Müharibə filmlərimizdə
qadınlar
İkinci Dünya müharibəsi dövründə və
müharibədən sonra Azərbaycan kinosunda müharibə
mövzusu ləngidilirdi. Bu dövrdə əsasən gah inqilabi
mövzuları əhatə edən filmlər, gah da komediya
filmləri çəkilirdi. Müharibədən
ağrı-acıyla, itkilərlə çıxan
insanları güldürmək məqsədilə
yüngül süjetli filmlərə üstünlük
verilirdi: Təsadüfi deyil ki, müharibənin son ilində,
cəbhədə qızğın mübarizə getdiyi bir
vaxtda "Arşın mal alan" filmi
çəkilməkdəydi, həm də ikinci dəfə. (1945, rejissorlar R.Təhmasib, N.Leşşenko).
Deyirlər ki, müharibədən bəhs edən ən
yaxşı əsərlər müharibənin
ağrıları səngiyəndən, yaraları köz
bağlayandan sonra, soyuq məntiqlə yaradılır. Ola bilsin,
doğrudan da, belədir.
İkinci Dünya müharibəsindən danışan
Azərbaycan kinosunda Azərbaycan qadınları daha çox
arxa cəbhənin mübariz əsgərləri kimi
çıxış edirlər.
1958-ci ildə çəkilmiş "Onun böyük
ürəyi" (rejissor Əjdər İbrahimov, 1958) filminin
qəhrəmanı Səmayə müharibənin gülləbaranı
altında qalmasa da, üstünə güllə
yağış kimi yağmasa da, onun bütün həyatı
müharibə nəticəsində darmadağın olub. Sevib evləndiyi
əri Oqtay mühəndisdir, Səmayədən fərqli
olaraq, Oqtay gözütox deyil, qanunları çeynəyib əliəyrilik
etdiyinə görə onu tutub mühakimə edirlər. Onu mühakimə edənlərdən biri də Səmayənin
prokuror qardaşı Rəcəbdir. Bundan
sonra Oqtay günahlarını təmizləmək
üçün müharibəyə yollanır. Səmayə isə həyatla mübarizədə tək
qalır. Üstəlik, qızı Laləni
də böyütməli, oxutmalıdır. Səmayə tikintidə fəhlə işləyir,
qiyabi təhsil alır, hər şeyə rəğmən ərinin
yolunu gözləməyə davam edir. Oqtay
isə müharibədən qayıdanda artıq
başqasıyla bərabərdir, tək qayıtmayıb.
Qadınlar müharibəyə yollanan kişilərin
ümid işığı, söykənəcəyi kimi
göstərilir. Səmayə onu sevən, sevgisinə
ümid bəsləyən təyyarəçi Mənsura
yalandan onu sevdiyini deyir. Ona görə ki,
döyüşə gedən əsgər arxada onu sevən,
gözləyən birinin olduğuna inansın. Bu inam onu qələbəyə ruhlandırsın.
Səmayənin qardaşı Rəcəb müharibədə
yaralanıb gözlərini itirir, hospitalda yatanda Rəna
bacısının səsiylə danışır, Rəcəbi
inandırır ki, onunla danışan sevdiyi Xalidədir. Həyatın
amansız üzüylə qarşılaşan, arxa cəbhədə
gecə-gündüz işləmək məcburiyyətində
qalan qadınlar həm də döyüşən kişilərin
ümidi olmalıdırlar, onlara ruh verməlidirlər.
1959-cu ildə çəkilmiş "Onu
bağışlamaq olarmı?" (rejissor Rza Təhmasib)
filmində hadisələr müharibədən sonrakı
dövrdə cərəyan edir. Ancaq biz
görürük ki, müharibə bitsə də,
insanların içindəki müharibə hələ də
davam edir. Silahlar susub, toplar, tüfənglər
susub. Ancaq vicdanlar, ürəklər
danışır, müharibəni davam etdirir. Uşaq vaxtı müharibə nəticəsində
ailəsindən ayrı düşən Tərlan cinayətkar
bir adamın təsirinə məruz qalır, onun nəzarəti
altında böyüyür və əlaltısına
çevrilir. Müharibədən
sonrakı illərdə də həmin cinayətkarın
göstərişlərini yerinə yetirir. Tərlanı aldadıblar ki, valideynləri guya vətən
xainidir, özü də üzə çıxsa, onu da həbs
edəcəklər. Müharibənin
qadınların, uşaqların, ailələrin, sadə
insanların həyatında necə qorxulu izlər
buraxmasından danışan filmin sonunda Tərlan anasına və
bacısına qovuşur. Peşmanlıqlar,
utanc çoxdur, ancaq hər şeyin səbəbkarı,
günahkarı müharibədir. Bu müharibədən
ən acı nəsibini alan da Tərlanın
anası, bacısı olub. Onlar bütün bu
illər boyu tək qalıblar. Bir yandan həyatla
mübarizə aparıblar, bir yandan doğmaların itkisinin
acısını yaşayıblar. Budur, Tərlanı
tapıblar. Ancaq o, bacısına əl
qaldıran cinayətkar, oğrudur. Bütün
bunlara sinə gərmək olduqca ağırdır.
Kəmalə oxuyub, göz həkimi olub. Vaxtilə ona
xəsarət yetirən adamın doğma qardaşı
olduğu üzə çıxıb, indi o,
qardaşının kor etdiyi gənc qızın gözlərini
əməliyyat etməlidir. Onun boynuna
ikiqat məsuliyyət düşür. Kəmalə
Sevdanın gözlərini işıqlı dünyaya
açmaq üçün təkcə həkim kimi məsuliyyət
daşımır, o, qızın bu vəziyyətə
düşməsinə səbəb olan cinayətkarın
doğma bacısı olaraq, namümkünü mümkün etməyə özünü
borclu hiss edir.
1961-ci ildə ekranlara çıxan "Bizim
küçə" (rejissor Ə. Atakişiyev) filminin qəhrəmanı
Saranın da taleyi Tərlanın taleyilə oxşardır. O da müharibə nəticəsində
ailəsindən, anasından, doğma elindən uzaq
düşür. Uzun mübarizədən, macəralardan
sonra anasına qovuşa bilir.
Bəyim xala müharibədə bütün ailəsini
itirib. Oğlunu, ərini, qızını. Ona 20 metrlik otaq veriblər, o da qonşusuyla şərik
mənzildə. Qonşusu Bəhram da bundan
narazıdır. Elə Bəyim xala da həyatından
razı deyil. Ona təsəlli verən şagirdlərinə
deyir: "Dərdimin dərmanı otaq deyil. Mənim
həyatım keçib gedib. Ərimi
itirdim, oğlumu itirdim, ümidimi bircə qızıma
bağlamışdım. Deyirdim ki, onun
üçün yaşayaram. O da mənə qalmadı.
Dedim bəlkə işdə təsəlli taparam, indi bundan da
məhrumam. İndi gözlə görək, bu
iyirmi metrin əvəzinə sənə haçan iki metr yer
verəcəklər. Qorxuram, o günü çox
gözləyəm... ".
Bəyim
xalanın ölməkdən başqa arzusu yoxdur!
Bəyim xalanın müharibədən necə ziyanlarla
çıxdığı Bəhramın vecinə də
deyil.
Arvadı bunu ona irad tutanda Bəhram deyir: "Nə olsun, mənim
də rəhmətlik atam cəbhədə ölüb!".
Müharibəni xatırlamaq, televizorda verilən sənədli
xronikaya belə baxmaq filmdəki obrazlar üçün
çətindir.
İkinci Dünya müharibəsindən bəhs edən
filmlərdəki qadın obrazlarından danışanda
xüsusi vurğulamalı olduğumuz obrazlardan biri "Mən
ki gözəl deyildim" (1968, rejissor T.Tağızadə)
filminin qəhrəmanı 15 yaşlı Səidədir
(Xuraman Qasımova). O, uşaqlıqda anasını itirib, atasını isə
ön cəbhəyə yola salır. Əmisi
Qurbanın himayəsində yaşayan Səidəni hamı
uşaq kimi görür. Səidə isə
müharibə boyu gözümüzün qabağında həm
cismən, həm mənən böyüyür. Səidə işləmək, yararlı olmaq
arzusundadır, buna görə o, poçtalyon Şərifə
kömək etməyə başlayır. Gözü
yolda qalan analara, bacılara, atalara həmişə şad xəbər
verə bilmir.
Səidənin bütün bunlara sinə gərməsi
olduqca çətindir, ancaq o, hər şeyə dözür. Atasının
ölüm xəbərini ondan gizlədirlər. Ancaq poçtalyon Şərif başa düşəndə
ki, Səidə bu xəbəri eşitməyə
hazırdır, ona acı xəbəri verir. Səidənin əzabları fonunda biz digər sadə
insanların da məişətini, güzəranını izləyə
bilirik. Oğul, ata, ər itirən
insanların ah-fəryadı, naləsi göylərə
yüksəlir. Səidənin bir qadın olaraq çəkdiyi
çətinliklərə az da olsa
toxunulur, Məzahirlə səmimi dostluğu söz-söhbətə
səbəb olur, əmisi arvadı onu
gözümçıxdıya salır.
Müharibənin acı faciələrindən
danışan filmin çəkilişlərində təəssüflər
olsun ki, faciə yaşanmışdı. Bu film həm
də bununla kino tarximizin yaddaşında qalıb. Filmin müharibə epizodlarının birində
partlayış səhnəsi çəkilməliydi. Piratexnik partladıcı qurğunu səhv
qayığa yerləşdirir, nəticədə çəkiliş
qrupunda rejissor Ramiz Əsgərov da daxil olmaqla dörd nəfər
ölür, dörd nəfər yaralanır. Bundan sonra filmin çəkilişini rejissor Tofiq
Tağızadə davam etdirir.
"Bizim Cəbiş müəllim" (1969, rejissor Həsən
Seyidbəyli) filmində Şəfiqə Məmmədovanın
yaratdığı obraz əvvəlki filmlərdəki
qadın obrazlarından fərqlənir. Dürüst,
ləyaqətli müəllim olan ərinin və
uşaqlarının qayğısına qalan, ailəsini
çətin günlərdə ağır sınaqlar
qarşısında qorumağa çalışan sadə azərbaycanlı
qadındır. O, pafosdan da, saxta Sovet ideyalarından da, xəyallardan
da uzaqdır, son dərəcə realistdir,
düşdüyü şəraitə uyğun olaraq hərəkət
eləməyə və analıq instinktiylə
övladlarını müharibənin hər cür fəsadlarından,
aclıqdan qorumağa çalışır. İlk
baxışdan "müsbət " cəhətlərini
görməyə bilərik. Ancaq Şəfiqə
Məmmədovanın öhdəsindən böyük
ustalıqla gəldiyi ana obrazı ən təbii boyalarla əks
olunub və Azərbaycan kinosunda ən fədakar ana
obrazlarından biri kimi yerini almaqdadır. Lazım
gələndə o, öz isti pencəyindən də
keçir, soyuqda, yağışda əyni nazik,
islanmış halda evə qayıdır, pencəyi satıb
balalarına çörək alır. Evdən
əşyalar satır. Ürəyiyuxadır,
yeri gələndə qonşunun da, başqalarının da
halına yanır.
Cəbiş müəllimin bişirib satacağı
sabunun pulunun yarısını ərini müharibədə
itirmiş qonşu qadınla bölməyi arzulayır. O, arvadının sabun
bişirib satmaq təklifini rədd edən Cəbiş müəllimi
anlamaqda çətinlik çəkir, çünki
özü daha səmimidir, içinin dərinliklərində
bütün bu baş verənlərə,
yaşadıqlarına bir anlam verə bilmir, Cəbiş
müəllim kimi ideyalar, mənalar uydura bilmir. Nəsibə
Zeynalovanın, Səfurə İbrahimovanın
oynadığı qadın obrazları da yaddaqalan, mənalı
obrazlardır. Leninqraddan, müharibədən
qaçan yetim, kimsəsiz qıza Suğra xala ürəkdən
qapı açır, onu öz balası kimi qoynuna alır,
qoruyur, müdafiə edir. Nəcəfovun
arvadını oynayan Səfurə İbrahimova sadə, səmimi
oyunuyla yaddaşlarda həmişəlik iz salıb. Ərinin ölüm xəbərini öyrəndiyi
bir neçə anlıq səhnədə öz oyunuyla
tamaşaçıya dərindən təsir edir, faciənin
ağırlığını, böyüklüyünü
ekran qarşısında oturanlara dəqiqliyilə hiss etdirir.
"Tütək səsi" filminin Sayalısı da
çoxlarının qınaq hədəfinə çevirdiyi
obrazlardandır. Ər müharibəyə gedir, ön cəbhədə
vuruşur, ancaq qadın yeniyetmə oğullarının
etirazlarına rəğmən, gənclik sevdası Cəbrayıla
ərə gedir. Həmin dövrdə bu olduqca cəsarətli
addımdır,ancaq bu cəsarət
Sayalıya baha başa gəlir. O, elin qınağına
tuş gəlir, oğullarıyla üz-göz olur, onları
itirir. Sayalını dözümsüzlükdə,
sədaqətsizlikdə qınayanlar çoxdur. Ancaq alınmayan talelər, insan faciələri
fonunda Sayalının qəbahəti nədir ki? Müharibəni o başlatmışdı? Ərini uzaqlara, uzaq cəbhələrə o
yollamışdı? Həlak
olmasını o, istəmişdi? İndi
ki vəziyyət belə gətirib, Sayalının bir daha
xoşbəxt olmağa haqqı yoxdur? Axı
o, bir dəfə öz xoşbəxtliyindən əl çəkmişdi.
İkinci Dünya müharibəsinin
qadınlarımızın həyatında qoyduğu
ağır izlərdən danışan bir başqa film də
"Sahilsiz gecə" (1989) filmidir. Bu film ekranlara
çıxdığı vaxt etirazlara səbəb olmuş,
Kommunist, Sovet ideologiyasından uzaq bir film kimi dəyərləndirilmişdir.
Filmin ekranlardan
yığışdırılmasını, rejissorun cəza
almasını belə tələb eləyənlər
vardı.
Deyilənlərə görə, film milli-mənəvi dəyərlərimizə
zidd idi və bizi biabır edirdi. Yazıçı
Elçinin "Toyuğun diri qalması" povesti əsasında
rejissor Şahmar Ələkbərovun çəkdiyi filmdə
müharibə illərində Bakıda bədənini satmaqla
dolanan üç qadından bəhs olunur. Qadınlardan biri Bakı ermənisidir, azərbaycanlı
qadınları da bu işə o, sövq edib. Hətta film boyu digər iki qadın tez-tez onu "sənə
inandıq, aldandıq" deyə ittiham edirlər. (Bəlkə də müəlliflərin fikri bunu
göstərmək idi ki, bizim qadınları belə işlərə
cəlb edirdilər, tora salırdılar). Əsas
qəhrəman olan Zibeydə qocalsa da, onun ətrafında həyat
qaydasına düşsə də, hətta özünə
yaxşı ev-eşik, şərait düzəltsə də,
evini görüş evinə çevirib. Deməli,
əvvəlki yolundan qayıtmayıb. Hələ
də həmin Zibeydədir. Ancaq elə bir
şey baş verir ki, Zibeydəyə təsir göstərir,
o, bütün keçmişi, həyatı barədə yenidən
düşünməli olur. Görüşə
çıxan sevgililərin öpüşməsinə
şahid olur, gənc qızla oğlan buna görə haqlı
olaraq narahat olurlar. Oğlan sevdiyi
qızın adının dillərə düşəcəyindən
qorxur. Üstəlik, əsgər getməyə
hazırlaşdığı bir vaxtda! O, nə yolla olur-olsun,
Zibeydəni ələ almalıdır, həyətlərindən
tutduğu toyuğu Zibeydəyə rüşvət aparır,
ondan susmasını xahiş edir.
Atası repressiyaya məruz qalan, müharibə illərində
təkbaşına, köməksiz olan Zibeydəyə nə
dövlət, nə digər insanlar sahib çıxıb, məcbur
olub bu yola düşüb. Həmin o üç qadından biri
- erməni qadın artıq ölüb, biri isə sən demə,
bu yoldan dönüb ərə gedibmiş, indi nəvəsi də
var. Bazarda həmin köhnə rəfiqəsiylə təsadüfən
qarşılaşan, onun həyatı haqqında öyrənən
Zibeydənin peşmanlığı daha da artır. Onun bacardığını Zibeydə
bacarmamışdı və uduzmuşdu,
qarşılığında indi tənhalıqla cəzalandırılmışdı.
Yaşadığı qəsəbənin sakinləri ondan kənar
durur, gənc qızlar ona qorxuyla baxırlar, hətta onun pis adam olduğunu düşünürlər.
Ancaq
Zibeydə həqiqətən pis adam idi, əlindən
pislik gələrdi? Filmi izləyərkən bu
suala cavab tapırıq. Baxmayaraq ki, Zibeydə hamı tərəfindən
atılmışdı,ona heç kim sahib
çıxmamışdı, bu səbəbdən də
heç kimi bağışlaya bilmirdi... yenə gənc
qıza pislik edə bilmir. Hələ həyata
yeni atılan gənc bir qızı Zibeydə bu mühafizəkar,
ittiham edən, məhv edən toplumun önünə
atardımı? Yox!
"Hamı eyni gücdə deyil" - filmdən
çıxan nəticə budur. Bəli, müharibələrdə
qəhrəmanlar lazımdır. Ancaq hər kəs qəhrəman
ola biləcək gücdə deyil. Zibeydə və rəfiqələrinin də qəhrəman
olmağa gücləri çatmayıb. Onlara baxanda nə
qəzəb, nə kin hiss etmirsən, sadəcə, acı təəssüf
hissi keçirirsən. Sovet imperiyasının
sadə insanların həyatına vurduğu zərbələr,
repressiyanın, müharibənin yaratdığı
boşluqlar, travmalar bu nəticələrə gətirib
çıxarırdı, minlərlə qadının, gənc
qızın bütün həyatı məhv olurdu.
Zibeydənin həyatına nəzər salanda "Onu
bağışlamaq olarmı?" filminin sonunda ananın minlərlə
tamaşaçıya üzünü tutub verdiyi sualı vermək
istəyirsən?
- Kimdir
müqəssir? Bizmi, omu, yoxsa minlərlə fəlakətə
səbəb olan müharibələrmi?
1989-cu ildə rejissor Şahmar Ələkbərov Zibeydə rolunu oynaması üçün azərbaycanlı aktrisaları razı sala bilməmişdi. O bu rola Türkmənistan aktrisası Oğuldurdı Məmmədquliyevanı çəkmişdi. Ancaq təəssüf ki, cəmi bir neçə ildən sonra Azərbaycan qadınları elə acı gerçəkliklərlə, hadisələrlə üzləşəcəkdilər ki, ekranda belə təsviri son dərəcə çətin olacaqdı.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2022.- 16
aprel.- S.26-27.