Məzmunlu möhürlər

 

Novella

 

Tariyel Azərtürkə

 

Kafedra müdiri, əzazil Əhməd ilk mühazirəsində, yəni bəri başdan tələbələrə elan edirdi: "İmtahanda məndən beşi yuxunuzda görərsiz," - bu, onun tələbələri psixoloji sındırma siyasətində ilk atdığı addım olurdu. Arada qənimət bilib dərs demədiyi qrupların imtahanlarına da özünü soxuşdururdu ki, iki-üç tələbəni ağladıb axırda xırıltılı səsiylə nərildəsin: "A bala, ağlamaxla iş düzəlməz! Yühsəh qiymət almaq istəyən başqa cür hazırlaşmalıdı" və heç kim bilmirdi, "başqa cür hazırlaşmaq" necə olur. Biletdəkilərin hamısına normal cavab verib əlavə suallarda ilişən tələbə üç qiymətiylə təbii ki, razılaşmırdı. Onda əzazil başqa psixoloji sındırma taktikasına əl atırdı: "Sənin cavabın üçlük deyil! Bundan artığını istəməyə heç haqqın yoxdu. Ona görə get Allahına şükür elə, a bala". ("A bala"yla guya tələbənin könlünü alırdı.) Tələbə biletdəkilərə, əlavə beş-altı suala əla cavab verəndə, güc-bəlayla dörd alırdı və birinci kursdan qırmızı diplom almağı qarşılarına məqsəd qoyan bəzi əlaçılar belə, üç almadıqlarına görə Allaha şükür edirdilər. Əzazilin dekan, prorektor vecinə deyildi, rektor, ya da çoox yüksək səviyyədə tapşırıqla ondan "yühsəh" qiymət almaq mümkün olurdu. Düzü, kiminsə ondan öz gücünə beş aldığını eşitməmişdik. Şikayətə gedən tələbələrə dekan deyirdi: "Belədi də", yəni, ona sözü keçmir.

Üçüncü kursun son semestrində oxuyurdum, qiymətlərimin əksəriyyəti beşiydi, universiteti yetmiş beş faiz beşlə bitirsəm, sonda qırmızı diplom alacaqdım. Əzazilin bir semestr bizə mühazirələr oxuduğu "Dünya iqtisadiyyatı" fənnindən imtahana yaxşı hazırlaşmışdım deyə, dörd qiymətini yaxın buraxmırdım, - ancaq beş. Ona görə tək ümid qalırdı yüksək səviyyədə tapşırılmaya. Bu işdə dövlət qəzetlərindən birində müxbir işləyən, ali məktəblərə az-çox çıxışı olan atam mənə kömək edə bilərdi. Atama xahişimi deyəndə, bir az fikirləşib könülsüz dilləndi: "Ağlıma ancaq Valeh gəlir, danışaram, görüm neyniyə bilərik. Onu tanıyırsan, dillidi, bacarıqlıdı, olub ki, heç nəsiz belə işləri yoluna qoyub. Düzdü, sənin məllimin iqtisadçıdı, üstəlik, deyirsən ki, alçaq adamdı. Amma elə bilirəm, Valeh sözarası Qorkidə oxumağını, orda məşhur adamlarla oturub-durduğunu desə, bəlkə, bir şey alınar".

Valeh əmiylə atam uzun illərin dostlarıydı. Keçən əsrin altmışlarında Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuş Valeh əmi tərcümə şirkətində işləyirdi, arada bizim yazıçıların əsərlərini rus dilinə tərcümə edib əlavə pul qazanırdı.

İki gün sonra axşam evə gələn atamın sifətindəki parıltını görəndə, "Urra!" qışqırıb uşaq kimi iki dəfə yerimdə hoppandım. "Tələsmə görək hələ" deyən atam qəfil qəhqəhəylə gülməyə başladı. Vəssalam, əvvəlcədən beşim hazır idi. Tapşırılmağım öz yerində, deyəsən, misilsiz yumor hissi olan Valeh əmi Əhməd müəllimi güldürüb kefini açmışdı. Tənəffüslərdə filtrsiz Prima çəkə-çəkə, - onsuz da əti-qanı acı olan bu adamı tütünün sərt qoxusu daha da acı edirdi, - dəhlizdə o baş-bu başa gedən əzazilin daima zəhmli-zəhrimar sifətini gülən təsəvvürümə gətirəndə, atam başladı danışmağa.

Bunlar saat beşdə yollanır universitetə. Katibəsi deyir ki, Əhməd müəllim otağından çıxıb, atamın "Bəs nə vaxt gələcək?" sualına soyuq tonda "Bilmirəm" cavabı verir. Katibə otaqda ayaqüstə əzazili gözləməyə başlayan atamgilə oturmağı təklif etməyəndə, ona tərs-tərs baxan Valeh əmi hikkəylə stullardan birini çəkib oturur, atama başıyla işarə edir ki, sən də otur. Sonra Valeh əmi soruşur, Əhməd müəllim harda ola bilər, qız gözlərini hansısa moda jurnalından çəkmədən "Bilmirəm" mızıldanır. Bir saatdan çox vaxt keçir, atamgil öz aralarında gah söhbət edirlər, gah da mövzu qəhətə çıxır deyə, susurlar, darıxırlar. Katibə arada durub özünə çay süzür, rəfiqəsinə zəng edib bir xeyli rus dilində danışır. Bu, onsuz da əsəbi olan türkçü atamla, türkçülükdə ondan geri qalmayan Valeh əmini az qala hövsələdən çıxarır, atam baxışıyla işarə edir ki, biz bura mübahisə etməyə yox, iş düzəltməyə gəlmişik.

Darıxmaq, hövsələsizlik pik həddinə çatanda, Valeh əmi qəfil ayağa durur, atama "Bir dəyqə gözlə, gəlirəm" deyib otaqdan çıxır. Atamın ancaq tualet ağlına gəlir. Hardasa on dəqiqədən sonra qayıdan Valeh əmi katibəyə deyir ki, xanım, Əhməd müəllimi aşağıda gördüm, dedi, təcili elmi işlər üzrə prorektor Nazim müəllimin yanına düşəsiz, kafedrayla bağlı sənədlər verəcəklər sizə. Katibə çaşqın halda "Doğrudan?" yazılmış baxışlarını Valeh əmiyə zilləyir. Atamın dostu bu baxışları oxuyub inamla deyir: "Hə, hə, dedi tez gələsiz yanına". Katibə ayağa durub tez donunun ətəklərini düzəldir, əl güzgüsündə özünə baxıb saçlarına, qaşlarına əl gəzdirir, işgüzar ədasıyla dikdabanlarını taqqıldada-taqqıldada otaqdan çıxır. Atamsa əsəbi-əsəbi Əhməd müəllimin var-yoxunu söyüb deyir, bu alçaq katibəsini sənəd işinə görə çağırıbsa, biz ən azı yarım saat da burdayıq. Valeh əmi heç nə demədən əzazilin otağının qapısını açıb içəri girir. "Neyniyirsən?" deyən atam Valeh əminin arxasınca otağa girir. Parketin bərq vuran sarı parıltısından, divarlardan gələn rəng qoxusundan otağın təzəcə təmir olunduğu bilinirmiş. Valeh əmi beş-altı addım geri çəkilib qəfil yerindən götürülür, divara yaxınlaşıb əyilir, iki əlini döşəməyə dayaq kimi qoyub yuxarı qalxaraq ayaqqabılarıyla divara iki məzmunlu möhür vurur. ("Məzmunlu möhür"ü də özü deyibmiş atama), ardınca ayaqları divara bitişik, əlləri döşəmədə iki dəfə "jim" edir. Atam qəşş edib o qədər gülür ki, qarnı ağrıyır. "Təsəvvür elə, - atam gülə-gülə mənə danışırdı, - ayaqüstə durandan sonra divardakı ayaqqabı izlərinə baxıb mənə deyir, diqqətlə bax, soldakı möhür balığa oxşayır. Qolundan tutub dartıram, deyirəm, a kişi, nə balıq, təcili əkilmək lazımdı, indi katibəsi gələcək, biabır olacayıq. Nə isə, bunu otaqdan güc-bəlayla çıxartmışan, iki daşın arasında qayıdasan ki, Saratovda əsgərlikdə olanda, ayaqlarım göydə beş dəfə jim eliyirdim, indi güclə iki dəfə alındı. Çıxanda sənin o məlliminin otağının qapısını örtdüm ki, qız gələndə divardakı biabırçılığı görməsin". Atamın dediyinə görə, dəhlizdə onları heç kim görməyibmiş. Hə, onu deyim, o vaxt çöldə, idarələrdə kameralar yox idi.

O imtahan bir həftə sonra olacaqdı, səhərisi saat doqquza on beş dəqiqə qalmış özümü çatdırdım universitetə. Saat doqquzda katibə, on beş dəqiqə sonra Əhməd gəldi. Tez kafedranın qapısına yaxınlaşıb içərini dinşədim. İki dəqiqə keçməmişdi içəridən əzazilin bağırtısı, ardınca dikdabanların tak-tuk səsləri gəldi. Başa düşdüm ki, dünən atamgil hadisə yerindən qaçandan sonra bunlar o otağa ayaq basmayıbmış. Əzazilin hirslənməyini, atamgilə qarşı yekəxanalıq etmiş katibənin sifətindəki təlaşı görməkçün qapını açıb içəri girdim. Əhməd hirslə mənə dedi: "Nədi, a bala?" - "Üzr istiyirəm, imtahan məsləhət saatı nə vaxt olacaq?" - tez ağlımda tutduğumu dedim. "Nə məsləhət saatı? - sifətini turşutdu. - Mənə indi məsləhət verən... Eeh, sən nə hayda, mən nə hayda". Həyəcandan pambıq rəngi almış katibəyə üzünü tutdu: "Koruydun, ay qız? Hara baxırdın?!" - "Siz olmayanda, iki kişi gəlmişdi bura, sizi gözlüyürdülər. Sonra ağbaş olanı çıxdı otaqdan, qayıdanda mənə dedi ki..." - ağlamsınan katibə kəkələyə-kəkələyə cavab verdi. "Ay qız, nə ağbaş?! Ağbaş kimdi?!" - "Adını soruşmadım, Əhməd müəllim, icazə verin təzdən," - udqundu. Əsəbdən sifəti gərilib qırmızı rəng almış əzazil əlini yelləyib üzünü mənə tutdu: "Bəri gəl görüm... Bura bax hələ," - səbirsizliklə görmək istədiyim möhürləri göstərdi. Soldakı doğrudan, balığa oxşayırdı. Güclə özümü gülməkdən saxladım, başımı bulayıb "məzəmmət" tonuna keçdim: "Bunu hansı tərbiyəsiz eliyib? Öz də təzəcə remont olunmuş otaqda". - "Sən də deyirsən məsləhət saatı", - deyindi. - Mən bir şeyi başa düşmürəm, ayaqqabılarını çıxardıb p...nu ora sürtmək bu alçağın hardan ağlına gəlib? Ən əsası, bu adam kimdi? Nəyin qisasını alır məndən? Yaxşı, de görüm, bunu eliyəni tapsam neyniyim?" Onun aciz tonda bu sualı verməyi mənə qəribə gəldi. "Polis çağırın," - cavab verdim. "Nə polis? - hirslə mənə baxdı. - Onun cəzasını şəxsən özüm verəcəm, - əliylə sinəsinə vurdu. - Gətirəcəm bura, qulağından tutub deyəcəm yala bunu". "Yuxunda," - buna ürəyimdə gülsəm də, imtahandan heç olmasa, dörd almaqçün yaltaqlığa əl atdım: "Yox, demək istədim ki, siz bu adamı tapıb cəzalandırın, polis də öz işini görsün, qoy ikiqat cəzasını alsın". - "Allah bilir, polis nə vaxt bu yaramazı tapacaq. Onu indi, bu dəyqə tapmaq lazımdı, başa düşürsən?" Razılıq əlaməti kimi başımı tərpədib az qala yalvarışla dedim: "Əhməd məllim, sizə qətiyyən əsəbiləşmək olmaz, - bilirdim şəkəri var. - Ürəkdən deyirəm, sizə necə kömək eliyə bilərəm?" Ürəyimdə isə "Ay əzazil, dörd istiyirəm səndən, dörd," - dedim. "Kömək? - bir anlıq fikrə getdi. - Sağ ol. Get imtahanına hazırlaş. Özüm bu işə əncam çəkəcəm". Mən otaqdan çıxanda, əzazil yenə başladı katibəyə ağzına gələni deməyə: "Sən keysən! Tupoysan! Gələn adamlardan soruşmursan kimdi, nəçidi. Ağbaş belə gəldi, qarabaş belə getdi..."

Lap sonralar eşitdim fakültədə daxili təhqiqat-fason bir komissiya yaradıblar, o da səbəbkarları tapa bilməmişdi. Məsələdən xəbər tutan baməzə rektorumuz qımışa-qımışa öz köməkçisinə tapşırmışdı: "Ayaqqabı izlərinin şəklini çək, mənə gətir, bizim rayonun polis idarəsinə yollayacam". Köməkçisi məruzə edəndə ki, artıq xadimə izləri yuyub silib, rektor gülüb demişdi: "Neyniyək indi? Avçarka gətizdirək canini tapsın? Əsas divardakı izlərdi, onlar yoxdusa, polis avtomatik qüvvədən düşür".

Nəhayət, imtahan günü gəlib çatdı. Mən auditoriyaya girəndə, yeganə əlaçımız, sinifqomumuz Jaləylə əzazil qırğına çıxmışdılar. Beş almaq istəyən Jalə heç cürə üçə razı olmurdu, deyirdi, məni kəsin, gələn semestr bir də imtahan verəcəm. Əhməd "Ay qız, sən doğurdan inanırsan ki, məndən nə vaxtsa beş ala bilərsən?" deyəndə, sol tərəfində oturan əzazillikdə ondan bir az geri qalan Sahib müəllim "Bəlkə dörd yazasız?" - xahiş etdi. Jalə əl-qolunu ölçə-ölçə "Yox, yox, ya beş, ya da iki" deyəndə, Əhməd tez qələmi götürüb, qızın qiymət kitabçasına nəsə yazıb dedi: "Bax, Sahib məllimin xətrinə sənə dörd yazacaydım. Sən ki belə tərslik elədin, kəsdim səni. İndidən deyirəm sənə, yüz dəfə də yanıma gəlsən, mənnən üçdən yühsəh qiymət ala bilmiyəssən." - "Görərik" - deyib pörtmüş, doluxsunmuş Jalə hikkəylə qiymət kitabçasını götürdü. "Yuxunda görərsən!" - əzazil ayaqlarını yerə möhkəm vura-vura auditoriyanı tərk edən qızın dalınca nərildədi.

Çəkdiyim biletdəki suallar çətin deyildi, kağızda qeydlərimi edə-edə "Onsuz da xeyri yoxdu" pıçıltıyla deyinirdim, isti iyun günüydı, həyəcandan barmaqlarımın ucu soyumuşdu, artıq özümü üç qiymətinə hazırlamışdım. Əhməd növbəti qurbanına, qiymətləri dörd, beş olan dostum Murada sidq-ürəkdən əzab verirdi: "A bala, niyə hazırlaşmamısan?" - "Xəstəydim," - Murad mızıldandı. Əzazil şəhadət barmağını ona tərəf uzadıb xırıltılı səsinə güc verdi: "Sən təhsildə xəstə gibi bir şeysən. Üç! Hə, indi hırılda görüm". Bivec dostum sakitcə "Olan şeydi" dedi. Qaldı "gibi" məsələsinə, dostum əzazilin kafedrasında işləyən, bizə "Dünya ticarəti"ndən dərs deyən Nisə müəllimə təhvil verdiyi kurs işində "kimi" olan cümlələrin hamısında "gibi" yazmışdı. Nisə də müdafiədə kurs işinin vərəqlərini Muradın gözü qarşısında yellədib demişdi: "Gibi nədi?! Dolamısan məni?" Dostumsa gülə-gülə demişdi: "Nə fərqi var, kimi, ya gibi, əsas odu siz başa düşmüsüz nədən söhbət gedir".

Axırı, mənim növbəm gəlib çatdı, ayağa durub ayaqlarımdan sanki ağır qantellər asılmış halda gedib komissiyanın qabağında oturdum. Əzazil diqqətlə mənə baxdı, çönüb sağ tərəfində oturan Yusif müəllimə dedi: "Deməli, o gün qanım it qanıdı, divardakı o ayaqqabı izlərinə görə dəhşət əsəbiyəm. Bu da elə bil yerin altından çıxdı, bəs Əhməd məllim, məsləhət saatı nə vaxt olacaq," - güldü. Yusif müəllim də ona qoşulub güldü. Sonra əzazil qələmi götürüb masaya vura-vura dedi: "Amma sağ olsun, dedi ki, bu işdə sizə necə kömək eliyə bilərəm, bəs polis çağıraq, dedim, lazım deyil, get imtahana hazırlaş". Bu dəfə dörd almağa ümidim artdı, həvəslə soruşdum: "Əhməd müəllim, o divara dırmaşanı tapdız?" Gözlərini qıyaraq mənə baxıb susdu, bu baxışı məni təşvişə saldı. Nəhayət dilləndi: "Tapacaqlar, hələ yenə divara dırmaşdıracam onu, amma başqa yerdə".

Biletdəkilərin hamısına, dörd əlavə sualdan ikisinə cavab verdim. Son iki suala ("1981-ci ildə Portuqaliyanın ümumdaxili məhsulu nə qədər olub?", "Hal-hazırda Fransada tütünçülüyün ölkə iqtisadiyyatında payı neçə faizdi?") cavab verməkçün ən azı, yarımgün Axundov kitabxanasındakı kataloqların tozunu udmalıydım. Əhməd müəllim qiymət kitabçamı götürüb vərəqləməyə başladı. "Əşi ürəyimi üzmə, dördümü yaz, çıxım gedim," - ürəyimdə dedim. "Sən deyəsən, qırmızı diploma gedirsən, hə?" - gözlərini qiymət kitabçasından çəkmədən soruşdu. - "Bəli". Yusif müəllim şənimə iki-üç tərif dedi, bu dəfə dörd almağa lap ümidləndim. Əhməd müəllim qələmini götürüb dedi: "İki suala cavab vermədin. Üç. - "İki əlavə suala cavab vermədim, üç niyə?" - düz gözlərinin içinə baxdım. - "Dəxli yoxdu, əsas, ya əlavə, iki suala cavab verəmmədin". Nümayişkaranə üzümü çevirib pəncərədən çölə baxdım, yəni cəhənnəmə yaz. Əzazilsə "ürək-dirək" verməyə başladı: "İstiyirsən, bayaq qıza yazdığım qeyri-kafidən birini də sənə yazım, gələn semestr gəlib bir də imtahan verərsən". Dinmədim. "Onda üç yazıram" deyib yarama köz basırmış kimi sırtıqcasına güldü, qələmi götürdü. Az öncə məni tərifləyən Yusif müəllim guya mənə görə dilxor olubmuş kimi kədərli-kədərli masada bir nöqtəyə baxırdı. "Məni tərifləmək əvəzinə, Sahib kimi deyərdin dörd yazsın da, ay qorxaq," - ürəyimdə ona hirsləndim. Özümü alçalmış hiss edirdim, məni ən çox yandıran o gündən əzazilə yaltaqlanmağımın işə yaramamasıydı.

Dəhlizdə qrup yoldaşlarım üstümə cumdu: "Neçə?", "Neçə yazdı?" - "Üç". Təsəlli təsəllinin dalınca gəldi: "Alçaq", "Heyvandı, adam deyil ki", "Əşi vecivə alma, apelyasiyaya ver, ona qədər yaxşı yerdən bir adam tapıb tapşırtdırarsan, qiymətini dördə qaldırar". Əlimi yelləyib onlardan uzaqlaşdım.

Pilləkənlərlə aşağı düşə-düşə dodaqaltı Əhmədi pis-pis söyüşlərlə söyürdüm. "Çəkdiyi Primadı, Fransa tütünündən sual verir," - donquldandım. Özümə olan nifrəti körükləməkçün aldığım 3-ə baxmaq istədim, qiymət kitabçasını açanda, gözlərimə inanmadım. Elə bil yuxuydu gördüyüm. "Yox e, ola bilməz," - qiymət kitabçasını gözümə yaxınlaşdırdım. Hə, hə, 5 idi, əzazilin imzasıyla bir yerdə. 5-i də əzab verə-verə yazmışdı, guya məzələnmişdi mənimlə. Divardakı məzmunlu möhürlər, katibənin o günkü təlaşlı sifəti yadıma düşdü, dodağım qaçdı.

 

29 aprel, 2021-27 mart, 2022

Bakı-Qusar-Bakı

 

Alpay AZƏR

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.10-11.