Həqiqət pıçıltılarının poeziyası

 

Hər insanın öz karvanı,

Hər karvanın öz sarvanı.

Qələm ilə yazılanı,

Balta ilə pozmaq olmaz.

 

Bu, Hidayətin nə vaxtdan bəri söz karvanına qoşduğu, o zamandan məna yükü ilə bərabər, həmin yükün əbədilik taleyinin mənasına çevrilən həqiqəti ilə bərabər, istisini də saxladığı və elə həmin istiliklə də neçə-neçə nəsli isindirəcəyi şeirlərindən birindəki misralardandır. Bu, o həqiqətin xatırlatmasıdır ki, "qələm ilə yazılanın balta ilə pozulmaz" olduğunu bir daha yada salır və yada salınanların canlı nümunəsi kimi, mücərrəd deyil, gerçək olanı nişan verir. Bu illər ərzində heyrətin doğurduğu sualların cavabını tapmaq üçün ona lazım olan vaxtın hədər getmədiyinə isə həm özü əmin olub, həm də onu tanıyanlar. Bu, Hidayətin şair və insan taleyini şərtləndirən tale yazısıdır. Qəlbində ancaq doğmalarına deyil, xalqına və Vətəninə boylanan sərhədsiz sevgi yüküylə qoşulduğu ömür karvanı dünyanın harasından keçir keçsin, onu çəkən bircə ünvan üçün qəribsəyir:

 

...Sənin Vətənini sevdim ürəkdən,

Sevdim ilk addımdan, ani baxışla.

İndi qucağına çağırır Vətən,

Həsrətim qor olub, məni bağışla!

 

Onu demək çətindir ki, Hidayətin fikir və həmin fikrin ifadə forması olan söz potensialını ilk dəfə kim görüb və onun şeirlərinin arxasınca kim su atıb. Bunu bilmirik, bildiyimizsə o faktdır ki, ötən əsrin 70-ci illərində o, mürgülü İrəvan ədəbi mühitini silkələyə bilib. Bu, tamam başqa mövzudur, lakin yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, o ədəbi mühit öz inersiyası hesabına 50-ci illərə qədər qorunub saxlanılıb və bu "saxlanılmaq" Sovet Ermənistanında 1948-53-cü illərə qədər ancaq dözülə bilən siyasi ab-hava ilə sinxronlaşmadan başqa bir şey olmayıb. Həmin ədəbi mühitin solğunlaşması, ilk növbədə, təzədən boy verən daşnak təfəkküründən qidalanan və azərbaycanlı ziyalıları tarixi yurdlarından perik salan gerçəklik idi. Daha pis olansa, əlbəttə, işinin sürünə-sürünə də olsa, keçməsi üçün "erməniyə dayı deyənlərin" sırasının genişlənməsi idi.

Onun "Şahmat taxtası önündə" şeiri yaşadığı emosiyanı bu cür təqdim edir:

 

Sənin topun da var, zabitin də var,

Mənim ümidimsə piyadalardır.

Şahıma tuşlanan başsız hücumlar,

"Dirsəklər"ə dəyib qayıdacaqdır.

 

"Şeir nədir" - sualının cavabı da elə beləcə tapılır: "Şeir, nəinki yadında qalan, zaman-zaman içində təkrarlamağa ehtiyac duyduğun misralar və insanın daxili dünyasının ətraf mühitə poetik münasibətidir". Şair "Şahmat taxtası önündə" dayanarkən həmin münasibətin ifadəsini görürük. Buna görədir ki, Kantın həmyerlisi və fəlsəfi baxışlarının ən görkəmli davamçısı Humboldt poeziyanı "insan təfəkkürünün ən qüsursuz ifadə vasitəsi" olaraq qəbul edirdi.

Əlbəttə, "obyekt və hadisələri sistematik şəkildə artikulyar səslərlə təyin etmək bacarığı idrak üçün yaratdığı problemi ancaq poetik qabiliyyət əsasında həll etmək olar" fikri ilə razılaşmamaq mümkün deyil. Bunun üçündür ki, poeziya elmə zidd xüsusi təfəkkür növü kimi tanınır. Ona görə də "poeziya şifahi obrazlarda, nəsr isə abstraksiyalar, sxemlər, düsturlar vasitəsilə düşünür" - deyimi ilə mübahisəsiz razılaşmalı olmalıyıq. Hidayətin şeirlərini oxuduqca 17 yaşından günü bu günə qədər onun obyekt və hadisələri artikulyar səslərlə təyinetmə, bu şəkildə, olduğu kimi oxucusunun yaddaşına həkketmə sənətkarlığına heyrətlənməmək olmur:

 

Qəlbində, beynində qüdrətin yoxdur,

Özünü bir düşün dərindən-dərin.

Bax gör, taleləri necə olubdur,

Silahın gücüylə öyünənlərin?!

 

Hidayətin özünəməxsusluğunu əks etdirən şeirlərinin hər birində lirik "Mən"in özünün haçansa yaşantılarının sosial yükü sallanır. Bu, poeziyanın ictimai məzmunudur. O "ictimai məzmunun" sərhədləri isə geniş idi. Bu, bəzən dünyanın özü boyda genişlik effekti yaradan, ucsuz-bucaqsız kimi görünən ölkənin içindən keçdiyi 30-cu illər repressiyasından və 40-cı illər müharibəsinin "qara kağızları"ndan doğulan bütöv bir nəsil böyüyürdü. Beləcə, həmin nəsil "itirilmiş uşaqlığı" ilə büsbütün Hidayətin şeirlərinin baş qəhrəmanına çevrilirdi. Anaların çəkdiyi əzab və məhrumiyyətlərin sıxıntısında atasız böyüyən bu nəslin içində özləri ilə bərabər "boy atan" hisslərin "Atasızlar" şeirindəki ifadəsi kimi:

 

Sərin şərbət əvəzinə

Kəkotulu çay içənlər,

Kövrək qayğı şələlilər,

Daşqın çaylar keçənlər...

Uşaq ikən,

Atalılar qarşısında sıxılanlar, çəkinənlər,

Nəzərləri

Gələcəyin ümidinə dikilənlər!

Ayaqları çarıqlılar,

Şalvarları yamaqlılar,

Ataları, qırx bir-qırx beş davasında soraqlılar...

Arxasızlar, köməksizlər, mərd yalqızlar -

Atasızlar... atasızlar..!

 

Bu şeir bir gəncin taleyi haqqında deyil, yüz minlərin, milyonların, dünyada əvəzsiz olan zəhm qarışıq sevgidə heç də hər zaman duya bilmədiyin ata qayğısını itirməklə həyatlarında dərin boşluq yaranan nəslin himninə çevrilir. Bu, həmin nəsildir ki, o boşluğu özünü biləndən, dünyada ən müqəddəs nəyinsə çatmadığını hiss edəndən doldurmağa çalışıb. Bu istəklə də böyüyən, özləri ata, ana olan "Onlar" nə zamansa o gerçəkliklə razılaşmalı olublar həmin boşluğu heç nə ilə doldurmaq sadəcə olaraq, mümkün deyil. Hətta onlardan bəziləri bu həqiqəti qəbul etməyiblər, həyat həqiqətləri ilə baş-başa qaldıqları anlarda belə, hansısa möcüzənin baş verəcəyinə inanıblar. Ona görədir ki, Hidayətin "Atasızlar" şeirini həyat uğrunda, həyatın özünün amansız imtahanlarından keçməli olacaq yeni bir Gəncliyin manifesti də adlandırmaq olar:

 

...Bərk ayaqda,

Bəd günlərdə karıxmayın,

Uşaqlıqda, ilk gənclikdə addımbaşı,

Pisliklərlə üzləşəndə darıxmayın!

Zəhmət ilə təki olsun qışlar, yazlar...

Ömrünüzün bar mövsümü qabaqdadır,

            atasızlar...

                        atasızlar!

 

Ədəbiyyatın və xüsusilə onun ancaq hisslərlə deyil, ağlın və məntiqin saldığı işıqla dolu nümunəsinin - poeziyanın gücü daşıdığı ictimai yüklə ölçülür. İlk dəfə yalnız Azərbaycan ədəbiyyatına deyil, hətta incəsənətində də yaradılan bütün janrlara aid edilən sosial sifarişi şərt olaraq irəli sürən, haqlı olaraq Azərbaycan ədəbi tənqidinin atası kimi qəbul edilən Mirzə Fətəli Axundov olsa da, ondan sonrakı nəsil içərisində yetişən Həsən bəy Zərdabi həmin sifarişi mütəmadi olaraq xatırladır, ictimai məzmun daşımayan sənət nümunələrinin XX əsr Azərbaycanında, hətta onun sərhədlərindən uzaqdakı geniş arealda şəxsi baxışların təzahür formalarından başqa bir şey olmadığını elmi əsaslarla izah edən Əli bəy Hüseynzadə də öz müasirlərinə təlqin edirdi. Bu, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən birinin ədəbiyyat və incəsənətin qarşısındakı missiyanın mahiyyəti ilə bağlı daşlaşmış qənaəti idi.

Ədəbi tənqidin "60-cı illər ədəbi nəsli" kimi təsnif etdiyi yeni ruh və ideya daşıyıcıları kimi də ədəbiyyat tariximizə düşən şairlər kimi, Hidayətin poeziyası üçün də ictimai məzmun xarakterik idi. Bunu hələ o vaxt, Bakıda qərarlaşa bilməyərək doğulduğu kəndə qayıdan şairin ilk şeirlərindən görmək olur:

 

Qəlbimin yüyənsiz ürkək atını,

Hər könül evində çapa bilmirəm.

Bir kəndin yaxşılıq kainatını

Min nəhəng şəhərdə tapa bilmirəm

 

- yazıb da ("Anama məktub"), Mığrı dağlarına sığınan Hidayət də vardı. Onda o, həmin dağların məcazlaşdırılmış deyil, sözün birbaşa, poetikləşdirilmiş missiyasını isə "Dərələr qovuşanda" şeirində bu cür təqdimatla verirdi:

 

Qəcəl

            Zəngəzurun uca zirvəsi,

Nə şan-şöhrət umur,

            alqışlanır.

Qəcəl

            Bu torpağın qoca zirvəsi,

Daşqın Mığrı çayı ordan başlanır.

Dumduru çeşmələr axır dərəyə,

Suların mehiylə tellər daranır.

Dərələr çırpınır tənhayam - deyə,

Dərələr qovuşur - çaylar yaranır.

 

Bəlkə də xatırlatmaq belə artıqdır ki, ədəbiyyatşünaslıq ədəbiyyatın formasını, məzmununu, onun nə dediyini və nə demək istədiyini tədqiq edən, ədəbiyyatda nəyin baş verməli olduğunu müəyyənləşdirən, onun perspektiv istiqaməti, axarını proqnozlaşdırmaq vəzifəsini üzərinə götürən elmdir. Bütün bunlara baxmayaraq, təəssüf hissi ilə qeyd etməyi lazım bilirik ki, ədəbiyyatşünaslığımızın ən vacib qolları olan ədəbi tənqid bizdə heç vaxt lokomativ olmayıb, ədəbiyyat qatarının vaqonlarından başqa hansısa effekt yaratmayıb. Ədəbi tənqidimiz, sadəcə olaraq, ədəbi fakt üzrə sözünü deyib, ədəbi hadisələrin arxasınca sürünüb, azından, neçə illərdir ki, bu, belədir. Bəlkə də buna görədir ki, ədəbi tənqidimizin haçansa hansısa ağcaqayın meşələrinin qaranlığında və yaxud irmaq qırağında "gizlənmiş" "külçə"ni taparaq oxuculara, ümumilikdə ədəbiyyata təqdimatını nadir hallarda görüb və eşitmişik. Nəticədə isə yüzlərlə istedad, ancaq ədəbiyyatda və poeziyada deyil, bütün sahələrdə, beləcə, "nəhəng şəhərdə tapa bilmədiyi"ni bir "kəndin yaxşılıq kinatında" axtarır, tapır və səssizcə, heç kimin xəbəri olmadan yaşayır. O kənd haçansa Hidayətin görəcəyi Tağ Əmir-i kimi "Köçmüş dağ kəndinin nəğməsi"ni də oxuya bilər:

 

Burda nə toy səsi, nə tar, nə qaval,

Nə səfərə çıxan, nə yola salan...

Sualı mürgülü, mürgüsü sual,

Susubdur arzusu, dayanıb zaman.

 

Nə tüstü görünür, ocaq qalanır,

Nə də bulağında səhənglər dolur.

Nə ölüm, nə matəm, nə ürək yanır,

Nə də ki, anadan uşaq doğulur...

 

İnsanların ölmədiyi, uşaqların doğulmadığı, səssizliyin özündən belə, diksinən Tağ Əmir kimi kəndlər innən belə kimlərinsə sonradan nisgilli xatirələrinə dönəcək. O xatirələrsə bulağının dumduru suyunu, bal kimi şirin meyvələrini xatırlayanda yada düşəcək, lakin həmin xatirələr nə yanmış ciyərləri o "dumduru su" ilə sərinlədəcək, nə də "bal kimi meyvələrdən" dadmaq istəyənlərin ağzındakı dada dad qatacaq. Özünün səssizliyi ilə nə vaxtsa yanından ötən yolçulara hekayətini də söyləyə bilməyəcək Tağ Əmir, övlad qarşısında günahkar atalar kimi lal, susqun dayanacaq:

 

Sular da, quşlar da həvəssiz dinər,

Küskün kənd evləri batıbdır yasa.

Məbəd də qaranlıq zindana dönər,

Orda addımlayan insan olmasa...

 

Hər halda, bu günümüzə çatan yazılı mənbələr də təsdiq edir ki, hətta Aristotel belə, ədəbiyyatda görmək istədiyini deməkdən başqa bir yol görməyib: O, sadəcə olaraq, ədəbiyyatın, xüsusən, poeziyanın statistik insanın həyatında oynaya biləcək rolunu və o rolun formalarını sadalaya bilib, həmin formalardan hansının daha səmərəli ola biləcəyi ilə bağlı ehtimallarını bölüşüb.

Buna görə də teatrın katarsis rolundan danışan Aristotel öz "Poetika"sında poeziyanın imkanlarına xüsusi önəm verir, onun insanı yarada biləcək gücündən söhbət açırdı. O insanın, ətraf mühiti, həmin mühitlə bərabər, onu mənalandıran varlığın obrazını isə, hələ yazılı ədəbiyyatdan çox-çox əvvəl ağız ədəbiyyatında - folklor nümunələrində yaratmağa çalışıblar. Qədim yunan allahları və o allahlar qədər güc və qüdrət sahibi olan insanlar, qəfildən Ağ atın belində meydanlara çıxan "Ağatlı oğlanlar", çıxılmaz vəziyyətdə xalqına yolların ən düzgününü göstərən müdriklər, bir sözlə, xəyalən yaradılan qəhrəmanlar bütün yaradıcı kəslərin axtardığı personajlar olubdur. Və Hidayət də o yaradıcı insanların biri kimi, axtardığı İnsan obrazının ştixlərini gəzir və həmin ştrixləri onu yetişdirən təbiətin tərkib hissəsi olaraq görür. Onun axtarıb da tapdığı insanlar şairin göz açıb gördüyü yerlərdəymiş və şair qənaətindən yaranan heyrətini "Doğmalıq" şeirində belə ifadə edir:

 

Bir kənd daxmasında dünyaya gəldim,

O eldə doğmaymış hər daş, hər qaya.

Bu sirri sonralar anladım, bildim,

Orda gözəlliklər gəlməzmiş saya..!

 

Günəş də başqa cür çıxır o yerdə,

Qürubu bir qərib nağıla bənzər.

Orda pay-piyada,

orda yəhərdə

İldırım hünərdə igidlər gəzər.

 

Bu, axtardığı gözəllikləri tamam başqa yerlərdə və başqa insanların içində gəzən insanın qəfil rastlaşdığı mənzərə qarşısındakı heyrətidir. Bu, insanın illər keçəndən sonra dünyanın ən gözəl Qadını elə anası olduğunu dərk etməsi qədər sadə həqiqətin doğurduğu heyrətdir. Doğulan hər yeni heyrətsə yaşamaq stimuludur və Hidayətin o stimullarla gəzdiyi yerlər onun oxucusunu ancaq təbiətin gözəllikləri içinə aparmır, həmin gözəlliyi şərtləndirən detalları birbəbir göstərir, onun üçün heç vaxt unudulmayacaq yaddaş yaradır:

 

Orda təranədir, dağ da, çəmən də...

Hərdən yorulanda,

                        İşdən bezəndə

Gedirəm o yeri əzizləməyə,

Gedirəm o yeri təmizləməyə,

Çələng toxumağa, nərgiz dərməyə,

Hər kəsdən minnətsiz hörmət görməyə,

Qoca babalarla görüşmək üçün,

Çağlar çeşmələrlə öpüşmək üçün,

Yollar dolaşmağa, zirvə aşmağa,

Şirin duyğularla qucaqlaşmağa

Hikmət dünyasına boylanmaq üçün,

Məbədlər önündə dayanmaq üçün,

Min dərin sualı sormaqdan yana...

                                    Gedirəm ora.

 

Aristoteldən neçə min il sonra Yəhya Kamal Beyatlı poeziyanı, konkret olaraq şeiri "Bildiyimiz musiqidən fərqli bir musiqi" olaraq adlandırırdısa, Cahit Sıtkı Tarancıya görə şeir "sözlərlə gözəl şəkillər yaratmaq sənəti"ndən başqa bir şey deyildi. Nəcib Fazıl Kısakürək isə şeir yaradıcılığı haqqında "mütləq həqiqəti axtarış işidir" söyləyirdi. Hə, bu, şeirin "mütləq həqiqəti axtarış işi" olması həddindən artıq sərrast deyilən ifadədir və hesab etmirik ki, poeziyanın qarşısında duran vəzifəni bundan başqa cür ifadə etmək mümkün olsun. Mütləq həqiqəti axtarmaq, bəzən şairlərin həyatı üçün hökmə bərabər "Ənəl həqq" tapıntısından keçir və insanın yaranışından onun adının apaydın şəkildə sifətində yazıldığını iddia edən hürufatçılar o Həqiqətin yuvasını da müəyyənləşdirmişdilər. İnsan qəlbindəki həmin yuvanın ağzınadək gəlib çıxmış Cavid həmin ünvanda Xeyir və Şərin qoşa yaşadığına əmin idi:

 

İblis nədir? - Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? - İblis...

 

Hidayətin şeirlərində belədir, içində Xeyirin və Şərin yuva saldığı ümumi İnsan obrazı onun yaradıcılığındakı işığın mayasıdır. O mayadan isə ancaq Hidayətin lirik Məni təsəlli tapmır, onunla bərabər, "yaxşı insanların" axtarışına çıxan oxucusunda da sabahın xoş ovqatını yaradır. Həmin ovqatı verən hisslər "Yaxşı ki..." şeirində bu cür ifadə olunur:

 

Yaxşı ki, yaxşılar yaşayır hələ,

Qışda da tapılır təzə çiçəklər.

Məhəbbət at sürür elədən-belə,

Susmayır nəğməli, coşqun ürəklər.

 

Bununla belə, təskinlik verən yaxşı insanlarla bərabər, həmin lirik Mən bizləri "yaxşı olmayan" insanların mövcudluğunun zəruriliyinə inandırır. Və inandırma o qədər səmimi səslənir ki:

 

...Hər yanım yaxşılıq olsaydı əgər,

Yaxşının qədrini necə bilərdim?

Dörd tərəf olsaydı pislik, qəm, kədər,

Onda yaşamazdım, ölüb gedərdim.

 

Hidayətin şeirlərində insanın gücünə, iradəsinə olan inam həmin insanın daxili potensialından əlavə, onun mənəvi köklərindən gələn mənəvi qaynaqlara olan inamdır. Nisbi olaraq "yaxşılara" və "yaxşı olmayanlara" bölünənlərin dünyasında şair övladı olduğumuz təbiətə yanaşmalarımızda korreksiyaların həyati vacibliyini yada salır və çağırış edir. Şair əmindir ki, həmin "yanaşma korreksiyaları" təbiəti öyrənməyə aparıb çıxaracaq:

 

Sanırdıq hazırıq yüz il sonraya,

Gələn əsrlərə söykənməliyik.

Demə, uça-uça ulduza, Aya,

Torpağı yenidən öyrənməliyik.

Yarpağı yenidən öyrənməliyik,

Dünənə yenidən baş vurmalıyıq,

Dünəni yenidən yaşamalıyıq.

Dünənə boylanıb təmkinlə, ayıq,

Bu günün yükünü daşımalıyıq,

Dünənin köçünü daşımalıyıq...

 

Poeziyanın dinamikasındakı proseslərə ötəri nəzər salmaq kifayətdir ki, şeirin cəmiyyətə revolvusiya çağırışları etdiyini görəsən və onu da görmək mümkündür ki, bu dəvət revolusyon çağırışlara zəruriliyi aradan qaldıracaq İnsanın tərbiyə edilməsi istəyi ilə üzbəüz qalır.

İnsani Sevgi formalaşdırılır - bu, tərbiyənin əsrlərin sınağından keçən formulasıdır. Bu sevgi birinci növbədə, hələ tam dərk edə bilmədiyimiz təbiətə yönəldilməlidir. Buna görədir ki, şair şeirlərinin böyük əksəriyyətində o gözəlliyi qabardır və bu zaman onun estetik gözəlliyindən saha çox, insan həyatı üçün enerji mənbəyi kimi təqdim edilir:

 

Mənim çaylarımın mənbəyi çeşmə,

Mənim çaylarımın mənsəbi uzaq.

Hər sısqa bulaqdan ürəksiz içmə,

Dərin dəryalardır mənzili ancaq.

...Mənim çəhlimlərim təzadlar çəni,

Hələ üz tutmayıb arzu dağıma.

Bir çəhlim sabaha səsləyər məni,

Bir çəhlim üsyankar uşaqlığıma.

 

Poeziya mücərrəd demir ki, bu yeni hadisənin sistemdəki yeri filandır; onu sanki birincinin obrazı olan başqa bir fenomenlə eyniləşdirir və bununla da onun sistemdəki yerini təqribən və vizual, lakin bəzən təəccüblü dərinlikdə təsvir edir. Dünyanın parçalanması ilə ağırlaşan və onun "əbədi susuzluğunu" söndürmək, əvəzində onun yaşamaq eşqini təmin etmək üçün yollar axtaran insan təfəkkürü üçün poetik obraz məhz belə ümumiləşdirici başlanğıcdır. Poeziyanı obrazların, simvolların köməyi ilə "dünyanı tanıtmaq elmi" də adlandırmaq olar. Odur ki, onunla bağlı çox vaxt "Poeziya hər yerdədir, müəyyən qapalı obrazın bir neçə xüsusiyyətinin arxasında müxtəlif mənalar dayanır" - deyirlər. Poetik obraz öz məzmununa görə nəsr düşüncəsindən, "Günəşin gölməçədə əks olunması" kimi ən sadə məişət faktının göstəricisindən heç bir şəkildə fərqlənməyə bilər. Əgər dinləyici üçün bu göstərici yalnız fiziki faktla bağlı mesajdırsa, biz nəsrin hüdudlarından kənara çıxmamışıq, amma bir dəfə faktdan alleqoriya kimi istifadə etmək imkanı əldə etdikdən sonra qətiyyətlə demək olar: biz şeir səltənətindəyik...

Ümumilikdə, insan təfəkkürünün inkişafında poetik təfəkkürün hansı yeri tutduğunu və təfəkkürün hansı xassələri ilə hadisələri izah etməyin bu üsulunun mənşəyini müəyyənləşdirdiyini onun qohum düşüncə tərzi ilə - mifoloji təfəkkür adlanan təfəkkürlə müqayisəsindən daha yaxşı görmək olar. Buna görə də mifologiyanın mental əsasları müasir poetikanın zəruri komponentidir. Mifik təfəkkürün əsasını poetik təfəkkürdə olduğu kimi, uydurulmuş obrazla izah edilən hadisənin analogiyası təşkil edir; lakin poetik təfəkkür bu obrazda bədiiliyi aydın görür, mifik təfəkkür onu reallıq kimi qəbul edir.

Hidayətin "Hərdən... öz kölgəmi qamçılayıram" şeirini oxuyur və Sultan Mahmud Qəznəvinin kiçik bir əsər yazdıra bilmədiyi Firdovsiyə öz nadanlığı və cəhaləti ilə "Odissey" və "İliada"nın bir yerdə götürülmüş həcmindən də böyük "Şahnamə" yazdıran nadan çobanı xatırlayın. Yüzə-yüz Sizi əmin edirəm ki, xatırladığınız andaca Nyutonun sadə deyimində gizlənmiş möhtəşəm həqiqətlə baş-başa dayanacağınıza zərrə şübhə etməyəcəksiniz: "Dünyada iki şey hüdudsuzdur: kosmik fəza və nadanlıq". Elə, Hidayətin lirik Məninin də öz kögəsini qamçılamağa məcbur edən müasirləri olan nadanlığın daşıyıcılarıdır:

 

Hərdən... öz kölgəmi qamçılayıram -

Nadanla üz tutub əyləşəndə də,

İşbazla, dilbazla dilləşəndə də...

Sanıram, üz-üzə əyləşdiyim vaxt,

Sanıram, göz-gözə dilləşdiyim vaxt

Nadan çönüb birdən... alim olacaq,

İşbaz çönüb birdən... həkim olacaq,

Nə bilim, nəçi - nə,

            Kim - kim olacaq...

 

Hidayətin şeirlərinin məna yükü nə qədər çox, Mən-in mövqeyi nə qədər aydındırsa, onların hər misrasından özünü göstərən səmimiyyəti bir o qədər çəkici və doğmadır. Onun umu-küsüsü də təbii olduğu qədər səmimidir. Bu doğmalığın içindən kədərli gözləri ilə üzünə baxan insanı apaydın görmək mümkündür. O gözlərdəki kədər isə öz narahatlığını, kədərin yuvasını göstərir. Onun "Vətən" şeirində sanki həmin kədərin tilsimli gözləntisi dil açıb danışır:

 

Dostum yad diyardan zəng çaldı bu gün,

İlk sözü: necədir qoca anam, de.

Bir də ki... bu qərib, bu uzaq eldən,

Torpağa salam de, daşa salam de...

 

Baxanda yurdumun al göylərinə,

Ayağın altında qalmasın bir şöp.

Hər səhər, hər axşam mənim yerimə,

O doğma torpağın sinəsindən öp.

 

...Yenə eləcəmi o uca dağlar,

Nəmli baxışların yaşını sil sən.

Uzaqdan yanmağın nə faydası var,

Vətənin qədrini Vətəndə bil sən.

 

Hidayət hansısa möcüzə yaratmağa iddialı görünmür - o, sadəcə olaraq, insan ömrünün yaşantılarını ifadə edir. Bu ifadə forması o qədər sadə və doğmadır ki... O doğmalığı isə onun şeirlərini oxuduqca yaşayır və hansı məqamdasa artıq şairin həmsöhbətinə çevrildiyinin fərqində olmursan. O şeirlər isə səni təkcə məhəbbətinin izharında deyil, itirdiyi Ocağının istiliyini belə xatırlatmaqda, beləliklə də özü yaşayan nisgili bölüşməkdə tərəddüdlü görünən bir insanın dumduru portretini yaradır. Həmin portretdən boylanan lirik Mən öz ştrixləri ilə o qədər aydın çalarlar yaradır ki...

Həmin ştrixlərin canlandırdığı portretdən boylanan o özüdür, üzbəüz dayanıb da danışan, "Yenə eləcəmi o uca dağlar" - deyə sual verən Hidayət. O Hidayət ki, içindəki duyğuların bircə parçası ilə üzbəüz dayanıb ürəyini boşaltmaq üçün təngnəfəs dünyanın bir hovur nəfəs almasını gözləyir. Bəlkə buna görədir ki, "Ömür" şeirində sərrast ifadə olunan fikirləri deyən şair bir həmsöhbətə çevrilir, buna görə də Hidayətin söz karvanına qoşulduğuna zərrəcə heyifsilənmirsən:

 

Körpəlikdən budur yolum, adətim,

Haqsızlıq gördümmü,

            Aşıb-daşaram.

Uşaqlıqda qaldı ən pak illərim,

Ən çətin illəri indi yaşaram.

 

Çeşmələr çaylara qoşulub axdı,

Neçə coşqun çayı körpüsüz keçdim.

Mən uşaq olanda kosmonavt yoxdu,

Onunçün şairlik yolunu seçdim.

 

Bir də ki, hər çətin uçuşdan öncə,

Ürəkdə qələbə nidaları var.

Hər kosmonavt bir az şairdi, məncə,

Şairlər hamısı kosmonavtdılar.

 

Eynşteyn deyirdi ki, istənilən müqayisə qüsurludur, yəni tam deyil, onun mükəmməl nəticəsinə bel bağlamaq olmaz. Buna görə Hidayətin yaratdıqlarını nə şifahi, nə də yazılı ədəbiyyatımızdakı hansısa poetik nümunələrlə müqayisə etmək fikrində olmasaq da onu Şeiri əbədi Eşqin ünvanına çevirmiş Mikayıl Müşfiqlə müqayisə etmək yerinə düşər. Kitabdakı şeirlərin hər biri insan ömrünün anlarını sıralayır və yaranan bu silsilə təkcə yaşanmış ömrün mənasını deyil, o ömrün can atdığı dünyanı da göstərə bilir. Qarşımızdakı həmin mənzərədə min illərin suallarını müxtəlif formalarda dinləmək olur. Verilən sualların cavablarını da həmin mənzərələrdə görmək mümkündür. Ən ümidsiz cavablar belə, oxucuda bədbinlik yaratmır. Hidayət Tanrının qapısını o ümidin ünvanı kimi göstərir.

"Sevgi məktubları gələr adıma" şeirində şairin lirik Mən-i o qədər səmimidir ki, bu səmimiyyətə ancaq heyrətlənmək olur:

 

Bir sevda izini soraqlar ürək,

O izdə sevgimin külü də yanmış.

Elə bilirlər sətirlərimtək,

Məni də oxşamaq, sevmək olarmış.

 

...Amma oxuyuram o məktubları,

Hərdən xəyallarım büdrəyər, azar...

Elə bilirlər ki, o məktubları,

Dünyada ən nadir gözəllər yazar.

 

...Ay qızlar, yaxşı ki, bələd deyiləm,

Odlu sevginizə, nazınıza mən.

İnanın, hörmətlə baş da əyirəm,

Sizin hamınıza, hamınıza mən!

 

O, ancaq özünün deyil, ümumilikdə hamımızın, özünü insan bilənlərin içindəki duyğuların heykəlini yaratmaq üçün sözün imkanlarını səfərbər edir. Bəzən sözün belə nəyisə ifadə etməkdə çəkdiyi çətinliyi Hidayətin şeirlərində açıq-aydın görmək mümkündür. Mümkünsüz olan isə ovutmaq üçün tapılmayan sözdür. Həmin tapılmayan sözdə günah axtarmağa dəyməz. Sözün nə günahı? Söz ancaq olanı və olacaq kimi görünəni, həmin olanla olacaqları ifadə edə bilər. Buna görədir ki, yuxarıda ifadə etdiyimiz fikri bir də yada salmağı lazım bilirik: obyekt və hadisələri sistematik şəkildə artikulyar səslərlə təyin etmək bacarığı idrak üçün yaratdığı problemi ancaq poetik qabiliyyət əsasında həll etmək olar. Buna görə də birmənalı demək olar ki, Hidayətin şeirlərində poeziya elmə zidd xüsusi təfəkkür növü kimi bir daha özünü təsdiq edir. Hidayət şair Bəxtiyar Vahabzadəyə yazdığı "Padşahlar, şairlər" şeirində Şeirin "siz", "biz", "onlar" yox, Millətin taleyində oynadığı, oynaya biləcəyi rol barədə danışır. "Ana laylalarımızın ilki hardadır", "Ata şeirimizin kökü hardadır?" - sualının cavabı bu sətirlərdə verilir:

 

Odun özünü də nəğmə çətirlər,

Şeir bu millətə

            İlk iman,

                        İlk din.

Zamana sığmayan odlu sətirlər,

Nə vaxtsa alova çevrilib yəqin.

 

Elə ona görə qalib ordudur,

Bir ayağı yerdə, biri yəhərdə.

Elə ona görə Odlar Yurdudur,

Adı pozulsa da xəritələrdə.

 

Şeirin millətin "ilk imanı, ilk dini" olduğunu qəbul edən və deyən Hidayət onların missiyasını yada salır və onların gəlişini zəruri edən sosial-siyasi zərurəti bu cür ifadə edilir: "Üsyankar şairlər gələr dünyaya, Onda ki, dünyanı bürüyər ahlar" - deyərək şair olan kəslərin çiyinlərindəki məsuliyyət yükünün çəkisini göstərir. O yük ağırdır və o ağırlığı daşımaq üçün qəlbində torpağa və millətə təmənnasız sevgi yoxdursa, o yükü çəkə bilməzsən - deyir.

 

Şair vurulubdur - ruhu yaşayıb,

Şair qovrulubdur - ahı yaşayıb.         

Çinarlar ucalıb - şair yaşayıb,

Dağlar da qocalıb - şair yaşayıb,

Ürəklər ovudub misralarını,

Kimlər can atsa da, durub ayağa,

Vura bilməyibdir söz qatarını.

 

Beləliklə, Hidayətin neçə onilliklərdir ki, qoşularaq yola çıxdığı söz karvanının yükünə bələd olur, o karvanın öz mənzilinə üz tutan saysız-hesabsız insanların sırasında nəsillərin dəyişəcəyinə baxmayaraq, şeirlərin missiyasının dəyişməyəcəyinə inanırıq.

O yükün hər qatından keçib gəldiyimiz yolların tarixi, üz tutduğumuz gələcəyin və o gələcəyə aparan yolları quran Gəncliyin manifesti boylanır.

Onu hökməm xatırlatmaq, yada salmaq lazımdır ki, Hidayətin şeirləri üçün xarakterik olan forma və məzmun vəhdəti birmənalı olaraq yorucu deyil. Şairin şeirlərindəki bədii vasitələrdən zərif istifadə maneraları, inversiyalardan ustad zövqü ilə bəhrələnmək xüsusilə çəkici faktorlardan biridir. Üstəlik, onun şeir yaradıcılığında dilçilərimiz üçün tədqiqata cəlb edilməli zəngin materialın olması ondan xəbər verir ki, Hidayət bu əsərlərində novatorluğu ilə bərabər, xəlqidir.

 

Mahirə Hüseynova

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.12-14.