Mifdən həqiqətə
Şuşa səfərindən
qeydlər
Müqəddəs insanlar olduğu kimi müqəddəs
məkanlar da var. O məkanın yaşadığı tale elə
müqəddəslərin yaşadığı ömrə bənzəyir. Daim vüsalın həsrətilə
hicranın əzabları içərisində mum kimi ərimək
onun da taleyinə yazılır. Həzrəti Yəqubun sevimli
oğlu Yusifsiz qovrulduğu illər, bütün ömrü
boyu bu həsrətə son qoymaq ümidinin işartısı
əzabından çox, vüsalının
böyüklüyünü, yetişəcəyi ali məqamın sevgisi kimi onu yaşadıb.
Bizim illər ərzində Şuşa həsrətilə
ömrümüzün nə vaxtsa vüsala çevriləcəyi
bir ümid kimi...
Şuşa həm də orta dövrün qızıl əfsanəsi
hesab edilən, rəssam Mikolancelonun "Müqəddəs
Antoninin əzabları" əsərində tələyə
salınmış Antoninin şeytanlarla apardığı
mübarizəni xatırladır.
Şuşa "torpağın yox, mədəniyyətimizin
qalası"dır. (Y.Qarayev). Ona görə bu etno-mədəni
məkanın itkisi özündə təkcə
torpağın deyil, mədəniyyətin, mənəviyyatın
itkisinə çevrilib. Şuşa bizim nəslin
yaddaşına mədəniyyət ocağı, müqəddəs
ruhların dolaşdığı məkan, qəhrəmanlığın
real, ritual məkanı kimi həkk olunub. Bunu
duymaq, dərk etmək üçün mütləq məkana
getmək lazımdır. Real mədəni məkanın
irreal məkanla qovuşuğu da ərazi, coğrafi məkan
kimi Qarabağdan, onun ən uca zirvəsi olan Şuşadan başlayır. Bəlkə ona görədir ki, Şuşaya
qayıdış etnosa, milli müəyyənliyə, mental mədəniyyətə
qayıdış kimi ən yüksək qəhrəmanlıq
statusunun yenilənməsi, intibahın başlanğıcı
olur.
Təbiət,
insanın mənsub olduğu məkan yalnız dekor, təsvir
elementi deyil, milli şüurun formalaşması, mənəvi-əxlaqi
bütövlüyün təbiətə, insanın təbiətlə
harmoniyasına bağlanır. Bu əlaqə itdikdə insanın məkan
ağrısının itkisi, kollektiv şüurun alt
qatındakı yaddaş, mənəviyyat itkisinin
başlanğıcına çevrilir. Dənizdən nə
az, nə çox, təqribən 1300 metr yüksəklikdə
yerləşən, türkün mifoloji statusunda ucalıqda qərar
tutma, sal, sıldırım qayaları arxa, dayaq kimi
düşünmə məkanına çevrilən
Şuşanın örpəyi gözəl hüsnündən
götürüləndən Şuşa bütünlüklə
təslim oldu. Şuşa təslim edilsə də
nə mədəniyyətini, nə də etibarlı təbiətini,
aliliyini itirmədi. Mədəniyyəti və
təbiəti ilə doğma Azərbaycanımızın
müxtəlif məkanlarında qərar tutdu. Bir vaxtlar
İranda yaşamaq məcburiyyətində qalmış
İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın
bibisi Ağabəyim ağanın özüylə bitirmək
üçün İrana apardığı, lakin heç vəchlə
orada bitirə bilmədiyi Xarıbülbül perik
düşmüş şuşalılar kimi harmonik vəhdətin
davamına çevrildi, 44 günlük müharibədən sonra
Şuşanın əbədi simvoluna çevrilən qeyri-adi
gözəlliyi olan bu gül ayaq açıb yurdumuzun
ayrı-ayrı bölgələrinə səpələnməklə
yurd ağrısının yükünü qəlbində
daş kimi gəzdirən qarabağlıların,
şuşalıların ümid çırağına
çevrildi. Hər yaz fəslində
çiçək açan bu gül qəlblərdəki
ümid çırağını ölməyə
qoymadı. Nəhayət, 30 illik həsrət
sona çatdı.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə
institutumuzun 45 nəfərdən ibarət nümayəndə
heyətinin taleyinə (onların içərisində
uşaqlıq və gənclik illəri Şuşada keçən
yaşlı və orta nəslin nümayəndələri,
Şuşa haqqında məqalə, esse, hekayələr yazan əməkdaşlar
da vardır) Pənah xanın abad etdiyi Şuşaya pənah
aparmaq qisməti də düşdü. Yolumuz
Şuşayadır, gerçək Şuşaya! Nə xəyallarımızda
böyütdüyümüz, nə ətrafında
nağıl uydurub özümüzü ovundurduğumuz, nə
vahiməsi hələ də canımızdan çıxmayan
ağrılı-acılı Xocalı faciəsinin ardından
yaxın adamlarını itirmiş valideynlərimizin sual, əzab
dolu gözlərində donub qalmış çarəsizliyin,
milli-mənəvi itkinin, xəyanətin qurbanı olan, mənfur
düşmənin yağı xisləti ilə
daşını, torpağını dəlib deşdiyi
Şuşaya deyil, həqiqi azad Şuşayadır. Yola
düşən, səfərə çıxan hər
birimizin qəlbində daşınan və danışan bir Şuşa obrazı vardı. Müxtəlif nəsilləri
təmsil edən əməkdaşlarımızın
uşaqlıq və gənclik illərinin xatirəsi
Şuşada keçənlərlə yanaşı, mənim kimi
Şuşa haqqında valideynlərindən, ətrafından, ədəbiyyatdan,
tarix kitablarından və ədəbi simalardan öyrənən
nəsillərin qəlbində Şuşaya ünvanlanacaq
neçə-neçə bitib-tükənməyən suallar,
sorğular vardı. Görəsən, Şuşa necədir,
Şuşa bizimlə görüşə hansı görkəmdə
çıxacaq, doğma məkanın
yandırılmış, viran qalmış yurdun sual dolu nəzərlərində
görən sarsılmayacaq ki?.. daha nələr, nələr...
Məni isə yol boyu bir sual
düşündürürdü. Görəsən, başımı
qaldırıb Şuşanın üzünə baxa biləcəyəmmi,
uğrunda canlarını fəda etmiş igidlərimizin
ruhları dolaşan,
hər qarışı şəhid qanı ilə
suvarılmış müqəddəs məkanda gəzməyə
haqqım çatacaqmı? Onunla ünsiyyət
qura, dərdi-hal edib babaların miras qoyduğu tarixin ən
uzun işğal zamanını yaşayan Şuşanın
sual dolu gözlərinə, talanmış təbiətinə
baxmağa gücüm yetəcəkmi? Suallarla
yanaşı, bizi uzun illərin xəyallarından, yuxusundan
ayıran böyük bir qrupun bir-birinə "həmişə
Şuşada", yaxud yeni çəkilmiş yolda istiqaməti
itirən sürücünün ətrafa boylanaraq
"Şuşaya yol hardandır" sorğusu məni
diksindirdi, daldığım yuxudan oyatdı. Artıq Şuşa mif deyil, həqiqətdir, mifin
şüurda reallığa çevrilən gerçəklik.
Gerçək olan mif kimi! Özümü gah nağıllar aləmində, gah
gerçəklikdə hiss edə-edə yol qısalır, həyəcan
artırdı. İnsanların sevinc hissi
bir müddətdən sonra kədər hissləri ilə əvəzlənməyə
başlayır. Bakıdan çıxanda məni
saran sevinc hissi get-gedə yerini, qəribə hisslərə
ötürür. Yadımdadır, uşaq
idim. Babam rəhmətə getmişdi, bir
müddət sonra nənəm də dünyasını dəyişdi.
Ondan sonra hər kəndə gedəndə baba
yurdumun, evimizin biganə, soyuq divarları eynilə sevinclə
getdiyim məkanın soyuq münasibətlə məni
qarşılayacağının qorxusu ilə həyəcanlandırırdı.
Yol boyu bir-birindən fərqli yaşadığım qəribə
hisslər, çarəsizlik məni və həmkarlarımı
ilk olaraq Şuşaya sarı istiqamətlənən
Füzulidə haqladı. Keçib getdiyimiz düşmən
tapdağından azad olunmuş, igidlərimizin canını fəda
etdiyi, daldalanmağa bir yeri olmayan, daşı daş
üstündə qalmayan, yerləyeksan edilmiş Füzulinin
işğaldan ilk azad olunan Alxanbəyli, Seyidəhmədli,
Seyidmahmudlu, Qaraxanbəyli, Baharlı, Şəkərli və
rayonun yerləyeksan edilmiş mərkəzi solğun, vəhşət
dolu mənzərəsi ilə, sırsıra şəklində
uzanan tənəksiz üzüm dirəkləri bir anlıq Mədain
xərabələrini, Çingiz xan istilasını
xatırladırdı. Uzaqdan qaralan möhtəşəm
Füzuli aeroportu, yeni çəkilməkdə olan bir tərəfdən
Ağdama, digər tərəfdən isə 38 metr eni olan tunel
vasitəsilə Şuşaya uzanan yollar az da olsa
yaramızın üstünə su çiləyirdi. Meşənin
içərisi ilə çəkilmiş "Zəfər
yolu" qəhrəmanlarımızı şəhadətə,
qələbəyə aparan Şuşanın dolanbac
yollarından, sıx, amma qırılmış,
yandırılmış Topxana meşəsindən,
Daşaltıdan keçdikcə Şuşa həyəcanı
səni çəkib aparır. Ovuc içi
boyda şəhərin dünya, kainat boyda zənginliyinə
heyrət edirsən. Hər tərəfi
sıldırım, sal qayalarla əhatələnmiş
Cıdır düzü geniş sinəsini doğmalarına
açmışdır. Uçuq-sökük tikililər,
binaların üzərində Şuşaya ilk daxil olan qəhrəman
oğullarımızın qaralan imzaları, möhtəşəm
sənət abidəsi ilə göz oxşayan Gövhər
ağa məscidi, uçulub dağlısa da əzəmətli
görünüşü ilə diqqət çəkən
Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın
evi, Cıdır düzünə qalxan dikdir yollar, memarlıq
abidəsi olan Gəncə qapısı, 1754-cü ildə
inşa edilmiş Şuşa qalası (Qala divarları), Molla
Pənah Vaqifin məqbərəsi, mədəniyyət, musiqi
beşiyi olan Bülbül ocağı hər biri canlı
tarix kimi nə isə anlatmağa, sanki sənə kimliyini,
keçmişini pıçıldamağa
çalışırdı. Güclə də olsa beynimdə
Şuşanın keçmişi, yaşam tərzi, adət-ənənəsi
ilə bağlı canlandırmaq istədiyim mənzərənin
canlı nümunələri kimi torpaq da, abidələr də danışırdı.
Amma hicranın bitdiyi, vüsala qovuşduğum məkanda
Şuşanı gözlərim gəzsə də xəyallarımdakı
Şuşanı görə bilmədim. Nə dumanlı
dağları vardır, nə sıx meşələri, nə
Xan sarayı, nə də musiqi, şeir məclisləri!
Şuşa qışdan çıxmış torpaq, əsirlikdən
qurtulmuş məğrur gözəl kimi yorğunluğunu
çıxararaq özünü dinlətməyə
çalışırdı. Ağır sınaqlardan
çıxmış Şuşa çətin
də olsa intibahın yeni mərhələsinə qədəm
qoyur. İşğaldan azad edildikdən sonra Şuşaya tez
bir zamanda çəkilən "Zəfər yolu",
hündür, yeni standartlara uyğun inşa edilmiş
"Xarıbülbül" oteli, tarixi məkanda
ardıcıl olaraq keçirilən dövlət əhəmiyyətli
mədəni-ədəbi tədbirlər silsiləsi, quruculuq
işləri, Bülbülün musiqi ocağında
aparılan bərpa işləri, bir sözlə,
Şuşada gözlə görünən hər bir şey təzələnir,
yeni görkəm alır. Artıq Şuşa mif deyil, həqiqətdir!
Günay Qarayeva
Ədəbiyyat qəzeti.- 2022.- 16
aprel.- S.6.