Parta üstündəki yazılar

 

Parta üstə yazılar

Uşaqlardan düşüb qalıb

Yaddan çıxmış qələm kimi.

 

Xadimə qadın sildikcə partaları

Gülümsəyir.

"Sevirəm" sözünə o qədər əyilir,

Elə bil ki, baş əyir.

 

Partalar yazılıdı,

Yazılarda səs donub.

Hər yazının üstünə

körpə təbəssüm qonub.

 

Şeir dəftəridir partanın üstü,

Məni dərd-xəyal alıb.

Yazıları oxuya-oxuya

Xadimə cavan qalıb.

 

Məni bağışla

 

Yadına gəlir,

Mənim gözlərimin rəngi

On il bundan öncə necəydi?

Yadına gəlirsə - məni bağışla.

 

Əllərin əlimi unutmayıbsa,

Məni ürəyinə

Əlin xatırladırsa -

Yenə məni bağışla.

 

Deyirlər əllər

Yazdığı məktubu unuda bilmir.

qədər üzüklər taxılsa ona,

Üzüklər barmağı aldada bilmir,

Üzük ürəyini əzirsə - məni bağışla.

 

Mən qocalıb getdim,

Mənə əlvida,

Hələ gözlərin bağçada

Məni gəzirsə - məni bağışla.

 

Mən qocalıb getdim,

Getdim ki, yenidən gəlim,

Xahiş eləyirəm,

Sən məni sevmə,

O dünyada da,

Mən səni tanıya bilim.

 

Şeirlərim

 

Birinin sevinci var,

Birinin qəmi.

Biri ağıllıdır,

Biri dəcəldir,

Biri dəli...

 

Arxasınca qaçar ağlım,

Qoymaz yıxılmağa.

var ki, gülməyə,

var ki, ağlamağa...

 

Ürəyimdən su içən

Hisslərim,      

Onlarla dolaşar,

İncikli küsülülərim

Əsəblərim, hirslərim...

 

Hardasa olsa tanıyaram,

Mənim özümə oxşayır

Dəli-dolu şeirlərim...

 

Ağac

 

Görürəm başında payız qocalıb,

Bu ağac bahara açıb əlini.

Görürəm budaqlar tamam sınıxıb,

Üzüyünü salmış barmaqlar kimi.

 

Başında qaranquş ümidi qalıb,

Yarpağı yerinə bitib inamı.

Budaqlar necə ağappaq olub,

Şümşad biləyinə oxşar anamın.

 

Açılıb ağaca budaq qollarım,

Nəğmə oxuyuram yenə ucadan.

Uzaqdan tökülüb gələn yollarım,

Nədənsə özünü asır ağacdan.

 

İstərəm quş olub başına uçam,

Körpə qönçələrdən qalayım ocaq.

Ağacı gözümdən uzaq qoymuram,

O ağac gözümdə yarpaqlayacaq.

 

Qəbiristan yolları

 

Qəbiristana gedən yollar       

ot bitirir - gözəl olur.

Burada ayaq izi

quruyur xəzəl olur.

Qəbiristana gedən yollar

səhər-axşam səs daşıyır.

Dolanıb başdaşlarına

bir cığır qəfəs yaşayır.

 

Ayaq izləri ölür

qəbiristan yollarında.

İzləri otlar qaldırır

tabut kimi qollarında.

 

Mən

 

Buludlar, mənə gülməyin,

Yollar, dərdimdən ölməyin.

Dağlar, üstümə gəlməyin,

Qorxuram mən, uşağam mən.

 

Bir gözələ qəlbim qızdı,

Qızdı, başım-beynim qızdı.

Ölüm ki var, gözəl qızdı,

Yuxusuna muştağam mən.

 

Tez uyuram dediyinə,

Baş qoyuram yedəyinə.

Bu dünya bir qarı nənə,

Nağılına aşığam mən.

 

Dünya

 

Dünyanınki nədir,

Get balaca uşaqla top oyna

Adını da qoy: Dünya.

 

Topu vur qonşunun pəncərəsinə,

Uşaqlar oyansın şüşə səsinə

Adını da qoy: Dünya.

 

Əlində dən tut,

bir sərçənin gözündə.

Əllərinə ensin

bir parça

göy üzü.

Adını da qoy: Dünya.

 

Əllərinə düşsün

bir parça bulud,

Əlində

buğda bitsin.

Adını da qoy: Dünya.

 

Sevdiyin qızın adı Röyadırsa,

Adını dəyiş qoy

Dünya.

Sev kərəm kimi,

Soyul Nəsimi kimi,

Bit, qurtar,

Bu da sevdiyin Dünya.

 

Yaz

 

Qoz qəhqəhəsi, fındıq gülüşü

Aləmi götürüb başına.

Çiçək sevdası sızır,

Qaralmış daşın başına.

 

Havanın ucundan tutub

İlan sürünür bulud kimi.

Qarışqa gözüylə yeyir

Uzaq mənzilləri,

Məsafələri.

 

Ay düşür aşağı

Yerdən uşaq götürməyə.

Uşaqlar gözüylə Ayı saxlayıb

Qoymurlar yerə düşməyə.

 

Göyə güllə atırlar,

Kimi qovurlar görən?

Kimdi kədəri yuyub,

Sevinci çəpərə sərən?

Gəl belə danışaq,

kədərli dostum.

 

Gəl belə danışaq, kədərli dostum,

Yadındadı, kəndin ortasında

Köhnə bir meydançada

Top oynamağımız?

Top üçün havada yellənən

Əlimiz ayağımız?

 

Mən vurduğum qolları

Pəncərədən bizə baxan

O qıza həsr eləyirdim,

Sən bunu bilmirdin amma,

Əl çalırdı pəncərədə.

Əllərinin səsi

Çiçək kimi tökülürdü

pəncərədən.

 

Bir dəfə oynayanda

Vurduğum top

Onu gəlin aparan

Maşının

Ön şüşəsinə dəydi.

Gəlin bir az qalxdı ayağa,

Topa elə baxdı,

Elə baxdı ki,

Deyəsən, gözündən top kimi

Yaşlar düşdü.

 

Fikrimcə, o düşünürdü

Qapıya topu düz vura bilmirəm daha,

Ya da topu onun yollarına

Vurmuşam

Belə.

 

Allahşükür AĞA

 

Ədəbiyyat qəeti.- 2022.- 16 aprel.- S.31.