Bir qarlı gecənin şeiri

 

Gödək gündür, uzun gecə, sulu qar,

Quru yağış demək olmur məyərsə.

Qısa etdim söz deməyin yolunu,

Bağışlama, xətirinə dəyərsə.

 

Zaman keçdi bulud enən gözümdən,

Vaxtsız idi, gördüm, üzgün itirdim.

Uzunu da, qısası da hədərmiş,

Gödəldikcə ömürdən gün itirdim.

 

Əllərimin ağrısıdır islanan

Quru yerdə sulu qarın altında.

Uşaq kimi axtarıram oyuncaq,

Son zamanlar uçqunların altında.

 

Düzü, yoxdur getməyə bir məkan,

Tövşüməkdən kəsildi, bax, nəfəsim.

Ayaq altdan qaçan yerdi, qalmayıb,

sürüşmək, yıxılmaq həvəsim.

 

Üşüməkdən keçib daha, əziz qış,

Ürəyimdən yığ qarını yolların.

Yesir qaldım ayağımın əlində,

Qırmaq olmur damarını yolların.

 

Gah yağışdır, gah da qardır bu yağan,

Son tufana əsəsinə gedirəm.

Dizim üçün deyil daha dolaylar,

Qalan ömrü kəsəsinə gedirəm.

 

Bir gün gəldi yaşı üstə dünyanın,

Adamın qar saçında su quruyar.

Yaşamalı gün varmış, saat,

Ən gödək gün, uzun gecə, sulu qar.

 

Zamansızlığın şeiri

 

Daha olmur vaxtı çəkmək geriyə,

Saatın da yatmağına zaman yox.

Uçurumdu, - üstü qaya, altı daş,

düşməyə, çıxmağa aman yox...

 

Alçaqlıqlar yaramır da bir işə,

Xəyanətlər qara qanda işləməz.

Düşməyi var, çıxmağı yox gedənin,

Ümid, inam bu yarğanda işləməz.

 

Özü olmaq mümkün deyil xainə,

Məkanı gen, zamanı dar taledə.

Ayaq üstə yerimək bir cəza,

Başı üstə yıxılmaq var taledə.

 

Asan deyil ürəyində ağlamaq,

Susmağadır dili sözü olanın.

Dərddən başqa qara günə nəyi var,

Qara qaşı, qara gözü olanın?

 

Bir şüalıq üfüq yoxsa gərəkdir,

İlmə-ilmə naxışından süzülmək.

Ayrı dərddir havalanmaq, oysa ki,

Faciədir əli yerdən üzülmək.

 

Öz ovcunda çırpınmazmı ürəyin,

Yol arasa qürbətə quş yuvadan.

Yaxşı bilir tufanatı dağılmış,

Uçmaq olmur uçurulmuş yuvadan.

 

Bir biləsən nə tufanlar oynayır,

Şaxtaların vuracağı don eyni.

Çıxış yolu tapılmaz ki, düşməyə,

Düşəndə , çıxanda da son eyni.

 

Uçurumlar donub qalar yerində,

Qayıdanda bir kölgətək geriyə.

irəli getmək olmur, nə durmaq,

Daha olmur vaxtı çəkmək geriyə.

 

Qafiyəsiz payız şeiri

 

Belə...

yola verdik bu payızı da,

daha bir arzu da düşdü ömürdən.

Günəşi sopsoyuq havalar kimi

indi yönüm döndü qışın izinə.

Mən səni gözləyə bilmədim, amma,

gəlib çatanacan yazın ilk günü...

Yox imiş dayanıb getməmək şansım,

bütün döngələrdən keçirmiş zaman...

Alıb aparırmış əqrəblər məni,

saatın səsində axırmış həyat...

Mən isə çiskənin altında üzgün...

Haradan biləydim,

necə biləydim,

- bütün yağışların bir məqsədi var, -

adamı qərq etmək xatirələrdə.

Yaşamaq çətindi lal bulaq ömrü,

gözümü apardı sulara baxmaq,

səsimi apardı çay şırıltısı...

Üzümün suyunu verdim yellərə,

çəhlimdən sel kimi axdı baxışım.

Uğruma kör-kötük diyirləyənə

illah eylədim deyə bilmədim:

- mən ki dayanmışam yolun ağında,

hələ gözlədiyim biri var, adam!..

Sən demə, uçurmuş saat qolumda,

Üstümdən tank kimi keçirmiş yollar,

zamanın təkəri tırtıllı sərt...

Adıma bir hədəf gülləbaranmış...

kim asıb divara şəklimi, ya Rəbb?!

Yetim başdaşına oxşayır rəsmim,

xəzəl yağışına düşüb surətim.

Həkim çağırmağa gərək-filan yox,

bir ömür gecikib təcili yardım...

Gecdi, sol nəbzimə çatmır sağ əlim,

zəhləsi gedənim, sənə sözüm bu:

- Məni vurasısan, vur, ürəyimdən!

Üz-üzə durduğum Ağrıdağıdır,

ağrıdan keçəcək hamı gec-tezi...

Mən daha heç kəsdən vaxt istəmirəm,

Gözləmə möhlətim bitsin-bitməsin...

Yarpaq yağışından qurtuldu ağac,

bir əngəl qalmadı üşüməməyə...

Bütün cığırların qışadır səmti,

mən səni gözləyə bilmirəm...

gedim...

Belə yola verdik bu payızı da...

 

Ürək söhbəti

 

Adam

təkcə ürəyindən gedənləri yola salmaz kədərlə,

həm

təbəssümlə qarşılayar başına gələnləri.

İkitərəflidir bütün yollar

adamın gözləri qaralır günün günortasında,

ağarır, - gird yarısında gecənin...

Bilmək olmur,

işıqda itirdiklərimi çoxdur,

zülmətdə tapdıqlarımı...

Ən çox gecələrdə lazımdır ürəkli olmaq,

başını qatmaq fikirlərin...

Qaranlıqların dərinliyindən qopan

ümid kimidir bir cüt maşın işığı...

Fərqi nədir haraya gedir, niyə gedir

İşıq varsa yol da var, deməli,

yol gedən yola gedən adamlar da var...

Bir uzaqlar, uzaqlar...

Ürəkdən gedənlər ürək qoymadılar adamda...

 

Dahanın dahası

 

Daha ağlamaqdan keçib, ya da yox,

Neçə ki gülmək var gözdən düşənə.

Mən nura vuruldum, yolçu, dada yox,

Üzü işığadır yol görüşənə...

 

Baxmaz rəngi nədir çıxan günə,

Qorxmaz büdrəməkdən ümidi kəsik.

İllərin həsrəti qaçar üstünə,

Bir az səliqəsiz, bir az tələsik.

 

Hava da üzünü turşudub qəmə,

bir təbəssüm var, nə bir qılıq var.

Tale yazısıdır istə-istəmə,

Hər görüş sonunda bir ayrılıq var.

 

Kəsib qabağımı hörümçək toru,

Məniydim, güzgünün çat şüşəsiydi...

Ocağı söndürüb gəzirəm qoru,

Tanrıdan payıma düşəsiydi?

 

Sonda bəlli olur kimin nəyi var,

İndi pula baxır çoxu, ada yox...

Bütün keçmişlərin gələcəyi var,

Daha ağlamaqdan keçib...

...Ya da yox!

 

Tor, adamlar və ağaclar

 

Üzü dənizə əssə də külək,

ən kiçik dalğanın da bir sahil həsrəti var.

daşlara çırpılan damcılar atılar qağayı səsinə,

qayalara dəyib qayıdar özünə ağrı...

Səs aldanış deməkdir suların pıçıltısında.

Qağayı gülüşləri

dənləyir kilkələrin sükutunu havadaca...

Sular döyəcləyər boş qayıqları,

avarları hara qoyduğunu unutmuş yarısərxoş,

yarımürgülü balıqçı...

Küncə atılmış köhnə

yosunlu tordakı yırtıqların

hər biri bir balığın qurtuluş ümidi...

Hörümçəklər rahat uyuya bilər sübhəcən

balıqçının gözü tor görür bütün künclərdə.

 

O gecədən bu sabaha

 

Qara gecələrin rəngiydi ən tünd,

Dünyanın çıraqsız vaxtıydı zülmət.

bir ümid ucu tutub getməyə,

yol-iz vardı eyləməyə qət.

 

Yox idi mənası ehtiyatın da,

Kimsə addımını boşa sayırdı.

Külək oynayırdı divar çatında,

Ən küncdə isə xışıldayırdı.

 

Həyəcan özünü atırdı səsdən,

gücə baxırdı, də bazburda.

Dəmir şəbəkələr gəzirdi qəsdən,

Dustaq vaxt idimi, adammı burda?!

 

Yaman soyuq idi tavanda sükut,

Sümsülər özünü asmışdı qardan.

Əyilib qalmışdı qar altda xar tut,

Bir nəfəs keçirdi sırsıralardan.

 

Min yerə aparır fikir adamı,

Buzda dərə çıxmaq, qarda dağ düşmək...

Qatıb-qarışdırıb hər şeyi hamı,

Tərsdir xoş həyatla gözüağ düşmək.

 

İtirdim, - işıqdı, ya zərrə, - nədi,

Yağdı saçlarıma nur adlı dən tünd.

Mənim gözlədiyim sabah gəlmədi,

Qara gecələrin rəngiydi ən tünd.

 

Süleyman ABDULLA

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.19.