Ədəbiyyat bu gün kimə lazımdır? İnsana...
Füzuli çoxdan demişdi ki, bir dövrdəyəm
ki, nəzm olub xar.
Ancaq indiki "xarlıq" bir az başqadır.
Bu da 2022 ilin şikayətnaməsidir...
***
Ol zamanlarda
media yoxuydu.
Təbəələr padşaha müqəddəs
kimi baxır, əlin-ətəyini öpürdü.
Hakimiyyətin ilahi bir mənşəyi
olduğu vurğulanırdı.
Feodal cəmiyyətlərində müqəddəs
olan başqa siniflər də vardı: Ruhanilər və şairlər.
(Hərçənd bəzi
hallarda ruhanilər şair, şairlər də ruhani olur, padşahlar da şeir yazırdı)
Şair padşahın əbədiliyini
təmin edən əsərlər yazır,
onun adını tarixdə yaşadırdı.
Şairlərin əlindəki bu böyük güc əksinə də işləyə bilərdi.
Nəsimini və şair (və şeyx) olub taxta çıxan
Xətaini xatırlayaq.
Nəsimi taxtı titrədir, Xətai taxta çıxırdı.
Şeir
həm də media idi...
Bu səbəblərdən şahlar şairləri öz səxavət dairəsindən uzaqlaşdırmırdılar.
Səlcuqilər sarayında şairlərə
verilən ənamların
siyahısı günümüzə
qədər gəlib-çıxmışdır.
Füzulinin özü də
ənamlar alırdı,
yəni əşar o qədər də xar deyildi...
Şiə olmasaydı sünni Osmanlı elitası daha səxavətli olardı.
Orta əsrlərin
əsas paradiqması
din idi, şairlər Peyğəmbərdən sonra
gəlirdi, şah isə Allahın Yer üzündəki kölgəsi idi.
Avropada da belə idi...
***
Füzulinin dediyi "göstərən
saətdə bir inqilab" baş verdikcə mütləqiyyətlər
sarsılır və dağılırdı.
Yeni ideyalar artıq ədəbiyyatın
dilindən səslənirdi.
Artıq şair saray xidmətçisi yox, bəlkə də, onun əsas düşməni idi.
"Komalara sülh,
saraylara müharibə"
dövründə şairlər
koma tərəfə komalanmışdı.
Axundovun dediyi kimi, "Parijin yıxılmasının
zərbindən özgə
şəhərlər də
bərbad olur", inqilab küləyi möhkəm əsirdi.
Artıq
kralların, şahların
yeni qorxusu vard: Media.
Osmanlı sultanı Rusiyaya nota verərək Molla Nəsrəddinin ölkəyə
girişini qadağan edirdi.
İndi şairlər fəxriyyə
yox, felyeton yazırdı.
Molla Nəsrəddini
zəmanə özü
yaratmışdı, təbiət
özü yaratmışdı.
***
Yeni dövrdən
başlayaraq ədəbiyyat
ədəbdən bəhs
etmirdi.
Əyləncə romanları yazılırdı.
Radionun, kinonun,
televiziyanın, sosial medianın olmadığı
dövrdə ədəbiyyat
onların da işini görürdü.
Həm də ideoloji vasitə idi...
Ədəbiyyat ədəbiyyatdan başqa
hər şey idi.
Və
XIX əsrdə yeni bir müzakirə başlandı: "Sənət
sənət üçündür,
yoxsa xalq üçün?".
Ədəbiyyat ərəb dilində
"ədəb" sözündən
yaranmışdı, latın dilində
"hərf" (litera
- literatura).
Amma Fransada Floberə, İngiltərədə Oskar Uaylda
əxlaq məhkəmələri
qururdular.
Beləcə, XX əsrə gəlib
çıxdıq...
Xüsusilə, kommunistlərin əlində
ədəbiyyat ideoloji
silaha çevrilmişdi.
Qurulan yeni siyasi sistemlərdə
elə ən böyük zərbə alan institut
da ədəbiyyat idi...
Mirzə
siyasətin "S" hərfindən
belə qorxmaqda haqlı idi, həm də uzaqgörən...
XX əsrin qanlı
müharibələrində ideoloji rupora çevrilən ədəbiyyatın
heçmi günahı
yox idi.
Ədəbiyyat yenə də özgə qapılarına
tərk edilmiş yad bala idi,
siyasət əlində
vasitə, ağa yanında nökər idi.
Amma o öz İtaka adasına qayıdacaqdı...
Mütləq qayıdacaqdı...
***
Bu gün ədəbiyyat
dinin, siyasətin hökmranlığından azaddır.
Tarixdə heç bir zaman olmadığı qədər müstəqil,
heç zaman olmadığı qədər
ədəbiyyatdır.
Dövrümüz böyük ideyaların
ölümünü gördü...
Təkcə Allah ölmədi, Nitsşe
də öldü...
Bəşər tarixində ilk dəfə
olaraq "Post Truth" (Həqiqət
sonrası) dövrdə
yaşayırıq.
Din ölümdən sonra cənnət vəd edirdi, ideologiyalar bu dünyada...
Müasir insan isə həm dinlə və ideologiyasını qopardaraq virtual reallığa
sığınmışdır.
İnsan övladının bundan pis günləri olsa da, bundan
çarəsiz günü
olmamışdı.
Ən pisi çarəsiz olmaq deyil.
Ən pisi çarəni axtarmamaqdır.
Kilsə tonqallarından Sibir buzlaqlarına qaçan insan üçün sosial mediada yaratdığı dünya
dərman yox, ağrıkəsicidir.
Ədəbiyyat isə ən böyük dərmandır...
Həm cəlladın, həm qurbanın dərmanı...
***
Hesse hələ 100 il
qabaq yazırdı:
"Doğrudur, son vaxtlar
kino və radio populyarlaşıb, amma belədə əsla kədərlənməyə dəyməz.
Gələcəkdə kitabın yer
üzündən yox olmaq təhlükəsi barədə düşünüb,
qorxu hissi keçirməyin heç
bir məntiqi əsası yoxdur. Əksinə,
digər yeni ixtiralar hesabına insanların əyləncələrə
olan müəyyən
ehtiyaclarının ödənilməsi
ilə daha çox kitabın dəyəri, məziyyətləri
ona qayıtmış
olur".
Bu gün ədəbiyyat nə sarayların xidmətindədir... Dadaloğlu demişkən,
fərman padşahın,
dağlar bizimdir.
Bu gün ədəbiyyat nə dinin xidmətindədir...
Cavid demişkən, sitayiş eyləməm heç bir kitaba.
Bu gün ədəbiyyat ideologiyadan uzaqdır...
Bu gün ədəbiyyat əsl dəyərinə,
mahiyyətinə ən
yaxın olduğu dövrdədir...
Dostoyevski dediyi kimi, ədəbiyyat
insana insanlığını
xatırladır.
Dövrümüzün virtual reallığında, insanların
cari həyatın məhrumiyyətlərindən sosial
mediaya, xəyali məkana köç etdiyi bir zamanda
insanlığın xilası
ədəbiyyatdadır.
Ədəbiyyat ağrıkəsici yox, Haydeggerin dediyi kimi, səfil və sərgərdan insanın dərmanı, terapiyasıdır.
XXI əsrdə ədəbiyyat
keçən əsrlərdəki
kimi populyar olmaya bilər, ancaq onun ən
gərəkli olduğu
zaman bu zamandır...
Sürüklənən bəşəriyyət
ədəbiyyatla yüksələcək...
Ya da yüksəlməyəcək.
Ancaq nicat yolu birdir, vəssalam.
Qan TURALI
Ədəbiyyat qəzeti.-
2022.-23 aprel.- S.13.