Haqq savaşımızın və zəfərimizin
ədəbi tərənnümçüləri...
Mir Şahin Ağayevə
açıq məktub
Hörmətli
Mir Şahin müəllim!
Aparıcısı olduğunuz "Mir Şahinin vaxtı" adlı analitik proqramın budəfəki buraxılışında sənət və söz adamlarına xitabən səsləndirdiyiniz fikirləri dinlədim. Haqsız mövqedə olduğunuza görə sizi qınamaq fikrində deyiləm, ancaq gümanım budur ki, rəhbər vəzifədə olduğunuza, aktiv jurnalistik fəaliyyətinizə görə ədəbiyyatımızı lazımınca izləyə bilməyibsiniz.
Ədəbiyyat sizin və mənim "gözlərimizə sığacaq qədər" deyil deyə, nəzərlərimizdən və diqqətimizdən kənarda nələrinsə qalması mümkündür. Buna görə sizin ədəbiyyatımıza yönəlik iradınızı haqlı hesab etməsəm də, anlayışla qarşılayıram.
Geridə qalan
zaman
Müharibə bir ildən artıqdır bitib, amma yazılan və ortaya qoyulan ədəbi əsərlər həddən artıq çoxdur. Siz elə düşünməyin ki, yazarlar Vətənimizə, qələbəmizə biganədir. Fəqət, nədənsə danlaq çəkən də elə həmişə ədəbiyyatdır. Ya zəlzələdən, ya vəlvələdən reallığımız budur. Şüuraltı olaraq ədəbiyyatdan daha çox şey umuruq. Elə düşünməyin ki, az yazan şair, yazıçı, Vətəni çox danışan jurnalistdən az sevir. Sevgi oyuncağa, əllərdə alətə çevrilməsin deyə, Tanrı onu maddi olaraq yaratmayıb.
İcazənizlə mövcud reallığı sizə təqdim etmək istəyirəm.
Dövri mətbuat orqanları əksərən bədii mətnlərə qonorar vermir, yaxud acizlik nişanəsi sayılacaq həddə pul ödəyirlər, əksər bədii kitablar min bir məhdudiyyətlər hesabına çap olunur. Yazarların bəziləri hər zəhmətə qatlaşırlar ki, təki gecəni səhərə qovuşdursunlar, birtəhər dolansınlar. Amma buna baxmayaraq daim yazıb-yaradırlar. Əlbəttə, bu problemləri sadalamaqla Vətəni pul müqabilində tərənnüm etməyin doğruluğunu nəzərdə tutmuram. Hərçənd ki, sizin örnək gətirdiyiniz Sovet dövründə yazıçıya az qala nəfəs almasına görə də qonorar ödəyirdilər. Yazarlar hər əsərə görə heç maddiyyat da ummurlar, amma çoxları yazdığını çap etdirməyə də imkan, ünvan tapmır. İndi cəmiyyətimizdə də, bəzən ədəbiyyata və mədəniyyətə məsul vəzifəli bəzi şəxslərdə də XXI əsrin əsas xəstəliklərindən sayılan diqqət dağınıqlığı var. Çaşqın, sağa-sola axan gözləri daha eyni eynəyin altında bir nöqtəyə baxmağa məhkum etmək olmur. Nədənsə, hamı müstəqilliyi sevir, amma tələb etmək marağı güc gələndə sovet dövrü örnəyimiz olur. Bu paradoksa xahiş edirəm ki, siz də fikir verin. Bu məntiqdən belə çıxırmı ki, müstəqillik məsuliyyətsizlikdir? Biz sovet dövrünü təftiş etməkdənsə, sovet dövrü ilə təftiş edirik...
Sizi əmin edirəm, zəfərimiz haqqında çap edilən əsərlərdən çox, nəşrini gözləyən bədii nümunələr var. Məgər mətbuatımız yazılan bədii əsərləri çoxmu yaxşı işıqlandırır ki, oxucular da meydandakı əsərləri qədərincə tanısın?
Son iki-üç ildir Azərbaycanda bədii kitabların tirajı 200-250-ni keçmir. Bu reallıqda hansı kütləvi ədəbi təsirdən söhbət gedə bilər? Dünya təcrübəsinə bələdəm, amma inanın, bizim nəşriyyat sahəsində dirəndiyimiz dalanın analogiyası dünyada yoxdur ki, barı həmdərdimizə baxıb toxdayaq. Siz jurnalistika ilə ədəbiyyatı müqayisə edərək öz sənətinizi daha üstün tutursunuz. Kiçik bir saytın belə Azərbaycanda sosial şəbəkə menecerləri var, gecə-gündüz yazılar reklam olunur, onlara nə qədər maliyyə ayrılır. "Facebook"da pullu reklam səhifələrinə qoyulmayan verilişlər ölü doğulmuş uşağı xatırladır. Amma yazarlar bu imkanlardan məhrumdur, əksəriyyət öz profilinin hücrəsində abrına qısılıb işini görür.
Haşiyə: 2009-cu ildə akademik Ramiz Mehdiyev də ədəbiyyatı haqsız yerə sorğulayan məqalə yazmışdı. Həmin məqalədə akademik hesab sorurdu: "İndiki ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazırdırmı? O, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin mənəvi ehtiyacını təmin etmək iqtidarındadırmı?". O məşum sualın verilməsinin üstündən 12 il keçdi, R.Mehdiyevin ədəbiyyata verdiyi sualı dolayısı ilə onun istefasını tələb edənlər bu və ya başqa formada özünə ünvanladılar: Soruşdular ki, "XXI əsrdə, yeniləşən Azərbaycanda siz bizə lazımsınızmı, gələcək nəsillərin mənəvi ehtiyacını ödəmək iqtidarıdasınızmı?". Verilən sualın cavabını və nəticəsini isə siz də, mən də yaxşı bilirik. Ona görə ədəbiyyata sual verəndə: "Bəs hanı bizim "den pobeda"mız"?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?!" deyə tələb edəndə sabahı da düşünməyə, elə bilirəm, qismən də olsa ehtiyac var. Çünki təmənnasız ruhların qələmə aldığı əsərlər gün gəlir ki, əyninə qiyam köynəyi geyinib onları gözardı edənlərin yaxasını buraxmır. Bu aqibət sizdən min ağac uzaq olsun...
Hörmətli Mir Şahin müəllim!
Görün, yazarlarımız müharibə sovuşandan sonra, qısa bir zamanda nə qədər əsərlər meydana çıxarıblar. Yekə ağızdan tüpürməyə öyrəşənlər deyirdilər ki, Xocalı barədə yaxşı əsərlər yoxdur. Məlum faciəmiz barədə 33 poema yazılıb, 800 səhifəlik kitabdır, min bir zülmlə toplamışam, kim çap edəcək o həcmdə kitabı? Heç kim. Özü də bu il Xocalı dərdimizin 30 yaşı tamam oldu. Migel de Umamuno hər kitabının girişinə yazırdı: "Mən növbəti əsərimi insan biganəliyinin ixtiyarına buraxıram". Bizdə də oxşar vəziyyət deyilmi?
Aşağıdakı siyahıya görə əsərlərinin adını çəkməyi unutduğum qələm əhlindən bəri başdan üzr istəyirəm, dəyərli zəhmətlərini bilmədən gözardı etmişəmsə, kiminsə əsərinin adını siyahıya əlavə etməmişəmsə əfv etsinlər və bilsinlər ki, bu mənim qəlbimi çox incidir. Məni cavanlığıma və bilgimin azlığını bağışlasınlar.
Uzun
siyahının qısası
Sizin örnək göstərdiyiniz sovet dövründə müharibə barədə yazılanlar çox zaman təşkil olunurdu. Amma bu gün təşkilatçı Azərbaycan yazıçısının Vətənə bağlı qəlbidir. Zəfərimiz xüsusunda yazılan əsərlərin, çap olunan kitabların, ədəbi mətbuat orqanlarının sadəcə bir qismini dərin ehtiramla diqqətinizə çatdırıram, toplularda, antologiyalarda və "Xüsusi buraxılış"lardakı əsərləri ayrıca qeyd etmirəm. Çünki bunu etmək üçün "dəryalar mürəkkəb, ağaclar qələm olsa" çatmaz.
1. Azərbaycan Yazıçılar Birliyi "Qarabağ dastanı" (Otuz ilin həsrəti - 44 günün zəfəri) adlı gözəl bir kitab nəşr etdirib. Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb. "Təhsil" nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, ön söz müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
AYB-nin nəşrə hazırladığı "Bütün yollar Şuşaya aparır" adlı kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyi ilə yayımlanıb. Kitabda Vaqif Poeziya Günlərindəki çıxışlar, oxunan şeirlər, həmçinin həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb.
2. Mədəniyyət Nazirliyinin 2022-ci il üçün təsdiq olunmuş nəşr planına Zəfərimiz barədə bir neçə əsərin adı daxil edilib.
3. Ötən il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi" keçirilib. Ümumilikdə müsabiqəyə 321 əsər daxil edilib.
4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.
5. Vaqif Bayatlı Odər Şuşaya və azad olunan digər torpaqlarımıza, zəfərimizə şeirlər həsr edib.
6. Xalq şairi Sabir Rüstəmxanlı "Qarabağa dönüş" adlı poema yazıb. Əsərin həcmi böyükdür və ayrıca kitab şəklində çap olunub.
7. Xalq şairi Vahid Əziz Qarabağa həsr edilən ayrıca şeir kitabı - "Param-parça illər"i ortaya qoyub.
8. Xalq şairi Nəriman Həsənzadənin "Zəfər yolu" poeması dərc edilib.
9. Məmməd İsmayıl "Azərbaycan əsgəri" əsərini qələmə alıb.
10. Faiq Sücəddinovun bəstələdiyi "Zəfər simfonik poeması"nın sözlərini Səlim Babullaoğlu yazıb.
11. Qulu Ağsəsin bir ildən çoxdur mətbuatda Qarabağ, Zəfər mövzulu şeirləri ardıcıl dərc edilir.
12. Firuz Mustafanın "Bülbül yuvası" əsəri yayımlanıb.
13. TEAS Press nəşriyyatı 44 günlük müharibəyə dair kitab nəşr edib. "44 fəsil" adlanan kitabda 44 yerli müəllifin müharibəyə, müqəddəs şəhidlərimizə ithaf olunmuş 44 hekayəsi toplanıb. TEAS Press nəşriyyatı 44 günlük müharibəyə dair kitab nəşr edib. "44 fəsil" adlanan kitabda 44 yerli müəllifin müharibəyə, müqəddəs şəhidlərimizə ithaf olunmuş 44 hekayəsi toplanıb.
14. Akademik Rafael Hüseynov 44 günlük Vətən müharibəsi boyunca, az qala hər gün bədii-publisistik esselər qələmə alıb.
15. Ustad şair Ramiz Rövşənin şeirləri youtube-da kifayət qədər maraq yaradıb.
16. Baba Vəziroğlu millətimizə bir neçə zəfər marşı bağışlayıb.
17. Xanım İsmayılqızının söz və bəstə müəllifi olduğu "Sən qalibsən" mahnısını Xalq artisti Faiq Ağayev ifa edib. X.İsmayılqınızın "Şəhidlər" şeirinə isə Gülnar Əlfiqızı mahnı bəstələyib, Kamilə Nəbiyeva isə ifa edib. Xanım şairlənin qələmə aldığı "Əsgər marşı"nı da Gülnar Əlfiqızı şərqiyə çevirib, Anar Şuşalının səsi ilə bu əsər də xalqımızın yaddaşına qovuşub. Şairənin digər əsəri isə "Qarabağ Azərbaycandır". Bu mahnını Faiq Sucəddinov bəstələyib, Brilliant Dadaşova da oxuyub.
18. "Polad Həşimov xatirələrdə" adlı memuar kitabını "Hədəf nəşrləri" çap edib.
19. Zəfərimizdən sonra S.Babullaoğlunun rəhbərliyi ilə Monteneqroda "Qarabağ hekayələri", Ukraynada müharibə və zəfər haqqında azərbaycanlı müəlliflərin qələmə aldığı "Bayraqdar" adlı nəsr əsərlərinin cəm olduğu kitablar tərcümə edilərək nəşr olunub.
20. İlqar Fəhmi zəfərimizə aid pyes
qələmə alıb. Pyes "Azərbaycan"
jurnalının builki 2-ci sayında yer alıb.
21. Zahid Xəlilin
"Dəmir yumruq dastanı" adlı kitabı
oxucuların ixtiyarına verilib.
22. Ramiz
Qusarçaylının "Vətən" adlı həcmli
poeması yaxın günlərdə kitab şəklində
işıq üzü görüb.
23. Cənab
Ali Baş Komandan İlham Əliyevə və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğana onlarca şeir və
poemalar həsr edilib.
24. Etibar
Yaqubov Muradxanlı "Dəmir yumruq əməliyyatı"
və "Tələbə tağımı"
romanlarını yazıb.
25.
Üç qazi-şairimiz - Həsən Kür, Elvin
İntiqamoğlu və Emin Piri iştirakçısı
olduqları müharibə barədə şahid nəzərləri
ilə qələmə alınan çoxsaylı şeirlər
yazıblar.
26. Rəşad Məcidin "Şuşa" şeirinə
Xumar Qədimovanın bəstələdiyi musiqi əsəri təqdim
olunub.
27. Emin Pirinin olduqca təsirli "Müharibə gündəliyi"
adlı memuarları işıq üzü görüb.
28. Azərbaycan
Milli Kitabxanasının nəşri olan "Şuşa - Azərbaycan
mədəniyyətinin paytaxtı" adlı biblioqrafik
kitabda 2020-2021-ci illərdə Şuşa
qələbəsinə yazılan şeir, hekayə və
nağılların çap olunduğu mətbu orqanların
göstəricilərində onlarca yeni əsərin adı və
çap olunduğu mətbu orqan var.
29. Bu il
Azərbaycan Yazıçılar Birliyinin Gənclər
Şurası üzvlərinin qələbəmizə həsr
olunan bədii əsərlərindən ibarət "Sən
azadsan" adlı kitabı Cəfər Cabbarlı adına
Respublika Uşaq Kitabxanasının dəstəyi ilə
yayımlanıb.
30.
İlqar Kamilin general Polad Həşimov barədə "Polad
necə bərkidi" adlı gözəl bir esselər
kitabını "Parlaq imzalar" nəşriyyatı
oxuculara qovuşdurub.
31.
Mirmehdi Ağaoğlu "Zəfərin izi ilə" adlı
bədii reportajlar kitabını yaradıb. Reportajların
hər biri ağrılı səyahət hekayəsi siqlətindədir.
32. Elşad Barat şəhidlərə həsr etdiyi
şeirlərdən ibarət "Ölümsüzlər"
kitabını ərsəyə gətirib. Bir neçə
cilddən ibarət bu kitabın hələlik bir cildi çap
olunub.
33. Elxan Zal Qaraxanlının qələmə
aldığı "Ordu günü" adlı kitabı
çap olunub, "Azərbaycan simfoniyası" əsəri
işıq üzü görüb.
34. 30-dan
artıq şair "Azərbaycan əsgəri" adlı
şeirlər yazıblar.
35. Seyfəddin Hüseynli müharibə haqqında
dünya ədəbiyyatının onlarca şah əsərini
dilimizə çevirib yayımlayıb. Məqsəd
də odur ki, bəşəri reallıqlar oxucularda müqayisəli
təəssürat oyatsın.
36. Namiq
Atabəylinin "Fateh" (zəfər dastanı) bədii əsəri
yayımlanıb.
37. Qəşəm
Nəcəfzadənin "Ölüm qaldı o
dünyada" pyesi yayımlanıb.
38. Kənan Hacı şəhid Sənan Axundov
haqqında "Lalə rəngli
çobanyastığı" adlı roman yazıb.
39.
İlqar Fəhmi ilə Səlim Babullaoğlu yeni hərbi
marş yazıblar.
40.
Akademik Milli Dram Teatrında "Zəfər yolu" adlı
tamaşa hazırlanır.
41. Ötən
ilin noyabrında "Qalib olan Azərbaycan" adlı
tamaşalar festivalı olub. Zəfər
gününə həsr olunan neçə-neçə
tamaşa o festivalda bir-birinə rəqib olublar.
42. Elçin Hüseynbəyli bir-birindən dəyərli
Qarabağ hekayələri qələmə alıb.
43. Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
ədəbi orqanı olan "Dünya ədəbiyyatı"
jurnalının, "Türkiyə" "Pakistan",
"İsrail" adlı xüsusi ədəbi sayları da
haqq savaşımızla bağlı çox ciddi ədəbi
jestdir.
44. Azad Qaradərəli Cəbrayıl Dövlətzadəyə
həsr olunan "Cəbrayıl əfsanəsi" adlı
roman yazıb.
45. Nigar Həsənzadənin rəhbəri olduğu
Söz ədəbi layihəsi əsasında "İgidlərin
sözü" adlı tədbir keçirilib. Həmin tədbirdə
qazı-şairlərin yazdığı onlarca şeir oxunub.
Qazi-şairlərin zəfərimiz haqqında
yazdıqları ayrıca bir kitab şəklində nəşr
etdiriləcək.
46.
Mehriban Sultanın "Zəfər görüşü"
adlı birpərdəli pyesi yayımlanıb.
47.
"Ədəbiyyat qəzeti"nin bir
neçə sayı bütövlükdə qələbəyə
aid yazılara həsr olunub. Ümumilikdə,
savaşın ilk günlərindən "Ədəbiyyat qəzeti"
ardıcıl olaraq bədii materiallar dərc edib, onları bir
yerə toplasalar, 3-4 cildlik "Zəfərnamə"lər ərsəyə
gələr.
48.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və
"Qafqazinfo" xəbər portalının birgə layihəsi
əsasında ərsəyə gələn "Qazi müəllimlər"
adlı bədii oçerk kitabı yayımlanıb.
49.
"Azərbaycan" jurnalının "Şuşa"
adlı xüsusi sayı yayımlanıb. Ümumiyyətlə,
müharibə barədə ən həcmli bədii əsərlər
bu jurnalda dərc olunub.
50.
"Ulduz" jurnallarının "Qarabağ" adlı
xüsusi sayı dərc edilib.
51.
"525-ci qəzet"də müharibə soraqlı
yazıları, Zəfərimizlə əlaqədar mətnləri
bir yerə cəmləsələr, böyük bir kitab
alınar.
52. F.Köçərli adına Uşaq Kitabxanası
"Ölümü fəth edənlər" adlı 25
uşağın hekayələrindən ibarət toplu
çap edib. Zəfər tariximiz haqqında
uşaqların bədii düşüncəsini bu nəşrdə
aydın görmək olur.
53. Professor Səlahəddin Xəlilovun "Zəfər
yolunun hikmət xronikası və ya 44 gün - 44 aforizm"
adlı ədəbi-fəlsəfi fikirləri dərc edilib.
54. Şərif
Ağayar "Komandir" romanını yazıb.
55. Musa Urud silsilə şeirlər yazıb.
56.
Özbək şairəsi Xasiyyət Rüstəmin "44
gün" adlı kitabı dilimizə çevrilib
yayımlanıb.
57.
Gülxani Pənah 700 səhifəlik "Vətən
bağı al-əlvandır" adlı II Qarabağ
müharibəsinə həsr edilən əsərlər
toplusunu nəşr etdirib.
58.
"Mücrü" nəşriyyatı ötən il "Qarabağ Azərbaycandır"
adlı kiçik hekayə müsabiqəsi keçirib. Müsabiqəyə onlarca yazar yeni əsərlərilə
müraciət edib.
59.
"Mücrü" nəşriyyatı bədii
yazılardan ibarət "44 gün" adlı kitab nəşr
edib.
60. Sona Vəliyeva "Gözlə, Şuşam, biz gəlirik"
silsilə poetik əsərləri.
61. Abuzər
Turanın "Zəfər çələngi" poeması
hissə-hissə "Ədəbiyyat qəzeti"ndə
yayımlanıb.
62. Rafiq
Yusifoğlunun "Zəfər dastanı" kitabı
oxuculara təqdim olunub.
63. Orta məktəb
dərsliklərində qələbəyə aid çoxlu
sayda yeni şeirlər yer alıb.
64. Bir ildən
artıq müddətdə II Qarabağ savaşına aid 30-a
qədər hekayə dövri mətbuatda qələmə
alınıb.
65.
"Qanun" nəşriyyatı "Polad
generalımız" adlı kitab çap edib.
66.
Elçin Mirzəbəyli silsilə şeirlər yazıb
("Azərbaycan əsgəri", "Kabus qatar", "Dərd
kimi gözəlsən, Vətən",
"Darıxmışdı yurd yeri", "Əsgərə
məktub", "Minarə kölgəsi").
67. Kamalə Abiyevanın "Torpaq" kitabında vətən
mövzulu şeir və hekayələr, şəhid və
qazilərimiz haqda esselər yer alıb.
68.
Xanım Aydın "Hisslərin ön cəbhəsində"
povestini qələmə alıb.
69.
Şair İntiqam Yaşarın müəllifi olduğu, əziz
Əlibəylinin bəstələdiyi şərqinin
ifaçısı isə Türkiyənin tanınmış
ozanı Əsəd Kabaklıdır. Şərqi
Türkiyədə çoxsaylı televiziya kanallarında
yayımlanıb.
70. Cəlil
Cavanşir "Vətən dastanı" adlı sənədli
filmin ssenarisini yazıb.
71. Sayman Aruz klassik ədəbiyyat janrlarında Vətən
mövzulu çoxsaylı şeirlər yazıb.
72.
İlhamə Dağlının "Bayrağı öpən
ruhlar" povesti işıq üzü görüb.
73.
Adıgözəl Məmmədovun "Vətən müharibəsinə
gedən yol" kitabı işıq üzü görüb.
74.
"Ayrılarmı könül candan" adlı uşaq
yazarlarının seçmə şeirlərindən ibarət
antologiya çapa hazırlanıb.
75. Elnarə Akimovanın redaktorluğu ilə son otuz ildə
müstəqilliyə, istiqlal mövzusuna, zəfərimizə
dair yazılmış müxtəlif janrlı ən
yaxşı, seçmə uşaq ədəbiyyatı
nümunələrindən ibarət toplu Türkiyədə
öz çapını gözləyir.
76. Ramiz
Duyğunun "Qalibiyyət dastanı" adlı poetik əsəri
yayımlanıb.
77. Gənc
yazar Tural Cəfərli "44 gün - Zəfərə
doğru" adlı bədii kitab yazıb.
78. Zemfira
Məhərrəmli "Qarabağ bədii ədəbiyyatda"
adlı kitabını oxuculara təqdim edib.
79. Vaqif
İsaqoğlunun "Bizim general" poeması P.Həşimova
həsr edilib.
80. Gənc
şair Tural Turan "Zəfər notları" adlı poetik
silsilə qələmə alıb.
81. Asim
Yadigarın "Zəfər yolu" əsəri nəşr
olunub.
82. Əsəd
Cahangir "Xarıgülnar" poemasını yazıb.
83.
"Ustad" bədii jurnalının ayrıca "Zəfər"
sayı yayımlanıb.
84.
"Şuşa İli"nə həsr olunmuş pyes
müsabiqəsi elan edilib. Bu söz
yarışında da yaxşı əsərlərin meydana
çıxacağına ümid edirəm.
85. Yunus
Oğuzun Şuşa şəhərinin inşa edilməsinin
270 illiyinə və 44 günlük Vətən müharibəsinə
ithaf olunmuş "Cığır" tarixi romanı
tamamlanıb.
86.
Elçin Hüseynbəyli "Vida" adlı roman yazıb.
87. Ülviyyə Heydərova "İnarıram"
monopyesi oynanılıb.
88.
Narıngül xanımın zəfər mövzulu hekayələri
dərc olunub.
89.Azadə Novruz zəfər mövzulu
çoxsaylı şeirlər yazıb.
90. Səyyad Aranın "İrəvana gedən
yollar" adlı romanı nəşr edilib.
91.
Yazıçı Güllü Məmmədovanın
"Fatehlərin zəfəri" sənədli-romanı
yayımlanıb.
92. Amid Səlimoğlunun
"44 gün" romanı işıq üzü
görüb.
93. Faiq
Balabəyli "Dənizçilərimiz vətən
müharibəsində", "Onlar qəhrəmandır",
"Qarabağ müharibəsinin ilk qalib generalı"
kitabları çap olunub.
94. H.Mirələmov
"Lələtəpə səltənəti" adlı əsər
yazıb.
95.
Kulis.az saytının keçirdiyi hekayə müsabiqəsində
II Qarabağ savaşına aid onlarca yeni hekayə üzə
çıxdı.
96. Qəbələdə
Mədəniyyət Mərkəzinin Xalq Teatrı "Qələbə"
adlı tamaşa hazırlayıb.
97. Zahid
Sarıtorpağın "Qiyamət qaziləri"
roman-pritçası "Azərbaycan" jurnalının
ötənilki 11-ci sayında dərc edilib.
98. Solmaz Amanovanın "Şuşanın sehrli
açarları" adlı uşaq ədəbiyyatı
nümunələrdən ibarət kitabı nəşr olunub.
99. Məhəbbət
Əsədovanın "Bayraktar" adlı uşaq ədəbiyyatı
nümunələri cəm olunan kitabı işıq
üzü görüb.
100.
Dünya Gənc Türk Yazarları Birliyi qazilərin və
şəhidlərin şeirlərindən ibarət "Əbədi
sevda - Vətən" adlı kitab hazırlayıb.
101. Yusif
Məmmədoğlunun "Qələbə şəhidləri"
kitabı çap olunub.
102. Adil
Şirinin "Dözümün partlayışı -
müharibə şəkilləri", "Ümid
bayraqlarıdı qanlı köynəklər, Vətən"
adlı poemaları yayımlanıb.
103. Gənc
Tamaşaçılar Teatrı "Zəfər yolu"
adlı tamaşa hazırlayıb.
104. Gənc
şair Ulucay Akifin "Xarıbülbül" şeirinə
Murad Zeynal musiqi bəstələyib. Mahnını
Elvin Mirzəzadə səsləndirib.
105.
Vüqar Əhmədin "Şuşanın dağları
başı dumanlı" adlı şeirlər kitabı
çap olunub.
106. Aybəniz
Əlyarın "Xarıbülbül" pyesi Şabran Xalq
Teatrı tərəfindən səhnələşdirilib,
üstəgəl, Xaçmaz Mədəniyyət
Regionalının "Zəfər yazanlar" müsabiqəsində
l yeri qazanıb.
107.
Şahanə Müşfiq şəhidlər haqqında
portret-oçerklər qələmə alıb.
108.
Şirinxanım Kərimbəyli Şadimanın "Vətən
səndən nə qaldı?" adlı kitabı.
109. Sevinc Nuruqızının "Ağca və
Cuppulu" əsəri (uşaq ədəbiyyatı) həm Azərbaycanda,
həm də Koreyada tərcümə edilərək çap
olunub.
110. Xalid
Mahmudun "Əbədiyyət yolçuları", "Vətən
sənə oğul dedi", "Danışan şəkillər"
adlı üç kitabı işıq üzü
görüb.
111. Nurəddin
Ədiloğlunun "Şəhidlik manifesti",
"Behişt zəvvarları", "Sözün
müharibə rəngi" adlı üç kitabı
çap olunub.
112. Faiq
Hüseynbəylinin "Arzuların şəhidi" kitabı
nəşr edilib.
113.
Balayar Sadiqin "Zəfər simfoniyası" poeması dərc
olunub.
114. Xatirə Xatun və Qafar Cəfərlinin
yazdığı "Zəfərin 44 anı" adlı bədii
oçerklər kitabı yayımlanıb.
115.
Şahnaz Şahin "Zəfər nəğmələri"
poemasını yazıb.
116. Yaqut
Bahadırqızının "Ölümü ömür
seçmələr" adlı bədii oçerk kitabı
oxuculara təqdim olunub.
117. Qabil
Ədalətin bir neçə poetik əsərinə
mahnılar bəstələnib.
118.
Əli Rzazadə zəfərlə bağlı hekayələr
yazıb.
119. Fərhad
Əzizbəyli "Vətən sevdalıları"
kitabını yazıb.
120. Elnur
Uğur "Hadrut fatehi" əsərini yaradıb.
121.
Əlizaman Baxış "Kəndimin qartalları"
adlı oçerk kitabı.
122.
Mehriban Nağıyevanın "Xarıbülbül" əsəri
çap olunub. (Uşaq ədəbiyyatı).
123. Gülnar Səmanın müharibə haqqında
müxtəlif janrlarda yazdığı əsərləri
var.
124.
Müharibənin ilk günlərində "Yumruq
günü" adlı poema yazmışam.
Hörmətlə...
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.20-21.