"Şeirdən ucalıq umma
dünyada..."
Çünki şeir
alçaqkönüllülük hadisəsidir
İbrahim İlyaslının
qurultayqabağı poeziya məruzəsi
Bildiyiniz
kimi, keçən ilin payızında mənim qurultayda poeziya
üzrə məruzə edəcəyim haqqında qərar qəbul
edilib. O vaxtdan keçən az bir müddət ərzində
2015-ci ildən 2021-ci ilə qədər Azərbaycan
poeziyasının mənzərəsini sizlərə
çatdırmaq kimi məsuliyyətli bir missiya ilə görəvləndirilmişəm.
Düşünürəm ki, mənim kimi siz də bunun nə
qədər çətin və ağır bir iş
olduğunun fərqindəsiniz. Təsəvvür edin, AYB
üzvlərinin, demək olar, hardasa 70 faizi şairlərdən
və şeir yazan qələm adamlarından ibarətdir. Bir
qurultay məruzəsində təkcə onların
imzalarını sadalamaq, bu müddət ərzində
yayınlanmış kitablarının eləcə
adlarını çəkmək üçün məruzəyə
ayrılmış vaxtdan 10 dəfə artıq bir zaman kəsiyi
lazımdır. Odur ki, sonucda edəcəyim məruzədən
razı qalmayanların bəlli bir sayı olacağını
indidən bilirəm. Əlbəttə, hər kəs bu məruzədə
özünü görmək, onun
yaradıcılığına münasibət almaq istəyir.
Odur ki, məruzədə imzasının anılmaq haqqı
olub, ancaq kitablarına rast gəlmədiyim üçün
adlarını unuda biləcəyim şairlərimizdən bəri
başdan üzrxahlıq edirəm və yeri gəlmişkən,
öncəki qurultay məruzələrində adımın
tutulmamasından qətiyyən incik düşmədiyimi də
vurğulamaq istəyirəm.
Məruzədə,
əsasən, Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi
adına Ədəbiyyat İnstitutunun hər ilin ayrıca ədəbi
prosesini izləyən "Ədəbi Proses" toplusunda yer
almış araşdırmalara, "Azərbaycan",
"Ulduz" dərgilərində, "Ədəbiyyat qəzeti"ndə,
qismən də "525-ci qəzet", "Kaspi" və
"Ədalət" qəzetlərində və bir çox
almanax və antologiyalarda çap olunmuş poeziya nümunələrinə,
habelə bəzi ədəbiyyat portallarına istinad
edilmişdir. Xatırladım ki, qurultay öncəsi məruzələr
arasında, eyni zamanda poeziya bölməsini də əhatə
etməsinə baxmayaraq, Azərbaycanın güneyində
müasir ədəbi proseslə, ədəbi gəncliyin fəaliyyəti,
tərcümə məsələləri, Türk
dünyası ilə ədəbi əlaqələr və AYB
filialları ilə bağlı ayrıca məruzələr
olduğu üçün mənim məruzəmdə bu
mövzuları da tam əhatə etməyə ehtiyac
qalmır.
Poeziyamıza dövlət
qayğısı
Məruzənin
əsas hissəsinə başlamazdan öncə, milli ədəbiyyatımıza
və onun bir qanadı olan poeziyamıza dövlətimiz tərəfindən
verilən önəm və göstərilən qayğı
haqqında fikirlərimi bölüşmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamları ilə 2019-cu ilin
ölkəmizdə klassik şairimiz İmadəddin Nəsiminin
650 illik yubileyi ilə bağlı "Nəsimi İli",
2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
880 illik yublileyi ilə bağlı "Nizami İli" elan
edilməsi, Məhəmməd Hadinin 130, Molla Pənah Vaqifin
300, Hüseyn Cavidin 135, Cəfər Cabbarlının və
Əliağa Vahidin 120, Mikayıl Müşfiqin 110,
Aşıq Ələsgərin 200 illik yubileylərinin dövlət
səviyyəsində qeyd edilməsi ulularımızın
möhtəşəm yaradıcılığına yüksək
dəyər verilməsi, onların poeziyasının ölkə
və türk dünyası çapında bir daha təbliğ
edilməsi, gələcək nəsillərə
çatdırılması ilə yanaşı,
çağdaşlarımızın da
yaradıcılığına stimul vermişdir. Ədəbiyyatşünas
alimlər, tənqidçilər, eləcə də ustad
şairlər yubileyləri qeyd edilən klassiklərimizlə
bağlı yeni araşdırmalar aparmış, onların ədəbi
irsi yeni baxışla tədqiqata cəlb edilmiş,
haqlarında ilginc məqalələr yazılmış, həmin
ədiblərin əsərləri yeni tərtibat və redaktədə
təkrar nəşr edilmişdir.
XIII
qurultaydan keçən müddət ərzində
çağdaş poeziyamızın aparıcı qüvvələri
olan görkəmli şairlərimizə - Musa Yaquba, Ramiz
Rövşənə, Vahid Əzizə "Xalq şairi",
Vaqif Bayatlı Odərə "Əməkdar incəsənət
xadimi", Qəşəm Nəcəfzadəyə, Asim
Yadigara və hərbçi-şair Zəminə
Xınalıya "Əməkdar mədəniyyət
işçisi", şair Adil Cəmilə və Qulu Ağsəsə
"Əməkdar jurnalist" fəxri adlarının verilməsi,
Xalq şairi Fikrət Qocanın "Şərəf" və
"İstiqlal" ordenləri, Xalq şairi Nəriman Həsənzadınin
"İstiqlal" ordeni, şairlərdən Musa Urudun, Baba Vəziroğlunun
"Şöhrət" ordeni ilə təltif edilmələri,
Ofelya Babayevanın, Əşrəf Veysəllinin Prezidentin fərdi
təqaüdünə layiq görülmələri, Əkbər
Qoşalının və Gülnarə Cəmaləddinin
"Tərəqqi" medalı ilə təltif edilmələri
də poeziyamıza dövlət qayğısının və
diqqətinin bariz nümunəsidir, deyə
düşünürəm. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir)
yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə
malik ədəbi əsərləri dəyərləndirmək,
təbliğ etmək, istedadlı ədiblərin səmərəli
yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi
ilə "Qızıl Kəlmə" ədəbi
mükafatını təsis edib. Qurultaylararası zaman kəsiyində
3 dəfə bu mükafatlar eyni zamanda poeziya nominasiyası
üzrə sahiblərinə (2014-2015-ci illər üzrə
Əhməd Qəşəmoğlu və Ramiz Məmmədzadəyə,
2016-2017-ci illər üzrə Firuzə Məmmədli və
Vaqif Bayatlı Odərə, 2018-2019-cu illər üzrə
Vaqif Bəhmənli, Salam Sarvan və İbrahim
İlyaslıya) çatdırılıb.
Ölkəmiz
üçün 30 illik qaçqınlıq və məcburi
köçkünlük acıları ilə dolu bir fasilədən
sonra işğaldan azad edilmiş Qarabağda, mədəniyyət
paytaxtımız Şuşamızda 2021-ci ilin 30-31 avqust tarixlərində
M.P.Vaqifin yenidən qurulmuş məqbərəsi önündə
Heydər Əliyev Fondunun təşkilatçılığı,
Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban
xanım Əliyevanın da iştirakı ilə keçirilən
"Vaqif Poeziya Günləri"ni xatırlatmaq istəyirəm.
Tədbirin açılışında cənab Prezidentin
tarixi nitqi, görkəmli ədiblərimiz - Xalq
yazıçıları Anarın və Elçinin, Xalq
şairi Nəriman Həsənzadənin bu günü Azərbaycan
xalqına bəxş etdikləri üçün Azərbaycan
Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevə,
Qarabağı işğaldan azad edən qəhrəman şəhidlərimizin
əziz ruhlarına və qazilərimizə minnətdarlıqla
başlayan çıxışları orda iştirak edənlərin
yaxşı yadındadır. Bu günlər həm də ədəbiyyat
tariximizə qızıl hərflərlə yazılan tarixi
günlər oldu. Uzun illər Şuşa həsrətindən
yazan Azərbaycan şairləri - Xalq şairi Sabir Rüstəmxanlı,
şairlərdən Vaqif Bəhmənli, Xəyal Rza, Arif
Buzovnalı, Əkbər Qoşalı, Fərid Hüseyn,
Günel Şamilqızı, Şəhriyar Del Gerani, Nigar Həsənzadə
bu dəfə ona qovuşmağın sevincindən söz
açdılar, tarixi qələbəmizi vəsf edən
şeirlər oxudular. Bu möhtəşəm tədbirin
ardından AYB Kitab layihəsi olaraq "Vaqif Poeziya Günləri"nin
iştirakçılarının Şuşa təəssüratlarından
ibarət "Bütün yollar Şuşaya aparır"
adlı kitab nəşr edildi.
Bizdən
ayrı düşənlərə borcumuzdur bu ehtiram!
Məruzədə,
keçən qurultaydan bu yana sıralarımızı tərk
edib, haqq dünyasına qovuşmuş şairlərimizi
xatırlamaq, onların adlarını tutub, ömürlərinin
davamı olan poeziyalarına münasibət bildirmək bir vəfa
borcumuzdur. Bu müddət ərzində qədirşünaslıq
edib mərhum şairlərimizin poeziyasına müraciət edən
ədəbi orqanlarımıza, onların
yaradıcılığını yüksək qiymətləndirib
kitablarını çap edən nəşriyyatlarımıza,
bu kitabların nəşrinə maddi və mənəvi dəstək
olan insanlara, onların ədəbi irsini üzə
çıxarmaqda xidmətləri olan ailə üzvlərinə
belə bir təşəkkür borcumuz var.
Özlərindən
sonra zəngin ədəbi irs qoyub getmiş Azərbaycanın
Xalq şairləri Söhrab Tahir, Fikrət Qoca, Vaqif Səmədoğlu,
Zəlimxan Yaqub, Musa Yaqub, eləcə də görkəmli və
tanınmış şairlərimiz Məmməd Aslan, Fikrət
Sadıq, Ələkbər Salahzadə, Oqtay Rza, Abbas Abdulla,
İlyas Tapdıq, Camal Yusifzadə, Nurəngiz Gün, Məmməd
Kazım, İltifat Saleh, Bahadur Fərman, Məmməd Dəmirçioğlu,
Xasay Cahangirov, Mir Sabir, Ələddin İncəli,
Ərşad Bədəlli, Şaiq Vəli, Sabir Sarvan, Nisə
Bəyim, Fərqanə Mehdiyeva, Əhməd Oğuz,
Gülbala Mehdi, Xasay Mehdizadə, Anar Həbiboğlu, Osman
Əhmədoğlu, Məmməd Namaz, Ələsgər Həsənli,
Nurəddin Mirzəxanlı, Etibar Etibarlı, Nizami
Muradoğlu, Ənvər Əhməd, Əli Vəkil,
Şöhlət Əfşar, Ramiz Təmkin və
başqaları ədəbi camiəmiz və qədirbilən
oxucular tərəfindən zaman-zaman ehtiramla yad ediləcək,
onların poeziyası ədəbiyyat tariximizin bir
parçası olaraq oxunacaq, seviləcək, tədqiqatçılar
tərəfindən öyrəniləcək və gələcək
nəsillərə çatdırılacaq. 2015-ci ildən bu
yana adı çəkilən mərhum şairlərimiz
sonuncu dəfə sağlıqlarında AYB-nin ədəbi
orqanlarında unudulmaz şeirləri ilə
çıxış edib, sonuncu kitablarını nəşr
etdiriblər. Qədirbilən qələm adamlarımız - tənqidçilər
və şairlərin qələm dostları onların
haqqında səmimi xatirələrini qələmə
alıb, sağlıqlarında çap olunmamış
şeirlərini mətbuata təqdim ediblər.
Belə
ki, 2016-cı ildə Vaqif Səmədoğlunun "Sandıq
şeirləri" və ona ünvanlanmış şeirlərdən
ibarət "Vaqifə qırx dua" kitabları, 2017-ci ildə
Qabilin yeddi cildlik külliyyatı, Zəlimxan Yaquba həsr
edilmiş "Zəlimxan Yaqub ədəbi düşüncədə"
üç cildliyi və s. kitablar nəşr edilib. Eləcə
də "Azərbaycan" jurnalında "Şairin arxivindən"
başlığı altında Ələkbər Salahzadənin,
Adil Mirseyidin, Anar Həbiboğlunun və b.
sağlıqlarında çap olunmamış şeirləri
oxuculara təqdim edilib. Şair Xasay Cahangirovun
"Seçilmiş əsərləri" oxuculara təqdim
edilib. Sıralarımızı vaxtsız tərk etmiş
çox istedadlı şair Fərqanənin xatirəsinə həsr
edilmiş "Mən sizə darıxmaq öyrədəcəyəm",
şair Sabir Sarvanın xatirəsinə həsr edilmiş
"Ömrünü şeirə çevirən Sabir
Sarvan" xatirə-kitabları və s. nəşr edilib.
2018-ci il
mərhum şairimiz Nurəngiz Günün 80 illik yubiley tədbirlərinin
keçirildiyi tarix kimi də əlamətdar oldu. Müxtəlif
vaxtlarda Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan
Yazıçılar Birliyində anım tədbirləri təşkil
edildi, televiziyada xatirəsinə həsr olunmuş proqramlar
hazırlandı. Miniatür Kitab Muzeyində Nurəngiz
Günün yubileyinə həsr olunmuş "Səksən
yaşın səksən anı" miniatür
kitabının təqdimat mərasimi keçirildi. Şair
Elçin İskəndərzadə şairənin 80 illiyinə
"Günəşin elçisi" esse-monoqrafiyasını,
Maşallah Məftun "Güllərin
soyqırımı" poemasını yazdılar. 2019-cu ildə
şairin seçilmiş əsərlərinin I cildi nəşr
edildi.
Qurultaylararası
dövrdə dünyadan köçən şairlərimizin əziz
ruhlarını böyük şairimiz Ələkbər
Salahzadənin məşhur bir şeiri ilə salamlayır,
onların hər birini rəhmət, sevgi və sayqı ilə
anır, poeziyamızda dünya durduqca sevilən bir ad olaraq
qalmalarını diləyirik.
Bir də
gördün uşaqdı adam,
Bir də
gördün babadı.
Bir də
gördün oğuldu adam,
Bir də
gördün atadı.
Bir də
gördün yox oldu adam,
Bir də
gördün fotodu.
Bir də
gördün oddu adam,
Bi rdə
gördün ot oldu.
Bir də
gördün adamdı adam,
Bir də
gördün ad oldu.
Bölgələrdə poeziyamız
Poeziyamızın
ağırlıq mərkəzi paytaxt Bakı olsa da, Azərbaycanın
regionlarında yaşayıb-yaradan, həm ağsaqqal, həm
də orta yaş ədəbi nəsli təmsil edən
tanınmış şairlərimiz - Gəncədə Xəzangül,
İnqilab İsaq, Sahib İbrahimli və Aydın
Murovdağlı, Sumqayıtda Əşrəf Veysəlli,
Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı və
Gülnarə Cəmaləddin, Şəkidə Vaqif Aslan, Mingəçevirdə
İsmayıl İmanzadə və Elşən Əzim, Qazaxda
Barat Vüsal, Mustafa Rasimoğlu və Mübariz
Qaragözlü, Qubada Ramiz Qusarçaylı və Zakir Məmməd,
Xaçmazda Fərzalı Ziyanur, Məmməd Qədir və
Telman Təravət, Qusarda Ceyhun Ağabəyli, Şəmkirdə
Məzahir Hüseyzadə, Tovuzda İsa Cavadoğlu,
ozan-şair Urfan Əli və Çingiz Qəribli,
İsmayıllıda Şahməmməd Dağlaroğlu,
Ağdaşda Fəxrəddin Əsəd, Cəlilabadda
Əlirza Həsrət, Bilal Alarlı və Əlizadə Nuri,
Yardımlıda Sakit İlkin və İqbal Nəhmət, Lənkəranda
Tərlan Əbilov və Ağamir Cavad, Lerikdə Qədiməli
Əhməd, Ağstafada Saqif Qaratorpaq, Neftçalada Elnur
Uğur, Salyanda Mətləb Ağa, Biləsuvarda Hidayət Səfərli,
Siyəzəndə Nəcməddin Mürvətov, Masallıda
Arif Fərzəli, Şabranda Aybəniz Əliyar, Şəmkirdə
Nadir Məmmədli və Elməddin Nicat, poeziyamızın
odqoruyanları olaraq çalışır və
yazıb-yaradırlar. Onlar çağdaş poeziyamızda bəlli
yerləri olmaqla yanaşı, həm öz ətraflarında
sağlam ədəbi mühit yaradır, həm də
istedadlı gənc şairlərə örnək olur və
onlara öz istedadlarını üzə çıxarmaqda
kömək edirlər. Müntəzəm olaraq adları
çəkilən regionlarda şairlərin yubiley və
poeziya gecələrinin, kitab təqdimatı və imza günlərinin,
yaradıcılıq görüşlərinin keçirilməsi
də məhz bu ədiblərimizin adları ilə
bağlıdır. Bu mənada, uzun müddət paytaxt
Bakıda yaşayıb-yaratmış, lakin xeyli müddətdir
ki, öz istəyi ilə doğma yurdu Xızının
Qarabulaq kəndində binələnib, öz hücrəsinə
çəkilmiş ustad şairimiz Ağasəfanın adını
ayrıca qeyd etmək istərdim. O, ucqar bir dağ kəndində,
çətin şəraitdə yaşamaqla yenə də ədəbi
mühitdə həm keyfiyyət, həm də kəmiyyət
baxımından yüksək səviyyədə öz ədəbi
varlığını sürdürməkdədir.
Görüşlərimizin birində
mükafatlandırılması ilə bağlı təklifimizi
şair Ağasəfa bir bəndlik şeir ilə
cavablandırdı:
Mükafat
tilsimdir şair qəsdinə,
O da mənlik
deyil, cəhdin əbəsdir.
Bir ovuc dən
səpdim qarın üstünə,
Mənə
sərçələrin duası bəsdir.
Başda
birliyin sədri Asim Yadigar olmaqla Naxçıvan
Yazıçılar Birliyinin üzvləri olan şairlərimizin
qurultaylararası müddətdə nəşr edilən
kitabları, ədəbi orqanlarda davamlı
çıxışları, birliyin hazırladığı
almanaxlar Naxçıvanda qədim ədəbi ənənələrin
davam etdiyindən xəbər verir. Tanınmış şairlər
Xanəli Kərimli, Əbülfəz Muxtaroğlu,
Əbülfəz Ülvi, Muxtar Qasımzadə, Hüseyn
Bağıroğlu, Elxan Yurdoğlu, Kəmalə Nəsrin,
Ələsgər Nehrəmli, Qafar Qərib, Sona Amal, Təranə
Arifqızı və başqaları burada ədəbi
mühitin öncül və fəal nümayəndələri
olaraq tanınırlar. Son illər Naxçıvanda 53
şairin şeirindən ibarət "Naxçıvanın
şeir çələngi" kitabı fransız dilinə tərcümə
olunaraq akademik İsa Həbibbəylinin ön sözü ilə
çap olunmuş, şairlərimizin qədim
diyarımıza, onun təbii gözəlliklərinə həsr
etdiyi 77 şeirdən ibarət "Naxçıvan konulu
şiirlər" toplusu Türkiyədə çap olunaraq
oxucuların ixtiyarına verilmişdir.
Poeziyamızın
coğrafiyası ilə bağlı bu qənaətdəyəm
ki, məmləkətimizin ucqarlarında bu cür ünlü
şairlərimizin yaşayıb-yaratması bir növ həm
də ədəbiyyatımızın coğrafi
tarazlığını qoruyub saxlayır.
Ölkə xaricində
poeziyamızı təmsil edənlər
Ölkə
xaricində poeziyamızı təmsil edən ədiblərimizdən
söz açarkən, ilk yadımıza düşən, uzun
illərdir Türkiyədə yaşayıb-yaradan görkəmli
şairimiz Məmməd İsmayıl olur. Ünlü
şairimiz Türkiyədə də yayğın və
tanınmış bir şair olmasıyla bərabər, həm
də qardaş ölkədə Azərbaycan
poeziyasının böyük təəssübkeşi və
yorulmaz təbliğatçısı missiyasını yerinə
yetirir. Onun təqdimatında və Türkiyə türkcəsinə
uyğunlamasında Azərbaycan şairlərinin əsərləri
Türkiyənin aparıcı ədəbi qəzet və dərgilərində,
poeziya antologiyalarında müntəzəm olaraq nəşr
edilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Məmməd
İsmayıl bu gün dünya çapında kitabları ən
çox tirajlanan və tanınan bir şairimizdir. Təkcə
2015-2021-ci illər arasında onun Azərbaycan, türk, rus,
fransız, macar, alman, yapon, alban, rumın dillərində
olmaqla 9 dildə 16 kitabı nəşr edilib oxuculara
çatdırılmış, bu kitabların çap
olunduğu ölkələrdə görkəmli ədiblərin
geniş rəyləri işıq üzü
görmüşdür.
Çağdaş
poeziyamızın Türk dünyasında təbliğ edilməsi,
eyni zamanda müxtəlif türk ölkələri şairlərinin
əsərlərinin Azərbaycan dilinə çevrilərək
oxuculara çatdırılması, bu ölkələrin
tanınmış şairlərinin Azərbaycana dəvət
edilməsi, Azərbaycan şairlərinin türk ölkələrində
keçirilən poeziya festivallarına qatılması və
bu ölkələrdə "Azərbaycan poeziyası"
antologiyalarının nəşr edilməsi yönündə
də xeyli işlər görülmüşdür. Bu mənada,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə
Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu" İB-nin, şair Elxan Zal
Qaraxanlının rəhbərlik etdiyi "Beynəlxalq Mahmud
Kaşqari Fondu"nun, Azərbaycan təmsilçisi şair Xəyal
Rzanın rəhbərlyi ilə İLESAM tərəfindən
düzənlənən "Beynəlxalq şairlər
günü"nün, şair Əkbər
Qoşalının Məsləhət Şurası başkanı
olduğu "Dünya Gənc Türk Yazarları
Birliyi"nin, şair Dəyanət Osmanlının rəhbərlik
etdiyi "Türk Dünyası İnfo" İB-nin, Nazilə
Gültac və Coşkun Karabulutun layihə rəhbərləri
olduqları "Könül körpüsü"nün,
İlqar Türkoğlunun həmsədri olduğu
"Çukurova Ədəbiyyatçılar Dərnəyi"nin
həyata keçirdikləri layihələr ədəbi
üfüqlərimizin Turan uzantısının
oluşmasında böyük rol oynamışdır.
2019-cu
ilin aprel ayında şair S.Hüseynovla birlikdə Moskvada səfərdə
olarkən oradakı Azərbaycan ədəbi mühiti ilə
daha yaxından tanış olmaq imkanı qazandıq. AYB Moskva
filialının sədri, şair Abuzər Bağırovun,
filialın katibi, şair Afaq Şıxlının rəhbərliyi
ilə Şəhriyar Mədəniyyət Mərkəzində,
M.Tereza Adına Moskva Dövlət Linqvistika İnstitutunda fəaliyyət
göstərən "Azərbaycan Mədəniyyət Mərkəzi"ndə
keçirdiyimiz görüşlər Moskvada yaşayan azərbaycanlı
şairlərlə daha yaxından tanış olmağa imkan
verdi. Abuzər Bağırovun hazırladığı
"Moskvada Azərbaycan ədəbi mühiti" kitabında
və "Moskvalı Azərbaycan şairləri"
antologiyasında (rus dilində) burada və yaxın çevrədə
yaşamış və yaşayan azərbaycanlı şairlərin
- İbrahim Kəbirli, Faiq Məmməd, Tahir Aslanlıdan
başlayaraq Alla Axundova, Tofiq Məlikli, İlham Bədəlbəyli,
Afaq Şıxlı, Sultan Mərzili, Nəsib Nəbioğlu,
Maya Bədəlbəyli, Mirabbas Ağdabanlı, Əşrəf
Hüseynli, Yavər Həsən, Yaşar Süleymanlı və
başqaları da daxil olmaqla, gənc şair Nilufər
Şıxlıya kimi hər kəs haqqında dolğun məlumatla
yanaşı, onların yaradıcılığından
nümunələrə də geniş yer
ayrılmışdır.
Azərbaycan
Yazıçılar Birliyinin Gürcüstan filialının
sədri, şair Rafiq Hümmətin, Borçalı ədəbi
məktəbinin layiqli davamçıları - Allahverdi Təkləlinin,
Nizami Paşa Saraclının, Rövşən Nəsiboğlunun,
İbrahimxəlilin, Tapdıq Yolçunun, Azər
Musaoğlunun və başqalarının Azərbaycan və
gürcü dillərində yeni nəşr olunmuş
kitabları və hər iki ölkənin ədəbi
orqanlarında müntəzəm çıxışları
da burada ədəbi mühitin dayanıqlığından və
inkişafından xəbər verir.
Eləcə
də Estoniyada Xaqani Qayıblının, Özbəkistanda
Akif Azalpın, Başqırdıstanda Baloğlan Cəlilin,
İngiltərədə Rauf Qaraişığın,
ABŞ-da Səfər Fuadın, İspaniyada Şəfa Rəşidin,
Fransada Şəhriyar İbrahimovun, Belarusda Məhəmməd
Azəroğlunun, Rusiyada Günay Səma Şirvanın
yaşadıqları ölkədə Azərbaycan
poeziyasını layiqincə təmsil etmələri ədəbiyyatımızın
dünya arealında daha yayğın bir hala gəlməsinə
səbəb olmuşdur.
Dəmirqapı
Dərbəndin poeziyası isə geniş bir yazının
mövzusudur. Ünlü sələfləri Məhəmməd
Tağı Qumru, Məsum Dərbəndi, Feyzi Dərbəndi,
Bayat Abbas, Diləfruz Pəri, Xəlil Dərbəndi, Mirzə
Səməndər, Nəriman Ağasıyev, Şıx
İbrahim Manafov kimi sələflərinin ədəbi gələnəklərini
layiqincə davam etdirən yeni nəsil Dərbənd şairləri
Fəxrəddin Oruc Qəribsəs, Təhmiraz İmamov, Zeynəb
Dərbəndli, Elman Abbas, Tahir Saleh, Məmmədhəsən
Bayatlı, Rüstəm Bəhlulzadə, Hüseyn Dərdli,
Natiq Seyidov və adını çəkmədiyim onlarca
söz adamı orada milli poeziyamızın çağdaş
mənzərəsini oluşdurmaqdadır.
1990-cı
illərdə Dərbənddə fəaliyyət göstərən
"Narın-qala" ədəbi məclisi Dərbənddə
yazıb-yaradan yazarların təbliğində yeni səhifə
oldu - böyük sənətə cığır açdı.
Ramiz Qusarçaylının dəstəyi ilə Qubanın
"Ay işığı" ədəbi məclisi ilə
sıx əlaqələr quruldu. Dərbənd şairlərinin
əsərləri Bakıda, azərbaycanlı yazarların ədəbi
nümunələri isə Dərbənddə dərc
olunmağa başlandı. Sevindirici haldır ki, bu günlərdə
Dərbənd yazarlarının təklifi və xahişi ilə
AYB-nin sədri Anar müəllim tərəfindən Dərbənddə
AYB-nin Dərbənd filialının açılmasına
razılıq verilmişdir.
Mövzudan
ayrılmamış, Azərbaycan, gürcü və rus dillərində
yazıb-yaradan gürcü şairi, poeziyamızın yorulmaz
tərcümanı, təbliğatçısı, eləcə
də təmsilçisi Giya Paçxataşvilinin
imzasını da xüsusi vurğulamağı özümə
borc bilirəm. Giya həm də poeziyamızı tolerantlıq
örnəyi olaraq təmsil edir. Onun 44 günlük Vətən
müharibəsinə həsr etdiyi 44 səhifəlik
"Givinin Qarabağnaməsi" kitabı şəhidlərimizin
ruhlarına böyük ehtiram, qazilərimizin qəhrəmanlıqlarına
böyük məhəbbətlə qələmə
alınıb.
Ədəbi tənqid və
poeziyamız
Poeziyadakı
keyfiyyət dəyişimini, aparıcı təmayülləri,
forma-məzmun yeniliklərini təhlil etmək müəyyən
zaman çərçivəsinə sığacaq problem olmasa
da, hər halda ötən qurultaydan sonra aradan keçən bu
qədər fasilə - 2015-ci ildən günümüzədək
olan dövrü əhatələyib müəyyən qənaət
ifadə eləmək mümkündür. Şeirlə
bağlı təsnifatı, adətən bu problemlər
üzrə aparırlar: poeziyada mövcud axınlar, işlək
vəznlər, yeni şeir şəkilləri, forma və məzmun
axtarışları. Bir də ənənəvi olaraq poeziyada
bölgülər aparmaqla - ənənəvi, modernist,
eksperiment səciyyəli şeir və s. Əvvəlcə
bunu deyim ki, poeziyanın problemləri müxtəlif vaxtlarda
geniş müzakirə predmetinə çevrilib. Məsələn,
"Azərbaycan" jurnalında "Çağdaş Azərbaycan
poeziyası - problemlər, portretlər" mövzusunda
müzakirə təqdim olunmuşdur. "Ədəbiyyat qəzeti"nin
"Bir şeir, iki rakurs" layihəsində, Elçinin ədəbi
tənqidlə bağlı yazdığı silsilə məqalələrdə,
tənqidçi-ədəbiyyatşünaslardan Elnarə
Akimovanın poeziya ilə bağlı ardıcıl məruzə
və məqalələrində, eləcə də Vaqif
Yusifli, Cavanşir Yusifli, Azər Turan, Məti Osmanoğlu,
Rüstəm Kamalın, Əsəd Cahangirin, İradə
Musayevanın, Bəsti Əlibəylinin, Nərgiz
Cabbarlının, Esmira Fuadın, Südabə
Ağabalayevanın, Zakir Məmmədin, Gülnar Səmanın
bu dövr yazılarında poeziyanın çağdaş
durumu, axtarış və yenilik əzmi öz şərhini
tapmışdır. "Azərbaycan" jurnalında Əsəd
Cahangirin moderatorluğu ilə təşkil edilmiş
"Çağdaş Azərbaycan poeziyası - problemlər,
mülahizələr" adlı dəyirmi masa, "Ulduz"
jurnalında Elçin İmanovun "Şeir yaza
bilmirsiz", Qəşəm Nəcəfzadənin "Mən
necə şeir istəyirəm" və "Şəkillər"
məqalələrində də poeziyamıza dair müxtəlif
problemlərin aktuallandığı nəzərdən
qaçmır.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər il
keçirilən "Ötən ilin ədəbi
yekunları" elmi-yaradıcılıq müşavirəsində
poeziya ilə bağlı məruzələr dinlənilmiş
və "Ədəbi Proses - 2017"də Vaqif Yusiflinin
"Poeziya... Poeziya", Esmira Fuadın "2017-ci ilin epik
şeiri: Tənəzzül, yoxsa inkişaf", "Ədəbi
Proses - 2018"də Vaqif Yusiflinin "Azərbaycan şeiri -
2018" və Esmira Fuadın "2018-ci ilin epik şeiri: epos
təfəkkürünün və lirik-fəlsəfi
duyğuların bəyanı", "Ədəbi Proses -
2019"da Rüstəm Kamalın "Şeir cəbhəsində
nisbi sakitlikdir" və Esmira Fuadın "2019-cu ilin epik
şeiri: Tarixi yaddaşın, gerçəkliklərin və
milli ruhun inikası" adlı ədəbi-tənqidi
araşdırmaları çap olunmuşdur.
Eləcə
də akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov,
Teymur Kərimli, Muxtar İmanov, müxbir üzvlər
Nüşabə Araslı, Tehran Alişanoğlu və
başqa filoloq-alimlərimiz bu illər ərzində
poeziyamızın tədqiqinə və tənqidinə həsr
olunmuş sanballı elmi məqalələr yazıb çap
etdirmişlər.
"Ədəbiyyat
qəzeti"nin 5 mart 2022-ci il tarixli Xüsusi
buraxılışı isə bütünlüklə
2020-2021-ci illərin ədəbi yekunlarına həsr edilib.
Buraxılışda Vaqif Yusiflinin "Azərbaycan soneti",
Azər Turanın "Çağdaş Azərbaycan
şeirində modernist estetikalar", Esmira Fuadın
"2020-2021-ci illərin epik şeiri" adlı məqalələrini
çağdaş poeziyamızın ciddi tədqiqat və təhlil
materialları olaraq oxuyuruq.
AMEA
Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin
müdiri, f.e.d. Vaqif Yusiflinin "Bölgələrdə ədəbi
həyat" seriyasından nəşr etdirdiyi kitablarda da
poeziyamızın təbliğinə, tənqidinə və təhlilinə
yetərincə diqqət ayırılmışdır.
Xalq
şairləri Nəriman Həsənzadənin, Ramiz
Rövşənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının,
görkəmli və tanınmış şairlərimiz Məmməd
İsmayıl, Ağasəfa, Hidayət, Yusif Həsənbəy,
Zeynal Vəfa, Əşrəf Veysəlli, Vaqif Aslan, Eyvaz
Borçalı, Ofelya Babayeva, Kəmalə Abiyeva, Ramiz
Qusarçaylı, Musa Urud, Barat Vüsal, Musa Ələkbərli,
Tofiq Nurəli, Fəridə Hacıyeva, İsmayıl
İmanzadə, Adil Cəmil, Rəşad Məcid, Qoca Xalid,
Ağacəfər Həsənli, Kəmaləddin Qədimin,
poeziyamızda N.Rəfibəyli, M.Dilbazi ənənələrinin
layiqli davamçısı - çağdaş xanım
şairlərimizin öncülü Firuzə Məmmədlinin
bu dövr ərzində dövri mətbuatda çap
olunmuş yeni şeirləri, yeni nəşr olunmuş
kitabları - seçilmiş əsərləri, eləcə
də sağlıqlarında və dünyalarını dəyişəndən
sonra şeirləri ədəbi orqanlarımızda çap
olunan, kitabları nəşr edilən Xalq şairləri
Söhrab Tahirin, Musa Yaqubun, Zəlimxan Yaqubun, görkəmli
şairlərimiz Məmməd Aslanın, İlyas
Tapdığın, Sabir Sarvanın, Əhməd Oğuzun,
Oqtay Rzanın, Bahadur Fərmanın, İltifat Salehin, Ənvər
Əhmədin, Fərqanə Mehdiyevanın və
başqalarının üslub və nəfəsləri qədim
poeziya ənənələrimizə söykənən və
yeni zamanın tələblərini qarşılayan şeirləri
bizə bu düzəydəki uğurlarımızın yerini
nişan verir.
Çağdaş
poeziyamızın ağsaqqalı, Xalq şairi Nəriman Həsənzadə
bu gün də böyük şövqlə yazıb-yaratmaqla
yanaşı, gəncliyində olduğu kimi, millətimizi və
eləcə də bəşər övladını narahat edən
olaylara çevik reaksiyası ilə seçilir. Onun yaxın
zamanlarda qardaş Qazaxıstanda baş verən vətəndaş
qarşıdurması ilə bağlı şair dostu Oljas
Süleymenova ünvanladığı şeir buna bir örnəkdir:
Xəbərlər
dolaşıq, qarışıq gəlir,
Yenə təkrar
edir tarix səhvini.
Dünyada
tarazlıq itibdi, nədir?
Əyir
planetin bir tərəfini.
Yenə o
soldatlar, yenə o tanklar,
Yenə
Kalaşnikov avtomatları.
Bağlanan
qapılar, sönən ocaqlar...
Bakıda
görmüşəm, mən də onları.
Məmməd
İlqarın və Elman Tovuzun qoşma, gəraylı və təcnislərində,
Musa Urudun, Tofiq Nurəlinin, Zirəddin Qafarlının, Orxan
Paşanın, Vasif Süleymanın hecada yazdıqları
şeirlərdə güclü kolorit, el havasının ruhu,
Tahir Talıblının, Rəfayıl İncəyurdun,
İslam Sadığın, İlham Qəhrəmanın, Xaqani
Qayıblının, Baloğlan Cəlilin, Əhməd
Oğuzun, Fərqanənin şeirlərində folklor
yaddaşımızın poetikasının dərin izləri
hiss olunur. İlham Qəhrəmanın bir ağız
bayatısına diqqət edək:
Bağ-bağat
yolağ oldu,
Bağbanı
çolağ oldu.
Sinəmdə
bağ becərdim,
Dərd dərdə
çalağ oldu.
Çap
bolluğuna və meydanda müəyyən qrafoman nümunələrinin
çoxluğuna baxmayaraq, yaxşı şeir öz oxucusunu
tapır və öz müəllifindən ayrı öz
taleyini yaşayır. Bu baxımdan, ənənəvi poeziyada
imzası hələ də örnək isimlər
sırasında yer alan Məmməd İsmayıl, Musa Yaqub, Zəlimxan
Yaqubdan tutmuş, Elçin Mirzəbəyli, Ayaz
Arabaçı, Əlizadə Nuri, Sahib İbrahimli, İbrahim
Yusifoğlu, Əbülfət Mədətoğlu, Əlirza Həsrət,
Dayandur Sevgin, Rizvan Nəsiboğlu, Məmməd Qədir, Elxan
Yurdoğlu, Faiq Balabəyli, Süleyman Abdulla, Saleh Qurbanov,
Bilal Alarlı, Fəxrəddin Teyyubun imzasını qeyd etməyə
ehtiyac var. Adil Şirin, Ələmdar Quluzadə, Rəfail
Tağızadə, Aydın Murovdağlı, Əjdər Ol,
Avdı Qoşqar, Sərvaz Hüseynoğlu, Ehtiram İlham,
Zabil Pərviz, Mübariz Məsimoğlu, Ələmdar
Cabbarlı, Ələsgər Əlioğlu, Anar Amin və b.,
eləcə də ədəbi mühitdən müəyyən
mənada kənarda görünən İslam Türkay, Arif Fərzəli,
Səməd Qaraçöp, Mahmud Vəli, Mehdi Calal,
İnqilab Orxan, Nazim Əlioğlu, Məryəm
Aslanqızı, Nadir Məmmədli, Ədalət Nicat, Səhlədar
Hidayətoğlunun və başqalarının heca vəznində
yazdıqları şeirlərdə milli qatlardan
süzülüb gələn ahəng, ölçü, məzmun
fərqliliyi qorunub saxlanır.
Heca vəznindən
söz düşmüşkən, Zəlimxan Yaqub, Musa Yaqub, Məmməd
Aslan kimi ilk növbədə, milli dil hadisəsi sayılan
şairlərimizin adını çəkməyə
xüsusi ehtiyac var. 2015-ci ildə Məmməd Aslan, 2016-cı
ildə Zəlimxan Yaqub, 2021-ci ildə Musa Yaqub sıralarımızı
tərk etsə də həmin dövrə qədər
yazdıqları xalq üslubunda yazılan şeirin ən
gözəl örnəkləridir. Çünki məhz, bu
şairlərin yazdığı nümunələrdə
dilin bütün etno-psixoloji ifadə çalarları -
xalqın milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti
və s. ehtiva olunur. 2015-ci ildə Z.Yaqubun "Ədəbiyyat
qəzeti"ndə çap olunan"Qoşmaların
nağılı" başlıqlı silsilə şeirləri
şairin milli dil qatlarına enişi mənasında uğurlu
sənət nümunələridir.
Səhər
Əhmədin, Xəyal Rzanın, Faiq Hüseynbəylinin, Anar
Həbiboğlunun şeirlərində axar-baxarlı, tükənməz
enerji ilə süslənmiş dil potensialı var və dilin
ifadə imkanları sayəsində müəllif ənənəvi
və modern düşüncənin uğurlu sintezini yarada
bilir.
2.
Türk, Turan simvolikasının, irfan düşüncəsinin
poetik əksi şeirimizdə daha aparıcı qata
çıxmışdır.
Məmməd
İsmayıl, Rüstəm Behrudi, Elxan Zal Qaraxanlı, Dəyanət
Osmanlı, Əkbər Qoşalı, Elbariz Məmmədli,
Sabir Yusifoğlu, Mirsədi Mirlər, Vahid Aslan, Aida Eyvazlı
Göytürk, Namiq Hacıheydərli, Sərvər Məsum,
Namiq Dəlidağlı, Nadir Azayoğunun və
başqalarının bu illər ərzində nəşr
etdirdikləri şeirlər poeziyamızın məhz bu
qatında özünü büruzə verib.
3.
Şeirimizdə simvolik çalarlar əvvəlki kimi
güclü hiss edilmədi, zəif halqa kimi nadir hallarda
görünməkdədir. Bununla belə imzaları yetərincə
oxucu auditoriyası qazanmış şairlərdən Vaqif
Bayatlı Ödər, Çingiz Əlioğlu, Əlisəmid
Kür, Maarif Soltan, Zahid Sarıtorpaq, Qəşəm Nəcəfzadə,
Paşa Qəlbinur, Kəramət, Xanım
İsmayılqızı, Dəyanət Osmanlı, Elçin
İskəndərzadə, Nazim Əhmədli, Balayar Sadiq, Tahir
Taisoğlu, Akif Əhmədgil, Tərlan Əbilov, Qalib Şəfahət,
Gülnarə Cəmaləddin, Nazir Rüstəmin və b. bu
illər ərzində çap olunmuş şeirlərində
məhz bu dalğanın gücünü hiss etmək
mümkün oldu. Əlisəmid Kürdən üç xanəlik
bir misal:
Nə
atmısan özünü
həsrətin
qucağına.
Leysan
yağışı düşüb
könlünün
ocağına.
Fələk
səni qarğıyıb
özü
düşüb həvəsdən.
Canında
bir qorxu var -
canın
çıxır qəfəsdən.
Sənin
qayğına qallam,
Ey əlahəzrət
zaman.
Ürəyim
bombolamboş,
Salam,
boşluğa, salam.
Poeziya
daha çox qaranlıqlarla uğraşır, nəfəs kəsəcək
qədər qaranlıq, işıqsızlıq hakim olur bəzən
şeirdə... Şeirimizin canındakı əsəb
damarı, ovqat göstəricisi olan təklik, tənhalıq
duyğudu özünü tükətmir. Dəyanətli
Osmanlının bir şeirində deyildiyi kimi:
Eşikdə
aprel gecəsi,
Ağaclar
yalqız,
Budaqlar səs
salır qorxusundan.
Küləksə
oxuyur:
-
keçər, ağacım, keçər...
Yaşlı
nəsildə daha çox yaşın gətirdiyi
yorğunluq, ömrün faniliyindən doğan təklik hissi
qabarıqdır. Şairlərin şeirlərinin adları da
artıq yollar yorğunu olmuş insanın ovqatı üstə
köklənib: F.Sadıq: "Vaxtıdır",
"Ayrılıram", "Son"; M.Yaqub: "Mən
payız durnası, axşam qürubu" və s. Fikrət
Sadığın 2015-ci ildə çap olunan şeirlərində
bu yorğunluğu görməmək mümkün deyildi:
Və ya
Musa Yaqubun aşağıdakı misralarına diqqət edək:
Bir
yorğun torpağam, dincə qoyulmuş,
Daha əkilməyim,
biçilməyim yox.
Köhnə
qarağacam, içi oyulmuş,
Bir də
körpülənib keçilməyim yox.
Bütün
körpüləri keçmişəm daha,
Səbir
kasamı da içmişəm daha.
Ramiz
Rövşənin "Ədəbiyyat qəzeti"ndə
çap olunan "Qoy heç kəs bilməsin" şeirində
də içini tənhalıq, təklik bürüyən
insanın əhvalı uğurlu əksini tapır, sabahına
heç bir ümidi qalmayan ruhun çıxılmazlıq
duyğusunu sərgiləyir...
Çingiz
Əlioğlunun, Rüstəm Behrudinin, Sabir Rüstəmxanlının
da bir çox şeirləri yorulmuş insanın ruh halını
meydana qoyur. Amma bu həm də, qeyd etdiyim kimi, yaşın gətirdiyi
küskünlükdür. Bir neçə nümunəyə
baxaq. R.Behrudi:
Dön,
hardasan, dön qayıt,
Ümid -
güman olmadan.
Al məni
də, dur, gedək,
Dağlar
duman olmadan.
Xirqəsiz
bir dərvişəm,
Könlümə
bürünmüşəm.
Halıma
bax, ölmüşəm,
Təkkəm
viran olmadan.
Sabir
Rüstəmxanlı:
Ürək
oxuyanın işləri müşkül,
Gözlərdə
göz alan dərinlik çatmır.
Onsuz da
seyrəlir dost məclisləri,
Sözlərdə
əvvəlki şirinlik çatmır.
Xalq
şairi Vahid Əzizin məşhur "Mənə yüz il
ömür arzulamayın" şeiri də eyni notlar
üzrində köklənmiş duyğuların
poetikasıdır.
Eləcə
də yalnız Tanrıya - doğruya, düzə tapınmalar
şeirimizdə yenə də öz poetic inikasını bəlirləməkdədir.
Barat Vüsalın "Çin olmuş yuxu"sunun fərqinə
varaq:
Məramım,
məqsədim Allah məramı,
Mən
axına qarşı axın təkiyəm.
Ən
uzaq olana uzaq olanam,
Mən
yaxın olana yaxındakıyam!
Məni
düz tanıyır özü düz olan,
Bircə
söz desə də, sözü yüz olan.
Könülmü
tanıyır könülsüz olan,
Məni səpən
tanır... toxumdakıyam!
4.
Poeziyamızdakı həyatiliyin epizm hesabına güclənməsi
bu illərdə də dominantlığını qorumuş,
yeni şeirin estetik mündəricəsini təşkil
etmişdir. Tanınmış şairlər R.Qaracanın,
R.Qaraişığın, Əli Şirin
Şükürlünün, H.Herisçinin, Aqşin Yeniseyin,
Aqşin Evrenin, A.Yaşarın, S.Elsevərin, İ.İbrahimlinin,
Alik Əlioğlunun yeni şeirləri bu estetikanın
şeirimizdə şəkillənməsini oluşdurub. Bu sətirlər
də Rasim Qaracanındır:
Səninçün
yazıram bu şeiri
nə əruzda
nə hecadadı
səni
necə düşünürəmsə sevgilim,
bax o da eləcədi.
5.
1990-2000-ci illəri "Azərbaycan şeirinin eksperimentlər
mərhələsi" adlandırmaq mümkün idi. 2015-ci
ildən sonrakı dönəmdə də şairlər
postmodernizmlə yanaşı, bir çox müxtəlif ədəbi
cərəyanların estetik tələblərini yenidən
canlandırmağa, Azərbaycan şeirinə tətbiq etməyə
cəhd göstərdilər. Azər Turanın diqqətlə
oxuduğum və çox da bəyəndiyim
"Çağdaş Azərbaycan şeirində modernist
estetikalar" məqaləsi bu tezisi, demək olar,
bütünlüklə əhatə edir. Azər Turan
yazır: "... Savaş poeziyasına "Ordu
Günü" kitabındakı şeirlərlə poetik
biçim verən Elxan Zal həm də çağdaş
milli şeirin özünəməxsus poetik ritmini
yaratmış şairdir. Əslində, Böyük
Çölün estetikasını, havasını milli
poeziyamıza Elxan Zal Qaraxanlı gətirmişdir. Elxan
müstəqillik dövrü Azərbaycan poeziyasının ən
seçkin şairlərindən biridir. Bir yandan daha qədim
şeir ölçüsünü
yaradıcılığında ehya etdi, digər tərəfdən,
modern dünya şeirində var olan ədəbi cərəyanları
milli ruha təslim etdirməyi bacardı. Hələ 20 il əvvəl
Elxan postmodern "Yaquar yerişli zaman"ı türk
poeziyasının antik qəlibində ifadə etmişdi:
Quşlar
hava çalmıyor,
Saata
sığınıb takt.
Caynaq
çəkir üstümə
Yaquar
yerişli vaxt.
Bu otuz il
müddətində Qaraxanlı savaş gələnəkli qədim
şeir dilini və ölçüsünü, hətta
paradiqmalarını da müstəqillik dövrü Azərbaycan
poeziyasına aşıladı:
Ruhumuz cəngə
varanda,
Ad
üstünə ad gələcək.
Qan iyini
alan kimi
Ağzımıza
dad gələcək.
Və ya
çağdaş şeirimizin dəst-xətt adamı Səlim
Babullaoğlu haqda düşüncələrinə diqqət
edək: "Səlim Babullaoğlunun "İlk hərfi
itmiş cümlələr" (2021) kitabında dərc olunmuş
"Əvvəlinci ayın şeirləri" silsiləsində
yeni düşüncə dalğası Tanrını dərkə
yönəlib. Yeddi fraqmentdən ibarət olan silsilə təsəvvüf
içəriklidir, zikr halında yazıldığı
aşkardır və Tanrını dərkin yeddi yolunu əks
etdirir. Babullaoğlu "Əvvəlinci ayın şeirləri"ni
sükutun dilində yazıb. Şeir başdan-başa
sükutla təlqindir. Sükut təsəvvüfdə təslimiyyətdirsə,
haldırsa, hal əhlinin sükutu da Tanrını idrak etmənin
tək yoludur. Səlim həmin sükutu yazır. Hal diliylə
yazır. Şeir Tanrını dərk etməyin həyati
misallarını verir... Və qəribədir ki, fraqmentlərdə
Səlimin ənənəvi intonasiyası dəyişmir və
sükut pozulmur... Səlim Babullaoğlunun poetikası
şeirin metafizik qatını mübhəmləşdirmir.
Sükuta
sövq edən səbəblər barədə
düşünürəm:
sözün
çoxluğu, mənanın yoxluğudur;
əlbəttə ki,
içimdə.
Bu dildən
və dilsizlikdən peşmanam:
eyni əlifbayla
qeydə alıram
sükutumu da, nitqimi də.
Sözlərlə
deyil, sənin barəndə
sükutla danışmaq daha az
qorxudur...
Qərb
şeirini - təmayülləri, izmləri, fərdləri dərindən
bilən Səlim Babullaoğlunun poetikasının özəllikləri
çoxdur... Səlimin şeirləri Azərbaycan
poeziyasında yola çevrilməkdədir".
Söhbət
modernist estetikalardan gedirsə, burada bəlli estetikanın
düşərgəsində öz yerləri olan Dəyanət
Osmanlı, Qulu Ağsəs, Salam Sarvan, İlqar Fəhmi, Murad
Köhnəqala, Xanəmir, Rəbiqə Nazimqızı və
eləcə də bir çox gənc şairləri görmək
mümkündür.
6.
Assosiativ şeir, təzadlar üzərində qurulan şeir,
vizual şeir bu illərdə də aktual oldu, baş tutan
eksperimentlər və reallaşan nümunələr kontekstində
ehtiva olundu. Qəşəm Nəcəfzadənin
"Ayağı göbələkli atlar"ına diqqət
edək:
Ayağı
göbələkli atlar
Gəlib
kəndimizin yanından keçdilər.
Çapdılar,
çapdılar
Göydə
buludlar
Yerdə
göy atlar.
Atların
nəfəsi ilə darandı
Ağ
yovşanlar,
Göy
otlar...
7. Əvvəlki
dövrlərə nisbətdə təbiətin tərənnümü,
sevginin ilahiləşdirilməsi prosesi aparıcı olmasa da,
bu mövzulara müraciət edən şairlərimiz də az
olmadı. Rafiq Yusifoğlu, Musa Ələkbərli, Baba Vəziroğlu,
Rəşad Məcid, Əhməd Qəşəmoğlu, Vəli
Xramçaylı, Vüqar Əhməd, Əli Nəcəfxanlı,
Saqif Qaratorpaq, Vasif Süleyman, Aybəniz Əliyar, Sakit
İlkin, Faiq Hüseynbəyli, Elxan Yurdoğlu, Mətləb
Ağa, Cığatel, Xatirə Rəhimbəyli və
başqalarının son dövr
yaradıcılığında bu qəbildən şeirlərə
heç də az rast gəlinmədi. Rəşad Məcidin
sevgi şeirlərindən ibarət "Səbəbi sənsən"
adlı kitabını da bir sevda yolçusunun həzin
gümüldəmələri, kövrək
şarkıları kimi oxumaq olar. Görünür, bundan
dolayıdır ki, kitabda yer almış bir çox şeirlərə
sevilən musiqilər bəstələnib.
Bu illərdə
qadın şairlərimizdən Nisə Bəyim, Xanım
İsmayılqızı, Kəmalə Abiyeva, Mahirə Abdulla,
Məlahət Yusifqızı, Adilə Nəzər,
Narıngül Nadir, Gülnarə Cəmaləddin, Rəsmiyyə
Sabir, Təranə Turan Rəhimli, Nəzakət Məmmədli,
İradə Əlili, Şahnaz Şahin, Fəridə Ləman,
Xatirə Rəhimbəyli, Mənsurə Qaçayqızı,
Aysel Əlizadə, Hədiyyə Şəfaqət, Elnaz Eyvaz,
Həyat Şəmi, Çiçək Mahmudqızı,
Günel Şamilqızı, Nuranə Nur, Aybəniz Əliyar,
Afaq Şıxlı, Arzu Nehrəmli, Nazilə Gültac, Xatirə
Fərəcli, Vüsalə Süleyman, Aləmzər
Sadiqqızı, Zərəngiz Dəmirçi Qayalı, Vəfa
Mürsəlqızı, Afət Viləşsoy, Təranə
Dəmir, Rəfiqə Şəms, Qənirə Mehdixanlı,
Aysel Səfərli, Sənəm Səbayel, Güləmail
Murad, Şövkət Zərin Horovlu, Cahanxanımın
şeirlərində qadın yaşamının
ekzistensiyası yaradılır, nə qədər
güclü görünsə belə, alt qatda gizlənən
həzin, kövrək qadın dünyasını görməmək
mümkün olmur. Getdikcə ciddi problemə çevrilən əxlaqlı
düşüncə və yaşam böhranını,
dünyanın pozulmuş, altı üstünə
çevrilmiş nizamını məhəbbət təlimi ilə
xilas etmək missiyasını sərgiləyir özündə.
Mərhum istedadlı şairəmiz Nisəbəyimin
şeiridir:
Sənədək
hər şeyin ölçüsü vardı,
Səndən
sonrasının mizanı nəydi?
Baxtın
bir üzünə sən yiyələndin,
O biri
üzünü yoxluğun əydi...
8. Poetik
tapıntılar, bədii ifadə və təsvir vasitələri,
fikrin poetik ifadəsi baxımından da maraqlı nümunələr
meydana qoyuldu. Şairlərdən Ramiz Qusarçaylı, Ayaz
Arabaçı, Elçin Mirzəbəyli, İnqilab İsaq,
Kəmaləddin Qədim, Salam Sarvan, Əlizadə Nuri, Nurafiz,
Əbülfət Mədətoğlu,Fəxrəddin Əsəd,
Süleyman Abdulla, Əlirza Həsrət və b. məhz bu
cür şeirləri ilə seçildilər. Ramiz
Qusarçaylının çəkdiyi "Payız şəklini
seyr edək":
Nə
gözəl əsərdi bu,
Boyalar
yumru-yumru.
Yamaclar
yastı-yastı, -
Qayalar
yumru-yumru.
Boz talada
göy yamaq,
Kövşən
sarı, yol dümağ.
Cığırlar
yumaq-yumaq,
Tayalar yumru-yumru.
Xəzəllər
xışıl-xışıl,
İlğımlar
işıl-işıl.
Mürgülər
mışıl-mışıl,
Röyalar
yumru-yumru...
9.
Özünə, daxilinə varmalar, mənəvi dünya ilə
İlahi eşq arasında çabalamalar müasir şeirimizdə
dərvişlik və sufilik xəttinin bir neçə
şairin yaradıcılığında mərhələ
kimi ortaya çıxmasına səbəb oldu. İctimai
problemlərdən mənəvi aləmə, ürfani
dünyaya qaçış, haqqı, ədaləti dərvişlikdə,
tərki-dünyalıqda arama meyli poeziyamızda aparıcı
olmasa da, əhəmiyyətli bir istiqamət kimi hiss edildi. A.Səməd,
Ə.Əsgəroğlu, M.Dəmirçioğlu, Şaiq Vəlinin
vəfatından sonra bu istiqaməti bizdə təmsil edən
imzalar Ürfan Əli, M.İlqar, E.Başkeçid, M.Aslanbəyli,
xanım şairlərimizdən Bəsti Əlibəyli, Adilə
Nəzər, Çiçək Mahmudqızı və b.
oldular. Adilə Nəzərin bir şeirinə diqqət edək:
Lütf
eylə, söylə, Ya Hu,
Kimə
yanım-yaxınım?
Kimdən
qaçım, İlahi,
Qaçım,
kimə sığınım?...
Ya rəhm
eylə bu cana,
Ya ətəyin
silkələ...
Qanad
çalır quş kimi
Ürəyimdə
bəlkələr...
Sudan
yaranır insan,
Yuxuları
kəşf olur...
Niyə əli
dəyən yer,
Yanır,
od-atəş olur...
Saraylar
günah yeri,
Günahsız
küçə, tindir.
İlahi,
bu dünyada
Adam
doğulmaq asan,
Adam
ölmək çətindir...
10. Bu illər
ərzində şeirimizin əruz qanadında yazıb-yaradan
şairlərimiz mətbuat səhifələrində çox
seyrək görünsələr də, sosial şəbəkələrdə
öz fəallıqları ilə seçildilər. Qəzəlxan-şair
Əli Ələminin "Azərbaycan əruzunda rəqəmsal
modelləşdirmə" nəzəriyyəsi ədəbi
camiəmiz tərəfindən maraqla qarşılandı.
Şair İlqar Fəhminin yenilikçi qəzəlləri
müzakirə mövzularına çevrildi.
Tanınmış qəzəlxan-şairlər Şahin Fazil,
Yasin Xəlil, Məşədi Xalid Səfixanov, Arif
Buzovnalı, Hacı Qəzənfər, Ağamirzə Qail,
Gülbala Fənai, Xaqani Əmini, Vüqar Rahi, Samir Hacı, Səxavət
Talıblı, Elşad Xaqan, Lilpar Cəmşidqızının,
eləcə də bədihəçi-şair Namiq Mənanın
əruzda qələmə aldıqları şeirlər bəlli
oxucu auditoriyası qazanmaqla klassik ənənəyə sadiq
qalan müəlliflərinə də başucalığı
gətirdilər.
11.
2015-2021-ci illər ölkədə ictimai-siyasi hadisələrin
dönüş nöqtəsi kimi dəyərləndirilməlidir.
Orduda ard-arda qazandığımız uğurlar, 2016-cı il
Aprel hadisələri, 2018-ci il Günnüt əməliyyatı,
2020-ci ildə baş verən Tovuz döyüşləri və
bunun ardından 27 sentyabrdan 10 noyabra qədər davam edən
44 günlük müharibə və qazandığımız
möhtəşəm Zəfər bu ovqatın paralel olaraq
poeziyada əks olunması baxımından əhəmiyyətli
fakt sayılmalıdır.
Bütün
bu hadisələr poeziyamıza ideya, mövzu, problematika, məzmun
cəhətdən bir sıra yeniliklər gətirdi.
Ölüm, Azadlıq, Müharibə, Şəhidlik kimi
mövzular əvvəlki kimi işlək olsa da
bütövlükdə şeirin diskursu dəyişdi. "Məzlum
xalq" obrazı döyüşkən xalq obrazı ilə əvəz
edildi, qalib ordu, qalib əsgər, qalib xalq ifadələri
şeirimizdə önə keçdi. Qürur, əzm hissi
qabarıqlaşdı, Ali Baş Komandan obrazı yarandı,
qaçqınlıq, köçkünlük kimi mövzular ən
azı yaddaş faktı kimi işlənməkdədir.
İllərdir
Qarabağ münaqişəsinin həll olunmaması, dünya
ictimaiyyətinin, söz sahibi olan beynəlxalq qurumların bu
hadisəyə laqeyd münasibəti poeziyada əsas problem kimi
qalsa da, son hadisə "türkün türkdən başqa
dostu yoxdur", kimi fikirlərin qabarıqlaşması ilə
önəm kəsb etdi. Azərbaycan-Türkiyə
qardaşlığı, İlham Əliyev - Rəcəb Tayyib
Ərdoğan dostluğu, türk xalqlarının birliyi
ideyası əsas mövzular oldu.
2014-cü
ildən bu yana poeziyada yalnız mövzular deyil, ona münasibət
dəyişib. Vətən, Tanrı, şəhər, sevgi
anlayışlarına münasibətdə fərqli
yanaşma meydana qoyulub. Bunlar, əlbəttə ki, 90-cı illər
şeirinin uğradığı dəyişikliklərin nəticəsidir.
Qarabağ mövzusunda uzun illərdir ki, minor motivlər meydan
sulayırdı. Poeziyada ölüm, müharibə, itki, şəhidlik,
Vətən sevgisi, türkçülük, azadlıq və
s. mövzular şeirimizin prioritetləri qismində
aktuallıq qazanıb, lakin çağırış, pafos,
çılğınlıq hissinin ifadəsi azalmış, təəssüf
və ümidsizlik önə çıxmışdı.
Əlbəttə,
məğlub ölkənin şairi olaraq coşqulu intonasiyaya
köklənmək bir qədər çətindir. Buna
baxmayaraq, poeziyamızın çiyninə düşən vətənpərvərlik
ruhunun qorunmasına xidmət işi Nəriman Həsənzadə,
Firuzə Məmmədli, Sabir Rüstəmxanlı, Zəlimxan
Yaqub, Məmməd İsmayıl, Vaqif Bəhmənli, Barat
Vüsal, Musa Ələkbərli, Ramiz Duyğun, Şahin
Musaoğlu, Bəsti Əlibəyli, Vaqif Aslan, Elbariz Məmmədli,
Gəray Göyyurd, Şahməmməd Dağlaroğlu,
Güləmail Murad, Zərəngiz Dəmirçi
Qayalının, hərbçi-şair, Ali Hərbçilik Məktəblərimizin
marşlarının müəllifi Zəminə
Xınalının, Nəzakət Məmmədlinin və b.
şairlərin şeirlərində qorunmuşdur.
2016-ci il
Aprel hadisələrindən sonra Qarabağ məsələsi,
ordudakı qalibiyyətlə bağlı poeziyada da qürur əzmi
millətin gizli emosiyası kimi üzə çıxdı.
44 günlük Zəfərimizdən sonra isə poeziya
özünü bütünlükdə qələbə
intonasiyasına kökləməkdədir. Bu mövzuda ilk
sözü yenə də poeziya deyir. Nəriman Həsənzadənin
"İlhamın zəfər yolu", Sabir Rüstəmxanlının
"Qarabağa dönüş", Abuzər Turanın
"Zəfər çələngi" poemaları, Məmməd
İsmayılın "Azərbaycan əsgəri", Vahid
Əzizin "Param-parça illər", Vaqif Bəhmənlinin
"Vətən əsgəri", Rafiq Yusifoğlunun "Zəfər
dastanı", Ramiz Duyğunun "Qalibiyyət
dastanı", Zeynal Vəfanın "Bu vuruşdan dönən
deyil ordum mənim", Qulu Ağsəsin "Ağdam",
İlqar Fəhminin "Balaca kişilər", Əyyub
Qiyasın "Diriliş marşı", Gəray
Göyyurdun "Dövlətim var, ordum var", Şahməmməd
Dağlaroğlunun "Döyüşən sətirlər"i,
Əjdər Olun "Qırx dörd günə", Sevinc
Nuruqızının "Ağdam", Adilə Nəzərin
"Bu zəfərin mübarəkdir, ey Vətən",
"İki can", Vaqif Aslanın "Ali Baş
Komandanım", Bəsti Əlibəylinin "Qübar və
qürur nəğmələri", Zahid Xəlilin "Dəmir
yumruq dastanı", Avdı Qoşqarın "Azərbaycan əsgəri",
Dayandur Sevginin "Biri Əliyevdir, biri Ərdoğan", Zərəngiz
Dəmirçi Qayalının "Qələbə köynəyi",
"Şuşa", Həyat Şəminin "Salam, əsgər",
Əhməd Qəşəmoğlunun "General Polad bəy",
Akif Azalpın "Şuşa coşqusu", Zəminə
Xınalının "Şəhid pilotlar", Esmira Məhiqızının
"İndi hamı davaya getmək istəyir", Elnur
Uğur Abdiyevin "Gözün aydın, Azərbaycan",
Rafiq Odayın "Ucaldı hər qarışda Azərbaycan
bayrağı", Faiq Hüseynbəylinin "Vətən nəğmələri",
Sərdar Aminin "Bir dəqiqəlik sükut... Gecə
siqnalı" kimi mətnlər, Elşad Baratın şəhidlərin
əziz xatirəsinə həsr etdiyi silsilə şeirlər
qələbədən sonra yaranacaq ən yeni ədəbiyyata
artıq "ərəfə" poeziya nümunəsi qismində
daxil olub.
AYB sədri
Anarın ideya müəllifi olduğu Nəfis şəkildə
nəşr edilmiş "Qarabağ Dastanı. Otuz ilin həsrəti
- 44 günün zəfəri" kitabı Rəşad Məcidin
"Şuşa havasının əritdiyi nisgil" adlı
ön sözlə başlayıb, Qarabağın tarixi və
taleyi ilə bağlı bir-birindən maraqlı publisist
yazılarla və "Şeir çələngi" bölməsi
ilə davam edir və ideya müəllifinin "Ötən
günlərin yazıları", ön söz müəllifinin
"Şuşa gör nələr eylər" yazısı
ilə sonuclanır. M.Nuri Parmaksızın Türkiyədə
nəşr etdirdiyi "Vatan konulu şiirler" toplusunda
yüz şairin türk, Azərbaycan və ingilis dillərində
olmaqla vətənpərvərlik mövzusunda yüz şeiri
yer alıb. Dəyanət Osmanlının tərtib etdiyi
"Zəfər duyğuları" antologiyasında 50-dək
Azərbaycan və Türkiyə şairinin mübarək zəfərimizi
vəsf edən şeirləri toplanıb.
Mövzunun
tamamında yaş etibarilə yaradıcılıqları gənc
ədiblərlə bağlı məruzədə təhlil
edilmiş olsa da, istedadlı qazi-şairlərimiz Emin Pirinin,
Elvin İntiqamoğlunun adını tutmağın da öz
yeri var. 44 günlük Vətən müharibəsinin şəhid
zabiti, tank tağım komandiri, istedadlı gənc şair
Murad Nağıyevin Türkiyə türkcəsində
yazdığı "İstanbul və həyat" adlı
şeiri xatırlatmaqla mövzunu sonuclamaq istəyirəm.
Yeni bir
gün başlat hayatta.
Sabah
güneş kendini göstermeye başlar,
Sonsuz
ufuklarda.
İlk
ışıklar akseder deniz üstünde.
Öylece
izlemeye başlarsın güneşin doğuşunu,
Sonra
dayanamazsın bu güzellik karşısında,
İçini
bir ferahlık kaplar.
Yüzün
güler, hayran kalırsın bu eşsizliğe.
Her
şey uçu verir aklından,
Kilitlenip
kalırsın bu manzaraya,
Ama uzun
sürmez bu güzellik,
Hayat gibi
güzel görünür ilk başta.
Ve bitti
artık bu doyumsuz güzellik,
Acı
vermeye başlamıştır çok
sevdiğinışıklar.
Gözlerin
kamaşır, dayanamazsın, bakamazsın,
Sonra
yüzün yanmaya başlar.
Bir tokat
yemiş gibi yüzün yanar,
Evet bir
tokat, hayat tanyediğin bir tokat.
Ne tuhaf
değil mi?
İlk
önce aldanıp sonra yanmak.
Poemalar
Poema
janrı ilə bağlı da müəyyən addımlar
yadda qaldı. Nəriman Həsənzadənin Milli Qəhrəmanımız
Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri",
Sona Vəliyevanın "Səmərqənd - "Gur
Əmir"də düşüncələr" və
"Səmərqənddə Usta Əlinin türbəsi
önündə" adlı lirik poemaları tarixi mövzunun
poetika axtarışlarının istiqamətini ifadə etməyə
imkan yaratdı. Ramiz Qusarçaylının "Vətən"
poemasını (2021) isə sözün əsl mənasında
bu janrda ədəbi hadisə adlandırmaq olar. "Vətən"
poeması haqda ədəbiyyatşünas-alimlərimizdən,
tarixçilərdən, tənqidçilərdən
tutmuş, müxtəlif peşə sahibləri olan
aydınlarımıza qədər hər kəs yazılar
yazdı, minlərlə sıravi oxucu sosial şəbəkələr
üzərindən əsərə münasibət bildirdi,
poema haqda bu günə qədər dövri mətbuatda
davamlı olaraq məqalələr çap edilməkdədir.
Bu gün
poema janrı müəyyən nümunələr
timsalında keçmişimizin miyqaslı hadisələrinə
yenidən qayıdır, tarixi şəxsiyyətlərimizin
obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin
daxili güc və əzəmətini lirik-epik janrın
sınağında təcəssümə
çalışır. Son dövrdə yazılmış
poemaların xronikasına diqqət edək:
Xalq
şairləri Fikrət Qocanın "Mamontlar",
"Dağınıq duyğular", "İnqilab", Nəriman
Həsənzadənin "Xəlvətdə yanan şam",
Zəlimxan Yaqubun "Çanaqqala dastanı" poemaları,
eləcə də Yusif Həsənbəyin "Siziflərin
qiyamı", Vaqif Bəhmənlinin "Əl", Barat
Vüsalın "Aldədə", Elxan Zal
Qaraxanlının "Azərbaycan simfoniyası", Musa
Urudun "Qarabağ balladası", "Savaş deyir",
Əhməd Qəşəmoğlunun "Tarixin
türkü", "Cavanşir" və "Rəsul
Rza" poemaları, Əsəd Cahangirin
"Xarıgülnar", Abuzər Turanın "Zəfər
nəğməsi", İlham Qəhrəmanın
"Yaddaş", Dəyanət Osmanlının "İt nəfsi",
Kəramətin "Cəzb və kütlə
hökmü", Yusif Nəğməkarın"Çanaqqala",
Elşən Əzimin "Göy üzündə barmaq
izi" və "Bir gün sonra", Balayar Sadiqin "Zəfər
simfoniyası", Əlirza Xələflinin
"Ayrılıq" və "Dönməzlik yolu",
İslam Sadığın "20 Yanvar", Sevinc
Nuruqızının"Çanaqqala keçilməz", Zərəngiz
Dəmirçi Qayalının "Cavab ver", Rəfael
Tağızadənin "Qara-qırmızı Xocalı",
Etibar Etibarlının "Ağdama gedən yol",
Şövkət Zərin Horovlunun "Kənd
uşaqları", Vaqif İsaqoğlunun "Bizim
general", İbrahim Yusifoğlunun "Elimizə bahar gəlir",
İsa Sevərin "Gedir xərəkdə dünyam",
Şəfəq Sahiblinin "Səs" və
"İstanbulun ağac yaddaşı" və b.
poemaları. Əlbəttə, mən bu poemaları mətbuatdan
izləyə bildiyim qədər sadalaya bildim.
Sonda, məruzənin
hazırlanmasında mənə dəstək olmuş f.e.d, ədəbiyyatşünas
alim və tənqidçi Elnarə xanım Akimovaya və gənc
qazi-şairimiz Elvin İntiqamoğluna dərin təşəkkürümü
bildirir, məmləkətimizin bütün şairlərinə
bundan sonra da yaradıcılıq uğurları diləyirəm.
İbrahim İLYASLI
Ədəbiyyat qəzeti.- 2022.- 16
aprel.- S.22-25.