə, insanlar hekayələrinizdən nəyi
götürürlər?
- "Çərpələng uçuran"
çoxqatlıdır, ona görə də oxuculara müzakirə
etmək üçün mədəni, dini, siyasi, tarixi və
ədəbi məqamlar təqdim edir. Amma mən güman
edirəm ki, onun kitab qrupları arasında populyar
olmasının əsas səbəbi əsərin insan hekayəsi
üzərində qurulmasıdır. Dostluq,
xəyanət, günahkarlıq, atalar-oğullar arası
narahatedici sevgi mövzuları dünyəvi olduğuna görə,
təkcə əfqanlara məxsus olmadığına görə,
kitab mədəni, dini, iqri və cinsi fərqlərini
aşaraq müxtəlif keçmişlərə sahib oxucular
arasında da rezonans doğurdu. Məncə,
insanlar bu kitabdakı duyğulara reaksiya (cavab) verirlər.
11 Sentyabr hadisələrini və terrora
qarşı mübarizəni nəzərə alsaq, əlbəttə
ki, Əfqanıstana beynəlxalq maraq da var. Bir çox oxucu
üçün bu kitab həqiqətən o mədəniyyətə
açılan bir pəncərədir. Deməli,
kitabda haqqında danışılan ölkəyə maraq da
var.
- "Çərpələng
uçuran" kitabının nəşrindən sonra həyat
sizin üçün necə dəyişdi?
- Əvvəllər etdiyimdən daha çox səyahət
edirəm.
Ədəbiyyat və nəşriyyat sahəsində
çoxlu yeni dostlarım var və uzun müddət
yaradıcılığına heyran olduğum yazarlarla
görüşmək və onlarla söhbət etmək şərəfinə
nail olmuşam. Bundan əlavə, tibbdən
uzaqlaşaraq, vaxtımın çoxunu çoxdan
arzuladığım bir şey olan yazılarıma diqqət
yetirməyə sərf etmişəm. İndi
günlərim yeni hekayələr yaratmaqla, düşünməklə
keçir. Əlavə olaraq,
qaçqınlarla bağlı problemlərin
araşdırılması üçün BMT ilə işləyirəm.
"Çərpələng uçuran"
kitabının nəşri həyatıma dərin təsir
edib, həyatımı kökündən dəyişdi.
Amma həyat yoldaşım, uşaqlarım,
böyük ailəm və bütün köhnə
dostlarımla bağlı heç nə dəyişməyib.
- ABŞ-a köçəndən
uzun müddət sonra Əfqanıstana səfər etmisiniz.
Geri qayıtmaq necə hiss idi? Yenidən oraya
qayıtmaq istərdiniz? İndi
qayıtmağınız mümkündür?
- Kitabda
Əmirin bələdçisinə "Öz ölkəmdə
özümü turist kimi hiss edirəm" dediyi bir yer var,
Kabilə qayıdanda mən də bu hissi keçirdim. Axı mən dörddə bir əsrdən çox
idi ki, orada olmamışdım. Mən
orada nə Sovetlərə qarşı müharibədə
iştirak etmişəm, nə mücahidlərin, nə də
Talibanın hücumlarında ölkəmi qorumaq naminə
döyüşmüşəm. Mən
minaya düşüb heç bir əzamı itirməmişəm,
qaçqın düşərgəsində yaşamaq məcburiyyətində
qalmamışam. Mənim qayıtmağımda, əlbəttə
ki, sağ qalanın günahı elementi var idi. Bir
tərəfdən hamı mənim dilimdə
danışırdı, mədəniyyətimi
paylaşırdı deyə, özümü oraya aid hiss
edirdim, digər tərəfdən, özümü autsayder,
çox şanslı autsayder kimi hiss edirdim, bütün
hallarda autsayder idim.
Şəhərin çox hissəsinin baxımsız
qaldığını, dağıdıldığını
gördüm.
Dul qadınların, yetimlərin, minaya
düşərək, bombalanma səbəbindən əzalarını
itirmiş insanların sayı şok edəcək qədər
çox idi. Silah bolluğu da var idi və
mən Kabildə 1970-ci illərdə heç
xatırlamadığım silah mədəniyyətinin
olduğunu müəyyən etdim. Amma mənim
ən çox təəccübləndiyim o idi ki,
gördükləri ağlasığmaz vəhşiliklərə,
çəkdikləri dəhşətli əziyyətlərə,
məşəqqətlərə baxmayaraq, əfqanlar öz təvazökarlıqlarını,
lütfkarlıqlarını, qonaqpərvərliklərini,
ümidlərini itirməmişdilər. Mən
onların dözümlülüyünə görə
oralardan heyranlıqla ayrıldım. Əlbəttə
ki, yenidən oraya qayıtmağa ümid edirəm, lakin
hazırda bu haqda konkret planlarım yoxdur.
2007
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.30-31.