Vüsal Nuru: "Ədəbiyyatın
işi insanı anlatmaqdır..."
"Fikir bucağı" layihəsinin
qonağı yazıçı, ssenarist Vüsal Nurudur.
- Vüsal bəy, siz Ağdamda anadan
olmusunuz. Ağdamı necə
xatırlayırsınız? Bu gün
Ağdamın bir şəhər kimi gələcəyini necə
görürsünüz?
-
Ağdam ilk dəfə ciyərlərimə havasını
çəkdiyim yerdir. Göbəyimin kəsildiyi
yerdir. Dizimi yerə qoyub iməklədiyim, addım
atdığım... adam olduğumu
anladığım yerdir. Ağdamı
xatırlamıram, o nəsnələr xatırlanar ki, onlar səndən
qopub, uzaqlaşıb. Mən Ağdamı
hər gün yaşayıram. Uşaqlığım
hələ də beynimdədir, ondan ayrılmamışam.
Anamdan kəsilən göbəyim Ağdama
bağlanıb. Havam ordan gəlir, fikrim,
sözüm, düşüncəm Ağdam havalıdır.
Bu hissləri sadalamaqla, danışmaqla nə
izah eləmək olar, nə də bitirmək. Ağdamın gələcəyi məlumdur. Cənab
Prezidentimiz elə bir baş plan təsdiqlədi ki, hər bir
ağdamlının ürəyindən oldu. Görənlər
bilir ki, Ağdam həmişə zəngin və
bacarıqlı şəhər olub. Eyni
zamanda qonşu bölgələrin bəzən ümid yeri, bəzən
çörək yeri, bəzən pənah yeri olub. Düşünürəm ki, Ağdam yenə olacaq.
Ağdam hamını məhəbbətlə
qarşılayıb, bağrına basacaq, hörmətlə yola
salacaq.
- Yaradıcılıq və iş həyatı.
Hər ikisi bir arada necə uyğunlaşır
və ya uyğunlaşmır?
-
Arzuladığım, sevdiyim bir işin başındayam. Burda həyatımı istədiyim kimi
yaşayıram. Sevdiyim işimlə,
seçdiyim həyat yolum birdir. Heç
bir döngədə ayrılmır, körpüdə
qalmır. İşə ayrı,
yaradıcılığa ayrı atı minib getmirəm.
İşimdə yaradıcılıqla məşğul
oluram. Jurnalı çapa hazırlamaq da
bir həzz verən yaradıcılıqdır.
- İxtisasca rejissorsunuz. Bu sahədə hansı problemlər var?
Azərbaycan kinosunun
bugünkü vəziyyəti sizi qane edirmi?
- Problem
pis əlamət deyil. Əgər bir yerdə iş varsa orda
mütləq problem olmalıdır. Problem ortaya
çıxıbsa, onu işləyib həll edəcəklər.
Deməli, bütün hallarda iş gedəcək. Bu da müsbət haldır. Kino
kollektiv işdir. Bir film istehsal etməmişdən əvvəl
gərək kollektiv olmağı bacarasan, başlar
qaynayıb, qarışıb bir ola. Gərək əvvəl adamların dilini anlayasan,
sonra kadrın dilini. Heç şübhəsiz
ki, belə kollektivlər var. Onların işi də
uğurludur. Uğur maddiyyətin üzərində
qurulur, mənəviyyata təsir edir. İndi
dünyanın elə mərhələsinə gəlmişik
ki, burda arzular pulla alınır. Əgər
yaxşı bir film çəkmək arzun varsa mütləq
münasib məbləğin olmalıdır. Film biznesi, təəssüf ki, bizdə elə də
genişlənmir. Genişlənmir həm
də ona görə ki, bu biznes bəzən adi məhəllə
marketi qədər sərfəli olmaya bilər. Büdcən böyük olmalıdır, riskin də
elə o boyda. Büdcəsiz, yaxud kasıb
büdcəylə arzulanan film istehsal olunmur. O film xəstə,
qüsurlu, çox vaxt əlil uşaq kimi doğulur. Azərbaycan kino tarixinə baxanda görürsən
ki, bizim nə aktyorlarımız, nə də
rejissorlarımız filmlərinə bəh-bəhlə
baxdığımız qonşulardan geri qalmırlar.
- Bəlkə Azərbaycanda
rejissorluq işinə dəyər verilmir?
-
Ümumiyyətlə nədir axı bu dəyər vermək? Kimsə yaxasında rejissor medalyonu gəzdirməlidir,
hamı da onu görəndə təzim eləməlidir?
Rejissor o vaxt dəyərli olur ki, o, zövqləri
oxşayan film istehsal edə bilir. Filmi
baxımlı olur. Kiməsə ixtisası
rejissor olduğuna görə yox, filmi olduğuna görə
yanaşılır. Hazırda ölkəmizdə
rejissorlar üçün çox yaxşı yaradıcı
mühit var. Üzünü çevirib hansı tərəfə
baxsan mövzudur. Maddi imkan lazımdır
işləməyə. Kifayət qədər
zövqlü, duyumlu rejissorlarımız var. Bəzən
yanımızdakı adamları görməzdən gəlirik,
elə bilirik sərhədin o tərəfindəkilərin
sehrli çubuqları var.
- Ədəbiyyat və rejissorluq... Bu iki anlayış arasında hansı
bağlılıq var?
- Mənim
fikrimcə, yazıçı həm də yaxşı
rejissordur. Əsərinə, hadisələrə
hansı rakursdan yanaşmağı, xarakterləri hansı səhnədə
göstərməyi, nəyi işıqda, nəyi kölgədə
açıb gizlətməyi bilir. Mən
də film estetikasıyla yazmağa çalışıram.
İstəyirəm, oxucu əlindəki əsərə
tamaşa eləsin. Mətn
görünsün. Mənim
üçün rejissorluq və ədəbiyyat bir
anlayışdır.
- Yazı mətbəəniz
haqqında nə deyə bilərsiniz?
- Bunun mətbəə
olub-olmadığını bilmirəm. Yazı
mənim həyat tərzimdir. Qətiyyən
pafosla demirəm, həqiqətən yazmadığım
günü boş, papağı günə yandırmaq kimi
hesab edirəm. Elə yazılarım var
ki, alınmayıb, silib atmışam. Amma
onlar mənim məşqlərim olub. Yazdığım
iki "romanı" amansızca silib atmışam. Onlar mənim istədiyim kimi böyümədilər.
Amma mənə xeyirləri dəyib. İdmançı məşqini dayandıranda bədəni
necə formasını itirirsə, məncə,
yazıçı da yazmayanda passivləşir. Vacib deyil həmişə böyük əsər
yazmaq qollarını çırmalayasan. Əsas
odur yazmaq vərdişini unutmayasan. Bu
baxımdan deyə bilərəm ki, çalışıram
özümü formada saxlayam. Bu
yaxınlarda, nəhayət ki, janrı subliminal elmi-fantastika
olan romanı bitirmişəm.
- Yazı prosesində məkan və
zaman məfhumları sizin üçün hansı məqamda
önəmlidir?
-
Bütün məqamlarda. Yazmaq üçün
mütləq bir zamanı seçirəm. Köklənirəm.
Bilirəm ki, bu saatda yazmalıyam. Neçə saat yazacağımı yazı prosesi təyin
edir. Yəni yazının bitmə
vaxtı, adətən mətndən asılı olur. Bir də hansısa çox vacib kənar təsir.
Məkan daha önəmlidir; istədiyim yerdə
oturub yazmağı bacarmıram. Mistikaya
çox bağlıyam, ona görə də mənim
üçün vacib olan əlamətlər, işarələr,
rəqəmlər var. Yazmaq istədiyim yerdə enerjisi mənə
mənfi gələn hər hansı bir şey mane olur. Məsələn,
klaviaturamın altında mütləq ağ
kağız olmalıdır. Yazının ahənginə
uyğunlaşan musiqi seçirəm. O məkan, zaman
imkan verməlidir mən rahat uçub gedə bilim.
- "Yağış
damlasıyam" adlı ilk şeirlər kitabınız
çap olunduqdan sonra şeirlə bağlı fikirləriniz
dəyişdimi? Nəsrə
keçməyinizə səbəb nə oldu?
- Şeirlə bağlı fikirlərim, təbii ki, dəyişə
bilməz. Poeziya müqəddəs
pıçıltılardı. Gərgin
anında dilinə düşən misralar səni dincəldə
bilir. Belə nümunələr ədəbiyyatımızda
kifayət qədərdir. Məsələn,
dilimin ucunda elə bir bənd var ki, o dörd misrada
özümü tapmışam. Əlbəttə,
"kaş bunu mən yazardım" sözü də ürəyimdən
keçib. Amma nə fərqi var, şair
elə bil onu mənim üçün yazıb. O
misralara məni sığışdırıb. Mən yaza bilmədiyimi o yazıb. Çünki mən şair deyiləm. Şeir yazmaq şair olmaq deyil. Mənim
ilk kitabım bir təcrübə idi, birinci pillə idi.
Orda kifayət qədər zəif misralar var.
Amma mənim başlanğıc nöqtəmdir. Təbii ki, yaşa dolduqca, oxuduqca, öyrəndikcə
təcrübən artır, nəyi, necə yazmağın
sirrini öyrənirsən. Özünü
tapırsan, hara aid olduğunu təyin edirsən. Mən nəsrə keçməmişdim, o ilk
kitabda da nəsr nümunələri var. Bir-iki kiçik
çiy hekayələr. Sadə o hekayələrin
üstündən yeridim.
- Bu gün şeirin
aktuallığı və ümumi durumu barədə nə
deyə bilərsiniz?
-
Yaxşı sözün, yerində, məqamında
deyilmiş fikrin hansı janrda olmasının fərqi yoxdur. Şeir həmişə ortada olacaq. Kim istəyir götürəcək. Kim istəmir...
- "Eybəcərlər
adası" romanınız maraqla qarşılandı. Sanki psixoloji səpkidə yazılan
romanlar oxucuları daha çox maraqlandırır. Necə
düşünürsünüz, bu belədirmi?
- Ədəbiyyatın işi insanı anlatmaqdır. İnsan da həmişə
istəyir ki, onu anlayan olsun, onun kimi düşünən
adamlarla qarşılaşsın. Dünyanın
ortasında tək qalmadığını bilsin. Qorxmasın. Hörümçək
küncə, budaqların arasına toruyla
bağlandığı kimi insan da həyata psixoloji tellərlə
bağlanır. Ona görə ətrafı
onun psixikasına təsir edir, o, həyatı anlayır.
Anlamağa, qavramağa çalışır.
Başlayır axtarmağa. Bu
baxımdan psixoloji romanlar əksər oxucuların diqqətini
çəkir.
- Daha sonra "999" adlı
roman... Ədəbi tənqid necə
qarşıladı bu romanı?
- Ədəbi tənqid maraq dairəmdə
deyil. Metroda bir sərnişinin əlində
kitabımı görmək mənim üçün daha dəyərlidir.
Əminəm ki, o kitabdan çoxunun xəbəri
də yoxdur. Bunu da çox təbii hesab
edirəm. Kitabı gərək kiməsə verəsən
ki, tanış ola. Mən
kitabımı çantama qoyub hər qarşıma
çıxana vermirəm, utanıram. Kitab
kitab mağazasındadır, oradakı rəflərin
arasından boylanır, kimsə onu görürsə, diqqətini
çəkirsə, maraq oyadırsa götürüb oxuyur.
Yox, əgər, görən yoxdursa, gözləyir.
"Prezidentin qızı" romanım da tələbələr
arasında maraq doğurmuşdu. Bu roman da
fantastikadır. "Dorantağ"
romanım "Azərbaycan" jurnalında çap olundu.
Yazıçılar Birliyində müzakirəyə
qoyuldu. Müsbət fikirlər dedilər.
Bir neçə təhlil məqalələri
yazıldı. Adı 11-ci sinf dərsliyinə
düşdü. Eləcə də
"Qaraqaşlı" romanı. Bu roman
fantastika deyil. Qarabağ həqiqətləridir.
Uşaqlığımdan içimdə
böyüyən ağrıdır, cəsarətdir. Bu romanın hələ də xoş xəbərini
almaqdayam. Yaxşı sorağı gəlir.
Bu da yazmağa ruh verir, stimul yaradır. Özümü aldatmağa bəhanəm olur.
- Ümumiyyətlə, Azərbaycan
ədəbi tənqidi barədə nə deyə bilərsiniz?
Tənqidçilər "tərifçilərə"
çevrilməyiblər?
- Tənqidçi
sözünü, peşəsini qəbul eləmirəm.
Yanlış anlaşılmasın; mənim fikrim mənə
aiddir, başqası üçün səhv ola
bilər. Düşünürəm ki, ədəbiyyata
tənqidçi yox, təhlilçi lazımdır. Əldə olan kitabı, mətni təhlil edib
oxucuya anlamaqda kömək etmək, əsərin dəyərini
ortaya çıxarmaq daha vacibdir. Təbii
ki, dəyəri olan, dəyəri bilən əsəri təhlil
eləmək lazımdır. Bu təhlil həm
də imkan verəcək ki, əsər başqalarına
nümunə olsun. Yoxsa götür zəif
bir əsəri başla ki, bunu müəllif elə
yazmalıydı, belə yazıb. Elə
deməliydi, belə deyib. Deyib,
kitablaşdırıb, bitib. Daldan daş
atıb topuğa vurmağın nə mənası? Bu
bir az da futbol azarkeşinin tribunadan
qışqırıb sahədəki futbolçuya topu necə
vurmağı öyrətməyə bənzəyir. Özünü sahəyə buraxsan topun dalınca
yarım saat qaça bilməz. Tənqidçi
də elədir, bədii mətn yaratmaqda uğursuz olanda, ya da
ümumiyyətlə yaza bilməyəndə sahəyə tənqidçi
formasında çıxırlar. Topu kimin
qapısına gəldi vurmağa çalışırlar.
O ki qaldı tərifə. Bu birdəfəlik
ömürdə, ölümü sinəsinin altında
saatlı bomba kimi gəzdirən adamlara elə tərif
lazımdır. Bir adamı tənqid edib qəlbini
qırmaqdansa, tərif deyib üzünü güldürmək
yaxşıdır. Yox, əgər tərif
deməyə səbəbin yoxdursa, sus. Onsuz da öləcək;
mətn də, adam da. Amma onu
qeyd edim ki, ədəbiyyatşünaslıqda qələmini ədəbi
vicdanıyla tutan təhlilçilər var. Mən onları təhlilçi
hesab edirəm. Məncə, bu daha
üstündür. Onlar mətnin
içini görə bilirlər, daha yaxşı
araşdırıb, daha dəqiq analiz edirlər.
- "Azərbaycan"
jurnalında məsul katib vəzifəsində
çalışırsınız. Jurnalla bağlı hansı yeniliklər
gözlənilir?
- "Azərbaycan" jurnalının məsul katibi
olmaq həyatda qazandığım ən böyük
uğurdur. Bir vaxtlar uzaqdan baxdığım jurnalın indi
içində oturmuşam. Burdan ədəbiyyata
bacardığım qədər, səlahiyyətim çatan
qədər xidmət edirəm. Zövqlə,
sevgiylə, məhəbbətlə işimin öhdəsindən
gəlməyə çalışıram. Jurnalımızın 99 yaşı var. Qocamandır.
Gələn il 100 illik yubileyini təntənəli
şəkildə qeyd etmək fikrindəyik. Jurnal
qocaman olsa da, ruhu həmişə gəncdir. Elə bu gənclik şövqü ilə də hər
nömrəsini hazırlayırıq. Jurnalın
hər nömrəsi Azərbaycan ədəbiyyatında bir
yenilikdi. Hər nömrə ədəbiyyatımıza
bir ərməğandır. Dəyərli
bir nümunədir.
- Sanki bəzi dərgilərimizdə
ab-hava köhnə təfəkkürlə, Sovet
nostalgiyasını görürük. Bu nə ilə
bağlı ola bilər?
- "Sovet nostalgiyası" dediyiniz
Azərbaycan ədəbiyyatın təməlidir. Sualdakı
yanaşma qüsurludur. Jurnal kiminsə
xatirə dəftəri deyil, gündəliyi deyil. Bir ölkənin ədəbiyyatının
flaqmanıdır. Burda çap olunmaq
üçün mətn xəlbirdən, ələkdən
keçməlidir. Mətn bir xalqın
ağrısıyla, acısıyla, sevinciylə, sevgisiylə
yüklənməlidir. Bu dərgilərin, xüsusən
də sizin gizlin-aşkar ehyam vurduğunuz Azərbaycan ədəbiyyatında
ən qocaman (99 yaş) "Azərbaycan" jurnalının ən
böyük mükəlləfiyyəti xalqın mədəniyyətini,
ədəbiyyatını, milli dəyərlərini,
sözünü qorumaqdı, keşiyini çəkməkdir.
"Azərbaycan" jurnalı imkan verə bilməz
ki, kimlərsə, hansısa məqsədləri
üçün dəyərləri əzib keçsinlər.
"Novator" döş nişanıyla
xalqın ədəbiyyatına zərbə vurmaq olmaz. Yeni fikrə, sağlam düşüncəyə,
möhkəm əqidəyə, kökünə, milli dəyərlərinə,
xalqına sadiq olan mətinləri redaksiyamız sevə-sevə
qəbul edir. Hörmətlə
qarşılayıb yuxarı başda oturdur. Əməkdaşlıq üçün məmnun
olur. Jurnalımızın baş redaktoru İntiqam
Qasımzadənin jurnalla bağlı yalnız bir prinsipi var:
"geniş mənada Azərbaycan ədəbiyyatını səlahiyyəti,
imkanı çatan yerdə qorumaq". Bu, səngərdə
dayanıb strateji bir postu qorumaqla eynidir. O ki qaldı yeni
təfəkkürə, yeni təfəkkür parazit
olmadığını sübut edənə qədər
köhnəlir. Odur ki, ən yaxşısı təfəkkürün
sağlam olanını seçməkdir. Yaşı,
cinsi önəmli deyil.
- Gənclərə yer verilmir, bəlkə
ona görə?
- Bu
sualı qətiyyən qəbul eləmirəm. Yanlışdır.
Mətn lokomotiv olmalıdır, dalınca
imzanı aparmalıdır. Gənc dediyin
adamın mətni zəifdirsə, iddiası özündən
böyükdürsə, ona verilən yerə
sığmırsa, qəbahəti özündə
axtarmalıdır. Əgər mətn təqdim
olunan orqanda çap olunmursa müəllif qayıdıb
özünü, yerini, yazdığını görməlidir.
Daha çox çalışmalıdır.
Jurnal pambıq bardanı deyil ki, əlinə gələni
içinə doldurasan. Əgər bir gəncə,
istənilən müəllifə çap olunmağa yer
tapılmırsa, demək, o müəllifin mətni yoxdur.
Yazısı kaldı. Açıq
gözlə baxsanız çap üçün ölkədə
geniş imkanlar var. Heç kim kiminsə
qarşısında Təpəgöz olub dayanmayıb.
Bütün mətbuat orqanları, eləcə də "Azərbaycan"
jurnalı ağ səhifələrlə
çıxmaq fikrində deyil, buna çalışmır. Redaksiya jurnalın səhifələrini dəyərli,
lazım olan, vacib yazılarla doldurmaq üçün
çalışır. Odur ki,
yaxşı yazıya bütün qəzet və jurnallarda həmişə
ehtiyac var.
- Gənclər demişkən, gənclərdən
kimləri oxuyursunuz?
- İşim budur, oxumaq. Jurnala gələn
bütün yazıları oxuya bilməsəm də,
böyük əksəriyyətini mütaliə edirəm.
Sosial şəbəkələrdən istifadə
edirəm. Mənə verilən
kitabları oxuyuram. Mənim
üçün ədəbiyyatın yaşı yoxdur. Ədəbiyyatı nəsillərə bölməyin
tərəfdarı deyiləm. Mətn daha
önəmlidir. Əgər kiminsə
yaxşı, zövqümə uyğun şeiri, nəsri,
publisistikası qarşıma çıxırsa buna səmimi
qəlbdən sevinirəm. Çox
yaxşı ədəbi nümunələr var.
- Siz müstəqillik dövr Azərbaycan
ədəbiyyatında ilk fantastik yazar kimi qeyd olunursunuz. Azərbaycanda Qotik ədəbiyyatının ilk
nümayəndəsi sayılırsınız. Bu barədə nə deyə bilərsiniz?
- İlk olub-olmadığımı tam dəqiq deyə
bilmərəm. Çünki bu heç nəyi dəyişmir
- nə xeyrimə, nə əksimə. Mən
sadəcə yazmaq və oxumaq istədiyimi,
yaşadığımı, yaşamaq istədiyimi yazıram.
Bu, başqalarının gözündə,
zövqündə necə alınır, hansı səviyyədə
durur bilmirəm. Bacırığım,
qabiliyyətim, istedadım nə qədərdirsə o qədər
yazıram. Qotik yaşam tərzini sevirəm.
Mənim üçün hər
çöküşdə bir diriliş var, hər məğlubiyyətdə
zəfər. Hər uğursuzluq yeni bir
uğurun başlanğıcıdır. Qaranlıq
da bir aydınlandırır.
- Ədəbi mükafatlara
münasibətiniz...
-
Çox yaxşı. Mükafat həm də
stimul verir. Mükafatın dəyəri elə
yüksək olmasa da, onun arxasında dayanan diqqət çox
dəyərlidir. Yaradıcı adamın
umub-umacağı diqqətdir. Xoş
sözdür, qayğıdır. Mükafat, hədiyyə
almağı kim istəməz?
- Yazıçı və ya
şair qonororla dolana bilərmi? Bu mexanizm necə
qurulmalıdır?
- Bu
mexanizm yerli çap məhsulları üzərində bir də
heç vaxt arzulanan səviyyədə qurulmayacaq. Yəni Sovet dövründəki kimi bir kitaba bir
maşın almaq əyyamı gedib. İndi
bir kitaba dörd təkər də düşmür.
Xırda-para, simvolik bir məbləğ bəzi mətbuat
orqanlarında var, ola bilər, sabah bir-iki
jurnal, sayt da bu sıraya qoşula bilər. Amma
qonorar heç vaxt dolanışıq üçün əsas
gəlir mənbəyi olmayacaq. Məncə,
belədir. Kaş ki, yanılım.
- Yaxşı yazmaq
üçün lazım olan üç vacib komponent...
-
Bildiyini, yaşadığını, oxumaq istədiyini yazmaq.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.2-3.