Cığır
Şuşanın işğaldan
azad edilməsi
Romandan parça
Müharibə
isə davam edirdi...
Bütün
dünya görürdü, xalq tam əmin idi ki, Şuşa işğaldan azad olunacaq. Bu, əsasən də, Hadrut və Füzuli
rayonları düşməndən təmizləndikdən
sonra özünü daha çox büruzə verirdi. Dünyanın əksər dövlətləri
"xristian birliyi" adı altında müharibəni
durdurmaq, erməniləri məğlubiyyətdən qurtarmaq
istəyirdilər. Ali Baş Komandan isə
israrla erməni qoşunlarının işğal ərazilərdən
çıxarılması üçün cədvəl və
vaxt tələb edirdi. Əsas məsələ
isə Şuşanın azad olunması idi.
Şuşa necə bir yerdirsə, mistikliyi bitib-tükənmir. Şəhərin
ətrafı elədir ki, sanki göydən bir kosmik gəmi
yerə düşüb, orada məskunlaşıb. Dağları da, daşları da elə bil göylərdən
gətirib ora düzmüsən. Başqa
bir dünyaya düşürsən. Bu
şəhərdə, orada doğulan ən yaradıcı
adamların ruhlarını görürsən. Bu ruhlar sənin
yanındadırlar, amma şəhərdən heç vaxt
çıxıb getmirlər...
Qərargah
zabitlərə və əsgərlərə Ali Baş
Komandanın əmrini çatdırmalı idi:
"Şuşasız işimiz yarımçıq qalar!". Əslində, bunu hamı
bilirdi, ancaq bu əmr hökmən yerinə yetirilməli idi.
Zabitlər generaldan Şuşanı necə almaq əmrini
səbirsizliklə gözləyirdilər. Hikmət Mirzəyevlə
yanaşı, o biri zabitlər də elə bir ruhla
yaşayırdılar ki, sanki ömürləri boyu bu
günü gözləmişdilər, zatən, belə
olmuşdu. Hamının gözündə
qisas və intiqam qığılcımı
görünürdü.
- Cənab
zabitlər! Gün o gün gəldi. -
General oturanlara izah etməyə
başladı. - On min üç yüz səksən altı
gün bizdən ayrı qalan, gözümüzün mirvarisi
olan Şuşanı işğaldan azad etmək vaxtı gəlib
çatdı. - Zabitlər bir-birlərilə
baxışdıqda gözlərdən və üzlərdən
sevinc oxundu. - Yadınızdan çıxartmayın, Şuşa bizim şərəf, qürur, namus
məsələmizdir. Keçirəcəyiniz əməliyyatla
təkcə xalqımızın tarixinə deyil, həm də
dünya tarixinə imzanızı atacaqsınız. Gələcək nəsillər adınızı
şərəflə yad edəcəklər. Bu əməliyyat "Dağlarda toy" əməliyyatına
ən tutarlı cavab olacaq. "Dəmir
yumruq"u başlarına elə endirmək lazımdır ki,
bir də Şuşanın adını heç vaxt çəkməsinlər.
Bu əməliyyata yüngül silahlarla gediləcək.
Onsuz da yükünüz ağır olacaq.
Həm də nəzərə almaq
lazımdır ki, uzun, ta Şuşaya qədər uzun yol qət
edəcəksiniz. Silah-sursatınızda məhdudiyyət
olacaq. Odur ki, "Bir atış - Bir hədəf"lə
döyüşü aparmalıyıq, çünki bu,
"arxaya sızma"nın ən vacib
prinsipidir...
Generalı
hər zaman düşündürən bir məsələ
vardı: Az qüvvə ilə, az itki ilə
Şuşanı necə alsın. Günlərdir
bu barədə fikirləşirdi. Elə
bil bu əməliyyatda nəsə
çatışmırdı, ürəyi
darıxırdı. İçində nəsə
bir boşluq vardı. Bu boşluq onu
boğurdu, özünə yer tapa bilmirdi. Hər
gün şəhərin xəritəsinə baxır, nəsə
axtarırdı. Ona məlum idi ki, düşmənin
şəhərdə güclü müdafiəsi və
böyük sayda qüvvəsi var. Deməli, onun
üçün dörd əsas məsələ
qalırdı: Arxaya sızmaq, qəfil döyüşlər
aparmaq, düşmənin təminat yolunu kəsmək,
qruplarla bir an da olsa əlaqələri kəsməmək.
Ona xəbər
veriləndə ki, arıq bir kişi
Şuşa ilə bağlı sizə çox mühüm xəbər
vermək istəyir, general əvvəl istədi onu qəbul
etməsin, çünki indi müharibənin taleyi həll
olunurdu. Heç buna vaxtı da yox idi. Amma ürəyinə nəsə damdı.
Düşündü ki, Şuşa
haqqında məlumatı yalnız şuşalı verə
bilər. Növbətçidən soruşdu:
- Bu
arıq kişinin adı, soyadı yoxmu? Özü
şuşalıdır?
Növbətçi
dərhal cavab verdi:
- Var, cənab
general! Adı Nəsrəddin, soyadı Murad, özü də
şuşalı qaçqındır.
General düzəliş verdi:
-
Şuşadan qaçqın ola bilməz!
Olsa-olsa, məcburi köçkün ola
bilər. Çağır gəlsin.
Növbətçi
generalın ona irad tutmasını anladı:
-
Günahkaram, cənab general! Bu dəqiqə.
O,
içəri girəndə general ayağa durdu. Salamlaşıb yer göstərdi, özü də
üzbəüz əyləşdi.
- Buyurun,
ağsaqqal, eşidirəm! Növbətçi dedi ki, Şuşa ilə bağlı ciddi xəbərin
var.
Qoca əlini əlinin üstünə sürtdü.
- Hə,
- dedi, - sizin Şuşada axtardığınız yeri mən
bilirəm.
Onu maraq
bürüdü:
- Mən
Şuşada nə axtarıram ki?
Nəsrəddin
kişi cibindən bir kağız
çıxarıb ona uzatdı:
- Buyur,
generalım! Bunu Şuşadan çıxandan
sonra çəkmişəm. Həmişə deyirdim
yüz il daraq, bir gün yaraq. Bax, indi bu lazım oldu.
Kağızı alıb baxdı, dərhal da təəccübləndi.
- Bu ki
Şuşanın xəritəsidir. - Gözünə nəsə
tanış olmayan bir yer dəydi. - Bəs
bu yer bizim xəritədə niyə yoxdur? Bu nədir?
-
Cığırdır, generalım!
- Nə
cığır?
-
Dağkeçisinin saldığı cığır. - Dərindən
nəfəs alıb əlavə etdi. - Bu cığırı
Pənahəli xanın vaxtından bizim soyumuz qoruyur. İndi vaxtı gəlib. Bu
cığırı bəziləri bilsələr də,
heç kimin ağlına gəlməz ki, buradan insan
keçsin, çünki bu, ölümə bərabərdir.
Ancaq bizim əsgərlərimiz keçə bilər.
Bilirlər ki, torpaq uğrunda vuruşurlar.
General ayağa durub seyfini açdı. Dəqiqləşdirmək üçün
Şuşanın xəritəsini götürdü. Cığır onun xəritəsində yox idi.
Dərindən nəfəs aldı. İndi istədiyini tapmışdı. İndi bütün daşlar yerinə otururdu. Bu barədə məruzəsini etdi. Muradı da yoxlatdırmağı unutmadı.
Müharibədə hər şey ola bilərdi...
...İclasda
qərargah rəisi Kənan Seyidova müraciət etdi:
- Cənab
general! Bu döyüşdə bir müttəfiqimiz
də var. - Danışmağa üstünlük verməsələr
də, iclasdakılar ona baxdılar. General isə
davam etdi. - Bizim təbii müttəfiqimiz dağlar, meşələr,
ağaclar, daşlar, buludlardır, çünki bu torpaq
bizimdir. Bu yer, yurd bizi otuz ildir gözləyir.
Biz onların necə həsrətini çəkmişiksə,
onlar da bizim həsrətimizdədirlər. Nə olmasından asılı olmayaraq, biz
Şuşaya qovuşmalıyıq, hətta şəhid də,
qazi də olsaq. Biz bunu etməliyik.
İclasdakıların
çoxunun gözləri yaşardı...
Noyabrın ikisində quru qoşunlar aldadıcı manevrə
başladılar. Erməni ordusu bu manevri izləyirdi. Dərhal Şuşakənd və Daşaltı
istiqamətində ordu toplamağa əmr verildi.
Xüsusi təyinatlı qüvvələr
Salaqçı yaşayış məntəqəsini azad
etdilər. Bunsuz dərin sızma mümkün olmayacaqdı.
Arxaya dərin sızma başladı.
Xüsusi təyinatlılar qruplara bölündülər. İndi təminat
yolu olan Laçın dəhlizi bağlanmalı idi.
Dərin meşələrlə, soyuq havada, suyun
içində, yuxusuz, amma yorulmaq bilməyən bir qrup gah
yoxuşa qalxır, gah dərəyə düşür, dəhlizdən
bir neçə kilometr aralı paralel irəliləyirdi. Qarşıya
göndərilən kəşfiyyatçı geri
qayıtdı.
- Komandir,
- dedi, - dəhliz yolunda yüzə yaxın erməni var.
Özü də düz dəhlizə qədər postlar
qoyublar. Neyləyək?
Qəzənfər
adlı komandir İqbala baxıb cavab verdi:
-
İqbal, bu əmrdir, nə yolla olur-olsun, dəhliz
bağlanmalıdır! O biri iki qrupla da əlaqəni saxla,
eyni vaxtda erməniləri zərərsizləşdirək.
Amma, "neyləmək lazımdır" sualı
ağlını qarışdırmışdı. Birdən sanki
qeybdən səs gəldi. Nə etmək
lazımdır yolunu göstərdi. Tez
giziri çağırıb ratsiyanı qoşdu, mərkəzlə
əlaqə saxladı.
- Komandir,
burada vəziyyət belədir. - O, əhvalatı təfsilatı
ilə danışdı.
O biri tərəfdən
səs gəldi.
- Neyləmək
istəyirsən?
- Komandir,
icazə versəydiniz, açıq efirə çıxıb
erməniləri qorxudardım. Onsuz da onlar təlaş
və qorxu içindədirlər. Elə
biləcəklər, çoxuq, qaçıb Laçına tərəf
gedəcəklər.
Razılıq verildi. Qəzənfər ratsiya ilə
açıq efirə çıxdı:
- Sən
altmışla sağdan, sən yetmiş əsgərlə soldan get. Mən yüz nəfərlə
mərkəzdən gəlirəm. Uşaqlar,
elə edin ki, bir erməni dığası da mühasirədən
çıxmasın. Xocalının,
Şuşanın intiqamı yaxınlaşır.
Ermənilər açıq efirə girə bilirdi. Odur ki, efirdə
belə əmri eşidən kimi bir çoxları
maşınlarına oturub qaçdılar. Bəziləri, hətta ağır silahlarını
atıb gedirdilər. Qalan bir neçə
qrup vardı ki, yalnız piyada yola düzdü. Onları da yolda xüsusi təyinatlılar
haqladı.
Beləliklə, Laçın dəhlizinə nəzarət
tam ələ keçdi. Erməni ordusunun təminatı kəsildi.
Sonra
qruplara əmr gəldi: Daşaltı tərəfə irəliləmək.
Yolda qruplar az qalmışdı mühasirəyə
düşsünlər. Bu zaman bir topa ağ
bulud düşmənlə qrupların arasına girdi. Hər tərəf dumana büründü. Qruplar rahat şəkildə dumandan istifadə edib,
yenə yoxa çıxdılar.
Bu da
Daşaltı. Bu kənd min beş yüz əlli
üç metr hündürlükdə yerləşir.
Daşaltı azad edildikdən sonra Şuşa
hər tərəfdən mühasirəyə alındı.
Cəmi dörd yüzə qədər xüsusi təyinatlı
cığırı tapdılar.
...Ratsiyadan
mayor Hüseynovun səsi eşidildi:
-
Uşaqlar, bu cığır bizi Şuşaya aparır, həsrətini
çəkdiyimiz Şuşaya, ürəyimizdə gəzdirdiyimiz,
gözlərimizə doldurduğumuz Şuşaya. Qalxdığımız bu cığır bizə
doğmadır. Amma bu sonuncu maneə deyil.
Əsas maneə şəhərdə oturan erməni
döyüşçülərdir. Gör
neçə illərdir buranı mundarlayırlar. Daşlar, qayalar sizə yol verəcəklər.
Bilirdilər ki, buranın əsl sahibi
qayıdır. Yorulmaq yoxdur. Sungülərdən istifadə edin. Lazım gəlsə, əllərinizi də ayaqlara
çevirin. Aydındır?
Heç kim cavab vermədi. Hamı bilirdi
ki, komandir nəyə işarə edir, mayorun işi bu idi,
heç kimi yorulmağa qoymurdu.
Cığırın sərt yeri irəlidə idi. Xüsusi təyinatlı
qüvvələr səssiz-səmirsiz dağkeçilərinin
qalxıb-düşdükləri izlə, kürəklərində
əlli kiloqramlıq yük, könüllərində bu
yükdən yüz dəfələrlə ağır olan Şuşa həsrətilə yuxarı
qalxırdılar. Hamısı əllərində
döyüş bıçağı tutmuşdu. Bəzən elə yer olurdu ki, süngünü
daşa vururdun, çünki başqa yer yox idi. Ya da
daşlar arasında bir çat yeri görünən kimi irəlidə
gedən əlindəki bıçaqla onu bir az
da dərinləşdirir, pıçıltı ilə arxada
gələnlərə xəbər verirdi:
-
Uşaqlar, mənim yerimə çatanda, sağ tərəfdə
çat var, ondan istifadə edə bilərsiniz.
Ratsiya ilə
deyilən bu sözləri hamı eşitsə də,
heç kim cavab vermirdi. İndi əsas
iş cığırın başına çatmaq idi. Bəlkə də, adi vaxt olsa idi, bu cəsur
döyüşçülərin heç biri bu
cığırla yuxarı qalxmaq istəməzdi. Ancaq
indi... Elə bil Şuşanın sehri, tilsimi
onların belinə kəmənd salıb yuxarı
dartırdı. Onlar özlərindən
asılı olmayaraq qayalara dırmaşır, heç kimin edə
bilmədiklərini edirdilər. Hərdən
adama elə gəlirdi ki, onlar dağlardan, göylərdən
asılı vəziyyətdə qalıblar. Şuşadan atılan kəməndsə yelləncəkdə
olduğu kimi onları yellədir.
Baş
gizir Yaşar bıçağı növbəti dəfə
çat olan yerə salıb nəfəsini dərdi.
Dönüb arxaya baxanda az qaldı
başı hərlənib yıxılsın. Yaxşı
ki, bıçağı əlində möhkəm
saxlamışdı. Onun can yoldaşları, qan
qardaşları qayalarda qarışqa kimi yeriyirdilər. Sanki illərdir bu cığırda təlim
keçmişdilər. Düzdür,
dağ təlimlərini tez-tez keçirdilər, amma bu
cığır kimi yer onların təlimlərində
heç vaxt olmamışdı. Bəs
onları belə çəkib aparan nə idi? Bəlkə də Şuşanın tək bir
adı bəs idi ki, belə şövqlə yuxarı
qalxsınlar.
Yaşar
ratsiya ilə komandiri çağırdı:
- Cənab
mayor, sizdən bir xahişim olacaq.
Mayor ürəyində fikirləşdi ki, rəhmətliyin
oğlu, heç hənanın yeridir? Qoy
cığırın sonuna gələk, sonra nə xahiş
edirsən, et də. Əlimiz
qayalarda sallana-sallana qalmışıq. Amma
fikirləşdiklərini demədi. İndi
hamı ölümlə həyatın arasında idi. Bəlkə nəsə ailəsinin xahişini edəcək.
Belə şeylər azmı olub? Döyüşə atılmamışdan qabaq belə
şeylər çox olur. Onlar tək
döyüş yoldaşları olmurdular, həm də tez biz
zamanda dosta, qardaşa, ailənin bir üzvünə
çevrilirdilər. Odur ki, yavaş səslə cavab verdi:
- Buyur
Hüseynov, ancaq qısa elə.
- Baş
üstə, komandir. Ürəyimdə bir
muradım, istəyim var. Xahis edirəm muradımı
gözümdə qoymayasınız.
Komandir sol əlini atıb qayanın çıxıntısından
yapışdı, sağ əlindəki bıcağı
çata salandan sonra dilləndi.
-
Hüseynov, bu dəqiqə elə bir vəziyyətdəyəm
ki, Şuşadan başqa yadıma heç nə
düşmür. Sən də xahiş edirsən.
Baş
gizir əl çəkmədi:
- Cənab
mayor, - dedi, - elə mən də Şuşanın xahişini
edəcəm.
Komandir az qaldı gülsün, ancaq belə yerdə
gülmək yerinə düşmürdü. Ehmalca dedi:
-
Yaşar, qoy Şuşaya çataq, erməniləri dərbədər
edək, sonra xahişini edərsən.
Baş
gizir əl çəkmədi:
- Yox e,
komandir! Dəmiri isti-isti döyərlər.
İnşallah, Şuşaya da girəcəyik,
erməniləri dərbədər də edəcəyik, amma
orada bu xahişin ləzzəti olmayacaq.
Mayorun daha səbri çatmadı, təpindi.
-
Hüseynov, qısa et! Bax
indi bu qayalıqdan yıxılsam, günah sənin boynunda
qalacaq, çünki diqqətimi yayındırırsan.
Baş gizir indi başa düşdü ki, məsələni
doğrudan çox uzatdı. Odur ki, qısa cavab verdi:
Komandir, əgər
şəhid olmasam, yaralı olsam belə, Şuşada
bayrağımızı qaldırmağı Allah mənə
nəsib etsin!
Mayorun sanki bir anlığa ürəyi dayandı. Düşündü:
...Allah, biz nə millətik belə? Bayrağı
Şuşada dalğalandırmaq üçün əhd eləyir.
Deyir ki, hətta yaralı olsam belə. Qısa müddətdə bu güc, bu sel hardan gəldi?
Bu nə enerjidir belə başımızın üstündə
fırlanır?". Komandir
onun ürəyini qırmadı. Qısaca olaraq cavab verdi:
- Amin,
Yaşar, amin!
Kimsə
ratsiyada pıçıltılı səslə zarafat etdi:
-
Yaşar, sən çaldın!
Nəhayət, qala divarları göründü. Artıq
cığırın sonu idi. Heç ermənilərin
ağlına da gəlməzdi ki, Azərbaycan əsgəri bu
sal qayalardan yuxarı dırmaşacaq, onları qəfil yaxalayacaq.
Bu yerdən o qədər arxayın idilər ki,
heç mühafizə də qoymamışdılar.
Mayor
Hüseynov hamının qala divarlarının dibində
toplaşması üçün bölmə komandirinə əmr
verdi:
- Bölmə
komandirləri, yanıma!
Bir anda komandirlər onun yanına toplandı. O, xəritəni
çıxarıb, üstünə fənərin
işığını tutdu. Kimin hansı
küçədə olacağını bir daha
xatırlatdı.
- Bir azdan
"Sızma" əməliyyatına başlayırıq. -
Bölmə komandirləri getdikdən sonra mərkəzə məlumat
verdi. - Cənab general,
cığırı - birinci mərhələni keçdik. "Sızma" əməliyyatına
başlayırıq.
Ratsiyanın
o biri başından general Mirzəyevin səsi gəldi:
- Cənab
mayor, "Sızma" əməliyyatına başlaya bilərsiniz.
Təkrar biliyin anası olduğundan bir də
deyirəm. Səssiz işləyirik. Düşməni daima təlaşda, həyəcan və
qorxu altında saxlayırıq. Erməninin
gözünə hər yerdə biz görünürük, hətta
biz olmayan yerdə də. Haydı, Allah amanında!
Xüsusi təyinatlı qüvvələrə elə
bil yenidən güc gəlmişdi. Sanki günlərdir bu
ağır yükün altında irəliləyən bunlar
deyildi. Yorğunluqları keçib
getmişdi, "Sızma" əməliyyatına
başlamamışdan öncə bütün
döyüşçülər əyilib qala
divarlarının dibindəki daşı, torpağı
öpdülər, sonra divarın qapıya oxşayan bir dəliyindən
şəhərə sızdılar. Ermənilər
özlərinə zəhmət verib, heç dağılan
divarı da təmir etdirməmişdilər. Hətta etsəydilər
belə, xüsusi təyinatlılar divara dırmaşıb
şəhərə girəcəkdilər və girdilər də...
Qırmızı bazar tərəfdən toplardan
atılan mərmilərin gurultusu eşidildi, sanki yer-göy
titrədi. Bu, Azərbaycan Ordusunun Şuşadakı ermənilərə
sonuncu xəbərdarlığı idi. Çəkilin
gedin! Yerin sahibi gəlir! Erməni ordusu isə
özünə arxayın idi. Şəhərdə
heç kim yatmamışdı. Hamı döyüşə hazır idi.
Bilirdilər ki, Şuşa
alınmazdır. Nə qədər istəyir
qoşun gəlsin, xeyri olmayacaq. Xan
sarayının yanında iki erməni əsgəri növbə
çəkir, arada dərdləşir, söhbət edə-edə
siqareti siqaretə calayırdılar. Şuşa
işğal olunandan sonra Xan sarayının yalnız
divarları qalmışdı. Vaqifin məqbərəsini
də söküb satmışdılar, hətta
Bülbülün, Natəvanın heykəllərini də
güllələmişdilər. Fikir
babası Əhməd bəy Ağa oğlunun ata evini yerlə
bir etmişdilər. Məscidləri
dağıtmışdılar. İşğala
qədər hər məhəllədə bir məscid
vardı. İşğaldan sonra isə
yalnız Yuxarı Gövhər ağa məscidi
qalmışdı. Onu da İran hökuməti
bərpa etmişdi və İran mədəniyyəti inciləri
kimi qələmə verirdi.
Bir
sözlə, Şuşada türkə aid nə vardısa
şəhərdən silməyə çalışan ermənilər
bir şeyi başa düşmürdülər: Şuşa azərbaycanlılar tərəfindən
niyə bu qədər sevilir. İyirmi səkkiz il ərzində ermənilər bu şəhərdə
daşı daş üstünə qoymadılar. Çünki şəhər onlara yad idi,
Şuşanın ruhunu tuta bilmirdilər. Çünki
bu şəhəri onlar inşa etməmişdilər. Ümumiyyətlə, ermənilər öz tarixlərində
heç bir şəhər salmayıblar. Ya
hazırına gəliblər, ya da onların əvəzinə
osmanlılar, səfəvilər, sovetlər şəhər
salıb, onları şərəfləndiriblər.
Tarixin ironiyasına baxın: Özünün əldəqayırma
dövləti var, ancaq indiyə qədər bir şəhər
inşa etməyib. Şuşa da onlardan biri.
Yenə iki erməni əsgəri Xan sarayının
tinində üz-üzə gəldilər. Biri dərhal
cibindən siqaret çıxardıb, damağına qoyub
yandırdı. Qutunu Vaxtanqa uzatdı:
- Ara,
Vaxtanq, gəl bir dənə siqaret çəkək. Siqaret çəkməkdən sinəm kömürə
dönüb. Bu qədər də siqaret
çəkmək olar? Bu türklər də
yaşamağa qoymurlar. - Atılan topların gurultusuna
reaksiya verdi. - Ara, özünü yorma! Nə
qədər istəyirsən at, bizim heç vecimizə də
deyil, Şuşa alınmaz qaladır, heli,
alınmaz. Sizin ağlınız olmadı o
zaman, şəhəri verdiniz bizə.
Armen adlı o biri əsgər onun uzatdığı
qutudan bir siqaret götürüb dodaqları arasına qoydu. Ondan siqareti
alıb közünü siqaretə caladı. Dərindən
bir qüllab vurub tüstüsünü havaya buraxdı, sonra
ondan soruşdu:
- Ara,
Vaxtanq, türklər Şuşaya gələ bilərlərmi?
Deyirlər, lap burnumuzun ucundadırlar, hətta
Daşaltını da alıblar.
Vaxtanq onu
sakitləşdirdi:
- Ara,
heç vecinə alma! Türklərdə
"dux" hardadır gəlib Şuşaya
çıxsınlar? Şəhərdə bu qədər
qoşunumuz var, texnikamız var. Bizə kim
bata bilər? Bir də, eşitmədin komandir nə dedi? - Bir
qədər sükutdan sonra əlavə etdi. -
Komandir Paşinyana çox inanır. O, televizorda
çıxış edib deyib ki, türkləri bilə-bilə
Qarabağın dərinliyinə çəkirik ki, sonra
masştab hücuma keçək. Ara, o gün
çox uzaqda deyil.
Armen ona
etiraz etdi:
- Birdən Paşinyan yalan deyirsə? Buna necə
inanaq? Qulağımızın dibində
toplar guruldayır. Deyirlər, buralarda
axırıncı dəfə topların guruldaması 1992-ci
ildə olub. Ondan sonra Şuşa ətrafında
iyirmi səkkiz il mərmi səsi eşidən olmayıb. Sonralar bu gurultuları aşağılarda eşidiblər.
Bütün bunların sonu necə olacaq, ara?
Vaxtanq siqaretinə sonuncu qüllabı vurub yerə
atdı, çəkməsinin altında əzib
söndürdü.
- Belə
şeylərə fikir vermə! Dünya bizim
arxamızdadır. Türklərin hünəri
çatarmı buralara gəlsin?
Armen yenə
etiraz etdi:
- Ara,
fikrimi qəribçiliyə salma! Deyirlər ki,
onlar PUA-lardan başqa, "gözəgörünməz
kölgə" əsgərlər də icad ediblər.
O əsgərlərdən heç Amerikada yoxdur. Bizim əsgərlərdən biri onları
aşağılarda görüb, danışır ki, güllə
ilə vurursan yıxılır. Düşünürsən
ki, birini öldürdüm. Heç bir dəqiqə
keçmir ki, robot ayağa durub, atəş aça-aça
üstünə gəlir. Ara, biz türklərlə
vuruşmuruq, e.., robotlarla vuruşuruq. Sonra
da deyir ki, bu türk robotu istəyəndə yoxa
çıxır, yəni gözəgörünməz olur.
Vaxtanq onu
ələ saldı:
- Ara, nə
danışırsan, gözəgörünməz nədir? Belə bir şey olsa idi, Fransa bizə onu çoxdan
ötürərdi, ağlına belə şeylər gətirmə.
Gözəgörünməz, yox bir sehrbazlar...
Vaxtanq sözünü axıra çatdıra bilmədi. Xan
sarayının dağılmış pəncərəsində
iki kölgə göründü. Bu zaman
göydə gümüşü rəngdə parıldayan iki
bıçaq uçaraq onların boğazına saplandı.
Hər iki erməni əsgəri bir-birinə təəccüblə
baxıb, ağır-ağır, xırıldayaraq yerə
yıxıldı. Nə olduğunu
heç başa da düşmədilər. İki nəfər sakitcə onlara
yaxınlaşıb, boğazlarına batan
bıçaqları çıxardıb heç nə
olmamış kimi yenidən kölgəyə çevrildilər.
Dörd yüz nəfər xüsusi təyinatlı
kölgəyə çevrilib Şuşanın küçələrində
"Sızma" əməliyyatını davam etdirirdilər.
Nəhayət,
ermənilər başa düşdülər ki, Azərbaycan əsgəri
şəhərdə xüsusi əməliyyat aparır, amma
heç kim başa düşmürdü
ki, onlar haradan gəlib çıxıblar. Şəhərin
girişində yerləşən posta zəng edib
soruşurdular ki, türklər hardan gəlib şəhərin
ortasına çıxıblar.
Postun
komandiri - buradan keçməyiblər - dedi. Elə
isə haradan? Bu müəmmalı
sualın altında ermənilər hara gəldi atəş
açmağa başladılar. Onlar
hansı qaraltını görürdülər, gülləbarana
tuturdular. Şəhəri atışma səsi
başına götürdü.
Dörd yüz kölgə isə işini
görürdü. Artıq tapança ilə atəş
açmaq olardı. Şəhərdə
atəş səsinin çoxalması onların xeyrinə
idi. Mayor Hüseynov ratsiya ilə növbəti əmrini verdi.
-
Uşaqlar, bu erməni küçükləri qorxudan, həyəcandan
hər yerdə bizi görürlər. İmkan
verək, bir-birlərini qırsınlar. Biz
isə bir saatlığa "kölgə"yə
çevrilirik. Hə, şahinlərim,
Şuşanın azad olunmasına çox qalmayıb.
Bir andaca dörd yüz döyüşçü
"kölgə"yə çevrildi, gözəgörünməz
oldu. Şəhərdə isə atışma güclənmiş,
qaçaqaç düşmüşdü. Gözlərinə
kim görünürdüsə, atəş
açırdılar. Düşünürdülər
ki, türklər erməni hərbi paltarlarını da geyinib
üzərlərinə gələ bilərlər. Odur ki, hər yerə atəş açır,
bir-birlərini öldürürdülər. Motorlar işə düşdü. Tanklar, BTR-lər, BMP-lər sürətlə şəhərdən
çıxıb Xankəndinə tərəf üz tutdu.
Bir neçə saatdan sonra şəhər
boşaldı, ancaq əsl döyüş hələ qabaqda
idi.
"Türklər şəhərdədir,
qaçın, canınızı qurtarın" səsləri
isə getdikcə uzaqlaşırdı. Bu zaman
"kölgə" döyüşçülər yenidən
şəhərin küçələrində görünməyə
başladılar. Mayor Hüseynov generala raport verdi: - Cənab general, "Sızma" əməliyyatı
bitdi. Şuşa bizdədir. İndi də "təmizləmə" əməliyyatına
keçirik.
General qulaqlarına inanmadı. İçində
özünün də başa düşmədiyi bir
qalxınma yarandı. Həyəcanla soruşdu:
- Səsinə
quzu kəsim, mayor Hüseynov! İndi dediyini bir də təkrar
et. Sevincdən qulaqlarım
guruldayır, yaxşı eşitmədim.
Mayor dediklərini bir də təkrar etdi:
- Cənab general, - az
qaldı qışqıra-qışqıra desin, -
Şuşa bizdədir! "Sızma" əməliyyatı
bitdi, indi isə təmizləmə əməliyyatına
keçirik...
Xankəndidə əhali ağır günlərini
yaşayırdı. Arxayın idilər ki, Azərbaycan Ordusu
buralara qədər gəlib çıxa bilməz, buna
dünya icazə verməz. İndi bu şəhərdə
yalnız ermənilər yaşayır, özlərini ağa
kimi aparırdılar. Sovetlər
dövründə burada on mindən çox azərbaycanlı
yaşayırdı. Səksəninci illərdə
hadisələr başlanandan sonra erməni olmayanları zorla
Xankəndidən qovdular, bəzilərini öldürdülər,
əmlaklarını isə zəbt etdilər. O zaman
dünya onların tərəfində idi. İndi
isə Şuşadan enən əsgərləri, ölüləri,
yaralıları gördükdə əhali başa
düşdü ki, bu sondur. Bu dəfə
onların köçü başladı. Şəhərdən
düz Laçın dəhlizinin sonuna qədər
maşın karvanı düzülmüşdü. İndi onların getmək vaxtı
çatmışdı. Amma getməyənlər
də vardı.
Xəstəxananın dəhlizi yaralılar və
ölülərlə dolu idi. Fransanın
"Fiqaro" qəzetinin müxbiri onların arasında gəzir,
həm də təəccübünü gizlədə
bilmirdi. Demək olar ki, gətirilənlərin
əksəriyyəti ya tapança, ya da bıçaq zərbəsindən
öldürülmüş, yaxud da yaralanmışdı.
Nə baş verdiyini anlaya bilmirdi. Gətirilənlərin də hamısı
Şuşada olublar. Əvvəl Fransaya zəng edib
baş redaktorla danışdı:
-
Müsyö, Qarabağda qəribə hadisələr baş
verir. Şuşa şəhəri
yadındamı? Siz də bir dəfə
olmusuz burada.
Baş
redaktor onun sözlərini təsdiq etdi:
- Hə
elədir, gözəl yerdir, çox xoşuma gəlmişdi.
Nə olub, nə hadisə baş verib?
O, hadisəni
nəql etməyə çalışdı:
- Bura
Şuşadan çox sayda, o qədərdir ki,
sayı-hesabı bilinməyən yaralı və ölü əsgərlər
gətiriblər. Hamısı da ya tapanca
gülləsi alıb, ya da bıçaqla kəsilib.
Baş
redaktoru maraq bürüdü:
- Şəhərdə döyüş gedir?
- Yox,
atışma səsləri gəlmir.
- Bəs
onları hardan gətiriblər?
- Dedim
axı, Şuşadan.
Baş
redaktor müxbirə göstəriş verdi:
- Sən
yaralılardan danışa biləndən tez bir müsahibə
al, xəbər bloku hazırla, redaksiyaya göndər.
- Oldu,
müsyö!
Müxbir qız yaralıların arasında gəzə-gəzə
nəhayət bir nəfəri tapdı. Mikrofonu onun ağzına
tutub soruşdu:
-
Danışa bilirsənmi?
Yüngül
yara almış erməni başı ilə təsdiqləyici
cavab verdi:
- Hə,
bilirəm.
- Elə
isə deyin, Şuşada nə baş verir?
Əsgər
əzab və qorxu dolu gözlərini müxbirin sifətinə
dikib cavab verdi:
- Orada hər
yerdə türklərdir. Şuşada
küçələrdə yaralı, ölən var ki, burada
heç dörddə biri yoxdur.
O,
növbəti sualı verdi:
- Şuşa indi kimdədir?
Əsgər
çiyinlərini çəkdi:
- Bilmirəm,
məncə, bizdə olmalıdır.
Müxbir
əlilə ətrafı göstərib yenə soruşdu:
- Bəs
onda bunlar hardan çıxdı?
- Bilmirəm.
Bu zaman onların ətrafına başqa dövlətlərdən
bura göndərilən ermənipərəst müxbirlər
də toplaşdı.
Qız
ona növbəti sualı verdi:
- Sən
Şuşada düşmən gördünmü, sizi bu
günə kim qoyub, kiminlə
vuruşurdunuz?
Yaralı
əsgər zarıyaraq cavab verdi:
- Mən
Şuşada ancaq kölgə görürdüm. Qaranlıq kölgələr çıxır,
bıçağı boğazımıza çəkir, sonra
qaranlığa batırdılar. Heç nə
edə bilmirdik. Lap yaxından güllə
atırdıq, bilirdik ki, hədəfə dəyib. Ancaq nə ölən vardı, nə də
yıxılan. Elə bil ruhlarla
döyüşürdük.
Arxadan
kimsə sual verdi:
- Şuşada türklər oturub indi?
Dönüb sual verənə baxdılar. Sən demə,
qondarma rejimin rəhbəri Araik Arutunyan da bayaqdan gəlib
burada dayanıbmış, onların söhbətinə qulaq
asırmış. Müxbirlər onu
görən kimi yaralı əsgər yaddan çıxdı.
Tez mikrofonları ona tərəf uzadıb suallar
yağdırmağa başladılar.
- Şuşa kimdədir?
Araik
çox arxayınlıqla cavab verdi:
- Əlbəttə, bizdə. Düzdür, gecə
atışma oldu, amma diversantları zərərsizləşdirə
bildik. İndi Şuşa tam bizim nəzarətimiz
altındadır.
Başqa
bir müxbir dərhal sual verdi:
-
Beş-on nəfərlik diversant qrupu bu qədər əsgəri
yaralayıb, öldürə bilərmi? Hələ
deyirlər ki, Şuşada ölən və yaralanan qat-qat
bundan çoxdur.
"Rəhbər" sualdan yayınmağa
çalışdı.
- Biz indi
bütün bunların hamısını
araşdırmağa çalışırıq. Göstəriş vermişəm, bir azdan
Şuşaya əlavə qüvvələr göndəriləcək.
"Le
Monde" qəzetinin müxbiri soruşdu:
- Əsgəriniz deyir ki, biz kölgələrlə
vuruşurduq.
Azərbaycanın doğrudanmı "kölgə"
əsgərləri mövcuddur? Bu xəstəxanaya
gətirilənlərdən aydın olur ki, orada əlbəyaxa
döyüşlər olub.
Arutunyan
da başa düşürdü ki, Şuşada nəsə
ciddi hadisələr baş verir, amma heç kim
Azərbaycan əsgərini orada gördüyünü
yadına sala bilmirdi.
Bura gələnə qədər bir neçə nəfərdən
sorğu etmişdi. Hamı "kölgə" əsgərlərdən
danışırdı. Xankəndini də
xof basmışdı. Əhali onsuz da
qaçıb gedirdi. İndi də Şuşadakı
"kölgə" məsələsini eşidib,
qaçışlarını sürətləndirirdilər.
Azərbaycana qarşı heç bir təxribat
onun ordusunun irəliləməsinin qarşısını ala
bilmirdi, hətta "İsgəndər" adlı ballistik
raket də. O, acı gülümsəməsindən
qalmadı. Əslində, bu acı gülümsəmə
əlindən çıxan taxıl sahələri, şərab
zavodunun acısı idi. Onu bu əsgərlərdən
çox, itirdiyi milyonlar qayğılardırırdı.
Qəti
şəkildə dilləndi:
-
Heç bir "kölgə" əsgərlər mövcud
deyil, Şuşa, yenə deyirəm, bizim nəzarətimiz
altındadır. Bu gün də olmasa sabah
hamımız bir yerdə ora gedəcəyik. Panika
yaymaq lazım deyil. İndi döyüşdən daha
çox informasiya müharibəsi gedir...
Noyabrın altısı idi.
Deyəsən, yağış yağacaqdı. Hava tutqun
olduğundan PUA-ları qaldırmaq da gərəksiz
olacaqdı. Briqada komandiri polkovnik Zaur
Zeynalov ratsiya ilə generalla əlaqə yaratdı.
- Cənab
general, kəşfiyyat məlumat verir ki, Xankəndi tərəfdə
çox sayda tank və zirehli texnika Şuşaya doğru hərəkətə
keçib. Şəhəri qorumaq çətin
də olsa, bu bizim şərəf məsələmizdir.
Şəhid olarıq, amma bir addım da geri
çəkilmərik.
Mirzəyev vəziyyətin ağır olduğunu
anlayırdı, ancaq artıq geriyə yol yox idi. İyirmi səkkiz
illik Şuşasızlıq həsrətinə son
qoyulmuşdu. Vətən müharibəsi
xalqın ümidini, qürurunu özünə
qaytarmışdı.
- Cənab
polkovnik! - Nəhayət, o dilləndi. Şuşa
müdafiə olunmalı, düşmən geri
oturulmalıdır. - Hələ ümid də verdi. - Siz orda müdafiə olunanda, bir də
gördün, biz bu tərəfdən Xankəndinə girdik. Düşməni sındırmışıq.
Ermənilər başa düşürlər
ki, Şuşanı ala bilməsələr, tam məğlubiyyətə
uğrayacaqlar. Onlar indi
çalışacaqlar ki, heç olmasa bir döyüşdə
qələbə qazanmaqla döyüşçülərin
ruhunu qaldırsınlar. Başa
düşürsənmi, cənab polkovnik?!
Zeynalov dərhal
cavab verdi:
- Bəli,
cənab general.
- Lap
yaxşı. Qalanı qorumağa kimi təyin
etmisən?
- Mayor
Zaur Hüseynovu.
- Lap
yaxşı. Çalışacağıq
düşmən qüvvələrini yayındırmaq
üçün manevr edək. Allah köməyiniz olsun!
Dörd
yüz xüsusi təyinatlı, çox qısa müddətdə
bütün dünyada məşhur olan dörd yüz
"kölgə" əsgər, şəhid olmağa
hazır olan dörd yüz igid, Vətən uğrunda, torpaq
uğrunda, bayraq uğrunda aslan kimi vuruşmağa
hazırlaşan dörd yüz cəsur Şuşanın
müdafiəsinə hazırlıqları bitirdi. Hamısının gözündə qürur
vardı. Qorxunun nə olduğunu
ağıllarına belə gətirmirdilər.
Dörd
yüz nəfər yüngül silahlarla silahlanmışdı:
Bir neçə tank əleyhinə qranatomyot, əl
qumbaraları, avtomat, tapanca, süngü-bütün
döyüş arsenalı bu idi, ancaq onlar düşmən
qarşısına əliyalın da çıxmağa
hazır idilər.
Yenə də
doxsan ikinci ildə olduğu kimi Şuşa
Xankəndidən raket və mərmi atəşinə tutuldu. Daş qırıntıları, torpaq göydə
oynadı, yerə düşəndə qəribə səslər
çıxardıb şappıldadı. Bu
dəfə döyüşçülərimizi qalanın
divarları qorudu. Qala divarları daş
örtüyünü onların üstünə çəkdi.
Bombalama səngiyəndə qala rəisi
başını qaldırıb yola baxdı. Tanklar nərildəyə-nərildəyə
yoxuşu çıxırdılar. Mayor gizir
Dadaşı yanına çağırdı:
- Gizir, -
dedi, - sənin qumbaranı uzağa atmağın var. Hansı
tankı durdura bilərsən?
Dadaş əlini
qaşının üstünə qoyub bir gözünü
qıyaraq dilləndi:
- Məsafə
60-80 metr olar. Hansını vurum, cənab mayor?
Mayor qranatomyotu götürüb əmr verdi:
-
Üç qranatomyot - üç hədəf, bir qumbara - bir
tank. Sən ikincini vur, biz bir, üç,
dördüncü tankları vuracağıq. Hazır
olun! Ya Allah!
Eyni vaxtda atılan mərmilər və qumbara dörd
tankı partlatdı. Eyni vaxtda bir gurultu yarandı ki, sanki
PUA-lar onların üstünə mərmilər
tökürdülər. Ermənilər
çaşbaş qaldılar. Heç nə
anlamayıb geri çəkildilər. Bu
zaman qala üstündən snayperlər işləməyə
başladılar. Bir atış - bir hədəf.
Tanklar yolu kəsdiyindən qalan texnika geri
çəkildi, amma çox da uzağa getmədi. Yenə Xankəndidən Şuşaya raketlər, mərmilər
uçmağa başladı. Yenə də
qala divarları əsgərlərimizi qorusa da, şəhid və
yaralananlar oldu, amma ermənilər cəsarət edib daha
yuxarı qalxmadılar. Gözləyirdilər
ki, səhər açılsın, hücumu davam etdirsinlər.
Artıq gecə yarını keçmişdi. Bu zaman qala rəisi bir qrup
döyüşçüyə heç kimin ağlına gəlməyən
əmr verdi...
Bir qrup xüsusi təyinatlı cığırla necə
gəlmişdisə, eləcə də aşağı
düşdü. Gecə qaranlığı onları yenə
"kölgə" əsgərlərə çevirdi.
Ermənilər soyuqda ocaq da
yandırmırdılar ki, yuxarıdan hər şey ovucun
içi kimi görünürdü. Erməni
əsgərlərinə siqaret çəkmək də
qadağan edilmişdi.
"Kölgə" əsgərlər yenə səssiz
pişik yerişi, şir ürəyilə ermənilərin ən
ucqarda yerləşən dəstəsinə tərəf irəliləyirdilər. Hətta
onların danışıqlarını da eşidirdilər.
Əsgərlərdən biri erməni dilini
bildiyindən nə danışdıqlarını başa
düşürdü, ancaq indi burada tərcümə ilə
məşğul olmaq heç yerinə düşməzdi.
Səssizlik və qəfil hücum düşməni
çaşbaş salmalı, xof yaratmalı, son nəticədə
məğlub etməli idi. Onların
danışığından belə başa düşdü
ki, düşmən əlini yerdən-göydən
üzüb, heç döyüşmək həvəsi
yoxdur. Kiçik hücumla onu dərbədər
etmək olar. Qrup iki hissəyə
ayrıldı. Barmaq işarələrilə
dəstəyə hara hücum edəcək istiqamət
göstərildi. Birinci dəstə sondan əvvəlkinə,
ikinci dəstə isə quyruqdakı qrupa hücum edəcəkdi.
Elə də oldu. Eyni anda
"kölgə" əsgərlər qrupların bu
başından girib, o başından çıxdılar.
O qədər sürətlə və cəld hərəkət
edirdilər ki, erməni əsgərlər heç başa
düşə bilmədilər nə hadisə baş verir. Yalnız boğazlarına çəkilən
bıçaq tiyəsindən anladılar ki, həyatlarının
sonudur. Hər iki qrupun erməni əsgərləri
eyni vaxtda səssiz yerə uzandılar. Ətraf
isə qan gölməçələrilə doldu. "Kölgə" əsgərlər isə
qaranlıq pərdənin arxasında yoxa çıxdılar.
Erməni əsgərlərindən biri kiçik
ehtiyacını ödəmək üçün kolluğun
arxasına getmişdi. Qayıdıb gələndə baxdı
ki, onun əsgər yoldaşları yerə uzanıblar.
Əvvəl elə bildi ki, onunla məzələnirlər. Hələ birinə də
təpik vurub söydü:
- Ara,
mamat k... (sənin ananı...) mənimlə
məzələnirsiniz? Durun ayağa, bu yatmaqla
türklər gəlib olan qalanızı da k... m edəcək.
Baxdı
ki, heç kim ona cavab vermir. Əyilib təpik vurduğu əsgərin
yaxasından tutub qaldırmaq istədi. Əllərinin
islandığını hiss etdi. Burnuna
yaxınlaşdırıb iyləyəndə qan qoxusunu hiss
etdi.
Dərhal
avtomatından hara gəldi atəş açıb
qışqırdı:
- "Kölgə" əsgərlər, "kölgə"
əsgərlər, qaçın canınızı
qurtarın.
Onun son cümləsi bu oldu. Göydə
fırlanan bıçaq düz onun köksünə
saplandı.
Erməni əsgərləri arasında vahimə
yarandı. "Kölgə" əsgərlər sözü
onları elə qorxuya salmışdı ki, hara gəldi
gülləni atırdılar. Bir az
aralıda qaraltı görən kimi avtomatların uclarını
o tərəfə yönəldib darağı axıra qədər
boşaldırdılar. Bir azdan qaçaqaç
düşdü. Kimisi Xankəndinə, kimisi
Laçın dəhlizinə, kimisi də dağa-daşa,
meşəyə üz tutdu. Texnikaların
hayına isə qalan yox idi. Erməni əsgərlər
qaçır, özləri özlərinə atəş
açır, ölür, öldürürdülər.
Yolu yaralı və meyitlər doldurmuşdu.
Səhərə yaxın Şuşa
yolunda daha heç kim qalmamışdı. Cığırdan
düşən "kölgə" əsgərlər bu dəfə
rahatlıqla meyitlərin üstündən adlayaraq asfalt yol ilə
Şuşaya qalxırdılar. Dəstənin komandiri
polkovnikə ratsiya ilə məlumat verdi.
- Cənab
briqada komandiri, daha aşağıda heç bir təhlükə
yoxdur. Asfalt yolla yuxarı qalxırıq.
Xəbəri eşidən kimi qaladan atəşfəşanlıq
başladı.
Xankəndidə də elə bilirdilər ki,
türklər axırıncı erməni əsgəri ilə
atışır.
Dərhal komandanlığa məlumat verildi.
Noyabrın yeddisi saat ikiyə qədər şəhərdə
tam təmizləmə aparıldıqdan sonra əsas məsələyə
keçildi. Baş gizir mayor Hüseynovun ətrafında
fırlanırdı, nə isə demək istəsə də,
çəkinirdi. Axırda mayor ondan soruşdu:
-
Yaşar, xeyir ola? Bayaqdan ətrafımda
fırfıra kimi fırlanırsan. Nəsə
sözlü adama oxşayırsan.
Baş
gizir üstüörtülü anlatmaq istədi:
- Cənab
mayor, cığır.
Hüseynov
özünü bilməməzliyə vurub, soruşdu:
- Nə
cığır?
-
Cığır da, bayraq da, asmaq da...
Mayor əlini onun kürəyinə vurub
güldü:
- Hə,
demək istəyirsən ki, cığırda verdiyim
sözü tutum, yəni bayrağı sən asasan.
- Hə də...
Mayor rəsmiyyətə keçdi:
- Baş
gizir Yaşar Hüseynov! - O özünü
yığışdırıb farağat dayandı. -
Komandanlıqdan üçrəngli bayrağımızı Şuşa səmasında qaldırmaq sənə
həvalə edilib.
Bu saat, bu dəqiqə dünyanın bütün
var-dövlətini ona versəydin, qəbul etməzdi. Bu saat, bu dəqiqə
onun özü də göyə qalxacaq bayraq kimi göylərdə
idi. Sağ əlini gicgahına qaldırıb:
- Baş
üstə komandir, - dedi, - bu mənim üçün şərəfdir!
- pıçıltı ilə əlavə
etdi. - Sağ ol komandir, muradımı gözümdə
qoymadın. Allahım, sənə şükürlər olsun!
Təmizləmə
əməliyyatından sonra Şuşanın köhnə
mehmanxanasının dördüncü mərtəbəsinə
beş snayper qoyuldu. Buradan
şəhərin hər yeri ovucun içi kimi
görünür, hər tərəfə nəzarət
edilirdi.
Gizir bayrağı öpdü, sinəsinə bərk-bərk
sıxıb İcra Hakimiyyətinin binası tərəfə
qaçdı.
Bu zaman iyirmi səkkiz ildən sonra Şuşadan azan səsi
eşidildi: "Allahu Əkbər! Allahu Əkbər!".
Çizir erməni bayrağını aşağı
tullayanda bayraq daş kimi yerə dəydi. Sanki bununla başa
düşüldü ki, sən buranın əbədi sahibi ola bilməzsən! Azərbaycan
bayrağı göylərə ucalanda əsgərlər himni
oxumağa başladılar.
"Azərbaycan,
Azərbaycan!
Ey qəhrəman
övladının şanlı Vətəni!
Səndən
ötrü can verməyə cümlə qadiriz!
Səndən
ötrü qan tökməyə cümlə hazırız!
Üçrəngli
bayrağınla məsud yaşa...".
Himn
bitdikdən sonra kimsə "Bayatı-Şiraz"
üstündə Molla Pənah Vaqifdən gözəl avazla
oxumağa başladı:
Xumar-xumar
baxmaq göz qaydasıdır,
Lalətək
qızarmaq üz qaydasıdır,
Pərişanlıq
zülfün öz qaydasıdır
Nə
badi-səbadan, nə şanədəndir!
Noyabrın
8-də Ali Baş Komandan xalqa müraciət etdi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq...
Epiloq
Cığır bitdi, Azərbaycan yola çıxdı. Dövlətini
dünyaya tanıdan Böyük yola. Qırx
dörd günlük müharibə sona yetdi, ancaq mübarizə
davam edir. Vətən müharibəsi
iyirmi birinci əsrin yeni hibrid müharibəsinin əsasını
qoydu. Bu müharibə eyni zamanda beş
komponenti (klassik müharibə, informasiya, yeni texnologiya, xarici
siyasət və xalq-iqtidar birliyi) özündə birləşdirdiyi
üçün hibrid adlandırılır. Azərbaycan
Böyük Yola çıxdığı üçün
bölgədə lider ölkəyə çevrildi və bu
davam edir.
Vətən müharibəsi, Şuşanın
işğaldan azad olunması xalqın inamını
özünə qaytardı. Xalqın dövlətə
və onun ordusuna inamını gücləndirdi. Güc isə birlikdədir.
Heç bir xanlıq cığır salıb yola
çıxa bilmədilər, çünki xalqı vahid millətə
çevirə bilmədilər.
Pənahəli xanın xalqı qarşısında xidməti
ondan ibarət oldu ki, o Şuşanı inşa etməklə,
bu şəhərdə yüzlərlə fikir babaları,
şairlər, musiqi xadimləri, söz sahibləri, hərb
adamları doğuldu və səslərini, fikirlərini
dünyaya çatdırdılar.
Şuşanın işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri isə parçaladı. Ermənilərin, onların havadarlarının bütün planları boşa çıxdı. Çox keçmədi ki, Paşinyan bütün kabinetini istefaya göndərdi.
Şuşa ruhumuzu özümüzə qaytardı, parçalanmış ruh isə torpağı da, xalqı da parçalayır.
Şuşa cığırı Zəfər yoluna çevirdi.
***
Artıq cığır yox idi. Nəsrəddin Murad maşınla onun əvəzinə yeni çəkilən Zəfər yolu ilə Şuşaya qalxır, olub keçənləri xatırlayır, ətrafa baxa-baxa gözləri yaşarırdı. Sevinirdi ki, xalqın bir nümayəndəsi kimi bu Cığırın Zəfər yoluna çevrilməsində, az da olsa xidməti oldu. "İndi ölməyə dəyərdi".
Cığırın Zəfər yolu isə davam edir.
Yunus Oğuz
Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.8-11.