Sənət və ona diktə
üslubları
Tarix və sənət, onları yaradan instansiyalar və
müəyyən qəliblərə salan ideologiya oyunları
mədəniyyət adlı mövhumun deformasiyasına,
rekonstruksiyasına şərait yaradır. Qədim dünya tarixindən
orta əsrlər dövrünə qədər bu proses bir qədər
məchul və spontan baş versə də, Renessans
dövrü və dünya müharibələri sənət
kontekstinə diktə etməyə başladı.
II Dünya müharibəsindən sonra teosentrik era
kütlələr və sənət camiələri
üçün yerləyeksan oldu. Tanrı nə
insanlığa kömək edə bildi, nə də sənətin
arzuladığı metafizik müstəvini yaratdı. Bir-birilə əks qütblərdə dayanan romantizm
və realizm eyni anda boş xülya kimi görünməyə
başladı. Nə reallığın
banisi və yaradıcısı olan Tanrı yerləyeksan
olmuş dünyaya cavabdeh idi, nə də reallığın
alternativi kimi düşünülən romantiklər öz
istədiklərini edə bilirdi.
Beləliklə, yeni cərəyanlar və onları trendə
çevirən qurumlar, mükafat assosiasiyaları, birbaşa
bu işlərlə məşğul olan media qurumları,
xüsusi təyinatlı nəşriyyatlar yaradıldı. II Dünya
müharibəsi böyük bir nostalgiyanı silib yerində
yeni ənənələr sistemi yaratdı. Qısa keçidlərlə bu cərəyanlar
bir-birini əvəzlədi və sənət, memarlıq,
şəhərsalma tamamilə insan mərkəzli nümunələr
ortaya çıxdı.
Avanqard sənət klassiklərin gözündə nə
qədər eybəcər görünsə də, yeni ictimai
fikrin formalaşmasında birbaşa rol oynadı. Modernizmdən
başlayan və hələ ki özünü NFT virtual
reallığına qədər daşıya bilən
"ucsuz-bucaqsız azlığın" keçdiyi tarixi
dövrlərin hər birində mərkəzləşdirilmiş
ideologiya axını onu şəkilləndirdi. Müəyyən qurumların sənət
üçün verdiyi "illik planlar" cəmiyyətin
inkişafında və tənəzzülündə vacib
nüanslardan biri oldu.
Müharibədən yaralı çıxan Avropa
hansı dəyərlərin təbliği ilə məşğul
olmağı özü və yarımcan xalqı
üçün müəyyənləşdirdi.
Sənaye inqilabından sonra sürətlə
böyüyən şəhərlərdə avanqard sənət
nümunələri öz hegemonluğunu elan etdi. Xüsusən
də rəssamlar bu cür cəhdlərə daha cəsarətli
davrandılar. O dönəmin sürrealist rəssamları
incəsənətin modern, eyni zamanda klassik düşüncə
sərhədlərini qıran avanqard modelini təqdim etməkdən
yorulmurdu. Əslində, bu axın 1860-cı illərdən
XX əsrin çətin son onilliklərinə qədər
uzun bir yol keçmişdi. Parisdə
Akademiyaya qarşı gələn yüzlərlə rəssam
hələ o dövrdə salonlarda öz abstrakt, kubik, surreal əsərlərini
təqdim edirdi. Cəmi on il sonra
onların sayı bütün Avropanı təəccübləndirəcək
qədər çoxaldı. Hər kəs eyni rəsmi
çəkirdi, yalnız əlavə etdikləri xəfif məna
yükü onları bir-birindən fərqləndirə
bilirdi.
Həmin dönəmlərin iki ədəbi
cığırı gələcək nəsillər
üçün mühüm bir seçim imkanı
yaratmışdı. Balzakçılar və Floberçilər.
Roman sənətinin bütün
çağdaş nümunələri "Don Kixot"dan ənənə
halını alsa da, məsələ məhz bu iki seçimdən
sonra daha çox qabardı. Ən sadə və
hamının oxuduğu misal: "Madam Bovari"dən həm
"Anna Karenina", həm "Lolita", həm də
"Məsumiyyət muzeyi" çıxdı. Fərqli üslubları və təhkiyələri
təmsil edən romanları birləşdirən bir
mövzudan, eyni taledən bəhs etmələri idi. Bu misallar kifayət qədərdi. Postmodern dövrə qədər "necə
yazmağın" önəmi haqqında çox
danışdılar. XX əsrin ən
önəmli, irihəcmli romanları məhz bu sualın
övladları idi.
Memarlığın kütlə və sənət
arasındakı ayrıseçkiliyi aradan qaldırması ilə
indi tənəzzülünü yaşadığımız
postmodern dövr başladı. Memarlar sakinlərlə
bir yerdə yaşamağa, bəlli bir ərazinin xarakteristikasını
öyrənməyə, layihələri sakinlərlə bərabər
işləməyə başladılar. Artıq
sizin yaşayacağınız binaları siz müəyyən
edirdiniz. Bu, obyektivin kütləyə baxan
rakursu idi. Daha sonra ictimai-sosial binaların ənənəvi
quruluşunu, strukturunu "əyməyə", "bulanıq
yuxu" halına gətirməyə başladılar. Beləcə, ilk dəfə İtaliyada dünya
üçün yeni olan memarlıq nümunələri
yarandı. Postmodern memarlıq.
Ədəbiyyatın xammalı isə bu mənada
nağıllar, miflər oldu. Bu gün bütün
yolların gedib çıxdığı, bütün
eksperimentlərin qayəsi olan Borxes hekayə və esselərinə
Latın Amerikası xalqlarının və Şərqlilərin
macəralarını qatdı. Nəticədə
həmin dövr üçün yeni, indiki sənət
üçün isə hələ də maraqlı olan cərəyanlar
yarandı. Magik-realist, sürrealist,
postmodern qarışıqların borxesvari harmoniyası ədəbiyyatı
ondan əvvəlki formalarından fərqləndirməyi
bacardı. Bu həm də "necə
yazmaq" dövrünün sonu idi.
Kierkeqardda təməli qoyulan, Kafkada əsası
yapılan, Borxesdə özünü, nəhayət ki, qəbul
etdirə bilən absurd mətnlər günümüzün
hekayə sənətinin özülünü təşkil
edir. Bu gün Amerika çağdaş ədəbiyyatının
ən önəmli adları məhz bu yoldan irəliləyir.
Modernizmin mövzu
çatışmazlığı problemi absurdizmin
yaranması ilə başa çatdı. İndi
müəllifi həyatdakı hadisələrdən daha
çox, ona təqdim edilən brendlərdən daha çox
beynində yaratdığı təəssürat
maraqlandırırdı. Hadisələr
öz reallığını saxlayaraq oxucuya yad bir yerdə
baş verirdi. Nağıl kimi öz sehrli
aurası ilə maraqlı və bəzən də
sıxıcı gələ bilirdi. Amma
bunun yolunu kino tapdı. Komiks sahəsi bu gün
təkcə fantastik janrı deyil, həm də absurd həyatı
öz boynuna götürməyi bacardı. PostBorxes dövründə bu gün dünya kinosu
üçün, dünya musiqisi üçün və ən
əsası dünya ədəbiyyatı üçün
xüsusi dəyər daşıyan adlar meydana
çıxdı.
Yuxarıda
sənətin II Dünya müharibəsindən bu yana keçdiyi yolda müəyyən
instansiyaların, əslində, ədəbiyyata və onun
timsalında böyük sənət camiələrinə necə
təsir göstərdiyini vurğulamaq istədim. Sənətə bu cür diktə etməklə
keçdiyimiz həftə qalmaqal yaradan ədəbiyyatçılarla
məşhur jurnalistin müzakirə etdiyi diktə
arasındakı fərq, məncə, müəyyən qədər
özünü göstərir. Sənətin
azad bir sahə olduğunu, onun qəliblərə salına
bilmədiyini vurğulamaq təkrar olardı. Sənət üçün qanunauyğunluqları
ya təbii şərait, ya onun yaradıcıları, ya da onun
təbliğatçıları müəyyən edir. Heç bir halda kütlə və kütlənin
"poçt göyərçinləri" bu prosesə təsir
etmək iqtidarında olmur. Ola bilməz.
Baş verən hadisələrin sənət
müstəvisində tərənnümü üçün
isə zaman fasiləsi lazımdı. Sənət
operativ, emosional, sentimental qərarlar verə bilmir, bunu
özünə rəva görmür.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.27.