Çağdaş roman sənəti:
bədii nəsrimizin bəzi məqamları
Qəni Camalzadənin tarixi və
müasir mövzuda yazdığı iki bədii roman ətrafında
kulturoloji gəzişmələr
Ədəbiyyatşünaslığımızda
və filoloji düşüncəmizdə Azərbaycan
romanının ilkinliyini nə qədər qədimlərə
aparıb çıxarmaq istəsələr də,
kulturoloji-estetik tarix qarşımızda adlamalı çətin
sədlər çəkir. Fars dillində əlyazması bizə çatmış
"Munisnamə" kitabını ilk irihəcmli bədii nəsr
nümunəsi kimi götürsək də, yaxud dahi Azərbaycan
mütəfəkkiri Nizamin Gəncəvinin yenə də
farsca yazdığı "Xəmsə"sindəki
üç məsnəvisini - "Yeddi gözəl",
"Xosrov və Şirin", "Leyli və Məcnun",
eləcə də "İskəndərnamə"
dilogiyasını, yaxud tutalım, nəhəng Məhəmməd
Füzulinin "Hədiqətüs-süəda (Xoşbəxtlər
baxçası?)" mənzum roman təsnifatına daxil etsək
də, ayrıca bir ədəbi janr, avropatipli bədii roman
saya bilmirik. Biz hələ epos və qəhrəmanlıq və
məhəbbət dastanlarının xalq romanı hesab edən
tədqiqatçılardan sitatlar gətirib
yazımızın əsas motivlərindən kənara
çıxmaq istəmirik...
Bədii roman Avropa epik növün orta əsrlərdə
inkişaf etmiş janrı sayılsa da, əslində qədim
Şərq, Hindistan, Çin, İran və Azərbaycanda
geniş yayılmış ədəbi-bədii forma
sayılır.
Fəqət, modern roman filoloji anlayışa
çavab verən roman öz tarixçəsini Servantesin cəngavər
romanlarına qarşı bir etiraz, ironik münasibət sərgiləməklə
dünyaca tanınan məşhur "Don Kixot" əsəri
ilə başlayır. Avropa, daha sonra Qərb
və dünya ədəbiyyatının mükəmməl bədii
nəsr nümunəsi hesab olunan yenitipli romanlar tezliklə Azərbaycan
ədəbiyyatının hər iki qoluna - şimallı-cənublı
söz sənətimizdə də yazılmağa, sevilə-sevilə
oxunmağa başlanıldı. Alimlərin hələ də
mübahisələrə səbəb olan çoxsaylı
mülahizələrinə hörmətlə yanaşaq da,
povestlə romanın qarışığı sayıla bilən
"Aldanmış kəvakib", "Kitab yüklü
eşşək", "Neft və milyonlar səltənətində",
"İbrahimbəyin səyahətnaməsi",
"Bahadır və Sona", "Danabaş kəndinin əhvalatları"
kimi irihəcmli bədii nəsr nümunələri ilkin
avropatipli Azərbaycan bədii romanları olaraq qəbul edə
bilərik.
Sovetlər dövründə - XX əsrdə bədii
roman milli ədəbiyyat tariximizdə özünün intibah
dövrünü yaşadı və kifayət qədər
uğurlu nümunələri ilə yadda qaldı. Rəngarəng
mövzu, cürbəcür həcmdə, janrların tipoloji
çalarları ilə birlikdə roman həm də Azərbaycan
bədii-estetik düşüncəsinin inkişafına səbəb
oldu, eyni zamnda ədəbi dilinin müxtəlif
qatlarının zənginləşməsinə, ana dilimizin
leksik-üslubi genişliyinə aparıb
çıxarmasını da qoyuruq bir qırağa. Ümumiyyətlə, humanitar fikridə, ədəbiyyatşünaslıqda
roman söz sənətinin ən mükəmməl janrı, ədəbi
istedadın son həddi, bədii-estetik düşüncənin
dünyanın sözdə ifadəsi, zeyni forması kimi qəbul
edilir.
Çağdaş romanları dəyərləndirərkən,
yazıçının ustalığı məhz yeni model
ortaya qoyması, üslubi gəzişmələr, mövzu
orijinallığı, özünəməxsüs yanaşma
tərzi, irihəcmliliyi ilə yanaşı, baş və
köməkçi qəhrəmanlar çoxluğu, hadisələrin
genişliyi kimi məsələlərə də xüsusi
önəm verilir.
Son illərdəki
roman adı ilə oxuculara sırınan yeni əsərlərin,
xüsusən az qala hər ay yeni kitab çap edərək
yazdıqlarını roman, modern və postmodern əsər
markası ilə utanmadan ədəbi ictimaiyyətə
çatdırmağa çalışanların bolluğunda
hansısa irihəcmli bədii nəsr nümunələri barədə
yazmağa tədqiqatçılar - ədəbiyyatşünaslar
və ədəbi tənqidçilər ehtiyat edirlər.
Xüsusən gənclər və yaşları, az qala, Dədəmiz
Qorqud ömrünə çatmış "yeni nəsil
nümayəndələri" tənqidi fikrə, yazıya
qarşı elə şivən qoparırlar ki, elmi-filoloji
standartlar, ədəbi dəyərlər aşınmaya
uğrayır.
Belə bir roman bolluğu və "romanist"lər
dövründə kreativ yanaşmalar tələb edir ki, milli
roman janrının bir çox istiqamətləri haqqında
filoloji əhəmiyyət tələb edən mülahizələrlə
çıxış etmək mümkün olsun.
Vaxtilə satirik hekayələr yazan, müxtəlif səpkili,
kiçikhəcmli bədii nəsr nümunələrindən
ibarət kitabları nəşr olunan tanınmış
yazıçı-publisist Qəni Camalzadə
yaradıcılığının yeni mərhələsinə
adlamağı ilə ronman janrına müraciət etməsi
üst-üstə düşdü. Məhsuldar müəllifin
"Qızıl xotuğ" adlı ilk romanı 2007-ci ildə
ayrıca kitab şəklində nəşr edilib: sonralar əsər
ruscaya çevrilərək "Zolotoy oslenok"
başlığı ilə həm ədəbi jurnalda, həm
də ayrıca nəşr kimi dərc olunub. İllər
keçəndən sonra, Qəni Camalzadə "ədəbiyyatın
dəbdən düşdüyü" 2015-ci ildə indi
şərti olaraq, "sosial-bədi nəsr", yaxud
"sosial-bədii roman" deyə təsnifatlamağa
çalışdığımız "Karxana" adlı
irihəcmli bədii nəsr nümunəsi ilə
çağdaş ədəbi prosesdə özünəməxsus
estetik mövqeyini ortaya qoymağa çalışdı.
Romanın
jurnal variantına yazdığı ön sözdə
istedadlı yazıçı Məmməd Oruc deyir:
"Ən səmimi duyğularımla qeyd etmək istəyirəm
ki, bu roman Azərbaycan ədəbiyyatında analoqu-bənzəri
olmayan əsərlərdəndir." Bunu milli
üslubda əsərləri ilə çağdaş ədəbi
prosesdə fəallığı ilə seçilən
yazıçı-publisit Qəni Camalzadənin
yaradıcılığına verilən dəqiq qiymət
kimi dəyərləndirmək mümkündür.
Satirik
üslubda qələmə alınan ilk irihəcmli əsərinə
rəğmən, daha ciddi ictimai-mənəvi mətləblərə
toxunulan, XX əsr Bakı və ətraf kəndlərin
ədəbi ebnsiklopediyasına çevrilən
"Karxana" əsəri həm roman janrının tələbləri,
həm də mükəmməl qələmə
alınması baxımından tanındı, rus, ingilis və
başqa dillərə tərcümə olunaraq ölkəmizdə,
ABŞ-da nəşr olundu, İnternet resurslarında elektron
varianda yayımlandı.
I
Qarabağ müharibəsinin qazisi olan Hacı Qəni Camalzadə
pandemiya dövründə də məhsuldar fəaliyyətindən
geri qalmadı, yeni-yeni hekayələri, publisitik yazıları,
ABŞ-da nəşr rus və ingiliscə olunan kitabları, eləcə
də müxtəlif eleviziya kanallarında, sosial şəbəkələrdə,
media orqanlarında ziyalı mövqeyini ortaya qoymaqla, XXI əsrdə
də klassik Şərq - Azərbaycan ədəbi-humanitar ənənələrə
üstünlük verən əsl düşüncə
adamı, yazıçı obrazını qoruyan, yaşadan
yaradıcı intellektuallarımızdandır.
Roman yaradıcılığına gec başlasa da,
yazıçı milli romançılığın zahiri tərəflərini,
estetik-poetik mahiyyətinə ciddi yanaşır. Roman ədəbi, estetik,
tarixi, nəhayət, kulturoloji hadisəyə çevrilmirsə,
əsərin əsas surətləri zəmanənin "qəhrəmanı"na
oxşamırsa, belə irihəcmli bədii nümunələri
klassik roman adlandırmaq bir qədər çətin məsələdir.
Necə gəldi yazılaraq öz hesabına
çap edilən əsərləri modern, postmodern
yarımbaşlıq altında çapdan buraxılsa belə,
gənc oxucuları aldatmaq mümkün olsa da, peşəkar ədəbiyyatçıları
çaşdırmaq olmaz.
Bu
baxımdan Qəni Camalzadənin son iki ildə qələmə
alaraq kitab şəklində ədəbi ictimaiyyətin
müzakirəsinə verdiyi "Kiaksarın
axırıncı savaşı" (2021) və
"Şeytana daş atanlar" (2022) adlı yeni irihəcmli
bədii nəsr əsərlərini sadalanan ciddi estetik-filoloji
kriteriyalara cavab verən ənənəvi - klassik romanlara aid
etmək mümkündür.
Ötən
il ədəbi ictimaiyyətin iştirakıyla Bakıda, Lerikdə,
Abşeronda, TV kanallarında ictimai-mədəni təqdimatı
keçirilən "Kiaksarın axırıncı
savaşı" əsərini milli tarixi roman janrının ən
son uğurlu nümunələrindən saymaq olar.
"Kiaksarın
axırıncı savaşı" müəllifin sayca on
ikinci kitabıdır: əvvəlki əsərlərindən,
"Qızıl xotux" və "Karxana"
romanlarından fərqli olaraq, müəllif bu dəfə
tariximizin qədim və əzəmətli bir mərhələsinə,
Midiya dövrünə müraciət edib. Tarixi romanda hadisələr
qədim Azərbaycanda baş verir: qırx il
hakimiyyətdə olmuş şahənşah Kiaksarın parlaq
surəti, sərkərdə məharəti qələmə
alınıb. Yazıçı tarixi hadisələri
olduğu kimi təsvir etməkdən yayınaraq, Kiaksarın
simasında qədim tariximizin unudulmuş səhifələrinə
işıq salır, bu
parlaq sərkərdənin dövlətçilik ənənəlimizi
özündə gizləyən qələbələrindən
bəhs edir, onun döyüş taktikası barəsində
çağdaş oxucuların diqqətini cəlb edə biləcək
formada məlumatlar verir.
Romanın bir özəlliyi də o dövrün
ictimai-siyasi, dini-mənəvi, tarixi-sosial proseslərinə
müəllifin yönəltdiyi ədəbi
baxışlarıdır. Əsərdə qədim
Azərbaycanımızda - Midiyadakı hakim dini-dövlətçilik
ideologiyasına çevrilən atəşpərəstlik
haqqında əhatəli məlumat verilir. Oxunaqlı
dildə, orijinal üslubda qələmə alınan bu irihəcmli
bədii nəsr nümunəsində başqa bir tarixi
obrazın - taxt-tacın vəlihədi, məmləkətin gələcək
hökmdarı Astiaqın da dolğun surətin təsviri
verilir. Midiya səltənəti məhz
onun bacarıqsızlığı sayəsində süquta
uğrayacağı haqqında kədərli hissələr
romanın ən təsirli parçaları hesab oluna bilər.
Yazıçı Azərbaycanımızın qədim
və əzəmətli bir dövrünü - Midiya
imperiyasının yüksəliş illərini qələmə
alarkən, tarixdə görkəmli şəxsiyyətin roluna
xüsusi diqqət ayırır. Qırx il
hökmranlıq eləmiş Kiaksar ömrünün sonunda,
e.ə. 486-cı ildə Skiflərin Muğan düzündə
qurduqları çarlığın iyirmi səkkiz illik
varlığına son qoyub. Kiaksarın
qoşunları skiflərin bir qismini qırmış,
qalanını da Dar Keçiddən (Dərbənd) şimala,
gəldikləri yerə qovmuşdur. Romanda
şahənşah Kiaksarın parlaq surəti incə boyalarla təsvir
edilmiş, onun döyüş taktikası, qələbələri
barədə tarixi qaynaqlar əsasında əhatəli məlumat
verilmişdir.
Müəllif romanın nəşrin ilə əlaqədar
yazdığı qeydlərində vurğuladığı
kimi, roman çoxdan hazır olsa da, çapına qərar verə
bilmirdi. Torpaqlarımızın hələ də erməni
işğalı altında olması faktı müəllifi həvəsdən
salsa da, nəhayət, 2020-ci ildəki möhtəşəm
Qarabağ zəfərimiz bu mənəvi baryeri aradan
qaldırdı. Yazıçı xüsusi olaraq bildiri
ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham
Əliyev düşmənlə şahənşah Kiaksar kimi rəftar
elədi, 44 gündə iyirimi səkkiz illik işğala son
qoydu, erməniləri torpaqlarımızdan qovdu, tarix təkrar
olundu. Sərkərdə Kiaksar süvari qoşun
növünün yaradıcısı, qalib kimi tarixdə
qalmışdısa, Prezident və Ali Baş Komandan İlham
Əliyev həm II Qarabağ müharibəsini böyük Zəfərlə
sona çatdırdı, həm informasiya savaşında
düşmənə qalib gəldi, həm də Azərbaycanı
XXI əsrin qalib dövləti kimi dünyada
tanıtdırdı...
***
Yeni əsərlərindən də
göründüyü kimi, Qəni Camalzadə mövzu
seçməkdə çətinlik çəkmir. Sabiq sovet
düşüncəsinin Azərbaycan
romançılığına vurduğu möhürləri
qırmağa, ədəbiyyata təzəlik gətirməyə
çalışır. Hələ də köhnə təbliğatın,
yanlış yolun yolçuları olan bir çox
yazıçı özünə zəhmət vermədən
əvvəlki qaydada yazıb-yaradır, hətta,
yazdıqlarının lazımsızlığını dərk
eləmədiyi vatda, Qəni Camalzadənin bir romanında hadisələr
uzaq dağ kəndimizdə, o birində isə iri meqapolisə
çevrilmiş Bakıda, başqa romanda isə iki min beş
yüz il bundan əvvəlki Midiya imperiyasında cərəyan
edir. Yazıçının tapdanmış
mövzulardan qaçması, daim axtarışda olması
göz önündədi ki, bu da çağdaş
romançılıqda qəbul edilən ənənlərdən
xəbər verir.
***
Qəni Camalzadə Bakıətrafı kəndlərin
birində böyüyüb, dindar ailənin övladı
olaraq inanclı şəxs kimi ictimaiyyət arasında
tanınır.
Vaxtilə Həcc ziyarətinə gedərək
hacı tituluna sahib olan yazıçı tarixi romandan sonra
sayca on üçüncü kitabında da dövrümüz
üçün aktual görünən mövzulara toxunur.
Bu günlərdə "Qanun" nəşriyyatı tərəfindən
nəfis formada nəşr edilən "Şeytana daş
atanlar" romanı da əsəri aydın və yeni
üslubda qələmə alınmışdır ki, bu da
oxucunu, xüsusən yeni nəsil ədəbiyyat həvəskarlarını
yormur, əksinə çağdaş söz sənətinə
olan həvəslərini daha da artırmağa xidmət edir.
"Şeytana daş atanlar" romanı nasirin əxlaqi
kataklizmalara maraqlı baxışları, kəskin ictimai
mövqeyi, bəzi hallarda estetik-kulturoloji tənqidi ilə fərqlənir. Bir tərəfdən
kasıb dindar, mənəvi kamilləşməyə can atan
yeni düşüncəli ilahiyyatçı, digər yandan
isə varlılar, hansısa yolla saxta nüfuz qazanmış
şəxslər arasındakı gözlə sezilməyən
incə məqamlarla yazıçı arif oxucularının
diqqətini cəlb edə bilir, ictimai-mənəvi müzakirələri
ön plana çəkir. Romanın əsas
motivi də məhz bunun üzərində köçlənib
ki, öz işlərindəki şeytanla bacarmayanlar, onu
daşlamaq üçün uzaq ərəb torpağına
üz tutur. Hər iki qüvvənin nümayəndələri
Həccə yollanır: kimi mənəvi saflıq əldə
edərək yenidən doğulmaq üçün, kimi də
cəmiyyətin gözündə xüsusi dini rütbə əldə
edən "hörmətli" adam kimi
görünməkdən ötrü. Müəllif qəribə
bir üslubla, sanki Tanrının dini kitabar vasitəsi ilə
bizə yolladğı göylərin həqiqətini ortaya
qoyur: Həcc ziyarəti sənin üçün ikinci
doğuluşdur, mən yaratdığıma şans verdim,
sağlığında onu saflaşdırdım,
günahlarının əksəriyyətini
bağışladım, ardı şəxsin özündən
aslıdır. Bax "Şeytana daş atanlar" romanın əsas
fəlsəfəsi də bundadır...
Söz yox, dəyərli
yazıçılarımızın sırasında
özünəməxsus yerini tapan Qəni Camalzadə
istedadlı nasir kimi ədəbiyyat tariximizin bu günündə
qələmə aldıqı romanları ilə maraqlı
imza sahibi sayılır. Dövrün estetik
çağırışlarına çevik reaksiya verən ədib
növbəti yeni romanlarını oxucularının
ixtiyarına buraxıb. Gənclərin daha çox yeni
onlayn/oflayn mütaliə vərdişlərini nəzərə
alan müəllif, İnternetdəki
www.qenicamalzade.com ünvanlı fərdi ədəbi
saytında, eləcə də www.kitabxana.net - Milli Virtual
Kitabxana portalında hər iki yeni romanın elektron variantı
yayımlanır.
Sonda onu da bildirək ki, hər iki yeni irihəcmli nəsr
nümunəsində də müəllif yaradıcılıq
ənənələrinə sadiqlik nümayiş etdirir,
oxunaqlı, ənənəvi estetik-poetik texnologiyalara söykənən
romanları ilə çağdaş ədəbiyyatımızı
zənginləşdirməyə çalışır.
Azərbaycanın qədim tarixinə yeni, doğru
baxış sərgiləyən, cəmiyyətimizi indi
maraqlandıran dini-əxlaqi, mənəvi problemlərə fərqli
prizmadana nəzər salan müəllifin növbəti sənət
uğurlarına sevinir, yazıçı dostumuz Qəni
Camalzadəyə yeni-yeni sənət uğurları
arzulayırıq.
Aydın Xan ƏBİLOV
Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.28-29.