Kainata mesaj
Hekayə
- Gəl kainata mesaj verək.
- Necə?
- Gözünü yum. İstədiyin şeyi təsəvvüründə
canlandır və həmin şeyi ürəkdən istə.
- Sən də edəcəksən?
- Hə. Eyni vaxtda edəcəyik. Bir yerdə
oxumuşdum. Əgər, doğrudan
da, istəyə bilsən kainat verdiyin mesajı qəbul edir və onu həyata
keçirmək üçün
öz mexanizmini işə salır. Bu barədə univerisitetdə
oxuyanda psixologiya müəllimimiz bir sənədli film də izlətdirmişdi bizə.
- Yaxşı eləyək.
- Mən 3 deyəndə gözümüzü eyni
anda bağlayıb xəyal gücümüzü
işə salacağıq.
İstədiyin şeyi xəyalında
nə qədər yaxşı canlandırsan,
nə qədər detallara varsan o qədər yaxşıdır.
Getdik.
Biir, ikii, üç...
Səmada nur saçan Ayın ətrafına səpələnmiş ulduzlar gözoxşayan bir tablo əmələ gətirərək, dənizin sahilində oturub gözünü yummuş 2 qadına tamaşa edirdilər. 3-4 dəqiqədən sonra qadınlardan biri, adı Sabirə olan gözünü yavaşca açdı. O, kainata mesajını ötürüb yüngülləşdiyi üçün dərindən nəfəs aldı. Sabirə dostuna mane olmamaq üçün sakit dayanıb onun da öz mesajını verib bitirməyini gözlədi. Dənizin dalğaları da Sabirə kimi səs salmamağa çalışaraq Nəcibənin diqqətini dağıtmaqdan çəkinirdilər sanki. Nəcibənin sifətində xoş bir təbəssüm hökm sürürdü. Sabirə daha 5 dəqiqə sükut içində Nəcibəni gözlədi. Nəhayət, Nəcibə gözlərini meyxoş bir təbəssümlə açıb işıq saçan Aya, ulduzlara, sakitcə ləpələnən dənizə sonra isə Sabirənin üzünə baxdı. Nəcibənin gözlərindən oxunan xoşbəxtlik adi bir xoşbəxtliyə oxşamırdı. Nəcibənin gözlərindən oxunan xoşbəxtlik istəməyi bacaran adamın gözlərindən oxunan xoşbəxtliyin özü idi. Sabirə Nəcibənin qoluna toxunub hərarətlə:
- Gözəlçə, nədir səni belə xoşbəxt edən? - dedi. Sabirə ikilikdə olanda Nəcibəyə gözəlçə deyərdi. Onun belə müraciətinə səbəb Nəcibənin, doğrudan da, çox gözəl olması idi. - Halının dəyişməyi mənə deyir ki, sən öyrətdiyim texnikanı məndən yaxşı tətbiq eləmisən.
- Olsun. Elə istəyirəm ki...
- Nə istədin kainatdan?
- Nə istəyəcəyəme, ay Sabirə? İstəyim indinin istəyi deyil ki. On ilin istəyidi. On ildir ki, hər gün eyni şeyi istəyirəm mən - deyib, başını qəmli bir halda Sabirənin çiyninə qoydu. Nəcibənin on il idi ki, uşağı olmurdu. Sabirə Nəcibəni qəmləndirdiyi üçün təəssüflənib verdiyi suala görə peşman oldu.
- Yaxşı. Bağışla. Axmaq sual
verdim...
- Elə demə.
Sabirə
öz səhvini düzəltmək cəhdi
ilə növbəti sualı verdi.
- Yaxşı, onda de görüm necə bir uşaq istədin
kainatdan? - Sabirənin
bu cəhdi uğurlu alındı. Nəcibənin gözləri yenidən
işıq saçmağa
başladı və hərarətlə sözə
başladı.
- Qız uşağı arzuladım. Həyat dolu, qıvrımsaç,
gözəllik və ağılda heç bir uşağın çatmadığı gözəl
bir qız uşağı... Onu ilk dəfə qucağıma
almağımı, ilk dəfə
ana deməyini, ilk addımını atmağını,
ilk yazdığı sözü,
oxuduğu kitabı, məktəbə getməyini,
əla qiymətlər
almağını, ali məktəbə daxil olmağını, ömrümün axırına
qədər dizimin dibində olmağını
təsəvvür etdim...
Anadan olandan boyum bərabəri
olana qədər hər şeyi xırdalıqlarına qədər
təsəvvür etdim.
Sən demiş, tam bir gözəlçə istədim
kainatdan, - deyib ürəklə gülümsədi.
- Bəs adaxlı arzulamadın qızına?
- Açığı, yox.
On ilin həsrəti
məni elə günə salıb ki, həmişə övlad istəyəndə
ancaq dizimin dibində olmağını
istəyirəm. Tək indi
arzu tutanda yox. Axır beş ildə
elə şiddətlə
istəyirəm ki, dünyaya gəlsə ancaq yanımda olsun. Kiminləsə paylaşmaq istəmərəm
onu. Bilirəm, bu düz deyil. Həyatın qanunudur ki, qız ailə qurmalıdır. Ancaq
on ilin həsrəti məni elə sərsəm eləyib ki, bəzən nə danışdığımı,
nə istədiyimi çaşbaş salıram...
Yəqin, qızım
olanda onu ürəyim istəyən
qədər öpüb
qoxlayandan sonra ağlım bir az yerinə
gələr, - deyib gülür. - Bax onda adaxlı haqqında fikirləşərəm...
Nə deyirsən, bir yerdə adaxlı taparıq ona? - sualını verib daha ürəkdən
gülür.
- Tapmağına taparığ
e, ancaq kainata mesaj verəndə sən o işi də həll eləmisən, məncə.
Əgər qızın sən
arzuladığın kimi
ağıllı qız
olsa, onda bizə nə ehtiyac? Özü-özünə adaxlı da
tapacaq, xoşbəxt də olacaq.
Gecə sükutu ilə ona qulaq asmağı
bacaranlara öz nəğməsini oxumaqda
idi.
***
Skamyada yanaşı oturan qadınlardan biri o birindən soruşdu:
- Burada arzu tutmağımız
yadına gəlir?
- Hə. Sənin
də yadındadı? Sən öyrətmişdin
mənə.
- Niyə yadıma gəlmir, ay gözəlçə?
Düzdü, yaşımızın üstünə çox yaş gəlib, ancaq şükür Allaha hələ yaddaşım yerindədi.
Aradan 12
il vaxt
keçməsinə baxmayaraq,
Ay yenə də ətrafındakı ulduzlarla
bir yerdə eyni parlaqlıqla işıq saçırdı.
Üzərində Ay işığının əks olmasından xoşhal olan dəniz də o vaxt necə aramla ləpələnirdisə,
indi də elə aramla ləpələnirdi.
Anası
ilə diz-dizə oturmuş Ayan qadınlara müraciətlə:
- Nə arzulamışdınız
ki? Əvvəlcə sən de, ana.
Nə arzulamışdın? - dedi.
- Kainatdan səni istəmişdim, qızım.
O vaxt sən yox idin, - deyib
yüngül bir təbəssüm etdi Nəcibə. Bu təbəssümün
altındakı peşmançılığı
isə yalnız Sabirə duya bilirdi.
- Bəs sən nə istəmişdin kainatdan, Sabirə xala?
- Elə mən də səni istəmişdim, - deyib gülümsədi Sabirə
də.
- Nə xoşbəxt adamam mən. Hamı məni istəyib ki, kainatdan, - deyib, qıvraq tərzdə güldü Ayan. - Buyurun bu da
mən. Gəlmişəm dünyaya. Bu
qədər çox istədiyinizə görə
gərək bir dediyimi iki etməyəsiniz.
İndi isə mənim sizdən bir istəyim var.
- Nə istək? - Nəcibə soruşdu.
- Ana, nə olar icazə
ver dənizə bir az da yaxından baxım da.
- Yaxşı bax. Ancaq çox yaxınlaşma. Düşərsən.
- Baş üstə, - deyib oturduğu əlil arabasını hərəkətə gətirdi Ayan. Sabirə və Nəcibədən ayrılıb bir qədər dənizə tərəf sürüb saxladı arabasını. Ayan anadan fiziki qüsurlu halda doğulmuşdu. Aşağı ətrafları işləmirdi. Həkimlərin diaqnozuna görə də heç vaxt işləməyəcəkdi. Anası həkimlərin diaqnozunu eşidəndən bəri həmişə günahkarlıq hissi içində Sabirə ilə birgə kainata mesaj verdikləri günü və ümumiyyətlə o vaxtlar övladı ilə bağlı olan istəyini xatırlayırdı. Nəcibə kainatdan onun istəyini yerinə yetirmədiyinə görə narazı olmağa haqqı olmadığını düşünürdü. Kainat onun istəyini xırdalıqlarına qədər yerinə yetirmişdi. Ayan həyat dolu, qıvrımsaçlı, ağıl və gözəllikdə heç bir uşağın çatmadığı şəkildə ağıllı və gözəl idi... Və Nəcibənin arzuladığı kimi daim onun dizinin dibində idi. Ömrünün sonuna qədər də onun dizinin dibində olacaqdı.
Qəmli vaxtlarında başını söykədiyi dostu Sabirənin çiyni bu dəfə də Nəcibənin başı üçün kədərini ovutduğu yastıq oldu. Sabirə Nəcibənin axıtdığı göz yaşlarını silib onun kədəri müqabilində bir söz deməyə gücü çatmadığına görə susdu.
Ay ətrafında olan ulduzlarla bir yerdə gecənin sükutu ilə həmahəng olan qəmli bir simfoniyanı ifa edirdi.
Əlişükür
CAVADOV
Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.17.